AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə20/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

ЛИТЕРАТУРА

  1. Алиев И.Г. Участникам международной конференции на тему «Роль средств массовой информации в развитии толерантности и взаимопонимания» // Газета «Бакинский рабочий», 2007 г., 27 апреля, № 75 (25564).

  2. Богомолов А.И. Религии мира. Новейший словарь / А.И.Богомолов. – Ростов на Дону: 2005, 672 с.

  3. Обращение главы Совета муфтиев России Равиля Гайнутдина к единоверцам по случаю Курбан-байрама 19 декабря 2007 // http: //www.interfax-religion.ru

  4. Религиоведение. Энциклопедический словарь. М.: Академический Проект, 2006, 1256 с.

  5. «Эхо». 16 сентября 2005 г.

  6. http: //www. azerbaijan az


Əliyev Şirinbəy
GƏNCƏ ŞƏDDADİLƏR ƏMİRLİYİNİN XARİCİ SİYASƏTİNDƏ

GÜRCÜ FEODAL DÖVLƏTLƏRİ (X-XI ƏSRLƏR)
Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiyası tarixində Azərbaycan – Gürcüstan münasibətləri əhəmiyyətli yer tutur. Azərbaycan tarixi­nin ən qədim qatlarından başlanan və böyük inkişaf yolu keçən Azərbaycan – Gürcüstan münasibtlərində X-XI əsrlər xüsusi mərhələni təşkil edir. Azərbaycan tarixşünaslığında intibah dövrü adlandırılan IX əsrin II yarısı – XI əsr dövlət­çiliyin, ölkənin hərbi-siyasi qüdrətinin, ticarət və sənətkarlığın, mədəniy­yətin tərəqqisi, çiçəkləndiyi dövr kimi səciyyələndirilir. IX əsrin II yarısından etibarən Azərbaycanda yaranmaqda olan feodal dövlətləri Xilafət hakimiy­yətindən imtina edir və müstəqil olmağa çalışırdılar. Feodal pərakəndəliyi şərai­tində yaranmaqda olan belə feodal dövlətləri sayca çox idilər. Xilafətin süqutu ilə Azərbaycanda başlanan siyasi dirçəliş nəticəsində cənubda Sacilər, Salarilər, Rəvvadilər kimi sülalələrin idarə etdikləri eyni adlı dövlətlər bir-birini əvəzləmiş, şimalda isə Şirvanşahlar dövləti, Şəki çarlığı, Gəncə Şəddadi əmirliyi yaranmışdı.

Azərbaycanda feodal pərakəndəliyinin hökm sürdüyü zaman qonşu Gürcüstanda da bir neçə müstəqil dövət qurumları yaranmışdir. Lakin Azərbaycandan fəqli olaraq, Gürcüstanda dövlətin mərkəşləşdirilməsi prosesi X əsrin ikinci yarısından başlamış və XII əsrin əvvələrində başa çatdırılmışdı. Beləliklə də vahid Gürcüstan dövləti regionun qüdrətli dövlətlərindən birinə çevril­məklə, o dövrün regional dövlətlərarası münasibətlərində mühüm rol oyna­mağa başlamışdır. Məhz bu səbəbdən IX əsrin ikinci yarısı – XI əsrdə Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiyası tarixini araşdırarkən onun digər dövlətlərlə münasibətləri ilə yanaşı, Gürcüstanla münasibətlərinin təd­qiq olunması mühüm əhəmiyyət kəsb edir.

Təssüflə qeyd olunmalıdır ki, Azərbaycan tarixşünaslığında X-XI əsrlərdə Azərbaycan - Gürcüstan münasibətləri, o cümlədən Gəncə Şəddadilər əmirliyinin müvafiq dövrdə Gürcüstanda yaranmış feodal dövlətlərlə münasibətləri yetərincə tədqiq olunmamışdır. Qeyd olunan problem ilə bağlı elmi ədəbiyyatda bu və ya digər dərəcədə materiallara təsadüf olunması onların sistemləşdirilməsini və ümumiləşdirilməsini tələb edir. X əsrin ikinci yarısı - XI əsrdə Şəddadilər dövlətinin xarici siyasətində gürcü feodal dövlətləri məsələsinə dair materialların nisbətən az və pərakəndə olması səbəbindən xüsusi elmi məqalənin hazırlan­masına zərurət yaranmışdır. Təqdim olunan məqalə bu sahədə yaranmış boşluğu qismən doldurmağa xidmət edə bilər.

Şəddadilərin gürcü feodal dövlətləri ilə qarşılıqlı münasibətlərinə dair başlıca mənbələr sırasında Əhməd ibn Lütfüllahın (Münəccimbaşı) «Cəmi əd-Düval» əsəri və orta əsr gürcü mənbəsi «Matiane Kartlisa» göstərilə bilər. Bundan əlavə, Vardan, İbn əl-Əsir, Qətran Təbrizi və b. əsərlərində şəddadi-gürcü münasibətlərinə toxunulmuşdu. Bu dövrün görkəmli tədqiqatçı alimi M. X. Şərifli «IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri» (Bakı, 1978) əsərinin Şəddadilər dövlətinə aid IV fəslində Şəddadilərin gürcü feodal dövlətləri ilə münasibətlərinə xüsusi yer ayırmışdır.

X əsrin II yarısında Azərbaycan Salarilər dövlətinin (942-981) zəifləməsindən istifadə edən Şəddadi əmirləri 971-ci ildə Gəncəni tutaraq Arranda hakimmiyəti ələ keçirdilər. Şəddadi əmiri Ləşkəriyə gücü yetməyən Salari hökmdarları Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldular (1, s. 195). Beləliklə, Kür və Araz çayları arasındakı torpaqlarda möhkəmlənən Şəddadi əmirləri Azərbaycanda yeni bir dövlət yaratmağa müvəffəq oldular. Qısa zamanda Ərməniyənin də xeyli hissəsini ələ keçirən Şəddadilər həmsərhəd olduqları dövlətlərlə-cənubda Rəvvadilər, şimalda Şəki, şimal-qərbdə Abxaz-Kartli çarlığı, şərqdə isə Şirvanşahlarla zaman-zaman müharibələr aparırdılar. Aparılan mühari­bələrdə başlıca məqsəd nəzarət etdikləri ərazilərin genişləndirilməsinə xidmət etsə də, Şəddadi- Gürcüstan münasibətlərində izlənilən gərginlik digər amillərlə də bağlı idi (2, s. 7-8):


  1. islam-türk birliyinin dərin kök saldığı Arranda hakimiyyəti ələ keçirmiş Şəddadilər sülaləsi nümayəndələrinin «kafirlərə qarşı müqəddəs müharibə» adı altında dini-ideoloji mübarizədə fəallıq göstərməsi və qonşu xristian ölkələrə münasibətdə barışmaz düşmənçilik siyasəti yürütməsi;

  2. gürcü feodallarının Şəddadilərin yaxın müttəfiqi olan Tiflis müsəlman əmirliyini ləğv etmək cəhdlərinə qarşı mübarizə;

  3. vaxtaşırı gürcü feodallarının öz ərazilərini Arran torpaqları hesabına şərqə dorğu genişləndirmək cəhdlərinə qarşı mübarizə;

  4. bütün bunların fonunda regional rəqabət və s.

X əsrin ikinci yarısında Gəncə Şəddadilər dövlətinin gürcü feodal dövlətləri ilə hər hansı bir münasibətlərinə dair mənbələrdə məlumatlara rast gəlinmir. Əksinə, XI əsrin əvvəllərindən başlayaraq Gəncə Şəddadilər dövlətinin süqutu­nadək Şəddadilərin gürcü feodal dövlətləri ilə vaxtaşırı toqquşmaları və bundan irəli gələn düşmənçilik münasibətləri orta əsr mənbələrinin diqqətindən kənarda qalmamışdır. X əsrin ikinci yarısında Gəncə Şəddadilər dövlətinin gürcü feodal dövlətləri ilə münasibətlərinin olmaması müxtəlif səbəblərlə izah oluna bilər. Məlumdur ki, bu dövrdə Şəddadi əmirləri Gəncədə müstəqil dövlət qurmaq uğrunda Salarilərə qarşı böyük səylə mübarizə aparmış, Arrana tam sahib olaraq hakimiyyətlərini möhkəmlətmiş, bölgədən deyləmləri qovaraq sabitlik yaratmış, ordu quruguluğu və s. kimi dövləti işlərlə məşğul olmuşdular.

Bütün bunlarla yanaşı, Şəddadi sülaləsi daxilində hakimiyyət uğrunda aparılan gizlin mübarizə də xüsusi qeyd olunmalıdır. Məsələ burasındadır ki, Gəncə Şəddadilər dövlətinin yaranmasında müstəsna rol oynamış Fəzlun hakimiyyət başına böyük qardaşı Ləşkərini (971-978) gətirmişdi. Ondan sonra hakimiyyətə Fəzlun keçməli olduğu halda, ordunun köməyi ilə taxt-taca qardaşı Mərzuban (978-985) sahib olmuşdu. Ləşkəridən fərqli olaraq, Mərzubanın hakimiyyəti dövründə dövlət xeyli zəifləmiş, hakim sülalə üzvləri arasında çəkişmələr başlanmış, Şirvanşahlar Bərdəni ələ keçirmişdi və s. Dövlətin əsl banisi kimi Fəzlun hakimiyyətə Mərzubanı sui-qəsd nəticəsində öldürdükdən sonra keçir. I Fəzlun (985-1031) hakimiyyətini möhkəmləndirərək Şəddadilərin əvvəlki nüfuzunu bərpa edir. Onun dövründə Gəncə Şəddadilər dövləti regionun qüdrətli dövlətlərdən biri olub, regional dövlətlərarası münasibətlərin fəal iştirakçısına çevrilir (1, s. 196-197).

Orta əsr müsəlman və gürcü mənbələrindən məlum olur ki, Abxaz-Kartli çarı III Baqratın (975-1014) XI əsrin əvvəllərində fəallaşaraq Kaxeti xorepiskopluğu və Şəki çarlığına münasibətdə yeritdiyi işğalçılıq siyasəti və əldə etdiyi uğurlar Gəncə Şəddadilər dövlətini ciddi narahat edirdi. Qonşu ərazilərə iddialı olan Gəncə Şəddadi əmiri I Fəzlun açıq şəkildə III Baqrata qarşı çıxış edərək Kaxeti və Şəki torpaqlarına qarətçi yürüşlər təşkil edirdi. XI əsr anonim gürcü səlnaməçinin qələmə aldığı mənbəyə görə, bu dövrdə (1012-1014-cü illər) Gəncə əmiri Fadlon (Fəzlun) baş qaldırdı və aramsız olaraq Kaxeti və Hereti (Şəki) eristavlarını sıxışdırmağa başladı. O, vaxtaşırı müxtəlif yerlərə basqınlar edərək oraları qarət edib viran qoydu və çoxlu əsir apardı. Baqrat Fəzluna qarşı qoşunlarını hazırladı və kömək məqsədilə erməni çarı Şahənşah Qağikə (950-1020) müraciət etdi. Onlar Dzorakertdə birləşib qürurlanmış Fəzlunun üzərinə yeridilər (3, s. 40; 4, s. 59).

Gürcü çarını vəsf edən gürcü mənbəsinə görə, Fəzlun xristianlara nifrət edirdi və hər vasitə ilə onları məhv etməyə çalışırdı. Lakin bu məğlubedilməz qüvvəni gördükdə o qorxaraq möhkəm yerə çəkildi. III Baqrat Şankori (Şəmkir) şəhərini mühasirə etdikdə Fəzlun öz nümayəndəsini göndərib üzr və sülh istədi. Bu zaman Baqrat əvvəlcə bütün didebullara şəhəri ələ keçirməyi əmr etdi. Onlar baxdılar, yoxladılar və heç kəsin bunu edə bilməyəcəyini dedilər. Sonra çar əmr etdi ki, Fəzlun ilə sülh sazişi imzalasınlar. Onların hamısı bunu ən ağıllı tədbir hesab edib, sülh etməyi məsləhət gördülər. Çar nümayəndə göndərib sülh bağlamağa razı olduğunu Fəzluna xəbər verdi… (3, s. 40; 4, s. 59).

Gürcü mənbəsinə görə, «… böyük və müzəffər çar Baqrat bütün didebullara saysız hədiyyə verib, müzəffər halda geri qayıtdı». Gürcü mənbəsi III Baqratın bu yürüşünü mümkün qədər şişirtməyə çalışsa da, mənbə materialını ciddi təhlil etdikdə, gürcülərin hər hansı mühüm uğur əldə etdiklərinin şahidi olmuruq. Gürcü mənbəsi «o, belə hesab edirdi ki, sabah şəhəri alacaq və dağıdacaq…», «onlar baxdılar, yoxladılar və heç kəsin bunu edə bilməyəcəyini dedilər », «…çar əmr etdi ki, Fəzlun ilə sülh sazişi bağlasınlar», «onların hamısı bunu ən ağıllı tədbir hesab edib, sülh etməyi məsləhət gördülər» ifadələrini mətndə işlətməklə çarın Şəddadilərlə müharibədə qalib gələ bilmədiyini etiraf etmiş olur.

Qeyd etmək lazımdır ki, M. X. Şərifli öz əsərində gürcü mənbəsindən götürülmüş bu məlumatı təhlil edərkən, onu Münəccimbaşının digər məlumatı ilə müqayisə edir və nəticədə, ayrı-ayrı dövrlərdə baş vermiş iki müxtəlif hadisəni eyniləşdirməklə səhvə yol verir (1, s. 198). Əslində Münəccimbaşı hicri 417 (1026/27) -ci ildə baş vermiş hadisə, Abxaz çarının (I Georgi və ya IV Baqratın) Arrana növbəti yürüşü barədə məlumat verir. Arrana soxularaq Şəmkir qalasını bir neçə gün mühasirə edən Abxaz çarına qarşı Şəddadi əmiri I Fəzlun böyük ordu ilə döyüşə girdi və onu ağır məğlubiyyətə uğratdı (5, s. 216). Orta əsr gürcü mənbələri Abxaz çarının bu yürüşü barədə heç bir məlumat vermir. Daima çarların qələbələrini vəsf edən gürcü mənbələrinin bu barədə susması təbii qarşılanmalıdır. Eyni qayda da Şəddadilərin tarixindən bəhs edən müsəlman mənbələri Gəncə əmirlərinin bu və ya digər məğlubiyyəti haqqında susmağa üstünlük verir.

Bununla belə, bu dövrdə gürcü çarlığının son dərəcə çətin vəziyyətdə olduğu mənbələrdən məlum olur. I Georgi (1014-1027) ölkəsinə təcavüz etmiş Bizansa qarşı uğursuz müharibələr aparmış və 1023-cü ildə əlverişsiz sülh bağlamağa məcbur olmuşdu (6, s. 113). Onun vəfatından sonra isə 9 yaşlı IV Baqrat (1027-1072) çarlıq tacını qəbul etmişdi. Belə uğursuzluqların ardından boşalmış xəzinəni doldurmaq məqsədilə gürcü çarı I Georginin Şəmkir istiqamətində qarətçi yürüş təşkil etməsi və əvvəlki müharibədən kifayət qədər zəifləmiş gürcü ordusunun Fəzlun tərəfindən məğlubiyyətə uğradılması mümkün idi. Hakimiyyətə yenicə gətirilmiş və eristavların himayəsində olan IV Baqratın da eyni aqibətlə üzləşməsi ehtimalı böyükdür.

Gürcü mənbəsi 1032-ci ildə Şəki çarı Böyük Kvirikenin (1014-1037) Şəddadilər dövlətinə qarşı təşkil etdiyi hərbi yürüşündə Kartli eristavlarından Liparit və İvane Abazas-dzenin, habelə Tiflis əmiri Cəfər ibn Əlinin iştirak etməsi barədə məlumat verir. Müttəfiqlər Kvirikenin məsləhəti ilə Eklesidə toplaşaraq Şəddadi ordusuna qarşı döyüşə girdilər. Şəddadi əmirini qaçmağa vadar edən müttəfiqlər böyük qənimət ələ keçirmişdilər (3, s. 47-48; 4, s. 66). M. X. Şərifli bu hadisəni şərh edərkən xronoloji ardıcıllığı pozaraq onu Şəmkir hadisələri, başqa sözlə III Baqratın Şəmkir yürüşü ilə əlaqələndirməyə çalışmışdır (1, s. 197). Gürcü mənbəsində Şəddadi əmiri kimi Fadlon qeyd olunsa da, bu dövrdə Gəncə əmiri Əbülfəth Musa ibn Fəzl (1031 - 1034) olmuşdur (1, s. 233).

Mənbədə yürüşün səbəbi kimi Gəncə əmirinin başçılara qarşı pis və ehtiyatsız hərəkət etməsi göstərilsə də, əlavə mənbə materialı olmadan hadisəyə tam aydınlıq gətirmək mümkün deyil. Yürüşdə məqsəd Gəncə əmirini cəzalandırmaq olmuşdusa, o zaman nə üçün qazanılan qələbənin ardından yürüş davam etdirilməmiş və Şəddadilərə məxsus ərazilər (ən azından gürcülərin daima hədəfində olan Şəmkir) ələ keçirilməmişdir? Ehtimal etmək olar ki, Gəncə əmirinin vaxtaşırı sırf qarətçilik məqsədilə Gürcüstana etdiyi yürüşlərə cavab olaraq, eyni formada birləşmiş qüvvələr Arrana soxulmuş və onların qarşısını kəsməyə çalışan Şəddadi ordusunu məğlub etmişdilər.

Şəddadilər dövlətində 1034-cü ildə hakimiyyəti növbəti sui-qəsd nəticəsində atasını qətlə yetirmiş Əbülhəsən Əli Ləşkəri ələ keçirmişdi (1, s. 202). M. X. Şərifli Qətran Təbriziyə istinad edərək onun 15 illik hakimiyyəti dövründə Şəddadilərin bir-neçə dəfə gürcü hakimləri ilə müharibə apardıqlarını qeyd edir. Baş vermiş müharibələr haqqında bilavasitə məlumat verən mənbələr olmasa da, Qətran Təbrizi öz qəsidələrində II Ləşkərinin qələbələri barədə məlumat verir (1, s. 205-207).

Yuxarıda Tiflis əmiri Cəfər ibn Əlinin digər gürcü feodalları ilə birlikdə Şəddadilərlə düşmənçilik etməsi barədə məlumat vermişdik. Qətran Təbrizi isə II Ləşkərinin hakimiyyətə keçməsindən sonra Şəddadilər dövləti ilə Tiflis müsəlman əmirliyi arasında dostluq və ittifaqın yaranması barədə qəsidə yazmışdır: «İndi şir ilə pələnq yerdə müttəfiq oldu, indi Günəş və Ay bir də ittifaq etdi». Qətran Təbrizinin başqa bir qəsidəsində Cəfər ibn Əlinin vəfatından sonra II Ləşkərinin onun qızı ilə evləndiyi məlum olur (1, s. 203).

Bir qədər əvvəl düşmənçilik edən dövlətlər arasında sülalələrarası nigah ilə möhkəmləndirilmiş dostluq və ittifaqın yaranması regionda qüvvələr tarazlığının dəyişilməsi ilə bağlı idi. Gürcüstanda hegemonluq və ölkənin birləşdirilməsi uğrunda mübarizədə birinciliyi əldə etmiş Abxaz-Kartli çarlarının Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdləri qarşısında Tiflis əmirləri və əhalisi daima Azərbaycandan kömək diləyirdilər. Tiflis əmirliyinin Şəddadilər dövləti ilə ittifaq yaratması gürcü feodallarının işğalçı planlarına qarşı yönəlmişdi (2, s. 9-10).

1037-ci ildə Abxaz-Kartli çarı IV Baqrat (1027-1072) Tiflisi mühasirə edən zaman, iki il sürən şiddətli mühasirəyə və aclığa tab gətirə bilməyən Tiflis sakinləri şəhəri təslim etmək qərarına gəlmişdilər. Belə olan təqdirdə Tiflis əmiri Cəfər ibn Əli gecə ikən müttəfiqi olduğu Gəncə əmiri II Ləşkərinin yanına getmək ücün sal və qayıqlar düzəltdirdi və döyüşçülərini hazır vəziyyətə gətirdi. Lakin Abxaz çarının əyanlarından bəziləri çara əmiri qovmamağı məsləhət gördülər. Çar Tiflis əmiri ilə sülh bağladı(3, s.48; 4, s. 66-67).

Abxaz-Karli çarı IV Baqratın Tiflisi tutmaqdan vaz keçməsi müxtəlif mənbələrdə fərqli səbəblərlə izah olunur. Gürcü mənbələrinə görə, çar ölkədə böyük nüfuza malik Kldekar eristavı Liparitdən ehtiyat etdiyindən, o cümlədən Şəki çarı Qağikin (1037-1058) öz ordusu ilə sol sahil Tiflis tərəfdən şəhərə yaxınlaşaraq hadisələrə müdaxilə etməsi səbəbindən Tiflisi ələ keçirmək planını müvəqqəti təxirə salmalı olmuşdur (7, s. 146). İbn əl-Əsirə görə isə, abxazlar oğuzların Azərbaycana gəlməsindən bərk qorxdular və Tiflisdən geri çəkildilər (8, s. 139-140). M.X. Şərifli Qətran Təbriziyə istinad edərək qeyd edir ki, Abxaz çarı Baqrat Tiflis əmiri Cəfər ibn Əlinin Gəncə əmiri II Ləşkəri ilə dostluq və ittifaq yaratmasından qorxaraq sülh bağlamağa məcbur olmuşdu (1, s. 206). Qətran Təbrizi hətta II Ləşkərinin gürcü çarı Baqratla müharibə edərək onu məğlub etməsi haqqında məlumat verir.

Lakin digər mənbələrlə müqayisəli təhlil əsasında müəyyən olunmuşdur ki, Qətran Təbrizinin məlumatı reallığı əks etdirməyib, Şəddadi əmiri II Ləşkərinin bu hadisələrdə rolunun şişirdilməsinə xidmət edir. Ümumiyyətlə, Qətran Təbrizi Gəncə əmiri II Ləşkərinin gürcü çarı ilə iki dəfə müharibə etdiyini və hər ikisində qalib gəldiyini qeyd edir. Fikrimizcə, burada söhbət döyüş meydanında əldə olunmuş qələbələrdən deyil, siyasi cəbhədə öz iradəsini qəbul etdirməkdən gedir. Tiflis əmirliyi ətrafında yaranmış vəziyyət bunu bir daha təsdiq edir (2, s. 10). IV Baqratın Gəncə əmiri Ləşkəridən ehtiyat edib Tiflisin mühasirəsindən əl çəkməsi bir o qədər inandırıcı görünmür. Çünki Şəddadilər dövləti tərəfindən hər hansı ciddi təhlükə ehtimalı olardısa Tiflisin mühasirəsi iki il uzanmazdı. Digər tərəfdən, Tiflis əmiri Cəfər ibn Əli 1046-cı ildə vəfat edərkən əhali şəhəri IV Baqrata təhvil vermək istəyəndə də Gəncə əmiri Ləşkəri hadisələrə müdaxilə etməmişdi.

Şəddadi əmiri II Ləşkəri 1049-cu ildə vəfat etdi və yerinə oğlu Ənuşirvan keçdi. Ənuşirvan yalnız iki ay hakimiyyətdə qala bilmişdi. O, kiçik olduğundan dövlət işlərini idarə edən hacib Əbu Mənsur öz əmirinə xəyanət etməyi planlaşdırmışdı. O, Şəki dövləti sərhədlərində yerləşən Tatiyan, Muckank və (Ağ) Əl-Baydau qalalarını, davudidlərə qarşı tikilmiş Karistan (M.X. Şərifliyə görə Gərmistan), abxazlara qarşı tikilmiş Kardmelan (M.X. Şərifliyə görə Kirdman) və Bizansa qarşı tikilmiş əl-Rustaq qalalarını müvafiq dövlətlərə təslim etmək qərarına gəlmişdir. Lakin Əbu Mənsurun bu qərarını hərbi rəislər qəbul etmədilər. Ölkədə yaranan qarışıqlıqdan istifadə edən Ənuşirvanın əmisi, Fəzlin oğlu Əbüləsvar Şavur dövlət çevrilişi nətiçəsində hakimiyyətə keçdi (1, s.208;5, s.217).

Onun hakimiyyəti dövründə (1050-1067) Şəddadilər dövləti xeyli qüvvətlənmişdi. Əbüləsvar Şavur Gürcüstanla müharibələri davam etdirirdi. Münəccimbaşının verdiyi məlumata görə, Şəddadi əmiri Əbüləsvar Şavur 1053-cü ildə gürcülərə məxsus Bəsrə qalasına hücum edib qalanı silah gücünə ələ keçirmişdir. O, qalanı canlı qüvvə, silah və ərzaqla möhkəmləndirmişdi (5, s.218). Bəzi müasir tədqiqatçılar Bəsrə qalasının Şəki çarlığı ərazisində, müasir Ərəb-Bəsrə kəndində lokalizə edirlər (9, s. 46). Hərçənd, Münəccimbaşı öz əsərində Şəki ölkəsi əhalisi haqqında bəhs edərkən onları gürcü deyil, «kafir şəkililər» adlandırır (5, s.219). Bu baxımdan Bəsrə qalasının Gürcüstanda yerləşməsi şübhə doğurmamalıdır.

Mənbələrdə Əbüləsvar Şavurun adına 1062-ci ildə Tiflis əmirliyində baş verən hadisələrlə bağlı da rast gəlinir. Şəddadilərin müttəfiqi olan və iki yüz ildən çox Tiflis müsəlman əmirliyində hakimiyyətdə olmuş Cəfərilər sülaləsinin sonuncu əmiri Cəfər ibn Əli 1046-cı ildə vəfat etmiş və şəhər sahibsiz qalmışdı. Onun hakimiyyət uğrunda mübarizə aparan iki oğlu – Mənsur və Əbülheycanın heç biri Tiflis taxt-tacına yiyələnə bilməmişdi. Şəhər sakinləri onları Tiflisdən kənarlaşdırıb, əvvəlcə şəhəri gürcü çarı IV Baqrata təhvil vermək istəmişdilər. Lakin sol sahil Tiflisdə İsani qalası müdafiəçiləri Şəki çarı Qağikin köməyi sayəsində müqaviməti təşkil edə bilmişdilər (3, s. 49-50; 4, s. 68). IV Baqratın şəhəri tərk etməsindən sonra şəhər sakinləri öz aralarından bir nəfəri hakim təyin edirdilər. Münəccimbaşının verdiyi məlumata görə, 1062-ci ildə Tiflis əyanlarından bir qrupu Gəncəyə gələrək, Şəddadi əmiri Əbüləsvar Şavurdan öz adamlarını göndərərək Tiflisi tutmasını və oraya canlı qüvvə, silah, ərzaq göndərməsini xahiş etmişdilər. Əbüləsvar Şavur bu təklifi qəbul etmək istəsə də, vəziri Bəxtiyar ibn Salmanın məsləhəti ilə Tiflis qalasının açarlarını geri qaytarmışdı (5, s. 218). Məlumatdan göründüyü kimi, müvafiq dövrdə Şəddadi əmiri Əbüləsvar Şavur Tiflis qalasına sahib olmaq iqtidarında deyildi. Daha doğrusu, o region dövlətlərinin diqqət mərkəzində olan Tiflis qalasına sahib olmaqla regionda vəziyyəti gərginləşdirmək və xüsusilə də sözü gedən qalanı ciddi-cəhdlə ələ keçirməyə çalışan Abxaz-Karli çarı IV Baqratla növbəti qarşıdurmaya yol vermək istəməmişdi.

Mənbələrdən məlum olur ki, Abxaz-Karli çarı IV Baqrat əzəli rəqibi Gəncə Şəddadilər dövlətinə qarşı mübarizədə şərait yarandıqda digər qüvvələrdən də məharətlə istifadə etməyə çalışırdı. M.X. Şərifli erməni və müsəlman mənbələrinə istinad edərək, Şəddadi əmiri Əbüləsvar Şavurun Taşir çarı Davidlə müharibəsi zamanı sonuncuya kömək məqsədilə Abxaz çarının 4 min qoşun göndərdiyini qeyd edir. Həlledici döyüşdə məğlub olan Əbüləsvar Şavur bir il əvvəl ələ keçirdiyi Taşiri tərk etməli olmuşdu (1, s. 214). Münəccimbaşıya görə, 1062 və1065-ci illərdə «Allan keçidindən» aşıb Arran ərazisinə soxulan alan tayfaları da Abxaz çarı IV Baqratla ittifaqda idilər (5, s. 219-220).

1067-ci ildə Əbüləsvar Şavur vəfat etdi və yerinə oğlu II Fəzl ibn Şavur (1067-1073) əmir taxt-tacina keçdi (1, s. 219). II Fəzlin hakimiyyətinin ilk ayında Şəddadilər dövlətinə səlcuq sultanı Alp Arslan (1063-1072) yürüş etmişdi. Münəccimbaşıya görə, sultan Alp Arslanın 1067-ci ilin payızında Arrana səfəri zamanı Şəddadi əmiri II Fəzl ona itaət göstərməyə məcbur oldu. O, öz ordusu ilə sultanın 1067-ci ilin noyabrından başladığı və əvvəlcə Şəki dövlətinə, sonra isə Abxaz-Kartli çarlığına qarşı yürüşündə iştirak edirdi (5, s. 220). Gürcü mənbələri altı həftə davam edən yürüş nəticəsində dəhşətli dağıntılar, qətl və qarətlərdən geniş bəhs edir (3, s. 55-56; 4, s. 73). Gürcü çarı IV Baqrat müqavimət göstərmədən Qərbi Gürcüstana çəkilmişdi.

İlkin mənbələrdən məlum olur ki, sultan Alp Arslan yürüşdən qayıdarkən Tiflis və Rustavi qalalarını ələ keçirir və ətraf ərazilərlə birlikdə Gəncə Şəddadi əmiri II Fəzlə verir. Bundan qürrələnən II Fəzl 1068-ci ilin avqustunda 33 minlik qoşunla Tiflisə gələrək, həmsərhəd Kartli vilayətlərini qarət etməyə başlayır. Gürcü mənbəsinə görə, II Fəzl Tiflis ətrafından sənətkarları aparmağa başlamışdı. Yayın gəlişi ilə Abxaz-Kartli çarı IV Baqrat Kartliyə qayıdaraq yay iqamətgahı olan Didqoridə yerləşmişdi. Buna heç bir əhəmiyyət verməyən II Fəzl öz ordusu ilə Tiflis yaxınlığında İsani düzündə düşərgə salmış və axşamlar Muxnari vilayətini qarət edirdi. Sağ sahil Tiflis tərəfdə qalan IV Baqrat say-seçmə silahlı dəstələrini II Fəzlə qarşı göndərdi. Gürcü qoşunu Muxnari qarşısında Silkan dağı yaxınlığında (Msxetdən şimalda) Şəddadi ordusunu haqlaya bildi. Aldığı ilk zərbələrdən qaçmağa başlayan Şəddadi ordusunu Msxetdən şimalda Araqvi çayı sahilində yerləşən Xerki dağlarınadək təqib etdilər. Dar Qarti keçidində müsəlmanlar xeyli itki verdilər. II Fəzl on beş süvari ilə Silkan yolunu tutub özünü Kaxetidəki Erso vilayətinə çatdıra bildi. O, özünü Şəddadi əmirinin elçisi kimi təqdim etmək istədisə də, II Fəzli tanıyanlar onu Erso vilayətindəki Jaleti qalasının sahibi, mesxi aznauru İsak Toloşelisdzenin yanına apardılar. II Fəzli həbs edən aznaur onu cəld Telaviyə Şəki çarı Axsartanın (1058-1084) yanına apardı (3, s. 56-57; 4, s. 74-75).

Abxaz-Kartli çarı IV Baqratın təqiblərindən ehtiyat edən Axsartan isə ləngimədən II Fəzli Şəddadilərin əlində olan Xornabuc və Aradeti qalalarını təslim etməyə vadar etdi. Sonra isə Abxaz-Kartli çarı IV Baqratdan Kaxetinin başlıca qalalarını – Boçorma və Ucarmanı alıb II Fəzli ona təhvil verdi. IV Baqrat nəyin bahasına olursa-olsun əzəli rəqibi olan Şəddadi əmirini əldən buraxmaq istəmirdi. Bu səbəbdən uzun illər uğrunda savaşdığı Kaxeti qalalarını Şəki çarına verməyə razılaşmışdı (3. s. 57; 4, s. 75).

II Fəzli ələ keçirən IV Baqrat onu Tiflisə gətirir və şəhər sakinlərini təslim olmağa çağırır. Lakin şəhər hakimi müqavimət göstərdiyindən IV Baqrat çox çətinliklə şəhəri tutur. Gürcü çarı hələ Tiflisə özü sahib olmaq iqtidarında olmadığından Dmanisidə olan Sitil-ərəb adlı birisini Tiflisə gətirdib onu taxta çıxardı. IV Baqrat Rustavi, Parsxisi, Aqarani, Müqəddəs Qriqol, Kavazini qalaları müdafiəçilərinə II Fəzli göstərib onları təslim olmağa vadar etdi. Tiflisdən fərqli olaraq gürcü çarı bu qalalara özü sahib oldu. IV Baqrat 44 mün dinar və girovlar aldıqdan, habelə sulatn Alp Arslan tərəfindən göndərilmiş Saranq Alxazın (İraq əmiri Savtəkin Alxas) vasitəçiliyi ilə Şəddadi əmiri II Fəzl ibn Şavuru azad etdi (3, s. 57-58; 4, s. 75). Münəccimbaşıya görə, II Fəzl 1069-cu ilin aprelində azad olunaraq Gəncəyə qayıtmışdı. II Fəzl əsirlikdə olduğu zaman hakimiyyətə onun qardaşı Aşot ibn Şavur keçmişdi və cəmi 8 ay ölkəni idarə etmişdi (5, s.221).

Əsirlikdən azad olduqdan sonra da II Fəzl Gürcüstanla müharibələr aparırdı. Gürcü mənbəsinə görə, II Fəzl verdiyi vədləri pozaraq sultan Alp Arslanın göndərdiyi qüvvələrin köməyi ilə yenidən Kavazini qalasını ələ keçirir. Daha sonra IV Baqratın Abxazetidə (Qərbi Gürcüstan) olmasından istifadə edib Aqarani qalasını mühasirə edir və qalanın sahibi Aqaranini ona təslim edir. Tezliklə geri qayıdan IV Baqrat Aqaranini mühasirə edərək ələ keçirir (3, s. 58; 4, s. 75).

IV Baqrat Şəddadilərə qarşı müharibələrində Dəryal keçidindən şimalda yaşayan ovs tayfalarından da istifadə edirdi. Müasir osetinlərin əcdadları hesab olunan ovslar vaxtaşırı Arrana yürüşlər təşkil edirdilər. Bu dəfə də IV Baqrat ovsların çarı Dorqoleli dəvət etdi və o, 40 minlik ordusu ilə Arrana qarətçi yürüş təşkil etdi. Gürcü mənbələrinə görə, çarın oğlu kuropalat Georginin də iştirak etdiyi yürüş zamanı ovs ordusu guya Gəncəni ələ keçirmişdi (3, s. 58; 4, s. 75). Lakin bu məlumat digər mənbələr tərəfindən öz təsdiqini tapmır.

1073-cü ildə növbəti çevriliş nəticəsində II Fəzl hakimiyyətdən kənarlaşdırılır və yerinə oğlu III Fəzlun (1073-1075) keçir. Şəddadilər dövlətinin sonuncu əmiri olan III Fəzlun cəmi iki il müstəqil ölkəsini idarə edə bildi (1, s.225-226). Onun qısa müddətli hakimiyyəti dövründə Şəddadi-Gürcüstan münasibətlərinə aid mənbələrdə yalnız bir məlumata təsadüf olunur. Gürcü mənbəsinə görə, IV Baqratın vəfatından sonra hakimiyyətə keçmiş oğlu II Georgiyə qarşı bəzi feodallar itaətsizlik nümayiş etdirirdilər. Gürcü çarına qarşı tez-tez üsyan edən İvane Liparit oğlu 1074-cü ildə yenidən qiyam qaldırır. O, Qaqi qalasından II Georginin qüvvələrini aldadıb çıxarır və qalanı Gəncə Şəddadi əmiri III Fəzlun ibn Fəzlə satır (3, s. 60; 4, s. 77).

Səlcuqların müdaxiləsi ilə 1075-ci ildən başlayaraq 1088-ci ilədək davam edən qızğın mübarizədən sonra Şəddadilər dövlətinin mövcüdluğuna son qoyuldu.

1   ...   16   17   18   19   20   21   22   23   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə