AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə35/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

Müstəqillik ərəfəsində müsavat

və mühacirət irsinin bərpası

1988-1989-cu illərdə yüksələn xalq hərəkatı möhtəşəm bir qüvvəyə çevrilmişdi. Azadlıq meydanındakı mitinqlərə yüz minlərlə insan toplaşırdı. Misilsiz xalq hərəkatı dalğasını idarə etmək üçün müəyyən ideologiya lazım idi. Moskvanın zəiflə­mə­sindən istifadə edərək Müsavat partiyasının İstanbulda varisi kimi möv­cud olan Azərbaycan Kültür Dərnəyinin nümayəndələri Bakı­ya gəlməyə başladılar. Onlar Müsavatın milliyyətçi irsinin canlı daşıyıcıları idilər və hər biri Bakıya gələndə M.Ə.Rəsulzadənin xaric­də, xüsusilə Türkiyədə nəşr etdirdiyi qəzet və jurnal komp­lektlərini Bakıya gətirirdilər. Azərbaycandan Türkiyəyə gedən hərə­katçı ziyalılar da qayıdanda özləri ilə müsavatçı mühacirlərin kitab və məqalələrini gətirirdilər.

Beləliklə, meydan hərəkatına paralel Azərbaycanın 1905-1920-ci illərdə yaradılmış milliyyətçi irsi bərpa olunmağa başladı. Sovet quruluşunun sabit dövrlərində müsavatçıların bir məqaləsinə görə həbs cəzası almaq olardı. Müsavatçı ədəbiyyat və informasiyalar qadağa altında idi və dövlət sirri kimi arxivlərin xüsusi fondlarında saxlanırdı. Milli hərəkat liderlərinin mühacirətdə yazdıqları əsərlər də eyni cür qadağa altında idi.

Milli hərəkat dövrü məfkurəsinin bərpası Demokratik Cümhuriyyət dövrünün təbliği və tədqiqi şəklində dövri mətbuatda leqallaşmağa başladı. Demokratik Cümhuriyyət liderlərinin həyat və yaradıcılığı haqqında qısa qəzet məqalələri meydana çıxdı. Bu məqalələrin ilk müəllifi vətənpərvər tarixçi, mərhum Mövsüm Əliyev idi. Rəsmi elmi dərəcəsi olmayan bu alimin Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli və b. haqqında məqalələri böyük maraqla qarşılandı.

Xalq hərəkatının siyasi idealı və məfkurəsi aydınlaşdı: bu, iyirmi bir ay yaşamış ilk müsəlman respublikası olan Demokratik Cümhuriyyət idi. Sovetlər imperiyasının dağılması nəticəsində Azərbaycan 70 il əvvəl itirdiyi müstəqil dövlətini bərpa etməli idi. Xalqın milli yaddaşını bərpa edən yazılar Qarabağa xalq yardımı Komitəsinə məxsus «Azərbaycan» qəzetində, yeni açılan «Azadlıq» qəzetində və sonra digər qəzet və jurnallarda geniş çap olunmağa başladı. Senzura rəsmən ləğv olunmasa da, yeni yaranan mətbuat orqanları milli ruhlu gəncliyin əlində idi və onlar heç bir senzuradan çəkinmirdilər. Senzuranın əməkdaşları özləri də gözləmə mövqeyi tutmuşdular.

Milli hərəkat dövrü məfkurəsinin bərpa edilməsi böyük əhəmiyyətə malik idi. Demokratik Cümhuriyyət ideallarının bərpası xalq hərəkatı içindəki ideoloji boşluğu doldurur, ayağa qalxmış xalqın kollektiv gücünə aydın siyasi istiqamət verirdi. Təsadüfi deyil ki, Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktında yaradılması elan edilən dövlətin Demokratik Cümhuriyyətin varisi olduğu ayrıca qeyd olunur, onun bərpası kimi səciyyələndirilirdi.

Milli hərəkat dövrünün aparıcı ideoloqu Məmməd Əmin Rəsulzadə və onun sadiq silahdaşı Mirzə Bala Məmmədzadə idi. İlkin olaraq böyük milliyyətçi M.Ə.rəsulzadənin «Bolşeviklərin Şərq siyasəti», «Azərbaycan Cümhuriyyəti» kitabları işıq üzü gördü. Bu əsərlərdə, ilk növbədə, Demokratik Cümhuriyyətin yaranma və dağılma səbəbləri izah edilir, Azərbaycan dövlətçiliyinin düşməni olan beynəlxalq qüvvələr ifşa edilirdi.

M.Ə.Rəsulzadə əsərlərinin çap edilib yayılması böyük əhəmiyyət daşıyan bir hadisə idi. Misilsiz bir azərbaycançı və məfkurəçi olan bu şəxsiyyətin aydın siyasi məntiqi, tarixi prosesi tam şəkildə izah etmək bacarığı, iti ağlı cavan siyasətçilər üçün bir məktəb idi. onun əsərləri milli hərəkat tarixinin ən parlaq və ən mötəbər abidələri idi.

Sonralar qocaman tarixçi Şirməmməd Hüseynov böyük zəhmət hesabına Məmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərini tərtib edib «Yeni Müsavat» qəzetində çap etdirdi. Onun bir neçə cildi artıq işıq üzü görmüşdür. Cildlərin çapı ölkənin ictimai-siyasi həyatında hadisəyə çevrildi və böyük maraqla qarşılandı.

«Yeni Müsavat» partiyası nəzdində yaradılmış «Müsavat bülleteni» dərgisi də milliyyətçi mühacirət irsinin çap edilib yeni nəslə çatdırılması işində əhəmiyyətli addımlar atdı.

1990-cı ildə Qarabağ konflikti ilə bağlı ədəbi-tarixi mə­sə­lə­lər­lə məşğul olmaq üçün Azərbaycan Elmlər Akademiyasında ye­ni Milli Münasibətlər İnstitutu yaradıldı. Bu institutun tədqiqat plan­la­rında mühacirətin ədəbi-publisistik irsinin öyrənilməsi mər­kəzi yer tuturdu. İnstitut xətti ilə bir çox kitablar çap olundu ki, bu da mühacirətin çoxsaylı mətbuat orqanlarının üzə çıxarılıb öyrənilməsində mühüm rol oynadı. İnstitutun buraxdığı kitablar elmi baxımdan müxtəlif səviyyəli olsa da, elmi faktların üzə çıxması baxımından mühüm əhəmiyyətə malik idi.

1990-cı ildə Mirzə Bala Məmmədzadənin «Azərbaycan milli hərəkatı» kitabı müasir dilə uyğunlaşdırılıb çap edildi. Azərbaycanın milli hərəkat və dövlətçilik ideologiyasının əsas məsələlərini milli mövqedən işıqlandıran bu kitab, əslində mühacirətin azərbaycançılıq mövzusunda axtarış və düşüncələrinə yekun vururdu. Əsərin əhəmiyyəti bir də onda idi ki, onun plan-prospektinin məsləhətçisi və redaktoru Məmməd Əmin Rəsulzadə idi.

Əsərdə Azərbaycan millətçiliyinin əsas anlayışı olan azər­bay­can­çılıq təliminin geniş şərhi verildi, əhəmiyyətini itirməyən tərifi formalaşdırıldı. Mirzə Bala ardıcıl və əqidəli bir müsavatçı idi. Lakin o, kitabına müsavatın tarixi yox, milli hərəkat tarixi kimi ad vermişdir. Bu isə uzaqgörən və ağıllı bir addım idi. O, şüurlu olaraq Azərbaycanın milli hərəkət və firqə tarixinə bir partiyanın irsi kimi deyil, bütün mütərəqqi, vətənpərvər qüvvələrin, partiyaların, çoxsaylı maarif qurumlarının ümummilli xəzinəsi kimi yanaşmışdır.

Mirzə Bala Demokratik Cümhuriyyətin ən yaxşı və mötəbər tarixçisidir və bununla ictimai fikir tariximizdə özünə məxsusi bir yer qazanmışdır. O, 1923-1931-ci illərdə İranda və Türkiyədə yaşayarkən İstanbulda M.Ə.Rəsulzadənin buraxdığı jurnalların ən fəal müəllifi idi. Cümhuriyyət dağılandan iki-üç il sonra o, bu qurumun xalqımızın gələcək taleyi üçün böyük rol oynayacağını anlamışdır. Məsələnin əhəmiyyətini dərindən dərk edən ədib cümhuriyyətin siyasi, iqtisadi, mədəni, maliyyə, hərbi tarixinə dair çoxlu məqalələr yazıb çap etdirmişdir. Bu məqalələr çox dəqiq və mötəbər idi, çünki hadisələrdə bilavasitə iştirak etmiş şəxsin qələmindən çıxmışdı.

Cümhuriyyətin iflasa uğradığı 1920-ci ildə Mirzə Balanın cəmi iyirmi bir yaşı vardı, parlamentdə etnoqraf işləmişdi. Demokratik dövlətimizin tarixinə dair ilk məqalələrini yazanda isə, onun iyirmi dörd yaşı vardı. Lakin iti siyasi düşüncəsi, analitik ağlı, tarixi prosesi anlamaq bacarığı sayəsində o, cümhuriyyətin əsas salnaməçisi oldu.

Milliyyətçi mühacirət irsinin bərpası həm də böyük elmi iş idi. Məmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Əhməd bəy Ağa­yev, Ceyhun Hacıbəyli, Mirzə Bala Məmmədzadə həm də öz dövr­lərinin qüdrətli elm adamları idilər. Onların Azərbaycan ta­ri­xi, ədəbiyyatı, teatrı, folkloru, dili, qədim abidələri və türkologiya ilə bağlı zəngin irsi bu gün də aktual və əhəmiyyətlidir.

Sovet Azərbaycanında ədəbi və ictimai elmlər sırf marksist sxemlər üzrə öyrənilir və buna görə çox zaman keçmiş təhrif edilirdi. Klassik irsə sinfi mübarizə, xalq hərəkatları baxımından qiymət verilməsi ağır təhriflərə səbəb olur, xalqın qədim irsinin tədrisi prosesində problemlər yaradırdı.

Milli hərəkat tarixi ilə bağlı olan bütün faktlar, materiallar, kitablar şüurlu olaraq ədəbiyyat tarixlərindən kənarda qoyulurdu. Azərbaycan romantiklərinə – Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, Ə.Cavad kimi şairlərə münasibətdə vulqar sosioloji sxemlərdən istifadə olunur, onların yaradıcılığının sağlam tərəfləri inkar olunurdu. 20-ci illərdə Cəfər Cabbarlı kimi nəhəng istedad sahibi ağlasığmaz və ədalətsiz hücumlara, təhqirlərə məruz qalırdı.

Milliyyətçi mühacirət irsi üzə çıxandan sonra aydın oldu ki, on­lar da vətəndən uzaqda Azərbaycan ədəbiyyat tarixinin milli konsep­si­yasını yaradıb inkişaf etdirmişlər, Sovet Azərbaycanın­da­kı elmi prosesləri diqqətlə izləmiş və tənqidi şəkildə araş­dır­mış­lar. İndi müstəqillik şəraitində ədəbiyyat və məfkurə tariximizi yeni­dən hazırlayan, onun milli köklərini bərpa etməyə çalışan onlar­la gənc alimlər mühacirətin milliyyətçi ədəbiyyat konsep­si­ya­sından bəhrələnir, bir çox məqamlarda, hadisə və faktların qiy­mət­ləndirilməsində onların qoyduğu bünövrədən istifadə edirlər. De­yi­lən istiqamətdə Mirzə Bala Məmmədzadənin ədəbiyyatşünas, folklorç­u və tənqidçi irsi xüsusilə aktualdır və hələ kifayət qədər üzə çıxarılıb çap edilməyib.

Biz müstəqillik şəraitində sovet dövründə ədəbiyyat tarixi­mi­zin və şəxsiyyətlərimizin vulqar-sosioloji şəkildə, marksist sxem­lər üzrə təhrif edilmiş faktlarını və məsələlərini düzəltməyə çalışı­rıq. Lakin bu işi hadisələrin isti izi ilə, sovet dövrü mət­bua­tı­nı diqqətlə izləyərək Mirzə Bala Məmmədzadə başlamışdır. Dədə Qor­qud dastanlarından Cəfər Cabbarlı yaradıcılığına qədər ədalət­siz qiymətləndirilmiş irsimizin milli dəyərlərini və baxışlarını o, dö­yüşkən bir prinsipiallıqla müdafiə etmişdir. Onun bir çox mə­qam­larda yığcam şəkildə verilən qiymətləri obyektivliyini bu gün də saxlayır. Ədəbiyyat tarixinin mürəkkəb hadisələrinə qiymət ver­mək üçün onların böyük aktual əhəmiyyəti vardır.

Milliyyətçi və müsavatçı ədəbi və məfkurəvi irsin bərpası çox əhəmiyyətli hadisə idi və müstəqillik dövründə ədəbiy­yatşünaslıq fikrinə doğru istiqamət verirdi. Müstəqilliyin məfkurə axtarışlarının milli-tarixi irs üzərində durması və bu irsi inkişaf etdirməsi milli ədəbi düşüncəmizin vahid inkişaf xəttini qoruyub saxlamağa, onu zamanın tələbləri baxımından daha da zənginləşdirməyə imkan yaradır. Çünki kökə, əslə qayıdış prosesi ədəbi fikirdə daha fəal gedirdi.

Lakin təəssüf ki, mühacirət irsinin çap edilib yayılması sahəsində işlər indiyə qədər dağınıq və plansız gedir. Açıq etiraf etməliyik ki, hələlik mühacirətin milliyyətçi irsinin cüzi bir hissəsi çap olunub. Belə lənglik mütləq aradan qaldırılmalıdır.

İndi elmdə və tədrisdə milli ədəbi fikrin vahid və fasiləsiz inkişaf xəttinin bərpası prosesi gedir. İndiyə qədər çap olunmuş ədəbiyyat tarixlərinin əhəmiyyətini azaltmadan deməliyik ki, marksist sxemlər ən çox milli şüurun ədəbiyyatımızdakı təzahür xəttini qırıb təhrif etmişdir. Təkcə tədqiq yox, tədris baxımından da əsas məsələ orta və ali məktəb proqramlarında da bədii düşüncənin vahid milli özünüdərk prosesini və onun ardıcıllığını bərpa etməkdən ibarətdir.

Elə əsərlər vardır ki, onlarda xalqın azadlıq və müstəqillik arzuları daha qabarıq əksini tapıb. Məhz bu əsərlər dövrün ədəbi prosesinin ən qabaqcıl, vətənçi meyllərini ifadə etmişdir və onlar proqram və dərsliklərdə daha əhatəli yer tutmalıdır.




Ərəfə ədəbi fikrində folklora

və dastan irsinə yeni münasibət
1980-ci illərdə SSRİ-nin siyasi böhranı dərinləşdikcə, ölkədə məfkurə axtarışları güclənirdi. İlk növbədə, öz tarixi keçmişinə üz tutan xalqlar, o cümlədən Azərbaycan xalqı öz mənəvi keçmişinin bütün sahələrində marksist bolşevik təzyiqi ilə unudulmuş mənəvi dəyərlər tapır və bərpa edirdi. Ümumi publisistikada bu prosesə ümumilikdə kökə qayıtma, əslə qayıtma adı verilmişdir.

Bütün hallarda olduğu kimi, bu məsələdə də ədəbi fikir, xüsusilə ədəbiyyatşünaslıq və ana dili üzrə mütəxəssis alimlər irəlidə gedirdilər. Nəticədə, Azərbaycan ədəbiyyatı və dili tarixinə münasibətlə bağlı yeni baxışlar daha fəal üzə çıxır və çap olunurdu. Bu da ədəbi fikrin 1988-1992-ci illərdə ümumən siyasi fikrin ön mövqelərində durması ilə bağlı idi.

Sovet dövründə Azərbaycan ədəbiyyatı tarixi milli yox, sinfi prinsiplər əsasında yazılmışdı. Marksizmin tələbi olan bu metodoloji istiqamət bolşevizmin siyasi doktrinasından irəli gəlirdi. Onlar Çar Rusiyasında olan onlarla xalqı, sonra isə bütün dünyanı sinfi əlamətlərə və prinsiplərə görə birləşdirmək istəyirdilər. Bu, bir siyasət idi.

İnsanlar həmişə birləşmək və bunun nəticəsində qüvvətli olmaq üçün əsaslar axtarmışlar. Həmin əsaslar çox vaxt dil birliyi, qan və mənşə qohumluğu kimi əlamətlərdə tanınırdı. Lakin tarixdə ideoloji birləşmələr də çox olmuşdur ki, buna da ən çox dinlərin və dini hərəkatların tarixində təsadüf etmək olur. Hətta böyük dövlətlər arasında baş vermiş siyasi müharibələr də çox zaman dini pərdəyə bürünmüşdür. Səlib yürüşləri, müsəlman təriqətləri arasındakı qırğınlar buna misal ola bilər.

Marksizm insanları birləşdirmək üçün sinfi prinsipdən istifadə edir, insanları qula və quldara, kəndliyə və feodala, fəhləyə və sahibkara bölürdü. Həm də bu halda hesab edilirdi ki, dil və dini fərqlərin elə bir əhəmiyyəti yoxdur və buna əsaslanıb beynəlmiləlçilik deyilən nəzəriyyə yaratmışlar. Guya qulun, kəndli və fəhlənin vətən hissi və milli mənlik şüuru yoxdur. Bu yanlış bir nəzəriyyə idi, amma bolşeviklər ondan bərk yapışmışdılar. Səbəbi isə o idi ki, çoxmillətli ölkəni  Rusiyanı yenidən bir dövlət məfkurəsi altında birləşdirmək lazım idi. Rusiya bolşevikləri bunu fəhlə sinfinin milli şüurdan və mənsubiyyətdən məhrumluğu barədə nəzəriyyənin köməyi ilə etməyə çalışırdılar. Beynəlmiləlçilik bədnam və yararsız bir ideya olsa da, dövlət ideologiyasının mühüm ünsürünə çevrildi. Rusiya bolşevikləri SSRİ dövlətini beynəlmiləlçi prinsiplə, yəni fəhlələrin dövləti və diktaturası kimi yaratdılar.

Siyasi və dövlət quruculuğunda istifadə olunan bey­nəlm­i­ləl­çi­lik və sinfi əlamətlərin qalan sosial xüsusiyyətlərdən üstünlüyü haqda nəzəriyyə elmi və ideoloji quruculuğa da tətbiq olundu. Moskva ideoloqları yerlərdə olan milli tarixçilərdən tələb edirdilər ki, xalqların həqiqi tarixini deyil, düşmən siniflərin mübarizə tarixini yazsınlar. Nəticədə, dini proseslər tarixdən qovuldu. Milli dövlətlərin tarixi lazımsız elan edildi. Deyilirdi ki, tarix  siniflərin mübarizəsidir. Belə metodoloji istiqamətdən çıxış edərək xalqların, xüsusilə kiçik xalqların tarixini ancaq qulların, kəndlilərin, fəhlələrin qiyamlarının və hərəkatlarının tarixi kimi öyrənir və təqdim edirdilər.

Ümumi tarixə tətbiq olunan bu prinsip zorakılıqla folklorun və ədəbiyyat tarixinin öyrənilməsinə də tətbiq edilirdi. Həmin prosesin 70 illik nəticəsi çox süni və ziyanlı oldu, çünki sinfi metodologiya tarixi faktların təhrifinə, çox zaman isə açıq-aşkar inkarına əsaslanırdı.

Bu baxımdan, folklorşünaslıq çox pis vəziyyətdə qalmışdı. Məlumdur ki, şifahi xalq ədəbiyyatı bütün xalqlarda el dilini və mənəviyyatını ifadə edən və yaşadan bir şifahi yaradıcılıq sahəsidir. Xalq ədəbiyyatı millətlərin ədəbi fikir və dil tarixində ən çox bununla qiymətlidir və bu baxımdan tədqiq olunur. Lakin marksistlər öz metodologiya və nəzəriyyələrini hər sahəyə xüsusi zorakılıqla tətbiq etdiklərindən, xalq ədəbiyyatını da yoxsul siniflərin məfkurəsi kimi təqdim edir və akademik elmdən də bu başabəla nəzəriyyəni inkişaf etdirməyi tələb edirdilər.

Nəticədə xalqların mifoloji təfəkkürünün öyrənilməsi ateizm təbliğatına çevrilirdi. Ona görə ki, miflər müasir dinlərin  tə­kallahlı dinlərin formalaşmasından əvvəlki dövrü təmsil edirlər. Mar­ksist metodologiya bunda sağlamlıq axtarır, burada ma­terializmin idealizmə qarşı mübarizəsini görürdü.

Milli dil və milli ruh ümumən folklorşünaslıqdan qo­vul­muş­du, bunun əvəzinə xalq sözündən istifadə olunurdu. Xalqların mil­li mənəviyyatının güzgüsü olan folklordan danışmaq xırda mil­lət­çi­lik kimi pislənirdi. Nə üçün? Ona görə ki, marksistlər zəh­mət­keş siniflərdə milli mənsubiyyət hissinin yoxluğu haqda ehkam ya­ratmışdılar. Folklorun həqiqi mahiyyəti şərh olunanda, onun ana dilinə və xalq ruhuna bağlılığı üzə çıxanda folklorun beynəlmiləlçiliyi haqqında saxta nəzəriyyə tapılırdı.

Xalqın dil incisi olan minlərlə bayatılarını az qala ancaq əmək prosesi ilə bağlı şeirlər kimi təqdim edirdilər. Nəticədə söz sənəti olaraq xalq şeirinin özəlliyi itib-batır, araşdırma predmeti olmaqdan kənarda qalırdı. Bu da marksist metodologiyanın siyasi bir akt kimi təbliğ və tətbiq olunduğunu ortaya qoyurdu. Folklor və onun janrları haqda ancaq o şeyləri deməyə icazə verilirdi ki, bunlar bolşevik rejiminin möhkəmlənməsinə xidmət etsin, onun nə­zəri sxemlərini tamamlasın. Bu zaman folklorun əsl mahiy­yə­tinin tədqiqatlardan kənarda qalması heç kəsi maraqlandırmırdı.

Miflərdən sonra xalq ədəbiyyatının ən qədim və vacib əsərləri olan xalq qəhrəmanlıq dastanlarına münasibət daha acınacaqlı idi. Məlumdur ki, qəhrəmanlıq eposları və onların təşək­külü xalqların mənəvi tarixində, özünüdərkində xüsusi yer tutur. Bu dastanlar milli şüur baxımından ona görə köklü əhə­miy­yət kəsb edir ki, onlarda ilk dəfə olaraq milliyad konflikti əksini tapır. Qəhrəmanlıq eposu da ən qədim dövrlərdən xalqın yadlara, torpağımıza və sərvətlərimizə göz dikənlərə qarşı mübarizəsini ümumiləşdirib nəsildən-nəsilə ötürür.

Lakin xalq qəhrəmanlıq dastanlarının kökündə duran milli-yad arxitipi bolşeviklərin düzəltdiyi nəzəriyyələrə sığmırdı. Üstəlik bu nəzəriyyələri dağıdırdı. Milli-yad qütbləşməsi qədim bir arxitip olmaqla tarixin sinfi nəzəriyyəsini inkar edirdi. Bundan başqa yadlara qarşı mübarizələrə həmişə yuxarı siniflərdən olan sərkərdələr başçılıq edirdi. Bu da bolşevik sxemlərinə sığmırdı. Ona görə ki, feodalların, ruhanilərin və kəndlilərin birlikdə yadellilərə qarşı mübarizəsi sinfi mübarizə ehkamını gülünc vəziyyətdə qoyurdu.

Digər tərəfdən xalqın varlı və kasıb təbəqələri arasında düşmənçilik toxumu səpilməsi təhlükəli bir nəzəriyyə idi və istənilən cəmiyyəti içəridən dağıtmağa yönəlmişdi. Məlum və sınaqdan çıxmış bir həqiqət var: xalqın gücü onun başçılarındadır, ona yol göstərənlərdədir. Tarixin sınaqlarından o xalqlar çıxır ki, onların qüvvətli elitası olub və bu elita xalqı çətin vaxtda birləşdirib və səfərbər edib.

Tarixin belə qanunlarının üstündən xətt çəkmək üçün bolşeviklər hakim siniflərdən düşmən obrazı yaradır, onları qəddar, tamahkar, xudbin insanlar kimi qələmə verirdilər. Belə bir uydurma təbliğ olunurdu: qəhrəmanlar, xalqın xilaskarları ancaq kasıb, zəhmətkeş siniflərdən çıxa bilər. Doğrudur, tarixdə belə hallar da olub, amma bunlar daha çox istisna təşkil edib. Tarixdə qanunauyğunluq isə odur ki, xalqlara varlı təbəqələrdən çıxmış savadlı adamlar daha uğurla başçılıq ediblər. Başçılıq isə bilik, savad, təcrübə, ənənəni bilmək tələb edir.

Marksist sxemlər «Koroğlu» kimi qədim və möhtəşəm qəhrə­manlıq dastanına tətbiq edilir və dəhşətli nəticələr çı­xarılırdı. Min illərlə tarixi olan bir qəhrəman − Koroğlu adi bir kəndli qiyamının rəhbəri kimi qələmə verilir və XVII əsr ədə­biy­ya­tı faktı kimi həmin dövrün ədəbi şəxsiyyətləri ilə eyni vaxtda öyrənilir, eyni dövrün ədəbi məhsulu kimi qələmə verilirdi.

Bu müdhiş bir səhv idimi? Əlbəttə yox. M.Arif, M.H.Təh-masib, H.Araslı kimi alimlər gözəl başa düşürdülər ki, «Koroğlu» yazılı ədəbiyyata aid abidə deyildir və onu XVII əsr ədəbiyyatının hadisəsi kimi öyrənmək doğru deyildir. Lakin 1937-1938-ci illərdə onların Vəli Xuluflu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əmin Abid, Salman Mümtaz kimi qələm dostları güllələnəndən sonra onlar «ağıllanmışdılar». Bu alimlər yuxarıdan verilmiş və ədəbiyyat tarixinə tətbiqi məcburi olan sxemi doğrultmalı idilər. Ona görə də min il tarixi olan «Koroğlu» eposu XVII əsrdə Türkiyədə baş vermiş xalq üsyanlarını əks edən abidə kimi 1958-ci ildə çıxan ədəbiyyat tarixinə salınmışdı.

Əlbəttə, bu, xalqın mənəvi sərvətinə, tarixi və ədəbi həqiqətə qarşı təhqiramiz bir münasibət idi. Lakin sovetlər vaxtı bu barədə yazmaq, bunu sübuta yetirmək mümkün deyildi. Bolşevik mətbuatı, rəsmi tənqid öz qılıncını çıxarıb xalqın qədim köklərinə hörmətlə yanaşmağa çağıran alimlərə divan tuturdu.

Bir cəhət də bizim yaşlı nəsildən olan folklorçulara haqq qazandırır: «Koroğlu»nun xalq üsyanları barədə dastan kimi qəbul edilməsi onun nəşri, tədqiqi, təbliği üçün imkanlar açırdı. Məhz bu imkanlar sayəsində sovet vaxtı «Koroğlu» barədə çoxlu tədqiqatlar, kitab və məqalələr yazılmış, abidə xarici dillərə tərcümə olunmuşdur.

Bütün bunlardan əlavə, dastan orta və ali məktəblərdə tədris olunur və gənc nəslə öyrədilirdi. Gənclik səthi şəkildə olsa da, öz qəhrəmanlıq tarixi barədə təsəvvür əldə edirdi. Dastan haq­da 1958-ci ildə bədii film çəkildi. Ü.Hacıbəyov isə onun motivləri əsasında hələ 30-cu illərdə möhtəşəm opera yazmışdı.

«Koroğlu»nun sovet dövrü taleyini «Dədə Qorqud» das­tan­la­rı­nın taleyi ilə müqayisə edəndə birinci eposun təhrif olunmuş şə­kildə olsa da, tədqiq və tədrisinə haqq qazandırmalıyıq. Çünki 70-ci illərə qədər «Dədə Qorqud» kimi möhtəşəm abidə həm ədə­biy­yat tarixindən çıxarılmış, həm də orta və ali məktəblərdə tədris olun­maq imkanından məhrum edilmişdi. Türk xalqlarının bu nə­həng abidəsi Bakıda hələ 1962-ci ilə qədər nəşr olunmamışdı. Az sayda tədqiqatçılar Türkiyədən götürülən fotosurətlərdən istifadə edirdilər. Ancaq 1962-ci ildə N.S.Xruşşov islahatları dövründə Həmid Araslı dastanı kiril əlifbası ilə nəşr etdirdi.

«Dədə Qorqud» dastanlarının Bakıda geniş şərhlərlə çapı SSRİ-nin dağılma ərəfəsinin mühüm ədəbi hadisələrindən biri idi. Dastanın Fərhad Zeynalov və Samət Əlizadə tərəfindən hazırlanmış yeni tənqidi mətni 1988-ci ildə işıq üzü görə bildi. Tənqidi mətnə şərhləri mərhum Samət Əlizadə yazmışdı. Dastanın bu şərhinə verilən müqəddimədə, ilk dəfə olaraq abidənin ümumtürk təfəkkürü üçün köklü əhəmiyyətindən söz açılır, köhnə ideoloji sxemlərdən çıxış edilmirdi.

Artıq bu nəşrdə abidənin təhlili türk xalqlarının tarixinə yeni münasibətlə əlaqələndirilirdi. Sovet dövründə filoloji fakültələrdə ancaq «Qədim türk abidələri» kursu keçirilirdi. Bu kursda türk xalqlarının tarixindən deyil, müsəlman dünyasında türkcə yazılmış abidələrdən bəhs edilirdi. «Dədə Qorqud»a isə məhdudiyyət qoyulmuşdu: ona görə ki, on iki boyluq dastan öz kökləri ilə türk xalqlarının qədim kökləri və tayfa quruluşu, onun təkamülü ilə bağlı məsələləri əhatə edirdi. Sovet vaxtı dastana belə yanaşmaq mümkün deyildi, çünki həmin təşəbbüsdə türk millətçiliyi görürdülər və bu, kəskin tənqidə məruz qalırdı.

Dastanın 1988-ci il çapında onun müasir dilə uyğunlaş­dırıl­mış variantı da verilmişdi. Bu isə onun tədqiqinə və nəşrinə, orta və ali məktəblərdə tədrisinə imkanlar açdı, qorqudşünaslığın bir elm sahəsinə çevrilməsinə səbəb oldu.

Prezident Heydər Əliyev müstəqillik illərində «Kitabi - Də­də Qorqud» dastanlarının 1300 illiyinin qeyd edilməsi haqqında» xü­susi fərman imzaladı. Həmin sənədə əsasən, abidənin tədqiqi, çapı, tədrisi üçün kompleks tədbirlər görüldü və bu işlərə dövlət tərəfindən vəsait ayrıldı.

1986-cı ildən respublikada «Dədə Qorqud» ensiklopediyası üzə­rində iş gedirdi. Professor Kamil Vəliyevin rəhbərliyi ilə Yazıçılar İttifaqı nəzdində başlanan bu iş xeyli yubandı. Bunun da əsas səbəbi o zaman Nazirlər Kabineti tərəfindən ayrılmış vəsaitin azlığı idi. Sovet vaxtı vətənpərvər alimlərin təmənnasız həvəsi ilə başlanan bu iş artıq müstəqillik dövründə tamamlandı.

Aydındır ki, müstəqillik dövründə çıxacaq ensiklopediya sovet elmi ölçüləri ilə çıxa bilməzdi. Dövrün tələblərini nəzərə almaqla hazırlanmış bir çox materiallar təzələnməli idi. Xüsusilə dastana siyasi, dövlətçilik və dil tarixi baxımından verilən şərhlərə yenidən baxmaq ehtiyacı vardı. Amma ensiklopediyanın yaradıcı kollektivi balaca idi, sovetlərdən qalma maliyyə prinsipi ilə təmin olunurdu. Beləcə, kollektivin imkanları ilə qat-qat artmış ictimai sifariş arasında ziddiyyətlər yarandı, tənqidlər çap edildi. Bütün bunlara baxmayaraq, «Dədə Qorqud» ensiklopediyasının çapı mühüm elmi hadisə oldu. Ensiklopediya müstəqilliyə qədər filoloji fikrimizin bu abidə barədə bir çox qiymətli ideyalarını elmi ictimaiyyətə çatdırdı və abidə haqqında dövlət sənədinin yaranıb ortaya çıxmasına təkan verən amillərdən oldu.

Yubiley ərəfəsində böyük elmi işlər görüldü, çoxlu məcmuə və kitablar işıq üzü gördü. Bu bir daha təsdiq edir ki, milli elm sahələrinin inkişafı üçün müstəqil dövlətin mövcudluğu zəruridir.

Buna ən parlaq misal «Dədə Qorqud» dastanlarının orta məktəblərdə tədrisidir. Yalnız müstəqillik dövründə − 1994-cü ildə proqramlara dəyişiklik edildi. 1996-cı ildə çıxan yeni orta məktəb dərsliklərində «Dədə Qorqud» mövzusu geniş əksini tapdı. Bu, Azərbaycanda tədrisin milliləşdirilməsi sahəsində atılan mühüm addımlardan biri idi. Çünki «Dədə Qorqud» təkcə ədəbi abidə deyil, bu həm də türk xalqlarının siyasi və dövlətçilik tarixi, islamı qəbuletmə prosesi ilə bağlı hadisələri əks etdirən mənbədir. Bir çox baxımlardan bu abidənin tarixi cəhətdən tədqiqi türk dövl­ətçiliyinin tarixi ilə bağlı mühüm problemləri aktuallaş­dırmış­dır.

Sovet tarix elmində qəbul olunmuş sxemlərin qüsurlu tərəfi odur ki, onlar türk xalqlarının, Avrasiyanın tarixini şərqi Avropanın və Qara dəniz ətrafının tarixindən ayırır və aparıb uzaq Çinə və Altaylara bağlayırdılar. «Dədə Qorqud» dastanlarının boyları isə «kafərlər»lə mübarizə ilə doludur. Kimdir bu kafərlər? Bunlar şübhəsiz ki, xristianlardır. Əgər belədirsə, onda oğuzların qonşuları xristianlardır, onlar isə həm Şimali Qafqazda, həm Volqa çayının solunda, həm də Qara dəniz ətraflarında yaşayırdılar. Kafərlərin dastanın mətninə görə, çox yaxın qonşular olduğunu nəzərə alsaq, buradan doğru tarixi nəticələrə gəlmək mümkündür. Bu nəticələr isə türklərin Avrasiya xalqı olmasına dair müasir tarix elminin nəticələrini birmənalı şəkildə təsdiq edir. Yəni «Dədə Qorqud»dakı hadisələr Qara dəniz ətrafı, Xəzər ətrafı ərazilərlə − başqa sözlə, indiki Krım, Bolqarıstan, Şimali Qafqaz, Qazaxıstan və Türkmənistan, nəhayət Azərbaycan və Dağıstan əraziləri ilə bağlıdır.

Dastanda sovet vaxtı ortaya qoyula bilməyən məsələlərdən biri də din problemi ilə bağlıdır. Abidədə bir tərəfdən islamın qəbul edilməsi ilə bağlı motivlər, o biri tərəfdən isə xristianlarla bağlı süjetlər vardır. Bir çox alimlər «Dirsə» xan kimi yazılan sözü «Tərsa» xan kimi oxuyur və dastanda xristian türklərdən və türklərin xristian tarixindən danışmağı çox vacib sayırlar. Biz bu məsələ üzərindən keçmək istəmirik və problem barədə bir neçə mülahizəmizi söyləmək istəyirik.

Son zamanlar mətbuatda türklük və xristianlıq barədə çoxlu yazılar çıxır. Bunlardan ən maraqlısı tarix elmləri doktoru Sara Qasımovanın erkən orta əsrlər Azərbaycanında xristianlıq probleminə həsr olunmuş fundamental kitabıdır. Bu kitabın məhz göstərilən ildə çap olunması təsadüfi deyildir. Uzun müddət yalançı müsəlman təəssübkeşliyi iki mühüm problemi tarixi-filoloji tədqiqatlardan kənarda qoyurdu. Bunlardan birincisi era­mızın IIXIV əsrlərində Azərbaycanda xristianlığın atəşp­ə­rəs­tli­k­lə paralel geniş yayılması, ikincisi isə bu dövrdə əsasən fars di­lin­də yaranmış yazılı xristian mədəniyyətinin Azərbaycan xalqının irsi kimi araşdırılıb üzə çıxarılmasıdır. Hətta rus və Avropa şərqşü­nasları da bu məsələdə müsəlmanların ağrılı reaksiyasını nəzərə alaraq, bu barədə ya çox ehtiyatla danışmışlar, ya da heç danışmamışlar.

Bəs son illər Azərbaycanın xristian tarixi və mədəniyyəti barədə ortaya çıxan kitab və məqalələrin səbəbi nədir? Əlbəttə ki, erməni amilidir. Azərbaycanda olduğu kimi, İranda da xristian tarixinə və mədəniyyətinə mənfi, qısqanc münasibət ənənəsi mövcuddur. Fitnəkar erməni tarixçiliyi də bundan istədiyi qədər istifadə edir.

Lakin Rusiya azərbaycanşünaslığının xəstə bir cəhəti də var idi: bu, erməni millətindən olan mütəxəssislərin bu elmi prosesdə fəal iştirakı idi. İranlı ermənilər fars dilini, Osmanlı erməniləri isə türk dilini bilirdilər. Nəticədə, rusların İran kitabxanalarından daşıyıb apardıqları minlərlə əlyazmaları iranlı ermənilər, çox zaman Bizans ənənəsi ilə dini təhsil almış erməni keşişləri oxuyub şərh edirdilər. Onlar xristianlığa aid bütün mətnləri, tarixləri erməni abidəsi kimi qələmə verirdilər.

«Dədə Qorqud» kimi qədim abidələrdə dini münasibətlərin mənzərəsi də bizə tariximizi daha yaxşı öyrənməyə və bərpa etməyə yol açır. Növbəti dəfə erməni amili bizi özümüzə və tariximizə yenidən nəzər yetirməyə sövq edir.

Bəlkə elə buna görə Dədə Qorqud boylarında İslamın yenicə qəbul olunduğu vaxtların süjetləri ilə üzləşirik. Dastanın bir sıra qolu zorlu qəhrəmanları Allahın simasında qüdrətli bir müttəfiq əldə edirlər. Dastançının yaydığı ideyalardan biri budur ki, Allahı tanımaq oğuz qəhrəmanlarının kafərlər üzərində mütləq qələbəsinin təmin olunması deməkdir. Başqa sözlə, Allahın himayə etdiyi qəhrəman məğlubedilməzlik qazanır, çünki hər şey Allahın iradəsindədir və o, öz bəndələrini himayə edir və həmişə edəcəkdir.

Köləlikdən qaçmış gəncin qayıdışı motivi dastandakı bir çox boyların əsasını təşkil edir. Kafərlərin şəxsində isə burada geniş qul alveri ilə məşğul olan xristianlar nəzərdə tutulur. Məhz onlar türkləri əsir edib qul bazarlarında satırdılar. Buradan da oğuzlar arasında tayfa idealı  qulluqdan xilas olmaq presedenti bir sosial arzuya çevrilmişdi. Dastançı bu qəhrəmanları, bir qayda olaraq, döyüşdə əsir düşmüş 15 yaşlı gənclərin qayıdışı kimi təqdim edir. Amma dərindən nəzər yetirəndə görmək olur ki, onların hamısında eyni motiv təkrar olunur: kafirlərin əlindən qaçma və doğma tayfaya qayıtma. Əslində isə, söhbət köləlikdən qayıdış arxitipindən gedir. Bütün xalqlarda olduğu kimi, türklərdə də qul kimi əsir edilib aparılmış oğulun yuxarı sinfə, bəy sinfinə məx­sus­luğu göstərilməklə faktın, presedentin əhəmiyyəti yüksəl­dilir.

Dastan türk dillərinin oğuz qrupunun ən mühüm dil abidələrindən biridir. Dədə Qorqud problemi türk ədəbi dillərinin tarixi barədə diskussiyalara, onların daha geniş araşdırılmasına yol açmışdır. Aydın oldu ki, dastanın tarixi baxımdan öyrənilməsi hələ təzəcə başlanır. Buradakı coğrafi adlar, xüsusilə şəhər və tayfa adları hələlik dərindən öyrənilməmişdir. İndiyəcən ilk təşəbbüs kimi deyilən mülahizələrin çoxu folklorçu filoloqlara məxsusdur. V.Bartold kimi tədqiqatçıların dövründə isə türklərin tarixinə dair slavyan-bizans filoloji məktəbinə məxsus sxemlər hələ qüvvədə idi. Lakin müstəqillik ərəfəsində və ondan sonra qor­qudşünaslıq üçün böyük inkişaf imkanları açılmışdır və şübhə yox­dur ki, bizim elmi fikir bu imkanlardan layiqincə faydala­na­caq­dır.


1   ...   32   33   34   35   36   37   38   39   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə