AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə24/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

ƏDƏBİYYAT


  1. Azərbaycan məhəbbət dastanları. B., 1979, səh. 99-155

  2. Səfərli Ə. Qazi Bürhanəddin. Divan. Ön söz. B., 1988, səh. 15, 5-10, 9-16.

  3. Vəfalı A. Füzuli öyrədir. B., 1977, səh. 49.


Əsədova Məhəbbət
ƏVƏZLİKLƏRDƏ CƏM MƏNASININ İFADƏSİ

(AZƏRBAYCAN VƏ İNGİLİS DİLİNİN MATERIALLARI ƏSASINDA)
Əvəzliklərdə kəmiyyət kateqoriyası öz təzahürünü dünyanın əksər dillərində iki formada (tək və cəm), bəzi dillərdə isə üç formada (tək, ikili və cəm) tapır (5, s.177; 7, 133-134).

Əksər dillərdə olduğu kimi Azərbaycan və ingilis dillərində kəmiyyət kateqoriyasında tək (singular) və cəm (plural) fərqləndirilir (9, 83). Təklik və cəmlik isimlərə şamil olduğu kimi, onların əvəzləyicisi, müxtəlif kontekstlərdə, yaxud mətn daxilində onların yerində işlənə bilən əvəzliklərə də aiddir.

Azərbaycan və ingilis dillərində əvəzliklər üçün cəm mənasının ifadə olunmasında iki əsas eksplisit vasitənin mövcudluğu səciyyəvidir:


  1. Affiksal üsul;

  2. Suppletiv üsul.

Bəzi əvəzliklərdə cəm forması heç bir cəm kateqoriyasının xüsusi göstəricisi olmadan leksik üsulla ifadə olunur.

Affiksal üsul. İngilis dilində əvəzliklərdə cəm formasının affiksal üsulla ifadəsi isimlərdə cəm formasının yaranması üsuluna uyğun gəlir, Azərbaycan dilində isə bu formalar bir-birinə qismən uyğun gəlir. İngilis dilində isimlərdə olduğu kimi qeyri-müəyyən əvəzlik və qayıdış əvəzliklərində cəm formasının suffiksi -s (-es)-dir. Azərbaycan dilində -lar , -lər suffiksi cəm formasının yeganə suffiksidir.

İngilis dilində çoxfunksiyalı –s(-es) suffiksi əvəzlik sistemində məhdudlaşır. Bu o deməkdir ki, cəm şəkilçisi –s (-es) qəbul edən əvəzliklə işlənən fel cəm formasının göstəricisi kimi –s (-es) cəm şəkilçisi ilə qurtarmır. Ingilis dilindən fərqli olaraq Azərbaycan dilində -lar, -lər suffiksi fel sisteminə də daxil olur. Yəni felin sonunda bu şəkilçinin yazılması mümkünlənir.

Qeyd etmək lazımdır ki, -s (-es) şəkilçisi ingilis dilinin fel sistemində də işlənir. Ancaq bu omonim suffiks fel sistemində əks məna kəsb edir. Yəni –s(es) suffiksinin köməyi ilə felin indiki zamanın qeyri-müəyyən formasının üçüncü şəxs tək forması düzəlir. Bu şəkilçinin felin sonunda olmaması felin cəmdə işlənməsi deməkdir. Məsələn:

She translates- O tərcümə edir. They translate- Onlar tərcümə edirlər.

Əvəzliklərdə isə tək və cəm qarşılığının düzəlməsi yollarını nəzərdən keçirək.

İngilis dilində -s (-es) şəkilçisinin köməyi ilə qayıdış və “one” qeyri-müəyyən əvəzliyinin cəm forması düzəlir. Məsələn:

Qayıdış əvəzlikləri:


Myself- ourselves himself

Yourself- yourselves herself themselves

itself


Qayıdış əvəzliklərində cəm və tək qarşılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, ikinci şəxs tək əvəzliyi “you”-dan fərqli olaraq qayıdış əvəzliklərinin ikinci şəxs tək formasının ikinci şəxs cəm formasının qarşılığı olan cəm forması var: yourself- yourselves

Azərbaycan dilində qayıdış əvəzliklərinin cəm formasının yaranmasında affiksal üsul, yəni öz təyini əvəzliyinə mənsubiyyət və –lar,-lər şəkilçilərinin artırılması ilə yaranan üsul mövcuddur. Məsələn:

Özüm özümüz

Özün özünüz

Özü özləri

“One” qeyri-müəyyən əvəzliyinin də cəm forması belə əks olunur: one- ones.

Bu əvəzlik müasir ingilis dilinin sistemində geniş yayılmışdır. O, əvəzedici söz rolunda işlənir və ismi tək və cəm formada əvəz edə bilir. Məsələn:

This room is larger than that one.

These gloves are torn. Give me the new ones.

“One” qeyri-müəyyən əvəzliyinin başqa funksiyaları da var.

Azərbaycan dilində əvəzliklərin cəm fomasının yaranmasının affiksal üsulu yaxşı inkişaf etmişdir. Ancaq əvəzliklərin sırasında cəm formasının affiksal üsulunun paylaşmasının, yaxud yerləşməsinin hüdudunda və ya sərhəddində bir mürəkkəblik var. Mürəkkəblik bundadır ki, bir əvəzlik cərgəsinin daxilində həm affiksal üsul, həm də süppletiv forma işlənir. Məsələn, Azərbaycan dilində şəxs əvəzliklərinin cəmlənməsi əvəzliyin digər növlərindən fərqlənir (1, s.31). Yəni şəxs əvəzliklərinin cəm formasının bir hissəsi (I və II şəxs cəm) suppletiv, digər hissəsi isə affiksal (III şəxs cəm) üsulla düzəlir. Məsələn:

Mən- biz (bizlər) o- onlar

Sən- siz (sizlər)

Elə əvəzliklər də var ki, onların cəm formasının düzəlməsində eyni zamanda müxtəlif affiksal formalar istifadə olunur. Məsələn:

Hamı- hamımız-hammıları.

Sual əvəzliklərində cəm formasının əks olunması bütün dillərdə eyni cür təzahür etmir. Əgər Azərbaycan dili üçün sual əvəzliklərinin affiksal üsulu səciyyəvidirsə, ingilis dilində sual əvəzlikləri cəm formasına malik deyil. Məsələn:

Kim- kimlər nə- nələr

Who - kim what- nə

Beləliklə, Azərbaycan dilində əvəzliklərin quruluşunda özlərinin sistemdaxili inventarizasiyasında müəyyən çətinliklər var.

Suppletiv forma. Əvəzliklərin cəm formasının suppletiv üsulla ifadəsi onların müxtəlif söz formalarında təzahürüdür.

Müqayisə olunan dillərdə bu üsul şəxs əvəzlikləri üçün səciyyəvidir.

İngilis dilində şəxs əvəsliklərinin tək və cəm formasının qarşılığı aşağıdakı şəkildədir:

I -We he


(thou)- you she they

it
Qeyd edilməlidir ki, müasir ingilis dilində şəxs əvəzliyinin ikinci şəxs tək forması praktik olaraq işlənmir, buna görə də “you” əvəzliyi universal şəkildə həm ikinci şəxs əvəzliyi tək, həm də cəm formada işlənir. Ancaq ayrı-ayrı poetik, tarixi və başqa mətnlərdə “thou” (sən) formasına rast gəlinir.

Cəm formasının düzəlməsində suppletivlik yiyəlik əvəzlikləri üçün də səciyyəvidir. Hər üç şəxsin cəm formasının yaranması suppletivizm yolu ilə ifadə olunur. Məsələn:

My-our his

(thy)- your her their

it
Yuxarıda göstərilən yiyəlik əvəzliklərinin bu formaları asılı forma (conjoint forms) adlanır. Bu formalar əvəzliklərin bəzi növlərinin- qayıdış və ya emfatik əvəzliklərinin təşkil olunmasında əsas rolunu oynayırlar.

Bu formalardan başqa yiyəlik əvəzliklərinin müstəqil yaxud nominal (absolute, nominal forms) adlandırılan formaları var ki, ayrı-ayrı şəxslərdə -s qəbul edir:
Mine (mənimki)- ours (bizimki) his (onunku)

(thine) (səninki)- yours (səninki, sizinki) hers (onunku) - theirs (onlarınkı)

Its (onunku)

Bu qarşılıqdan göründüyü kimi –s şəkilçisi üçüncü səxs tək formasının –his, hers, its formalarının yaranmasında özünü göstərir.

Azərbaycan dilində suppletiv üsulla yaranmanın şəxs əvəzliklərinin cəm formasında öz yeri var:

Mən- biz sən- siz

Şəxs əvəzliklərinin strukturunun təhlili şəxs əvəzliklərinin fopmalarının genişlənməsi və dinamik inkişafının müəyyənləşməsi ilə əlaqədardır.

Azərbaycan dilində şəxs əvəzliklərinin paradiqmasına ikili cəm formalı aşağıdakı əvəzliklər də daxildir:

Biz-bizlər siz- sizlər

Bu ikili formalardan sintetik yolla düzələni (bizlər, sizlər) danısıqda, sifahi nitqdə, dialektlərda işlənir.

Belə ikili cəm forma digər Türk dillərində də müşahidə olunur ( 3,209).

Hətta “siz” əvəzinə “sənlər” forma da qazax, qaraqalpaq dillərində xalq danışığında işlənir (3, 209). Eyni zamanda ikinci şəxsin təkində “sən” əvəzinə hörmət əlaməti kimi cəm forması “siz” həm Azərbaycan dilində, həm də digər türk dillərində işlənməkdədir. Bu əsasla da yəqin ki, daha şox hörmət və ehtiram mənasında “sizlər” də işlənməkdədir.

İngilis dilində ikili cəm formasına malik olma one geyri –müəyyən əvəzliyində müşahidə olunur. Bu əvəzliyin cəm forması həm affiksal üsulla (one-ones), həm də supletivizm yolu ilə düzəlir (one- some).

Cəm formasının suppletiv üsulla düzəlməsi ingilis dilində işarə əvəzliklərinin cəm forması üçün də səciyyəvidir. İngilis dilində hər iki işarə əvəzlikləri this-bu, that-o cəm formasına malikdirlər (2, s.119; 4, 248). Məsələn:



This- these -bunlar that- those-onlar

İngilis dilində qeyri-müəyyən əvəzliklərdə cəm formasının suppletiv üsulla təzahürünü one- some cütlüyündə müşahidə etmək mümükündür (8, s. 33).

Azərbaycan dilində işarə əvəzliklərinin cəm formasınin yaranması ingilis dilindəki işarə əvəzliklərinin suppletiv üsulla yaranması üsulundan kəskin fərqlənir. Belə ki, Azərbaycan dilində bu qrammatik hadisə affiksal üsulla –lar, -lər şəkilçisi vasitəsilə düzəlir. Məsələn:

Bu-bunlar o- onlar

Müqayisə olunan dillərdə digər əvəzlikləri iki qrupa bölmək olar:


  1. Cəm anlamında neytrallıq göstərənlər. Bu qrupa “some”, “such” əvəzlikləri aiddir. Bu əvəzliklərdə kəmiyyət mənası həmin əvəzliklərin birlikdə işləndikləri isimlərin sayılan və sayılmayan olmaları ilə aktuallaşır. Məsələn:

Some pen- bəzi qələm, hansısa qələm; some pens- bir neçə qələm

Such a girl- elə bir qız; such girls- elə qızlar



  1. Lekcik yolla cəmi ifadə edənlər:

All- hər şey; All is on the table.

All – hamı, bütün; All are in the room.

Both- hər iki, ikisi Both are here.

Burada qeyd edilməlidir ki, botheither əvəzlikləri əvəzliyin nə tək, nə də cəm formasına aiddir. Bu əvəzliklərin semantikasında qerman dilləri üçün xarakterik olmayan sapma elementi özünü biruzə verir, yəni bu əvəzliklərin hər ikisi cəm kateqoriyasının ikili məna bildirən formasına aiddir.



  1. Ancaq tək mənası ifadə edənlər:

Somebody- kimsə, someone- kimsə, something- nə isə, anything- nə isə, every- hər, none- heç, nobody- heç kim, nothing- heç nə, each- hər bir və s. Bu əvəzliklər tək anlayışı ifadə edirlər.

İngilis dilində everybodyeveryone əvəzliklər var ki, onlarda həm tək mənası, həm də cəm mənası özünü göstərər. Tək mənası ifadə edərkən bu əvəzliklər Azərbaycan dilinə hər bir kəs, cəm mənası ifadə edərkən isə hamı kimi tərcümə olunur (4,s.255).Məsələn:

Everybody did as he thought best.- Hər bir kəs ən yaxşısını fikirləşdiyinə görə etdi.

Tell everybody that they are to wait a little.- Hamıya de ki, onlar bir az gözləməlidirlər.

Müasir german, roman , bir sıra hind- Avropa və türk dilləri, o cümlədən Azərbaycan dili üçün cəm formasının qarşılaşdırılan iki üzvlü (tək və cəm) sistemi səciyyəvidir. Ancaq ingilis dilində sapma halı (ikili forma) iki əvəzlikdə botheither də müşahidə olunur. Cəm formasının yaranmasında müşahidə olunan affiksal və suppletiv üsullar bu və ya digər şəkildə hər iki dildə öz təzahürünü tapır.
ƏDƏBİYYAT


  1. Şahbazova Z. Azərbaycan dilində əvəzliklərin morfologiyası (I hissə). Bakı “Ulu”-2007.

  2. Аракин В.Д. Сравнительная типология английского и русского языков. Ленинград- Просвещение-1979.

  3. Буранов Д. Сравнительная типология английского и тюркских языков. Москва «Высшая школа»- 1983.

  4. Кобрина Н. А., Корнеева Е. А., Оссовская М. И., Гузеева К. А. «Грамматика английского языка» , С.-Петербург «Союз»-1999.

  5. Майтинская К. Е. Местоимения в языках разных систем. Москва- «Наука»- 1969.

  6. Махмудов А., Гулиев А., Кербалаева Р. Сравнительная типология русского и азербайджанского языков. Баку «Маариф»-1982.

  7. Милославский И.Г. Морфологические категории современного русского языка. Москва «Просвещение»-1981.

  8. Blokh M. Y. A Course in Theoretical English Grammar, Moscow “Vysshaya Shkola” -2000.

  9. Yunusov D. Khanbutayeva L. Comparative Typology of the English and Azerbaijani Languages. Baku “Mutarjim”- 2008 .



SUMMARY

This article deals with the expression of the plurality in pronouns on the basis of the materials of the Azerbaijani and English languages. Two ways of formation of the plurality are studied here.




РЕЗЮМЕ

Статья посвящена формы множественности у местоимений на основе материалов азербайджанского и английского языков. Здесь исследованы два способа формирования множественности у местоимений.




Əsədova Nüşabə
S.TAHİR LİRİKASINDA MÜBARİZƏ MOTİVLƏRİ
Keçən əsrin 50-ci illərindən başlayaraq Söhrab Tahir imzası mətbuatda tez-tez görünməyə başladı. Həmin dövrdə yazılan və ilk qələm təcrübəsi olan əsərlərində şair Cənubi Azərbaycanda Milli Demokratik hökumətin süqutu, məsləkdaşları ilə birlikdə vətəndən ayrı düşməsindən, zaman keçdikcə Sovet Azərbaycanındakı siyasi ab-hava – buradakı siyasi təzyiqlər, şübhələr, hələ dünənə qədər ürəyini dolduran ümidlərin puç olması, Vətəndə qürbət mühitinin yaranması, ögey münasibətlər Söhrab Tahir yaradıgılığında bədii predmetə çevrilməyə başladı. Bütün bunlar sonralar ədibin yaradıcılıq bioqrafiyasından qırmızı xətt kimi keçəcək vətən, azadlıq, mübarizə, həsrət motivlərinin daimi və əsas mövzuya çevrilməsinə səbəb olmuşdur.

«Azərbaycan ədəbiyyatında cənub mövzusu və İran irticasının ifşası iyirmi milyonluq bölünməz böyük bir xalqın vahid ədəbiyyatının Cənub və Şimal qollarının bir-biri ilə necə ayrılmaz olduğunu da aydın göstərir» (1, 282) S.Tahir yaradıcılığında əsas, aparıcı mövzu Cənubdakı soydaşlarının taleyi, İran irticasının ifşası, Cənubi Azərbaycan xalqının milli-demokratik hərakatdakı rolu mövzusudur. Cənubi Azərbaycanda Məşrutə hərəkatı, Səttərxan, Ş.M.Xiyabani və S.C.Pişəvərinin başçılıq etdikləri milli-azadlıq hərəkatları Azərbaycan xalqının qəhrəmanlıq tarixində silinməz izlər buraxdığı kimi, ədəbiyyatımızın bütün janrlarında, o cümlədən poeziyada da öz parlaq əksini tapmışdır. Azərbaycanın Rusiya və İran dövlətləri arasında ikiyə bölünməsi, Cənubi Azərbaycan xalqının milli qürurunu tapdalayan və xarici imperialistlərin əlində oyuncağa çevrilən mürtəce İran istibdadının xalqı istismar etməsi, məhrumiüyyətlər içində saxlaması, ölkənin maddi nemətlərinin həm fars, həm də xarici işğalçılar tərəfindən talan edilməsi, xalqın ana dilinin yasaq edilməsi – bütün bunlar Söhrab Tahir poeziyasında azadlıq motivli lirik şeirləri səciyyələndirən başlıca xüsusiyyətlərdir.

«Bir millətin istiqlalı yoxdursa, onun heç nəyi yoxdur» ifadəsi Ş.M. Xiyabaniyə məxsusdur. S.Tahir lirikası, demək olar ki, əsasən bu ifadənin bədii cəhətdən əsaslandırılmasına xidmət edən poetik salnamədir. Şairin vətəndən uzaqlarda, «doğma qürbətdə» yaranan şeirlərində bir-birinin üzünə həsrət qalmış iki Azərbaycanın birləşməsi istəyi gah yanğı, gah arzu, gah tələb, gah da üsyan kimi səslənir.

Zaman-zaman Azərbaycan xalqının, o cümlədən Cənubi Azərbaycan xalqının apardığı milli-azadlıq mübarizənin ənənələri bu gün də nəsillər tərəfindən ləyaqətlə davam etdirilir. Bu müqəddəs amalın məğlubedilməzliyi şairin əksər şeirlərində coşqun poetik dillə tərənnüm olunur, oxucuda mübarizə və qəhrəmanlıq kimi ülvi hisslər yaradır.

60-cı illərdə yazdığı «Qanlı dərs», «Mənim», «Tarix qalır» və s. bu kimi şeirlərində S. Tahir xalqımızın qəhrəmanlıq tarixindən danışır, mübarizənin bu gün də nəinki bitmədiyi, əksinə hələ bundan sonra ətrafına yeni nəsillər toplayıb, daha qüvvətli oyanışlarla, daha böyük ciddiyətlə davam edəcəyini bildirir.

Şairin lirikasında Cənub mövzusu təkcə siyasi planda deyil, həm də tarixi və fəlsəfi-sosial planda verilir, xalqın mübarizəsindən alınan canlı real lövhələr S.Tahir poeziyasında bədii predmetə çevrilir.. Bir çox Güney Azərbaycanı şairləri (B.Azəroğlu, Ə.Tudə, M.Gülgün və b.) kimi Söhrab Tahirin şeirlərində tez-tez XX əsrin 40-cı illərin demokratik mübarizə hərəkatın xatırlayınr, tarix dönə-dönə oxucunun gözləri qarşısında varaqlanır. Bu tipli lirik nümunələrində şair («Gavab versin tarix mənə», «Mən od oğlu azəriyəm», «İcazə ver», «Sabahın bu günə salamıyam mən», «Yandım, yandım», «Azər inqilabı», «Mən, «O qalsaydı» və s.) xalqımızın igid oğullarının keçdikləri şərəfli mübarizə və qəhrəmanlıq tarixindən söz açır, «dustaq olmaq qiymətinə satın aldığı» azadlığa yenidən qovuşmaq üçün döyüş səngərlərində öz yerini tutmaq, «zindanlanmış inqilabını azad etməyə» can atır, «xalqı mübarizəyə səsləyən həqiqətlərə müraciət edir, bu mübarizənin nisbətən geniş mənzərəsini canlandırır» (2, 51). Şairin lirik qəhrəmanı Koroğlunun, Babəkin, Xətainin qılıncı ilə yaraqlanır, onların güclərini öz qollarında, dizlərində hiss edərək azadlıq uğrunda mübarizə yolundan bir an belə geri çəkilməyəcəyini bəyan edir:

Mən Zərdüştün nəvəsiyəm,

Doğulmuşam Midiyadan,

Sənə qarşı Babək mənə

Sərtlik verib sərt qayadan.

« İcazə ver» (7, 51)

Mən elə tərsəm ki,

Geri dönmərəm,

Mən elə odam ki,

Yandım, sönmərəm,

Durduğum zirvədən bir də enmərəm,

Böyük Səttərxanın davamıyam mən…

«Sabahın bu günə salamıyam mən» (4, 67)

Lirik şeirlərində tez-tez Azərbaycan xalqının tarixindəki «üç inqilab»ın faciəli, qanlı, lakin şərəfli səhifələrini vərəqləyən, qazandığını əldə saxlaya bilmədiyindən əzab çəkən şairin ah-naləsi, ruh düşkünlüyü, mübarizədən yorulduğu qətiyyən görünmür, hiss olunmur. «Bir tüfənglə bir dünyaya qarşı duran inqilabın» uğursuz taleyi, həyata keçməyib ürəklərdə qalan saysız-hesabsız gözəl arzular, qəlbi qurmaq, yaratmaq eşqilə dolu olan şairin lirik mənini əymir, sındırmır, əksinə, odlu-alovlu mübarizə yollarında onu daha da mətinləşdirir. «S.Tahirin misraları gücsüzlüyün, iqtidarsızlığın deyil, alicənab etirafın səmimi ifadəsidir. Onun şeirləri təkcə öz poetik dəyəri və siyasi pafosu ilə deyil, həyat faktlarına, konkret detallara ictimai məna, fəlsəfi boyalar, rəmzi cizgilər aşılamaq cəhətdən maraq doğurur» (8, 6). Şairin poeziyasında istibdad rejiminin ölkədə yaratdığı müdhiş vəziyyət yanıqlı, eyni zamanda romantik bir dillə təsvir olunur. Tarixin amansız ədalətsizliyinə qarşı çılğın bir üsyankarlıq, barışmaz etiraz səsi onun yaradıcılığının baş, əbədi və əzəli mövzusuna çevrilir. Şairin lirik qəhrəmanı azadlıq uğrunda mübarizədə aldığı yaraların ağrılarına dözə-dözə vətənin «qəzəbindən, nifrətindən seyqəl almış qılıncını» əlinə alaraq «millətin vuruşlarda parçalanmış, qana batmış dəlik-dəlik bayrağını» başı üzərinə qaldıraraqqaldıraraq borclu qaldığı döyüşləri davam etdirmək, sona çatdırmaq, vətənin, xalqın azadlığı uğrunda məbarizəni bitirmək istəyir, tarixi Azərbaycan xalqının taleyinə yazdığı amansız, ədalətsiz hökmünə görə sərt sorğu-suala tutur:

Cavab versin tarix mənə!

Azadlığım hanı mənim?

Azadlığın uğrundakı

Şəhidlərin canı mənim,

Qanı mənim,

Azadlığa qurban olmuş

Azadlığım hanı mənim?!

«Cavab versin tarix mənə»(2, 31)

Yaşadığı alovlu, tufanlı inqilabi həyatı əks etdirən bir çox şeirlərində şair bu şərəfli ömür yolu ilə haqlı olaraq fəxr edir. Müəllifə görə insan ömrünün ən yaxşı, ən güclü, ən ağıllı, ən dəyərli anlarını heç bir mükafat ummadan, təklif gözləmədən vətənə həsr etməlidir. Çünki mükafat vətənin tarixinə yazılan qızıl, şərəfli səhifələrdir, vətənin gələcəyi, varlığıdır. Bu səbəblərdəndir ki, şairin bir çox şeirlərində Azərbaycana, Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik, haqsızlıq ittiham olunur. Bu poetik ittiham çağdaş poeziyamıza xas olan ümumi vətəndaşlıq səyləri və düşüncələri ilə bü gün də səsləşir.

«Azadlıq» şeirində şair Azərbaycan xalqının mübarizə əzmini və arzusunu ifadə edir. Müəllifin lirik qəhrəmanı çox yaxşı bilir kit, azadlıq mübarizəsiz əldə olunmur, azadlıq qurbansız qazanılmır. O başa düşür ki, bütün tarix boyu hər bir xalq bu yolda qurban verərək öz istiqlaliyyətinə qovuşmuşdurdır. Elə buna görədir ki, şeirin əvvəlində

Azadlıq, durmuşam boy sırasında,

Görüm, mənə haçan növbə gələcək (3, 17).

- deyən şair sonda qətiyyətlə

Heç kəs azadlığı mənə verməsin,

Mən onu tarixdən özüm alacam!

- deyə bəyan edir.

Cənubi Azərbaycandakı Milli Demokratik hökumətin insanlara bəxş etdiyi bir illik azadlıq şairə görə əvəzolunmaz qiymətli bir sərvətdir («Qayıtmışam səngərimə»). Təsadüfi deyil ki, o, mübarizəsiz, vətəndən kənarda keçən ömrünü dustaq, məhbus həyatına bənzədir. Bu səbəbdən də onun lirik qəhrəmanı həyatını inqilabi tufansız, döyüşsüz, təsəvvür etmir, hər an döyüş səngərinə can atır.

Müstəqil yaşamağa tam mənəvi və huquqi haqqı olan şairin lirik məni qan dəryasına çevrilən Azərbaycan torpağında xalqın «azadlığa görə qan bahasına hər dəfə beş yüz min ər» qurban verməsi bir millət övladı kimi ağrıtsa da, bir vətəndaş, mübarizə yollarında bərkiyən, mətinləşən, həm də sərtləşən bir ərən kimi onu qürurlandırır. «O, öz qardaşıyla birləşə bilər» - deyə Azərbaycan xalqının milli-azadlıq hərəkatını zaman-zaman qan içində boğan həm İran, həm də Rus imperiyalarının məkrli qəddar siyasətlərinə baxmayaraq, bu lirik qəhrəman və onun mənsub olduğu xalq öz müstəqilliyi uğrunda mübarizəni daima davam etdirmiş və etdirməkdədir.

Vətənin əzəmətini, Azərbaycan xalqının böyüklüyünü, mübarizliyini özünəməxsus qeyri-adi poetik boyalarla verən Söhrab Tahir «bu gün yumruğu ilə azadlıq yoğuran», «iki milyon səhifəlik bir kitaba», «yurdumuz boyda inqilaba çevrilən» millət övladlarını məramını uca tutmağa, yumruğunu yüksəklərə qaldıraraq tarixdən öz haqqını almağa çağırır («Məmləkətim», «Xalqım», «Səni çağırıram» və s.). Azadlıq geciksə belə, azadlıqdan uca xalqı mübarizəni daha da gücləndirməyə, azadlığını bu yolda qurban gedən şəhid məzarlarına bayraq edərək əbədiyyətə çevirməyə çağırır:

Ey gecikən azadlıqdan üca xalqım!

Azadlığı uca qaldır!

Çevir onu od püskürən sıralara!

Məlhəm elə neçə min il

Qan hayqıran yaralara!

Bayraq elə dünən min-min

Basdırılan şəhidlərin məzarına!

Çevril sən də əbədiyyət baharına!

«Xalqım» (6,14)

S.Tahirin mübariz poeziyasının ən sanballı nümunələri içində ayrı-ayrı illərdə yazılmış «Üç kəlmə» (1977), «Yandım-yandım» (1977), «Taleyinə qurban olum» (1984) şeirləri xüsusilə seçilir. «Üç kəlmə» şeirində 21 Azər hərəkatı məğlub olduqdan sonra 1947-ci ildən bəri azadlıq istəyi ilə yaşayan, bu yolda saysız-hesabsız qurban verən , azadlığı uğrunda çarpışan, lakin bu çarpışmada düçar olduğu tarixi bəlalara mərdliklə dözən böyük bir xalqın xarici qəsbkarların, Qərbin, xüsusilə ABŞ-ın iyrənc siyasətinin qurbanına çevrilməsində İrandakı satqın, riyakar «siyasətbazların» əməllərini şair nifrətlə ifşa edir. Bu əsərində şair xarici havadarlarına arxalanaraq vətənin maddi və mənəvi sərvətlərinin talanmasına şərait yaradan, onların köməyilə xalqın azadlıq cəhdlərini qan içində boğan, azadlıq mücahidlərinə divan tutan, xalqın, xüsusilə Güney azərbaycanlılarının məhrumiyyət və səfalətdə yaşamasına səbəb olan İran hökumətinin iç üzünü açır:

Vətən böyük ğir sərvətdir,

Zəri xanın, təri xalqın.

Vətən böyük bir cənnətdir,

Gülü xanın, külü xalqın.

Vətən böyük bir nemətdir,

Yağı xanın, dağı xalqın.

«Üç kəlmə» (5, 34-35)

«Yandım-yandım» şeirində hər bir kəlmə, hər bir misra şairin lirik qəhrəmanının simasında Cənubi Azərbaycanda Milli Demokratik hökumətin süqutundan sonra Şimali Azərbaycana pənah gətirmiş, sonralar Sovetlərdə «demokratlar» kimi məşhurlaşmış minlərin yaşantılarının, mənəvi-psixoloji sarsıntılarının, mübariz, coşqun, həm də nisgilli iç dünyasının əksidir. Tarix boyu yadelli düşmənlərin arası kəsilməyən qəsbkarlığı nəticəsində torpağından qanlı vuruşlar əskik olmayan, «azadlığı, mal-dövləti xırman olub sovrulan», «qəlpə-qəlpə dağılan», şəhid övladlarının narahat ruhlarından torpağı tərpənən Vətən şairin lirik məninin sızıltılı yeri, «qan hayqıran yaralarıdır». Dünyanınmı, tarixinmi, ya da bu dünyanı istədikləri kimi hərlədən nəhəng dövlətlərinmi ədalətsiz siyasətlərinin ağrılarını çəkməyə sanki məhkum olmuş Vətənə baxarkən «heç bir şeyi öz yerində görməyib» yurdu tənımayan, tanıyanda yaraları qan hayqıran, «tüstülənib bulud kimi qar gətirən», «Vətən» deyəndə yüz yerindən fəğan qoparaq yanan şair dünyanın «bərkə-boşa çəkdiyi», sinəsində «Azərbaycan» boyda ürəyin haçalandığı bir məmləkəti bu quruluşa asi olmağa və ədalətsiz bir aləmə və son qoymağa çağırır:

Dünya səni yaman çəkib bu dünyada bərkə-boşa,

Dağ sinəndə dağ ürəyin haçalanıb qoşa-qoşa.

Hey dımaşıb sürüşürsən ömründəki bir yoxuşa,

Sil gözünü, az qalıbdır o «bivəfa» qurtuluşa.

Döz bir qədər, mən dözmədim bu dağlara, yandım-yandım.

Düşdüm səndən, el-obadan uzaqlara, yandım-yandım!

«Yandım-yandım» (5, 21-22)

S.Tahirin poeziyasında bir çox hallarda nisgil, ələm, kədər özünü daha qabarıq götərir. Bu, təbiidir – vətən, torpaq, yurd həsrətindən doğan nisgildir, zaman-zaman haqqı tapdalanan xalqın ələmli nidasıdır, lakin bədbinlik, acizlik nidası deyil. S.Tahirin ələmində də qəsbkarlara sonsuz nifrət, barışmamazlıq, eyni zamanda xalqı bütövlüyə, birliyə, düşmənə qarşı barışmamazlığa çağırış hayqırtısı var.


1   ...   20   21   22   23   24   25   26   27   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə