Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏrar




Yüklə 50.23 Kb.
tarix10.04.2016
ölçüsü50.23 Kb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
44

    Bakı şəhəri, 14 mart 2013-cü il

 

"Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları"nın və "Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği"nin təsdiq edilməsi barədə

 

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1. "Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği" təsdiq edilsin (2 nömrəli əlavə).   

 

Artur RASİ-ZADƏ,



Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2013-cü il 14 mart

tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları

1. Ümumi müddəalar

 1.1. Bu Qaydalar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi prosedurlarını müəyyən edir. 

1.2. Beynəlxalq standart eyniləşdirmə nömrələri aşağıdakı mənaları ifadə edir:

1.2.1. İSBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.2. İSMN (International Standard Music Number) - not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.3. İSSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;

1.2.4. İSAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.5. İSRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.

 2. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi və bu sahədə fəaliyyətin həyata keçirilməsi

 2.1. Azərbaycan Respublikasının  Müəllif  Hüquqları  Agentliyi (bundan sonra - Agentlik) Qanunun 12.2-ci maddəsinə uyğun olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC üzrə beynəlxalq agentliklərlə (bundan sonra - BA) razılaşdırmaqla beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir.

2.2. İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələri (bundan sonra - beynəlxalq eyniləşdirmə nömrələri) BA-nın Azərbaycan Respublikası üzrə milli mərkəzləri (bundan sonra - milli mərkəzlər) vasitəsilə verilir.

2.3. Milli mərkəzlər təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumlardır.

2.4. Agentliyin tabeliyində olan və tabeliyində olmayan qurumlarda yaradılan milli mərkəzlərin fəaliyyəti Agentlik tərəfindən koordinasiya olunur.

2.5. Milli mərkəzlər Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirlər və onların yaradılması  və ləğvi barədə məlumatlar Agentlik tərəfindən BA-ya təqdim olunur. 

2.6. Azərbaycan Respublikasının ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində və audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (İSBN, İSMN, İSRC) istifadəsi məcburi, dövri nəşrlərdə və audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (İSSN, İSAN) istifadəsi  könüllüdür.

2.7. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər  beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir.

2.8. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər və istifadəçilər arasında yazılı müqavilə bağlanılır.

2.9. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

2.10. Beynəlxalq eyniləşdirmə nömrələri Agentlik və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən verildikdə, həmin nömrələrin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi üçün tələb olunan xərclər Agentliyin büdcədənkənar xüsusi vəsaitləri hesabına ödənilir.

2.11. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi sahəsində vahid məlumat bazasının formalaşdırılması məqsədi ilə milli mərkəzlər il ərzində verilmiş beynəlxalq eyniləşdirmə nömrələrinin sayı, həmin nömrələrin verildiyi şəxslər və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə əldə olunan vəsaitin məbləğləri barədə məlumatları Agentliyə göndərir və ya təqdim edirlər.

2.12.  Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi və istifadəsi ilə bağlı yaranan mübahisələr BA-nın tövsiyələrinə uyğun qaydada həll edilir.

 

3. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə tələb olunan sənədlərin tərkibi, müraciətin forması, müraciətə baxılma müddəti və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsindən imtinanın əsasları



 3.1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün istifadəçi tərəfindən bu Qaydaların əlavəsində göstərilən ərizə nümunəsi doldurulur.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğin ödənildiyini təsdiq edən sənəd;

3.2.2. istifadəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti və fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda yaşadığı yer üzrə vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

3.2.3. istifadəçi hüquqi şəxs olduqda təşkilatın nizamnaməsinin (əsasnaməsinin) və onun  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) surəti.

3.3. Təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olduqda, beynəlxalq eyniləşdirmə nömrəsi ərizənin milli mərkəzə daxil olduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq verilir.

3.4. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə və ya sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsindən imtina olunur və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində əsaslandırılmış cavab verilir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsi barədə müraciətə yenidən baxılır və 3 (üç) iş günündən gec olmayaraq istifadəçiyə müvafiq eyniləşdirmə nömrəsi verilir.

3.5. Verilmiş beynəlxalq eyniləşdirmə nömrələri və onun istifadəçisi barədə məlumatlar Agentliyin internet informasiya ehtiyatında (saytında) yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.

Beynəlxalq standart eyniləşdirmə



nömrələrinin  verilməsi Qaydaları”na

əlavə
BEYNƏLXALQ STANDART EYNİLƏŞDİRMƏ NÖMRƏSİNİN VERİLMƏSİ HAQQINDA ƏRİZƏ

  

___ _______ 20___-   il

 

Azərbaycan Respublikası



Müəllif Hüquqları Agentliyinin sədri

cənab ___________________________


Ərizəçi _____________________________________________________

(ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxsin tam adı və hüquqi ünvanı qeyd edilməli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin yaşayış yeri üzrə vergi orqanında uçota alınması barədə məlumatlar göstərilməlidir)

_____________________________________________________________

(fiziki şəxslərin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı, ərizəçinin yaşadığı və olduğu ünvanlar)

_____________________________________________________________

(beynəlxalq standart eyniləşdirmə nömrəsi istifadə olunacaq obyektin adı)

 

____________________ ədəd beynəlxalq standart eyniləşdirmə nömrəsinin



      (rəqəmlə və sözlə)

verilməsini xahiş edirəm.                                              

Sonuncu alınmış beynəlxalq standart nömrəsi (olduğu təqdirdə)_____________

 _______________________________________________________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ___ _______ tarixli ____ nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” ilə tanışam və beynəlxalq standart eyniləşdirmə nömrələrindən təyinatı üzrə istifadəyə təminat verirəm.



 

İstifadəçi  __________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

əlaqə telefonları:  ________    ünvan:________ ____        e-mail: ________



 

         M. Y.                                                        _________________  

                                                                                (imza)

Fiziki şəxs üçün                                                _________________

                                                                               (imza)


Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2013-cü  il  14 mart

tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği

 

  



Sıra

-si



Beynəlxalq

eyniləşdirmə nömrələri

Ödənilən haqqın məbləği

(manatla)

1.

İSBN

15 AZN

2.

İSMN

10 AZN

3.

İSSN

5 AZN

4.

İSAN

10 AZN

5.

İSRC

15 AZN


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə