Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 199.32 Kb.
səhifə5/10
tarix22.02.2016
ölçüsü199.32 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Maddə 57. Müraciət etmək hüququ


I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə tə`qib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.


Maddə 58. Birləşmək hüququ


I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə tə`minat verilir.

III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.


Maddə 59. Azad sahibkarlıq hüququ


Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Maddə 60. Hüqüq və azadlıqların məhkəmə tə`minatı


I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə`minat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.


Maddə 61. Hüquqi yardım almaq hüququ


I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi


Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Maddə 63. Təqsirsizlik prezumpsiyası


I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.

Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi


Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ


Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi


Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları


Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məs`uliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ


I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.


Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları


I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.


Maddə 70. Siyasi sığınacaq hüququ


I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.

II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə tə`qib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.


Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə`minatı


I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Yalnız müharibə, hərbi vəziyyət və fövqəl`adə vəziyyət, habelə səfərbərlik e`lan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan mə`lumat verilir.

IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məs`uliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məs`uliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.


1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə