Azərbaycanın vergilər üzrə mdb dövlətləri arasında rolu




Yüklə 29.1 Kb.
tarix22.04.2016
ölçüsü29.1 Kb.
Azərbaycanın vergilər üzrə MDB dövlətləri arasında rolu
Azərbaycanın vergilər sahəsində beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, dünya dövlətləri və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu tədbirlər vergi qanunvericiliyinin təkmilləşdirilməsi və onun vahid hüquqi bazasının yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi ödəyicilərinə xidmətin təşkili, vergi nəzarətinin gücləndirilməsi, kadr potensialının bilik və bacarığının artırılmasına öz tövhəsini verib.

Vergilər Nazirliyinin vergi sistemində islahatların aparılmasına olan istək və marağı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlara bu cür yanaşma həm beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın yaradılması, həm də vergi sisteminin müasirləşdirilməsində özünü göstərir. Amma müasir vergi xidmətinin qurulması yolu heç də asan olmayıb. Mərhələli islahatlar prosesi hər dəfə öz məqsədləri, ona çatma vasitələri baxımından müxtəlif olub.

Lakin əvvəlcə qeyd etmək lazımdır ki, vergi xidməti uzun müddət iqtisadi idarəetmə strukturları arasında passiv və köhnə inzibati idarəetməyə əsaslanan, fəaliyyəti yalnız vergilərin toplanması ilə məhdudlaşan bir dövlət təşkilatı olaraq fəaliyyət göstərib. Bu proses 1999-cu ilə qədər davam edib. Baxmayaraq ki, dövlət başçısı, ümumilli lilder Heydər Əliyev öz fərman və sərəncamları ilə dövlət nəzarətinin qaydaya salınması, əsassız yoxlamaların qadağan edilməsi, həmçinin dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində dəfələrlə tapşırıq və göstərişlərini vermişdi, bununla belə, vergi xidməti bir struktur olaraq öz fəaliyyətini tam qura bilmir, daha çox öz fəaliyyətinin tənzimlənməsi və vergi daxilolmalarının proqnozlarının heç olmasa, çox da böyük olmayan kəsirlə yerinə yetirilməsinə yönəldilmişdi. Əlbəttə, iqtisadiyyatın yeni inkişaf mərhələsinə çıxdığı bir zamanda belə idarəetmə sistemi özünü doğrulda bilməzdi.

Artıq 1999-cu ilin sonlarında vergi xidmətində əsaslı dəyişikliklərin aparılması zərurəti çox aktual bir məsələyə çevrilmişdi. 1999-2005-ci illər Azərbaycanın vergi xidmətinin mühüm islahatlar dövrü kimi xarakterizə edilə bilər. Bütövlükdə bu dövrdə aparılan vergi islahatlarını bir neçə mərhələyə bölmək olar.

1999-2001-ci illəri əhatə edən birinci mərhələdə ümumilli lider Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq bütün diqqət təkmil qanunvericiliyin yaradılması, inzibati idarəetmənin yaxşılaşdırılması və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldilmişdi. 1999-cu ilin iyun ayından başlayaraq vergi xidmətinin kompleks islahatlarının müfəssəl strateji planı və bu islahatların həyata keçirilməsinin optimal müddətləri işlənib hazırlandı. Qısa müddətdə dünya standartlarına cavab verən yeni qanunvericilik bazası yaradıldı, onlarla mütəxəssisin cəlb edilməsi isə aparılan böyük və gərgin iş prosesindən sonra 2001-ci ildə Vergi Məcəlləsi qüvvəyə mindi. Məcəllənin qəbulu həmin dövrdə əldə edilmiş ən böyük uğurlardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin hazırlanması prosesi ümumilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə aparılmış, onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və s. barədə Heydər Əliyevin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına imkan vermişdi. Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi və bu gələcək islahatlar üçün təməl rolunu oynadı.

İslahatların birinci mərhələsində ümumilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanını - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etməsini də xüsusi vurğulamaq lazımdır. Bu dövlət başçısının vergi xidmətinin rəhbərliyinə göstərdiyi etimadın nümunəsi idi və şübhəsiz ki, Vergilər Nazirliyinin rəhbərliyinin üzərinə böyük məsuliyyət qoymuşdu.

Məhz Heydər Əliyevin siyasi dəstəyinin, birbaşa tapşırıq və tövsiyələrinin əsasında vergi xidmətində əsaslı struktur islahatlarına start verildi. 2002-2004-cü illəri əhatə edən ikinci mərhələdə vergi xidmətinin müasirləşdirilməsi prosesi diqqət mərkəzinə çıxdı. Aparılan struktur islahatları nəticəsində MDB məkanında analogiyası olmayan bir idarəetmə sistemi quruldu. Azərbaycanın vergi xidmətinin müasir strukturu sistemlilik, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi.

Vergi xidmətində yeni iş prosesləri tətbiq edildi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında kontaktsız münasibətlərin qurulması, vergi bəyannamələrinin poçtla qəbul edilməsi, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlandı. Vergi sistemində vergi ödəyicilərinə xidmət edən struktur formalaşdırıldı, vergi ödəyicilərinin vergilərə dair məlumat bazasına çıxışını təmin etmək üçün MDB-yə üzv ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda «195» nömrəli vahid telefon məlumat xidməti yaradıldı.

Vergi xidmətinin kadr heyətinin yenidən komplektləşdirilməsi aparıldı, qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam etdirildi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən optimal bir sistem yaradıldı, sadələşdirilmiş vergi sistemi tətbiq edildi. Bütün bunlar son nəticə etibarilə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, tədricən vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidə şərait yaratdı.

2005-ci il Azərbaycanın vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. Möhtərəm prezident İlham Əliyev vergi xidmətinin qarşısında çox mühüm tapşırıqlar müəyyənləşdirdi. Bu dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırmaq istiqamətində təkmilləşdirmələrin aparılması, texnoloji baxımdan təkmil, vergi orqanları ilə vergi ödəyicilərinin arasında elektron əlaqələrin inkişafına, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulmasına söykənən bir vergi xidmətinin qurulması idi.

Artıq bu istiqamətdə mühüm işlər görülməkdədir. Hazırda vergi xidmətini tam avtomatlaşdırılmış informasiya sistemlərinə keçirilməsi üzərində gərgin iş aparılır. Möhtərəm Prezident İlham Əliyevin təsdiq etdiyi «Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2005-2007-ci illər)» bu yöndə aparılacaq işlərin istiqamətlərini müəyyən etmiş, yaxın iki ildə vergi xidmətinin Avropa standartlarına uyğunlaşdırılması üçün tətbiq ediləcək yeniliklərin konturlarını müəyyən etmişdir.

Əlbəttə, bütün bunlar digər sahələrdə fəaliyyətimizi məhdudlaşdırmır. Yeni iqtisadi siyasətə uyğun olaraq qanunvericilik təkmilləşdirilir, vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib qoluna, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı rıçağa çevrilir.

Buna misal olaraq bu günlərdə dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu misal göstərmək olar. Yanvarın 1-dən qüvvəyə minəcək əlavə və dəyişikliklər vergi ödəyicilərinin vergi yükünün yüngülləşdirilməsi, vergi borclarının məcburi alınması prosesində yeniliklər, sığorta və lizinq bazarlarının inkişaf etdirilməsi, denominasiya prosesi, Əlavə Dəyər Vergisindən yayınma hallarına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır.

Dövlət başçısı İlham Əliyevin əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdırılması ilə bağlı müəyyən etdiyi strateji xəttə uyğun olaraq Məcəlləyə edilmiş mühüm dəyişikliklər sırasında fiziki şəxslər gəlir vergisinə edilmiş dəyişikliyi göstərmək olar. Bu dəyişikliyə əsasən, tətbiq edilən gəlir vergisi şkalasının sayının azaldılması, gəlir vergisinin yuxarı həddinin dəyişdirilməsi, həmçinin aylıq gəliri 220 AZN (1,1 mln. köhnə manat) az olan fiziki şəxslərə vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulub. Hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi gələn ildən iki faiz azalaraq 22 faiz təşkil edəcək.

Aksizlərdə edilmiş dəyişikliklər yerli istehsalçıların maraqlarına cavab verir. Gələn ildən aksizlər advalor sistemlə vergiyə cəlb ediləcək ki, bu da şübhəsiz ki, yerli istehsalçıların vergi yükünün azaldılmasına gətirəcək.

Bütün bunlar dövlətin öz vergi siyasətini daim təkmilləşdirməyə, ölkədə liberal vergi sisteminin yaradılması istiqamətində çalışdığına bariz sübutdur.

Ötən müddətə nəzər saldıqda son illər nə qədər böyük dəyişikliklərin olduğunu görmək mümkündür. Vergi qanunvericiliyi təkmilləşdirilmiş, vergi administrasiyası yenidən qurulmuş, vergi inzibatçılığı kökündən dəyişilmişdir. Bu gün biz daha ali məqsədlərə doğru irəliləyirik. Beynəlxalq maliyyə institutları Azərbaycanın vergi sahəsində aparılan islahatlara yüksək qiymət verirlər. Azərbaycanın vergi islahatlarının nəticələri artıq uğurlu bir təcrübə olaraq təbliğ edilir. Artıq keçmiş postsovet məkanından olan bir sıra dövlətlərin vergi administrasiyalarının nümayəndələri Azərbaycana gəlir, bizim islahatlar təcrübəsi ilə tanış olurlar. Bir müddət öncə Qırğızıstan vergi orqanlarının rəhbərliyi ölkəmizə səfər etmişdi. Onlar ölkəmizin vergi administrasiyasındakı yeniliklər, vergi inzibatçılığı sahəsində son illər aparılan genişmiqyaslı islahatlar barədə məlumat toplayıblar. Qırğızıstan Dövlət Vergi Müfəttişliyinin rəhbəri Toktabek Axmatov bizimlə söhbətində bildirmişdi ki, nümayəndə heyətinin ölkəmizə səfər etmək qərarına Beynəlxalq Valyuta Fondunun mütəxəssislərinin tövsiyəsindən sonra gəliblər.

Qeyd etmək lazımdır ki, Qırğızıstan hələ islahatlar mərhələsinin astanasındadır və bu baxımdan bu islahatları uğurla başa vurmuş Azərbaycanın təcrübəsi gələcək vergi inzibatçılığı siyasətində onlara istinad mənbəyi olacaq. Qırzızıstan vergi orqanlarının rəhbərliyinin sözlərinə istinad edərək belə bir məqamı da vurğulamaq istərdim ki, islahatların belə geniş vüsətlə aparılması üçün hökumətin və dövlət rəhbərliyinin geniş siyasi dəstəyi mühümdür. Bu baxımdan Azərbaycan hökumətinin bu islahatlara nə dərəcədə dəstək verməsi nümayəndə heyətini xüsusilə maraqlandırırdı.

Azərbaycanın uğurlu təcrübəsinə digər bir misal vergi orqanları rəhbərliyinin bu yaxınlarda Çexiyaya etdiyi səfərlə bağlıdır. Vergilər naziri Fazil Məmmədovun həmin ölkəyə səfəri zamanı Çexiyanın Maliyyə Nazirliyinin Vergi Direktorluğunun rəhbərliyi Vergilər Nazirliyinin administrasiyada aparılan islahatlarla yaxından tanış olmaq niyyətini bildirib. Bundan başqa, Rusiyanın Sankt-Peterburq şəhərinin meriyası da vergi administrasiyasının təkmilləşdirilməsi ilə bağlı bizim təcrübədən yararlanmaq niyyətindədir.

Və nəhayət, vergi orqanlarına işə qəbulun müsabiqə üsulu ilə keçirilməsi də böyük marağa səbəb olub. Şəffaf, eyni zamanda bacarıqlı və savadlı kadrların seçilməsinə əsaslanan bu seçim üsulundan indi bir sıra başqa dövlətlərdə də istifadə edilməsi nəzərdə tutulur. Artıq bizim təcrübə ilə maraqlanırlar. Və bu da yeganə faktlar deyil. Xatırlatmaq istərdim ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Vergilər Nazirliyinə ünvanladığı rəsmi məktubunda ölkəmizin vergi xidmətinin MDB məkanında aparıcı mövqedə olduğu vurğulanırdı. Bütün bunlar təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanan və birbaşa tövsiyələri əsasında aparılan islahatlar öz nəticələrini və bəhrələrini verməkdədir. Azərbaycanın vergi xidməti MDB ölkələri arasında regional idaretmə modelini tətbiq edən yeganə respublika olmaqla yanaşı, mobil sayda işçi heyəti ilə 1,4 mlrd. manatlıq (7 trln. köhnə manat) bir büdcənin vergi daxilolmalarını təmin etməkdədir. Bundan başqa, vergi xidməti çox az sayda dövlət strukturlarından biridir ki, fəaliyyətini qiymətləndirmə meyarlarını tətbiq edir və bu, işçilərin faydalı iş əmsalını artırmaq, həmçinin iş prosesinə ciddi nəzarət mexanizmlərinin qurulmasına xidmət edir və bunun nəticələri ictimaiyyət üçün tam şəffafdır. Aparılan islahatlar Azərbaycanın müasir vergi xidmətinin əhəmiyyətli şəkildə modern bir struktura çevrilməsinə rəvac verib.

İnformasiya cəmiyyətinin sürətli inkişafı, texnologiyaların tədricən cəmiyyətin bütün sferalarında önəmli yer tutmasına rəğmən vergi xidmətinin iş prinsiplərində də yeni yanaşmalara ehtiyac duyulmaqdadır. Bu məsələ vergi inzibatçılığında qarşıya qoyulmuş bir məqsədə – cəmiyyətdə könüllü əsaslara söykənən, kontaktsız mübadilə sisteminə əsaslanan münasibətlərin qurulması kontekstində xüsusilə aktualdır. Şübhəsiz ki, vergi inzibatçılığının yaxşılaşdırılması, daha da təkmilləşdiilməsini davam etdirmək niyyətindəyik. Belə ki, Vergilər Nazirliyinin struktur bölmələrinin və vergi orqanlarının sahə üzrə fəaliyyətinin qiymətləndirilməsi sistemini və vergi xidmətində çalışan işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi sistemini tətbiq edərək faydalı iş əmsalının maksimum yüksəldilməsinə, Vergilər Nazirliyinin taktiki planlaşdırma fəaliyyətinin və qərar qəbuletmə qabiliyyətinin optimallaşdırılması məqsədi ilə Menecment İnformasiya Sisteminin (MİS) gücləndirilməsinə nail olmaq niyyətindəyik. Korrupsiya risklərinin ifşa edilməsi və korrupsiya hallarının qarşısının alınması məqsədi ilə Vergilər Nazirliyində fəaliyyət prosedurlarının təkmilləşdirilməsi və daxili təhlükəsizlik sisteminin gücləndirilməsi həyata keçiriləcək.

Möhtərəm prezident İlham Əliyev cənabları qeyd etmişdi ki, «Azərbaycanın hərtərəfli inkişafında vergi orqanlarının çox mühüm rolu var. Vergilər Nazirliyi səmərəli işləyir». Biz dövlət başçısının bu sözlərini vergi xidmətinə verilən yüksək qiymət və etimad olaraq qəbul edirik və bu bizi əldə olunan nəticələrdə dayanmayaraq daha da irəli getməyə, bizə göstərilən böyük etimadı doğrultmağa ruhlandırır. Dövlət başçısının vergi orqanlarının ünvanına səsləndirdiyi fikirlər bizim bir daha düzgün yolda olduğumuza dəlalət edir və yeni islahatlar mərhələsinə daha inamla addımlamağa sövq edir.









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə