Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında azərbaycan respublikasi prezidentiNİn fərmani




Yüklə 19.7 Kb.
tarix06.03.2016
ölçüsü19.7 Kb.
Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılsın.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, bir ay müddətində:

2.1. Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan İpoteka Fondundan kreditlərin verilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan İpoteka Fondundan verilən kreditlərdə iştirak edəcək agent bankların siyahısını müvafiq meyarlar əsasında müəyyənləşdirib təsdiq etsin;

2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə birlikdə daşınmaz əmlak üzərində yaranan hüquqların dövlət qeydiyyatının daha təkmil sxem əsasında aparılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. ipoteka kreditləşməsinə yönəldilən vəsaitin həcminin davamlı olaraq artırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə ipoteka istiqrazları təsisatının yaradılmasına və bu yolla Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və institusional investorların (o cümlədən sığorta şirkətlərinin, investisiya fondlarının və s.) maliyyə resurslarının Azərbaycan İpoteka Fonduna cəlb olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki, ipoteka kağızının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

4.1. 2006-cı il və növbəti illər üçün Dövlət büdcəsi layihələrində Azərbaycan İpoteka Fonduna vəsait ayrılmasını nəzərdə tutsun;

4.2. ipoteka kreditləşməsi sisteminin inkişafına dəstək vermək məqsədilə sığorta sisteminin (o cümlədən daşınmaz əmlakın, borcalanın həyat və iş qabiliyyətinin sığortalanması) təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

5.1. Azərbaycan İpoteka Fondunun inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görsün;

5.2. əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə də gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. aidiyyəti dövlət orqanları ilə birlikdə ipoteka hüququnun yaranması ilə bağlı müqavilələrin notarial təsdiqi, bu hüquqların dövlət qeydiyyatına alınması və ipotekanın gerçəkləşdirilməsi ilə bağlı maliyyə xərclərinin azaldılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. ipoteka kağızının sadələşdirilmiş dövlət qeydiyyatı qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5.5. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “Yaşayış-tikinti əmanətləri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.6. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2005-ci il



№ 299

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


  1. 10 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il)

  2. 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606)

  3. 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

  4. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 1-ci, 2-ci, 2.5-ci və 5.5-ci bəndlərində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.



 

21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606) ilə 2.4-cü bəndindən «Nazirlər Kabineti yanında» sözləri çıxarılmışdır.

 

10 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il) ilə 3-cü bənddə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.



5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə 3-cü bəndindən “Prezidenti yanında” sözləri çıxarılmışdır.

 

 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə