Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 199.32 Kb.
səhifə9/10
tarix22.02.2016
ölçüsü199.32 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı


Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması


I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rə`yi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

Maddə 108. Azərbaycan Respublikası Prezidentinin tə`minatı


Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına tə`min edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri tə`min edir.

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri


Azərbaycan Respublikasının Prezidenti:

1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri tə`yin edir;

2. Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3. dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə tə`yin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə tə`yin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iste`fası haqqında qərar qəbul edir;

7. Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının İqtisad Məhkəməsi hakimlərinin vəzifəyə tə`yin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə tə`yin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə tə`yin və vəzifədən azad edir;

10. Azərbaycan Respublikası Milli Bankı İdarə Hey`əti üzvlərinin vəzifəyə tə`yin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

11. Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda hey`ətini vəzifəyə tə`yin və vəzifədən azad edir;

13. Azərbaycan Respublikası Prezidentinin icra aparatını təşkil edir və onun rəhbərini tə`yin edir;

14. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndələrini vəzifəyə tə`yin və vəzifədən azad edir;

15. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin tə`sis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini tə`yin edir və geri çağırır;

16. xarici dövlətlərin diplomatik nümayəndələrinin e`timadnamə və övdətnamələrini qəbul edir;

17. hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18. referendum tə`yin edir;

19. qanunları imzalayır və dərc edir;

20. vətəndaşlıq məsələlərini həll edir;

21. siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22. əfv edir;

23. dövlət təltifləri ilə təltif edir;

24. ali hərbi və ali xüsusi rütbələr verir;

25. ümumi və qismən səfərbərlik e`lan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26. Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tə`yinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29. fövqəl`adə və hərbi vəziyyət e`lan edir;

30. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə e`lan edir və sülh bağlayır;

31. Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32. Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Maddə 110. Qanunların imzalanması


I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin e`tirazını doğurursa, o, qanunu imzalamayıb öz e`tirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.


1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə