AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə20/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

MƏMMƏD ARAZ

( 1933-2004)
Həyatı və fəaliyyəti. İbrahimov Məmməd İnfil oğlu 1933-cü il oktyabrın 14-də Naxçıvanın gözəl dağlar diyarı olan Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Atası İnfil kişi çoxuşaqlı ailənin başçısı idi. O, 1918-ci ildə erməni-müsəlman qırğınları vaxtı əli silahlı el-obanı müdafiə edən könüllü fəallardan olmuşdur. Ermənilər bunu ona bağışlamamış və 1945-ci ildə onu Qazaxıstana sürgün etmişdilər. Ancaq o, 1955-ci ildə Naxçıvana dönmüş, ölümündən sonra 1993-cü ildə bəraət almışdır.

Gələcək şair 1940-cı ildə öz kəndlərindəki orta məktəbə get­miş, atasının sürgündə olmasına, ailələrinin maddi çətinliklərinə bax­ma­yaraq, orta təhsilini bu məktəbdə uğurla başa vurmuşdur.

Məmməd 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitu­tu­nun Coğrafiya fakültəsinə daxil olmuşdur. Həmin vaxt Bakı mü­hitində milli ovqatların baş qaldırdığı dövr idi. Xalqın İranda fa­ciəli şəkildə məğlub olan S.C.Pişəvərinin Milli Hökuməti, öz mil­li varlığı, ana dili, mədəniyyəti uğrunda mübarizələri, Milli Hö­ku­mətin fəaliyyəti Bakının ziyalı dairələrinə, ədəbi gəncliyə, tələbələrə də dərin təsir buraxmışdı.

Bu ovqatlar mətbuatda yox idi, çünki bolşevik senzurası güclü idi. Amma ədəbi mühitdə, tələbə dərnəklərində bu məsələlər açıq müzakirə olunurdu. Məmməd Araz coğrafiya fakültəsində oxumasına baxmayaraq, İsmayıl Şıxlının APİ-də təşkil etdiyi ədəbiyyat dərnəyinə üzv olmuş, 1952-ci ildən fəal şəkildə ədəbi mühitə daxil olmuşdu.

1953-cü ildə böyük Xalq şairi Səməd Vurğun və Əli Və­li­yev onların dərnəyinin qonağı olur, cavan ədəbiyyat həvəskarları ilə görüşürlər. Burada çıxış edən Məmməd İbrahimov diqqəti cəlb edir. Həmin ildə gənc şairin “Yanın işıqlarım” adlı ilk mətbu şeiri “İnqilab və mədəniyyət” jurnalında dərc edilir.

1954-cü ildə Məmməd İbrahimov institutu bitirəndə artıq ədəbi dərnəklərdə tanınan cavan şair idi. O, buraxılış gecəsində “Ayrılıq” adlı şerini də oxumuşdu. Müəllim diplomunu alan gənc şair doğma kəndinə qayıdıb coğrafiya müəllimi işləyir və 1955-56-cı illərdə Nursuda yaşayıb yaradır.

Bu illərdə onun ədəbi zövqü formalaşmışdı. Məmməd özünü Səməd Vurğunun vətənçi ədəbi məktəbinə aid edir, hətta öz şeir müəllimi haqqında bir sıra şeirlər də yazmışdı.

Təyinatı üzrə öz kəndində işləyib yaşadığı illərdə də onun ürəyi Bakıda, ədəbi mühitdə idi. Stalinizmin ifşası, XX qurultayın sənədləri demokratik və milli ruhlu ziyalılarda böyük ümidlər yaratmışdı. Bu ümidlər cavan şair Məmməd İbrahimovda də vardı və o, gələcəyə nikbinliklə baxırdı. Bakıda onun Əli Vəliyev kimi dayağı vardı. Çünki şairin atası İnfil kişinin nəsli də Əli Vəliyevin doğulduğu Zəngəzurun Ağdü kəndindən idi.

Bakıda inqilabdan qabaq burada yaşayan zəngəzurlular da vardı. Ona görə də Bakıya gələndən sonra Məmməd sahibsiz qalmadı, onu Nazirlər Kabineti yanında Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə düzəltdilər. Şifahi danışıqda bu idarəyə Qlavlit də deyirdilər.

1957-ci il şair üçün uğurlu oldu. O, Əli Vəliyevin himayəsi ilə Yazıçılar Birliyinə üzv qəbul edildi, “Üç oğul anası” adlı poe­masını başa çatdırdı. Əsərin qəhrəmanının prototipi onun öz anası idi.

1958-ci ildə şair Məlikməmmədova Gülxanım Fətəli qızı ilə ailə həyatı qurur və sonralar onun Şəlalə və İradə adlı iki övladı dünyaya gəlir.

Həmin illərdə Yazıçılar İttifaqının bütün qapıları şairin üzü­nə açılmışdı. İttifaqın təqdimatı ilə Məmməd İbrahim 1959-cu ildə Moskvada SSRİ Yazıçılar İttifaqının Ali Ədəbiyyat Kurs­la­rı­na qəbul edildi və həmin ildə iyirmi altı yaşında Azərnəşrdə “Sev­gi nəğməsi” adlı ilk kitabı çıxdı.

Moskva mühiti şairin ədəbi təhsilinə çox faydalı oldu. Bu­ra­da o, dünya, rus və Azərbaycan klassiklərini mütaliə etmək im­ka­nı əldə etdi. Şairin yaşadığı 1959-1961-ci illər Moskvası fikir azad­lığı, yeni, azad, təmiz bir ədəbiyyat ümidləri ilə inkişaf edirdi. 1961-ci ildə Bakıya qayıdan şair “Maarif” nəşriyyatında redaktor vəzifəsinə işə düzəldi və həmin ildə onun “Üç oğul anası” adlı ikinci kitabı çap olundu.

1960-cı illərin əvvəllərindən Məmməd Araz böyük şair Bəx­ti­yar Vahabzadənin başçılıq etdiyi milli ruhlu şairlər qrupun­da əsas simalardan biri kimi möhkəmləndi. Şairin əsas mövzuları və­tən, onun var­lığı, gözəlliyi, onun adamları və qədim adət-ənənəsi idi. Bu qrupa Xə­lil Rza, Söhrab Tahir, Musa Yaqub, Sa­bir Rüstəmxanlı və baş­qa­la­rı daxil edilər. Onlar Səməd Vurğun poeziyasının vətənçilik ideal­la­rı­na söykənir, onun dilindən, üslubundan, milli zəminə münasibətindən öy­rənirdilər. Şair 1962-ci ildə böyük Mirzə Ələkbər Sabirin 100 illik yubileyi qeyd olunanda ona “Mən də insan oldum” adlı poemasını həsr etdi. Bu başlıq Sabirin fəhlə haqqında şeirindəki məşhur:



Fəhlə, özünü sən də bir insanmı sanırsan?

Axmaq kişi, insanlığı asanmı sanırsan? -

bey­tinə cavab idi. Sabirin bu yubileyi stalinizmin ifşasından sonra Bakı mühitində bir bayram kimi keçirildi. Ələkbər Sabirin həm­və­tən­lə­ri­ni qeyrətə, maarifə, müasirliyə çağıran şüarları hələ də aktuallığını sax­la­yırdı.

1963-cü ildə Məmməd Araz Azərnəşrə şöbə müdiri vəzifəsinə gə­ti­rilir. Bu onun maddi dolanışığına, kitablarının ardıcıl olaraq dövlət plan­la­rına salınmasına kömək edir. 1960-1970-ci illər arasında şairin altı kitabı çap olunur. Halbuki, onun yaşıdları ancaq dörd ildə bir dəfə dövlət nəşr planlarına düşə bilirdilər.

1965-ci ildə şair anası Cahan xanımı itirir. Növbəti 1966-cı ildə çı­xan kitabını ona həsr edir və “Anamdan yadigar nəğmələr” a­dl­an­dı­rır. Bu kitabdakı şeirlərin əksəriyyəti el-ocaq mövzusunun davamı idi.

1967-ci ildə Moskvanın qərarı ilə cavan ədiblər üçün “Ulduz” jurnalı təsis olundu. Gənclərlə qocaların rəqabəti çox yerdə çap imkanları uğrunda mübarizədən doğurdu. Məmməd Araz bu jurnalın bir­inci nömrəsindən onun məsul katibi oldu. Üç il jurnalda çalışdıqdan son­ra 1970-ci ildə onu ”Ədəbiyyat və incəsənət” qəzetinə baş re­dak­torun müavini vəzifəsinə irəli çəkdilər. Lakin o, qəzetdə iki ildən də az çalışdı. Ədəbi mühitdəki demokratikləşmə meylləri, milli dəyərlərin mət­buata çıxarılması və təbliği mühafizəkarların qəddar müqa­vi­mə­ti-nə rast gəlirdi. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi mü­na­sibəti ilə hazırladığı səhifəyə görə şairi tutduğu vəzifədən azad et­di­lər. Bu qərarın dalında hələ 1920-ci illərdən Nərimanovçuluğu mil­lətçilik sayan, bu barədə Moskvaya ardıcıl donoslar yazan müha­fi­zə­kar­lar, ermənilərə havadarlıq edən satqınlar dururdular.

Lakin Məmməd Arazı sevən, onun yüksəlişini arzu edən in­san­lar 1973-cü ildə onu Azərnəşrin baş redaktorunun müavini vəzifəsinə tə­yin etdilər. Nəhayət, 1974-cü ildə “Azərbaycan təbiəti” adlı jurnal tə­sis edildi və Məmməd Araz onun baş redaktoru oldu. Şair ömrünün sonu­na qədər bu jurnalda çalışdı.

Jurnalda çalışmaq şairin maddi müstəqilliyi üçün də faydalı ol­du. Digər tərəfdən, burada onun sərbəst vaxtı meydana çıxdı, bədii yara­dıcılığa daha artıq vaxt və diqqət sərf etmək imkanı qazandı. 1970-ci illərin ortalarından bəri şair ədəbi həyatda daha fəal iştirak edir, xarici səfərlərdə olur, publisistika ilə məşğul olmağa başlayır. 1975-ci ildə şairin ilk publisistik kitabı “Həyatın və sözün rəngləri” adı ilə işıq üzü gördü. Şairin publisist qələmində də bir narahat və­tən­daş ürəyi döyünürdü.

1980-ci illər Məmməd Arazın sənətkarlıq baxımından ən yetkin və məhsuldar yaradıcılıq dövrüdür. Bu zaman o, artıq müdriklik yaşı olan əlli yaşa çatmışdı. Şair öz əlli illik yubileyini dövrün ədəbi hadisəsinə çevrilən “Dünya sənin, dünya mənim” (1983) kitabı ilə qeyd etdi. Oktyabr ayında yubileyi münasibəti ilə ona Əməkdar incəsənət xadimi adı verildi. Şair 1988-ci ildə jurnallarda çap olunmuş silsilə şeirlərinə görə Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görüldü. Bu, SSRİ-nin dağılması ərəfəsi idi, ədəbi yaradıcılıqda, mətbuatda nisbi sərbəstlik yaranmış, milli ruhlu yaradıcı ziyalıların fəaliyyət meydanı genişlənmişdi. Məmməd Araz da onlardan biri idi. Sovet dövlətinin dağılması fakta çevriləndən sonra 1991-ci ildə şairə Xalq şairi fəxri adı verildi.

Məmməd Araz uzun illər parkinson xəstəliyindən əziyyət çəkirdi. İllər keçdikcə, bu xəstəlik ağırlaşır və şairin rahat yaşayıb yaratmasına maneçilik törədirdi. Sağalmaz sayılan bu xəstəliyin müalicəsi onun ancaq ağırlaşmasının qarşısını alırdı. Lakin Məmməd Araz möhkəm iradəli bir insan idi, xəstəliyinin ən ağır vaxtlarında belə, ədəbi və ictimai fəaliyyətini ağrılar hesabına olsa da, davam etdirirdi. Həyat yoldaşı Gülxanım Məlik­məm­mə­dova ömrünün sonuna qədər sədaqətlə ərinə xidmət etdi, onun ən yaxın köməkçisi oldu. Şair isə heç nəyə baxmadan qələmini yerə qoymur, Qarabağda gedən müharibə haqqında şeirlər və məqalələr yazır, milli ordunun döyüşçülərinə dayaq olmağa çalışır, hətta onlarla görüşlərə gedirdi.

Müstəqillik illərində Məmməd Araza hər cür qayğı gös­tər­i­lir­di. Pre­zident Heydər Əliyev şair Məmməd Arazın poeziyasının və şəx­siy­yə­tinin pərəstişkarı idi. 1993-cü ildə şairin altmış illik yubileyi döv­lət səviyyəsində xüsusi qayğı ilə geniş qeyd olundu. 1995-ci ildə Hey­dər Əliyevin Fərmanı ilə Məmməd Araza “İstiqlal” ordeni verildi.

Məmməd Araz 2004-cü ilin dekabrında Bakıda 71 yaşında və­fat etdi. Onun məzarı Fəxri Xiyabandadır.

Yaradıcılığı. Məmməd Arazın yaradıcılığı istiqlalçı, vətənçi ədə­biy­yatımızın qiymətli bir hissəsidir. Şair əvvəllər Məmməd İbra­hi­mov, sonra Məmməd İbrahim imzası ilə yazmışdır. Onun sonradan “Araz” təxəllüsü götürməsi də təsadüfi deyildi. O tayda yaşayan qar­daş­la­rımızın taleyi, xalqımızın bütövlüyü idealları onun poeziyasının əsas mövzularından biridir.

Məmməd Araz yarım əsrlik zəngin yaradıcılıq yolu keçmişdir. Bu yaradıcılığı üç mərhələyə bölmək olar.

Birinci mərhələ 1950-1974-cü illəri əhatə edir. Bu, şairin ədəbi mühitdə tanınma və nikbinlik illəri idi. Bu illərdə şair ümumittifaq ədəbi prosesini, rus poeziyasını və onun dəbdə olan mövzularını izləyir, bu mövzuları qələmə almağa çalışırdı. Təbii ki, bu mərhələdə şairin poetik deyim tərzi, öz təhkiyə tərzi formalaşırdı. Şair poetik dil sahəsində xüsusi cəsarəti ilə seçilirdi. Lakin bu illərdə onun qafiyəsiz şeirləri də vardı. Düzdür, bu şeirlərdə şairin özünə xas, gözlənilməz düşüncə tərzi bariz hiss edilirdi, amma mövzu cəhətdən şair öz həqiqi simasını hələ axtarırdı. Bu mərhələdə çoxlu vətənçi şeirlər yazmasına baxmayaraq, onun eksperimental şeirləri də az deyildi.

“Ədəbiyyat və incəsənət” qəzetində redaktor müavini və­zi­fə­sindən çıxarılana qədər onun həyatı uğurla davam edirdi. Amma qə­zetdə milli ideyalara görə ona dəyən zərbə şairin daxili alə­min­də dərin izlər buraxdı. O, insanların, sovet cəmiyyətinin, Kom­mu­nist Partiyasının sərt üzünü gördü, qorxdu və sarsıldı. İrəlidə hələ onu çətin imtahanlar və mübarizələr gözləyirdi. Yaradıcılığının bu mər­hə­ləsini nəzərdə tutaraq şair hələ sovet rejiminin möhkəm ol­duğu 1982-ci ilin sentyabrında “Haqqın yoxdu, haqqın var” adlı şeir yazmışdı. Həmin əsər şairin yaradıcılığının ikinci mər­hə­lə­si­nin manifesti sayıla bilər. Bu şeirdə şair və şəxsiyyət Məmməd Araz üz-üzədir. Şair vətəndaş Məm­məd Arazı amansız tənqid edir. Burada ədib sözügedən dövrü “ağıl­dan qəlbə gedən yolun bağ­lı” olduğu mərhələ kimi səciyyələndirir, so­vet ideologiyasına xid­mətlərini və güzəştlərini isə, ilanı tumarlamaq ki­mi obraz­laş­dı­rır:


Çox oldu ürəyimin diktəsinə baxmadın,

İlğımlar qova-qova, yulğunlar qucaqladın,

Sən ağlından qəlbinə gedən yolu bağladın.

Haqqın yox, Məmməd Araz,

Haqqın yox, Məmməd Araz!

Boğazına sarılan ilanı tumarladın,

Qazancın bu oldu ki, mülayim oldu adın.

Haqq yolu göstərdiyin, haqqını qamarladı,

Haqqın yox, Məmməd Araz,

Haqqın yox yaşamağa!

Şair sovet ideologiya maşınını yulğun adlı ilana bənzədir və ona xidmət etdiyi illərə görə dərindən təsirlənir, ətrafdakı qarğaların, qırğıların - sifətsiz ideologiya keşikçilərinin hələ də sağ olduğunu kədərlə xatırlayır. Bu, doğrudan da belə idi, Kom­mu­nist Partiyasının, onun cılız məmurlarının qılıncının dalı da, qabağı da kəsirdi hələ. Məmməd Araz bunu başa düşsə də, daha sovetlərin yalan və riya maşınına qulluq edə bilmir, buna görə şeirdə özünü mühakimə edir və bəraətin bir güllədən, intihardan ibarət olduğunu - “güllə boyda qurğuşuna əl uzat” - deyir:


Şəkərini zəhərə alanların çoxu sağ,

Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.

İydə dənəsi boyda qurğuşuna əl uzat...

Bu haqdı, Məmməd Araz,

Haqqın yox yaşamağa!
Beləliklə, şair şəxsiyyət Məmməd Arazı mühakimə edib qə­rar ve­rir: əvvəlki kimi yaşamaq və yazmaq haqqı yoxdur, ondansa öl­mək, in­ti-har haqqı vardır. Burada bir maksimalizm var, lakin bu, ədalətli şai­rin, sovet ədəbi riyakarlığından üzü dönmüş şairin maksi­maliz­mi­dir.

Redaktor müavinliyindən çıxarılmaqla şairə dəyən qəfil və göz­lə­nilməz mənəvi zərbə onun içini dəyişdi. O, həyatın mü­rəkkəbliyi, qəri­bəliyi, bəzən məntiqsizliyi barədə düşünməyə başladı. Bu yeni ov­qat onun yaradıcılığının ikinci mərhələsinə yol açdı. Məmməd Araz gö­zəl fəlsəfi lirika nümunələri yaratmağa başladı, onun bədii obrazları mü­rəkkəb və çoxmənalı oldu:


Tarix əlifbası daşdan başlanır,

Əl dəydi, yumşalır, göyərir indi.

Başdı - daş olubdu, daşdı - baş olub

Bunları seçmək də hünərdi indi.
O, şair, tərcüməsi, publisist, jurnalist, fəal ictimai xadim idi. O, daim qələm dostları Xəlil Rza, Söhrab Tahir, Sabir Rüs­təm­xan­lı ilə çiyin-çiyinə Azərbaycanı qarış-qarış gəzmiş, ali və orta mək­təblərdə, mu­zey və kitabxanalarda oxucularla görüşmüş, vətən və ocaq haq­qın­da şeirlər oxumaqla yeni nəsli istiqlal ide­ya­la­rına bağlamağa ça­lış­mış­dır. Şairin şeirlərindəki torpaq, daş, ocaq kimi obrazlar, əslində onun üçün vətən anlayışının sino­nim­ləri idi:
Çırpısı tətikdə, odunu dəmdə,

Səhərin gözündən od alıb ocaq.

Yanır aram-aram, odu sinəmdə,

Sonra kim söndürüb, kim yandıracaq?

Ocaq çırtıldayır, közü dərində,

Axıdır gözünün yaşını çırpı.

Alovlar hay salıb öz dillərində,

Özünü o daşa, bu daşa çırpır.
Poeziyamızın 1960-80-ci illər mərhələsində Məmməd Araz milli azadlıq ruhlu cərəyanın fəal nümayəndələrindən biri idi. O, qüv­vətli vətəndaşlıq ruhu olan bir şairdir. Onun yaradıcılığında və­tən­pər­vər şeirin pafosu və üslubu dəyişikliyə uğrayır, sərt, pub­lisis­tik ruh da­ha zərif lirik çalarlarda, sadə obrazlarda meydana çıxırdı.

Məmməd Araz bənzərsiz bir sənətkar, böyük şairlərimiz M.Ə.Sabir, S.Vurğun, B.Vahabzadə tərəfindən davam etdirilmiş və­tən­çilik poeziyasının fikir və əqidə ənənələrinin davamçısıdır. Tə­sa­düfi deyildir ki, Azərbaycanın Qarabağ torpaqları uğrunda dö­yüşlər baş­la­yanda şair bir silsilə səfərbərlik və cəngi ruhlu, hərbi marş xarak­ter­li şeirlər yazdı. Bu mövzular onun şair ilha­mı­nın mayası, torpağa məh­əbbəti ilə əlaqəli idi və əvvəlki illərdə qə­lə­mə aldığı bir sıra ən qiy­mətli əsərlərinin davamı kimi səsləndi. “Azər­baycan-dünyam mə­nim”, “Bizi Vətən çağırır”, “Ayağa dur, Azər­baycan” kimi şeirlər bu qə­bildəndir:



Azərbaycan - mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər,

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Məmməd Araz yaradıcılığında məxsusi bir vətən obrazı yara­dı­lıb. Bu obraz onun “İsti ocaqlar” silsiləsindən olan şeir­lə­rin­də daha par­laq əksini tapıb. Şair üçün Azərbaycan, ilk növbədə onun ata ocağı, kən­di, bu kəndi əhatə edən dağlardır. “İnsan-qa­ya­lar”, “Bu yerlər, o yer­­lər”, “Qanadlı qayalar”, “Duman ömrü”, “Azər­baycan-dünyam mə­nim”, “Ata ocağı”, “Anamdan yadigar nəğ­mələr” silsiləsi bu qəbil­dən­dir. Bu nümunələrdə şairin vətəni, və­tən anlayışı təbiətdən ayrıl­maz­dır, hətta onun vətən hissiy­ya­tı­nın əsasıdır. Ona görə şairin təbiət haq­qında hər bir şeiri Azər­bay­can, onun varlığı, özəlliyi haqqında nəğ­mə kimi oxunur.



Müəllifin əsərlərində təbiət obrazı çox zaman insaniləşir, poe­tik sö­zün bir şəklinə çevrilir. Dağ və qaya obrazları bu baxım­dan onun poe­zi­yası üçün çox səciyyəvidir. Şair “İnsan-qayalar” şei­rində xalqın qəh­rə­manlıq ənənələrini, onun öz azadlıq arzuları, şə­rəfi uğrunda döyüş­məsi və igidlikləri mövzusunu qaya obra­zında əyaniləşdirir:

Bu torpağın taleyində o da elə bir gün idi,

İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Cənub mövzusu. Ədibin bu mövzuya həsr edilmiş bir sıra şeir­ləri vardır. Onun ən mənalı əsərlərindən olan “Araz axır” poe­ması qiymətli əsər olmaqla yanaşı, o dövr poeziyasının nailiy­yə­ti idi. Şair cənub mövzusunu 1960-cı illərdə mənimsəmişdi, ona gö­rə də bu barədə yaza, düşünə və yazdıqlarını ortaya çıxara bilir­di. O zaman bunu hər şeir, hər mətbuat adamı bacarmırdı. O dövr­də Məmməd Araz Molla Pənah Vaqifin yubileyinə dəvət olunmuş Şəh­riyarın Azərbaycana buraxılmaması barədə xüsusi şeir yazdı və onu “Şəhriyar gəlmədi” adlandırdı. Bu əsərdə şair baş tut­ma­yan səfərə görə, Azərbaycan dahisinin Bakını görməyinə ma­ne­çilik törətdiyinə görə həm sovet, həm də İran rəsmilərini ifşa edir, onların xalqın birliyindən oddan qorxan kimi qorxduğunu göstərir:
Şəhriyar gəlmədi, bu həqiqətdi,

İnandıq, inandıq istəməsək də,

Həsrətlər boynunu birdən dikəltdi,

Qaçdı ayaqyalın daşla, kəsəklə,

Həsrətlər Araza yolunu burdu,

Həsrətlər sərhəddə üz-üzə durdu.
Ədibin “Oxuyan Təbriz” şeiri cənubda 1941-1946-cı illərin milli hərəkatının fəallarından biri şair-aşıq Hüseyn Cavana həsr edil­mişdir. Şair onunla İstisu yaylaqlarında görüşmüş və sazına, sə­sinə qulaq asmışdır. Məmməd Araz bu saz səsində bütün Cə­nu­bi Azər­baycanın azadlıq və müstəqillik harayını, sabaha ümid­lə­ri­ni eşitmişdi. Bu şeirdə şairin bədii ümumiləşdirmə qüdrəti, xalqın ta­leyi barədə düşün­mək cəsarəti oxucunu valeh edir:
Təbriz ağlayırdı dedim...

Nə dedim?

Ağlayan bir sazın telinə dedim,

Sarı yamacların selinə dedim.

Ağlamaz saz yurdu dağlar başında,

Təbriz oxuyurdu dağlar başında!
Sovet dövründə cənub mövzusu qadağa altında idi. Ona gö­rə Məmməd Araz da çoxları kimi bu mövzuya müraciət edəndə rəmz­lərdən, simvollardan, sadə obrazlardan istifadə edirdi. 1968-ci ildə qələmə alınmış “Arazın işıqları” şeiri də bu qəbildəndir. Poe­ziyada ən mürəkkəb və çoxmənalı obrazlardan olan işıq ob­ra­zı­nı burada müəllif xalqın gələcək birliyinin rəmzi kimi verir. Qaran­lıq deyəndə isə xalqın varlığını danan, onun dilini dustaq edən, iki qardaş arasında tikanlı sərhəd məftilləri çəkən İran şov­i­nist­lərini, şah istibdad quruluşunu nəzərdə tutur. Şeirdə dözüm rəm­zi olan arıq dəvə obrazı da var. Bu dəvə tikanlı məftillərin yaxınlığındadır: bu, xalqımızın mübarizə əzmini, yorulmazlığını, azadlıq ideyalarından dönməzliyini əks etdirən bir rəmzdir. Şair onu dəmir tikan qırmağı öyrənməyə çağırır. Bu isə rəmzi olaraq azadlıq mübarizəsinə çağırış idi:
Deyirəm ki, asta yeri,

Dəvə qardaş, asta yeri!

Dağıdarsan nur yükünü

yortsan əgər.

Aclığın var? Boynunu bir çölə döndər,

Dəmir tikan qırmaq öyrən!

Dəmir tikan!
Bu, adi bir rəmzi obraz vasitəsilə xalqın birliyi, gələcəyi uğ­run­da mübarizə çağırışı, sərhəd məftillərinin aradan götü­rül­mə­si­nə çağırış idi. Belə nümunələr ədəbi gəncliyə, böyüyən nəslin mil­li ruhda tərbiyəsinə misilsiz təsir göstərirdi. Məmməd Araz üçün bu, ideal idi.

Poemaları. Məmməd Araz bir sıra lirik poemaların müəl­li­fi­dir. Bu poemalarda əsasən onun lirikasındakı mövzulara - xalqın mil­li var­lığı, cənub dərdi, uşaqlıq payına düşmüş Böyük Vətən Mü­haribəsinin əzabları, xalqımızın böyük söz adamlarının hünəri ki­mi əsas prob­lem­lə­rə toxunulur. “Üç oğul anası”, “Araz axır”, “Əsgər qəbri haqqında bal­la­da”, “Qayalara yazılan səs”, “Atamın kitabı”, ”Mən də insan ol­dum” kimi poemalar şairi ömrü boyu düşündürmüş ciddi problemlərə həsr edilmişdir.

Sovetlər İttifaqı tərkibində Azərbaycan Respublikasının bir sıra hü­quqları kağız üstündə idi. Mətbuatda ağır senzura hökm sürür, ana dili­nin işlədilməsinə sərt məhdudiyyətlər qoyulmuşdu. Şairin hələ 1962-ci ildə qələmə aldığı və M.Ə.Sabirin yubileyi münasibəti ilə ya­zı­lan “Mən də insan oldum” poeması bu barədə idi. Şair Sabirin ənənə­lə­rindən, mövzularından ustalıqla istifadə edərək sovet Azər­bay­ca­nındakı ciddi problemlərdən söz açırdı. Sabirin zəmanəsinə aid olan aşağıdakı problemlər Sovet Azərbaycanına da aid idi. Şair vətəndaş cəsarəti ilə yazırdı:


Mənə ana dilli millət gərəkdi,

Dövləti özümün dövlət gərəkdi.

Üstündə öz adım - bayraq istədim,

Məhsulu özümün torpaq istədim.

Azad səs, azad söz, gülüş gərəkdi,

Bir sözlə, bir sözlə dönüş gərəkdi!
Şair M.Ə.Sabirin məslək qardaşı olan Mirzə Cəlildən də təsirlən­mişdir. O, “Atamın kitabı” poemasını böyük maarifçi ədibimi­zin “Anamın kitabı”ndan təsirlənərək yazmışdır. Poemanın əsas möv­zu­su Azərbaycanın milli varlığı, milli simasıdır. Şair bu simanı kitab­lar­da və fəlsəfələrdə yox, sadə bir kəndli olan atasının həyat tərzində, onun ocağında və həyat tərzində tapır. Bu baxımdan poema şairin yurd-ocaq mövzusunda olan lirik şeirləri ilə səsləşir.

“Atamın kitabı” üslub baxımından da Məmməd Arazın ən yaxşı şeir­lə­rindəndir. Burada o, epik elementlərdən, xalq şeirinin yığcam və oy­naq formalarından ustalıqla istifadə etmişdir. Müəllif atasını belə orijinal sətirlərlə tərənnüm edir:


Dağlara qar ələndi,

El yolu qaralandı,

Əllərin - od paylayan

Gözlərin qor alandı.
Şairin “Üç oğul anası”, “Araz axır”, “Paslı qılınc”, “Əsgər qəb­ri haq­qında ballada”, “Qayalara yazılan səs” kimi poemaları ey­ni bir möv­zunun - vətən və onun taleyi mövzusunun fraq­ment­lə­ri təsirini bağış­layır. Bu əsərlərdə lirik başlanğıc aparıcıdır. “Paslı qılınc” poe­ma­sı gəncliyi ata-babalarımızın igidlik ənənə­lə­ri­nə sadiq olmağa, xalqı­mızın azadlığı, torpaqlarımızın toxu­nul­maz­lığı uğrunda mübari­zə­lərə səsləyir.

Şair 1960-70-ci illərdə uzaqgörənliklə duyurdu ki, xalqımız öz azad­lıq qılıncını sıyırıb mənfur ermənilərin işğal etdiyi tor­paq-la­rı­mız uğrun­da mübarizəyə qalxmalı olacaqdır.



Tərcümələri. Məmməd Araz ömrü boyu tərcümələr etmiş və bu sənəti şairi həmişə işlək vəziyyətdə saxlayan bir vasitə kimi qiy­mətlən­dirmişdir. Sergey Mixalkovun “Foma” (1964), Mixail Svet­lo-vun “Şeirlər” (1975), N.Nekrasovun “Rus qa­dın­la­rı” (1988) əsərlərinin Məmməd Araz tərəfindən müxtəlif illərdə tər­cü­mə edilərək dövrü mətbuatda çap edilmiş nümunələrindən ibarət “Ocaq başında” (1988) kitabı böyük yaradıcılıq zəhmətinin, sözə məhəbbətin bəh­rə­si­dir. Ədib rus şairi Mixail Lermontovun “Də­niz qulduru”, Rabindranat Ta­qorun “Təbiətin intiqamı” əsər­lərini də dilimizə çevirmişdir.

Məmməd Araz qabarıq yaradıcılıq fərdiyyəti, deyim tərzi, üslu­bu olan bir şairdir. Onun heç kəsə bənzəməyən şeir dili canlı xalq dili­nə, daha çox doğulub boya-başa çatdığı dağlarda yaşayan insanların söz və ifadələrinə əsaslanır. O, bir sənətkar kimi xalq dilinin məntiqinə ina­nır və ondan faydalanırdı. Şair ana vətən, ana torpaq haqqında danı­şanda yeni obraz və ifadələr axtarır, vətənçi poeziya sırasında olsa da, öz yolu ilə getməyə çalışırdı.

Məmməd Arazın poeziyası, onun lirik deyim tərzi, şeir dili müasir şeirimizin orijinal hadisələrindən biridir.
Ədəbiyyat:
Həbibbəyli İ. Xalq şairi Məmməd Araz, B., 1999.

Yusifli V. Məmməd Araz dünyası, B., 1995.

Millilik və bəşərilik. Məqalələr məcmuəsi, B., 1993.

MUSA YAQUB

1   ...   16   17   18   19   20   21   22   23   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə