AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə34/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərinin Gəncəli məhəlləsində ana­dan olmuşdur. Gələcək alim birinci sinfə Şəkidəki 4 saylı orta məktəb­də getmiş, 1946-cı ildə ailəsinin Bakıya köçməsi ilə əlaqə­dar kiçik Yaşar təhsilini 31 saylı məktəbdə davam etdirmişdir. Gələcək alim hələ məktəb illərindən gözəl hafizəsi, fənləri yaxşı mənimsəməsi ilə müəllimlərin diqqətini cəlb edirdi. O, məktəb illərindən əruz vəznində şeirlər yazmış və romantik şairlərimizin pərəstişkarı olmuşdur. Sonralar tələbəlik illərində Yaşar Qarayev şeirdən uzaqlaşmış və özünü ədəbiyyat elminə həsr etmişdir. Ədib yetkin vaxtlarında da şeirlər yazır, lakin bu sahəyə heç zaman ciddi əhəmiyyət vermirdi.


Yaşar 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və oranı 1958-ci ildə qırmızı diplomla bitirmişdi. Tale elə gətirib ki, onun tələbəliyinin son illəri SSRİ-də N.S.Xruşşovun siyasi islahatları və İ.Stalin kultunun tənqidi ilə eyni vaxta düşmüşdür. Bu islahatlar o vaxtlar sovetlər ölkəsində humanitar sahədə hökm sürən əzbərçiliyə, İ.Stalinin şəxsiyyətinə qarşı kütləvi yaltaqlığa ağır zərbə endirdi. Fikir sahəsindəki bu yeniləşməni gənc nəsil, tələbələr və yaradıcı gənclik xüsusi ruh yüksəkliyi ilə qarşıladı və bu hərəkata qoşuldu. N.S.Xruşşov islahatlarını himayə edən gənclik, sonralar «altmışıncılar» kimi tanındı.

Siyasi islahatlar o zaman universitetlərin həyatında da canlan­ma yaratdı. Yaşar oradakı dərnəklərdə iştirak edir və 19 yaşın­dan resenziya janrında yazdığı yazıları ilə mətbuatda çıxış edir­di. Bu yaş ədəbiyyat elmi ilə məşğul olan adam üçün çox gənc, erkən idi. Lakin Yaşar nəzəriyyəni gözəl bilməsi və duy­ması ilə diqqəti çox tez cəlb etdi və onun «Azərbaycan gəncləri» qəzetində çap olunmuş ilk yazısı 1955-ci ilə aid idi.

Yaşar ilk çıxışlarından özünəxas parlaq və təzə nəzəri-elmi təfəkkürü ilə diqqəti cəlb etmişdi. Hələ tələbəlik illərindən o, öz həmyerlisi Bəxtiyar Vahabzadə ilə tanış olmuş və onun vətənçilik ideyalarından təsirlənmişdir. Bu təsirlərin və məhəbbətin bəhrəsi olaraq o, sonralar böyük şair haqqında «Poeziyanın kamilliyi» (Bakı, 1985) kitabının iki müəllifindən biri oldu.

N.Xruşşov islahatları tezliklə yuxarıdan dayandırıldı: totalitar dövlətdə mənəvi azadlıq mümkün deyildi və siyasi təhlükəyə çevrilirdi. Lakin bu islahatların təsirini ədəbi və elmi gəncliyin beynindən çıxarmaq mümkün deyildi. Bütün sonrakı ömrünü sağlam düşüncə və mənəvi azadlıq ideyalarına həsr edən ədəbi gənclik nümayəndələrindən biri də Yaşar oldu. Diri, azad elmi fikir alimin xidmət etdiyi əsas dəyərlər idi.

Ədəbi məclislərin birində o zaman Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini olan akademik Kamal Talıbzadə təsadüfən Yaşarla tanış olur və onun nəzəri ağlını bəyənir. Çox çəkmədən Kamal müəllim Yaşarı o zaman İnstitutun direktoru olan akademik Məmməd Ariflə tanış edir. Nəticədə, Yaşar Qarayev 1959-cu ilin 17 martından Nizami adına Ədəbiyyat İnstitutunda işləməyə başlayır. Bu institut alim üçün ikinci ev olmaqla bərabər, ömrünün sonuna qədər onun birinci və sonuncu iş yeri oldu. Alim vəfat edəndə artıq institutun direktoru vəzifəsində çalışırdı.

Həmin ildə aspiranturaya daxil olan Yaşar Qarayev «Azərbaycan ədəbiyyatında faciə janrı» mövzusunda namizədlik dissertasiyası üzərində çalışmağa başlayır. Həmin mövzu alimin gələcək elmi fəaliyyətinə əsaslı təsir göstərir. Məlumdur ki, müasir Azərbaycan ədəbiyyatının yaranması və formalaşması dram janrı ilə bağlı idi. Gənc alim bu janrı tədqiq etməklə müasir ədəbiyyatımızın bütün köklü məsələləri ilə üz-üzə gəlmiş oldu.

Alim 1963-cü ildə namizədlik işini uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Bu illər onun həm də ədəbi tənqid sahəsindəki fəaliyyətinin ən qızğın çağı idi. 1964-cü ildə Yaşarı istedadlı tənqidçi kimi Yazıçılar İttifaqına qəbul etdilər. Bir il sonra 1965-ci ildə onun namizədlik işi “Faciə və qəhrəman” adı ilə ayrıca kitab şəklində çap olundu. Elmi ictimaiyyət bu kitabı Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni nəzəri səviyyəsini əks etdirən bir nümunə kimi qarşıladı, alim geniş şöhrət qazandı.

Tənqidçi kimi böyük şöhrəti, uzun zaman onun müasir ədəbiyyata və teatra bağlanması və akademik elmi araşdırmaya soyuqqanlı münasibəti ilə nəticələndi. Bu, təsadüfi deyildi. Azərbaycan ədəbiyyatında heç kəs tənqidi sözün gücü ilə Yaşar kimi qibtəli şöhrətə çatmamışdı.

Obyektiv qələm sahibi kimi onu Yazıçılar İttifaqı tənqid seksiya­sının rəhbəri seçmişdilər. 1975-ci ildə Elmlər Akademi­ya­sının Rəyasət Heyətinin xüsusi qərarı ilə Yaşar Qarayev üçün Niza­mi adına Ədəbiyyat İnstitutunda «Müasir ədəbi proses» şö­bəsi açıldı. 1976-cı ildən başlayaraq həmin şöbədə hazırlanan illik icmallar toplusu  «Ədəbi proses» silsiləsi çap olunmağa başladı və uzun illər davam etdi.

Ədib 1979-cu ildə «Azərbaycan realizminin inkişaf mərhələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. O, 1981-1985-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, sonra isə ömrünün sonuna qədər direktor vəzifəsində işlədi. Alim 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Yaşar Qarayev uzun sürən xəstəlikdən sonra 2002-ci ilin 25 avqustunda vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.

Ədəbi və teatr tənqidinə gətirdiyi yeniliklər. Yaşar Qarayevin elmi fəaliyyətinin əsas mövzusu Azərbaycan dramaturgiyası və onun taleyi idi. Yaşarı bu janra bağlayan əsas xətt müasir ədəbiyyatımızın ana xəttini müəyyən etmiş M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı ənənələri idi. Yaşar üçün bu dörd sənətkarın yaradıcılığı həm də xalqımızın müasir elmi və ədəbi ideyalara qovuşmasının timsalı idi.


Tənqidçi 60-cı illər islahatları zamanı geniş işlənməyə başlayan ədəbi müasirlik anlayışına xüsusilə bağlı idi. İslahatlar zamanı müasirlik anlayışı − sosioloji ədəbiyyatşünaslığın əks qütbü, yaradıcılığı siyasi buxovlardan qurtarmaq mənası verən bir anlayış idi. Qısaca deyilsə, müasirlik stalinizmin ifşasından sonrakı ədəbi ab-havanı nəzərdə tuturdu. Bu ab-hava isə həm də Yaşar üçün proletar ədəbiyyatı anlayışının dar çərçivələrdən çıxıb sərhədsiz klassik irsə qoşulması idi.

Təsadüfi deyil ki, tənqidçi müasirliyin fikir və sənət meyarlarını klassiklərdə  M.F.Axundovda, C.Cabbarlıda axtarırdı. Yaşarın təqdimatında klassiklərin müasirliyi proletar ədəbiyyatı təsəvvürlərini dağıtmaq və kənara atmaq üsulu idi. Bu mənada tənqidçinin ədəbiyyatda müasirlik uğrunda mübarizəsi yaradıcılıq azadlığı, istedad meydanı uğrunda çalışmalar idi. 60-70-ci illərdə 20-ci illərin proletar ədəbi dərnəklərindən çıxmış bəzi titullu yazıçılar ədəbi mühitdə həqiqi ədəbi rəqabətin əleyhdarları idilər. Dramaturgiyanı gözəl bilən Yaşar isə, həm də parlaq nəzəriyyəçi idi. Bu nəzəriyyəçiliyi teatr tənqidinə yönəldəndə, Yaşar Qarayevin ən böyük xidmətlərindən biri − yeni tipli teatr tənqidi yaranmış oldu.

Yaşara qədər ədəbi tənqiddə Ə.Nazim, M.Arif, M.Cəfər kimi gözəl tənqidçilər və onların məktəbi vardı. Lakin Azərbaycan teatr tənqidinin müəyyən ənənələri olsa da, bu sahədə Yaşara qədər parlaq qələm sahibləri, teatr sənətinin nəzəriyyəçiləri yetişməmişdilər. Teatrımızdan və onun tarixindən çox yazılmışdı, lakin bunların hamısı praktik və təsviri teatrşünaslıq idi, tamaşanı şərh edən müəlliflər idi.

Yaşar parlaq nəzəri ağlı və müdrik şəxsiyyəti ilə teatr tənqidini yaradıcı bir sənətə, nəzəri-estetik bir fikir sahəsinə çevirdi. Yaşarın teatr tamaşaları haqqında yazdığı resenziyalarda əsas və ən qiymətli yenilik tənqidçinin tamaşaya və əsərə şəxsi bədii-fəlsəfi münasibəti idi.

Bu münasibət çox qiymətli və bizim elmi-estetik fikir üçün təzə idi. Yaşarın təzəliyi onun əsərə və tamaşaya tənqidçi münasibətinin əxlaqi, estetik və fəlsəfi təzəliyində idi. Yaşar «Ölülər», «İblis», «Sən həmişə mənimləsən», «Dəli yığıncağı» kimi əsərlərin teatr tamaşalarına yazdığı resenziyalarla, əslində müasir teatr tənqidini yenidən yaratdı.

Yaşar teatra müqəddəs məbəd, gözəllik və kamillik məktəbi, yüksək əxlaqi dəyərlər daşıyıcısı kimi baxırdı. Belə münasibət əslində M.F.Axundov, C.Məmmədquluzadə və C.Cabbarlının teatr görüşlərinin davamı və inkişafı idi. Klassiklərin ardınca o da səhnəyə milli tərəqqi meyarı kimi baxırdı. Yaşar üçün qiymətli olan tamaşa  zamanın ən yeni fikir və həqiqətlərini, ən müasir ovqatlarını deyən tamaşalar idi. Tənqidçi üçün milli tərəqqi və milli mədəniyyət ideallarını səsləndirə bilməyən teatr ölüdür, zamanın yedəyindədir. Əsl müasir teatr isə zamanın fövqündə, milli ictimai rəyin önündə olmalıdır.

Faciə qəhrəmanları Yaşarın, sözün həqiqi mənasında, estetik idealı idi. Oqtay, Aydın, Elxan kimi qəhrəmanlar Prometey kimi öz fiziki varlıqlarını yandırıb öz xalqlarına işıqlı yol, azad həyat istiqaməti göstərirlər. Obrazlı düşüncəyə xüsusi rəğbəti olan alim milli səhnəni məhz belə qəhrəmanların tribunası kimi görməyə üstünlük verirdi.

Yaşar Qarayevin teatr tənqidi sahəsindəki yenilikləri həm də 60-cı illərdə Azərbaycan teatrının fikir və sənət baxımından daxil olduğu yeni inkişaf mərhələsi ilə bağlı idi. Mehdi Məmmədov, Tofiq Kazımov kimi rejissorlar teatrımızda 20-30-cu illərdən qalan romantik səhnə üslubundan fərqli, saxta monumentalizmdən uzaq olan bir teatr üslubu yaratdılar. Yaşarın tənqiddəki yenilikləri, teatrın həyatındakı bu təzələşmə, yeni üslubi axtarışlarla bağlı idi.

Yaşara qədər basmaqəlib, ümumi söz və təsvirlərdən ibarət olan teatr resenziyası onun qələmi ilə fəlsəfi-estetik vüsət aldı, özünün ən yaxşı nümunələri ilə esse janrına yaxınlaşmağa başladı. İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesi ilə başlanan müasir tipli lirik dramaturgiya da teatr tənqidində gedən proseslərə sürətləndirici təsir göstərdi.

Yaşar Qarayev öz fəaliyyəti boyu tənqidçi şəxsiyyəti məsələsinə xüsusi əhəmiyyət verirdi. Bu terminin arxasında alim, ədəbi tənqidin fərdi yaradıcılıq forması olması barədə mühüm müddəanı nəzərdə tuturdu. Bəzi tənqidçilər partiyanın tələblərini gerçəkləşdirməklə tənqidi bir yaradıcılıq kimi öldürürdülər. Yaşarın irəli sürdüyü yaradıcı şəxsiyyət və tənqidçi təlimi, əslində buna qarşı idi. İstedad, dünyaya qiymətləndirici münasibət yoxdursa, tənqidçi ölüdür. Ona görə ədəbi tənqidi bir fəaliyyət kimi istedadlı, güclü şəxsiyyətlər, nəzəri ağıl sahibləri inkişaf etdirə bilərlər. Tənqidçi «Meyar  şəxsiyyətdir» (1988) kitabındakı silsilə portret oçerklər vasitəsi ilə Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə kimi ustad ədəbiyyat adamlarının şəxsində hər cür subyektiv təsirlərə müqavimət göstərməyin elmi-əxlaqi mənasını dərindən açırdı.



Azərbaycan realizminin tədqiqi. Yaşar Qarayevin məşğul olduğu elmi-nəzəri problemlər sırasında romantizm və realizm nəzəriyyəsi məsələləri xüsusi yer tutur. O, hələ gəncliyindən romantik ədəbiyyatı və poeziyanı sevirdi. Lakin onun alim və tənqidçi kimi formalaşması, ilk növbədə, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı kimi realist ədiblərin maarifçilik və sənət irsi ilə bağlı idi.

Ədib gənc vaxtlarından sovet elmində yaradıcılıq metodları ətrafında gedən diskussiyaları diqqətlə izləyir və öz nəzəri mövqelərini dəqiqləşdirirdi. O, romantizmi və realizmi bir-birindən ayrılmayan yaradıcılıq tipləri, universal və qeyri-tarixi yaradıcılıq üsulları hesab edirdi. Təsadüfi deyil ki, alim doktorluq işinin kitab variantını «Sənət və həqiqət» (1980) adlandırmışdı. O sayırdı ki, romantik və realist üsullar həyat həqiqətini ifadə etməyin üsullarıdır. O, mövzu baxımından bu iki yaradıcılıq üsulu arasında fərq görmürdü.

Alim 60-cı illərdən romantik poeziya və onun yaradıcılıq metodu məsələsi ilə maraqlanırdı. Y.Qarayev bizim bütün klassik poeziyanı, Füzuli ədəbi məktəbini romantik poeziya hesab edir və belə də təhlil edirdi. Yaşar klassik poeziyadan bəhs edərkən orada dinin tənqidini, sinfi mübarizənin, feodalizmin tənqidini axtaran sosioloji və vulqar yanaşma üsulunu amansız tənqid edir və klassik poeziyanı vahid dünya romantik yaradıcılıq tipinin nümunəsi kimi təqdim edirdi. Sonralar onun bu ideyaları klassik irsin tədqiqi ilə məşğul olan alimlərə də təsir göstərdi. Bu problemlər Y.Qarayevin Azərbaycan realizminə həsr olunmuş doktorluq işinin birinci fəslində geniş işıqlandırılır. Bundan əlavə, alimin romantizmə aid görüşlərinin mühüm qismi onun «Hüseyn Cavid» (1982) kitabında öz əksini tapmışdır.

1960-cı illərə qədər Azərbaycan ədəbiyyatşünaslığında ancaq tənqidi realizm haqqında elmi konsepsiya mövcud idi. Lakin Yaşar ilk dəfə olaraq XIX əsr komediyalarının maarifçi realizmə aid olması barədə elmi konsepsiyanı əsaslandırmışdır. Tənqidi və maarifçi realizmin fərqləndirilməsi eyni dövrdə sovet elmində gedən diskussiyaların nəticəsi kimi ortaya çıxmışdı.

Yaşar Qarayev maarifçi realizmi Azərbaycan maarifçilərinin dünyagörüşü ilə bilavasitə bağlayır və tənqidi realizmin maarifçi dünyagörüşünün böhranından sonra gəldiyini göstərirdi. Şübhəsiz, maarifçi realizm insana, gerçəkliyə, sosial ziddiyyətlərə münasibətdə daha sadəlövh idi. Bu isə maarifçi ədiblərin insan təbiətinə münasibəti ilə bağlı idi.

Maarifçilər insan davranışında sağlam ağılın və düzgün tərbiyənin rolunu həddən artıq şişirdirdilər. Onlar cəmiyyətdəki sinfi fərqləri, sosial ədalətsizliyi, qəddarlığı və digər əxlaqi qüsurları pis tərbiyənin nəticəsi sayırdılar. Hesab olunurdu ki, Avropa tipli məktəblərdə oxuyanlar daha ədalətli və əxlaqlı olacaqlar.

M.F.Axundov, N.B.Vəzirov kimi dramaturqlarda qəhrəmanların əxlaqi qüsurları maarifsizliklə əlaqələndirilirdi. Əlbəttə, bu qismən doğru idi. Yaşar göstərirdi ki, M.Ə.Sabir, C.Məmmədquluzadə tənqidi realist idilər, onlar üçün maarifsizlik milli geriliyin səbəblərinin bir hissəsidir. Maarifsizlikdən başqa, insanlarda şəxsi qüsurlar, sosial ziddiyyətlərdən irəli gələn eybəcərliklər də az deyildir. Hətta tənqidi realistlər maarifli adamların da xalqa, ədalətə, humanizmə qarşı çıxmasını qələmə alırdılar. Məsələn, «Molla Nəsrəddin» jurnalı ən savadlı din xadimlərini də tamahkarlığa, çar hökumətinə yaltaqlığa görə tənqid edirdi.

Yaşar Qarayevin elmi irsi onun davamçısı olan alimlər tərəfindən bu gün də inkişaf etdirilir. O, ədəbiyyat elmində təkcə fikircə yox, həm də dil, üslub, lüğət baxımından da yenilikçi olmuşdur.


Ədəbiyyat:

Qarayev Y. Faciə və qəhrəman. B., 1965.

Qarayev Y. Meyar-şəxsiyyətdir. B., 1989.

Qarayev Y. Tarix: Yaxından və uzaqdan. B., 1996.

Əfəndiyev Ə. Yaşar Qarayev (biblioqrafiya), B., 2002.

Əlişanoğlu T. Yaşar Qarayev (şəxsiyyəti və ömür yolu), B., 1996.

Bayramov Q., Y.Qurbanqızı. Y.Qarayev: milli yaddaş təlimi  azərbaycançılıq, B., 2001.

Süleymanova B. Yaşar Qarayev meyarları, B., 2006.





ÜÇÜNCÜ HİSSƏ
SOVETLƏRİN DAĞILMASI DÖVRÜNDƏ ƏDƏBIYYAT

(1982-1991)



I FЯSИL
МÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ ƏDƏBİYYATŞÜNASLIQ VƏ PUBLİSİSTİKADA MİLLİ CƏRƏYAN
Müstəqillik ərəfəsində tarixi şərait
1982-ci ildə SSRİ-nin qocalmış rəhbəri Leonid Brejnev vəfat etdi. Onun əvəzinə ölkə rəhbəri seçilən Konstantin Çernenko da qoca və iş qabiliyyəti olmayan xəstə idi. Qısa vaxtdan sonra K.Çernenko da vəfat etdi. Onun yerinə seçilən Yuri Andropov da qoca və xəstə idi. İki ilə yaxın hakimiyyəti dövründə o, xəstəxanada yaşadı və süni böyrək aparatından uzaqlaşa bilmədi. Y.Andropov xəstə olmasına baxmayaraq, ölkədə siyasi islahatlar keçirməyə təşəbbüs göstərdi. Amma əməldə onun tədbirləri qoca L.Brejnevin vaxtında laxlamış dövlət intizamını gücləndirməkdən uzağa getmədi. Y.Andropovun islahatları irəli getməkdən daha artıq geriyə, İ.Stalin dövrünün dəmir intizamına qayıtmaq niyyəti daşıyırdı. Onun tətbiq etdiyi əsas yenilik kənd təsərrüfatı üzrə Mərkəzi Komitə katibi olan Stavrapol kazakı Mixail Qorbaçovu özünə müavin təyin etməsi idi. Nəticədə M.Qorbaçovun partiya içərisində misilsiz hakimiyyəti yarandı. Y.Andropov hakimiyyətinin iki ili tamam olmamış öləndə, ölkənin siyasi cilovları artıq Mixail Qorbaçovun əlində idi.

SSRİ-nin cavan rəhbəri seçilən M.Qorbaçov ilk bəya­nat­la­rın­da ölkədə siyasi islahatlar aparmağa çağırdı. Y.Andropov kimi onun da aydın bir proqramı yox idi. Ona görə o, öz islahatlarını heç bir mənası olmayan “yenidənqurma” sözü ilə adlandırdı. M.Qor­ba­çov özü savadsız, normal siyasi tərbiyə görməmiş yekəxana bir məmur idi. O, bir siyasətçi kimi SSRİ böyüklükdə dövləti idarə etmək üçün zəruri şəxsi keyfiyyətlərdən məhrum idi. O, qəbul etdiyi siyasi qərarların nəticələrini təsəvvür edə bilmir, bu qərarlar barədə Qərbi Avropa mətbuatında çıxan müsbət rəylərdən xoşlanırdı. Onun SSRİ Xalq Deputatları Qurultayına keçirdiyi seçkilərin nəticələri katastrofik oldu: Qorbaçov bu qurultayı – guya demokratik parlamenti – idarə edə bilmədi və orada baş verən hadisələr, verilən siyasi bəyanatlar ölkədə hakimiyyətin parçalanması və laxlaması ilə nəticələndi.

Bunun ardınca Qorbaçov siyasətini himayə edən demok­ra­tik qüvvələrin hərəkatı olan xalq cəbhələri də parçalandı: Bal­tik­yanı respublikaların deputatları, Gürcüstan və Ermənistan deputatları öz respublikalarının SSRİ tərkibindən çıxmasına tərəfdar oldular. Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları meydana çıxanda aydın oldu ki, M.Qorbaçov və onun şöhrətpərəst və tamahkar arvadı Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verməyi vəd ediblər. Beləliklə, SSRİ-nin dağılmasına həlledici təsir göstərmiş Dağlıq Qarabağ münaqişəsi M.Qorbaçovun şəxsi günahı və siyasi avantürizmi üzündən alovlanmış oldu. Onun yaratdığı yenidənqurma hərəkatlarının respublikalardakı qolları SSRİ-dən çıxmağı tələb etməklə ölkədə siyasi parçalanmanı dərinləşdirdilər. Qorbaçov həm SSRİ-ni qorumaq istəyən mühafizəkarların, həm də millətçi yenidənqurma tərəfdarlarının qəbul etmədiyi bir şəxsə çevrildi. Onun istirahətdə olmasından istifadə edən mühafizəkar Kommunist Partiyasının rəhbərliyi SSRİ-də Fövqəladə Vəziyyət elan edəndə B.Yeltsinin başçılıq etdiyi Ali Sovet özünün SSRİ-dən ayrı suverenliyini elan etdi və faktiki dövlət çevrilişinə cəhd etmiş Kommunist Partiyasının qadağan edilməsi haqqında fərman imzaladı.

Qısa ikihakimiyyətlikdən sonra M.Qorbaçov 1990-cı ilin dekabrında SSRİ Prezidenti postundan istefa verdi və SSRİ dövləti tarix səhnəsindən silindi. Rusiya Federasiyası, Ukrayna və Belorusiya sovet respublikaları Belorusiyada görüşüb SSRİ İttifaqından çıxdıqlarını və bu ittifaqın buraxıldığını elan etdilər.

Bu hadisələr baş verərkən Azərbaycanda dərin siyasi böhran hökm sürürdü: 1982-ci ildə Heydər Əliyev Moskvaya işə aparıldıqdan sonra Azərbaycanda Kamran Bağırov rəhbər seçilmişdi. O rus təhsilli tikinti mühəndisi idi, siyasətlə ciddi maraqlanmırdı. Ermənilərin baş qaldırdığı vaxta qədər onun yumşaqlığı milli ovqatların inkişafı üçün xeyirli idi. Lakin erməni təcavüzü başlanandan sonra onun hərəkətsizliyi, ciddi qərarlar qəbul etməkdən çəkinməsi ölkədə siyasi boşluq, hakimiyyət böhranı yaradırdı. 1989-cu ildə M.Qorbaçov onu gəncliyindən Moskvada işləyən və Azərbaycan mühitindən tamam uzaqlaşmış Əbdürrəhman Vəzirovla əvəz etdi.

1988-ci ilin fevralından Ermənistan Dağlıq Qarabağ ermənilərinin əli ilə Xankəndində siyasi çevriliş etdi və Muxtar Vilayət Bakıya tabe olmaqdan imtina etdi. SSRİ dağılan vaxtda artıq Ermənistanın nəzarətinə keçmiş Dağlıq Qarabağdakı ərazilərdə Azərbaycanlı qalmamışdı. Onların hamısı öz dədə-baba torpaqlarından, doğma yerlərindən qovulmuşdular. Həmin müddətdə Ermənistanda qədimlərdən bəri yaşayan 200 min qərbi azərbaycanlı da Ermənistan ərazisindən çıxarıldı və onların hamısı Azərbaycana gəldi.

1990-cı ilin 17 yanvarına qədər Azərbaycana rəhbərlik edən Ə.Vəzirov müstəqil siyasi xətt yeridə bilmir, ermənilərlə barışıq və kompromis kimi real olmayan şüarlar irəli sürürdü. Ermənistan tərəfi isə belə qeyri-realist siyasətdən istifadə edib Dağlıq Qarabağda möhkəmləndi, öz ordusunu qurdu və fəal sərhəd müharibəsini davam etdirdi. 1990-cı il yanvarın 19-da Sovet Ordu hissələri Bakıda Xalq Cəbhəsi fəallarına qarşı silahlı əməliyyat keçirdi. 170-dən çox günahsız insan gülləbaran nəticəsində şəhid edildi. Azərbaycan televiziyasının enerji bloku partladılaraq televiziya yayımı dayandırıldı. Onun işi bir də qanlı hadisələrdən on gün sonra bərpa edildi. Bunlar Qızıl Ordunun öz vətəndaşlarına qarşı qanlı cinayətlərini gizlətmək məqsədi güdürdü. 1990-cı ilin 26 yanvarında M.Qorbaçov Azərbaycanda Ayaz Mütəllibovun hakimiyyət başına gəlməsini təmin etdi.

Ermənistanda Dağlıq Qarabağ barədə vahid siyasi xətti olduğu halda, Azərbaycanda belə xətt yox idi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi Moskvadan qorxaraq sülhdən dəm vurur, ərazi məsələsi dalğasında siyasi səhnəyə gəlmiş Xalq Cəbhəsi isə sərhəd müharibəsini qızışdırır və müharibədə qələbə çalacağından danışırdı. Bu xətlərin hər ikisi səhv idi və Azərbaycanın müstəqil dövlət kimi dağılmasına aparırdı. Real müharibə getdiyi halda sülh planları qurmaq və Moskvaya bel bağlamaq ağılsızlıq, sadəlövhlük idi. Lakin ermənilərlə sərhəd müharibəsini qızışdırmaq da fəlakətə aparırdı: az-çox siyasətdən xəbəri olanlar bilirdilər ki, Qərb dövlətləri, ABŞ, Rusiya sərhəd müharibəsində Azərbaycanlıların hərbi üstünlüyünə imkan verməyəcəklər. Onlar diplomatik dildə nə deməklərindən asılı olmayaraq, Ermənistanın tərəfində idilər, sülhə çağırmaq adı altında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini himayə edirdilər. Bütün xristian dünyasının gizli və aşkar kollektiv köməyi olmadan Ermənistan Azərbaycanın bir kəndini də heç zaman işğal edə bilməzdi.

Xristian dünyasının Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini himayə etməsi qarşısında xalqımızın bir yolu vardı: xalqın siyasi birliyinə nail olmaq və möhkəm ordu yaradıb torpaqları müdafiə etmək. Bu, Xalq Cəbhəsinin xristian dövlətlərinə satılmış bir dəstə başçısının günahı üzündən mümkün olmadı. Xalq Cəbhəsi hakimiyyəti almağı torpaqlardan üstün saydı və hökumətə müharibə elan etdi ki, tez hakimiyyəti ələ alsın. ABŞ Xalq Cəbhəsini bilərəkdən buna təhrik edirdi. Çünki Bakıda hakimiyyət uğrunda mübarizənin getməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qat-qat asanlaşdırırdı. Nəticədə, Azərbaycanın 20 faiz torpağı Ermənistan ordusu tərəfindən işğal edildi. Ermənilərin bizdən aldığı ərazilər onların müharibədən əvvəlki ərazilərinin yarısına bərabərdir.

1993-cü ilin 3 iyununda Xalq Cəbhəsinin xəyanətkar rejiminə qarşı Milli Orduda və bir çox digər hərbi bölmələrdə kortəbii qiyamlar yarandı. Xəyanətkarların hakimiyyəti iflasa uğradı. Xalqın çağırışları ilə Heydər Əliyev Naxçıvandan təyyarə ilə Bakıya gəlib ölkənin rəhbəri seçildi. Müdrik siyasətçi müstəqil Azərbaycanı dağılmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlətimiz qısa vaxtda möhkəmləndi və müstəqilliyimiz dönməz oldu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikası öz Konstitusiyasını qəbul etdi.



Müstəqillik ərəfəsində

türk tarixi məsələlərinin müzakirəsi
SSRİ-nin dağılma ərəfəsində elm və mətbuatda müzakirə olunan bir çox ədəbi, ictimai-siyasi problemlər təkrar idi. Onlar 20-30-cu illərin mədəni inqilabı ərəfəsində və ondan sonra Azərbaycan ədəbi-ictimai fikrində geniş müzakirə edilmişdi. Erməni aqressivliyi, müsəlman və türk həmrəyliyi, qərbçilik dəyərləri, insan hüquqları, qadın azadlığı, əlifba və s. məsələlər müxtəlif möv­qelərdən geniş müzakirə olunmuşdu. Müstəqillik ərəfəsində sanki mənəvi tarix təkrar olundu.

80-ci illərin ikinci yarısını Azərbaycan ədəbiyyatının müs­təqillik ərəfəsi dövrü kimi səciyyələndirə bilərik. Həmin illərdə milli azadlıq və müstəqillik ideyaları ədəbiyyat və mətbuatda daha qabarıq şəkildə özünü büruzə verirdi.

Azadfikirlilik ən çox elmi ziyalılar arasında qüvvətli idi. Amma həmişə olduğu kimi, elmi mətbuat orqanları möhkəm siyasi nəzarətdə idi və bu meyllərə şübhə və ehtiyatla yanaşır, yeni, partiya prinsiplərinə zidd ideyaları daşıyan əsərləri yaxına buraxmırdılar. Bunun nəticəsində azadfikirli alimlər ən çox ədəbi, pedaqoji mətbuata öz tutur, öz yeni ideyalarını burada populyar formalarda ortaya çıxarırdılar.

Müstəqillik ərəfəsi olan 80-ci illərdə mənəvi və ədəbi-elmi axtarışların əsas istiqaməti Azərbaycan xalqının tarixinə, o cümlədən ədəbiyyat və dil tarixinə, həmçinin folklora bağlı idi. Azərbaycanın müstəqilliyinin ideoloji əsasları tarixçilər və filosoflar tərəfindən deyil, ədəbiyyatçı, dilçi ziyalı və alimlər tərəfindən yaradılırdı. Bu meyllər üç mənbədən gəlirdi.

Bunlardan biri Azərbaycan ədəbi mühitində həmişə olmuş xalqçı folkloristika cərəyanı idi. Bu cərəyan hələ bərpa dövründə vətənpərvər alim Məmməd Cəfər Cəfərov tərəfindən və əsasən onun yaradıcılığında formalaşmışdı. Həmin cərəyan XIX əsrdən bi­zim maarifçiliyin içində və rus inqilabçı demokratlarının xal­q­çı­lıq nəzəriyyəsinin təsiri ilə ayrılmaz şəkildə bağlı idi. Rusiyada bu ədəbi-siyasi cərəyan rus aristokratiyasının ifrat qərbçiliyinə qarşı ya­ran­mışdı. Rus zadəganları XIX əsrin birinci yarısında fransızca ya­zıb oxuyur və rus dilini saymırdılar. Rusiya xalqçıları rusluğu ideal­laşdırır və ona pərəstiş edirdilər. Azərbaycanda bu cərəyan artıq «Əkinçi» qəzetində özünü göstərirdi.

Sovet dövründə bizdə bu cərəyanı A.Şaiq, S.S.Axundov, B.Ço­ban­zadə, S.Mümtaz, S.Vurğun, M.H.Təhmasib, Ə.Dəmir­çi­za­də və başqaları az-çox davam etdirmişlər. Onlar üçün folklor mil­li kökləri öyrənib araşdırmaq və təbliğ etmək vasitəsi idi. Bol-şe­vik məfkurəsinin hegemonluğu şəraitində xalqçılıq – folklor kök­lə­rinə fəal maraq – milli varlığı qorumaq təşəbbüslərindən biri idi.

20-30-cu illərdə bolşeviklər türkologiya elmini öz Mədəni İnqilab konsepsiyalarının tərkib hissəsi kimi himayə edirdilər. Onlar türkologiyanın və onun nümayəndələrinin vasitəsi ilə türk xalqlarını islamla bağlı olan ərəb əlifbasından uzaqlaşdırmağı və bu yolla onların həyat tərzini dağıdıb onları bolşevizmə və dünya pro­letar inqilabı ideyalarına tərəf çəkmək istəyirdilər. Bolşe­vik­lə­rin 1926-cı ildə Bakıda I Türkoloji qurultayı təşkil etməsi də bu niy­yəti güdürdü.

Bolşeviklər üçün türk xalqlarını şərqdən və İslamdan ayır­maq­da böyük, nəhəng maneə vardı: bu, ərəb əlifbası idi. Ərəb əlif­ba­sını latına dəyişmək rus çarizminin şərqdə xarici siyasətinin bir ünsürü idi. Bu ideya M.F.Axundova və digər milli kökü olan ziya­lı­lara rus diplomatiyası vasitəsilə ötürülmüşdü.

Çarizm devrilənə qədər türk xalqlarını ərəb əlifbasından uzaqlaşdırmaq mümkün olmadı. Rus çarları öz xarici siyasətlərini hiyləgər yollarla və zahirən xoşluqla icra edirdilər. Amma bolşeviklər hakimiyyətə gələn kimi türk xalqlarının əlifbasını dəyişmək işindən yapışdılar. Bolşeviklər Rusiya türklərini daha radikal yolla kommunistləşdirmək istəyirdilər. Ona görə türkologiya və bu işlə məşğul olan böyük alimlərin kommunist əqidəsinə sarı çəkilməsinə xüsusi əhəmiyyət verirdilər.

Nəticədə, 20-30-cu illərdə Azərbaycanda nəhayət ki, tür­k­o­loq­lar ordusu yetişdi. Onlar öz işlərini gördülər. Türk xalqlarının əlif­basını dəyişdilər. Sonra isə onlar daha bolşeviklərə lazım de­yil­dilər, çünki türkologiyanın dərinliyində türk qohumluğu və bir­li­yi ideyaları var idi. Bunu anlayan bolşeviklər 1937-1938-ci il­lər­də bütün nüfuzlu türkoloqları güllələdilər.

On il qabaq bolşeviklərin özlərinin himayə etdiyi türko­lo­gi­ya elmi isə 1937-ci ildən sonra, əslində qadağan olundu. Güllə­lən­miş Bəkir Çobanzadə, Salman Mümtaz, Əmin Abid, Hənəfi Zey­nal­lı və digərlərindən sonra türkologiyanın qalıqları Azər­bay­can­da folklorçuluq elmi kimi qalıb yaşadı.

Sovetlərin dağılması ərəfəsində 20-30-cu illərin türkologiya ənənə­si bərpa olunmağa başladı. Çünki saxta sovet ideolo­gi­ya­sı­nın böhranı özünü azsaylı xalqların öz keçmişinə marağı kimi bü­ru­zə verirdi. Bu isə akademik elm şəklində yox, dil və folklor kök­lə­rinə maraq şəklində özünü göstərirdi. Bu maraq Qorbaçov aşkar­lığı şəraitində yaranan müxtəlif folklor dərnəklərində üzə çıxır­dı. Onun əsas nümayəndələri ədəbi mətbuata yaxın olan fil­o­lo­ji tənqidin nümayəndələri və digər ziyalılar idi. Onların sıra­sın­da Mirəli Seyidov, Aydın Məmmədov, Xudu Məmmədov, Xəlil Rza, Sabir Rüstəmxanlı və başqaları var idi. Akademik elmdən on­la­rı Məmməd Cəfər, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə kimi adam­lar himayə edirdilər. Folklor dərnəklərinin fəaliyyəti Azər­bay­can xalqının və dilinin tarixi barədə rəsmi elmi konsepsiyanın şübhə altına alınması kimi elmi ənənəni açıq-aşkar ortaya qoydu. Həm də bu ənənə təkcə Azərbaycanda yox, digər milli res­pub­li­ka­lar­da da yaranırdı.

Burada biz müstəqillik ərəfəsindəki yeni, milli ruhlu elmi idey­aların ikinci mənbəyi məsələsinə gəlib çıxırıq. Bu, ümumittifaq elmi-ədəbi prosesi idi. Bu prosesdə klassik türko­lo­gi­ya­nın 1937-1938-ci il repressiyalarında məhv edilmiş elmi ide­ya­la­rı­nın və nəzəriyyələrinin bərpası gedirdi. Bu prosesdə görkəmli Qa­zax şairi Oljas Süleymenovun 1967-ci ildə Moskvada çap olun­muş «Az i Ya « kitabının, böyük rus alimi L.Qumilyovun qəd­im türk tarixinə dair əsərlərinin böyük rolu oldu.

Üsyankar təbiətli alim və şair O.Süleymenov ixtisasca geo­loq idi, sonradan Moskvada Ali Ədəbiyyat İnstitutunu bitirmişdi. Ən maraqlısı o idi ki, Oljas Süleymenov rusdilli bir qazax şairi idi.

Onun kitabı hələ XIX əsrdə Avropada yaranmış tarixi konsep­siyanı bərpa edirdi. Həmin konsepsiyanın məğzi belədir: Şərqi slavyanların tarixi əraziləri və Kiyev rus dövlətinə qədər bütün hakimiyyət qurumları və feodal dövlətləri tarixən bu ərazilərdə yaşamış türkdilli xalqlarla, bolqar qrupuna aid edilən türk xalqları ilə müştərəkdir.

Bircə kitab SSRİ türkləri arasında milli düşüncəyə və türklük şüuruna misilsiz təsir göstərdi. Yalnız bundan sonra Sovetlər İttifaqında türk xalqlarını Avrasiyada əsas dövlətqurucu xalq kimi təqdim edən L.Qumilyovun «Qədim türklər» və digər kitabları işıq üzü gördü. Bu kitablar köçəri türk xalqlarının V-VI əsrlərdə Sibirdən Qara dənizə qədər ərazini tutan bir dövlət qur­du­ğu­nu göstərdi. Bu əsər Avrasiya ərazisində slavyanların deyil, məhz türk xalqlarının tarixən əsas dövlətçi qüvvə olduğunu və bu ərazidə hegemon etnos olduğunu ortaya qoyurdu.

Avrasiya ərazisinin türklərə məxsusluğu ideyası şərqşü­naslıqda ərəb tarixçilərinə əsaslanan elmi görüşləri alt-üst etdi. Sovet tarixçiliyində balaca sayda olsa da, bu nəzəriyyəni himayə edən elmi məktəb rəsmi status qazandı.

1978-ci ildə rəsmi ümumittifaq elmi jurnalı olan «Sov­etska­ya turkoloqiya» jurnalı fəaliyyətə başladı və redaksiyası Bakıda, Elmlər Akademiyasında özünə yer tapdı. Bu, SSRİ EA-nın rəsmi el­mi nəşri idi. Onun ilk redaktoru akademik Məmmədağa Şir­əl­i­yev təyin olundu. 1937-1938-ci illərdə Azərbaycan türko­loq­la­rı­nın repressiyasının şahidi olmuş bu şəxs, bu sahədəki elmi ənənə­lər­dən uzaq olmağı üstün tuturdu.

SSRİ-də bərpa olunan türklük şüuru Azərbaycanda da sürət­lə yayılırdı. Lakin o zaman Azərbaycanda elmə rəhbərlik edən adam­lar bu görüşlərə düşməncəsinə yanaşırdılar.

Bütün bunlara baxmayaraq, Azərbaycanda da türk xalqla­rı­nın tarixini bizdən əvvəlki eradan qabaqdan başlayan elmi gö­rüş­lər yayılmağa başladı. Lakin bizdə bu mübarizə akademik elmdə yox, ədəbi-bədii jurnallarda öz əksini tapırdı.

1988-ci ilin fevralında ermənilər Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürüb bu məqsəd üçün xüsusi siyasi təş­kilat və maliyyə fondu yaradanda, çoxlarına aydın oldu ki, SSRİ-nin dağılması vaxt məsələsidir. Bu şəraitdə senzura zəiflədi və Azərbaycan tarixinə yenidən baxan məqalə və nəşrlər daha sərbəst ortaya çıxmağa başladılar. Bunların ən qiymətlilərindən biri Elmlər Akademiyasının nəşri kimi meydana gələn «Azər­bay­can filologiyası məsələləri» (1984) adlı ikicildlik məcmuə oldu. Bu­ra­da Azərbaycan tarixini yenidən yazmaq çağırışları açıq-aşkar idi. Külli miqdarda elmi faktlar əsasında sübut edilirdi ki, türk filolo­giyasının tarixi nəinki VII əsrdən qədimə, hətta eramızdan əv­və­lə gedib çıxır.

Bu ikicildlik nəşr o zaman Elmlər Akademiyasında ədəbiy­yat, dil və incəsənət bölməsinin elmi katibi, elmdə xalqçılığın ideo­lo­qu olan akademik Məmməd Cəfərin redaktorluğu və hima­yə­si ilə çıxırdı. Həmin nəşrdə Azərbaycan elmində türkologiyanın ye­ni konsepsiyasını və yeni elmi nəslini təmsil edən bir qrup təzə alim­lər üzə çıxdı.

Onların əksəriyyəti elmi hazırlıq cəhətdən orta səviyyəli idi­lər. Lakin onların müdafiə və inkişaf etdirmək istədikləri tarixi-filoloji konsepsiya doğru və perspektivli idi. SSRİ-nin dağılması nəticəsində meydana gələcək türk respublikalarının dövlətçilik şüurunun əsas cizgiləri bu konsepsiyada yığcam şəkildə əksini tapmışdı. Həmişə olduğu kimi, ideologiyada gedən proseslər real tarixi dəyişiklikləri qabaqlayırdı.

1   ...   30   31   32   33   34   35   36   37   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə