Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında




Yüklə 40.21 Kb.
tarix09.03.2016
ölçüsü40.21 Kb.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə 
Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

Qısa icmal

“Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə  Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən hazırlanmışdır.

Rəy Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına göndərilmiş “Büdcə zərfi”nin tərkib hissəsi olan “Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının  Qanununun layihəsinə əsasən, həmçinin Dövlət Sosial Müdafiə Fondunun dövri olaraq Hesablama Palatasına təqdim etdiyi hesabatlardan, Palatanın müvafiq analitik məlumat bazasından, habelə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə edilməklə hazırlanmışdır. Eyni zamanda, Rəyin tərtibi  zamanı Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri də nəzərə alınmışdır.
  
“Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin hazırlanması zamanı sığortaolunanların orta illik sayı, orta aylıq əmək haqqı məbləği və müvafiq qaydada hesablanmış məcburi dövlət sosial sığorta haqları məbləği, pensiyaçıların orta illik sayı, əmək pensiyalarının orta aylıq məbləği, inflyasiya səviyyəsi, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin məbləği və s. bu kimi məlumatlara əsaslanılmışdır. 

“Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə  Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan  Respublikasının Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının  Rəyi “Ümumi müddəalar”dan, “Dövlət Sosial Müdafiə Fondunun gəlirləri” və “Dövlət Sosial Müdafiə Fondunun xərcləri” adlı bölmələrdən ibarət olmaqla ayrı-ayrı istiqamətlər üzrə Palatanın müvafiq tövsiyyələri də verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri

Ölkəmizdə daimi olaraq müşahidə olunan davamlı sosial-iqtisadi inkişaf Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) büdcəsinin formalaşmasına da təsirsiz ötüşməmişdir. Belə ki, büdcə sektorunda stabillik, əmək haqları və digər ödənişlərin vaxtında və tam ödənilməsi, özəl sektor üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün münbit şəraitin olması və bu sahəyə daimi dövlət dəstəyi, həmçinin vətəndaşların hazırkı pensiya sisteminə və bu sahədə aparılan islahatlara inamının artması bilavasitə Fondun gəlirlərinin də artımını şərtləndirir. Fiziki şəxslərdən tutulan gəlir vergisi və məcburi dövlət sığorta haqları üzrə tutulma bazalarını uyğunlaşdırmaq, pensiyalar və digər sosial ödənişlər üzrə islahatların davam etdirilməsi üçün maliyyə təminatı yaratmaq 2015-ci ildə  də hökumətin büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir və bu tədbirlər son nəticədə Fondun məcburi dövlət sosial sığorta haqlarından gəlirlərinin artması və maliyyə dayanıqlılığının təmin edilməsinə xidmət edəcəkdir.  

Fondun 2015-ci il büdcəsinin layihəsinə (bundan sonra – Layihə) əsasən 2015-ci ildə Fondun gəlirləri 3056285,7 min manat və ya 2013-cü ilin müvafiq icra göstəricisindən 384918,8 min manat və ya 14,4%, cari ilin proqnoz göstəricisindən isə 127833,7 min manat və ya 4,4% çox proqnozlaşdırılmışdır. 

Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqlarından daxilolmalardan, sair gəlirlərdən və dövlət büdcəsindən ayırmalardan (transfertlər) ibarət olacaqdır.

Gələn ildə də Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqlarından daxilolmaların xüsusi çəkisinin artması tendensiyası davam edəcəkdir ki, bu da Fondun maliyyə dayanıqlılığının təmin edilməsi baxımından təqdirəlayiqdir.  2015-ci ildə Fondun gəlirlərinin 1950221,9 min manatı və ya 63,8%-i məcburi dövlət sosial sığorta haqlarından formalaşacaq ki, bu da 2013-cü və 2014-cü illər üzrə uyğun icra və proqnoz göstəricisindən, müvafiq olaraq, 366119,1 min manat və ya 23,1% və 169803,5 min manat və ya 9,5% çoxdur. Bu artım nəticəsində məcburi dövlət sosial sığorta haqlarından daxilolmaların ümumi gəlirlərdə xüsusi çəki göstəricisi 2013-2014-cü illərin müvafiq göstəricilərindən uyğun olaraq 4,5 faiz bəndi və 3,0 faiz bəndi çox olacaqdır.

2015-ci il üçün dövlət büdcəsinin layihəsi üzrə “Büdcə zərfi”nə daxil edilmiş məlumatlara əsasən gələn ildə orta aylıq əmək haqqının 7,2% artımı proqnozlaşdırılmışdır. Bu baxımdan məcburi dövlət sosial sığorta haqları üzrə 2015-ci ildə 2014-cü ilin müvafiq proqnoz göstəricisinə nəzərən 9,5% artım yeni iş yerlərinin açılması ilə yanaşı, bu mənbə üzrə gəlirlərin artırılması istiqamətində fəaliyyətin gücləndiriləcəyini qeyd etməyə əsas verir. 


Məcburi dövlət sosial sığorta haqlarından daxilolmaların tərkibində 2015-ci ildə büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlər 698935,2 min manat və ya bu mənbə üzrə gəlirlərin 35,8%-i məbləğində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin icra göstəricisindən 106857,6 min manat və ya 18,0%, 2014-cü ilin müvafiq proqnoz göstəricisindən isə 38516,8 min manat və ya 5,8% çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə qeyri-büdcə sektorunun üstünlüyünün getdikcə gücləndirilməsi müsbət meyl olaraq dəyərləndirilə bilər.

2015-ci ildə orta aylıq əmək haqqı göstəricisinin 2014-cü ilin proqnoz göstəricisinə nəzərən büdcə sektoru üzrə 5,2% az, qeyri-büdcə sektoru üzrə isə 1,9% çox proqnozlaşdırıldığını nəzərə alsaq həmin sektorlardan məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulmuş gəlirlərin proqnozlaşdırılan, müvafiq olaraq, 5,8% və 11,7% artımını, yuxarıda qeyd edildiyi kimi, sığortaolunanların sayının daha da artması və əmək fəaliyyəti ilə məşğul olan bütün işçilərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi baxımından müsbət qiymətləndirmək olar.

Qeyri-büdcə sektorunda fəaliyyət göstərən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən gələn il 50488,0 min manat vəsaitin yığılması nəzərdə tutulur ki, bu da 2013-cü və 2014-cü illər üzrə uyğun  icra və proqnoz göstəricilərindən, müvafiq olaraq, 1980,9 min manat və ya 4,1% və 9100,0 min manat və ya 22,0% çoxdur. Bu mənbədən gəlirlərin cəmi gəlirlərdəki xüsusi çəkisi isə 1,7% səviyyəsində proqnozlaşdırılmışdır. Qeyd edilməlidir ki, 2013-cü ildə həmin xüsusi çəki göstəricisi 1,8% təşkil etmiş,  2014-cü ilin proqnozu üzrə 1,4%, 2014-cü ilin gözlənilən icrası üzrə isə 1,7% nəzərdə tutulmuşdur. 

Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən şəxslər üzrə gəlir potensialından tam istifadə edilmədiyini, həmin istiqamətlərdə irəliləyişin əldə edilməsi üçün məqsədyönlü zəruri tədbirlərə ehtiyac olduğunu göstərmişdir. Bu mənbələrdən daxil olan gəlirlərin qeydiyyatı və uçot işlərinin qeyri-qənaətbəxş aparılması, daxil olan vəsaitlərin vaxtında sığortaedənlərin və sığortaolunanların  hesablarına işlənilməməsi də həmin sahələr üzrə nəzarət edilə bilən yığım fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etmək imkanı verir. 

Fondun gəlirlərinin səviyyəsinə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcları da əhəmiyyətli təsir göstərir. Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə görə əksər hallarda məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcların azaldılması və ləğvi istiqamətində görülən tədbirlər yetərli olmamış, nəzarət tədbiri ilə əhatə edilən dövrün əvvəlinə nisbətən sonunda  debitor borcların məbləğinin artması müşahidə edilmişdir. Bu isə debitor borcların azaldılması və ləğvi istiqamətində fəaliyyətin gücləndirilməsinə və zəruri tədbirlərə ehtiyacın olmasını deməyə əsas verir. Son nəticədə belə fəaliyyət Fondun gəlirlərinin nəzərəçarpacaq dərəcədə artımını şərtləndirər. 

2015-ci ildə Fondun gəlirlərinin 1100000,0 min manatının və ya 36,0%-inin dövlət büdcəsindən transfertlərdən ibarət olacağı proqnozlaşdırılır ki, bu da 2013-cü ilin icra göstəricisindən 22966,4 min manat və ya 2,1% artıq olsa da 2014-cü ilin müvafiq proqnoz göstəricisindən 42033,6 min manat az olmaqla göstəricinin 96,3%-i qədərdir. Göründüyü kimi, gələn il dövlət büdcəsindən transfertlərin məbləğində azalma proqnozlaşdırılır ki, bu da Fondun tədricən öz xərclərini öz gəlirləri hesabına maliyyələşdirməsi imkanlarının artması baxımından təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.   

2015-ci ildə Fondun gəlirlərinin 6063,8 min manatının və ya 0,2%-nin sair gəlirlər üzrə formalaşacağı planlaşdırılmışdır ki, bu da xüsusi çəki baxımından cari ilin proqnoz göstəricisindən  63,8 min manat və ya 1,1% çoxdur. Əvvəlki illərdə olduğu kimi, gələn ilin büdcə layihəsində də sair gəlirlərin tərkibi dəqiq açıqlanmamış, həmin istiqamət üzrə gəlirlərin yalnız 1653,8 min manatını və ya 27,3%-ini əhatə edən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların məbləği dəqiqləşdirilmişdir. Hesablama Palatasının ötən illər üçün müvafiq Rəylərində qeyd edildiyi kimi, bu istiqamət üzrə digər gəlirlərin, o cümlədən keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiəsi Fondlarına ayırmalar üzrə borclar, yeni iş yerlərinin yaradılması və əlillərə maddi köməklərin göstərilməsi ilə bağlı vəsaitlər üzrə geri qaytarmaların, həmçinin tətbiq olunmuş penya və maliyyə sanksiyalarından daxilolmaların məbləğinin proqnozlaşdırılıması hesablamaların daha əsaslı olmasına imkan verərdi. Palata tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri “Sair gəlirlər”in tərkibində uçota alınaraq həmin gəlirlərin əsas hissəsini təşkil edən penya və maliyyə sanksiyalarının düzgün və ya tam tətbiq edilmədiyini, bu istiqamətlərdə əskik hesablamalara yol verildiyini və nəticədə  daxilolmaların da mümkün rəqəmlərdən az olduğunu göstərmişdir. Bu isə həmin mənbə üzrə əlavə gəlirlər potensialının olmasını deməyə əsas verir.  

Dövlət Sosial Müdafiə Fondunun xərcləri


  

2015-ci il üçün Fondun gəlirləri 3056285,7 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2013-cü ilin icra göstəricisindən 466554,3 min manat və ya 18,0%, 2014-cü ilin proqnoz göstəricisindən isə 127833,7 min manat və ya 4,4% çoxdur. 

2015-ci ildə də Fondun xərclərinin əsas hissəsini, yəni 2989179,6 min manatını və ya 97,8%-ini əhaliyə ödənişlər təşkil edəcəkdir. Bu isə 2013-cü və 2014-cü illər üzrə müvafiq olaraq icra və proqnoz göstəricilərdən uyğun olaraq  458917,0 min manat və ya 18,1% və 127384,6 min manat və ya 4,5% çoxdur. Göründüyü kimi, Fondun xərclərində nəzərdə tutulmuş artım məbləğində (127833,7 min manat ) əhaliyə ödənişlər üzrə 2015-ci il üçün proqnozlaşdırılmış  artımın 99,6% təşkil etməsi əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində Fondun xərclərinin effektiv istifadə olunacağı qənaətinə gəlməyə əsas verir. 

Əhaliyə ödənişlərin 2910511,2 min manatının və ya 97,4%-inin əmək pensiyalarının ödənişinə yönləndirilməsi nəzərdə tutulur ki, bu da 2013-cü il üzrə icra göstəricisindən 444451,9 min manat və ya 18,0%, 2014-cü il üzrə proqnoz göstəricisindən isə 121892,2 min manat və ya 4,4% çoxdur. Həmin məbləğin 1536468,0 min manatı və ya 52,8%-i əmək pensiyalarının baza hissəsinin, 1374043,2 min manatı və ya 47,2%-i isə sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu isə 2014-cü il üzrə proqnoz göstəricidən, müvafiq olaraq, 18020,0 min manat və ya 1,2% və 103872,2 min manat və ya 8,2% çoxdur. 

Əhaliyə ödənişlərin 78668,4 min manatının və ya cəmi xərclərin 2,6%-inin məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə istiqamətləndirilməsi gözlənilir ki, bu da 2013-cü il üzrə icra göstəricisindən 14465,1 min manat və ya 22,5%, cari ilin proqnoz göstəricisindən isə 5492,4 min manat və ya 7,5% çoxdur. Həmin müavinətlər üzrə əvvəlki illərdəki artım tempi ilə müqayisəni (2014-cü ilin gözlənilən icra göstəricisi 2013-cü ilin icra göstəricisindən 21,9% artıq olmuşdur), ölkəmizdə hər il olduğu kimi, yeni iş yerlərinin açılması, həmçinin işçilərin leqallaşdırılması üzrə fəaliyyətin gücləndirilməsi nəticəsində sığortaolunanların da sayının artması ehtimalını nəzərə alsaq, müavinətlərin ödənilməsi üçün proqnoz hesablamalarına daha əsaslı yanaşmanın tətbiqinin zəruri olduğunu deməyə əsas vardır. 

Müavinətlərin 20437,5 min manatı və ya 26,0%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 24153,3 min manatı və ya 30,7%-i hamiləliyə və doğuma görə, 6183,0 min manatı və ya 7,8%-i uşağın anadan olmasına görə, 8500,0 min manatı və ya 10,8%-i  3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, 13434,8 min manatı və ya 17,1%-i dəfn üçün və 5959,8 min manatı və ya 7,6%-i isə işsizliyə görə müavinətlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə əsas xüsusi çəkiyə malik olan ilk iki müavinət növü üzrə 2014-cü ilin proqnoz göstəricisinə nəzərən artım, müvafiq olaraq, 1437,5 min manat və ya 7,6% və 2153,3 min manat və ya 9,8% nəzərdə tutulmuşdur. Bu müavinət növləri üzrə 2014-cü ildə 2013-cü ilin icra göstəricisinə nəzərən, müvafiq olaraq, 1623,0 min manat və ya 8,7% və 3404,9 min manat və ya 16,6% çox icra olacağı gözlənilir. Göründüyü kimi, 2014-cü ilin proqnozu üzrə artım səviyyəsi gələn ildə proqnozlaşdırılan artım səviyyəsini üstələyir ki, bu da, həm əvvəlki illərin təcrübəsini, həm də sığortaolunanların sayında artımı nəzərə almaqla, gələn il üçün bu xərclərin ödənilməsi məqsədilə proqnozlaşdırılmış məbləğlərə əsaslı yanaşmanın zəruri olduğunu qeyd etməyə əsas verir.

Artım səviyyələri üzrə qeyd edilən uyğunsuzluq uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar və dəfn üçün müavinət növləri üzrə daha böyükdür. Belə ki, 2015-ci ildə həmin müavinət növləri üzrə, müvafiq olaraq, 6183,0 min manat (cari ilin proqnoz göstəricisindən 1183,0 min manat və ya 23,7% çox), 8500,0 manat (cari il üzrə proqnozlaşdırılan məbləğə bərabər), 13434,8 min manat (cari ilin proqnoz göstəricisindən 434,8 min manat və ya 3,3% çox) vəsaitin ödəniləcəyi proqnozlaşdırılmışdır. Bu istiqamətlər üzrə cari ilin gözlənilən icra göstəriciləri 2013-cü ilin uyğun icra göstəricilərindən, müvafiq olaraq, 1696,5 min manat və ya 40,8%, 3482,1 min manat və ya 60,0% və 2923,8 min manat və ya 28,4% çoxdur.   

İşsizlik müavinəti üzrə də 2015-ci ildə nəzərdə tutulmuş 5959,8 min manat 2014-cü ildə bu müavinət növü üzrə proqnoz məbləğindən 283,8 min manat və ya 5,0% çoxdur. 

Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı müavinətlərin hesablanması və ödənilməsi sahəsində bir sıra nöqsanlara yol verildiyi aşkar edilmiş, o cümlədən sığortaolunanların sosial sığorta stajı və gəlirləri haqqında məlumatların ətraflı araşdırılmaması, düzgün hesablamaların aparılmaması, xəstəlik vərəqələrində əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətlərində fasilələrin nəzərə alınmaması hallarına rast gəlinmişdir ki, nəticədə də Fondun vəsaitləri hesabına müavinətlər üzrə artıq ödəmələr yaranmışdır. Bir çox hallarda sığortaedənlərin sığortaolunanların gəlirləri haqqında düzgün olmayan məlumatları təqdim etməsi, həmçinin fərdi uçot sisteminə qeyri-ciddi yanaşması da müavinətlərin hesablanması sahəsində daha məqsədyönlü fəaliyyətin aparılmasına və nəzarət mexanizmlərinin işləməsinə maneələr yaradır. Bu baxımdan müavinətlərin ödənilməsi həyata keçirilərkən müavinət sənədlərinin daha dəqiq araşdırılması, həmin sənədlərdə sığortaolunanların gəlirləri və sosial sığorta stajları  barədə məlumatların bütün mümkün vasitələrdən istifadə etməklə ilkin sənədlərlə üzləşdirilməsinin həyata keçirilməsi, sığortaedənlərlə daimi olaraq fərdi uçot sistemi və müavinətlərin hesablanması üzrə məlumatlandırma-maarifləndirmə işlərinin aparılması məqsədəuyğun olardı.

2015-ci ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarının ödənilməsinə 20111,1 min manat və ya cəmi xərclərin 0,7%-i qədər vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin vəsait cari ilin müvafiq proqnoz göstəricisindən 774,1 min manat və ya 4,0% çoxdur. Baxılan xərc istiqamətinin xüsusi çəkisinin, cari ildə proqnozlaşdırıldığı kimi, 0,6% təşkil edəcəyi nəzərdə tutulur. Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, Fondun bir sıra rayon şöbələrində müavinətlərin əhaliyə baratla çatdırılması üzrə 0,6% xidmət haqqı müqabilində xidmət göstərən müvafiq bank filiallarından deyil, 1,5%-1,65% xidmət haqqı müqabilində xidmət göstərən poçt filiallarından istifadə edilir ki, bu da əlavə vəsaitlərin xərclənməsinə səbəb olmaqla, nağd ödənişin həyata keçirilməsi baxımından neqativ hallarının baş verməsi ehtimalını artırır. Qeyd edilənləri nəzərə alaraq bu xərc istiqaməti üzrə azalma potensialının olduğunu söyləmək mümkündür.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin 2015-ci ildə 19000,0 min manat olacağı nəzərdə tutulmuşdur ki, bu da cəmi xərclərin, cari ilin proqnozunda olduğu kimi, 0,6%-i deməkdir. Ayrılacaq vəsaitin cari ildə proqnoz göstəricisindən 415,0 min manat və ya 2,2% çox olmasına baxmayaraq, artım səviyyəsi ümumi xərclər üzrə artım səviyyəsindən 2,2 faiz bəndi aşağıdır. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərin əsas hissəsini, yəni 77,8%-ini və ya 14776,8 min manatını müvafiq yollayışların alınması xərcləri təşkil edəcəkdir ki, bu istiqamət üzrə cari ilin müvafiq proqnoz göstəricisinə nisbətən artım 122,8 min manat və ya 0,8% çoxdur.  
 
Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 318,3 min manat və ya bu istiqamət üzrə xərclərin 1,7%-i qədər olmaqla cari ilin müvafiq proqnoz göstəricisindən 30,3 min manat və ya 10,5% çox vəsaitin istifadə olunması nəzərdə tutulur. Bu artım məbləği cari ildə 2013-cü ilə nisbətən 2,0 min manat artım məbləğini 15 dəfəyədək üstələyir. Müvafiq qurumdan verilmiş məlumata görə artım gələn il ərzində uşaq düşərgələrinin fəaliyyətinin genişləndirilməsi və gündəlik qida rasionunun keyfiyyətinin və çeşidinin daha da artırılması ilə əlaqədar olacaqdır.

Sanatoriya-profiliktoriyalara yemək xərclərinə, tibbi xidmətin və ştatların saxlanılmasına növbəti ildə 196,7 min manat və ya bu istiqamət üzrə xərclərin 1,0%-i qədər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əmək haqqının ödənilməsinə) 2457,4 min manat (12,9%), Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına isə 1250,8 min manat (6,6%) vəsaitin xərclənməsi proqnozlaşdırılmışdır. 2014-cü ilin proqnoz göstəriciləri ilə müqayisədə sanatoriya-profiliktoriyalara yemək xərclərinə, tibbi xidmətin və ştatların saxlanılmasına 9,7 min manat və ya 5,2%, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əmək haqqının ödənilməsinə) 67,4 min manat və ya 7,3% və Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına 84,8 min manat və ya 7,3% çox vəsait nəzərdə tutulmuşdur. 

Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin 2015-ci ildə 26224,0 min manat olacağı proqnozlaşdırılır ki, bu da ümumi xərclərin 0,9%-ini təşkil etməklə cari il üzrə müvafiq proqnoz göstəricisindən 690,0 min manat və ya 2,7% çoxdur. Bu xərclərin tərkibində əsas hissənin əməyin ödənişi xərclərinin təşkil etdiyini nəzərə alsaq belə artım səviyyəsi orta aylıq əmək haqqının gələn il üçün proqnozlaşdırılmış artım tempindən 4,7 faiz bəndi, büdcə sektoru üzrə əmək haqqının gözlənilən artım səviyyəsindən isə 2,4 faiz bəndi azdır. Qeyd etmək lazımdır ki, Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması üçün 2015-ci ildə nəzərdə tutulmuş vəsait 2014-cü il üzrə gözlənilən icra göstəricisindən 690,0 min manat və ya 2,7% çoxdur. 

2015-ci ildə 40,0 min manat vəsaitin beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi ilə bağlı istifadə ediləcəyi proqnozlaşdırılmışdır ki, bu da, üzvlük haqlarının məbləğində dəyişikliyin olmaması səbəbindən, cari ildəki müvafiq proqnoz göstərici qədərdir. Cari ildə olduğu kimi, həmin məbləğin 14,0 min manatının Beynəlxalq Sosial Təminat Assosiasiyasına, 26,0 min manatının isə MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsinə istifadə olunacağı gözlənilir. 

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 2015-ci ildə 1500,0 min manat və ya cari il üzrə proqnoz xərc məbləğindən 1430 min manat və ya 48,8% az vəsaitin istifadə ediləcəyi nəzərdə tutulmuşdur. Belə azalma qeyd edilən proqram üzrə əsas işlərin əvvəlki illərdə həyata keçirilməsi və proqramın 2015-ci ildə sona çatması ilə əlaqədar olacaqdır. 

Azərbaycan Respublikasının Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 oktyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması məqsədilə 2015-ci ildə cari ilin proqnoz məbləği həcmində, yəni 231,0 min manat vəsaitin istifadə edilməsi nəzərdə tutulmuşdur ki, bu da kredit sazişi üzrə ödəmə şərtlərinə və məbləğinə uyğundur.  



Rəy Hesablama Palatası Kollegiyasının 29 oktyabr 2014-cü il tarixli Q-150 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə