Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 199.32 Kb.
səhifə4/10
tarix22.02.2016
ölçüsü199.32 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Maddə 40. Mədəniyyət hüququ


I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət tə`sisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

II. Hər kəs tarixi, mədəni və mə`nəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.


Maddə 41. Sağlamlığın qorunması hüququ


I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına tə`minat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məs`uliyyətə cəlb edilirlər.

Maddə 42. Təhsil hüququ


I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir.

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

IV. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 43. Mənzil hüququ


I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.


Maddə 44. Milli mənsubiyyət hüququ


I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.

II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.


Maddə 45. Ana dilindən istifadə hüququ


I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.


Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ


I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya mə`ruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

Maddə 47. Fikir və söz azadlığı


I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.

Maddə 48. Vicdan azadlığı


I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə e`tiqad etmək, yaxud heç bir dinə e`tiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini e`tiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.


Maddə 49. Sərbəst toplaşmaq azadlığı


I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.


Maddə 50. Mə`lumat azadlığı


I. Hər kəsin qanuni yolla istədiyi mə`lumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına tə`minat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.


Maddə 51. Yaradıcılıq azadlığı


I. Hər kəsin yaradıcılıq azadlığı vardır.

II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə tə`minat verir.


Maddə 52. Vətəndaşlıq hüququ


Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Maddə 53. Vətəndaşlıq hüququnun tə`minatı


I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə tə`minat verir və onlara hamilik edir.

Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ


I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.

II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.


Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ


I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər.

II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından tə`yin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.


Maddə 56. Seçki hüququ


I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət mə`murlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə