Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 199.32 Kb.
səhifə1/10
tarix22.02.2016
ölçüsü199.32 Kb.
  1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan Respublikasının Konstitusiyası

 

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ən`ənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının tə`min edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məs`uliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:



·         Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

·         Konstitusiya çərçivəsində demokratik quruluşa tə`minat vermək;

·         vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

·         xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini tə`min edən hüquqi, dünyəvi dövlət qurmaq;

·         ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini tə`min etmək;

·         ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Birinci bölmə

Ümumi müddəalar

1-ci fəsil. Xalq hakimiyyəti

Maddə 1. Hakimiyyətin mənbəyi


I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.


Maddə 2. Xalqın suverenliyi


I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.


Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər


I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.


Maddə 4. Xalqı təmsil etmək hüququ


Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Maddə 5. Xalqın vahidliyi


I. Azərbaycan xalqı vahiddir.

II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.


Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.


I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.


2-ci fəsil. Dövlətin əsasları

Maddə 7. Azərbaycan dövləti


I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

·         qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

·         icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

·         məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Maddə 8. Azərbaycan dövlətinin başçısı


I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini tə`min edir.

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının tə`minatçısıdır.

IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin tə`minatçısıdır.


Maddə 9. Silahlı Qüvvələr


I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini tə`min etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri


Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Maddə 11. Ərazi


I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə