AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə33/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

РЕЗЮМЕ

В статье исследуются язык и особенности перевода произведения ученого, литератора и поэта XV века Ибн ал-Варди «Харидат аль-аджаиб ве фаридат аль-гараиб», который был сделан в XVI веке Махмудом Ширвани. Здесь отмечается, что Махмуд Ширвани по мере возможности постарался отдалиться от буквального перевода и подойти к своей работе с творческой стороны. Несмотря на достаточно большое содержание в языке перевода арабо-персидских слов и оборотов, он достаточно прост и доступен. Язык и особенности перевода подробно комментируются выдержками из данного литературного памятника.



SUMMARY

This article covers the investigations conducted by Mahmud Shirvani in the XVI century regarding the translation pecularities and language of monument of “Kharidat al-ajaib and faridat al-garaib” translated into our native language by Ibn al-Vardi, Arabian scientist, literary man and poet. It is noted that, Mahmud Shirvani endeavored to deviate from literal translation as far as possible and assumed creative attitude towards his work. The language of translation is quite intelligible and simple although there are sufficient Arabian-Persian contents and words in the language of translation. The translation pecularities and language of translation are explained in detail with the examples from the monument.



İsmayılova Ləman
KAMAL ABDULLANIN «ŞAH İSMAYIL VƏ YAXUD «HAMI SƏNİ SEVƏNLƏR BURDADI...», «CASUS» VƏ «BEYRƏK» PYESLƏRİNDƏ POSTMODERNİST ƏLAMƏTLƏR
Təsadüfi deyildir ki, son zamanlar hər kəs postmodernizm haqda danışır. Əslində postmodernizm termininə tərif verib, ona tam mənada anlam verməyə çalışsaq, çətinlik çəkməli olacağıq. Belə ki, müxtəlif sahənin mütəxəssisləri ona rəngarəng mənalar verib, müxtəlif aspektlərdən izah etməyə çalışırlar. Postmodernizm Avropa fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Postmodernizmin artıq aksiom kimi qəbul olunmuş bir çox əlamətləri və meylləri vardır ki, ona modernizmin həm davamı, həm də inkarı kimi yanaşmağımıza imkan verir. Əgər modernizm iki prinsip- yenilik və keçmişin inkarı prinsipləri üzərində qurulubsa, postmodernizmin başlıca prinsipi dəyərlərin yenidən dəyərləndirilməsidir. Qorxmaz Quliyev yazır:

«Postmodernizm» anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlülüyü haqqında xeyli informasiya əldə etmək olar:söz özü özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə («post») aid edir.İkincisi, postmodernizm modernizmlə münasibətlərin dialektik xaraktet daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki «modernizm» sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundemantal müddəalarından imtina edir, yoxsa yenə də elə həmin «post» sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çarpdırmazdı. [26].

Fikrimizcə, postmodernizm anlayışına, onun geneologiyasına verilən düzgün qiymətdir. Postmodernizmin modernizmlə varislik əlaqəsinin başlıca prinsipi kimi onu deyə bilərik ki, əgər modernizm insanı dəyişmək, gerçəkliyə məxsus neqativ cəhətləri inkar etməklə onu dəyişib yenidən qurmaq məqsədi daşıyan fikir tendensiyası və ideologiyasıdırsa, postmodernizm də həmçinin yeniliyə can atan, dəyərlərə yeni baxış bucağından yanaşan, onları yenidən dəyərləndirən bir təmayüldür. Eyni zamanda postmodernizm modernizmin bir çox prinsiplərini dekonstruksiya edir. Modernizm bir cərəyan kimi ənənələri üstün tutan ənənəvi cəmiyyət ideologiyasına qarşı çıxırdısa, postmodernizm isə əksinə, tarixi ənənəyə kəskin inkarçı mövqe nümayiş etdirmir, bu ənənəni yenidən, başqa cür dəyərləndirmənin tərəfdarı kimi çıxış edir. Postmodernizm semiotika, poststrukturalizm (total strukturla mübarizə), dekonstruktivizm (ierarxiyaların desentrasiya və dekonstruksiyası) kimi istiqamətləri özündə ehtiva edir. Postmodernizmin başlıca obyekti- Mətndir. Postmodernist ədəbiyyat nümunələri aşağıdakılardır: ritorika qaydaları, narrativlik, pastiş (pasticco-başqa operaların hissələrindən hazırlanmış; popurri-L.İ), qeyri-elmi, konkret, polifoniklik, semiotika, çoxmənalılıq, mozaik hipermətn, oyun, ironiya, virtuallıq, xəyal, intertekstuallıq, ikili kodlaşma və s.

Postmodernizm sözünü ilk dəfə 1917-ci ildə alman filosofu Rudolf Panviz «Avropa mədəniyyətinin böhranı» əsərində işlədib. Bu tarixi fakt əksər elmi araşdırmalarda bu cür qeyd olunur. Lakin bu terminin hansı məqsədlə işlədilməsi müxtəlif tədqiqatlarda fərqli səslənir. Qorxmaz Quliyev yazır:

Müəllif bu anlayışı Birinci Dünya müharibəsi ilə bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə «postmodern» anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz hökm sürür. [26]. Digər mənbədə qeyd olunur: Bu, doğurdan da belədir. Lakin Panviz bu sözü sadəcə, metafora kimi işlədib; xilaskarı, Nitşenin Fövqəlinsanına bənzər xarakteri təsvir edərkən onu postmodern insan adlandırıb. [7, 65]. 1934-cü ildə Federiko de Oniz postmodern sözünü ədəbiyyat kateqoriyası kimi hallandırıb. Bu termini daha sonra ingilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı «Tarixin öyrənilməsi» əsərində işlədir. Müəllif məşhur alman tarixçisi-filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkildə bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə süquta uğraması konsepsiyasını din və mədəniyyət sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün postmodernizmə kulturoloji məna verir. [26]. D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini hələ Coysun «Finneqansayağı təziyə» (1939) əsərində görmək olar. [23]. Bəziləri onun kökünü Əlcəzair Müstəqillik Müharibəsində və ya xalq arasında mini-inqilaba səbəb olmuş 1968-ci ilin may Paris tələbə iğtişaşlarında axtarır. Həqiqətən də, bu hadisələr əksər postmodernistlər üçün mühüm əhəmiyyət kəsb edir. [ 13]. Bir qayda olaraq, postmodernizmin elmi konsepsiya kimi formalaşmasını 1950-ci illərin sonuna aid edirlər. Lakin bu prosesin ilkin əlamətlərinə daha əvvəlki dövrlərdə rast gəlmək olur. Eko Postmodernizmin tarixi çərçivələri haqda yazır: «Postmodernizmi getdikcə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikinci yarısının yazar və sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllərinə, sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür və tezliklə Postmodernizm kateqoriyası Homeri də özünə hopduracaq». [7,143].

Görkəmli amerikan ədəbiyyatşünası İ. Hassan postmodernist əsərin 31 əlamətini sistemləşdirib. İ.Hassan terminin «post» sözündəki uğursuzluğundan narahat olur və yazır: «Bu terminin romantizm, klassisizm, barokko, rokoko anlayışları üçün səciyyəvi olmayan daxili düşməni var». Postmodernizm anlayışına modernizmi əvəz edən, yeni, müstəqil bədii üslub kimi baxılacağı bu narahatlıq daha aydın olur. Çünki postmodernizm hələ o qədər yenidir ki, meydana çıxmasından keçən bir neçə on il ərzində onun o qədər də uğurlu ad almayan müstəqil bədii üslub olmasından ciddi danışmaq mümkünsüzdür. [23].

Fikrimizcə, postmodernizmin özündən əvvəlki bütün fəlsəfələrlə varislik əlaqəsi və onlarla yanaşı mövcud olduğundan, onun bir kateqoriya kimi ilkin təzahür forması barədə yekcins fikir söyləmək müəyyən qədər çətinlik törədir. Mişel Fuko, Martin Haydeger, Jak Derrida, J.Dölöz, F.Qvattari, Y.Kristeva, P.de Mann, Rolan Bart, J.Bodriyar, Lesli Fidler, Jan Fransua Liotar, D.Houks, D.Bartelm, K.Vonnequt, R.Syukenin, B.Nabokov, X.Kortasar, X.L.Borxes, Çarlz Cenks, Umberto Eko və s. Postmodernizmin dünyada tanınmış nümayəndələridir.

Son illərdə Azərbaycan ədəbiyyatında postmodernizmin artıq qəbul olunmuş əlamətlərini və ümumi meyllərini özündə ehtiva edən ədəbiyyat nümunələrinə, postmodernist düşüncənin məhsulu kimi yaranan əsərlərə rast gəlmək olur. Azərbaycan ədəbiyyatında yeni bir mərhələ olan bu bədii nümunələr müasir milli dramaturgiyamızda xüsusilə aydın sezilir.

Kamal Abdullanın 2002-ci ildə işıq üzü görən «Kədərli seçmələr» adlı növbəti kitabında toplanan 3 pyesi- «Şah Ismayil və yaxud «Hamı səni sevənlər burdadi…» ( 2 hissəli tarixi və müasir, mistik və real oyun), «Casus» (yarı mistik, yarı real oyun) və «Beyrək»( iki hissəli dram) pyesləri də kifayət qədər orijinallığı, fərqliliyi, yeni yanaşım tərzi ilə seçilən əsərlərdir.

Məlumdur ki, möhtəşəm, ulu dastanımız olan «Kitabi-Dədə Qorqud» mövzusu Kamal Abdulla yaradıcılığının əsas qayəsini, ana xəttini təşkil edir. Təsadüfi deyildir ki, bir çox ədəbiyyat insanları yazıçının «Yarımçıq Əlyazma» romanını Azərbaycan ədəbiyyatına daxil olmuş ilk postmodernist əsər hesab edirlər. Bu barədə qəzet və jurnallarda, elmi məqalələrdə, internet saytlarında xeyli məlumat verilmişdir. Tədqiqat işimiz yazıçının dramaturji yaradıcılığına həsr olunduğuna, sözügedən roman ətrafında gəzişmələrin və müzakirələrin yetərlilik təşkil etdiyinə görə biz müəllifin pyesləri üzərində dayanmağı daha məqsədəuyğun hesab edirik. «Kitabi-Dədə Qorqud» dastanının motivləri əsasında işlənmiş həm «Yarımçıq Əlyazma» romanı,həm də yuxarıda adı çəkilən «Casus» və «Beyrək» pyesləri dastan materialından xeyli dərəcədə fərqlənir. Demək olar ki, keçmiş silinib atılmadan, köhnəlmiş stereotip və dəyərlər tamamilə yenidən dəyərləndirilir, yeni baxış bucağından,tam fərqli rakursdan yanaşılır ki, bu da postmodernizm istiqamətin bizə diqtə etdiyi əsas prinsiplərdən biri və başlıcasıdır.

Postmodernizmi Modernizmdən fərqləndirən əsas aspektə nəzər yetirək:

«İkili kodlaşma»-müəllifin bir neçə müxtəlif mənayla oyunu deməkdir, o mənaların arasından intellektual oxucu dərində, adi tamaşaçı-oxucu yalnız üstdə olan əlçatan və aşkarı götürür.[7,44].

Müəllifin «Şah İsmayıl və yaxud «Hamı səni sevənlər burdadı...» pyesinin mövzusu tarixdən bizə yaxşı məlum olan Şah İsmayıl Xətainin obrazı üzərində qurulub.Bir əlində qılınc,o biri əlində qələm qələm tutan tarixi şəxsiyyət kimi tanıdığımız bu obraz Kamal Abdullanın sərhədsiz bədii təxəyyülündə tarixi improvizələrlə qarşımıza çıxır.Məhz burda ikili kodlaşma gedir.

Tarixi şəxsiyyətin obrazı gözümüz qarşısında ikiləşir, şair və hökmdar olaraq iki qola bölünür.Pyesdə hətta digər obrazlar da Professor-Lələ, professorun qızı-Taclı xanım, Şumer-Şah, Misirli-Şah İsmayıl,Həki-vəzir,Usta-qorçu zəncir yaradaraq,ikili həyat yaşayırlar.Postmoderndə sərhədlər yoxdur, o sərhədlər virtuallaşdığından,insanın yeri naməlumdur,virtuallıqdadır.Sərhədlər,virtuial məkanlar sanki mövcud deyil, o post-mövcuddur.

Fikrimizcə, postmodernizmin başlıca obyekti-mətn olduğundan, bu pyeslərdə əsasən müəllifin yaradıcılıq amili deyil,onun diqtə etdiyi »mətn»in təhlil olunma prosesi getməlidir. Bu pyes əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında 2003-cü ildə səhnələşdirilmişdir. Teatr Xadimləri İttifaqında müzakirəsi keçirilən bu əsər barədə şair Ramiz Rövşənin fikirləri bir qədər fərqli olub:

«K.Abdullanın əvvəlki əsərlərində azərbaycan dramaturgiyasını təmir etmək prosesi gedirdi. Bu əsərində K.Abdulla artıq fərdilikdən çıxaraq, ictimailəşir.Bu pyesdə məğlubiyyət faktoru ilə barışmazlıq,kompleksdən azad olma amilləri var.İstənilən əsərin yaşamı,gələcəyi onun məişət müstəvisinə keçməsindən asılıdır.Bu cəhətdən K.Abdullanın «Dədə Qorqud»un motivləri əsasında yazılmış «Casus»u diqqətəlayiqdir. «Şah İsmayıl» və yaxud «hamı səni sevənlər burdadır» da da müəllifin bu cəhdi ilə üzləşirik.Əsəri oxuyarkən oradakı keçidlərin qəlizliyi oxucunu bir qədər qorxudur.Amma H.Atakişiyevin yozumunda bu keçidlər öz həllini tapır.[29].

Kamal Abdullanın «Casus» pyesi yarı mistik,yarı real oyundan ibarətdir.Pyesdə Dədə Qorqud, Qazan xan, Burla Xatun, Boğazca Fatma, Beyrək, Aruz Qoca, Şirşəmsəddin, Bəkil kimi obrazlar yer alsa da lakin bir növ «Dədə Qorqud» dastanına xüsusi kodlarla tuşlanıb. «Casus» pyesindəki hadisələr bu gün ətrafımızda baş verən, cərəyan edən prosesləri xatırladır. Pyesin süjet xəttinin əsasında belə bir hadisə durur:məlum olur ki, Oğuzda casus var və bu casus tutulur. Tutulur, lakin cəzalandırılmaq əvəzinə sərbəst buraxılır. Casusun tutulduğu məqamda onun hərəkətini Oğuza ağır bir zərbə kimi qiymətləndirən bütün Oğuz bəyləri sonda onu «günahsız» elan edərək açıb buraxırlar. Çünki casus Boğazca Fatmanın oğludur və o,hər bir Oğuz bəyinə sübut edə bilir ki, bu elə sənin oğlundur.

Görkəmli ədəbiyyatşünas Rəhman Bədəlov «Sirr sirdisə...» (Kamal Abdullanın «Gizli Dədə Qorqud»u və «Casus»u ilə bağlı düşüncələr) adlı məqaləsində yazır:

«Casus» pyesi (əsil səhnədə qoyulan pyesdir) bəzi adamları çaşdıra bilər, halbuki satqınlıq motivləri də («Kitabi Dədə Qorqud»un son boyunu çalışırıq görməyək, eşitməyək), Boğazca Fatma surəti də elə «Kitabi»nin özündən götürülüb. Kimsə deyə bilər ki, təxəyyülü Kamalı çox uzaqlara apardı,Boğazca Fatmanın casus oğlunun əhvalatı, bu oğlun kimdən olduğunun naməlum olması, bu naməlumluqdan komik, hətta qrotesk situasiyaların yaranması, «Kitabi Dədə Qorqud»un qəhrəmanlıq ruhuna ziddir. Razılaşıram, ziddir, prinsipial olaraq ziddir, belə demək olarsa, pyesin intonasyonu qəhrəman deyil, daha çox komikdir, özü də müəyyən mənada kədər içində komiklikdir. Dədə Qorqudun özü belə, pyesdə bütün pafosunu itirir, bəzən ürkək-ürkək pıçıltıya keçir, məyus qalır, ancaq bununla belə müdrikliyini itirmir, axı yaxşı başa düşür ki, insan insandır, ehtirasları olur, yanlışlıqları olur, peşmançılığı olur, amma bütün vəziyyətlərdə bu insana təsəlli lazımdır, məlhəm lazımdır, bəzən sirlərin özünü «torpağa gömmək» məsləhətdir. [ 9].

Fikrimizcə, bu pyesin postmodernizmə işıq salan bir xüsusiyyəti də var. Bildiyimiz kimi, postmodern dünyagörüşü əsasən feminin(qadının) dünyanı necə dərk etməsinə əsaslanır, postmodern fəlsəfə isə dünyaya ənənəvi kişi mərkəzçiliyi (fallosentrizm) mövqeyindən deyil, dünənə qədər azlıqda qalmış, fikirlərinə məhəl qoyulmamış qadının gözüylə baxmağa üstünlük verir. Bu baxımdan Boğazca Fatmanın hər bir Oğuz bəyinə casus olan kəsin «bu məhz sənin oğlundur» olduğunu sübut etməsi və o qədər bəyi «barmağına dolaması» qadının bacarığı və cəsarətindən xəbər verir. Düzdür, onun belə addım atmasına Dədə Qorqud səbəb olmuşdur, lakin o «bu işi yerinə yetirə bilmişdir». Hesab edirik ki, Boğazca Fatma kimi qadınların həyat tərzi cəmiyyətimiz üçün faciə olsa da,məhz bu məqam bir ana əndişəsinin təntənəsi kimi qiymətləndirilməlidir. Xatırladaq ki, «Casus» pyesi Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluşunda 2001-ci ildə tamaşaya qoyuımuşdur.

Kamal Abdullanın «Kədərli seçmələr» kitabında yer alan sonuncu pyesi «Beyrək»(iki hissəli dram) adlanır. Bu pyesdə də, «Kitabi-Dədə Qorqud» dastanından tanıdığımız personajlar yer alıb. «Beyrək» pyesinin ana xəttini Kamal Abdulla «Gizli Dədə Qorqud» monoqrafiyasında, «Yarımçıq Əlyazma» romanında qabardaraq, elmi əsaslarla bu mövzunu müzakirə obyektinə çevirmişdir. Əsərin süjet xətti belədir:Beyrək toy gecəsi qaçırılır, kafirlərə əsir düşür. On altı il dustaq həyatı yaşayır. Əsirlikdə, azadlığa qovuşmaq üçün yalandan kafir qızına vəd verir ki, sağlıqla Oğuza yetişsə, qayıdıb kafir qızını halallıca özünə zövcə edəcəkdir. Kafir qızı Beyrəyə inanıb, onun əsirlikdən qaçmasını təşkil edir. Beyrək sevdiyi sözə asi çıxır. O zamanlar Oğuzlarda sözə asi çıxmaq qeyri-mümkün idi. Əks halda, ulu Tanrının da, Dədə Qorqudun da qəzəbinə tuş gələcəkdir. Nəticədə, Beyrək qılınca doğranır. Bu pyesdə də müəllif öz dəst-xəttinə sadiq qalır. Tarixi Beyrək obrazına fərqli rakursdan yanaşaraq, təxəyyülünü özünəməxsus şəkildə işə salır. Digər tarixi personajlar kimi, Beyrək obrazı da dekonstruksiya olunur.

Beləliklə, istedadlı yazıçı, tanınmış ziyalı, şair-dramaturq Kamal Abdulla dioloji, struktur polifoniyası, çeşidli kodlaşdırma sistemlərinin köməyi ilə ərsəyə gələn məna oyunlarıyla zəngin olan əsərlərin yaranmasına nail olur. Müxtəlif tarixi dövrlərin mifopoetik şüurunu və estetik dram təfəkkürünün modern təzahürlərinin özündə ehtiva edən bu əsərlər fərqli yanaşım tərzi, fərdi üslubu, təsvir və ifadə vasitələri, özəl estetik prinsipləri ilə öyrəşdiyimiz digər ənənəvi əsərlər «sistemi»ndən fərqlənirlər. Bildiyimiz kimi, postmodern fəlsəfi mətndə ümumi dil, vahid dəyərlər kateqoriyası, mütləq həqiqət olmur. Postmodernizm yeniliyə meyl edən, lakin bir çox şeyləri də dekonstruksiyaya məruz qoyan bir tendensiyadır. Postmodernizm fikir müxtəlifliyini alqışlayan, köhnə stereotipləri silib atmayan, dəyərlərə fərqli prizmadan yanaşan, onları yenidən dəyərləndirən bir istiqamətdir. Bu baxımdan, Kamal Abdullanın yuxarıda təhlil predmetinə çəkilən hər bir pyesində postmodernizmin qəbul olunmuş ümumi əlamətlərini özündə ehtiva edən əlamətlərə rast gəlmək olur. Müəllifin sərhədsiz (Postmodernizmdə bütün sərhədlər silinib-atılır!) bədii təxəyyülü, yaratdığı «virtual dünya» obrazı onun modern düşüncə tərzinə malik olmasından, yüksək intellektindən xəbər verir. «Kədərli seçmələr» kitabında yer alan digər 3 pyesdə də postmodernizmin bir çox prinsiplərindən istifadə olunmaqla, daha çox diqqəti cəlb edən məqamlar var. Tarixdən məlum olan mifik obrazlara fərqli, «cəsarətli» baxışı, çoxyönümlü yaradıcılığı, yeni «dəyərlər sistemi» yaratması Kamal Abdullanı bir dramaturq kimi əksər müasirlərindən fərqləndirən xüsusiyyətlərdir.O, dünya elminə «postmodernizm» adı altında daxil olan yeni bir meylin bir çox əlamətlərindən bəhrələnməklə, dərin elmi düşüncəsi, özünəməxsus üslubu və bədii təxəyyül imkanlarını birləşdirərək müasir milli dramaturgiyamıza öz möhürünü vurdu.



ƏDƏBİYYAT

  1. Abdulla Kamal. Kədərli seçmələr.-Bakı: Mütərcim, 2002.-548 s.

  2. Abdulla Kamal. Ruh (pyeslər), 1998, 208 səh.

  3. Azad Yaşar çeviriləri-Postmodern Rus ədəbiyyatı.Bakı, «Adiloğlu» nəşriyyatı-2006, 144 səh.

  4. Dadaşov Aydın. Dramaturgiya. Dərslik., Bakı, BDU-nun nəşriyyatı, 2004, 320 səh.

  5. Dadaşov Aydın. Müstəqillik dövrünün dramaturgiyası. Bakı-2005, 216 səh.

  6. Səlcuq Elçin. Kədərin sirri (ədəbi-bədii esse).-Bakı, «XXI»-YNE, 2005, 288 səh.

  7. Umberto Eko və postmodernizm fəlsəfəsi. Bakı, Qanun, 2008, 208 səh.

Qəzet və internet materialları:



  1. Anar. Kədərli və işıqlı seçmələr. Kamal Abdullanın iki kitabı haqqında düşüncələr. «Ədəbiyyat» qəz., Bakı, 2004, 20 avqust.

  2. Bədəlov Rəhman. «Sirr sirdisə...» (Kamal Abdullanın «Gizli Dədə Qorqud»u və «Casus»u ilə bağlı düşüncələr). «525-ci qəzet» qəz., Bakı, 2003, 8 fevral.

  3. Əlibəyli Bəsti. Epistolyar janrda düşüncələr. Özümüzə yönələn savaş. Yazıçı, professor Kamal Abdullaya açıq məktub. «525-ci qəzet» qəz., Bakı, 2002, 26 yanvar.

  4. Əlizadə Məryəm. Bu dünyada «Bizimki nədir»?... və yaxud öz-özünü anlatmaq cəhdi. «Xalq» qəz., Bakı, 1996, 23 oktyabr.

  5. Əlizadə Məryəm. Zamanında yazılanlar... (Kamal Abdulla-. «Ruh» (pyeslər), Azərnəşr, 1998.) «Ədəbiyyat» qəz., Bakı, 1998, 18 sentyabr.

  6. Çaqani Fayaz. Postmodernizm. ttp://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=136

  7. Hacıyev Tofiq. Yarımçıq Əlyazma haqqında bitkin kitab. «Yeni Azərbaycan» qəz., Bakı, 2004, 28 oktyabr.

  8. «Hərdən mənə mələk də deyirlər» Reytinq qəz., Bakı, 2000, 29 yanvar.

  9. Hüseynbəyli Elçin. «Onu sevənlərin hamısı» oradaydı. «Azadlıq» qəz., Bakı, 2003, 3 iyun.

  10. İbrahimoğlu Vaqif. ...Bulanmasa durulmaz... Xanım Bəsti Əlibəyliyə açıq məktub. «525-ci qəzet» qəz., Bakı, 2002, 9 fevral.

  11. İbrahimoğlu Vaqif. Ruhun eşitdikləri. Alim Tofiq Hacıyev cənablarına açıq məktub. «525-ci qəzet» qəz., Bakı, 2002, 27 dekabr.

  12. İsayeva Pərvanə. Müasir Azərbaycan dramaturgiyası və postmodernist meyllər. «Yeni Azərbaycan» qəz., Bakı, 2003, 16 mart.

  13. İsrafilov İsrafil. Ah, bu uzun səhnə yolu... «525-ci qəzet» qəz., Bakı, 1999, 18 sentyabr.

  14. Mehdi Niyazi. Kamal Abdullanın dekonstruksiyasından açılan izlər...«525-ci qəzet» qəz., Bakı, 2004,26 oktyabr.

  15. Nərmin A. Kim deyər ki, Simurq quşu yox imiş? «Azadlıq» qəz., Bakı, 1998, 20 may.

  16. Nikitina İrina. Postmodernist sənət.

  17. http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=703

  18. Professor Meri Klages: «Postmodernizm»

  19. http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/professor-meri-klages-postmodernizm.

  20. Qabilqızı Səadət. Mələklər hansı günahlarımızı bağışlayar? «Azadlıq» qəz., Bakı, 2000, 27 yanvar.

  21. Quliyev Qorxmaz. Postmodernizm.

  22. http://xariciedebiyyat.azeriblog.com/2008/12/13/qorxmaz-quliyev-filoloji-elmler-doktoru

  23. Quluzadə Zümrüd. «Unutmağa kimsə yox». «İlham» qəz., Bakı, 1995, 16 iyun.

  24. Quluzadə Zümrüd. «Unutmağa kimsə yox». «İlham» qəz., Bakı, 1995, 23 iyun.

  25. Sabirqızı Könül. Onu sevən hamı bir yerdə idi. «Azadlıq» qəz., Bakı, 2003, 17 iyun.

  26. Yusifli Vaqif. Həyat səhnədir, insanlar aktyor, dünya tamaşa (Dramaturgiyamız haqqında düşüncələr-1 məqalə)- «525-ci qəzet» qəz., Bakı, 2002, 30 yanvar.



РЕЗЮМЕ

В статье говорится о возникновении постмодернизма и об отличительных чертах постмодернистской литературы. Широко рассматривают­я пьесы писателя и драматурга Кямала Абдуллы, написанные в стиле постмодернизма.


SUMMARY

In this article is spoken about the rise of postmodernism and distinctive feautures of the postmodern literature. Widely viewed playwrights of the writer and dramatist Kamal Abdulla written in postmodern style.



İsmayılova Nigar
AZƏRBAYCAN DEMOKRATİ RESPUBLİKASI HÖKUMƏTİNİN TƏHSİLİN MİLLİLƏŞDİRİLMƏSİ SİYASƏTİNDƏ İBTİDAİ TƏHSİLİN YERİ
XX əsr Azərbaycan tarixinə öz əbədi imzasını qoymuş Azərbaycan Demokratik Respublikası qısamüddətli fəaliyyəti dövründə Vətənimizin təhsil və məktəb salnaməsinə pozulmaz səhifələr yazmışdır. Belə ki, 1918 – ci il may ayının 28 – dən cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikasında mühüm milliləşdirmə işləri görüldü.

Ana dilinin böyüklüyü, onun aliliyi və hər şeydən üstün tutulması Azərbaycan Demokratik Respublikası dövründə özünü göstərən mühüm məsələlərdən biri oldu. “Azərbaycan türkcəsinə milli tariximizdə ilk dəfə olaraq dövlət dili statusu verilməsi Azərbaycan Demokratik Respublikası hökumətinin tarixi addımlarından biri idi. Bununla bağlı Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918 – ci il tarixli qərar qəbul edilir. Həmin qərarla Azərbaycan türkcəsi ADR – in dövlət dili elan edilir, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda bu dildən istifadə olunması tələb olunur. Lakin ölkədə idarəetmə orqanlarında dövlət dilində danışmağı və yazmağı bilən milli kadrlar çatışmadığı üçün hökumət həmin qərarla müstəsna hal kimi, milli mütəxəssislər yetişənədək rəsmi yazışmalarda rus dilindən də istifadəyə icazə verir” [10, 28].

Dövlət dilinin ana dilində olması və məktəb təhsilinin ana dilində aparılmağa başlanması təhsildə milliləşmənin tətbiqi demək idi.

“Milli hökumət təhsildə milliləşdirmə sahəsində işləri Fətəli xan Xoyskinin imzaladığı “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi” haqqında 28 avqust 1918 – ci il tarixli qərarı daha da genişləndirdi. Həmin qərarda qeyd edilirdi ki, bütün ibtidai tədris müəssisələrində təlim yalnız ana dilində aparılsın, dövlət dili olan Azərbaycan türkcəsinin məktəblərdə tədrisi məcburi surətdə və intensiv qaydada həyata keçirilsin” [6, 225 - 226].

Həmin fikrə bir qədər aydınlıq gətirsək görərik ki, bu qərarla bütün tədris müəssisələrində ana dilinin yüksək səviyyədə keçirilməsi nəzərdə tutuldu. Həm də bununla bağlı bir sıra dərsliklər, proqramlar hazırlandı. Məktəblərdə ana dilini bilməyən uşaqlar üçün siniflər yaradıldı və onlara bu dil tədris olunmağa başlandı.

“Təhsilin milliləşdirilməsi xəttinin qətiliyini maarif naziri N.Yusifbəyovun “Azərbaycan” qəzetində 1918 – ci ildə dərc olunmuş əmr və sərəncamlarından da görmək mümkündür:

a) İbtidai məktəblərdə dərslər ana dilində, ciddi surətdə türk dilində oxunmalıdır;

b) Ali – ibtidai və edadi məktəblərdə tədris türk dilində olmalıdır. Milliləşmiş ali – ibtidai məktəblərdə tədris ana dilində olub, 1918 – 1919 – cu tədris ili müddətində türk dili oxunacaqdır. Hərgah lazım olsa, gələcək tədris ilində bu növlə dərslər oxunub, axırda şagirdlər türk dili tədrisinə keçməlidirlər” [1].

Milli müəllim kadrı hazırlığında yeni açılmış seminariyaların imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulmuşdu. Bu seminariyalar yeni açılsalar da, ölkədə olan tanınmış seminariyaların təcrübəsi və ənənəsindən istifadə edilirdi. Yeni hazırlanacaq ibtidai sinif müəllimləri keyfiyyətcə həmin seminariyaların, məsələn, Qori seminariyasının hazırladığı kadrlardan geri qalmamalı idi.

Tədqiqatçı Şükür Sadıqov bununla əlaqədar olaraq yazır: “Gəncədə açılan qadın və kişi seminariyasında Qori Müəllimlər Seminariyasının dəmir intizamı hiss olunurdu... Yüksək ixtisaslı kadr hazırlama işində seminariya bütün imkanlardan istifadə edirdi” [13, s.69].

Kənd, qəza və şəhərlərdə olan savadsızlığı aradan qaldırmaq üçün müəllim kadrlarının olması ən vacib məsələlərdən biri idi. Belə ki, bununla bağlı Azərbaycan hökuməti Türkiyədən müəllimlər çağırmağı qərarlaşdırdı.

“1918 – ci il dekabrın 17 – də Türkiyədən Əziz Əfəndi, Mustafa Əfəndi, Saleh Əfəndi və Durmuş Əfəndidən ibarət ilk müəllimlər gəlib fəaliyyətə başladı. Bu müəllimlər mənzillə təmin edildilər. Maarif Nazirliyinin 29 dekabr 1919 – cu il tarixli qərarı ilə onların maaşları artırıldı. 1919 – cu ildə Maarif naziri Kaplanovun bilavasitə təşəbbüsü ilə Türkiyədən 50 nəfər müəllim dəvət edildi” [4, f.51].

Qazaxda, Gəncədə və Bakıda Müəllimlər Seminariyalarının təşkil olunması da həmin dövr üçün kadr hazırlığı məsələsində vacib işlərdən hesab olunurdu.

Azərbaycanda ilk təşkil edilən seminariya Yelizavetpol (Gəncə) şəhərindəki müəllimlər seminariyası olmuşdur. Hələ 1906 – cı ildən şəhər duması yer ayrılmasına və bina tikilməsinə dair bir neçə dəfə qərar çıxarmışdı. Lakin hökumət vəsait ayırmadığından qərar kağız üzərində qalmışdı. Şəhər duması qərarlarının reallaşması 1914 – cü ilin iyulunda baş verdi. 1914 – cü ilin noyabr ayının 5 – də seminariya fəaliyyətə başladı, ilk dərslər keçildi. Birinci il seminariyanın 39 şagirdi olmuşdur. Onlardan yalnız 10 nəfəri azərbaycanlı oğlan idi. Qeyd etməliyəm ki, seminariya fəaliyyətə başlasa da, dərs ilini uzun müddətə davam etdirə bilmədi. Hətta buraxılışı belə olmadı.

XX əsr Azərbaycan təhsil tarixinin müəllim hazırlığı mərhələsində əvəzsiz xidmətləri olmuş Qazax Müəllimlər Seminariyası Azərbaycan Demokratik Respublikası hökumətinin yaratdığı ilk seminariya kimi tarixdə şərəfli iz qoymuşdur. Qori Müəllimlər Seminariyasının xələfi olan Qazax Müəllimlər Seminariyası Azərbaycan Demokratik Respublikası dövründə təşəkkül tapmış, sonralar da ibtidai sinif müəllimi hazırlığında müstəsna əhəmiyyətə malik rol oynamışdır.

Qazax Müəllimlər Seminariyasının yaradılması Azərbaycan Demokratik Respublikasının Gəncədə fəaliyyət göstərdiyi 3 ay müddətində təhsilə bəxş etdiyi ən böyük töhfələrdən hesab olunurdu. Bu işin arxasında mərdliklə, heç bir şeydən qorxmadan durduğu üçün Firudin bəy Köçərli sözün əsl mənasında qəhrəman sayıla bilər.

“Qori Seminariyasının Azərbaycandan çox – çox uzaqlarda yerləşməsinə baxmayaraq, o Azərbaycan üçün çoxlu müəllim kadrı hazırladı. Müsəlman gəncləri Vətənindən ayrılmış bir şəraitdə tərbiyə alsalar da, onlar öz milliliyini, təmizliyini, toxunulmazlığını qoruyub saxladılar ... İndi bu məktəb Vətənə gələrkən əminəm ki, o xalqı mənəvi gerilikdən azad etməkdə böyük faktor olacaqdır” [2].

Göründüyü kimi, Firudin bəy Köçərli Azərbaycan gənclərinə çox böyük inam bəsləyirdi. Çünki onların harada təhsil almalarından asılı olmayaraq, hər bir zaman Azərbaycanı layiqincə təmsil edəcəklərini bilirdi. Azərbaycan gənclərinin başqa ölkədə təhsil almaları nəticəsində milli – mənəvi dəyərləri qorumaları da mühüm cəhətlərdən biri kimi səciyyələnirdi.

Milli müəllim kadrlarının çatışmazlığını nəzərə alaraq hökumət qısa müddətli pedaqoji kurslar açılmasını məqsədəuyğun saymış, 1919 – cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini təmin etmək üçün belə bir işi reallaşdırmışdır.

“Hökumətin qərarı ilə bu məqsədlə Xalq Maarif Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakıda, Gəncədə və Nuxada kişi və qadın, Şuşada, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada isə kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları qurtaranların demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi” [11, 57 - 59].

“Azərbaycan hökuməti müəllimlərə olan böyük ehtiyacı nəzərə alaraq hələ Gəncədə fəaliyyət göstərdiyi dövrdə xalq müəllimləri üçün müəllim hazırlamaq məqsədilə qısamüddətli müəllimlər kursunun təsis edilməsi haqqında 24 avqust 1918 – ci il tarixli qərar qəbul etmiş və Gəncədə belə kurslar açmışdı. Sonralar Azərbaycan Parlamentinin 17 iyul 1919 – cu il tarixli qərarı ilə Qazax, Nuxa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə (sonuncu 2 şəhərdə ayrı – ayrı həm kişi, həm də qadın) iki aylıq pedaqoji kurslar açılmışdı” [6, 70].

Lakin bu kursların müddəti çox qısa olduğundan müəllimlər savadlana bilmədilər və məktəblərdə savadsız müəllimlər çoxaldı. İbtidai məktəb üçün müəllim hazırlığını nəzərdə tutan bu kurslar uğur qazanmadı və tez bir zamanda dağıldı.

Xalq Maarif Nazirliyinin həyata keçirdiyi mühüm tədbirlərdən biri yüksək ixtisaslı – ali təhsilli mütəxəssislərin hazırlanmasını təmin edəcək təhsil müəssisələrinin açılması idi. Ümumtəhsil məktəbləri üçün müəllim hazırlığında ali məktəbdən də istifadə edilirdi.

Azərbaycan hökuməti mövcudluğu dövründə bir neçə ali məktəbin – Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması üzrə müəyyən hazırlıq işləri görmüş, hətta onlardan bəzilərinin təsis olunmasına dair qanun layihəsi də Parlamentə təqdim etmişdi. Lakin onlardan yalnız birini - Bakı Dövlət Universitetinin açılmasını həyata keçirmək mümkün oldu.

“Azərbaycan” qəzetinin 29 aprel 1919 – cu il tarixli sayındakı “Pedaqoji İnstitutun açılmasına dair” məlumatdan öyrənirik ki, Xalq Maarif Nazirliyi tərəfindən layihəsi hazırlanmış 4 illik Pedaqoji İnstitutun 1919 – 1920 – ci dərs ilinin əvvəlində açılacağı planlaşdırılıbmış. Məlumatda institit üçün təhsilin pulsuz olacağı, lakin gələcəkdə institut məzunlarının 4 il hökumətin göndərdiyi yerdə işləməli olduqları da bildirilirdi. Bu haqda qanun layihəsi də Халг Маариф Назирлийи tərəfindən təqdim olunmuşdu [3].

Məzunlar içərisində Süleyman Rəhimov, Qılman İlkin kimi görkəmli yazıçılar pedaqoji fəaliyyətə ibtidai məktəbdə başlayanlar olmuşlar.

Azərbaycan Demokratik Respublikası dövründə tərtib olunan tədris proqramlarının mühüm cəhətlərindən biri onların məhz milli ruhda olması idi. Belə ki, milli dəyərlərin qorunub saxlanması, soykökümüzə bağlılıq proqramların ana xəttini təşkil edirdi və zənnimcə bu, belə də olmalı idi. Çünki bu hal həmin dövr üçün maraqlı bir cəhət kimi dəyərləndirilirdi. Məsələn, “1919 – cu ildə maarif naziri Kaplanov və orta məktəblər şöbəsinin rəisi A.H.Usubbəyovanın imzası ilə məktəblərə (ibtidai siniflərdə tədris üçün – N.İ.) göndərilən “Türk xalqlarının tarixinin epizodik kursu” proqramı izahatı ilə bərabər olduqca maraqlı, milli ruhlu bir proqramdır. Bu proqramda sayca çoxlu tarixi hadisələrin verilməsi, fikrimcə, ibtidai məktəb şagirdləri üçün çətinlik törədə bilərdi. Proqram müəllifləri bu çətinliyi nəzərə alaraq onun izahat vərəqəsində yazırdılar ki, proqramda göstərilən hadisələrin hamısı uşaqlara nağıl şəklində izah edilməli və öyrədilməlidir. Proqramla tanış olan hər kəs yəqin edə bilər ki, bu fənni keçən uşaqlar müxtəlif xalqların, o cümlədən Azərbaycan xalqının tarixi keçmişini dərindən öyrənər və milli ruhda tərbiyə olunar” [8, 114 - 115].

Fakt sübut edir ki, hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, kiçik yaşlı uşaqların Vətənə məhəbbət ruhunda tərbiyə olunması mühüm fakt kimi qiymətləndirilmişdi. Bu cəhət ibtidai siniflərdən şagirdlərə aşılanmalı və yuxarı siniflərə keçdikcə daha geniş vüsət almalıdır. Çünki Vətəni sevmək eyni zamanda Anaya, torpağa da hörmət deməkdir. Öz tarixinin keçmişini bilmək onu yaşatmaq və qorumaq kimi başa düşülür. Lakin ölkənin tarixi ilə yanaşı, başqa dövlətlərin tarixinin də öyrədilməsi təqdirəlayiq hal kimi təqdir edilir.

ADR hökuməti 1918 – ci ilin iyun ayının 20 – də təlimin məzmunu ilə əlaqədar belə bir qərar verdi: “Azərbaycanda milliləşdirilmiş məktəblər üçün Türkiyədən tədris kitabları gətirilsin və müəyyən miqdar müəllim çağırılsın. Bu məqsədlə İstanbula məlumatı olan bir şəxs ezam edilsin” [12, 97].

İrəlidə qeyd etdiyimiz kimi, hökumət hələ Gəncədə fəaliyyət göstərdiyi dövrdə 22 iyun 1918 – ci il tarixli qərarı ilə görkəmli publisist, siyasi xadim Əhməd bəy Ağayevi Azərbaycan məktəbləri üçün dərslik tədarükü görmək və müəllimlər üçün Türkiyəyə ezam etmişdi.

1918 – ci ildə M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb”, 1919 – cu ildə A.Əfəndizadənin “Son Türk əlifbası”, A.Şaiqin “Türk çələngi”, H.Cavid və A.Şaiqin “Ədəbiyyat dərsləri”, A.Şaiqin “Müntəxəbat”, Q.Rəşad və M.S.Axundovun “Rəhbəri – sərf”, A.B.İsrafilbəyzadənin “Təzə elmi – hesab”, C.Cəbrayılbəylinin “Tarixi – təbii” kimi yeni dərslikləri hazırlanmış və nəşr edilərək, istifadəyə verilmişdi.

1918 - ci ildə M.Mahmudbəyov və A.Səhhətin nəşr olunan “Yeni məktəb” kitabının titul səhifəsində göstərilir ki, bu 8 – ci nəşrdir. Naşiri Qəmbər Orucovdur. Kitab 10 bölmədən ibarətdir. 8 bölmə ayrıca, 9 – 10 – cu bölmələr isə birgə təqdim olunmuşdur. I bölmə “Məktəb və ailə”, II bölmə “Çalışqanlıq və bilik kəsbi”, III bölmə “Kömək və ittifaq”, IV bölmə “İl arasında”, V bölmə “İnsan”, VI bölmə “Heyvanat”, VII – VIII bölmələr “Nəbatat”, IX – X bölmələr isə “Coğrafiya məlumatı” adlanır.

Kitabda mətnlərə aid illüstrasiyalar vardır. VII və VIII bölmələrdə Həsən bəy Zərdabinin məqalələrindən istifadə edilmişdir.

Bölmələrdə 120 mətn vardır. Kitabda heç bir metodiki işləmə, tapşırıq yoxdur.

“Son Türk əlifbası” dərsliyi o dövrdə əlifba yeniliyi ilə diqqəti cəlb edirdi. Abdulla bəy Əfəndiyevin 34 səhifəlik bu dərsliyində hərflər həm ərəb, həm də latın qrafikasında verilmişdi. Nəticədə bəlli olmuşdu ki, ərəb qrafikasında işlənən səslərin çoxunun Azərbaycan dilində qarşılığı yoxdur. Müəllif A.Əfəndiyev azərbaycanlılıar üçün latın qrafikalı əlifbanın daha münasib olduğu qənaətinə gəlmişdi.

Abdulla bəyin latın qrafikası ideyasının əsasını M.F.Axundovun əlifba islahatı ideyası və F.Ağazadənin latın qrafikasından istifadə edərək hələ 1906 – cı ildə yeni əlifba yaratmaq təcrübəsi təşkil edirdi.

Azərbaycan Demokratik Respublikası dövründə mövcud dərsliklərdə aşkarlanan nöqsanları aradan qaldırmaq üçün 1920 – ci ildə H.Cavid, A.Şaiq, C.Cəbrayılbəyli, ibtidai məktəbdən P.Qasımov kimi görkəmli şəxsiyyətlərdən ibarət qrup yaradıldı və onlar gələcək dərsliklərin yaranması üçün plan hazırladılar. Çox təəssüf hissi ilə qeyd etmək olar ki, iclasdan 3 ay sonra ADR hökuməti süquta uğradı və planı həyata keçirmək mümkün olmadı.

Azərbaycanın qabaqcıl təhsil işçiləri şagirdlərin dünyagörüşünün formalaşması baxımından sinifdənxaric oxunun vacibliyini başa düşür və bu istiqamətdə səylə çalışırdılar.

Bildiyimiz kimi, sinifdənxaric oxu şagirdlərin bilik və savad potensialının artmasına, genişlənməsinə təsir göstərən mühüm amillərdən biridir. Çünki şagird təkcə dərslikdə verilən məlumatla kifayətlənsə, həmin məlumat qısa şəkildə başa düşülə bilər. Ancaq sinifdənxaric oxu insan təfəkküründə olan məlumatın daha geniş təsir qüvvəsinə səbəb olur. Bu haqda da maraqlı ideyalar Azərbaycan Demokratik Respublikası dövründə özünəməxsus yer tutmuşdu.

1911 – ci ildə F.Köçərli, S.S.Axundov, M.Mahmudbəyov, F.Ağazadə, Ə.Qasımov və başqalarının təşəbbüsü ilə Bakıda dördgünlük “İbtidai məktəblərdə Azərbaycan dilinin tədrisi” sinifdənxaric oxu və “Azərbaycan dilində ilk qiraət kitabları haqqında pedaqoji kurs” adlı seminarlar keçirildi.

1918 – ci ildə D.Əfəndiyevin “Pul dəlisi”, Qafur Rəşad Mirzəzadənin “Dövlətli sərçə və dişli siçan”, 1919 – cu ildə Əbdürrəhman Dainin “Qanqal” şeiri, “Əsgəri nəğmələr”, “Mahnılar”, Mirzəzadə Ağahəsənin ”Milli nəğmələr”, Əhməd Cavadın “Dalğalar”, Hacı Kərim Sanılının “Yeni şərqilər” kimi şeir və hekayələri də çap olundu.

Şagirdlərin dərslikdən əlavə sinifdənxaric oxu kitabları oxuması üçün A.Səhhətin “Bağça”, “İki dost”, “Ana və bala”, S.S.Axundovun “Qorxulu nağıllar”, Ə.Dainin “Uşaq və quş”, “Aslan və qurd” kimi əsərləri məktəblilərə təqdim olunurdu.

Ə.Dainin “Uşaq və quş” şeirinə nəzər salsaq, görərik ki, burada quşun dili ilə uşaqlara bilik, savad almağın vacibliyi izah olunur:

“Uşaq:


Qaçma, dayan, gözəl Quş,

Səsin gəlir mənə xoş.

Çox sevirəm mən səni,

Gəl et fərəhnak məni.

Gedək, qəfəs içrə mən,

Verim sənə çoxlu dən.

Nəğmə oxu hər zaman,

Mən də olum şadman.


Quş:

Doğru deyirsən, gözüm,

Bax, sənə var bir sözüm.

Sözlərimə as qulaq.

Mən səndən ollam uzaq:

“Xoşlamıram mən səni,

Çün məktəbə getmirsən,

Elm, təhsil etmirsən.

Elmin yoxdur, avamsan

Əl çək məndən, balam, sən.

Elmsiz ilə heç kəs

Yoldaş olmaz, səsin kəs”! [7, 162].

Adlarını çəkdiyim əsərlərin hər biri sinifdənxaric oxu üçün yararlı hesab edilir, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyət daşıyırdı.

Beləliklə, Azərbaycan Demokratik Respublikası fəaliyyətə başladığı ilk gündən təhsilin, xüsusilə, ibtidai təhsilin milliləşdirilməsi, təlimin ana dilində aparılması, müəllim kadrları hazırlığı və digər tədbirlərlə milliləşdirilmiş ibtidai təhsili meydana gətirdi.


1   ...   29   30   31   32   33   34   35   36   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə