Azərbaycan XIV əsrin II yarısı XV əsrin əvvəllərində. Hürufilər hərəkatı




Yüklə 49.09 Kb.
tarix12.03.2016
ölçüsü49.09 Kb.
Azərbaycan XIV əsrin II yarısı XV əsrin əvvəllərində. Hürufilər hərəkatı.

XIV əsrin II yarısı Azərbaycan ərazisində mövcud olmuş Hülakülər (Elxanilər) dövləti artıq 1357-ci ildə Çobanilərin başçılığı altında süquta uğradı.1340-cı ildə Cəlairi dövlətinin əsası qoyuldu. Bu dövrdə Azərbaycan ərazisində Şirvanahlar dövləti də mövcud idi. Şirvanşah Kavusun ölümündən sonra 1382-ci ildə onun ikinci oğlu I İbrahim hakimiyyətə gəldi. Görkəmli dövlət xadimi I İbrahim Şirvanı yadelli işğalçıların talanından qorumağa və onun istiqlaliyyətini təmin etməyə çalışırdı. I İbrahim xarici siyasi vəziyyəti və qüvvələrin real nisbətini dürüst qiymətləndirərək özündən güclü düşmənlərlə silahlı toqquşmalara girişmir, çox hallarda bir işğalçıdan digər işğalçıya qarşı mübarizədə istifadə edirdi. Hətta bu və ya digər işğalçının hakimiyyətini qəbul etməyə məcbur olduqda belə, Şirvanın müstəqilliyini qoruyub saxlamağa çalışırdı; bununla da o, öz dövlətini möhkəmlətməyə nail ola bilirdi. I İbrahim öz sinfi mənsəbinə sadiq qalaraq feodalların mənafeyini müdafiə etsə də, onun yeritdiyi siyasətin obyektiv mütərəqqi cəhətləri əhalinin müxtəlif təbəqələri tərəfindən müdafiə olunurdu.

Teymurun yaxın şərq ölkələrinə yürüşləri Şirvanşahlar dövlətini təhlükə qarşısında qoydu. Fövqəladə hərbi qüdrətə malik Teymurla qarşı-qarşıya durmağın səmərəszliyini duyan mahir diplomat I İbrahim 1386-cı ildə qiymətli hədiyyələrlə onun hüzuruna Qarabağa getdi və öz itaətini bildirdi. Bununla da İbrahim bir tərəfdən Şirvanı Teymurun qarətçi hücumlarından xilas edə bildisə, digər tərəfdən Qızıl Orda xanı Toxtamışa qarşı özünə müttəfiq və möhkəm dayaq yaratmış oldu. Teymur Şeyx İbrahimi Şirvanın hakimi kimi tanıdı. İbrahimin siyasəti Şirvanşahlar dövlətini iqtisadi, siyasi və hərbi baxımdan qüvvətləndirdi. 1395-ci ildə Teymur Dərbənddən Qızıl Ordaya hücum etdi. Şirvanşah I İbrahimin və Marağa hakimi Yadigar şahın iştirak etdiyi bu yürüşdən qələbə ilə qayıdan Teymur Dərbəndin mühafizə istehkamlarını daha da möhkəmlətdi və şimal sərhədlərinin mühafizəsini Şeyx İbrahimə tapşırdı. Şeyx İbrahim Azərbaycanın və eləcə də, Ön Qafqazın bir sıra vilayət hakimləri, o cümlədən Şəki hakimi Seyid Əhməd ilə Teymurun arasında ittifaq yaranmasına və beləliklə də həmin ərazidə vəziyyətin nizamlanmasına nail oldu. Teymurun Səmərqəndə qayıtması və 1405-ci ildə vəfatından sonra Şeyx İbrahim Azərbaycanda hakimiyyət sürən Teymurilərlə siyasətində yeni xətt tutdu.

Hürufilik – şiəlikdə təriqətdir. Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yaranmağa başladı. Hürufilik təliminin banisi Şeyx Fəzlullah Cəlaləddin Nəimi idi. O, özünün dünyagörüşü, fəlsəfi təlimi və bədii yaradıcılığı ilə Azərbaycan sosial-fəlsəfi və bədii fikri zəminində yetişmişdi.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdı. Hürufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Buna görə hürufilər Allahın Nəimidə təcəssüm etdiyinə inanırdılar. Həmin təlimə əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi mənəvi təkamül vasitəsilə inkişaf etdirir və allah dərəcəsinə yüksəlir. Hürufilər deyirdilər ki, hökmdarlar və din-şəriət xadimləri ədalətsiz, qaniçən və riyakardırlar.

Hürufilərdə Allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Hürufiliyə görə fars dilində 32 hərf əsas götürülür. Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirlərini açmağın mümkün olduğunu qeyd edirlər.
-18-

Hürufilərə görə Allahın yaratdığı dünya daim dövr edir və bu, görünən dəyişiliklərin səbəbidir.

Bu cərəyanın iştirakçıları istilaçılar tərəfindən amansızcasına təqib olunurdular. Fəzlullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə Miranşah tərəfindən həbsə alınaraq Naxçıvandakı Əlincə qalasına aparılır və orada dəhşətli şəkildə edam edilir. Məşhur Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi də bu hərəkatın fəal üzvlərindən biri olmuşdur.

-19-

XV əsr. Azərbaycanda feodal dövlətləri : Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular.

Qaraqoyunlu dövləti - Qaraqoyunlular XV əsrin sonlarına yaxın Şərqi Anadoluda bəylik yaradırlar. Bu bəyliyi yaradan Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Bir müddət keçdikdən sonra Qaraqoyunlu tayfa başçıları və Cəlairilər arasında gedən mübarizə nəticəsində bu bəylik zəifləyir. Bayram Xocanın ölümündən sonra oğlu Qara Məhəmməd Cəlairilərlə münasibətləri yaxşılaşdıraraq onlarla qohum oldu. Qara Məhəmməd vəziyyətdən yaxşı istifadə edir və tayfaların əksəriyyətini öz ətrafında birləşdirərək mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur.

1385-ci ildə Qara Məhəmməd daha güclü iki rəqiblə üzləşir. Bunlardan biri hələ əzəldən Qaraqoyunluların düşməni olan Ağqoyunlu tayfaları, digəri isə Teymur idi.

1387-ci ilin yazında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə Ərzurum-Çapaqçur yürüşünə çıxır. Qara Məhəmməd Çapaqçur dərəsinə Əmir Teymurdan tez çatıb, burada olan bütün sərt və əhəmiyyətli keçidləri tutur. Qara Məhəmməd əsgərləri ilə birlikdə igidlik göstərərək Teymurun qüvvələrini geri çəkilməyə məcbur edir.

Qara Məhəmməd və oğlu Bayram Qara Pirhəsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirilirlər. Mənbələrin göstərdiyinə görə Qara Pirhəsənin babası Hüseynbəy də Bayram Xocanı qətlə yetirmişdir. Pirhəsən ilə mübarizəni Qara Məhəmmədin oğlu Misir Xoca davam etdirməli idi. Lakin Misir Xocanın və digər Qaraqoyunlu tayfa başçılarının razılığı ilə Qara Yusif tayfa ittifaqına başçılıq edir.

1408-ci ildə Sərdrud adlı yerdə Qaraqoyunlular Teymuriləri məğlub etdilər. Bu döyüşdə Miranşah da öldürüldü. Qara yusifin bu qələbəsinin Azərbaycan üçün çox mühüm tarixi əhəmiyyəti oldu. Azərbaycanda Teymuri ağalığına son qoyuldu.

Qara Yusif Azərbaycanın şimal hissəsini də özünə tabe etməklə vahid Azərbaycan dövləti- Qaraqoyunlu dövləti yaratmaq istəyirdi. Şəki və Şirvan yürüşləri də bunu sübut edirdi. Bütün bunlar Sultan Əhməd Cəlairini qorxuya salırdı və nəticədə onun Qara Yusiflə münasibətləri pozuldu. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusif keçmiş müttəfiqi Sultan Əhmədin qoşunlarını darmadağın etdi. Qara Yusif Sultan Əhməddən Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqında yazılı iltizam alır və onu hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkməyə məcbur edir. Ertəsi gün Sultan Əhmədi edam etdirir. Beləliklə Cəlairilərin hakimiyyətinə son qoyulur. Qara Yusif bu qələbədən sonra oğlu Pirbudağı Sultan təyin edir. Beləliklə Qara Yusifin səyi nəticəsində Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Bu dövlətin tərkibinə Azərbaycanın Kürdən cənubdakı ərazisi, Ermənistan, Anadolunun şərq vilayətləri, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq-i Ərəb daxil idi. Təbriz Qaraqoyunlu dövlətinin paytaxtı oldu.

1450-ci illərin sonlarında Ağqoyunlu əmiri Uzun Həsən daha fəal siyasət yeridirdi. O, Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirdi. Cahanşah 1467-ci ildə Uzun Həsənə qarşı hərbi yürüş etdi. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlu qoşunu məğlub oldu, Cahanşah isə öldürüldü. Bu məğlubiyyətdən sonra Qaraqoyunlular bir daha öz qüvvələrini bərpa edə bilmədilər. Uzun Həsənin Təbriz şəhərini tutması ilə Azərbaycanda Qaraqoyunlu hakimiyyətinə son qoyuldu, onu Azərbaycan Ağqoyunlu dövləti əvəz etdi.

Ağqoyunlu dövləti – Azərbaycan tarixində Ağqoyunlu dövlətinin xüsusi yeri var. Ağqoyunlular həmçinin Azərbaycan xalqının təşəkkülündə də mühüm yer tutmuşdular.

-20-

Onlar hələ erkən orta əsrlərdən Şərqi Anadoluda, İranın qərbində, həmçinin indiki İraq torpaqlarında məskunlaşmışlar. Qaraqoyunlulardan fərqli onlar bayraqlarında ağ qoçun şəklini rəsm etmişdilər. Urfa, Mardin, Qarabağ, Göyçə gölü ətrafı, Alagöz yaylaqları Ağqoyunlu tayfalarının məskənləri idi. Ağqoyunlu ittifaqı Osmanlı imperiyası ilə həmsərhəd idi. Bu dirçəliş Osmanlı sultanını narahat edir. Ağqoyunlular vəziyyətdən çıxış yolunu Teymurilərlə birləşməkdə görürlər. Teymurun İldırım Bəyazid üzərinə yürüşü zamanı Ağqoyunlular onlara kömək edirdilər. 1405-ci ildə Teymurun ölümündən sonra Osmanlılar Ağqoyunlular üçün təhlükəli rəqib kimi qalırdılar.

Uzun Həsənin əsas məqsədi mərkəzləşmiş Azərbaycan Ağqoyunlu dövlətini yaratmaq idi. Uzun Həsən fəal xarici siyasət yürüdürdü. Bu işdə ona anası, Azərbaycanın ilk diplomat qadını Sara xatun böyük kömək etmişdir.

Uzun Həsən 1468-ci ildə heç bir müqavimətə rast gəlmədən Azərbaycanın cənubunu, Qarabağı tutdu. 1468-ci ilin payızında Əbu Səidin qoşunları Cənubi və Şimali Azərbaycanın bəzi hissələrində məskunlaşmışdılar. Uzun Həsən isə Şirvanşah Fərrux Yasar və Səfəvilərin Ərdəbil hakimi Şeyx Heydərlə ittifaq bağlayır. Vəziyyətin ağırlaşacağını görən Əbu Səid sülh təklif edir, Uzun Həsən isə bunu qəbul etmir. Ağqoyunlular onları məğlub edirlər.

Osmanlı Fateh Sultan II Mehmet Ön Qafqazı, Azərbaycanı tutmağa cəhd edirdi. Uzun Həsən Osmanlılardan can qurtarmaq istəyən Avropa dövlətlərinin birliyinə ümid bəsləyir. Çünki Avropa dövlətləri II Mehmetin gömrük siyasətindən ziyan çəkirdilər. Onlar iki türk dövlətinin birləşməsini istəmirdilər. Uzun Həsən özü də Türkiyəsiz ticarət etmək istəyirdi. Beləliklə XV əsrin iki böyük türk sərkərdəsi üz-üzə gəlirlər, 1473-cü il avqustun 1-də Malatya döyüşü baş verir. Döyüşdə Ağqoyunlular qalib gəlir. Lakin nəticə etibarilə Uzun Həsənin ümumi əməliyyatları uğursuz olur.

1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşü baş verir. Döyüşdə bütün üstünlüklər ağqoyunlularda idi. Lakin odlu silahın olmaması Ağqoyunluların məğlubiyyətinə səbəb oldu. Bu döyüşdən sonra Uzun Həsən Avropa dövlətləri ilə əlaqəni daha da möhkəmləndirdi.

Uzun Həsən iqtisadi sahədə yaddaqalan tədbirlər həyata keçirdi, daxili siyasətində dövləti möhkəmləndirmək,özbaşına hərbi feodalları cəzalandırmaq, rəiyyətin vergilərini nizama salmaq üçün xüsusi "Qanunnamə" verdi.

Uzun Həsən həmçinin Şirvanşah Fərrux Yasar və Səfəvi Şeyx Heydərlə dostluq etmiş, öz qızını Şeyx Heydərə ərə vermiş, bu izdivacdan sonralar qüdrətli Səfəvi dövlətinin banisi I Şah İsmayıl Xətai doğulmuşdur.

Uzun Həsən 1478-ci ilin yanvarında Gürcüstana səfərə hazırlaşərkən vəfat etmişdir.

1499-cu ildə Ağqoyunlu dövləti Əlvənd Mirzə və Murad Mirzə arasında iki hissəyə bölündü, 2 ildən sonra isə öz yerini Səfəvi dövlətinə verdi və süqut etdi.



-21-

Səfəvilər dövlətinin yaranması və yüksəlişi (XVI əsr).

Azərbaycanın XV əsr tarixinin siyasi xəritəsində Səfəvilərin Ərdəbil hökmranlığı ayrıca yer tutur. XIII yüzillikdə Monqolların istilası zamanı işğal edilmiş ərazilərdə kortəbii şəkildə sufi-dərviş təriqəti (orden və ya məktəb) yaranırdı. Bu təriqət birlikləri sənətkar və kəndlilər arasında geniş yayılmışdı. Belə təriqət birliklərindən biri Ərdəbil şəhərində Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl-Ərdəbili tərəfindən yaradılmışdır.

Rəvayyətə görə, Şeyx Səfiəddin yeddinci şiə imamı Musa Kazımın iyirimi birinci nəsildən olan törəməsidir, bu da bilavasitə Həzrət Əlinin və peyğəmbərin qızı Fatimənin iyirmi altıncı nəslidir.

Şeyx Cüneydin oğlu Şeyx Heydər atasının siyasətini davam etdirir. Onun vaxtında Səfəvilərin Ərdəbil hakimiyyətinin sərhədləri genişlənir.

1488-ci il iyunun 9-da Şahdağın ətəyində Tabasaranda Səfəvilər Şirvanşahlarla Ağqoyunluların birləşmiş qoşununa məğlub olurlar. Hər iki tərəf böyük itki verir. Şeyx Heydər öldürülür. Səfəvilərin niyyəti baş tutmur, Səfəvilərin Ərdəbil hakimliyi zəifləyir. Əvəzində Sultan Yaqub Səfəvilərin Ərdəbil daxil olmaqla bir sıra torpaqlarını tutur. Ən dəhşətlisi bu idi ki, Sultan öz bacısı Aləmşah bəyimi, onun üç oğlunu – Sultanəlini, İbrahimi və 2 yaşlı İsmayılı həbs etdirib, Şiraz yaxınlığındakı İstəxr qalasına saldırır.

Tədqiqatçı alim İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür:

1-ci dövr - XIII yüzilliyin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə çalışırlar. Səfilərin hakimiyyəti Ərdəbildən kənara çıxmır.

2-ci dövr – 1447-1501-ci illər. Bu dövrdə müstəqil ruhani feodallar olan Səfəvilər Azərbaycanın siyasi həyatında qabaqcıl yer tutmağa can atırlar.

3-cü dövr - 1501-1587-ci illər. Artıq Səfəvilərin hakimiyyəti Ərdəbildən çıxaraq bütün Azərbaycana yayılır, onun iqtisadi-siyasi, mədəni həyatında mühüm rol oynayır.

4-cü dövr – 1587-1736-cı illəri əhatə edir və bu dövrdə artıq dövlətin paytaxtı Təbrizdən İsfahana köçürülür, hətta onun mahiyyəti də dəyişir. Beləliklə, Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədərki dövrdür.

Şeyx Heydərin oğlu İsmayıl 1500-cü ilin Cabanı döyüşündə Şirvanşah Fərrux Yasara, 1501-ci ilin ortalarında Şərur düzündə Əlvənd Mirzəyə qalib gələrək payızda özünü şah elan edir,1503-cü il iyunun 21-də Almaqulağı adlanan yerdə Murad Mirzəyə qalib gələrək Ağqoyunlu dövlətinin varlığına son qoyur.

I Şah İsmayılın məqsədi Azərbaycanı Şərqdə mərkəzləşdirilmiş bir dövlət kimi tanıtmaq idi. Bu işdə o, doğrudan da şiə təriqətindən istifadə edirdi. O, bütün müsəlman şiəsinin dini başçısı və dini himayəçisi idi.

1510-cu ildə Şah İsmayıl ilə Şeybani xan arasında döyüş baş verir. Özbəklər məğlub olur, Şeybani xan öldürülür. Şah İsmayıl Mərv qələbəsi ilə çoxdan arzuladığı bir hakimiyyətə sahib oldu. Bu qələbə Amudəryaya qədər olan bütün Xorasanı İsmayılın hakimiyyəti altına saldı.

Hələ 1504-cü ildə Şah İsmayıl Osmanlılarla dostluq əlaqələri yaratsa da, onlara müqavimət göstərməyin yersiz olduğunu başa düşürdü. Ona görə də Avropa ölkələri ilə gizli əlaqələr yaratmağa səy göstərirdi. Lakin Bəyaziddən sonra hakimiyyətə gələn I Sultan Səlim Şah İsmayılla daim düşmənçilik əhval-ruhiyyəsində olmuşdur. Belə bir vəziyyət iki türk sultanını Çaldıran savaşına gətirib çıxartdı. Qüvvələr nisbəti qeyri-bərabər idi.


-22-

Çaldıran döyüşü 1514-cü il avqustun 23-də Maku yaxınlığında baş verir. Osmanlı

türkləri həm say, həm də odlu silahın olmasına görə Səfəvilərdən fərqlənirdi. Belə ki, bu döyüşdə Səfəvilər məğlub olurlar.

I Şah İsmayıl 1524-cü il mayın 23-də 37 yaşında ölür. Bundan sonra Səfəvilərdə hakimiyyət uğrunda Qızılbaş əmirləri arasında mübarizə başlayır. I Şah İsmayılın oğlu 10 yaşlı Təhmasibi hakimiyyətə gətirmək uğrunda mübarizədə Div Sultan Rumlu qalib gəlir. Sultan Süleyman Təhmasibi şah kimi qəbul etmək istəmir, şərqdə Ərəb İraqını məhv etməkdə səfəviləri özünə bir mane hesab edirdi.

1555-ci ildə Amasiyada Səfəvi şahı ilə Osmanlı sultanı arasında sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə Səfəvilər bütün Azərbaycanı, habelə Şərqi Gürcüstanı və indiki Ermənistanı əlində saxladı. Qərbi Gürcüstan isə Osmanlı hakimiyyətinə keçdi.

Azərbaycan Səfəvilər dövləti Osmanlıların hücumlarını dəf etmək üçün “yandırılmış torpaq” taktikasından çox gözəl istifadə edirdi. Səfəvi süvariləri düşmən ordusuna qarşı manevr döyüşləri də keçirirdi. Düşməni susdurmaq üçün qəfil hücumlar etmək də onlara məxsus cəhət idi.

1578-ci ildə Çıldır döyüşü baş verdi. Türklərin 100 minlik qoşununa qarşı Səfəvilər çox az qüvvə çıxarmışdılar. Səfəvilərin bu döyüşdəki məğlubiyyətinin əsas səbəblərindən biri də onların birləşməməsi idi.

1590-cı ildə Səfəvilər və Osmanlılar arasında İstanbul sülhü imzalanır. İstanbul sülhünün şərtləri Səfəvilər üçün ağır olsa da, I Şah Abbas yerdə qalan əraziləri əldə saxlamaq üçün barışığa razı olur.

Beləliklə, Azərbaycanda baş verən uzunmüddətli müharibə ölkədə dağıntıya səbəb olmuş, iqtisadiyyata külli miqdarda ziyan vurmuşdu. Ölkə daxilində feodal əyanların tərkibi həm seyrəlmiş, həm zəifləmişdi. Onlar ölkənin hər yerində öz hakim mövqelərini saxlaya bilmədilər. Azərbaycan Səfəvilər dövləti süquta uğradı.

-23-

Mövzu 10

Azərbaycan XVII əsr – XVIII əsrin I yarısında.

XVI əsrin 90-cı illərində Şərqi Anadoluda geniş vüsət alan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində bütün Azərbaycana və qonşu ölkələrə yayıldı. İlk böyük çıxışlar 1591-ci ildə Təbriz əhalisinin narazı Osmanlı qarnizonun bir hissəsinin iştirakı ilə olan üsyanı idi.

Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Koroğlu haqqındakı əfsanələrdə Naxçıvan, Salmas, Xoy Koroğlunun məskənləri kimi verilir. Onun iqamətgahı olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Onun əfsanələşməsinin, məşhurlaşmasının əsas səbəbi yadellilərin təzyiqinə,feodalların, varlı tacirlərin,sələmçilərin istismarına qarşı barışmaz mübarizə aparan xalq kütləsinin hədsiz məhəbbətini, rəğbətini qazanması idi.

1587-ci ildə I Şah Abbas hakimiyyətə gəldikdən sonra Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi. Qızılbaş əyanlarının əvvəlki hərbi qüdrəti bir qədər zəiflədi. Onların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi, qoşuna daxil olmaq hüququ iranlılara verildi. O, tayfa başçılarının irsi vəzifə tutmaq hüququnu əllərindən aldı. Qoşunun komplektləşdirilməsi qaydası həyata keçirildi. Səfəvi dövlətinin dayağı olan azərbaycanlı tayfa birliyinin əsasları sarsıdıldı.

Paytaxtın Qəzvindən İsfahana köçürülməsi (1598-ci il) Səfəvilərdə İran etnik ünsürlərin gücləndirilməsi demək idi.

Məhəmməd Xüdabəndənin dövründə 1578-1587-ci illərdə Səfəvi-Osmanlı münasibətləri gərgin olaraq qalırdı. Dağıdıcı müharibələr həm xalqı, həm ölkəni pis günə qoymuşdu.

Şah Abbas vəziyyətdən çıxış yolunu Osmanlılarla müvəqqəti də olsa sülh bağlamaqda gördü. 1590-cı ildə İstanbulda Səfəvi-Osmanlı müqaviləsi imzalandı.

1618-ci ildə Mərənddə Xəlil paşa və Şah Abbas arasında sülh müqaviləsi bağlandı.

1638-ci ildə Bağdad Türkiyənin əlinə keçir. Sultan Muradın Bağdadı tutması nəticəsində Osmanlı-Səfəvi müharibəsi başa çatır. Osmanlı sultanının sülh təklifi I Şah Səfi tərəfindən qəbul olunur.

1639-cu il mayın 17-də Qəsri-Şirində Osmanlı-Səfəvi arasında 1612-ci il Sərab sülhünü təsdiq edən müqavilə imzalanır. Müqaviləyə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu.

Bu dövrlərdə aşağıdakı feodal-torpaq mülkiyyəti formaları var idi:


  1. Dövlət torpaqları – divani

  2. Şah nəslinə mənsub torpaqlar – xassə

  3. Hərbi və mülki bürokratiyaya verilən soyurqal, tiyul torpaqlar

  4. Dini-vəqf torpaqları

  5. Xüsusi sahibkar əmlakı – mülk torpaqları

  6. Camaat torpaqları

XVII əsrdə əsas pul vahidi dinar idi. I Abbas isə dövriyyəyə buraxdığı pulu “Abbası” adlandırdı. Onun çəkisi iki misqal təmiz qızıl, qiyməti 200 dinar idi. Onun tərkibində mis də vardı.

XVI – XVII əsrlərdə əsərləri məktəbdə elm kimi tədris olunan filosof Xacə Nəsrəddin Tusini göstərmək olar.



-24-

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


AZƏRBAYCAN TARİXİ

(Ali məktəblər üçün dərslik)


İSMAYIL MƏMMƏDOV

Bakı - 2005


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə