Azərbaycan Respulikasi Təhsil Nazirliyi




Yüklə 273.06 Kb.
səhifə1/3
tarix29.02.2016
ölçüsü273.06 Kb.
  1   2   3
Azərbaycan Respulikasi Təhsil Nazirliyi

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin

əyani şöbə üzrə III kurs 1040-cı qrup tələbəsi

Bayramova Aydan İlqar qızının Yaxın və Orta

Şərq ölkələri tarixi fənnindən

NADİR ŞAHIN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ “

mövzusunda

KURS İŞİ

Kafedra:Asiya və Afrika ölkələri tarixi

Kafedra müdiri : prof. Sofiyev Məhəd

Elmi rəhbər : Əmirov İsrail



BAKI – 2012



NADİR ŞAH ƏFŞAR (1688-1747)



Əfşarlar sülaləsinin bayrağı.XVIII əsr



Nadir şahın yaratmış olduğu Əfşarlar imperiyası . XVIII əsr

M ö v z u : “ Nadir şahın daxili və xarici siyasəti ”

P l a n :

I.Səfəvilər dövlətinin tənəzzülü və Nadir şahın hakimiyyət uğrunda mübarizəsi

II.Nadir şahın daxili siyasəti

III.Nadir şahın xarici siyasəti

GİRİŞ


Nadir şahın istedadlı bir sərkərdə, bir fateh olaraq hələ sağlığından həm Qərb,həm də Şərq tarixçilərinin diqqətini cəlb etdiyi, indiyədək onun barəsində ən müxtəlif xalqlardan olan müəlliflərin ciddi əsərlər yazdığı bizə məlumdur.Bu məlumatlarla, gətirilən faktlarla, müəlliflərin mənşəyi və tutmuş olduqları mövqe ilə tanış olduqdan sonra bizə həmin məlumatları təhlil etmək və düzgün nəticə çıxarmaq qalır.

Bu mövzuya müraciət etməyimizin səbəbi Nadir şahın siyasi fəaliyyətinin öyrənilməsi onun yaratmış olduğu dövlətin tərkibinə daxil olan ərazilərin, xüsusilə, Azərbaycan və İran dövlətlərinin və eləcə də,burada yaşayan xalqların tarixinin müvafiq mərhələsinin daha ətraflı öyrənilməsində böyük əhəmiyyət kəsb etməsi ilə bağlıdır.Çünki Nadir şahın dövründə həmin ərazilərdə son dərəcə ciddi və dinamik proseslər getmişdir.Digər tərəfdən, Nadir şahın daxili və xarici siyasətinin öyrənilməsi onun qurduğu imperiyanın dövlət quruluşu, etnik tərkibi, siyasi əlaqələri haqqında məlumat əldə etməyə imkan verir ki, bu da müvafiq dövrün dövlətçilik xüsusiyyətləri ilə daha yaxından tanış olmağa şərait yaradır.

Nadir şahın oğuz-türkmənlərin bir qolu olan əfşarlardan olması da bu şəxsə, onun siyasi fəaliyyətinə olan marağı daha da artırır.XVIII əsrdə böyük bir imperiya yaratmağa nail olması da türk dövlətçilik ənənələrinin öyrənilməsində ayrıca bir səhifə təşkil edir.

Nadir şahla bağlı bu kurs işini yazarkən sırf Nadir şahın həyat və fəaliyyətinə həsr olunmuş monoqrafiyalarla yanaşı, Azərbaycan və İran tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsərlərə və müxtəlif hadisələrlə əlaqədar Nadir şahın da fəaliyyətinə toxunan əsərlərə müraciət etmişik.Ancaq bizim əsas məqsədimiz Nadir şahın daxili və xarici siyasətini araşdırmaq olduğundan bu əsərlərdə də, əsasən, həmin məsələlərə həsr olunmuş bölmələrin məlumatlarına diqqət yetirmişik.Nadir şahın xarici və daxili siyasəti ilə bağlı bəzi ziddiyyətli məlumatlarla rastlaşsaq da,onlardan reallığa daha uyğun olanına daha çox diqqət yetirməyə çalışmışıq.

İndi isə tədqiq etdiyimiz mövzu ilə əlaqədar müraciət etdiyimiz ədəbiyyatlara qısaca nəzər salaq.

Nadir şahla bağlı müraciət etdiyimiz ən sanballı əsərlərdən biri kimi ilk növbədə Mehman Süleymanovun 2010-cu ildə Tehranda nəşr etdirdiyi “Nadir şah” əsərinin adını çəkə bilərik.Hərbi tarixçi olan M.Süleymanov bu əsərində Nadirin uşaqlıq illərini, bir komandan olaraq yetişdiyi hərbi-siyasi şəraiti, onu hakimiyyətinin zirvəsinə aparan hərb yollarını, böyük bir imperiya qurmasını və nəhayət, ömrünün faciəli sonluğunu təfərrüatı ilə vermişdir.

Müəllifin əsərinin mühüm xüsusiyyətlərindən biri onun İranda Nadir şaha dair indiyədək bizim tarixçilərin elmi dövriyyəyə daxil etmədikləri bir sıra qaynaqlardan istifadə etməsidir.Müəllif bütün bu faktları təhlil edərək dövrün real mənzərəsini yaratmağa çalışmışdır ki, bu da çox təqdirəlayiqdir.M.Süleymanov əsərində Nadir şahın həyatına dair indiyədək bizə məlum olmayan bir sıra faktları da vermişdir.Bu da tarixi ədəbiyyatda Nadirin siyasi səhnəyə çıxana qədərki həyat və fəaliyyətinə dair məlumatların azlığı ilə bağlı boşluğu müəyyən qədər doldura bilər. M.Süleymanov Nadir şahın həyatının öyrənilməsinin Azərbaycan tarixinin müvafiq dövrünün öyrənilməsi baxımından əhəmiyyətinə daha çox önəm vermişdir və əsərində Nadir şahı milli mənsubiyyət baxımından tədqiqinə daha çox yer ayırmışdır.

Ümumiyyətlə, bu əsərdən Nadir şahın həyat və fəaliyyəti ilə bağlı çox geniş məlumatlar əldə etmək mümkündür.Bu məlumatlara əsasən onun şəxsi keyfiyyətləri ilə yanaşı, siyasi fəaliyyəti ilə bağlı bir sıra cəhətləri aydınlaşdıra bilərik.Bizim araşdırdığımız məsələ ilə bağlı da bu əsərdə kifayət qədər material var ki, yeri gəldikcə onlara istinad etmişik.Ancaq bir məsələ də var ki, müəllif Nadir şaha həsr olunmuş əsərlərdə onun fatehlik bacarığını əks etdirən məqamlara daha çox diqqət yetirmiş və əsərində də daha çox bu məsələni ön planda verməyə çalışmışdır.Müəllif həm də Nadir şahın daha çox müsbət keyfiyyətlərini verməyə çalışmışdır. Bu cəhətlə bağlı olaraq əsərdən istifadə edərkən biz də bu məqamlara tənqidi yanaşmağa çalışmışıq.Ancaq bu cəhət, əsasən, mənbələrin təhlili ilə yazılmış bu əsərin dəyərini heç də azaltmır.

Sırf Nadir şaha həsr olunmuş əsər kimi Ədalət Tahirzadənin yazmış olduğu “Azərbaycan imperatorları” seriyasından “Nadir şah Əfşar (Tərcümeyi-hal oçerki)” əsərini göstərmək olar.40 səhifəlik bu kitabçada Nadir şah Əfşarın (1688-1747) həyatından və siyasi fəaliyyətindən yığcam bir şəkildə danışılır.Əsərlə tanışlıqdan sonra məlum olur ki,əsər çoxsaylı qaynaqların incələnməsi nəticəsində qələmə alınıb.Əsərdə, demək olar ki, əhəmiyyətli bütün hadisələrin tarixinin ayına, gününə qədər göstərilməsi əsərin müsbət məziyyətlərindən hesab oluna bilər.Əsər elmi-məlumat xarakterli olduğundan bu cəhət etibarilə sanballı əsər hesab oluna bilər.Çünki bu əsərlə tanış olmaqla hər bir şəxs Nadir şah haqqında kifayət qədər məlumat əldə edə bilər.Bu əsərdə Nadirin siyasi fəaliyyətinə əsərin xarakteri etibarilə kifayət qədər yer ayrılmışdır ki, biz də araşdırdığımız məsələlərlə bağlı bu əsərdəki bəzi məlumatlara müraciət etmişik.

Araşdırdığımız məsələ ilə bağlı müraciət etdiyimiz digər bir əsər Rəhimə Dadaşovanın qələmə aldığı “Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda)” əsəridir.Əsər adından göründüyü kimi Səfəvilər dövlətinin tənəzzül dövrünü əks etdirdiyindən burada Nadir şahla bağlı bir sıra məlumatlara yer verilmişdir.Xüsusilə, əsərin III fəsli bu baxımdan daha əhəmiyyətlidir.Dövrün öyrənilməsində ingilisdilli mənbə və əsərləri tədqiqata cəlb etdiyindən məsələyə fərqli aspektdən yanaşılma baxımından əsər xüsusi dəyərə və əhəmiyyətə malikdir.Nadir şahlıq uğrunda mübarizə apardığı dövr burada daha çox ön planda olduğundan I fəsildə bu müəllifin məlumatlarına da yer vermişik.

Müraciət etdiyimiz əsərlər sırasında Gülxanım Qarayeva və Aynur Hacıqədirlinin müəllifləri olduqları “Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi (1642-1870)” adlı əsəri göstərə bilərik.Əsərin İran tarixinə həsr olunmuş bölməsində Nadir şahın anadan olmasından ölümünə qədər olan, demək olar ki, bütün hadisələr – Nadirin özünü şah elan edənədək həyatı və siyasi fəaliyyəti, şah olduqdan sonra gördüyü tədbirlər, həyata keçirdiyi hərbi yürüşlər, digər dövlətlərlə münasibətləri və eləcə də, Nadirin ölümündən sonra İranda baş verənlər yığcam bir şəkildə öz əksini tapmışdır.Əsərdə Nadirin siyasi fəaliyyətinə kifayət qədər yer ayrıldığından biz də bu məlumatlara yeri gəldikcə müraciət etmişik.

Əks etdirdiyimiz dövrlə bağlı digər bir əsərin müəllifi Elçin Qarayevdir.Müəllifin “Azərbaycan XVIII əsr rus və Avropa səyyahlarının təsvirində” əsərində müvafiq dövrdə Azərbaycanın iqtisadi və siyasi tarixi rus və Qərbi Avropa səyyahlarının səyahətnamələri əsasında tədqiq olunmuşdur.Nadir şahla bağlı səyyahların verdiyi məlumatlar onların bilavasitə dövrün müasiri olmaları və əsasən, gördükləri və eşitdikləri haqqında yazmaları baxımından böyük maraq doğurur.Bizə lazım olan məlumatlar əsərin II fəslində verilmişdir ki ,biz onlara da kurs işimizdə yer verməyi məqbul hesab etdik.

Azərbaycanda elmi tarixşünaslığın əsasını qoymuş və Azəbaycan tarixinin dövrləşməsini öz əsərində vermiş görkəmli tarixçi, ensiklopedik biliyə malik şəxs olan Abbasqulu ağa Bakıxanovun 1841-ci ildə qələmə aldığı “Gülüstani-İrəm” əsəri də müraciət etdiyimiz əsərlər sırasındadır.Əsər Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsər xarakteri daşısa da, burada Nadir şah haqqında məlumatlara kifayət qədər yer ayrılmışdır.Nadir şah haqqında məlumatlar əsərin Səfəvilər dövlətinin yaranmasından Nadir şahın ölümünə qədərki dövrdə baş verən hadisələrdən bəhs edən III bölməsində verilmişdir.Müəllifin yaşadığı dövrə görə bir çox ədəbiyyatlardan istifadə edə bilməsi bu əsərdə verilən məlumatların etibarlı olması ehtimalını daha da artırır ki,elə bizə də bu lazımdır.

Mövzu ilə əlaqədar biz Azərbaycan tarixinə həsr olunmuş əsərlərə də müraciət etmişik.Bu da həmin əsərlər yazılarkən bir çox əsərlərə müraciət olunması və istifadə etdiyimiz digər əsərlərdə olmayan bir sıra məlumatları özündə ehtiva etməsiylə əlaqədardır.Belə əsərlədən biri Süleyman Əliyarlının redaktəsi altında nəşr olunmuş “Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər” çoxmüəllifli əsərdir ki,burada Azərbaycanın XVIII əsr tarixi ilə əlaqədar olaraq Nadir şah haqqında da yığcam, ancaq diqqətəlayiq məlumatlar verilmişdir.Əsərin 14-cü bölümünün IV və V hissələri bu məsələyə həsr olunmuş, Nadir şahın Azərbaycanla bağlı siyasəti və ona qarşı Azərbaycanın bir sıra bölgələrində baş verən çıxışlar, o cümlədən, yalançı Sam Mirzələrin üsyanları burada daha geniş əks olunmuşdur.

Bir digər ümumiləşdirilmiş əsər olan VII cilddə nəşr olunmuş “Azərbaycan tarixi”nin III cildinin XI fəsli araşdırdığımız məsələ ilə bağlı zəngin məlumatlara malikdir.Burada Səfəvilərin tənəzzülündən Nadir şahın ölümünə qədər baş verən və əsasən də, Azərbaycanla bağlı olan hadisələr təfərrüatı ilə əks olunmuşdur.Burada Nadirin özünü şah elan edənə qədərki fəaliyyəti digər məsələlərə nisbətən daha geniş verilmişdir ki, biz də kurs işimizin I fəslində bu məsələlərlə əlaqədar buradakı məlumatlara da müraciət etmişik.

Nadir şaha həsr olunmuş əsərlər içərisində diqqətimizi çəkən digər bir əsər 1999-cu ildə Azərbaycan dilində nəşr olunmuş xorasanlı müəllif Məhəmməd Quddusinin qələmə aldığı “Nadirnamə” əsərinin qısaldılmış variantı olan “Nadir şah : Nadir şah Əfşarın həyatı” əsəridir.Əsər Nadirin şah seçilənədək hərbi uğurları, eləcə də, şah olduqdan sonrakı hərbi fəaliyyətini daha geniş əks etdirir.Əsərdə bir sıra maraqlı məlumatlara rast gəldik ki, onlardan burada istifadə etməyə qərar verdik.

Xarici tarixşünaslıqda Nadir şaha həsr olunmuş ən mükəmməl əsər kimi Lourens Lokkartın 1938-ci ildə Londonda nəşr etdirdiyi və 2004-cü ildə Bakıda rus dilində nəşr olunmuş əsərini göstərmək olar.Əsər bir çox mənbələrin tədqiqata cəlb olunması nəticəsində ərsəyə gətirilmişdir.Müəllif Nadir şahın siyasi fəaliyyəti ilə bağlı bir çox məsələləri şərh etməklə yanaşı, hadisələrə öz münasibətini də bildirmişdir ki, bu da bizə hadisələri təhlil yolu ilə daha yaxşı anlamağa kömək edir.

İstifadə etdiyim ədəbiyyatların sırasında İran tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsər olan “История Ирана с древнейших времен до конца XVIII века”(M,1958) əsərinin adını çəkə bilərik.Bu əsərdə Nadir şahın dövründə İranda baş vermiş hadisələrin fonunda Nadir şahın daxili və xarici siyasətinə də yer

verilmişdir.Bununla bağlı buradakı bəzi məqamlara da nəzər yetirmişik.Ancaq burada bizim diqqətimizi çəkən əsas məqam Nadirin farslaşdırılmasıdır ki, biz bundan əvvəl adını çəkdiyimiz digər əsərlədə Nadirin hakimiyyəti dövründə onun bələ bir mövqedən çıxış etdiyinin şahidi olmuruq.Ümumiyyətlə, İran tarixinə və dünya tarixinə həsr olunmuş digər bir sıra rus dilində nəşr olunmuş əsərlərdə də Nadir şahla bağlı məlumat verilərkən onun özünün fars mənşəli olduğu və yaratmış olduğu dövlətin fars dövləti olduğu qeyd olunur ki, bu məlumatlara olduqca tənqidi yanaşmağa çalışmışıq.Belə əsərlərə misal olaraq 1977-ci ildə nəşr olunmuş “История Ирана” (red. M.S.İvanov) və 2002-2006-cı illərdə 5 cilddə nəşr olunmuş ”История Востока” adlı əsərləri göstərmək olar.Nadir şah və onun yaratmış olduğu dövlətin milli mənsubiyyəti ilə bağlı belə fikirlərin səslənməsi bu məsələnin dərin araşdırmalara ehtiyacı olduğunu göstərir ki,bu da başqa bir tədqiqat mövzusudur.

Bu kurs işində mövzunu 3 fəsildə verməyi daha məqsədəuyğun hesab etdik.Belə ki,I fəsildə Nadirin dünyaya gəldiyi andan həyatı,uşaqlıq illəri,gənclik dövrü, II Təhmasibin yanında qulluğa girməsinə qədər olan dövr, keçmiş Səfəvi torpaqlarının qaytarılması uğrunda mübarizəsi və nəhayət, Səfəvilər dövlətinə son qoyaraq özünü şah elan etməsinə qədərki dövrə həsr etmişik.

II fəsildə Nadir şahin daxili həyatda gördüyü tədbirlərə,dini islahat cəhdinə və onun mahiyyətinə, mərkəzləşdirmə və vergi siyasətinə, donanma yaratmaq təşəbbüslərinə və bu tədbirlərin nəticəsi olaraq ona qarşı ayrı-ayrı ərazilərdə baş verən çıxışlara yer vermişik.

Son olaraq, III fəsildə isə Nadir şahın xarakterini, Hindistana, Türküstana və eləcə də, digər ərazilərə işğalçı yürüşlərini və onların nəticələrini, 1743-1746-cı illərdə Osmanli dövləti ilə apardığı müharibəni və digər dövlətlərlə əlaqələrini işıqlandırmağa çalışmışıq.



I FƏSİL

Səfəvilər dövlətinin tənəzzülü və Nadir şahın hakimiyyət uğrunda

mübarizəsi.

XVIII əsrin əvvəllərində tərkibinə bir çox ölkələrlə yanaşı, Azərbaycanın da daxil olduğu Səfəvilər dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrünü yaşayırdı.Tarixşünaslıqda Səfəvilərin süqutuna səbəb olan amilləri müxtəlif cür qruplaşdırırlar.Son tədqiqatlara əsasən Səfəvilər dövlətinin süqutuna səbəb olan amilləri 3 cür qruplaşdırırlar:

1.Sosial-iqtisadi tənəzzül

2.Daxili siyasi böhran

3.Xarici işğal faktoru

Şah, saray əyanları və dövlət məmurları boşalmış dövlət xəzinəsinin doldurulmasının yeganə yolunu vergi və mükəlləfiyyətlərin sayını və həcmini artırmaqda görürdülər.Bu məqsədlə onlar yeni-yeni vergi növləri “ixtira edir”, vergi toplamaq üsulunu daha da sərtləşdirirdilər.

XVIII əsrin əvvəlləri bir sıra ərazilərdə quraqlıqla müşahidə olunmuşdu ki, bu da özü ilə dəhşətli aclıq gətirmişdi.Bu isə bahalığa,bazarlarda qiymətlərin bir neçə dəfə artmasına gətirib çıxarmışdı.

Mərkəzi hakimiyyət bu dövrdə zəiflədiyindən bundan istifadə etmək istəyən bir sıra feodallar arasında mərkəzə tabe olmamaq əhval-ruhiyyəsi hiss olunurdu.Bəylərbəyilər vilayətlərdə vergilərin böyük hissəsini nəinki mənimsəyir, hətta mərkəzin göstərişi olmadan verginin miqdarını və həcmini artırırdılar.1

Bütün bu amillər, o cümlədən, feodal zülmünün daha da artması Səfəvilər dövlətinin bir çox yerində şah üsul-idarəsinə və yerli feodallar əleyhinə üsyanların baş verməsinə səbəb olmuşdu.Bu dövrdə silahlı üsyanlar,xüsusilə,geniş yayılmışdı və şah hökumətinin üsyanları yatırmaq üçün etdiyi cəhdlər isə uğursuzluqla nəticələnirdi.

Daxili siyasi böhranın başlanması dövrünü I Şah Abbasın ölümündən sonrakı dövrə aid etmək olar.Çünki, I Şah Abbasdan sonra hakimiyyətə gələn şəxslərin heç biri Səfəvilər dövlətinin əvvəlki dövrlərdəki qüdrətini qoruyub saxlamağa nail ola bilməmişlər.Onlar nə daxili, nə də xarici siyasətdə elə də əhəmiyyətli işlər görməyiblər.Əksinə, onların fəaliyyəti Səfəvilər dövlətinin tənəzzülünü daha da tezləşdirmişdir.

Xarici işğal faktoru dedikdə isə, buraya Rusiya və Osmanlı dövlətləri tərəfindən olan hərbi təcavüzləri göstərə bilərik.Çoxdandır ki, hər hansı bir dənizə çıxış yolu əldə etmək istəyən I Pyotr üçün Xəzər dənizi sahillərinin ələ keçirilməsi mühüm əhəmiyyət daşıyırdı.Səfəvilərin tənəzzül dövründən istifadə edən I Pyotrun 1722-ci il yürüşü və Xəzər dənizi sahillərini ələ keçirməsi, daha sonra Osmanlı dövlətinin Səfəvilərin bir sıra qərb ərazilərini ələ keçirməsi Səfəvilər dövlətinin tənəzzülünə gətirib çıxaran səbəblər içərisində mühüm yer tutur.Belə ki, 1722-1735-ci illərdə Dərbənddən Gilanadək Xəzəryanı vilayətlər Ruusiyanın, 1724-1725-ci illərdə Azərbaycanın cənub və qərb əraziləri Osmanlı dövlətinin tərkibində olmuş, hətta 1724-də Rusiya ilə Osmanlı arasında imzalanan İstanbul müqaviləsi ilə bu vəziyyət təsdiq olunmuşdu.Hər iki dövlət işğal etdikləri ərazilərdə öz idarəçilik orqanlarını da təsis etmişdilər.

Səfəvilər dövlətinin süqutunda əfqan tayfalarının oynadığı rolu, xüsusilə, qeyd etmək lazımdır.Əfqanların döyüşkən, mübariz xalq olduğu tarixən bizə məlumdur.Həmin dövrlərdə bu xüsusiyyətlər onlarda daha güclü idi.Onlar Səfəvilər dövlətinin tərkibində qalmaq, asılı vəziyyətdə olmaqla barışmaq istəmirdilər.Buna görə də onların tez-tez şah hakimiyyətinə qarşı bir sıra çıxışları baş verirdi.Onların şah hakimiyyətinə ən böyük zərbəsi isə, heç şübhəsiz, İsfahan üzərinə onların 1722-ci il yürüşüdür.Bu zaman əfqan tayfalarına Mahmud başçılıq edirdi.Belə ki, XVIII əsrin 20-ci illərində Səfəvilər dövləti özünün ən ağır tənəzzül dövrünü keçirirdi.Üsyan etmiş əfqan qəbilələri vilayətləri bir-bir ələ keçirir, paytaxta-İsfahana yaxınlaşırlar.Bunu eşidən Şah Sultan Hüseyn narahat olmağa başlamışdı.Mahmudun İsfahana yürüşə başlaması xəbəri şah sarayında təşvişlə qarşılanmış, şah təcili şura çağırıb nə etmək lazım olduğunu aydınlaşdırmağa çalışmışdı.Bu barədə müxtəlif fikirlər səsləndirilir.Etimadü-dövlə Məhəmmədqulu xan şah qüvvələrinin say etibarilə Mahmudun qüvvələrindən çox olmasına baxmayaraq az təlim görməsi və müharibə üçün yararsız olması səbəbiylə yeni qüvvə toplayıb daha sonra müharibəyə girməyi məsləhət görmüşdü.Ancaq şah dərhal yürüşə hazırlaşmağa qərar vermiş və orduya səfərbərlik elan etmişdi.Şah qoşunlarının əfqanlara qarşı yürüşə başladığını eşidən Mahmud Gülnəbad kəndində şah qoşunları ilə döyüşə girməyi qərara alır.1722-ci ilin 8 martında şah qoşunları ilə əfqan qüvvələri arasında baş vermiş döyüş Səfəvi qüvvələrinin arasında birliyin olmaması və bir sıra Səfəvi sərkərdələrinin yalnış taktika seşməsi əfqanlarşn qələbə çalması ilə nəticələnir.Bu ölkədə,eləcə də,paytaxtda həyəcanlara səbəb olur.Şah ordusu paytaxtın da müdafiəsini yaxşı təşkil edə bilmir, nəticədə Şah Sultan Hüseyn məğlub olduğunu etiraf etməyə və təslim olmağa məcbur olur.1722-ci ilin oktyabrında Mir Mahmudun başçılığı altında əfqanlar İsfahana daxil olurlar.Şah Sultan Hüseyn, onun ailə üzvləri və saray adamları həbs olunaraq zindana salınır, sonra da edam olunurlar.Yalnız şahın oğlu qaçmağa nail olur və Qəzvində II Təhmasib adı ilə özünü şah elan edir.Səfəvi xanədanına sadiq olan tayfalar Təhmasibi Səfəvi şahı kimi tanıyırlar.Əslində,bununla II Təhmasibin əfqanlarla, eləcə də, Osmanlı və Rusiya dövlətləri ilə mübarizə dövrü də başlamış olur.Qanuni şahın hakimiyyəti Rusiyanın,Osmanlının və əfqanların ələ keçirilməyən torpaqlarla məhdudlaşırdı.Əfqan tayfalarının başçısı Mahmudun ölümündən sonra onun yerini Əşrəf tutur.O, Osmanlı və Rusiya dövlətlərinin işğal etdikləri ərazilərdə onlarin ağalığını tanıyır.Göründüyü kimi, XVIII əsrin 20-ci illərində Səfəvilər dövlətinin torpaqları faktiki olaraq işğal altında idi.

Belə bir çətin dövrdə Nadirqulu adlı şəxs tarix səhnəsinə çıxdı.Kurs işimizin əsas tədqiqat obyekti Nadir şah olduğundan onun hakimiyyətə gələnə qədər keçdiyi həyat yoluna nəzər yetirməyə ehtiyac var.Belə ki, Nadir şah haqqında geniş məlumat əldə etməklə onun haqqında daha düzgün nəticə çıxara bilərik.

XVIII yüzildə dünyanın ən tanınmış biri də Nadir şah Əfşar olmuşdur.Nadir şahın doğum tarixi ilə bağlı tarixi ədəbiyyatlarda müxtəlif rəqəmlərə rast gəlmək mümkündür.Bu isə daha çox istər Nadir şahın öz dövründə, istərsə də, ondan sonra yazılmış mənbələrdə fikir yekdilliyin olmaması ilə bağlıdır.Bəzi müəlliflər Nadirin doğum tarixini 1688-ci ilin oktyabrından, Ədalət Tahirzadə oktyabrın 22-dən1, digərləri isə 1688-ci ilin noyabrın 21-dən2 götürürlər.A.Bakıxanov isə Nadirin 1689-cu ildə anadan olduğunu yazmışdır.3Mənbələrdə isə Nadirin hicri-qəməri təqvimi ilə 1100-cü il məhərrəm ayının sonunda anadan olduğu bildirilir.4Bu isə 1688-ci ilə uyğun gəlir.

Anadan olduğu yer haqqında bütün müəlliflər yekdildirlər.Belə ki,Nadir Xorasan vilayətinin şimalında yerləşən Dərgəz (Dərgöz) məntəqəsinin Dəstgird kəndində anadan olmuşdur.Atası İmamqulu ona öz atasi Nadirqulunun adını vermişdir.

Nadirqulu Azərbaycan türklərinin Əfşar boyunun Eberli tayfasının Qırıxlı(Qırxlı) oymağından idi.1 Əfşarların türk və ya fars olması barədə bir sıra fikirlər vardır.Xüsusilə, İran tarixçilərinin əsərlərində Nadirin mənsub olduğu Əfşar boyunun fars mənşəli olduğuna dair fikirlər səslənsə də, Nadir şahın şəxsi salnaməçisi olmuş M.M.Astarabadinin qeydlərində Əfşar boyunun türkmən tayfalarından olması vurğulanmış, həmin mənbəyə istinad edən digər müəlliflər də həmin fikri təsdiqləmişlər.

A.Bakıxanov da əfşarların türkmən boyundan olmasını və onların monqol hücumlarının başlanmasından sonra Türküstandan Azərbaycana üz tutmalarını qeyd etmişdir.2 L.Lokkart da bu fikri təsdiq edir.Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində köçmüş, sonra da buradan İranın bütün ərazisinə səpələnmişlər.Müəllif əfşarların Mərkəzi Asiyadan Aərbaycana doğru hərəkət etməsini XIII əsrə aid edir.3

Əfşarlarla bağlı verilən bu məlumatlara əsasən onların türk mənşəli olduğunu söyləmək olar.Xüsusilə, Nadirin öz salnaməçisinin qeydləri və mənbələr əsasında öz əsərlərini yazan müəlliflərin fikirləri bizi bu qənaətə gəlməyə vadar edir.

Əfşarların öz döyüşkənlikləri və mübarizlikləri ilə fərqləndkləri və Səfəvi ordusunda mühüm yer tutduqları da bizə tarixdən məlumdur.Hətta I Şah Abbasın özbəklərin Səfəvilərə qarşı hücumlarının qarşısını almaq üçün məhz əfşar tayfalarının başçılarını Xorasandan yuxarı, Özbəkistanla sərhəd olan əraziyə-Əbyurd və Dərgəzə gətirmişdi ki, əfşarlar özbəklərin tez-tez baş verən basqınlarının qarşısını alsınlar.Nadirin ata babası da həmin döyüşən dəstələrin tərkibində olmuşdur.Ə.Tahirzadə özbəklərin növbəti hücumu zamanı (1704-05) 16-17 yaşlı Nadirqulu, qardaşı İbrahim və anasının əsir düşdüyünü, 4 il sonra anasının oöldüyünü, qardaşıyla birgə əsirlikdən qaçıb Əbivərdə (Əbyurda) gəldiyini yazmışdır.1 Bu fikir G.Qarayeva və A.Hacıqədirlinin həmmüəllifi olduqları əsərdə də təkrarlanır.2 Ancaq mənbələrə əsasən əsərini yazan M.Süleymanov Nadirin əsir düşüb-düşməməsi ilə bağlı ziddiyyətli fikirlərin olduğunu deyir. O qeyd edir ki, ehtimal olunur ki, Nadirin qardaşı və anası ilə birlikdə əsir düşməsi məsələsi Con Hanvey tərəfindən elmi dövriyyəyə gətirilmiş,qərb və şərq tarixçiləri tərəfindən təkrarlanmışdır.Ancaq şərq mənbə və əsərlərində bu barədə məlumatlara rast gəlinmir. 3

Nadirin uşaqlıq dövrü və gənclik illəri, eləcə də, onun özbəklərə əsir düşüb-düşməməsi ilə bağlı belə ziddiyyətli fikirlərin ortaya çıxmasının əsas səbəbi Nadirin həyatının həmin dövrü ilə bağlı mənbələrdə yetərincə məlumatın olmaması ilə bağlıdır.Mənbələrdəki material azlığını isə onun sadə bir ailədən çıxması ilə əlaqələndirmək olar.Belə ki, Nadir heç bir məşhur əsil-nəcabətə malik olmadığından onun uşaqlıq dövrü heç bir tarixçinin diqqətini çəkməmişdir.Mənbələrdə Nadir şahın həyatının həmin dövrü ilə bağlı məlumatlar isə elə Nadir şahın özünün dediklərindən, ya da onu tanıyanların söylədiklərindən, xatirələrindən toplanmışdır.Nadir şah haqqında həm şərq, həm də qərb mənbələrində çoxlu rəvayətlərə də rast gəlmək mümkündür, ancaq bu rəvayətlərdəki məlumatlar da bir-biri ilə ziddiyyət təşkil edir.Belə ki, rəvayət xarakterli şərq mənbələrində Nadirə rəğbət və daha isti münasibət olduğu halda,qərb mənbələrində bunun əksini görürük.

Mənbələrdə Nadirin gənc yaşlarından döyüşkənliyi və çevikliyi ilə fərqləndiyi də qeyd olunub.Nadir əsirlikdən qaçıb Əbivərdə (Əbyurda) gəldiyi zaman oranın hakimi Babəli bəy idi.O, buraya hücum edən özbək, türkmən və kürdlərlə tez-tez döyüşməli olurdu.Nadir 1710-cu ildən Babəli bəyin dəstəsinə daxil olmuş və buraya basqın edən özbəklərin və yomut türkmənlərinin üzərinə hücum etmiş, hətta 1719-cu ildə onları məğlub edib qovmuşdur.4 Həm Ə.Tahirzadə, həm də G.Qarayeva və A.Hacıqədirli öz əsərlərində1 Nadirin Babəli bəyin qızı ilə evləndiyini yazıblar.Bu məsələyə toxunan A.Bakıxanov isə Nadirin Babəlinin 2 qızı ilə evləndiyini qeyd edib.2 Bunun nəticəsi idi ki, Babəli bəyin ölümündən sonra onun bütün sərvəti Nadirə qalmışdı.Bu fakt həm Məhəmməd Quddusinin,3 həm də M.Süleymanovun əsərində4 təsdiq olunur.Amma Nadirqulu Əbivərdə hakim təyin oluna bilmir.Yeni hakim Qurbanəli bəy olur.Qurbanəli bəydən sonra kimin Əbivərd hakimi olması məsələsi ortaya çıxanda yerli əyanlar Xorasan hakimi Məlik Mahmud Sistaniyə müraciət edirlər.Nadiri gözləri götürməyən İmamqulu bəy və Qılınclı bəy Xorasan hakiminin yanına Nadirdən şikayətə gedirlər və Nadirin hakim təyin olunmasına mane olurlar.Nəticədə, Məlik Mahmud Sistani Məhəmməd Əmin bəyi Əbivərd hakimi, Nadiri isə eşikağası vəzifəsinə təyin edir.Əslində, bununla Nadir öz əvvəlki nüfuzunu qoruyub saxlamış olur və Əbivərdin hakimlərindən biri kimi qalır.Ancaq öz fitnəkarlıqlarından qalmayan İmamqulu və Qılınclı bəy indi də Məhəmməd Əmin bəyə Nadirdən şikayət edirlər.Onların təsiri ilə Məhəmmməd Əmin bəy Nadiri cəzalandırmış, Nadir isə Dərgəzə qayıtmışdı.Bundan bir müddət sonra öz səhvini başa düşən Məhəmmməd Əmin bəy Nadiri yenidən öz yanında xidmətə qaytara bilmişdir.

Bir çox xalqlarla müharibə aparan və qalib gələn Nadir həmin dövrdə geniş şöhrət qazanmışdı.Xorasan hakimi Məlik Mahmud Sistani Xorasan kimi böyük bir vilayəti nəzarəti altında saxlamaq üçün Nadir kimi istedadlı adamlardan istifadə etməyə çalışırdı.Nadir haqqında ona deyilənlərə əhəmiyyət verməməsinin səbəblərindən biri, bəlkə də bu idi.Nadir də öz dəstəsilə ona qoşulmuş və onun yanında xidmətdə olmuşdur.Ancaq onların müttəfiqliyi uzun müddətli olmadı.Çünki hər iki şəxs özünə görə güclü idi.Nadir günü-gündən güclənir və qoşun daxilindəki nufuzu da artırdı. Bundan istifadə edən İmamqulu bəy və Qılınclı bəy Məlik Mahmuda daha çox təsir göstərməyə başlamışdı.Bütün bunların təsiri altında Məlik Mahmud qorxuya düşmüş, Nadirdən ehtiyat etməyə başlamışdı. Digər tərəfdən Məlik Mahmudun yarıtmaz hakimiyyətini görən Nadir şah da getdikcə ona qarşı müxalif mövqeyə keçir, ona qarşı barışmazlığı artırdı.Bir-birlərini real rəqib kimi görən hər iki şəxs bir-birlərinə qarşı sui-qəsd planı hazırlamışdılar və əlverişli məqamın gəlib çatmasını gözləyirdilər.Bu sahədə ilk addımı atan Nadir olmuş,ancaq bu sui-qəsd cəhdi uğursuzluqla nəticələnmiş, Nadir İmamqulu xanı və Qılınclı xanı öldürərək Məşhədə qaçmışdı.

Bundan sonra Nadirlə Məlik Mahmud arasında ixtilaflar davam etmiş,Nadir Məlik Mahmudun möhkəmləndiyi Məşhədə dəfələrlə hücum etmiş,ancaq şəhəri tuta bilməmişdi.Belə bir vəziyyətdə səfəvilərin əvvəlki qüdrətini bərpa etməyə çalışan II Təhmasib Fətəli xan Qacarla birlikdə Məlik Mahmudun hakimiyyətinə son qoymaq və Xorasanı yenidən mərkəzi hakimiyyətə tabe etmək məqsədilə 1726-cı ildə Xorasana yürüşə başlayırlar.Nadir yaranmış vəziyyətdən Məlik Mahmudu məğlub etmək üçün istifadə etmək qərarına gəlir və Nadir II Təhmasibin yanında xidmətə girir.Mənbələrə istinadən öz əsərini yazmış olan M.Süleymanov bu məsələ ilə bağlı mənbələrdən müxtəlif məlumatların olduğunu qeyd etmişdir.Belə ki, mənbələrdə Təhmasibin Nadiri öz yanına xidmət etməyə çağırdığı, bəzi mənbələrdə isə Nadirin özünün məktub göndərərək ona xidmət etmək istədiyini bildirdiyi qeyd olunub.1 Ə.Tahizadə isə öz əsərində çox ağır vəziyyətdə olan II Təhmasibin Nadirqulunun igidliyindən xəbər tutaraq 1726-cı ildə onu Əbivərdə hakim təyin etdiyini, həmin ildə Nadirqulunun 3 minlik qoşunla Xəbuşanda (Əbivərddə) II Təhmasibin qüvvələri ilə birləşdiyini və tezliklə II Təhmasibin şəxsi hərbi müşaviri olduğunu, 1726-cı ilin oktyabrında isə II Təhmasibin sipəhsaları (qoşun başçısı) təyin edildiyini qeyd etmişdir.2 M .Süleymanov isə Nadirin öz dəstəsilə 1726-cı ilin 2 sentyabrında şah Təhmasibə qoşulduğunu, 29 sentyabrda onların birləşmiş qüvvələrinin Xəbuşandan Məşhədə doğru hərəkət etdiyini, 2 ay Məşhəd qalasını mühasirədə saxladığını yazmışdır.Bunlardan hansının doğru olduğunu deyə bilməsək də, onu deyə bilərik ki, Nadirlə II Təhmasib 1726-cı ilin sonunda artıq birlikdə hərəkət edirdilər.

Nadirin II Təhmasiblə necə əlaqə yaratmasından daha vacib məsələ onların birlikdə hərəkət etməyə qərar vermələri idi.Həmin dövrdə II Təhmasibin Nadir kimi güclü bir şəxsin dəstəyinə ehtiyacı vardı və buna görə də Nadirqulunun ona göstərəcəyi hərbi yarrdımdan imtina edə bilməzdi.Çünki belə bir dəstəyi faktiki olaraq o, heç bir yerdən ala bilməmişdi.Nadirqulu isə II Təhmasibin dəstəyindən istifadə edərək öz rəqiblərini məğlub edə və bunda bəhanə kimi Səfəvilər dövlətində mərkəzi hakimiyyəti bərpa etmək şüarından məharətlə istifadə edə bilərdi.Bu cəhətdən deyə bilərik ki,hər iki tərəfin maraqları üst-üstə düşürdü,hər ikisi digərindən istifadə etməklə öz məqsədinə çatmağa çalışırdı.

Lakin Nadir şahın müttəfiqi Fətəli xan Qacarı özünün başlıca rəqibi hesab edirdi.Ona görə də, II Təhmasib bir tərəfdən müttəfiq əldə edirdisə, o biri müttəfiqini itirir, digər tərəfdən isə özü də bilmədən gələcəkdə siyasi proseslərdə Nadirdən asılı bir şəxsə çevrilmənin ilk addımını atmış olurdu.Fətəli xan Qacar bu dövrdə şimal-şərqi İranın ən güclü xanlarından biri, XVIII əsrin sonlarında İranda hakimiyyəti ələ keçirən və Qacarlar sülaləsinin əsasını qoyan bizim yaxşı tanıdığımız Ağa Məhəmməd şah Qacarın babası idi.Ona görə də Nadir Fətəli xanı zərərsizləşdirmək üçün müxtəlif yollar axtarmağa başlayır.Məşhəd üzərinə ilk yürüş uğursuzluqla nəticələndikdə Fətəli xanın xəyanət edib əfqan Məlik Mahmudun tərəfinə keçdiyi iddiası ortaya atılır.II Təhmasib buna əvvəl inanmaq istəməsə də, Fətəli xanın əfqan əmirinə yazmış olduəu məktubun üzə çıxarılması ilə Fətəli xanla olan müttəfiqliyə son qoymalı olur və Fətəli xan 2 qacar hərbçisi tərəfindən öldürülür.Bundan sonra Nadir, faktiki olaraq, şah ordusunun baş komandanı olur.

II Təhmasiblə Nadirin birləşmiş qüvvələri Məlik Mahmudu üzərinə yürüşü davam etdirirlər.1726-ci ilin payızında Məşhədin 3 km-liyindəki döyüşdə onların birləşmiş qüvvələri Məlik Mahmudu məğlub edirlər.Məlik Mahmudun sərkərdəsi olan Pir Məhəmmədin qalanın qapısını Nadirin üzərinə açması nəticəsində Məşhəd qısa vaxt ərzində ələ keçirilir.1 1726-cı ilin 11 noyabrında2 Məşhəddə Məlik Mahmudun hakimiyyətinə son qoyulmuş, Nadir Məlik Mahmudu onun düşmənlərinin əli ilə öldürtmüşdü.

Məlik Mahmudun məğlubiyyətindən sonra Nadirin nüfuzunun və mövqeyinin daha da gücləndiyini deyə bilərik.Belə ki, bu xəbəri eşidən II Təhmasib çox sevinmiş və Nadirə bu qələbəsinə görə “Təhmasibqulu” adını vermişdir.Nadir isə belə bir vəziyyətdən istifadə edərək özünə yaxın adamları irəli çəkməyə və gələcək planlarını həyata keçirmək üçün özünə dayaq yaratmağa başladı.

Nadir Təhmasiblə birləşdikdən və öz rəqibləri üzərində qələbə çaldıqdan sonra onunla Təhmasib arasındakı münasibətlərdə yeni mərhələnin başladığını demək olar.Buda artıq tərəflər arasındakı qarşıdurma münasibətləri kimi xarakterizə edilirdi.Çünki II Təhmasib Nadirin getdikcə artan nüfuzundan narahat olmağa başlamışdı.Belə vəziyyətdən isə kürdlər isitfadə etməyə çalışırdılar və II Təhmasibi Nadirə qarşı qaldırdılar.Kürdlər Nadirə nifrət edirdilər onun və tərəfdarlarının yüksək vəzifə əldə etmələri ilə barışmaq istəmirdilər.II Təhmasibin yanında yüksək nüfuzları olduğundan II Təhmasiblə Nadirin müttəfiqliyini pozmaq və yüksək vəzifələri özləri ələ keçirmək üçün II Təhmasibə təsir göstərməyə başladılar.Hətta Nadirin elçi düşdüyü qıza II Təhmasibin də elçiliyini göndərdilər.Bütün bunlar Nadirlə Təhmasib arasında qarşıdurmaya səbəb oldu.“Təhmasib Məşhədi tərk edərək Xabuşana gəlir, nazirlərin təkidiylə Astarabad, Mazandaran və Giraylı bölgələrinə xüsusi fərman göndərib, oradakıları xəyanətkar Nadirə qarşı mübarizə üçün onun köməyinə gəlməyə çağırır.Bu fərmanda Məlik Mahmud üzərindəki qələbənin II Təhmasibin yalnız özü qazandığını da qeyd etdirir.Bu qarşıdurma 1727-ci ilin qışında hərbi qarşıdurma ilə nəticələndi.Döyüşün nəticəsində kürdlərdən təşkil olunmuş Təhmasibin qoşunları Nadirin qoşunları tərəfindən darmadağın edildi.Məğlub olmuş şah danışıqlar üçün Nadirə müraciət edir və barışıq əldə edilir”.1 Belə məqamda hərbi qüvvədən məhrum olan Təhmasib Nadirlə barışmaq məcburiyyətində qalır ki,bu onun məğlub olması demək idi.Əslində, onun başqa çıxış yolu da qalmamışdı.Lakin bəzi tarixçilər bu məsələyə başqa cür yanaşırlar.Xüsusilə Təhmasibin məğlub olduqdan sonra Nadir Tərəfindən devrilməməsini onlar bu fikrin təsdiqində arqument kimi göstərirlər.Belə ki, onlar bu hadisəni Nadirlə Təhmasib arasında əvvəlcədən razılaşdırılmış bir taktiki gediş olduğunu və bunu kürdləri Səfəvi sarayından uzaqlaşdırmaq üçün etdiklərini önə sürürlər.Nadirin Təhmasibi devirməməsinin məncə başqa səbəbləri də var idi.Belə ki, Nadir Səfəvilər dövlətinin ərazisini bərpa etmək istəyirdi ki,bunu onun sonrakı fəaliyyəti də sübut edir.Ancaq Nadir sadəcə bir sərkərdə idi, Səfəvilər dövlətinin tərkibinə daxil olmuş indi isə müxtəlif qüvvələr tərəfindən ələ keçirilmiş əraziləri birləşdirmək üçün ona Səfəvilər dövlətinin,eləcə də, II Təhmasibin adından çıxış etmək lazım idi.Əks halda o bu işi həyata keçirə bilməyə də bilərdi.Ola bilsin ki, buna görə o, II Təhmasibi şah vəzifəsində saxladı və ötüb-keçənlərə baxmayaraq onunla müttəfiqliyi davam etdirdi.

Bundan sonra Nadir İsfahanı ələ keçirərək şah Sultanı hakimiyyətdən devirməyə və Səfəvilərin müəyyən bir ərazisini ələ keçirən əfqanlara qarşı mübarizəyə başlayır.Xabuşana, Dərgəzə, Mərvə, Astrabada, Mazandarana edilən hərbi yürüşlər nəticəsində Nadir Xorasanın və başqa vilayətlərin kürd,türkmən və digər tayfalarını özünə tabe etdi və bütün şimal-şərqi İranı öz hakimiyyəti altında birləşdirdikdən sonra isə 1729-da Herata hücum etdi.2 Herata hücum etməyi Nadir çoxdan planlaşdırmışdı.Bunula o,əfqanları öz yerlərində məğlub etməklə onları birdəfəlik zərərsizləşdirmək istəyirdi.Ancaq əfqanlar heç də Nadirə tabe olmaq fikrində deyildilər.Bunun nəticəsi idi ki,onlar Nadirə güclü müqavimət göstərmiş,yalnız üç fasiləsiz hücumdan sonra Nadir əbdalilərin müqavimətini qıraraq onları məğlub etmiş və Heratı ələ keçirə bilmişdi.Ə.Tahirzadə Heratın tutlmasının 1729-cu ilin mayına təsadüf etdiyini yazmışdır.1 Bununla Nadir şah, əslində, faktiki olaraq əfqanların gələcəkdə müqavimətini qırmaq üçün əlverişli şərait və imkan əldə etmiş oldu.Bundan narahat olan əfqan şahı Əşrəf Nadirlə toqquşmaya hazırlaşmağa başlayır.Çünki bilirdi ki, Nadir Səfəvilərin paytaxtını-İsfahanı ələ keçirmək üçün hücuma keçəcək.Əşrəf şah Nadirə qarşı yürüşə başlayır və 1727-ci ilin sentyabrında Mehmandost çayı ətrafında və Elbrus dağlarındakı Xar dərəsində Nadir tərəfindən məğlubiyyətə uğradılır.Əfqanlar əvvəl Tehrana, sonra da İsfahana doğru çəkilirlər.Əşrəf bu məqamda Osmanlı dövlətinə müraciət edərək ondan hərbi yardım da alır.Buna onlar arasında 1727-ci ildə bağlanmış müqavilə imkan verirdi.Belə ki, Osmanlı dövləti onu İran şahı kimi tanıyırdı və lazım gəldiyində ona hərbi yardım və dəstək göndərməli idi.Nadirlə Əşrəf arasında həlledici döyüş Munçexorda 1729-cu ilin 13 noyabrında baş verir və Nadir yenə də qələbə çalır.2 İsfahana doğru geri çəkilən əfqanlar elə həmin gecə şəhəri tərk edirlər.Üç gün sonra Nadir şəhərə daxil olur.Bundan iki həftə sonra isə II Təhmasib paytaxta gəlir “Məşhədi özünə qərargah seçən Nadirqulu xan Səfəvi paytaxtı İsfahanı da əfqanlardan geri alaraq (26.10.1729) bu şəhəri düşmənlərdən təmizlədi və 7 il 10 ay öncə İsfahandan çıxmış Təhmasibi yenidən həmin şəhərdə taxta oturtdu (30.11.1729). 3

Əfqanları məğlub edib İsfahanı ələ keçirməklə Nadir görkəmli sərkədə olduğunu da sübuta yetirmiş oldu.Bu, artıq xalqda da ona qarşı, onun Səfəvilər dövlətini bərpa edə biləcəyinə qarşı inam yaratdı.”İsfahanı aldıqdan sonra əfqan Əşrəflə 4 dəfə qanlı savaşa girən Nadirqulu xan 25 dekabr 1729-cu ildə onu məhv etmək üçün Şiraza qoşun çəkərək bu şəhəri aldı...Şirazdan qaçan Əşrəf 1730-cu ildə Qəndəhar yaxınlığında öldürüldü”.1 1730-cu ildə Fars vilayətində əfqanları məğlub edən Nadir bununla da əfqanları İrandan qovmaq niyyətini həyata keçirmiş oldu.

İndi növbədə Səfəvilərin qərb torpaqlarını ələ keçirmiş Osmanlı dövləti ilə müharibə dururdu.Bu dövrdə Osmanlı dövləti əfqanlarla ittifaqda olduğunu və onları müdafiə etdiyin yuxarıda qeyd etmişdik.Nadir II Təhmasibin rəsmən taxta çıxmasından sonra Səfəvi dövləti adından osmanlı dövlətinə müraciət edərək ondan 1723-cü ildən etibarən işğal etdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmasını tələb edir,ancaq rədd cavabı alır.Buna görə də Nadir 1730-cu ildə Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başlayır.Tezliklə Həmədanı və Kermanşahı tutaraq Azərbaycan torpaqlarına daxil olur.Marağa ətrafında Osmanlı qüvvələri üzərində ilk qələbəsini qazandıqdan sonra teymur paşanın da dəstələrini məğlub edərək Təbrizə daxil olur.Nadirin bu qələbəsi Azərbaycanın bir sıra bölgələrində osmanlılara qarşı üsyanların baş verməsinə səbəb olur.Osmanlı dövlətinin daxilində bu dövrdə baş verən hadisələr ona Nadir qarşı bütün qüvvələrini səfərbər etməyə mane olur.Ancaq Nadir də əlinə düşən bu fürsəti kifayət qədər dəyərləndirə bilmir.

Belə ki,”Heratda əfqanların yenidən ayağa qalxması və Nadirin qardaşının öldürülməsi onu oraya getməyə məcbur etdi”.2 Nadirin 1731-ci il və 1732-ci ilin əvvəllərində Xorasanda qalıb əfqan tayfalarını mərkəzi hakimiyyətə tabe etməklə məşğul olduğu bir dövrdə II Təhmasib xalq arasında öz nüfuzunu qaldırmaq məqsədilə 1731-ci ildə Osmanlı dövlətinə qarşı hücuma keçir.O,İrəvan və Naxçıvanı tutmaq istəsə də, İrəvan yaxınlığında və 1731-ci ilin iyulunda Həmədan yaxınlığındakı döyüşlərdə məğlubiyyətə uğradı, Kermanşahı, Həmədanı,urmiyamı və Təbrizi Osmanlılar yenidən ələ keçirdilər.Çətin vəziyyətdə olan II Təhmasib Osmanlı dövləti ilə sülh müqaviləsi bağlamağa məcbur oldu.Bu zaman Xorasanda olan Nadir xanin etiraz etməsinə baxmayaraq.II Təhmasib osmanlı dövləti ilə 1732-ci ilin 16 sentyabrında Kermanşah sülhünü imzaladı.Bu sülhə əsasən, II Təhmasib Araz çayından şimalda olan Cənubi Qafqaz ərazisini Osmanlı imperiyasına güzəştə getdi, Araz çayı hər iki ölkə arasında sərhəd xəttinə çevrildi.Bunu eşidən Nadir isə bu müqaviləni tanımadığını bildirdi.Çünki bu müqaviləni tanımaqla Nadir bu yerə qədər əldə etdiyi uğurlardan imtina etmiş olardı ki, o, bununla heç cürə razılaşa bilməzdi.Belə bir vəziyyətdə Nadir Xorasandan İsfahana qayıtdı və avqustda burada xan və əyanların geniş qruplarının toplantısını təşkil etdi.O, burada II Təhmasibi hakimiyyətdən devirərək onu Xorasana göndərdi, onun beşikdəki 8 aylıq körpəsini – Abbas mirzəni III Şah Abbas adı ilə taxta çıxartdı (1732-ci ilin avqust-sentyabrında), özünü isə şahın naibi (naibüssəltənə) və vəkili (vəkilüddövlə) elan etdi ki, bununla da, faktiki olaraq hakimiyyəti ələ keçirmiş oldu.

Bundan sonra Nadir Osmanlı dövlətindən yenə işğal etdiyi bütün torpaqları qaytarmasını tələb etdi, lakin yenə də rədd cavabı aldı.Nəticədə, Nadir 1732-ci ilin axırlarında Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başladı.Həmədan və kermanşahı tutduqdan sonra Bağdad ətrafında Osmanlı qoşunlarını mıəğlub edərək Kərbəla və Nəcəfi geri aldı.1733-cü ilin fevralında isə Nadir Bağdaddakı türk qoşunlarının baş komandanı Əhməd paşadan tələblərinin qəbul olunmasını tələb etdi.Əhməd paşa Osmanlı dövlətinin tapşırığına əsasən Nadirlə sülh bağladı.Bu sülhə əsasən, Osmanlı dövləti son on il ərzində işğal etdiyi əraziləri geri qaytarırdı.Eyni zamanda, Səfəvi və Osmanlı dövləti arasında bağlanmış 1639-cu il müqaviləsinə əsasən müəyyən olunmuş sərhədlər təsdiq olunurdu.Lakin sonralar Osmanlı hökuməti bu müqaviləni qəbul etmək istəməmiş və 1734-cü ilin ortalarında hərbi əməliyyatlar yenidən başlamışdı.Ancaq Osmanlı dövləti yenə də uğursuzluğa düçar olmuşdu.

Növbəti məsələ Xəzəryanı vlayətləri işğal etmiş rusları bu ərazilərdən çıxarmaq məsələsi idi.Hələ 1732-ci ilin yanvarın 21-də Rəşt şəhərində Nadir Səfəvilər dövlətinin adından Rusiya ilə müqavilə imzalamışdı.Rəşt müqaviləsi 8 maddədən ibarətdir.I maddəyə görə, Rusiya 5 ay ərzində Kür çayının Xəzər dənizinə töküldüyü məntəqəyə qədər ərzilərdən Səfəvi dövlətinin xeyrinə olaraq əl çəkməli və bu ərazilərə Osmanlı dövləti buraxılmamalı idi.II maddədə deyilirdi ki, Kür çayından şimala doğru yerləşən torpaqlardan Rusiya o zaman əl çəkəcəkdir ki, Səfəvi dövləti 20-ci illərdə Osmanlı dövləti tərəfindən zəbt olunmuş torpaqlarını yenidən özünə qaytarsın.Bunun əvəzində Səfəvi dövləti Rusiya ilə əbədi dost olacağına, onun düşmənlərini özünün düşməni hesab edəcəyinə söz verirdi.

Rusiya dövləti Səfəvi tacirlərinə ölkənin hər yerində sərbəst,gömrüksüz ticarət etməyə və Rusiyadan gömrük vermədən mal gətirməyə də icazə vermişdi.Səfəvi dövləti də öz növbəsində rus tacirlərinin gömrük vermədən onun ərazisindən keçərək Hindistana getməsinə razı olmuşdu.Rus tacirlərinin özlərinin və mallarının toxunulmazlığı təmin edilirdi.Həmçinin, rus təbəələrinə Səfəvi dövlətinin hər yerində özləri üçün ev, karvansar və dükan tikməyə də icazə verilirdi.Beləliklə, Rəşt müqaviləsi ilə nəinki ölkə daxilində müəyyən sabitlik yaradılmış, həm də Kür çayından cənubda yerləşən Xəzəryanı vilayətlər yenidən Səfəvilərin hakimiyyəti altına keçmişdi.

Osmanlı dövləti ilə münasibətləri müəyyən qədər nizama salan Nadir xan indi üzünü Rusiyaya çevirdi və ondan Xəzərsahili vilayətləri boşaltmasını tələb etdi.Yuxarıda göstərdiyimiz müqaviləyə əasasən, Nadirin buna hüququ da çatırdı.1734-cü ildə Şamaxını, daha sonra Gəncəni ələ keçirməyə müvəffəq olduqdan sonra Nadir rus ordusunun Xəzərsahili vilayətlərdən çıxarılması haqqında çoxdan başlamış danışıqları başa çatdırmağı qərara aldı.

Nəticədə,1735-ci ilin 10 (21) martında Rusiya ilə Səfəvi dövlətinin nümayəndələri arasında sonralar “Gəncə müqaviləsi” adını almış müqavilə imzalandı.Bu müqavilənin şərtlərinə əasasən,rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə bərpa olunurdu.Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.

Bununla bərabər, Nadir xan Osmanlı dövləti ilə də münasibətləri qəti şəkildə nizama salmaq istəyirdi.Buna görə də Osmanlı dövlətinə qarşı həlledici döyüşlərə başladı.1735-ci iln iyununda Eçmiədzinin şimal-şərqində Səfəvi və Osmanlı qoşunları arasında baş verən qanlı döyüş Nadirin qələbəsi ilə nəticələndi,uğursuzluğa düçar olan Osmanlı qoşunları 1735-ci iln sonlarında Cənubi Qafqazda zəbt etdiyi Səfəvi torpaqlarını tərk etməyə məcbur oldu.1736-cı ildə Osmanlı dövləti ilə bağlanan müqaviləyə əsasən, Osmanlı dövləti 1733-cü ilin Bağdad müqaviləsinin şərtlərini qəbul edirdi.Bu sülhlə 1722-ci ildən sonra Osmanlı dövlətinin tutmuş olduğu bütün torpaqların Səfəvilərə qaytarılması təsdiqlənirdi.Ancaq Osmanlı hökuməti bağlanmış müqaviləni təsdiq etmədi.

Əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya dövlətləri tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi.O, naibüssəltənə (səltənət sahibi) adlansa da, əslində real hakimiyyət onun əlində idi.Qəndəhar istisna olmaqla, Səfəvi dövlətinin keçmiş sərhədlərinin bərpa olunması da onun xidmətlərinin nəticəsi idi.Ancaq o, hakimiyyəti çevriliş yolu ilə ələ keçirə bilməzdi, çünki bu zaman onun hakimiyyəti əksəriyyət tərəfindən qəbul olunmaya bilərdi.Elə bir vəziyyət yaranmalı idi ki, Nadir hakimiyyəti dinc yolla ələ keçirsin və buna etiraz edən olmasın.Bu zaman Nadir artıq hakimiyyəti rəsmən ələ keçirmək üçün Nadir bütün ölkə nümayəndələrinin iştirak etdiyi qurultay çağırmağı və qurultayın qərarına əsasən özünü şah elan etməyi qərara aldı.Bununla o,hakimiyyəti zəbt etməsinə qanuni don geyindirmək istəyirdi.Bunun üçün Muğanda böyük bir qurultay təşkil etdi və hakimiyyət məsələsini guya ölkə nümayəndələrinin müzakirəsinə verdi.Nadirin belə addım atmasının səbəbi bu dövrdə ölkə daxilində ənənəvi və irsi Səfəvi hakimiyyətinə meyl kifayət qədər güclü idi.Muğan qurultayının gedişində də bu meyl özünü göstərmişdi.Səfəvilər sülaləsinin bu dövrdə nüfuzdan düşməsi və hakimiyyətə real bir namizədinin olmaması isə Nadirə taxt-tacı ələ keçirmək üçün əlverişli imkan yaratmış oldu.Osmanlı qüvvələrinə qarşı müharibənin uğurla başa çatdırılması və rus qoşunlarının Xəzəryanı bölgələrdən çıxarılması ilə dövlətin keçmiş sərhədlərinin bərpası,öz ətrafında nüfuzlu hərbi elita yaratması da Nadirin şahlıq taxtına olan iddiasını gücləndirməklə bərabər,bunun həyata keçirilməsinə real zəmin yaratdı.

M.Quddusiyə görə, hicri qəməri təqvimlə 1148-ci ilin ramazan ayının 8-də(26 dekabr 1735),1 Ə.Tahirzadəyə görə isə 1736-ci iln 22 yanvarında2 Nadir o zamanadək Səfəvilərin hakimiyyəti altında olan bütün torpaqların nüfuzlu başçılarına,alimlərə məktub göndərərək ölkədə bir qanuni, sabit hökumət qurmaq üçün onları Muğan çölünə qurultaya çağırdı.Özü də yeni Şamaxı (Ağsu) yolu ilə Muğan çölündə Kürlə Arazın birləşdiyi yerə gəldi.Burada Osmanlı elçisi Gənc Əli paşa ilə yanaşı, Hindistandan və başqa ölkələrdən gələn nümayəndələr də iştirak edirdilər.Qurultay nümayəndələri üçün 12 min çadır qurulmuş, qamış və ağac evlər,məscid tikilmişdi.Qurultay 1736-cı ilin fevral-mart aylarında kecirilmişdir.Nadir və Muğan düzünə toplaşanlar burada Ramazan bayramını da qeyd etmiş, sonrakı günlərdə isə taxta kimin çıxması məsələsini müzakirə etmişdilər.

Qurultayda nadir çıxış edərək Səfəvilərin hakimiyyətini necə müdafiə etməsini, ölkəni işğal etmiş əfqanların hakimiyyətinə son qoymasını, Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməsini iştirakçılara çatdırmışdı.Nadirin bunda əsas məqsədi Səfəvilərdən daha çox onun hakimiyyətə hüququ çatdığını sübuta yetirmək idi.O, həmçinin bildirirdi ki, guya o şahlıq iddiasında deyil,amma toplantı iştirakçıları onun şah seçilməsini istəsələr, o, bu vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq, əgər istəməsələr, guya hakimiyyətdən birdəfəlik uzaqlaşacaq və istirahətə gedəcək.Bundan sonra hakimiyyət məsələsi iştirakçıların müzakirəsinə verildiyi elan olunur.

Məsləhətləşmələr üçün qurultay iştirakçılarına 3-4 gün vaxt verilir.Bu müddət ərzində Nadirin tərəfdarları onlar arasında təbliğat apararaq Nadirin hakimiyyətə ən real namizəd olduğunu və onun şah seçilməsinin ən məqbul variant olduğunu deyirdilər.Məsləhətləşmələrdən sonra iştirakçılar Nadirin şah seçilməsinə razı olurlar.

Qurultayda Nadirin şah seçilməsini istəməyənlər də var idi.Nadirin şah seçilməsinə qarşı çıxanlardan biri mollabaşı olmuşdu ki, o, Səfəvilərin hakimiyyətdə saxlanması təklifi ilə çıxış etmişdi.Elə bunun nəticəsi idi ki, Nadir “şah seçildikdən” sonra mollabaşını edam etdirmişdi.Qurultayda iştirak edən Ziyadoğlu nəslindən olan Gəncə xanı, Otuziki, Kəbirli və Cavanşir tayfalarının başçıları da Nadirin şah seçilməsini dəstəkləməmişdilər.Ona görə də sonradan Nadir Gəncə xanını, adı çəkilən tayfaların başçılarını ailələri ilə birlikdə Xorasana sürgün etmişdi.Gəncə xanlarını daha ciddi cəzalandırması məqsədilə bu xanlığa daxil olan Borçalı və Qazax mahalları xanlıqdan qopardılıb Kartli hakiminin tabeliyinə verilmişdi.

Qurultay iştirakçıları Nadrin şah seçilməsinə razı olduqdan sonra Nadirin əyanları onlara bildirdilər ki, Nadir onların bu istəyini 3 şərt əsasında qəbul etməyə hazırdır:


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə