Azərbaycan Respublikasının Mərkəzi Bankı – Azərbaycan iqtisadiyatının əsas elementi kimi




Yüklə 52.51 Kb.
tarix05.03.2016
ölçüsü52.51 Kb.

www.kitabxana.netMilli Virtual Kitabxana


Ələkbərov Z.Y. “Paşa İnşaat” MMC-in

hüquq şöbəsinin əməkdaşı,

Beynəlxaq Hüquqi Tədqiqatlar Təşkilatının üzvü

alzaur@mail.ru, 055 794 11 69

Azərbaycan Respublikasının Mərkəzi Bankı – Azərbaycan iqtisadiyatının əsas elementi kimi

İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.

H.Ə. Əliyev

Açar sözlər: Mərkəzi bank, iqtisadiyyat, milli valyuta,

Müəllifin sözləri: Azərbaycan xalqı milli valyutaya inanır və etibar edir. Xalq etibarlı və həqiqi pulları istifadə edir. Stabil və azad şəkildə xarici valyutayaya konvertasiya olunan manat hər bir azərbaycan vətəndaşına bəlli şəkildə həm maddi üstünlük verir həm də belə desək bəlli dərəcədə özünə hörmət hissinə səbəb olur.

Bununlada insanlar tam əminliklə Azərbaycanın bank sisteminə inanır. Qeyd olunan müsbət dəyişikliklərdə Azərbaycan Respublikasının Mərkəzi bankının rolu danılmazdır.

2008-ci ildən başlayaraq bütün dünyanı iqtisadi böhran bürüdü. Bu böhran Azərbaycan iqtisadiyyatının bütün sferalarına çox cüzi təsir etdi. Beləki, Azərbaycan Respublikasının Mərkəzi bankı bütün rıçaklarını işə salaraq Azərbaycan iqtisadiyyatının böhrana olduqca böyük müqavimət göstərməsini təşkil etdi. Azərbaycan iqtisadiyyatı dünyada böhrana ən az məruz qalan iqtisadiyyatlardan biri oldu. Bunun əsas səbəbi odur ki, Azərbaycan böhrana yaxşı hazırlaşmışdı. Son illərdə hökumət Mərkəzi bankla birlikdə cəsarətli iqtisadi siyasət yürüdərək misli görünməmiş artıma nail oldu. Ökəmizin xarici borcunun az olması da hökumətin imkanlarını genişləndirdi. Mərkəzi Bankın böyük valyuta ehtiyatları hesabına hökümət bütün öhdəliklərini yerinə yetirmiş, manatın məzənnəsi qoruyub saxlamış, bank sisteminin sabitliyini təmin etmişdir. Bu gün ki gündə Azərbaycanın makroiqtisadi siyasətinin zəif nöqtəsini tapmaq çox çətindir. Bundan əlavə Mərkəzi bank milli valyuta olan manatın məzənnəsinin sabitliyini qoruyaraq saxlamışdır. İqtisadi böhran nəticəsində bir çox ölkələrin milli valyutalarının dəyərinin devalvasiyaya məruz qalmasına baxmayaraq Azərbaycan Respublikasında belə hal müşahidə olunmadı. Milli pulun sabitliyi ölkə iqtisadiyyatının sabitliyi deməkdir və əsas göstəricisi sayılır. Ümid edirik ki, Mərkəzi Bank növbəti illərdə də manatın sabitliyinin qorunması üçün lazım olan bütün tədbirləri həyata keçirəcək. Çünki bunu etmək üçün böyük imkana malikdir.

Tarix: XIX əsrin ortalarınadək, dünyanın digər dövlətlərində olduğu kimi Azərbaycan ərazisində də sözün müasir anlamında dövlətin mərkəzi bank tənzimləməsi orqanı yox idi. Yalnız Azərbaycanın kapitalizmə qədəm qoyması ilə əlaqədar bank-maliyyə sferasının tənzimləməsinin ilk mexanizmləri də formalaşmağa başladı. 1860-cı ildə Rusiya imperiyasının Dövlət Bankı təsis edildi və artıq bir il sonra onun Bakı bölməsi açıldı. Bölmənin əsas məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və kredit sisteminin inkişafını sürətləndirməkdən ibarət idi1.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 07 mart 1919-cu ildə Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. 16 sentyabr 1919-cu ildə Azərbaycan Respublikasının parlamenti Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 30 sentyabr 1919-cu il tarixində isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və fəaliyyətə başladı2.

Azərbaycan Dövlət Bankı əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50000000 rubl idi.

"Banklar bankı" olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi. Ümumiyyətlə, Demokratik Respublika dövründə Azərbaycanın pul-kredit sistemi xeyli inkişaf etmişdi.

Lakin 1920-ci il 28 aprel tarixində bolşevik Rusiyasının Azərbaycanı işğalı nəticəsində dövlətin müstəqilliyi formal olaraq saxlanılsa da ölkənin mövcud pul-kredit sistemi məhv edildi. Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı. Beləliklə də bank işi dövlətin müstəsna inhisarına keçdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı və Azərbaycanda dövlət inhisarında olan bank sistemi də mərkəzdən idarə olunmağa başlandı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə "suveren" respublika kimi daxil oldu və 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.

1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Milli Bankın yaradılması üçün də hüquqi baza yaradıldı. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə etdi3. Azərbaycanda iqtisadiyyatın mühüm inkişafı üçün müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Mərkəzi Bankın da statusunu və səlahiyyətlərini müəyyənləşdirdi. Belə ki, Mərkəzi Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edildi.

Eyni zamanda "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz bu Qanuna əsasən, habelə yuxarıda qeyd edilən Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Milli Bankı yaradıldı və 1992-ci il 7 avqust tarixdə "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun qəbul olundu. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etdi. Sözügedən Qanunda Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edildi. Eyni zamanda Milli Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verildi4.

Azərbaycan xalqının ümummilli lideri, böyük siyasətçi olan ulu öndər Heydər Əlirza oğlu Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il 12 noyabr tarixində keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin II bəndində pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Mərkəzi Banka mənsub olması bir daha təsdiqləndi. Bundan əlavə Konstitusiyada Mərkəzi Bankın dövlətin müstəsna mülkiyyətində olması da müəyyən edilmişdir. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeni quruculuq işlərinə başlanıldı5. Bu başlanğıc iqtisadiyyatımıza bir təkan vurdu.

Azərbaycan iqtisadiyyatında bank sisteminin və onun normativ hüquqi bazasının inkişaf etdirilməsi və bank sistemində aparılan ardıcıl islahatların daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli Fərmanı ilə bank qanunlarının yenidən işlənməsi tapşırığı verilmişdir. Məhz bu dövlət qayğısının nəticəsi kimi "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunları 2004-cü ildə yeni redaksiyada qəbul edilmişdir.

10 dekabr 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu Mərkəzi Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur6.

Yeni qanun Mərkəzi Bankın bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaratmışdır. Azərbaycan iqtisadiyyatında qiymətlərin sabitliyininin təmin edilməsi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin edilməsini, pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, bank fəaliyyətini lisenziyalaşdırılması, tənzimlənməsini və nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi, nağd pul dövriyyəsini təşkil edilməsini, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirilməsi, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edilməsi və elan edilməsi, hesabat tədiyə balansını tərtb edilməsi və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştrak edilməsi - bunlar Mərkəzi Bankın iqtisadiyyatımızın daima inkişaf etdirilməsi üçün mühüm funksiyalarıdır.

Azərbaycan Mərkəzi Bankı son 15 ildə öz mandatını müvəffəqiyyətlə yerinə yetirərək dövlətin iqtisadi inkişaf strategiyasına aktiv dəstək vermişdir. Bank öz məqsədyönlu fəaliyyəti ilə makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə qoruyur, bank və ödəniş sistemlərinin inkişafını təmin edir, ictimai dəyər yaradan digər mühüm funksiyaları effektiv həyata kecirir7.

Bununla belə Mərkəzi bank son dövrlərdə baş verən qlobal maliyyə böhranının ümumiyyətlə azərbaycan iqtisadiyyatına təsir göstərməməsi üçün bütün çətinliklərə öhdəsindən uğurla gələcəyinə inanırıq.



Pul siyasəti: Pul siyasətinin əsas məqsədi illik faiz dərəcəsini minimum səviyyədə saxlamalıdır. İnflasiya üzərində nəzarətin təmin olunması və sabit səviyyədə saxlanılması ölkə üzrə inflasiya dərəcələrinin aşağı səviyyəsinin gözləntilərini formalaşdıracaq və iqtisadiyyatımızda biznes fəaliyyətinin dirçəlişinin daha da inkişaf etməsinə yardım edəcək.

Ödəniş sistemi: Azərbaycan Respublikasının Mərkəzi Bankı ödəniş sistemləri sahəsində müasir standartlara cavab verən elektron ödəniş sistemlərini yaratmış, onların sabit və fasiləsiz istismarının təşkil edilməsi, beynəlxalq aləmdə bu istiqamətdə baş verən meyllər nəzərə alınmaqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsini həyata keçirmişdir.

Beləki, 2001-ci ilin əvvəllərində Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istifadəyə verilmişdir. AZİPS sisteminin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata keçirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yaranmışdır.

2002-ci ilin sonlarından etibarən Milli Telekommunikasiya Şəbəkəsinin bazasında Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verilmişdir. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məs., vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı.

Ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsi və regionlara istiqamətləndirilməsi, yaradılmış Milli Ödəniş Sisteminin imkanlarından daha aktiv istifadə olunması, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılıması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı təsdiq edilmişdir.

Dövlət Proqramına uyğun olaraq ölkədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sisteminin arxitekturasının tamamlanması üçün yeni infrastrukturun – “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq respublikada fəaliyyət göstərən 18 bankın idarəçiliyinə və istifadəsinə verilmişdi.

Kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanmasının icrası ilə əlaqədar olaraq kommunal xidməti haqlarının yığımı üzrə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) yaradılaraq 2008-ci ilin 11 iyul tarixindən etibarən istismara verilmişdir. Sistem vasitəsilə KÖMİS-ə qoşulmuş kommunal xidməti müəssisələri üzrə ödənişləri həm nağd, həm də bankomatlarda və KÖMİS-in “İnternet Service” xidmətindən istifadə etməklə ödəniş kartları vasitəsilə həyata keçirmək mümkündür8.



Azərbaycan İpoteka Fondu: Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan iqtisadiyyatının daha da canlandırılması üçün eyni zamanda Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı öz nəzdində Azərbaycan İpoteka Fondu  yaratmışdır. 

Əmanətlərin Sığortalanması Fondu: 29 dekabr 2006-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən etdi.

Bu sistemi yaratmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında olan Əmanətlərin Sığortalanması Fondu banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafım təmin etmək məqsədi güdür.



Maliyyə Monitorinq Xidməti: Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan iqtisadiyyatında mühüm vəzifələr yerinə yetirir. Onun üzərinə düşən vəzifəni icra etməklə eyni zamanda iqtisadiyyatda xüsusi əhəmiyyətə malik olan məsələlərin, problemlərin həllində vacib rol oynayır.

İqtisadiyyatımızda korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin daha səmərəli qurulması həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəzi bank Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə öz nəzdnində Maliyyə Monitorinq Xidməti yaratmışdır.

Hal-hazırki məqalədə bir müəllif kimi oxucuların nəzərinə çatdırmaq istədim ki, Azərbaycan Respublikasının Mərkəzi bankı ölkə iqtisadiyyatında necə mühüm və vacib rol oynayır. Lakin Mərkəzi bankın ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsiri belə kiçik bir məqalə ilə ifadə etmək çox çətindir. Bunun üçün saatlar, günlər, aylar belə azdır.
İstifadə olunmuş ədəbiyyat:

     


  1. http://www.azerbaijan.az/_StatePower/_CommitteeConcern/committeeConcern_05_a.html

  2. Tarix, Dərs Vəsait, TQDK, Bakı 2009

  3. Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanunu

  4. http://cbar.az/pages/about-us/history/

  5. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 2008

  6. 10 dekabr 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu

  7. 2011-2014-cu illər üçün Mərkəzi Bankın Strateji Planı

  8. http://cbar.az/pages/payment-systems/general-information/

Ələkbərov Z.Y. “Paşa İnşaat” MMC-in

hüquq şöbəsinin əməkdaşı,

Beynəlxaq Hüquqi Tədqiqatlar Təşkilatının üzvü

Azərbaycan Respublikasının Mərkəzi Bankı – Azərbaycan iqtisadiyatının əsas elementi kimi

Məqalədə Azərbaycan Respublikasının Mərkəzi bankının ölkə iqtisadiyyatında necə mühüm və vacib rol oynadığından danışılır.

Azərbaycan Respublikasının Mərkəzi bankının ölkə iqtisadiyyatında qiymətlərin sabitliyininin təmin edilməsi həmçinin bank və ödəniş sistemlərinin sabitliyinin və inkişafının təmin edilməsi, pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi haqqında danışılır.

Alakbarov Z.Y. employee of Legal Department

of “Pasha Construction”,

Member of International Organization for Legal Researches

The Central Bank of the Republic of Azerbaijan as the main element Azerbaijan’s economy

In the article are discussed about the important and significant role of the Central Bank of the Republic of Azerbaijan in the state's economy.



In the article are stated how in the state's economy the Central Bank of the Republic of Azerbaijan  is to ensure price stability within its authorities also to ensure stability and development of the banking and payment systems and identification and implementation of monetary and exchange policy, etc.


1 http://www.azerbaijan.az/_StatePower/_CommitteeConcern/committeeConcern_05_a.html

2 Tarix, Dərs Vəsait, TQDK, Bakı 2009

3 Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanunu

4 http://cbar.az/pages/about-us/history/

5 Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 2008


6 10 dekabr 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu

7 2011-2014-cu illər üçün Mərkəzi Bankın Strateji Planı

8 http://cbar.az/pages/payment-systems/general-information/





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə