AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 119.87 Kb.
tarix21.04.2016
ölçüsü119.87 Kb.


AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq

fakültəsinin I kurs tələbəsi



Rzazadə Xəyyam

Beynəlxalq Münasibətlər ixtisası üzrə

Beynəlxalq Münasibətlərdə qloballaşma

fənnindən


XƏZƏR DƏNİZİNİN

EKOLOJİ PROBLEMLƏRİ
Mövzusunda

KURS İŞİ

Kafedra müdiri: prof. A. N. Abbasbəyli

Elmi rəhbər : ….....................................

Bakı 2010



MÜNDƏRİCAT

GİRİŞ.........................................................................................................3



1. Ekoloji problemlər.................................................................................6

2. Azərbaycanın ekoloji problemləri.........................................................7

3. Şimali Xəzərin ekoloji problemləri.......................................................8

4. Çaylar vasitəsi ilə kimyəvi çirklənmə..................................................10

5. «Lukoyl» şirkətinin sənaye obyektlərinin Şimali Xəzərdə peyk monitorinqi...............................................................................................11

6. Orta Xəzərin ekoloji problemləri.........................................................13

7. Status problemi....................................................................................14

8. Səviyyəsinin dəyişməsi problemi........................................................15

9. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri....................15

NƏTİCƏ...................................................................................................20

İstifadə olunmuş ədəbiyyat......................................................................25

GİRİŞ
Son illər müasir dünyamızın qlobal problemləri həm elmi tədqiqatların, həm də sosial-iqtisadi siyasətin aparıcı tərəfinə çevrilmişdir. Çünki elmi-texniki tərəqqinin sürətli inkişafı fonunda bütün bəşəriyyəti narahat edən problemlər qarşıdurmasının səngiməsi, birqütblü dünyanın formalaşmasına tədrici dönüş qlobal problemlərin kəskinlik dərəcəsinin azaldılması və son nəticədə onların həllinə bəslənilən ümidləri xeyli artırmışdır. Belə ki, bir sıra qlobal problemlər, məsələn nüvə müharibəsi təhlükəsi daha ideoloji diskussiyaların nəticəsi kimi meydana gələ bilməz. O cümlədən də, bütün bəşər potensialının qlobal problemlərin həllinə ictimai münasibətlərin, sivilizasiyanın inkişafının obyektiv amili kimi təzahür edir. Özü də bəşəriyyətin ümdə mənafelərini ifadə edən bu problemlərin bir çoxu getdikcə kəskinləşir. Yer üzərində həyatın və bütün planetimizin təhlükəsizliyi üçün ciddi narahatlıqlar yaradır. İki sistemin səfərbər edilməsinə də geniş imkanlar açılmışdır. Bir sözlə, qlobal problemlərin mahiyyətinin öyrənilməsi, onların həlli yollarının axtarılıb tapılması həm elmi-nəzəri, həm də praktik nöqteyi-nəzərdən olduqca vacibdir.

Qlobal problemlərə: təbii ehtiyatların səmərəli və kompleks şəkildə istifadə olunması, istilik nüvə müharibəsi problemi, fəal demoqrafik siyasətin aparılması, ətraf mühitin mühafizəsi, sosial ədalətin təzahürləri, aclıq, yoxsulluq və s. aradan qaldırılması, elmi-texniki inqilabın naliyətlərindən səmərəli istifadə etmək, təhsil, maarif, səhiyyə və s. misal göstərmək olar.

Qloballığın kriteriyası üçün lazım olan şərtlər dörd dənədir:


  1. Onlar olduqca kəskin və aktual problemlərdir. Onlardan məqsədyönlü istifadə edilməzsə, ictimai tərəqqini ləngidə, sivilizasiyanı məhv edə bilər. Buradan belə nəticəyə gəlmək olar ki, bəşəriyyətin gələcək müqəddəratı üçün bu problemin həlli mühüm amildir.

  2. Onlar bütün dövlətlərin, xalqların, bütünlükdə bəşəriyyətin mənafeyini ifadə edir.

  3. Onlar qarışıq sosial-təbiət, biososial mahiyyətə malikdir, özündə ictimai və təbii prosesləri birləşdirir.

  4. Onların həlli kollektiv səyləri, dünya birliyinin bütün üzvlərinin beynəlxalq əməkdaşlığını təmin edir.

Müasir qlobal problemlərin yaranması səbəbini üç qrupa bölə bilərik:

  1. İctimai inkişafın əzəli ziddiyyətləri, cəmiyyət – insan - təbiət arasındakı ziddiyyət.

  2. Cəmiyyətin ümumi böhranının güclənməsi.

  3. Dünyanın müxtəlif regionlarında elmi-texniki inqilabın sürətli inkişafı.

Qlobal problemlərin yaranması səbəblərini ayırmaqla yanaşı, alimlər eyni zamanda yaranma səbəbini hər üç qrupa da aid edirlər.

Deməli, elmi - texniki inqilabın sürətli inkişafı və cəmiyyətin müəyyən tərəqqi mərhələsində böhranının daha da dərinləşməsi qlobal problemlərin formalaşdığı şəraitdir. Onların bu şəraitdə təzahürünün şərtləri hansılardır ?



  1. Qlobal problemlər daxili məntiqə malik olan mürəkkəb qarşılıqlı sürətdə əlaqəli bir sistem kimi başa düşülür. Onların yaranması və inkişaf etməsi bir sıra rəngarəng, təbii, sosial – siyasi, iqtisadi, elmi – texniki, sosial – mədəni əlaqələrinin qarşılıqlı təsirinin nəticəsidir. Qlobal problemlərin kompleksliyi, dialektik qarışıqlı əlaqəsi onun mürəkkəb strukturunu təşkil edərək, özlüyündə həmin amillərin bütöv sistemini yaradır.

  2. Müasir qlobal problemlər sisteminin səciyyəvi cəhətlərindən biri odur ki, burada müharibə və sülh probleminin birinci olması bütövlükdə qəbul edilmişdir. Ümumi razılıq əldə olunmamasına baxmayaraq adətən ikinci yerdə ekoloji problemlər durur.

  3. Qlobal problemlər özünün həm kəmiyyət, həm keyfiyyət cəhəti ilə, xarici və daxili aspektləri olan dinamizmi ilə səciyyələnir. Kəmiyyət dinamikası qlobal problemlərin sayının artması və azalması, onların keyfiyyət dinamikasının kəskinliyinin yüksəlməsi və ya aşağı düşməsi ilə, daxili aspektləri onların strukturunun, xarici aspektlər isə sivilizasiya tarixindəki rolunun dəyişməsi ilə əlaqədardır.

  4. Müasir dövrün qlobal problemləri bütün dövlətlər və xalqlar üçün, eləcə də bütün bəşəriyyət üçün mühüm əhəmiyyətə malik olduğundan onların həll edilməsi beynəlxalq əməkdaşlıq tələb edir. Əgər, bir neçə qlobal problemi nəzərdən keçirsək, görərik ki, müasir dövrdə onlar çox mühüm rol oynayır.

Roma klubunun məruzəsində deyilir ki, son otuz il ərzində hər bir insana düşən ölçü hesabına görə istifadə üçün yararlı olan torpaq iki dəfə azalıb, atmosferdə karbon qazının miqdarı 20% artıb, istehsal edilən elektrik enerjisinin yalnız 10%-i bizim lampaları yandırır, 90 faizi isə Yerdə qlobal istiliyin artmasına kömək edir.

Son 80 ildə havanın çirklənməsi 100000 dəfə artıb. Həmin müddətdə bəşəriyyət 500 milyard ton üst qatda olan torpaq itirib ki, bu da Hindistanın bütün becərilən torpaqlarına bərabərdir. Bir santimetr dərinliyi olan torpaq qatının yaranması üçün 1000 il vaxt lazımdır. Çayların təbii axını sənaye və təsərrüfat tullantılarını kifayət qədər durulaşdıra bilmir və suyun dövr etmosini əvvəlki normal vəziyyətə gətirə bilmir. Meşələr məhv edilir, torpaq sahələrinin səhralaşması prosesi davam edir. Məsələn, Saxara səhrası ildə 1,5 km sürətlə cənuba doğru hərəkət edir. Ümumiyyətlə belə faktlar olduqca çoxdur.




    1. Ekoloji problemlər

Son 20 – 30 ildə bir tərəfdən, elmi – texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında ziddiyyətlərin sonuncu nöqtəyə çatması (bu isə ekoloji problemlərin mahiyyətini təşkil edir) digər tərəfdən ekoloji situasiyadan daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması öz – özündə olduqca zəruridir. Ekoloji problemlər hərb və sülh problemindən sonra birinci problemdir. Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv bəşəriyyətin mənafeyini müdafiə edir. İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın inkişafının obyektiv amili kimi göstərir, onların kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti məhv olmaq təhlükəsi ilə hədələyir. Üçüncüsü, onların adekvat təhlili inteqrativ yanaşmanı, yəni, təbii, texniki və ictimai elm nümayəndələrinin birgə fəaliyyətini tələb edir. Dördüncüsü, onların düzgün həlli bütün dünya dövlətlərinin iştirakı ilə geniş beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.

Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr qoyulur :



  1. Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu problemlər sistemində ekoloji problemin yerini aşkar etmək.

  2. cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, ekoloji problemlərin ideoloji aspektlərini açmaq.

  3. sosial – ekologiyanın mühüm konsepsiyalarının nəzəri metodoloji, sosial – siyasi və aksioloji dünya görüşü əsaslarını açmaq.

  4. ekoloji problemlərin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək.

Ekoloji problemləri məzmununa görə 4 qrupa bölmək olar : 1) Ətraf mühitin çirklənməsi, 2) Təbii ehtiyatların tükənməsi, 3) ekosistemin tarazlılığının, sabitliyinin pozulması, 4) demoqrafik və urbanistik proseslərlə təbiətdəki proseslərin qarşılıqlı təsiri.

Təşəkkül mənbələrinə görə həmçinin ekoloji problemləri 2 qrupa bölmək olar, 1) cəmiyyət və insan arasındakı ziddiyyətlər, 2) insan və təbiət arasındakı ziddiyyətlər aiddir.

Ekoloji problemlər miqyasına görə


  • Lokal

  • Regional

  • Qlobal problemlərə bölünür.

Müasir ekoloji konsepsiyaların təsnifatını müxtəlif əsaslarla vermək olar. ən əsas rolu aşağıdakı 4 xətt qruplaşdırma oynaya bilər.

    1. Ekoloji situasiyanın təhlili və qiyməti (diaqnozu),

    2. Ekoloji böhranın meydana gəlməsi şəraitinin səbəblərinin və mənbəyinin izahı,

    3. Ekoloji problemin həll edilməsinin vasitə, metod və yollarının göstərilməsi,

    4. Ekoloji situasiyanın inkişafı perspektivlərinin və meyllərinin müəyyən edilməsi (ekoloji proqnoz)

2. Azərbaycanın ekoloji problemləri

Azərbaycan Respublikasında ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir.

Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür. Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

1) su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən trans sərhəd çirklənməyə məruz qalması;

yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

2) sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;

3) münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

4) bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların

5) tələb olunan səviyyədə idarə olunmaması;

6) biomüxtəlifliyin seyrəkləşməsi;

7) meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması

3. Şimali Xəzərin ekoloji problemləri

Xəzər dənizi Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın əhatəsində yerləşir. Təbii çökəklikdə yerləşdiyinə və dünya okeanı ilə əlaqəsi olmadığına görə bu su hövzəsinə göl deyilir. Sahəsi böyük olduğuna, duzluluq, suyun axını və temperaturun paylanması kimi hidroloji xüsusiyyətlərinə görə Xəzər dəniz adlanır. Onun sahəsi 420 min.kv.km, suyunun həcmi 76 min kub km-dir. Bəzi xalqlar ona Kaspi də deyirlər. Bu adların hər ikisi vaxtilə onun sahillərində aşamış tayfaları adı ilə bağlıdır. Tarixdə dənizin 70-dən çox adı (Quzğun, Bakı və s.) olmuşdur.

Xəzər dənizi şimaldan cənuba 1120km, qərbdən şərqə ən çox 435, ən azı 196km uzanır. Onun orta dərinliyi 208m, maxsimum dərinliyi Lənkəran çökəkliyində 1025m-dir. Şimal hissədə Volqa çayı çoxlu çöküntü gətirdiyindən burada dərinlik minimuma çatır və 5m-dən azdır. Xəzərin sahil xətlərinin uzunluğu 7min km-dir.

Fiziki- coğrafi əlamətlərinə, relyefin xüsusiyyətlərinə görə və hidroloji rejiminə görə Xəzər dənizi üç hissəyə bölünur:



  1. şimali Xəzər- sahəsi 91942 kv.km, Dənizin ümumi sahəsinin 24,3%-ni, həcminin 0,5%-ni əhatə edir. Orta dərinliyi 4,4 m, onun 68%-nin dərinliyi 5 m-dən azdır.

  2. Orta Xəzər- 137812 kv.km sahəsi var. Həcmi 26439 kub kilometrdir. Maksimal dərinliyi (Dərbəndə çökəkliyi) 788 m-dir. Dənizin sahəsinin 39,4%-ni tutur. Orta dərinliyi 188 m.

  3. Cənubi Xəzər- 148640 kv.km sahəsi vardır. Dənizin sahəsinin 39,35-ni tutur. Maksimal dərinliyi (Lənkəran çökəkliyi) 1025 m-dir. Orta dərinliyi isə 345 m.

Rusiyanın ərazisindən Xəzər dənizinə Volqa, Terek, sulak çayları tökülür. Volqa çayının payına dənizə gətirilən çay sularının 82%-i düşür. Türkmənistandan Xəzərə Atrek çayı, Qazaxıstandan Ural və Emba çayları, İrandan Səfidrud və Korkan çayları axır.

Dənizdə şimaldan-cənuba doğru dərinliyin dəyişməsi ilə əlaqədar onun hidroloji xüsusiyyətləri və fauna elementləri dəyişir. Şimal hissə dayazdır, Volqa çayının təsiri ilə duzluluq 1-2%-a qədərdir. Burada suyun temperaturu qışda 1S dərəcədən az olur cə sular donur. Mərkəzi hissədə yerləşən Dərbənd çökəkliyi 40-44 S dərəcə şm.e-ləri arasında qalan sahələri tutur. Bura nisbətən dərindir, duzluluq 5-10%-dir. Suyun temperaturu qışda 5-8 S arasında dəyişir.

Xəzərin cənub zonası 44 dərəcə şm.e-dən aşağıda yerləşir. Dənizin bu sahələri daha dərindir. Lənkəran çökəkliyi də məhz cənub zonasındadır. Onun cənubunda və cənub-şərqində duzluluq 10-13.5%-də qədər yeksəlir. Burada qışda qeydə alınan temperatur 10S dərəcədən yeksək olur. Yayda dəniz suyunun temperatuu 20S-dən yuxarı qalxır. Azərbaycanın sahillərində və ondan cənubda olan ərazilərdə suyun temperaturu 24-26 S dərəcə arasında dəyişir. Xəzər dənizində suyun maksimum temperaturunun 37.2 S-yə qədər qalxması müəyyən edilmişdir. bu göstərici dünyanın göllərinin suyunda ən yüksək temperaturudur.

Xəzər dənizinə il ərzində düşən yağıntıların miqdarı 71min kub km-dir. Çaylar isə bura 300 kub.km su gətirir. Dənizin səthindən ildə 376 kub.km su buxarlanır. burada düşən yağntıların miqdarı 71mm su layına, buxarlanan suyun miqdarı 400mm su layına bərabərdir. Eyni zamanda

Qara Boğaz-Qol körfəzinə ildə 12kub.km su axır və onun hamısı buxarlanır. Deməli, Xəzər dənizi ildə 17kub.km su itirir.

4. Çaylar vasitəsilə kimyəvi çirklənmə.

Xəzər dənizinə 130-a qədər çay ildə 300 kub km su daşıyır. Təkcə Volqa çayına ildə 12 milyard kub m çirkab su axıdılır. Volqa vasitəsilə Rusiyanın böyük sənaye regionunun bütün ekoloji bəlaları Xəzərə gətirilir. Xəzərə daşınan zərərli maddələrin 95 %-i Volqanın payına düşür. Buraya 145 min ton neft, 1353 ton fenol, 1620 ton sink və digər maddələr daxildir. Kür və Araz çayları isə Cənubi Qafqazın bütün axıntılarını Xəzərə gətirir, baxmayaraq ki, Azərbaycan əhalisinin 70 %-i bu suyu içmək üçün istifadə edir. Terek 240 mln kub m, Kür isə 522 mln kub m çirkab suyu Xəzərə gətirir. Kimyəvi çirklənmə; tökülən çayların (Xəzərə 130-a qədər çay axır), sənaye obyektlərinin və kommunal dövrələrin axıntıları nəticəsində. Xəzər dənizinin suyunun 80 %-ə qədəri Rusiya ərazisindən Volqa çayı vasitəsilə gətirilir. Xəzərin kimyəvi çirklənməsində təxminən elə bu qədər də Rusiyanin payına düşür. Xəzər qapalı su hövzəsidir və onun şimal hissəsində dərinlik hətta 1-3 metr təşkil edir. Belə məkanlarda neft və ya qazma işlərinin toksik tullantılarının dənizə axıdılması nərəkimilər və quşlara ölümcl zərbə üçün yetərlidir. Rusiya və Qazaxıstanın dənizdə apardıqları antropogen fəaliyyət Xəzərdə radioaktiv tullantıların həcmini daha da artırır. Bunun qarşısını almaq üçünsə dənizdəki situasiyanın monitorinqi, müşahidə sisteminin informasiya strukturu, ətraf mühitdəki dəyişikliklərin təxminlənməsi və qiymətləndirilməsi, ən başlıcası isə təbii proseslər fonunda dəyişikliklərin antropogen amillərinin hesablanacağı strukturun yaradılmasıdır. Hələlik belə struktur yoxdur.



5. «Lukoyl» şirkətinin sənaye obyektlərinin Şimali Xəzərdə peyk monitorinqi

2009-cu ilin avqust-noyabr aylarfnda mühəndis-texnoloji mərkəz «Skan-Eks» «Lukoyl» şirkətinin sifarişi ilə Xəzər dənizinin şimal hissəsində peyk onitorinqi layihəsini həyata keçirdi. Layihə Yuri Korçaqin adına yatağın istismarı zamanı Şimali Xəzərin səthində neft məhsulları və digər çirklənmə mənbələrinin aşkar edilməsi məqsədilə həyata keçirilmişdir.

Layihənin həyata keçirildiyi zaman operativ çoxspektrli peyk şəkilləri çəkilmişdir. Terra və Aqua peyklərinin radiolokal şəkilləri dənizin səthində neft ləkələrinin olmasını müəyyənləşdirmişdir.



Şəkil 1. Yuxarıdan solda RADARSAT-1 radiolokal şəkildə və LANDSAT-5 optik şəkildə Volqa çayının deltasında biogen mənşəli plyonkaların yayılma sahəsi
Antropogen mənşəli plyonka xarakterli çirklənmələr 17 radiolokal şəkillərdə təyin olunub. Müəyyən olunmuş çirklənmələr çirkab suların və neftin gəmilər vasitəsilə tullanması nəticəsində yaranmışdır. Ən böyük axıdılmış çirkablar 2-3 kv. km sahəyə malikdir. Dəniz səthinin çirklənmələrinin analiznə əsasən, ən çirkli sahə Həştərxan dəniz reydi zonasıdır. Xəzər hövzəsi ölkələrinin limanlarından əsas gəmi yolları buraya aparır. Əhəmiyyətli dərəcədə çirklənmə Qazaxstan limanlarını Həştərxan dəniz reydləri və Maxaçkala ilə birləşdirən Tyub-Karaqan yarımadası, həmçinin Qazaxstan sektorunda Suiti adaları ətrafında aşkar olunmuşdur.

6. Orta Xəzərin ekoloji problemləri
Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri – bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. İkincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzəndə - üst qatında toplaşaraq "su-atmosfer" zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.

Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyəti sayılsa da, bəzi alimlər bunun yaxın gələcəkdə zərərli fəsadlar törədəcəyi barədə həyəcan dolu məlumatlar veriblər. Üstündən yarım əsrdən çox ötməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemə çevrildiyinin şahidləriyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən "ölü buxta" statusunu qazanıb.

1949-cu ildən başlayaraq Xəzər dənizində “Neft daşları” və “28 aprel” platformalarında neft çıxarılması və daşınması işləri görülür. Bu vaxtlar ərzində Qazaxıstan sahillərindən də tankerlərlə Bakı zavodlarına emal üçün kükürdlü neft daşınıb. Neftin çıxarılma və daşınma proseslərində dənizə tökülməsi nəticəsində dənizin neftlə çirklənmə səviyyəsi bəzi sahələrdə yol verilən normanı 20 dəfəyə qədər ötür. Xəzər dənizinin neftlə və neft məhsulları ilə ən çox çirklənməyə məruz qalan hissələri Bakı buxtası, Abşeron arxipelaqı, Adalar, Türkmənbaşı, Çeleken, Manqışlaq, Tenqiz və neft sənayesinin digər inkişaf edən əraziləridir. Ekspertlər bildirirlər ki, Xəzər dənizində neft sənayesinin güclü inkişafı ilə əlaqədar olaraq, daha da çirklənəcəyini gözləmək olar.

Cənub və orta sahələrdə Xəzər daha çox hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, Xəzərin dibi palçıq vulkanlarına meyllidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir.

İri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəb olur. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları vasitəsilə çirklənməsi kifayətdir ki, "canını tapşırsın" - "ölsün". Burada neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına da öz mənfi təsirini göstərir.
7. Status problemi

Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır. Azərbaycan Respublikasının fikrincə Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidir. Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiya Federasiyasının fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir. Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verirlər. İran İslam Respublikası əvvələr dənizə müştərək sahiblik, yəni kondominium variantını təklif edirdi. Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir. Bu təklifin elmi və siyasi əsası yoxdur, dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır.



8. Səviyyəsinin dəyişməsi problemi

Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında "ekoloji qaçqınlar" yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən ziyanın miqdarı 2 milyard ABŞ dollarıdır.



10. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri
Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010–cu illər üçün Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibi Heybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqlarının, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmışdır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007–ci il 20 iyun tarixli 2244 №–li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,5 mln. manat vəsait ayrılmışdır.

Bu Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınaraq Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirallahı qəsəbələrində quraşdırılmışdır.

Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.



1 №-li Bilgəh stansiyası

Stansiyada gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və

çirkab suyun tərkibinə uyğun olaraq əlavə nefttutucu qurğu

quraşdırılmışdır.

Quraşdırıldığı yer: Bilgəh Kardiologiya Sanatoriyasının yaxınlığı.

Məqsəd: Gün ərzində axıdılan 500 m3 çirkab suların yol verilən qatılıq həddinədək (YVQH) təmizlənməsi və nəticə olaraq Bilgəh-Zaqulba çimərlikləri akvatoriyasında dəniz sularının çirklənmədən azad olunması və mikrobioloji vəziyyətin normaya gətirilməsi.



2 №-li Mərdəkan stansiyası

Stansiyada gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır.

Quraşdırıldığı yer: Mərdəkan qəsəbəsi sahilboyu ərazisində «Qızıl Qum» istrahət mərkəzinin yanında yerləşən tullantı sularının əmələ gətirdiyi bataqlıqlaşmış sahələri təqribən 24 min m2 və 40 min m2 olan 2 gölməçə.

Məqsəd: Gölməçələrdəki və bu gölməçələri qidalandıran mənbələrdəki suyu yol verilən qatılıq həddinədək (YVQH) təmizləməsi və nəticədə bu sulardakı çirkabın Mərdəkan çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.



3 №-li Mərdəkan stansiyası

Stansiyada gündəlik gücü 240 m3 olan dezinfektor qurulmuşdur.

Quraşdırıldığı yer:Mərdəkan bağları yaşayış massivi ilə həmin ərazidə yerləşən «Marian Beach» istirahət mərkəzi arasında yerləşən tullantı suların əmələ gətirdiyi təqribi həcmi 144000 m3 olan bataqlıqlaşmış göl.

Məqsəd: Bataqlıqlaşmış göl və bu gölməçəni qidalandıran mənbələrdəki suyu yol verilən qatılıq həddinədək (YVQH) təmizləməsi

və nəticədə bu sulardakı çirkabın Mərdəkan çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.

4 №-li Buzovna stansiyası

Stansiyada gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və

gündəlik gücü 240 m3 olan 2 ədəd dezinfektor qurğuları quraşdırılmışdır.

Quraşdırıldığı yer: Buzovna və Şağan kəndləri arasında səhəsi 12 ha və orta hesabla saatda 40 m3 miqdarında çirkab su daxil olan bataqlıqlaşmış qamışlıq sahə.

Məqsəd: Bataqlıqlaşmış qamışlıq sahə və bu sahəni qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək (YVQH) təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Buzovna çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.

5 №-li Buzovna stansiyası

Stansiyada gündəlik gücü 100 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır.

Quraşdırıldığı yer: Buzovna qəsəbəsinin şimal tərəfində «Əli ayağı» ziyarətgahının arxasında tullantı sularının əmələ gətirdiyi təqribi həcmi 52 min m3 olan bataqlıqlaşmış göl.

Məqsəd: Bataqlıqlaşmış göl və bu gölü qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək (YVQH) təmizləməsi və nəticədə bu sulardakı çirkabın Buzovna çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.



6 №-li Pirşağı stansiyası

Stansiyada gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır.

Quraşdırıldığı yer: Pirşağı qəsəbəsinin girəcəyində uzunluğu 1200 m, eni 50-200 m arasında dəyişən, orta dərinliyi 30-35 sm olan Şor göldən çəkilmiş xəttin çıxışı.

Məqsəd: Pirşağı qəsəbəsinin və H.Əliyev adına NEZ-in istirahət evindən Şor göldən çəkilmiş xəttə müdaxilə edilən məişət-fekal mənşəli tullantı suların yol verilən qatılıq həddinədək (YVQH) təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Pirşağı çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.



7 №-li Pirşağı stansiyası

Stansiyada gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır.

Quraşdırıldığı yer: Qızılnohur gölündən çəkilmiş xəttin çıxışı.

Məqsəd: Qızılnohur göl və bu gölü qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək (YVQH) təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Pirşağı çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsi.



8 №-li Nardaran stansiyası

Stansiyada: gündəlik gücü 240 m3 olan dezinfektor qurulmuşdur.

Quraşdırıldığı yer: Nardaran çimərliyi və ona yaxın 50 m2 sahə .

Məqsəd: Bataqlıqlaşmış sahə və sahəni qidalandıran mənbələrdəki suyun mikrobioloji baxımdan müvafiq norma səviyyəsinə gətirilməsi.



9 №-li Bilgəh-Amburan stansiyası

Stansiyada: gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və çirkab suyun tərkibinə uyğun olaraq əlavə nefttutucu qurğu

quraşdırılmışdır.

Quraşdırıldığı yer: Amburan istirahət mərkəzi ərazisi.

Məqsəd: Gün ərzində axıdılan 500 m3 çirkab suların yol verilən qatılıq həddinədək (YVQH) təmizlənməsi və nəticə olaraq çimərlik akvatoriyasında dəniz sularının çirklənmədən azad olunması və mikrobioloji vəziyyətin normaya gətirilməsi.
NƏTİCƏ
Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Qeyd edək ki, planetdə qara kürünün əsas icracatı bu gölün sakinləri hesabınadır. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii resursların və kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası "ekoloji fəlakət zonası" adlandırılmışdı.

Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.


Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı buxtası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə Volqa, Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır.

Bunlarla yanaşı dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır.

Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir.

Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. Ikincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzəndə - üst qatında toplaşaraq "su-atmosfer" zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.

Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyəti sayılsa da, bəzi alimlər bunun yaxın gələcəkdə zərərli fəsadlar törçdəcəyi barədə həyacan dolu məlumatlar veriblər. Üstündən yarım əsrdən çox ötməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemə çevrildiyinin şahidləriyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən "ölü buxta" statusunu qazanıb.

Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Xüsusilə hərbi münaqişələr. Məsələn, 1991-ci ildən başlanan Rus-Çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Bundan əlavə, texnogen qəzaların sayı da xeyli artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçen müharibəsi ilə əlaqədar xeyli artmışdır.

Məlumdur ki, Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar "Əsrin müqaviləsi" (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər.

Dənizin şərq-qərb hissələri ilə müqayisədə şimal tərəfində çirklənmənin səviyyəsi nisbətən azdır. Qeyd edək ki, Xəzər gölünün mühitinin qorunmasında, xüsusilə çirkablardan mühafizədə Volqa və digər çay-su anbarlarının rolu böyükdür. Eyni zamanda, Xəzərin dib çöküntüləri və özünün fiziki-kimyəvi və bioloji təmizlənmə proseslərinin də rolu var. Orta və cənub zonalarında temperaturun sabitliyi (normallığı) suda kimyəvi reaksiyaların sürətini artırır və nəticə etibarilə burada dəniz suyunun təmizliyi öz-özünə təmin olunur.

Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv mərhələyə keçən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Elə burdaca bir məsələni xatırlatmaq yerinə düşər. Əski tarixdə ulu babalarımız heç vaxt hövzə kənarında daimi məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar haçansa yarana biləcək təbii hadisələri çox düzgün qiymətləndiriblər. Müasir dövrün insanları isə keçmişdən öyrənmək əvəzinə, sanki təbiəti ram edirmişlər kimi dənizin düz qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları inşa edir, fermer təsərrüfatları salırlar. Hesab edirlər ki, onları həmişəlik sahildə saxlamaq mümkündür. Təəssüf ki, bu belə deyil. Təbiət özü şıltaq olsa da, şıltaqları sevmir.

Dənizdə və sahilboyunda gözlənilən qəzaların böyük əksəriyyəti, əlbəttə ki, burada yerləşdirilən neft sənayesilə bağlıdır. Avadanlıqların suda batması, neft məhsullarının dənizə axması, qurğuların yararsız hala düşməsi və s. Cənub və orta sahələrdə Xəzər daha çox hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, Xəzərin dibi palçıq vulkanlarına meyllidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir.

Iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəbdir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları vasitəsilə çirklənməsi kifayətdir ki, "canını tapşırsın" - "ölsün".

Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün çirklənmə mənbəyini yalnız fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə deyən ziyan isə 10 milyard dollar təşkil edir. Həmçinin digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə regional dövlətlərin yox, planetin işidir. Beynəlxalq sistemin son illər bu dənizin ekoloji problemlərinə maraq göstərməsi təsadüfi deyil. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Hər bir Xəzərsahili ölkə dənizə öz şəxsi prizmasından yanaşsa, onun sonrakı taleyi daha tutqun ola bilər. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi, ekosistemi tənəzzülə uğrayacaq.

Vaxtilə ABŞ prezidenti olmuş Con Kennedinin dediyi "Coğrafiya bizi qonşu, tarix bizi dost, iqtisadiyyat bizi tərəfdaş, zərurət isə müttəfiq etdi" fikirləri bu gün nə qədər real və zəruri səslənir. Belə ki, ekoloji böhran nəticəsində keçmişdə dünyada ən məhsuldar su hövzələri arasında duran Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini tamam itirmişdir.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. Dünyanın Qlobal Problemləri, Qabil Hüseynli, İNAM plüralizm mərkəzi, Bakı 1997




  1. Şirinov N.Ş, Vəliyev X.A, Əliyev Y.Q – Xəzərin və onun sahillərinin təbiəti və ekologiyası, Bakı 1998



  1. Xəzərin problemləri tədqiq olunur (mətn), Bakı 1993, 22 iyun




  1. Hərbi – Dəniz elmi Xəzərin problemləri, Məmmədkərim Quliyev, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi




  1. www.tourism.az



  1. Xəzər dənizinin iqtisadi problemləri(mətn), C.R Abbasov, Azərbaycan SSR BİLİK cəmiyyəti, Bakı, Elm, 1972

7. Мамедов, Рамиз Махмуд-оглы

Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря [Текст]: [Монография] /Р. М. Мамедов; Отв. ред. Б. А. Будагов; НАНА. Институт Географии им. акад. Г. А. Алиева

Баку : Элм , 2007.

8. Xəzər milli sərvətimiz, xəzər taleyimizdir [Mətn] /B.Budaqov,,,//Azərbaycan . - 2001.-25 yanvar.-S.6.
9. İsmayılov, ÇingizXəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası /Ç. İsmayılov; Red.: İ. Qasımzadı;

Bakı : Ayna Mətbu evi , 2005


10. Azərbaycanda suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi [Mətn] /Red. edən. Q.T. Mustafayev

Bakı , 2007.
11. Qasımov, Əbdül Hüseynəli oğlu.

Xəzər dənizi planktonunun ekologiyası /Əbdül Qasımov; Rus dilindən tərcümə edəni: A. R.Əliyev; Rəy verən; M. Ə.Salmanov; Azərbaycan Milli Elmlər Akademiyası, Zoologiya İnstitutu

Bakı : Adiloğlu , 2004
12. www.sia.az

13. www.trend.az





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə