Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 199.32 Kb.
səhifə10/10
tarix22.02.2016
ölçüsü199.32 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Maddə 111. Hərbi vəziyyət e`lan edilməsi


Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə e`lan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət e`lan edir və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Maddə 112. Fövqəl`adə vəziyyət tətbiq edilməsi


Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloci və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət tə`sisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəl`adə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları


I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.


Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu


I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.


Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iste`fası


Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə iste`fa verir.

Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları


Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin tə`yin edilməsi qaydası


I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tə`yin edir.

II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin iste`fa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə tə`yin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan tə`yin edə bilər.

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri


Azərbaycan Respublikasının Nazirlər Kabineti:

·         Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

·         Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını tə`min edir;

·         maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini tə`min edir;

·         dövlət iqtisadi proqramlarının həyata keçirilməsini tə`min edir;

·         dövlət sosial tə`minat proqramlarının həyata keçirilməsini tə`min edir;

·         nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

·         Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.


Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları


I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.


Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər


I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı tə`yin edilir.

II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı tə`yin edilir.


Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər


Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya tə`yinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı


I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məs`uliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa mə`ruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.


Maddə 124. Yerlərdə icra hakimiyyəti


I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə tə`yin və vəzifədən azad edir.

III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

7-ci fəsil. Məhkəmə hakimiyyəti

Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi


I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

IV. Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəl`adə məhkəmələrin yaradılması qadağandır.


Maddə 126. Hakimliyə namizədlərə aid tələblər


I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

II. Hakimlər heç bir başqa seçkili və tə`yinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.


Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri


I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd tə`sir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ tə`min olunur.

IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.

X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ tə`min edilir.

Maddə 128. Hakimlərin toxunulmazlığı


I. Hakimlər toxunulmazdırlar.

II. Hakim cinayət məs`uliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.

IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rə`yi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rə`yi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.

V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.

Maddə 129. Məhkəmə qərarları və onların icrası


Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi


I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.

II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tə`yin edir.

III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

2. Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

5. bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

6. Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

7. siyasi partiyaların və digər ictimai birliklərin ləğv edilməsi;

8. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

9. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.

IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.

VI. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

VII. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri qüvvəyə minmir.


Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi


I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tə`yin edir.


Maddə 132. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi


I. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə baxılması üzrə yuxarı məhkəmə orqanıdır; o, qanunla müəyyən edilmiş qaydada müvafiq ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir.

II. Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tə`yin edir.


Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu


I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə tə`yin və vəzifədən azad edir.

IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə tə`yin və vəzifədən azad edir.

V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə tə`yin və vəzifədən azad edir.

8-ci fəsil. Naxçıvan Muxtar Respublikası

Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu


I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi


I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.


Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi


Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi


I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar


I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

2. vergilər;

3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4. sosial tə`minat;

5. ətraf mühitin qorunması;



6. turizm;

7. səhiyyə, elm, mədəniyyət.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə