AZƏrbaycanin turizm coğrafiyasi




Yüklə 126.2 Kb.
tarix27.02.2016
ölçüsü126.2 Kb.


AZƏRBAYCANIN TURİZM COĞRAFİYASI

Turizm – müasir iqtisadiyyatın insanların tələbatlarının ödənilməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş mühüm fəaliyyət sahələrindən biridir. Eyni zamanda iqtisadiyyatın digər sahələrindən fərqli olaraq turizm təbii ehtiyatların tükənməsinə səbəb olmur. İxracyönümlü sahə olmaqla turizm dünya bazarındakı qeyri-sabit vəziyyətlərdə digər sahələrdən fərqli olaraq daha çox stabillik nümayiş etdirir.

Ölkəmiz Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Millətin kökünü, bünövrəsini təşkil edən bu irs əsrlərdir ki, onu qoruyur. Ardı-arası kəsilməyən hücumlara, işğal və istismarlara müqavimət, hətta işğalçıya öz mədəniyyətini qəbul etdirmək gücü də məhz burdan qaynaqlanır. Azərbaycan əsrlərdir qoruyub saxladığı mədəni irsini bəşəri dəyərlərlə birləşdirən dinamik inkişafa malikdir.

Onu da unutmaq olmaz ki, Azərbaycanın inkişafını nəzərdə tutduğu və gələcəyə hesablanan böyük planlar qurduğu sahələrdən biri, mədəniyyətin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edən turizmdir. Neft sektorundan qeyri-neft sektoruna keçid prosesinin sonunda ölkəyə ən böyük gəlir gətirən sahələrdən birinin də məhz turizm olacağını nəzərə alsaq, bu inkişafın illər sonrakı nəticəsini təsəvvür etmək çətin deyildir.

Ölkənin əcnəbi qonaqlarına təqdim edəcəyi çox böyük mədəni irs və turizm üçün əlverişli bölgələri vardır. Odur ki, bütün ölkə ərazisində tətbiq edilən regionların inkişafı proqramının nəticələrinin uğuru ucqar əyalətlərdə də artıq görünməkdədir. Ölkəmizin mövcud turizm potensialının səmərəli istifadə olunması məqsədilə turizm sahəsində planlaşdırılmış işlərə 2001-ci ildən başlanmışdır.

Dünyada turizmin əhəmiyyəti daima artır ki, bu da sahənin iqtisadiyyata təsirinin güclənməsi ilə səciyyəvidir. Turizm gəlirlərin və məşğulluğun mühüm mənbəyi olmaqla, xidmət edən yeni sahələr yaratmaqla iqtisadiyyatın diversifikasiyasına səbəb olur. Bundan əlavə, turizm dövlətin xarici siyasətinin reallaşdırılmasının mühüm amillərindən biridir. Azərbaycan Respublikasının mövcud ehtiyatları turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etdirilməsi şərtilə xarici turistlərin qəbulunu dəfələrlə artırmağa imkan verir.

Ölkəmizdə tədricən turizmə realist yanaşma və onun Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üçün çox böyük əhəmiyyətə malik iqtisadi sahə kimi qəbul olunması baş verir.

Azərbaycan Respublikasının rəqabət üstünlükləri siyasi stabillik və ölkədə təhlükəsizliyin təmini, adambaşına düşən gəlirlərin getdikcə artması və milli valyutanın – manatın stabilliyi hesab oluna bilər.

Bununla belə, qeyd etmək lazımdır ki, ölkəmizin malik olduğu nadir təbiət və iqlim ehtiyyatları, həmçinin mədəni irs Azərbaycan turizminin uğurlu inkişafını təmin edən yeganə və kifayət edəcək şərt kimi nəzərdən keçirilə bilməz, çünki bunlar yalnız turizm təklifinin elementlərindən biridir. Dünyada təbii və mədəni ehtiyatlara görə Azərbaycan Respublikası ilə müqayisə oluna bilən, lakin inkişaf etmiş keyfiyyətli turizm infrastrukturuna malik olan ölkələri misal göstərmək olar. Belə ölkələrdən ərazisi və əhalisi ölkəmizlə eyni olan Avstriyanı, həmçinin Fransa və ya İspaniyanı qeyd etmək olar. Bu ölkələr hər il yalnız beynəlxalq turizmdən on milyardlarla dollar gəlir əldə edirlər.

Azərbaycan Respublikasında turizmin inkişafının məqsədi Azərbaycanın və xarici vətəndaşların turizm xidmətlərinə olan tələbatlarının təmini, əhalinin məşğulluğu və gəlirlərinin artırılması üçün geniş imkanlar açan müasir rəqabətə davamlı turizm bazarının formalaşdırılmasıdır.

Bu məqsədə çatmaq üçün inkişafın elementlərindən biri, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi vasitəsi kimi Azərbaycan Respublikasında gəlmə və daxili turizmin uğurlu inkişafı üçün stimullar həyata keçirmək lazımdır.

Rəqabətə davamlı turizm bazarı formalaşdırmaq üçün yalnız infrastrukturun inkişafı üçün səylər yetərli deyil. Milli turizm məhsulunun satışı üçün turist göndərən əsas bazalara istiqamətlənmiş və təcavüzkar xarakterə malik effektli strategiyaya ehtiyac vardır ki, nəticədə gəlmə və daxili turizmi Azərbaycan Respublikasının iqtisadiyyatında əsas gəlir vasitəsinə çevirmək olar.

Uğur əldə etmək üçün böyük həcm, müntəzəmlik və daimi təsir lazımdır. Reklam kompaniyası müəyyən bir zamandan sonra iqtisadi səmərə verməyə başlayır. Bu məqsədlə həm ölkədaxili, həm də xarici reklam-informasiya kompaniyası aparılmalı, Beynəlxalq turizm və digər sərgilərdə iştirak edilməli, Azərbaycan Respublikasının turizm imkanlarının təqdimatı keçirilməlidir. Həmçinin əsas turist göndərən bazaların dilində reklam çap məhsulları hazırlanmalı və yayılmalıdır.

Bunlardan bəziləri artıq həyata keçirilir. Bununla belə, hazırda Azərbaycanın milli turizm məhsulunun təbliği üçün büdcədən ayrılan vəsait mövcud turist axınına çox cüzi təsir edə bilər. Bunun üçün xeyli vəsaitin ayrılmasına ehtiyac vardır.

Dünyanın bir çox ölkələri, iqtisadiyyatda turizmin əhəmiyyətini dərk edərək turist göndərən və qəbul edən əsas bazarların xüsusiyyətlərini nəzərə almaqla milli turizm məhsulunun təbliği üçün böyük vəsait sərf edirlər. Ölkənin turizm imkanlarının geniş reklam kompaniyası xarici və daxili turistlərin artımına və nəticə etibarı ilə ölkə iqtisadiyyatına daxil olmaların çoxalmasına gətirib çıxarır.

Hal-hazırda ölkəmizdə ən çox inkişaf etmiş iqtisadiyyat sahəsi neft sənayesidir. Bugünkü gündə ölkəmiz ən çox gəliri məhz neft sənayesindən əldə edir. Respublika öz xərclərinin böyük həcmini də bu sənayedən gələn gəlir hesabına ödəyir. Lakin neft tükənəbiləcək bir təbii sərvətdir. Buna görə də gərək neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirilsin.

Bildiyimiz kimi ölkəmiz böyük turizm ehtiyatına malik olan coğrafi mövqedə yerləşmişdir. Son zamanlar Azərbaycanda turizmin inkişafı üçün bir çox tədbirlər həyata keçirilir ki, bu da Azərbaycanda turizm sahəsinə olan diqqəti özündə əks etdirir. Eyni zamanda bu tədbirlər ölkəyə turist axınını gücləndirir, turizm sahəsindən gələn gəlirin ölkə büdcəsində daha fəal iştirak etməsini təmin edir.

Turizm iqtisadiyyatının inkişafı üçün aparılan işlərə bir çox turizm obyektlərinin, pansionatların, restoranların, ulduzlu otellərin və s. tikilməsi misal ola bilər. Həm də respublikanın əksər regionlarında tikilmiş və tikilməkdə olan olimpiya kompleksləri də ölkə iqtisadiyyatına müəyyən miqdarda təsir göstərir


Azərbaycanın relyefinin, iqliminin, təbiətinin və s. turizmin

inkişafına təsiri
Azərbaycan turizm sənayesinin inkişafı üçün çox zəngin və əvəzsiz

ehtiyyatlara malikdir. Bu hər şeydən əvvəl, çox əlverişli siyasi-coğrafi

mövqedir. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovuçuğunda,

Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar -

Avropanı Qafqaz və mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz

daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmləşmişdir.

86,6 min kv. km ərzisi və artıq, 9 milyon əhalisi olan Azərbaycan

Respublikasının relyefi çox müxtəlifdir. Azərbaycanın 60 faizə qədərini dağlıq

ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz,

Kiçik Qafqaz və Talış dağları Kür – Araz ovalığını şimaldan, qərbdən və cənub-

şərqdən əhatə edir. Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana

məxsusdur. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə

çöllük yayla, cənub-şərqdə Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-

şərqdə Qusar maili düzənliyi.

Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla,

nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət

mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri – Murovdağ, Şahdağ və

Zəngəzur silsilələridir.

Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Kiçik Qafqaz dağlarından

Elbrus dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç

əsas dağ silsiləsi və bir sıra qollarından ibarətdir.

Bütün bunlar qış kurortlarının inşası üçün çox əlverişlidir. Xizəkçilər,

kirşə sürmək həvəskarları üçün burada tramplinlər, enişlər, yoxuşlar yaratmaq

mümkündür.

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi

əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və

soyuq iqlimə rast gəlinir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron

üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda

müşahidə edilir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə

örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti

rütubətli və mülayim soyuq iqlimlərə ayrılır.

Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın

zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın

orta illik temperaturu ovalıqlarda müsbət 15 dərəcə olduğu halda, yüksək dağlıq

rayonlarında 0 və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-28, dağlıq rayonlarda 5 dərəcə təşkil edir. Mütləq maksimum 43 dərəcə olduğu halda, mütləq minimum -30 dərəcəyədək düşür. Bu rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə olunur.

Yağıntılar da ərazidə qeyri-bərabər paylanmışdır. Ən az yağıntı Abşeron yarımadasında və Naxçıvan MR-nın əraziətrafı zolağında düşür. Ən çox yağıntı isə Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində müşahidə olunur.

Bütün bunlar turistlərin bütün il boyu istirahətlərinin və sağlamlıqlarının bərpasının təşkilinə imkan verir.

Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.

Samur çayı Azəbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür.

Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.

Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay və s. Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay Araza tökülür.

Azərbaycan ərazisində 250-yə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göllər vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

Çay vadiləri çox mənzərəli olmaqla çox saylı istirahət həvəskarlarını

və turisləri cəlb edir. Daha iri çaylar qayıq sürmək üçün və su idmanı mərkəzləri

yaratmaq üçün, dağ çayları isə raftinq üçün çox əlverişlidir. Göl və nohurlarda

isə balıqçılıq təşkil edilə bilər.

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən

böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki,

hamısı respublikamızda yayılmışdır. Qafqaz və başqa regionlarda geniş yayılmış

bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan

və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki

növləri də vardır.

Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Ölkəmizdə

meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac

və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır.

Azərbaycan Respublikası bir çox nadir kol növlərinin vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin incisidir. Bu ağac Böyük Qafqazın cənub, cənub-şərq issəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd və s. təbiətimizin təkrarolunmaz inciləridir.

Hazırda respublikamızın ərazisində Milli Parklar, Dövlət Təbiət

Qoruqları, Dövlət Təbiət Yasaqlıqları fəaliyyət göstərir. Bunlardan: Hirkan Milli



Parkı – 2004-cü ilin fevral ayında Lənkəran və Astara rayonlarının inzibati

ərazisində 21435 hektar sahədə yaradılmışdır. Meşələrdə Azərbaycanın “Qırmızı

kitabı”na düşmüş Hirkan şümşadı, dəmirağacı, heyvan növlərindən bəbir, Talış

qırqovulu, qara leylək, berkut və s. vardır.



Altıağac Milli Parkı – 2004-cü ildə Xızı və Siyəzən rayonlarının inzibati

ərazisində yaradılmışdır. Əsas ağac növləri palıd, Şərq fıstığı, adi göyüş,

ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, dovşan və s.

heyvanlar məskunlaşmışdır.



Abşeron Milli Parkı – Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8

fevral tarixli 622 nömrəli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının

bazasında Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisində yaradılmışdır. Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məsunlaşmış ceyranın, Xəzər suitisinin və su quşlarının qorunub saxlanılması məqsədilə yaradılmışdır. Ərazidə yarımsıhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fiokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılmışdır. Buranın quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, ağgöz qara ördəklər, köçəri quşlar və s. məskən salmışlar.

Şahdağ Milli Parkı – 2006-cı ildə yaradılmışdır. Milli Parkın yerləşdiyi

yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və

heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr

zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq

örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr

əsasən İberiya və şərq palıdından, şərq fıstığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazisini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir.

Şahdağ Milli Parkının heyvanat aləmi şox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, maral, yenot, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması

istiqamətində müvafiq işlər davam etdirilməsi nəzərdə tutulmuşdur.

Bütün sadalananlar müalicə-sağlamlıq müəssisələrinin, müxtəlif ekoloji cığır

və marşurutların yaradılması, həmçinin ekoturizmin inkişafı üçün mühüm

ehtiyyatlardır.

Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi

əyalətlərin qovşağında yerləşir. Orta və yüsək dağlıq ərazidə rast gəlinən

heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi,

Qafqaz maralı, Qafqaz köpgəri, berkut, Qafqaz uları və s. fauna nümunələri

məskunlaşmışdır.

Bunlar da, əlbəttə ki, ovçuluğun təşkili üçün mühüm əhəmiyyət kəsb edir.

Nəzərə alsaq ki, dünyanın ov həvəskarları bunun üçün külli miqdarda vəsait sərf

edirlər, onda turizmin bu növünün ölkə iqtisadiyyatı üçün əhəmiyyətini

müəyyənləşdirə bilərik.

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.

Dünyanın ən iri qapalı su hövzəsi – Xəzər Azərbaycanın həyatında çox mühüm əhəmiyyət daşıyır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 %-i bu dənizdə cəmləşmişdir.

Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi

Xəzərdə daha çoxdur. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti

daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir, qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığının payına düşür. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərinə çoxlu quş növü də qeydə alınmışdır.

Azərbaycan Respublikasında bir çox hidromineral ehtiyyatları vardır ki,

bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Dünyada tanınmış “Karlovı Varı” sularından heç də geri qalmayan isti və mineral bulaqlar –

Badamlı, Sirab, Turşsu, İstisu və digərləri böyük iqtisadi, müalicəvi əhəmiyyəti

ilə seçilir



Azərbaycan qədim mədəniyyətə və zəngin tarixə malik

ölkə kimi.
1968-ci ildə Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü onu göstərir ki, burada hələ 150 min il qabaq yaşayış olmuşdur. Ölkə ərazisindəki 6 mindən artıq tarixi memarlıq abidələrinin əksəriyyəti Böyük İpək yolunun Azərbaycandan keçən qolu boyunca yerləşir və indinin özündə də heyrət doğurur. Bunlara misal olaraq ibtidai insanların Qobustan mağaralarında qayaüstü rəsmlərini, atəşpərəstlik məbədləri, qüllələr, alban kilsələri və ibadətgahlar, möhtəşəm qala divarları və qəsrlər, karvansaralar, İslam mədəniyyəti dövrünün əzəmətli sarayları, memorial, ayin və digər tikililəri göstərmək olar.

Azərbaycanın XII-XVII əsrlər memarlıq abidələri dünya irsinin qızıl fonduna daxil edilmişdir. Bu ilk növbədə Bakının “İçərişəhər” adlanan qalasıdır.

Bura kiçik bir ərazi olmasına baxmayaraq 44 nadir abidəyə malikdir. Bunlardan Şivanşahlar sarayı, Sınıqqala minarəsi, Qız qalası və digərlərini qeyd etmək olar.

Bakıdan Gürcüstan sərhəddinə kimi avtomagistrallar boyunca qala divarlarına, tənha qüllələrə, tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin paytaxtı, sənətkarlıq və mədəniyyət mərkəzləri olmuş antik və orta əsr şəhərlərinin xarabalıqlarına təsadüf etmək mümkündür. Belələrinə misal olaraq qədim Gəncə, Şamaxı, Qəbələ və Bərdəni göstərmək olar.

Azərbaycanın ərəblər tərəfindən işğalından sonra burada yeni mərasim tikililəri – məscidlər inşa edilməyə başlanılmışdır. Onlardan ən qədimləri Şamaxı, Gəncə, Şəki və digər yerlərdə dövrümüzə qədər qorunub saxlanılmışdır.

Orta əsrlər dövrünün memorial tikililəri İpək yolu marşrutu boyunca məqbərələrlə təmsil olunmuşdur. Məsələn, Mərəzədə Diri baba türbəsi, Şamaxıda “Yeddi gümbəz” türbələr kompleksi, Ağsuda Şeyx Dursun türbəsi, Gəncədə İmamzadə türbəsi və b. göstərmək olar.

Azərbaycanın xanlıqlar dövrünün ən möhtəşəm abidələrindən biri Şəki xan sarayıdır.Bundan başqa Şəkidə “Gələrsən-görərsən” qalası, Zaqatalada Şamil qalası, Şəmkirdə “Koroğlu qalası” və b. maraq kəsb edir. Bunlar Azərbaycan memarlıq abidələrinin qızıl fondunu təşkil etməklə xarici qonaqların böyük marağına səbəb olan mühüm turizm məhsullarıdır.

Ölkənin paytaxtı Bakıda və digər şəhərlərdə, rayon mərkəzlərində çoxsaylı muzeylər fəaliyyət göstərir. Bütün bunlar isə öz növbəsində turistləri cəlb edən amillərdəndir. Ölkə ərazisində çoxsaylı turist-ekskursiya marşrutları salınmışdır.

Bütövlükdə şimal yarımkürəsində yerləşmiş Azərbaycan İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya ilə təqribən eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyasi və coğrafi mövqeyə malik olmaqla, qədim

zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Son illərdə ölkədə mehmanxanaların və iaşə obyektlərinin sayının durmadan artması müsbət hal sayıla bilər. Lakin hələlik onların əksəriyyətinin qiymətləri baha olsa da, xidmət səviyyəsi o qədər də yüksək deyildir.

Azərbaycan Respublikası ərazisində hələ sovet dövründən fəaliyyət göstərmiş çoxlu sanatoriyalar mövcuddur. Lakin onlar müasir tələblərə cavab vermədiyindən ölkə prezidentinin sərəncamı ilə yenidənqurma işlərinə başlanmışdır. Düşünürəm ki, yaxın zamanlarda bu sanatoriyalar yüksək səviyyədə xidmət təqdim etməklə ölkəyə müalicə məqsədilə gələn turistlərin sayının artmasına səbəb olacaqdır. Bir şərtlə ki, onlar ölkədəki turizm şirkətləri ilə sıx əlaqə qursunlar.

Beləliklə, Azərbaycan Respublikası ərazisi zəngin təbii - tarixi ehtiyyatlara

malikdir. Yüksək rekreasiya ehtiyyatları bir sıra amillərlə şərtlənmişdir: əlverişli təbii - rekreasiya ehtiyyatları və ekoloji vəziyyət, çoxsaylı tarix – mədəniyyət və memarlıq abidələri, “Əshabü – kəf” və digər ziyarətgahlar, nəqliyyat təminatı və geniş inkişaf etmiş rekreasiya şəbəkəsi. Bunlar isə onu deməyə əsas verir ki, turizm Azərbaycan Respublikasının iqtisadiyyatında aparıcı mövqeyə malik ola bilər, çünki turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı özündə iqtisadi, humanitar, tərbiyəvi və estetik amilləri birləşdirir.

Çimərlik istrahəti üçün yüksək təbii iqlim rahatlığı səviyyəsi beynəlxalq turizmin bu, olduqca geniş yayılmış növündən səmərəli stifadə etməyə imkan verir.


Ölkəmizin məşhur turizm bölgələri.

Bugünkü gündə Azərbaycan turizmi bir-birindən iqliminə, qədimliyinə, gözəlliyinə və s. görə fərqlənən turizm bölgələri ilə təmsil olunur. Azərbaycanın məşhur turizm bölgələrinin hər biri haqqında ayrı-ayrı danışmamaq olmaz.



Bakı – Abşeron turizm bölgəsi. Respublikamızın paytaxtı olan Bakı şəhəri müasir meqapolisdir, iri sənaye və mədəniyyət məzkəzidir. Xəzər dənizinin sahilində yerləşən, “Küləklər şəhəri” kimi tanınan Bakı, bu gün bütün dünyada gözəl bir şəhər kimi tanınmaqdadır.

Bakı qalası –“İçərişəhər” dünya əhəmiyyətli tarixi-memarlıq kompleksidir. İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı, Qız qalası YUNESKO tərəfindən qorunan abidələrimizdir. Içərişəhərdə bir sıra orta əsr memarlıq abidələri, o cümlədən karvansaralar, məscidlər və s. vardır ki, bu da, əlbəttə ki, Azərbaycana gələn hər bir turistin marağına səbəb olur. Bakıya gələn hər turist ilk növbədə məhz bura gəlir. Içərişəhərin dar, özünəməxsus küçələri boyunca Azərbaycanın gözəl sənət

nümunələri, tikmələr, məşhur və qədimliyi ilə fərqlənən, əllə toxunmuş xalçalar, dulusçuluq, zərgərlik məhsulları,

əl əməyi, göz nuru ilə hazırlanmış müxtəlif əşyalar turistlərə təklif olunur. Bunlar, əlbəttə ki, hər bir turist tərəfindən maraqla qarşılanır və maraqla alınır.

Son zamanlarda İçərişəhərin bərpası və qorunması üçün aparılan tədbir və planlar həqiqətən də tərifəlayiqdir. Çünki İçərişəhər bizim dünya əhəmiyyətli tarixi abidələr kompleksimizdir. Buna görə də onu qorumaq, əlbəttə ki, hər birimizin borcudur.

Abşeronun dəniz sahili boyu kurort zonaları yerləşir: Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı və b. daha çox tanınır. Burada yüksək keyfiyyətli sanatoriyalar, pansionatlar, istirahət evləri, turizm mərkəzləri və s. fəaliyyət göstərir. Hər il bura müxtəlif ölkələrdən insanlar istirahətlərini təmin etməkdən ötrü gəlirlər.

Abşeron yarımadasında orta əsrlərə aid çoxsaylı müdafiə tikililəri (Mərdəkan, Nardaran, Ramana, Bilgəh, Maştağa və s.) qorunub saxlanılır. Məşhur Qobustan Tarixi-Bədii Qoruğu və Atəşgah tarixi-mədəniyyət abidəsi Abşeron bölgəsindədir.

Qobustan ərazisindəki qeyri-adi qaya rəsmləri olduqca böyük maraq obyektinə çevrilmişdir. Qayalarda təsvir olunmuş şəkillər qədim dövrlərdə burada yaşamış olan insanların həyat tərzini, məişətini, adətlərini və s. təsvir edir. Mezolit dövrü əhalisinin məşğuliyyəti məhz Qobustan abidələri əsasında öyrənilmişdir. Burada insanlar e.ə. 12-ci minillikdən yaşamışlar. Bu da Azərbaycan tarixinin çox qədimlərə gedib çıxdığını sübut edir.

Şirvan turizm bölgəsi. Bakıdan 120 km qərbdə Şamaxı şəhəri yerləşir.

Qədim Albaniyanın yaşayış məskənlərindən olmuşdur. Orta Albaniyanın yaşayış

məskənlərindən olmuşdur. Orta əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Şamaxı rayonu ərazisində bir çox tarixi-memarlıq abidələri vardır: “Yeddi Gümbəz” məqbərəsi, “Cümə” məscidi, arxeoloji abidə - altı kurqan, “Diri baba” türbəsi və s. Pirqulu qəsəbəsində astrofizika rəsədxanası fəaliyyət göstərir. Rayon ərazisində yay və qış mövsümlərində turizmin müxtəlif növlərini təşkil etmək mümkündür. Bunun üçün rayon demək olar ki, bütün imkanlarla təchiz olunmuşdur.

Ağsu şəhəri Şamaxıdan 34 km aralıdır. Rayonun dağətəyi kəndlərində kənd turizminin inkişafı üçün əla şərait var. Rayon ərazisində bir sıra orta əsr abidələri vardır.

Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı turizm üçün əlverişli zonada yerləşir. Rayon ərazisində Cavanşir qalası, Qız qalası, Girdman qalası, Fitdağ qalası və s. tarixi-mədəniyyət abidələri vardır. Rayon ərazisində yerləşən Lahıc qəsəbəsi – tarixi- mədəniyyət qoruğu elan edilmişdir. Qəsəbənin əhalisi əsasən misgərlik, dulusçuluq, xalçaçılıq və kənd təsərrüfatı ilə məşğul olurlar. Turistlərin bu rayona olan marağını onun gözəl təbiətinin olması ilə əlaqələndirmək olar.

Qəbələ rayonu da Böyük Qafqazın ətəklərində yerləşir. Qəbələ şəhəri Dəmiraparan çayın sahilindədir. Azərbaycanın ən gözəl turizm məkanlarındandır. Turizm infrastrukturu inkişaf etmişdir. Turistləri qəbul edən müasir otellər, istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon ərazisində çoxsaylı tarixi-mədəniyyət və təbiət abidələri vardır. Qədim Qəbələ şəhərinin qalıqları, yaloylu təpə arxeoloji abidəsi, Şeyx Sədrəddin türbəsi və s. bu abidələrə misal kimi göstərilə bilər. Mineral su mənbələri, Nohur gölü, 50 metr hündürlükdən tökülən Miçix şəlaləsi turistlər üçün həqiqətən böyük bir maraq obyektidir.

Bu rayonda il ərzində turizm sahəsindən əldə olunan gəlir hesabına turizmin inkişafının sürətlənməsi üçün müəyyən tədbirlər həyata keçirmək mümkündür.

Gəncə-Qazax turizm bölgəsi. Böyüklüyünə görə Gəncə Azərbaycanın ikinci şəhəridir.Şəhər dəniz səviyyəsindən 442 metr yüksəklikdə yerləşir. Yaxın Şərqin mədəni və iqtisadi mərkəzlərindən olmuşdur. 1139–cu ildə zəlzələ nəticəsində dağıldıqdan sonra yeni əraziyə köçürülmüşdür. 1926-cı ldə Rusiyanın tərkibinə daxil edildikdən sonra Yelizavetpol, 1935-ci ildən Kirovabad adlanmış, 1989-cu ildə isə şəhərə qədim Gəncə adı qartarılmışdır. Gəncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Onun şərəfinə ucaldılmış məqbərə xüsusi memarlıq üslubu ilə fərqlənərək bu

şəhərə gələn hər bir turistin marağına səbəb olur.

Bundan başqa şəhərdə İmamzadə İbrahimin türbəsi(XIV əsr), Karvansara(XVII əsr), Cümə məscidi(XIX əsr), Kilsə(XVIII əsr) və digər tarixi-memarlıq abidələri qorunub saxlanılır.

Şəhər özünün sənətkarlıq nümunələri ilə də qonaqları valeh edir. Gəncə xalçaları hər kəs tərəfindən maraqla qarşılanır. Bu xalçaların toxunuşunda Gəncəyə məxsus xüsusi naxışlardan istifadə olunur ki, bu da Gəncə xalçalarını tanıdan əsas elementdir.

Şəhərə gələn turist həmçinin buranın mətbəxi ilə də maraqlanır. Turistlərə milli yeməklərdən dolma, plov, həm də öz xüsusi dadı ilə seçilən Gəncə paxlavası da təklif olunur. Gəncə paxlavası qatlarının sayına görə digər bölgələrə məxsus paxlavalardan seçilir.

Gəncədən 25 km cənubda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1566 metr yüksəklikdə dünyanın ən gözəl mənzərəli göllərindən biri olan Göygöl yerləşir. Göygöl təbiət hadisəsi nəticəsində əmələ gəlmişdir. Belə ki, zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş, beləcə gözəlliyi ilə dillər əzbəri olan, şairlərin, rəssamların ən gözəl əsərlərini məhz ona həsr etdiyi Göygöl yaranmışdır.

Göygöl və onun ətrafı Milli Park kimi dövlət tərəfindən qorunur. Bu ərazidə Hacıkənd kurort zonası turist marşrutuna daxil edilmişdir.

Gəncədən 48 km cənub-şərqdə Naftalan kurort şəhəri yerləşir. Naftalan ən çox özünün məşhur nefti ilə tanınır. Naftalan nefti dəri, sümük-əzələ xəstəlikləri üçün olduqca böyük müalicəvi əhəmiyyətə malikdir.

Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olsa da, 1948-ci ildə yeni şəhər kimi salınmışdır. Böyüklüyünə görə Bakı, Gəncə, Sumqayıtdan sonra 4-cü yeri tutur. Şəhərdə ən böyük müəssisə - Su Elektrik Stansiyasıdır. Şəhərdə Kür sahilində və Mingəçevir dənizi sahillərində müasir tipli istirahət mərkəzləri, otellər və s. fəaliyyət göstərir. Üzgüçülük, avarçəkmə idman kompleksləri vardır.

Şəhər yaxınlığında eramızdan əvvəl 3-cü minilliyə aid olan arxeoloji tapıntılar aşkar olunmuşdur.

Qazax rayonu Gəncədən şimal-qərbdə yerləşir. Şairlər və yazıçılar vətəni kimi tanınır. Molla Pənah Vaqif, Səməd Vurğun, İsmayıl Şıxlı və bu kimi başqa şairlərin, eyni zamanda məşhur general Əliağa Şıxlinskinin də vətənidir. Rayon ərazisində tarixi abidələrin mövcudluğu bu rayona olan marağı bir az da artırır. Buranın həm də müxtəlif sənətkarlıq nümunələri, əllə düzəldilmiş məişət əşyaları, toxunma xalçaları da hamının diqqətini cəlb edir.

Şəki – Zaqatala turizm bölgəsi. Azərbaycanın ən qədim şəhərlərindən biri – Şəki şəhəridir. Böyük Qafqazın cənub ətəklərində yerləşir. Şəhər eramızdan əvvəl 1-ci minillikdə yaranmışdır. Adı bu ərazidə yaşayan qədim Saki qəbiləsinin adı ilə bağlıdır. Qədim və orta əsrlərdə iri ticarət mərkəzi olmuşdur. Şəki ipəyi və xalçaları dünya bazarlarında şöhrət qazanmışdır. Şəki xan sarayının şəbəkə üsulu ilə işlənməsi burada sənətə olan böyük bağlılıqdan xəbər verir. Və əlbəttə ki, hər bir turistin marağına səbəb olur. Bu gün də bu sənət sahəsi Şəki əhalisi tərəfindən qorunub saxlanılır.

Şəkinin tarixi – memarlıq abidələri arasında

Xan sarayı, Cümə məscidi, karvansaralar xüsusi

yer tutur. Şəhər yaxınlığında “Gələrsən – görərsən”

qalası qorunub saxlanılmışdır.

Şəhərin iqlimi, təbiəti, tarixi ilə seçilən qədim abidələri burada turizm üçün böyük perspektivlər yaradır. Şəhərdə və ətrafında müasir tipli otellər və istirahət mərkəzləri xidmət göstərir. Bunlara misal olaraq “Karvansara” oteli, “Şəki” oteli, “Gələrsən-görərsən” istirahət evi, “Marxal” istirahət zonası, “Soyuq bulaq” turist bazası və başqalarını göstərmək olar.

Şəkiyə gələn hər bir kəs əgər Şəki halvasından, paxlavasından, milli yeməyi olan pitidən dadmasa çox şey itirmiş olar.

Şəkidən 34 km şimalda Qax şəhəri yerləşir. Şəhər ətrafıda çoxlu tarixi abidələr, müdafiə tikililəri, qalaların qalıqları var: İlisu kəndində keşikçi qülləsi, şhərin mərkəzində bir çox qalalar, Kum kəndində qədim məbəd və s. İlisu

yaxınlığında yerdən çıxan kükürdlü, isti sudan müalicə üçün istifadə olunur.

Qax rayonun da gözəl təbiəti, səfalı meşələri diqqətdən kənarda qalmır. Və əlbəttə ki, bu da turizmin inkişafı üçün böyük potensialdır. Qax ərazisində müasir müalicə pansionatları, istirahət mərkəzləri fəaliyyətdədir.

Zaqatala 1830- cu ildə hərbi qala kimi ruslar tərəfindən tikilmişdir. Mənzərəli təbiəti və əlverişli iqlim şəraiti olan Zaqatala rayonu ərazisində bir sıra otellər, pansionatlar, turizm müəssisələri fəaliyyət göstərir.

Zaqatalanın kəndlərində orta əsrlərə aid olan çoxsaylı tarixi-mədəniyyət abidələri vardır. Mosul kəndində məscidlər, Yuxarı çardaxlar kəndində qala, Car kəndində qala, Şeytan qala və s. turistlər üçün maraq obyektidir.

Rayonda gözəl meşə sahələri, sərin bulaqlar, dağ çayları vardır ki, bu da bir sıra canlıların burada yaşamasına şərait yaradır. Bu ərazidə Zaqatala qoruğu yerləşir. Qoruqda bir sıra nadir heyvanlar və quşlar qorunur. Burada ovçuluq turlarını təşkil etmək mümkündür.

Zaqatalada yaşayan bir çox xalqların, milli azlıqların özünəməxsus mədəniyyətləri də bura gələn turistlər üçün olduqca maraqlı olur.

Quba – Xaçmaz turizm bölgəsi. Azərbaycanın bu şimal turizm bölgəsinə - Xızı, Altıağac, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonları aid edilir.

Xızı Bakıdan 100 km aralıda yerləşir. Xızı rayonu turizm üçün əlverişli şəraitə malikdir. Rayon ərazisində sıx meşələr, çoxlu şəffaf bulaqlar, gözoxşayan mənzərələr vardır. Iqlim şəraiti turizm üçün olduqca yararlıdır. Rayon ərazisində Altıağac kurort qəsəbəsi dəniz səviyyəsindən 1100 metr yüksəkdədir. Altıağacda əsasən xallı marallar saxlanılır.

Xızıda qədim Altıağac qalasının qalıqları qalmaqdadır. Şamaxıdan Quba istiqamətındə gedən karvanlar məhz Altıağacdan keçirdi. Şamaxıdan təxminən 6 ağaclıq məsafədə yerləşirdi (hər ağac arasındakı məsafə 7-7,5 km məsafədir). Bu şəhərdə karvanların istirahət məkanları yerləşmişdir.

Altıağacda müasir tipli “Cənnət bağı” istirahət mərkəzi fəaliyyət göstərir. Burada turistlərə bir çox yüksək keyfiyyətli xidmətlər təklif olunur.

Bu bölgənin möhtəşəm ziyarətgahlarından ən böyüyü “Xıdırzində” piridir. Pir Siyəzən rayonu ərazisində, dəniz səviyyəsindən 540 metr yüksəklikdə olan Beşbarmaq qayasının üstündədir. Xalqın inancına görə Xızır peyğəmbərin məkanıdır.

Siyəzən rayonu ərazisində, məşhur “Qalaaltı” mineral su mənbəyinin ərazisində uroloji sanatoriya fəaliyyət göstərir. Bu su öz xüsusi keyfiyyəti ilə fərqlənir. Bu ərazidə orta əsr qalalarından olan Çıraqqala yerləşir ki, bu da hər bir kəsin marağına səbəb olur.

Şabran(Dəvəçi) rayonu regionun inkişaf etmiş meyvə-tərəvəz və heyvandarlıq rayonlarındandır. Bu rayonun da turizm potensialı heç də zəif deyildir. Rayon ərazisində orta əsrlərdən Azərbaycanın böyük şəhərlərindən olan Şabran şəhərinin qalıqları saxlanılır. Buna görə də bu yaxınlarda bu rayonun adı dəyişdirilərək “Şabran” olmuşdur. Padar kəndində “Gülüstani – İrəm” şəhərinin qalıqları vardır. Bu cür tarixi abidələr əlbəttə ki, hər bir turist üçün olduqca maraqlıdır.

Qusar şəhəri Qubadan 12 km şimalda yerləşir. Rayon ərazisində Həzrə kəndində qədim məscid və Şeyx Cüneydin məqbərəsi(1544-cü il) diqqəti cəlb edir. Şeyx Cüneyd Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin babasıdır.

Rayon gözəl təbii iqlim şəraitinə malikdir. Ərazisində əsasən yay istirahətinin təşkili məqsədilə pansionatlar və istirahət mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda rayon ərazisində dağ-xizək idmanı və qış turizminin inkişafı üçün turizm kompleksi yaradılır. Əlbəttə ki,bütün bunlar gələcəkdə bu rayonda turizmin inkişafı üçün böyük imkanlar açır.

Xaçmaz şəhəri bölgənin ən iri şəhərlərindəndir. Şəhərdə və rayon ərazisində bir sıra tarixi-memarlıq abidələri vardır. Muzeylər, Şeyx Yusif məqbərəsi, Altıbucaqçı türbə və s., tunc dövrünə aid olan qəbirlər bu abidələrdəndir.

Azərbaycanın yay çimərlik turizminin ən çox inkişaf etdiyi Nabran zonası Xaçmaz ərazisindədir. Bu ərazidə çoxsaylı turist bazaları, istirahət mərkəzləri və s. fəaliyyət göstərir. “Palma”, “Atlant” və başqaları bunlara misal ola bilər.

Nabran-Yalama ərazisi ölkə miqyasında yay mövsümündə ən çox turistin istirahət etdiyi ərazidir. Son illərdə bu ərazidə istirahət məqsədli obyektlərin sayı durmadan artmaqdadır.

Bu ərazi meşəliklərin dəniz sahilinə uzandığı nadir zonadır. Həm meşə, həm də dəniz. Turistləri də məhz bu xüsusiyyət daha çox cəlb edir.

Respublikamızın şimal-şərqində Bakıdan 165 km aralı, dəniz səviyyəsindən 600 m yüksəklikdə Azərbaycanın ən mənzərəli

şəhərlərindən biri olan, vaxtıilə qüdrətli Quba xanlığının mərkəzi olmuş Quba şəhəri yerləşir. Şəhər ərazisində çoxsaylı memarlıq

və arxeoloji abidələr, muzeylər vardır: Abbasqulu

ağa Bakıxanovun ev muzeyi, Cümə məscidi(XIX əsr), Səkinə xanım məscidi(XIXəsr), Səkkiz guşəli türbə, “Qırxpilləkən”, “Çuxur hamam”, Xınalıq kəndində Atəşgah və s.

Quba, turistləri özünə ən çox öz füsunkar, cazibədar meşələri ilə cəzb edir. Eyni zamanda yayda sərin havası da burada istirahət üçün olduqca əlverişlidir. Qəçreş kəndi ətrafında çoxsaylı istirahət mərkəzləri fəaliyyət göstərir. “Panda”, “Aynur”, “Cənnət bağı” kimi mərkəzlər bunlara misal ola bilər. Hər il turizm mövsümü başlayanda burada yüzlərlə turist istirahət edir.

Bundan başqa Qubanın istirahət yerlərinə Təngəaltı, Balbulaq, Afurca, Asma körpü, Qızbənövşə və adlarını çəkmədiyim bir çox yerlər də daxildir. Bura da hər mövsüm vaxtı turist ilə dolu olur.

Quba təkcə gözəl iqlimi, təbiəti və s. ilə deyil, eyni zamanda sənətkarlığı ilə də bura gələn qonaqları təəccübləndirir. Dillər əzbəri olan məşhur Quba xalçaları bu gün də dünyanın məşhur muzeylərində saxlanılır. Quba xalçalarının xüsusiliyi onun ilmələrinin sıxlığı ilə əlaqədardır. Məşhur Quba xalçalarına misal kimi “Çiçi”, “Ağgül”, “Pirəbədil”, “Xırdabalıq”, “Fəxralı” və başqalarını göstərmək olar.

Bu arada, Quba paxlavasından danışmasam haqsızlıq olar. Qubaya gələn hər bir turist qayıdarkən mütləq özü ilə Quba paxlavası aparır. Bu bir ənənə halını almışdır.

Quba ərazisində bir neçə millətlərin nümayəndələri yaşayır ki, onların da

özlərinə məxsus mədəniyyətləri qonaqların diqqətini cəlb edir. Burada yaşayan xalqlar və milli azlıqlara misal olaraq ləzgiləri, yahudiləri, tatları, rusları və s. göstərmək olar.

Qubanın Xınalıq kəndi bura gələn hər kəs tərəfindən xüsusi maraqla qarşılanır. Bu kəndin özünəməxsus mədəniyyəti, dili turistlər üçün, fikrimcə, böyük bir kəşfdir. Kənddə evlərin tikilişi qeyri-adiliyi ilə fərqlənir. Belə ki, burada bir evin damı digər evin həyətini təşkil edir.

Bundan başqa, ümumiyyətlə kəndin mənzərəsi də olduqca gözəldir. Bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə görmək lazımdır.

Bütün bunlar turizm üçün inkişaf perspektivləridir. Bu imkanlardan yararlanmaq turizmin inkişafını sürətləndirə bilər.

Lənkəran – Astara turizm bölgəsi. Tarixi və təbiət abidələri ilə zəngin olan Lənkəran-Astara iqtisadi rayonu Respublikamızın cənub-şərqində yerləşir və dəniz səviyyəsindən 28 metr aşağı olan Lənkəran ovalığı daxil olmaqla, Talış dağlarından başlayaraq Xəzər dənizinə qədər uzanır. Bu bölgə zəngin bitki örtüyünə malikdir, rütubətli-subtropik iqlim hakimdir.

Cəlilabad rayonu iri üzümçülük və tərəvəzçilik mərkəzidir. Şəhər yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı eneolit dövrünə aid olan əmək alətləri və əşyalar tapılmışdır. Alimlər hesab edirlər ki, bu ərazidə uzaq keçmişdə “Amaşara” adlanan şəhər olmuşdur.

Masallı rayonu ərazisində qədim abidələrdən məscid və hamam(XIX əsr) qorunub saxlanılır. Ərkivan kəndi yaxınlığında “İstisu” mineral su mənbəyi vardır. Bu su öz əhəmiyyəti ilə seçilir. Ərazidə bir neçə özəl pansionat fəaliyyət göstərir. Burada müalicə olunanlara lazımi xidmət təklif olunur.

1929-cu ildə yaradılmış Qızılağac Qoruğunun ərazisi 93 min hektardır. Burada 200-dən artıq quş növü, 30-dan artıq balıq növü, 250-dən çox bitki növünə rast gəlmək olar. Asiya və Avropadan uçub gələn köçəri quşlar burada qışlayırlar.

Bölgənin ən böyük şəhəri – XVIII əsrdə əsası qoyulmuş Lənkəran şəhəridir. Talış xanlığının mərkəzi olan bu şəhərin adı “ləngər” sözündəndir, yəni gəmilərin sahilə yan alaraq ləngər vurmağı deməkdir. Lənkəran rayonu Azərbaycanın dilbər guşələrindən biridir. Burada çəltik və çay plantasiyaları, meyvə bağları çoxdur. Tərəvəz məhsulları da yetişdirilir. Sitrus meyvələri (limon, portağal, kivi və s.) üstünlük təşkil edir.

Buranın əhalisinin əksəriyyətini talışlar təşkil edir. Onların özünəməxsus mədəniyyətləri, xüsusi olaraq, turistlərin marağına səbəb olur.

Rayonda bir sıra tarixi-memarlıq abidələri vardır. Bu abidələr turistlər tərəfindən maraqla qarşılanır. XVIII əsrdə tikilmiş “Lənkəran” qalasının qalıqları, “Hacı Qurban” və “Hacı Mirzə” hamamları, şəhərin özündə və kəndlərdə XIX əsrə aid olan məscidlər və s . bu abidələrə misal ola bilər.

Lənkəranın da turizmin inkişafı üçün kifayət qədər potensialı var. Iqlimi burada yay turizminin inkişaf etdirilməsinə imkan verir. Lənkəran ərazisində çozlu otellər və istirahət obyektləri fəaliyyət göstərir.

Astara şəhəri İranla sərhəd ərazisində yerləşir. “Astara” sözü – çökəklik, aşağı yer deməkdir. Rayon ərazisində Hirkan qoruğunda nadir ağaclar olan dəmirağacı və palıd ağacı növləri qorunur.

Astarada qədim abidələr çoxdur. Bunlardan Şahağac kəndində 800 illik məqbərə, XVIII-XIX əsrlərə aid olan məscidlər, hamamlar və s. məşhurdur.

Rayonda turizmin inkişafı üçün bir çox işlər görülməkdədir. Gələn

turistlərin qarşılanması üçün otellər fəaliyyət göstərir.

Talış dağları ərazisində yerləşən Lerik və Yardımlı rayonlarında turizmin inkişafı üçün əlverişli şərait var. Ən azı ona görə ki, buranın gözəl iqlimi, landşaftı, təbiəti vardır.

Lənkəran - Astara turizm bölgəsi eyni zamanda özünün xüsusi mətbəxi ilə tanınır. Mətbəxində balıq yeməkləri üstünlük təşkil edir. Buranın ən məşhur və ən çox yeyilən yeməyi ləvəngidir. Bura gələn turistə kənd yumurtası, nehrə yağı, ayran və s. kimi başqa təamlar təklif olunur ki, bu da əlbəttə ki, hər bir qonaq üçün olduqca maraqlı və unudulmaz olur.



Qarabağ turizm bölgəsi. Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə şəhərinin əsası eramızdan əvvəl IV əsrdə qoyulmuşdur. VI əsrdə isə Qafqaz Albaniyasının paytaxtı Qəbələdən Bərdəyə köçürülmüşdür.

Bərdə hələ qədim vaxtlardan sənətkarlığı ilə, incəsənətilə tanınmışdır. Rayon ərazisində bir çox tarixi-memarlıq abidələri qorunub saxlanılmaqdadır. Axsadan baba türbəsi, Səkkizguşəli məqbərə, İmamzadə məscidi və digərləri məşhur abidələridir. Qarabağ düzəliyində köçəri quşların mühafizəsi üçün nəzərdə tutulan Ağgöl qoruğu yerləşir.

Ağdam şəhəri yaxınlığında qədim yaşayış məskənləri aşkar olunmuşdur. Bu da o deməkdir ki, bu ərazinin tarixi çox qədimlərə qədər gedib çıxır.

Rayon ərazisində qədim abidələr arasında Şahbulaq kəndində karvansara və qüllə (XVIII əsr), Papravənd kəndində iki türbə və məscid (XVIII əsr), Xaçın kəndində türbə (XIV əsr) daha çox maraq doğurur.

Şuşa çəhəri 1750-ci ildə Pənah xanın əmri ilə 1800 metr yüksəklikdə qala kimi tikilmişdir. Şuşa uzun müddət Qarabağ xanlığının paytaxtı olmuşdur. Şəhər mənzərəli bir təbiət guşəsində yerləşir. Şəhər xalq musiqisinin və poeziyasının beşiyi olmuşdur. Turizm baxımından çox maraqlıdır və dağ-iqlim kurort zonasıdır. Burada istirahət və sanatoriya- kurort müalicəsi üçün əlverişli şərait vardır. Rayonda “Turşsu”, “İsa” bulağı, “Səkinə” bulağı, “Qırxbulaq” və s. su mənbələri vardır.

Bu bölgəmiz müvəqqəti olaraq işğal altındadır.



Naxçıvan turizm bölgəsi. Qədim Naxçıvan diyarının zəngin təbiət və memarlıq abidələri vardır. Ptolomeyin əsərində “Naksuana”, orta əsr mənbələrində “Neşeva” kimi verilmişdir. Evliyya Çələbi, Qəzvini və digər alim və səyyahlar şəhəri – Nəqşicahan adlandırmışlar.

Muxtar Respublikada 7 rayon var. Paytaxtı Naxçıvan şəhəridir. Şəhərdə yerləşən məşhur Möminə xatun türbəsi(XII əsr), Yusif ibn Küseyr türbəsi(XII əsr) şərqin nadir memarlıq abidələrindəndir. Fəzlullah Nəiminin məqbərəsi, Xan sarayı, “Qızlar bulağı” kompleksi, Cümə məscidi turistlərin marağına səbəb olur.

Muxtar Respublika ərazisində “Əshabi-Kəhf” ziyarətgahına hər il minlərlə zəvvar gəlir. Respulikanın müxtəlif yerlərində bir sıra ziyarətgahlar, pirlər, türbələr, qədim məscidlər və s. saxlanılır.

Ordubad, Muxtar Respublikanın 2-ci böyük şəhəridir. Şəhər 1300 il öncə salınmışdır. “Ordu şəhəri” mənasındadır. Rayon ərazisində meyvə bağları üstünlük təşkil edir. Ona görə də Ordubadı bağlar diyarı adlandırırlar. Şəhər ərazisində və kəndlərdə çoxsaylı tarixi-memarlıq abidələri vardır. Serşəhər məscidi, Eyvaz məqbərəsi, Ordubad “Qeysəriyyəsi”- gümbəzli, qapalı ticarət kompleksi(XIX əsr), mədrəsə(XVIII əsr) bu günə qədər qorunub saxlanılmışdır. Əlincə çayı yaxınlığında, dağın zirvəsində ucalan “Əlincə” qalası böyük maraq doğurur. Qədim Azərbaycan dövləti olan Eldəgizlərin xəzinəsi məhz bu qalada saxlanılırmış.

Tarixi – memarlıq abidələri sırasında Ordubad və Culfa rayonlarındakı məqbərələri(XII_XIV əsrlər), qədim Gilan şəhərinin xarabalıqları, onun qala divarlarının qalıqları və başqa bu kimi qədim tikililəri qeyd etmək olar.

Naxçıvan – Əcəmi Əbubəkr oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, akademik Yusif Məmmədəliyev kimi dahilərin və nəhayət, ümummilli liderimiz Heydər Əliyevin vətənidir.

Naxçıvan Muxtar Respublikası mineral bulaqlarla zəngindir. Bu sular arasında Badamlı və Sirab daha məşhurdur. Onlar insan orqanizminə xüsusi faydası ilə seçilir.

Respublikanın ən gözəl guşələrindən biri Batabatdır. Batabat gölü sahillərində müasir tələblərə uyğun istirahər mərkəzləri, otellər, pansionatlar yaradılır.

Naxçıvan şəhərində və digər şəhərlərdə bir sıra yeni, müasir tipli otellər tikilərək istifadəyə verilmişdir. Bu əlbəttə ki, burada turizmin inkişafına öz təsirini göstərir.




Ölkədə bu sahədə ixtisaslı kadrların yetişdirilməsi

turizmin inkişafı üçün bir perspektiv ola bilərmi ?
Hazırda dünya turizm bazarı çox yüksək dərəcədə rəqabətlə xarakterizə olunur ki, bu rəqabətdə qalib gəlməyin əsas vasitələrindən biri turizm xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Turizm xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə səyahətlərin təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən turistlərin keçdikləri, onların həyat və sağlamlığı üçün yüksək təhlükəli marşrutla əlaqədar təlimatçı bələdçilərin fəaliyyətinin standartlaşdırılması aparılmalıdır. Elə bu məqsədlə Azərbaycan Respublikasında vahid mədəni-informasiya məkanının möhkəmləndirilməsi, o cümlədən yerli və xarici turistlərə ölkəmizin maddi və mənəvi sərvətləri, onun tarixi və mədəni irsi, həmçinin müasir dünyada turizmin yeri və rolu haqqında tam və dolğun informasiyanın çatdırılması üçün ekskursiya rəhbərlərinin, bələdçilərin və bələdçi-tərcüməçilərin fəaliyyətinin standartlaşdırılması aparılmalıdır.

Turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi problemi kompleks xarakter daşıdığı üçün həm mehmanxanaların və digər yerləşmə vasitələrinin kateqoriyaları sisteminin təkmilləşdirilməsi, çimərliklərin və dağ-xizək enişlərinin təsnifatı sisteminin tətbiqi, xidmətin peşə standartlarının hazılanması, həm də işəgötürənlərin tələblərinə cavab verən təhsil standartlarının hazırlanması və turizm sənayesində çalışan kadrların peşə hazırlığı səviyyəsinin artırılması, onların yenidən hazırlanması yolu ilə həll edilməlidir. Bu ölkə Prezidentinin yeni iş yerləri yaradılması, həmçinin əhaliyə göstərilən xidmətlərin sayının və keyfiyyətinin artırılması sahəsindəki tövsiyələrinə tam uyğundur.

Turizm təhsilini təkmilləşdirmək üçün sənayenin tələbatına cavab verən və ixtisas fənnlərinin, eləcə də təcrübə məşğələlərinin həcminin əhəmiyyətli dərəcədə artırılması yolu ilə mövcud təhsil standartlarında təshihlər edilməli və yeniləri yardılmalıdır. Fikrimcə, bu zaman müəllim heyətinin tərkibi turizm sənayesində çalışanların cəlb edilməsi yolu ilə əhəmiyyətli dərəcədə dəyişdirilməlidir. Sənayedən dəvət olunmuş mütəxəssislərə bir qayda olaraq ixtisas fənnləri həvalə edilməlidir.

Turizm və mehmanxana biznesi işçilərinin ixtisaslarının artırılması üçün şərait yaradılması məqsədilə, həmçinin praktiki fəaliyyətin ən aktual məsələləri üzrə ixtisas artırma kurslarının keçirilməsi üçün mövcud təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi yaxın illərin əsas vəzifəsi olmalıdır. Bundan əlavə, həmin təhsil müəssisələri turizm sənayesində işə başlayan mütəxəssislərin yenidən hazırlanması ilə məşğul olmalı və bu zaman həm baza nəzəri biliklər, həm də praktiki vərdişlər tədris olunmalıdır.

Personalın ixtisasının artırılması əsas işdən ayrılmadan, mehmanxana və firma daxili müntəzəm treninqlər yolu ilə həyata keçirilməlidir. Ixtisasartırmanın məhz bu sistemi turizmin inkişafında uğurlar qazanmış xarici ölkələrdə yüksək səmərəliliyini göstərmişdir. Yüksək idarəetmə menecerləri üçün ixtisasartırmanın məqsədə müvafiq forması ixtisaslaşdırılmış proqramlar, o cümlədən xaricdə stajkeçmənin təşkili ola bilər.

Turizmdə xidmət edən əlaqəli sahələr üçün kadr hazırlığı məqsədilə xüsusi təhsil proqramları və uyğun standartlar hazırlanmalıdır. Mütəxəssis hazırlığı istiqamətini müəyyənləşdirmək üçün məzunlara olan tələbatın müntəzəm monitorinqi aparılmalıdır.

Turizm sənayesi üçün kadr hazırlayan tədris müəssisələri üçün meyarlar hazırlanmalı və reytinq qiymətləndirmə sistemi tətbiq ediməlidir. Bu, gəncləri turizm sənayesi üçün təhsil xidmətləri bazarı haqqında müfəssəl informasiya ilə təmin etməyə imkan verər.

Və bütün bunlardan sonra demək olar ki, ölkədə bu sahədə ixtisaslı kadrların yetişdirilməsi turizmin inkişafı üçün böyük bir perspektivdir. 2006-cı ildən fəaliyyətə başlamış Azərbaycan Turizm İnstitutu gələcəkdə bu sahənin inkişafına təsir göstərə biləcək, ixtisaslı, bacarıqlı kadrlar yetişdirir. Bu təhsil ocağında tələbələrə müxtəlif ölkələrin, xalqların mədəniyyətləri, müxtəlif dünya dilləri, dinləri və s. mənimsədilir. Bu da əlbəttə ki, turizmdə böyük əhəmiyyətə malik elementdir.


Nəticə və təkliflər
Gündən – günə sürətlə inkişaf edən Turizm sənayesi yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Bu turizmin müasir inkişaf mərhələsi üçün daha xarakterikdir. Turizm nəinki səyahətlərin praktiki reallaşdırılması sahəsidir, o həmçinin xüsusi biliklər sahəsinə, yəni nəzəri fəaliyyət sahəsinə çevrilməkdədir.

Turizm istiqamətli ölkə kimi Azərbaycanın daxili və beynəlxalq turizm bazarlarında təbliği mexanizmi kimi dövlətin həyata keçirdiyi və həm istehlakçıya, həm də turizm sənayesinə yönəlmiş aşağıdakı tədbirlər ola bilər:





  • İri beynəlxalq turizm və digər sərgilərdə vahid milli Azərbaycan stendi ilə iştirak;

  • Azərbaycan Respublikasında keçirilən turizm sərgisinin dünyanın iri turizm sərgilərindən birinə çevirmək üçün yardım etmək;

  • Gəlmə və daxili turist axınını artırmaq və Azərbaycan Respublikasının turizmə yararlı imicini yaratmaq üçün beynəlxalq və daxili bazarlarda milli turizm məhsulunun təbliği;

  • Qeyri-kommersiya xarakterli reklam-informasiya, çap və digər məhsullarının hazırlanması və onun iri beynəlxalq turizm sərgilərində, həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklər, o cümlədən turizmi idarə edən orqan(Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən yaradılacaq xarici nümayəndəliklər vasitəsi ilə yayılması;

  • Qlobal internet şəbəkəsində Azərbaycan Respublikasının cəlbedici turizm istiqaməti haqqında informasiyanın yayılması;

  • Digər işlərin yerinə yetirilməsi, məsələn: ölkədə keçirilən festival və digər hadisələrlə bağlı tədbirlərin informasiya dəstəyi, Azərbaycanın yeni turizm istiqamətlərinin xarici ölkələrdə təqdimatının təşkili, xarici və yerli KİV-lər üçün info-turların təşkili, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa əsaslanan beynəlxalq konfrans, simpozium, konqres və digər bu kimi tədbirlərin keçirilməsi, həmçinin iri hökumətlərarası təşkilatlarla əməkdaşlıq etmək.

Dövlət reklam-informasiya strategiyasının həyata keçirilməsi təcrübəsi göstərir ki, turizm məhsulu mütləq diversifikasiya olunmalıdır: yəni, ənənəvi turizm təklifi ilə yanaşı yeni turizm məhsullarının nümayişi təşkil edilməli, milli adət-ənənələr, istehsal və sənətkarlıq, yeni muzey və ekspozisiyalar, haidsələrlə bağlı tədbirlər və turizm xidmətləri haqqında daha geniş informasiya yayılmalıdır.

Bütün bunlar isə gəlmə və daxili turizmin inkişafına yardım məqsədilə ölkənin müsbət imicinin formalaşmasına istiqamətlənmiş uzunmüddətli informasiya kampaniyasının hazırlanmasını tələb edir.



Azərbaycan Respublikasının malik olduğu potensial imkanlar bugünkü gündə turizmin bir çox növlərinin inkişaf etdirilməsi üçün şərait yaradır. Fikrimcə, Azərbaycan Respublikasında yaxın gələcəkdə turizmin aşağıdakı növlərinin təşkili perspektivi gerçəkləşə bilər:


  • dağ-xizək;

  • motoxizək;

  • qolf;

  • müalicəvi-balneoloji;

  • balıq ovu (o cümlədən, çayda, göldə, dənizdə, qış vaxtı sualtı);

  • ovçuluq (ələlxüsus Qafqaz dağ keçisi ovu);

  • etnoqrafik (alman və yahudi icmalarına baş çəkmə, Azərbaycanın azsaylı xalqlarının mədəniyyəti və məişəti ilə tanışlıq);

  • tarixi-arxeoloji (Qobustan, Azix mağarası);

  • elmi-vulkanoloji;

  • konqres (hidrometeoroloji, seysmik, ekologiya, balıqçılıq, neft hasilatı, kənd təsərrüfatı, geosiyasət, pedaqogika, etnoqrafiya və Azərbaycan Respublikasında müəssisə və yüksək səviyyəli kadrlarla təmsil olunmuş çoxsaylı qonşu mövzular üzrə);

  • elmi-sualtı (nadir dəniz flora və faunası ilə tanışlıq);

  • adları çəkilənlərə yaxın digər səyahətlər.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə