AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə19/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

1960-1970-ci illərdə poeziya
Stalinizm dövründə poeziya xüsusilə qeyri-bədii və siyasiləşmiş bir ədəbi sahəyə çevrilmişdi. Stalini mədh etmək, partiyaya yararlanmaq, sovet bayramlarını alqışlamaq, qeyri-səmimi şəkildə sovet həyatını tərifləmək poeziyanın bədii səviyyəsini aşağı salmışdı. Şairlik bir növ siyasi yaltaqlıq və sax­tak­arlıq sinoniminə çevrilmişdi. Bu vəziyyətdə yazarlardan çox, döv­lətin günahı var idi. Lenini, Stalini, kommunist partiyasını və eybəcərliklərlə dolu olan sovet həyatını tərifləyənlərə böyük mükafatlar, maddi təminat və siyasi rütbələr verilirdi.

Poeziyada altmışıncı illər ab-havasından ən çox Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Əliağa Vahid kimi təmiz, istedadlı, əqidəli, vətənpərvər şairlər istifadə etdilər. Onların yeni ruhlu, yüksək bədii keyfiyyəti ilə seçilən poeziyası xalqımızın ədəbi xəzinəsini zənginləşdirməyə başladı. Dövrün ruhunu ifadə edən B.Vahabzadə 1966-cı ildə «Təzadlar» poemasında yazırdı:


Azadlıq - səhər.

Bu səhər arzusu ölə bilərmi?

Məhkum xalqlar üçün azadlıq qədər

Böyük bir səadət ola bilərmi?

İdrak da boğulur, söz də, sənət də,

Ağıl kilidlənir dildə, dodaqda.

Azadlıq olmayan bir məmləkətdə

Nadan başda gəzir, aqil ayaqda…
Altmışıncı illər ab-havasında Bəxtiyar Vahabzadə dövrün əsas və aparıcı şairi kimi «Gülüstan» poemasında Azərbaycan xalqının azad və müstəqil dövlət olmaq arzularını yenidən ədəbiyyatın gündəliyinə gətirdi. Bununla o, M.Ə. Sabirdəki milli qeyrətin, Səməd Vurğunun azərbaycançılığının davamçısı kimi çıxış etdi. B.Vahabzadə xalqımızın milli azadlıq arzularının böyük tərənnümçüsü oldu. Onun təsiri ilə vətən və onun taleyi mövzusu müasir poeziyamızda geniş yer tutdu, şairin Xəlil Rza, Məmməd Araz, Sabir Rüstəmxanlı kimi ardıcılları ərsəyə gəldi.

Xalqın böyük məhəbbət bəslədiyi Əliağa Vahid de­mokratik­ləşmə dalğasında sanballı «Qəzəllər»(1964) kitabını çap etdirdi. Qəzəl janrını müasir şeir dilinə uyğunlaşdırmaqda böyük xidmətləri olan bu şair Cənubi Azərbaycanda da sevilirdi. Onun əruzun milliləşməsində, sadələşməsində böyük xidmətləri var idi. Klassik qəzəlçiliyi davam etdirən Vahid vətənpərvər, səmimi və məntiqli qəzəlləri ilə böyük şöhrət qazansa da, o, rəsmi ədəbiyyat çinovnikləri, yuxarılara yaltaqlanmaqla rütbələrə çatan bəzi istedadsızlar tərəfindən gözdən salınırdı.

1960-70-ci illərdə sadə, səmimi və həqiqi lirika Nəbi Xəzri, Hüseyn Arif, Hüseyn Kürdoğlu, Cabir Novruz kimi şairlərin yaradıcılığında aparıcı idi. Onların arxasınca gələn cavan şairlər də təmiz, siyasətsiz, gurultusuz lirikaya qayıdırdılar. Bu prosesə həm ədəbi mühitin özündən mühafizəkar şairlər, həm də kənardan partiya məmurları müqavimət göstərirdilər. Buna görə də, bütün 60-70-ci illər ədəbiyyatı senzura ilə çətin və üzücü mübarizələr şəraitində inkişaf edirdi.

Xəlil Rza poeziyada milli azadlıq, vətənpərvərlik və müstəqillik ideyalarını xüsusi coşqunluqla ifadə etmiş bir şairdir. Onun poetik üslubu üçün qüvvətli patetika, ritorik gərginlik, şairanə və sərt bir qəzəb xarakterikdir. Yaradıcılığının ilk illərində onun əsərlərində sovet mövzuları da mühüm yer tutmuşdur. Lakin 60-cı illərdə bütün poeziyada milli azadlıq ideyalarının qüv­vətlənməsi və aparıcı bir istiqamətə çevrilməsi ilə onun da yaradıcılı­ğında və dünyagörüşündə ciddi təbəddülatlar baş ver­mişdir.

Digər müasirləri kimi Xəlil Rza da Şərq xalqlarının müstəmləkəçiliyə qarşı mübarizəsi mövzusu altında Azərbaycan xalqının taleyindən bəhs edir, onun hüquqsuzluğu, dilinin dustaq olması barədə mübariz ruhlu şeirlər yazırdı. Şair milli düşüncənin köklərini dərindən sevir, milli tariximizə, soy-kök və yaddaşımıza dair çoxlu şeirlər yaradırdı. «Beşik türküsü», «Aşıq Alı», «Saz», «Sən mənim vüqarımsan», «Özünüdərketmə» kimi şeirlər poeziyamızın ən yaxşı vətənpərvərlik nümunələri idilər.

1970-ci illərdə poeziyaya üslubu və dünyaduyumu ilə seçilən yeni şairlər nəsli qədəm qoydi. Onların içərisində Nüsrət Kəsəmənli, Məmməd İsmayıl, Ramiz Rövşən, Musa Yaqub həyata fəal münasibətləri, lirik mövzulara meylləri ilə daha artıq seçilirdilər. Bu nəsil lirikanın klassik mövzularını - məhəbbət və gözəllik motivlərini şeirin mərkəzinə gətirməyə çalışırdı.


NƏBИ XƏZRИ

(1924-2007)




Həyatı və fəaliyyəti. Babayev Nəbi Ələkbər oğlu 1924-cü il dekabrın 10-da Abşeronun Xırdalan kəndində kəndli ailəsində doğulmuşdur. Orta təhsilini 92 saylı orta məktəbdə almış, 1942-ci ildə ordu sıralarına çağırılmışdır. Lakin o, 1943-cü ildə xəstəliklə bağlı ordudan tərxis olunmuşdur. Gələcək ədib C.M.Kirov adına ADU-nun filologiya fakültəsinə daxil olmuş, lakin təhsili yarımçıq qalmış­dır. O, “Kommunist” qəze­tində korrektor, dövlət radiosunda diktor (1943-1945) işlə­miş, digər mətbuat orqanların­da çalışmışdır.

1947-ci ildə Nəbi Babayev Leninqrad Dövlət Univer­site­tinə daxil olub orada iki il oxumuş, sonra təhsilini M.Qorki adına Ali Ədəbiyyat kurslarında (1949-1953) davam etdirmişdir. Şair ardıcıl təhsil ala bilməmişdi.

Bakıya qayıdan Nəbi Babayev Yazıçılar İttifaqında məslə­hətçi (1953-1957), “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi işləmişdir. Nəbi Xəzrinin ədəbi karyerası stalinizmin XX qurultayda ifşasından sonra güclənən ziyalılar nəslinə aiddir. Qoca, mühafizəkar bolşevik kadrları ilə Xruşşov tərəfdarları mübarizə edəndə partiyanın yeni xəttini himayə etməyə hazır olan gənclər irəli çəkilirdi. Moskva ab-havasına bələd olan Nəbi Xəzri 1958-ci ildə Yazıçılar İttifaqının Gənclərlə iş üzrə katibi seçilir. Bu vaxtdan şair həm də dövlət məmuru olur. 1965-1972-ci illərdə Radio və Televiziya Komitəsində sədr müavini, sonra mədəniyyət nazirinin müavini olur. Şair 1974-cü ildən ömrünün sonuna qədər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri olur. Müstəqillik illərində bu cəmiyyətin adı dəyişdirilib “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi qoyulmuşdu.

Şair öz dövrünün bütün rəsmi mükafatlarını almışdı. O, Ümumittifaq Komsomol mükafatı(1968), SSRİ (1973) və Azərbaycan Dövlət mükafatı (1982), Xalq şairi (1984), İstiqlal və Şöhrət (2004) ordenləri ilə təltif olunmuşdur.



Nəbi Xəzri 2007-ci il yanvarın 15-də Bakıda 83 yaşında vəfat etmişdir.

Yaradıcılığı. Nəbi Xəzri “Ulduz karvanı” (1979), “Nəsillər-əsirlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və bir sıra digər kitabların müəllifidir. İlk kitabı 1950-ci ildə çıxsa da, Nəbi Xəzri lirikasının yetkinlik döv­rü 1960-cı illərin əvvəllərinə təsadüf edir. “Dəniz, göy, mə­həbbət”(1965), “Xatirələr cığırıyla” (1966), “İllər və sahillər” (1969), “Dərələr”(1970) kitabları şairin yaradıcılığında və 1960-cı il­lər lirikasında siyasilikdən təmizlənmə təşəbbüsü kimi səslən­mişdi. Bu təzələnmə, ilk növbədə, lirikanın ictimai sifarişdən uzaqlaşıb öz ilkin missiyasına - insan və məhəbbət, insan və təbiət kimi əbədi mövzulara qayıtması idi. Abşeronun, Bakının, Xəzər sahillərinin obrazı onun lirikasından qızıl xətt kimi keçir. Şairin doğulduğu Xırdalan kəndi də Xəzərə yaxın kəndlərdən idi. Onun lirikası doğma vətən torpağından qüvvət alırdı:
Uçsam da göylərin ənginliyinə,

Doymaram yerlərin şeriyyətindən,

Elə bil sahillər danışır yenə,

Sahilin sahilsiz məhəbbətindən.
Dəniz və sahil şairin lirikasında çox işlənən məhəbbət obra­zını təmsil edir. Şair sahilə tələsən ləpələri əbədi və yorulmaz məhəb­bətin timsalı kimi mənalandırır. Şair üçün dənizin hər bir cəhəti nikbinlik, həyat rəmzidir, adamları yaşamağa çağıran obrazdır. Hətta günəş də üfüqdən boylanıb dənizə baxanda sevinir, özünü azad hiss edir:
Coşur dəniz, susur çəmən,

Sevinc üçün, gülüş üçün,

Günəş çıxır görüş üçün

Nəğmə deyir mavi Xəzər

Salam günəş, salam səhər!

Üfüqlərə əlim çatır,

Mən qucuram göy suları,

Ömür sevinc qanadıdır,

Ömrün səhər arzuları,

Nəğmə deyir mavi Xəzər,

Salam günəş, salam səhər!
Şairin lirikasında bəzən ifrat nikbinliyin notları da səslənir. Nəbi Xəzri məmur olduğuna görə, sovet şeirindən tələb olunan nikbinliyi hər bir əsərində qorumağa çalışırdı. Lakin şairin ana təbiətə, Abşeron torpağına səmimi bağlılığı onun lirikasına güc bağışlayır, bu lirikanı oxucu üçün də doğma və yaxın edirdi:
Üzümün hər giləsi,

Sanki günəş zərrəsi,

Şehli-şehli üzümdür,

Səhər mehli üzümdür.
Təbiətin ağuşunda xoşbəxtlik, onunla qaynayıb qarışmaq, onun nemətlərini yemək və xoşbəxt olmaq, sevib sevilmək şairin lirikasının aparıcı motivlərindəndir. Bu xoşbəxtlik təşnəsi şair üçün həmişə doğma təbiət, onun gözəllikləri ilə bağlıdır, o, əsl gözəlliyi təbiətdə axtarır və onda tapır:
Bəlkə də sən mavi geyindiyindən.

Yer üzü, göy üzü maviləşibdir,

Görürəm necə də bəzənib aləm,

Səma da, torpaq da sanki mavidir,

Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,

Bəlkə səadətin rəngi mavidir!?
Nəbi Xəzrinin lirikasının aparıcı mövzusu olan məhəbbət barədə şeirləri ədəbi mühitdə təmiz bir meh, poetik gözəlliyin yenidən doğuluşu kimi qarşılandı. Yeni nəslin nümayəndələrinin təsiri ilə Süleyman Rüstəm kimi yaşlı nəslə məxsus şairlər də məhəbbət şeirləri yazmağa başladılar. Bu poeziyanın öz şah möv­zu­suna qayıdışı və ifrat siyasilikdən və eybəcər publisistikadan tə­miz­lənməsi prosesi idi.

Şairin sadə, büllur, gurultudan uzaq həzin üslubu böyük lirik təsir gücünə malik idi. Nəbi Xəzri bir növ lirikanın klassik anla­yışına qayıdır, poeziyanı ali insan duyğularının estetik gözəl­liyi kimi qəbul edirdi. Bu isə Azərbaycanın müasir poeziyasında saxta inqilabi pafosun, ritorikanın, saxta müdrikliyin, çılpaq publisistikanın öz üstün mövqeyini itirməsi demək idi:


Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.
Əsl məhəbbət ki, əsl hünərdir,

Coşar ümman kimi təzə arzular

Mənim dalğalarım xatirələrdir,

Orda tufan da var, burulğan da var.
Məhəbbət və Azərbaycan təbiəti Nəbi Xəzri poeziyasının qo­şa qanadıdır. Xəzər, dəniz, çinar, sahil kimi təbiət obrazları onun lirik sözünü ifadəsində mühüm rol oynayır. Şairin poe­ziya­sında 1950-60-cı illərdə şeir dilinin inkişafının ən gözəl ten­densiyaları parlaq əksini tapmışdır. Onun üçün dilin canlı, konkret fikir sadəliyi və gözəlliyi bir-birindən ayrılmazdır:
Coşub daşır yenə dəniz,

Sevincim də, kədərim də,

Necə bənzər, sənə - dəniz,

Xatirələr qanadlı quş,

Ucar bura qatar-qatar.

İgidlərin heykəl olmuş,

Vüqarıdır bu qayalar.

Lal sükutum, gur səsimsən,

Mənim tale dənizimsən!
Nəbi Xəzri böyük şair Səməd Vurğunun ədəbi məktəbinə məx­sus yolla gedirdi. O, bir çox mövzularda böyük sələfinin ənənələrini davam etdirirdi. Bu, şairin poeziyasındakı vətən­pərvərlik ruhuna da aiddir. Şair ən intim mövzulara toxunanda belə, milli konkretliyə, Azərbaycan mentalitetinin qabardılmasına xü­susi fikir verirdi. Bu şeirlərdə Azərbaycan sözü qürurla səslənir və sənətkar özünü ana vətənin bir parçası kimi hiss edirdi. Lakin şair vətənlə bir insan kimi danışır, ona müraciət edir, onunla dialoqa girir:
Sən ki, döyündürdün mənim qəlbimi,

Sən uca çinarsan, mənsə yarpağın.

Mənəm sənin özün,

Ey eşqim, canım,

Sənsən özüm mənim,

Azərbaycanım!

Şair artıq yaşlanıb müdrikləşdiyi bir zamanda Azərbay­can­da Dağlıq Qarabağ müharibəsi başlandı. Ömrü boyu xalqlar dostluğunu tərənnüm etməkdən yorulmayan şair üçün bu konflikt ağır bir mənəvi imtahan oldu. Bu illər həm də sevimli həyat yoldaşını itirdiyinə görə də şair üçün ağır illər idi. Kədər, bədbinlik motivləri onun həyat yoldaşına həsr etdiyi bir sıra şeirlərdə qabarıq idi. Lakin çətin məqamda şair özündə güc tapdı, sərhəd müharibəsi aparan xalqı ilə bir səngərdə oldu, bir sıra vətənpərvər şeirlər yazdı. Bu şeirlərdə şair torpağın oğlu kimi, onun təəssübkeş övladı kimi danışır, ata-babalardan miras qalmış torpaqlarımızı son damla qanımıza kimi qorumağa çağırırdı. O, Şuşanı ölkənin tacı kimi, Allahın payı kimi təqdim edirdi:


Bura necə dəydi düşmən ayağı?

Dünyalar gəlirdi bura səcdəyə.

Tanrı bəxş etdiyi ulu torpağı

Dağlar öz ovcunda qaldırmış göyə!

Qarabağ qəlbidir Azərbaycanın,

Cənnət diyarıdır Azərbaycanın!

SSRİ dağılanda nüfuzlu dövlət məmuru, ideoloji cəhətdən nümunəvi şair olan, böyük karyera qurmuş Nəbi Xəzri bir müddət çaşqınlıq içində olmuş, az yazmış, lirikasında bədbinlik, şikayət dolu, bəzən mistik ruhlu nümunələr özünü göstərmişdir.



Poemaları. Nəbi Xəzrinin şeirlə yazdığı epik əsərlərinin ço­xu sovet dövründə və sosialist realizminin mövzularında qələ­mə alınmışdır. Əslində, şairin lirik təhkiyə üslubu epik mövzulara o qədər də uyğun gəlmirdi. Bunu şair özü də hiss edirdi və yəqin ki, bu səbəbdən onun poemalarının əksəriyyəti lirik səpgidədir, həcmcə iri deyildir. Onun “Mənim babam baxan dağlar”, “Ana”, “Kiçik təpə”, “Qara dənizin nəğməsi”, ”Sən lay-lay deyəndə” kimi poemaları bu qəbildəndir. Bunlarda şairin lirik məni çox qabarıqdır və poemada yaradılan əsas obrazlarla bir sırada durur. Bu isə şairin lirikasından gələn bir xüsusiyyət idi.

Nəbi Xəzrinin digər qisim poemaları sosialist realizmi möv­zularına aiddir. Belə poemalar şairə yaxın olan Sumqayıt şəhə­rinin qurulmasına, dəniz neftçilərinin əməyinə həsr edil­mişdir. Şairin “İki Xəzər”, “Sumqayıt səhifələri”, “Günəşin ba­cısı” kimi poemaları bu qəbildəndir. Bu poemalarda Səməd Vur­ğunun ədəbi təsiri, xüsusilə “Muğan” poemasında Min­gə­çe­virə həsr edilmiş hissələrin xüsusiyyətləri diqqəti cəlb edir. Nəbi Xəz­ri quruculuq işlərinə, əmək adamlarına həsr etdiyi poemaları vətən torpağının, qədim tarixin, milli adət-ənənənin tərənnümü ilə tamamlamağa və əsərlərinə bu yolla xüsusi sanbal qazandırmağa çalışır. “Sumqayıt səhifələri” bu şəhərin salınmasına, “Günəşin bacısı” kombaynla pambıq yığan Sevil Qazıyevaya, onun əmək hünərinin tərənnümünə həsr olunmuşdur. Bu mövzular müasir gəncliyə aydın deyil və aktual səslənmir. Lakin sözügedən poemaların yazılmasına şair bütün istedadını sərf etmişdi: Nəbi Xəzri iki dəfə Lenin mükafatına təqdim olunmuş, lakin bu mükafatı ala bilməmişdi. Şair sosialist realizmi mövzularına, epik əsərlərə həm də müəyyən ümidlərlə girişirdi.

Nəbi Xəzrinin üçüncü qisim poemaları artıq müstəqillik illərinə təsadüf edir. Bu poemalar içərisində xain erməni caniləri tərəfindən Qarabağda öldürülmüş jurnalist Salatın Əsgərovaya həsr edilmiş “Salatın” poeması xüsusi yer tutur. Yığcam lirik əsər olan bu poema şairin sevdiyi lirik tərənnüm üzərində qurulmuşdur. Sadiq, mərd, fədakar Azərbaycan qızının obrazına şair hələ sovet illərində həvəslə müraciət edirdi. “Salatın” poeması da şairin bu qəbildən olan qəhrəmanlarından biri idi. Şair Salatının cəsarətində, fədakarlığında, ilk növbədə milli xarakterin, ana və nənələrimizin ən yaxşı əxlaqi keyfiyyətlərini, torpaq təəssübünün ucalığını tərənnüm edirdi.

“Şəhidlər və şahidlər”, “Kiçik təpə” poemaları tor­paq­la­rı­mız uğrunda Qarabağda vuruşan əsgərlərimizin rəşadətinə, on­ların müqəddəs şəhidliyinə həsr edilmişdi. Bu poemalar o zaman şairi bürüyən tragizm hissləri, ölüm və həyat, qəhrəmanlıq və əbədiyyət motivləri ilə bəzədilmişdi. Şair qəhrəmanlığın təbiəti, əsl ölməzliyin şərtləri haqqında düşünür və bunları insanın vətən qarşı­sında borca sədaqəti ilə bağlayır. Şairin mili ordu döyüş­çüsünü tərənnüm edən poemaları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış ədəbi əsərlər içərisində özünəməxsus yer tutur.

Nəbi Xəzrinin nəsrlə yazdığı əsərləri də vardır. Bunların bir hissəsi onun “Ümmandan damlalar” (1979) kitabında toplanmışdır. Onun burada xarici səfərlər nəticəsində yazdığı qeydləri xüsusilə maraqlıdır. Müharibə illərində repressiyalardan qorxub vətənə qayıtmayan mühacirlərlə gərgin, həyəcanlı görüşləri, onların taleyi və ömür macəraları haqqında şair yığcam bir dillə söhbət açır. Qəribliyin tragizmi, torpaq xiffəti bu əsərlərdən qırmızı xətt kimi keçir.

Nəbi Xəzrinin şeir klassiklərimizə - Vaqifə, Səməd Vurğuna, Aşıq Ələsgərə, Əhməd Cəmilə, Əziz Şərifə, Süleyman Vəliyevə, Hüseyn Arifə, Cabir Novruza və başqalarına həsr etdiyi ədəbi qeydləri də vardır. Bu qeydlərin müəllifi bir alim kimi yox, bir sənətkar kimi, söz sərrafı kimi danışmağa can atır. Şairin rus və sovet ədəbiyyatının Aleksandr Puşkin, Sergey Yesenin, Mustay Kərim, Rəsul Həmzətov, Nikolay Qribaçov və başqalarına həsr olunmuş lirik səpkili, şirin yazıları vardır. Bu yazılar ədəbiyyatların qarşılıqlı təsirindən böyük səmimiyyətlə bəhs edir.



Dramaturgiyası. Nəbi Xəzri dramaturgiyada da, ilk növ­bədə lirik mövzulara müraciət edir. Miqyaslı sosial konfliktlər, monumental xarakterlərin mübarizəsi onun dramaturgiyası üçün səciyyəvi deyildir. “Sən yanmasan”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun” kimi pyesləri Akademik Dram Teatrının səhnəsində oynanmışdır. Bu pyeslərin bir hissəsi tarixi mövzulara və keçmişin ədəbi şəxsiyyətlərinə aiddir. Mirzə Şəfiyə həsr olunan pyesdə şair və zəmanə mövzusu, şair şəxsiyyətinin öz dövrü ilə konflikti kimi motivlər əsas yer tutur. Bu motivlər lirik şeirlərində də şairi düşündürmüş, sonradan bunlar onun pyeslərində öz epik ifadəsini tapmışdır. “Gecə döyülən qapılar” pyesini müəllif 1937-ci ilin ağrılı hadisələrinə, repressiyaların lirik təsvirinə həsr etmişdir.

Şairin iki pyesi “Dədə Qorqud” dastanlarının motivləri əsasında yazılmışdır. Bunlar SSRİ-nin dağılması ərəfəsində ədəbi prosesdə milli ovqatların güclənməsi ilə bağlı olan əsərlərdəndir. “Burla Xatun” və “Torpağa sancılan qılınc” dövrün ədəbi tenden­siyası ilə bağlı idi: şair və yazıçılar qədim dastanlarımıza müraciət edir, orada xalq ruhunun, qəhrəmanlıq tarixinin örnəklərini axtarıb tapır və öz əsərlərinin süjetinin əsası kimi istifadə edirdilər. ”Burla Xatun” pyesi bu baxımdan səciyyəvi və uğurlu idi. Sadə, ocağa bağlı, torpaqdan güc alan Azərbaycan qadın və analarının lirik obrazları şairin yaradıcılığında mühüm yer tutur. Burla Xatun da bunlardan biri idi. O, çətin məqamda ərinin ən yaxın dayağı olur, yağılara qarşı müharibədə kişi qeyrəti, düşmənə nifrət nümunəsi nümayiş etdirir.

Nəbi Xəzri həmişə dövlət vəzifələrində, ideoloji sahədə çalışmışdır. Bu, onun epik əsərlərinə öz təsirini buraxır. Sovet adamlarını, sovet cəmiyyətini təsvir edəndə o, ehtiyatlı olmağa çalışır, sovet həyatının qüsurlarını dərindən açmamağa üstünlük verirdi. Digər tərəfdən, bir yazıçı kimi konfliktsizlik nəzəriyyəsi dövründə yetişib formalaşması onun ədəbi zövqündə öz izini qoymuşdu. Bunun nəticəsində onun dramaturgiyası ədəbiyyatın lirik cərəyanına daha yaxındır.

Ədibin “Əks səda” pyesi 1972-1975-ci illər arasında yazılmış və Akademik Dram Teatrında səhnəyə qoyulmuşdur. Bu əsər şairin səhnə üçün yazdığı əsərlərin əsas cizgilərini əks etdirir. Əsər­də tam mənada dramatik konflikt yoxdur. Əsər Neft Daş­larında quyulardan birində qəza baş verməsi epizodu ilə başlanır. Burada biz sosialist realizmi estetikasına xas elementlərlə üzləşirik: fəhlələr əməyi ehtirasla sevirlər, özlərini daha çox neft istehsal etmək üçün dənizə atmağa da hazırdırlar. Baş verən qəza nəticəsində fəhlə yaralanır.

Fəhlələrin briqada başçısı tipik bir müsbət qəhrəman kimi verilən Qaynardır. O qazmaçıdır, köhnə, savadsız neftçidir. Lakin savadsız olmasına baxmayaraq, bütün əsər boyu ağıllı sözlər danışır. Müəllif onu hamıdan ağıllı kimi təsvir edir. Bu da bolşevik təbliğatının miflərindən biri idi. Bu təbliğata əsasən, qocaman fəhlələr ziyalı və alimlərdən, mühəndis və kabinet işçilərindən ağıllı, üstün sayılırdı. Nəbi Xəzri də Qaynarı belə təsvir edir. O, ziyalı və alimlərə qərəzlə yanaşır, onları aşağılayır, imkan düşdükcə, sancır. O, qarşısına gələnlərin hamısına nəsihət verir, həqiqətin necə olduğunu izah etməyə çalışır, istehsalatda işləməyənlərə tüfeyli kimi baxır.

Evə gələndə aydın olur ki, Qaynarın konfliktdə olduğu bir adam var. O, yad yox, onun öz doğma oğludur, adı Məğrurdur. Məğrur Xəyalə adlı bir qızı sevir və onu anası ilə tanış etmək üçün evlərinə gətirir. Atası da evə gəlib gələcək gəlini görəndə göz­lənilməz mövqe tutur. O, Xəyaləni dilə tutmağa başlayır ki, onun oğluna ərə getməsin, çünki oğlunun pis vərdişləri var. Məğ­rur müasir olmağa, elmi-texniki inqilabın şərtləri ilə ayaqlaşmağa çalışır. Atanın belə mövqeyi qeyri-təbiidir, inandırıcı deyil və ta­maşaçını da sona qədər inandıra bilmir.

Xəyalənin sevdiyi oğlanın evinə gəlməsi bir sıra örtülü mətləblərə işıq salır. Məlum olur ki, Xəyalə nazir vəzifəsində ça­lışan Şahmarın qızıdır. Şahmar isə Qaynarın uşaqlıq dostudur, la­kin indi onların münasibəti soyuqdur. Hətta onlar arasında zid­diyyət də var. Qaynar istehsalatda işlədiyinə görə, Neft Daş­larında dənizlə əlbəyaxa olduğuna görə özünü Şahmardan üstün sayır. Şahmar alim karyerası qurmuş, elmlər doktoru, kafedra müdiri, nazir vəzifəsinə qədər yüksəlmişdir. İndi o, akademik seçkilərinə hazırlaşır. Qaynarın dostunun karyerasına münasibəti çox mənfidir və dialoqlardan görünür ki, müəllifin rəğbəti də onun tərəfindədir.

Əsərdə hadisələr bir-birini əvəz etdikcə, yeni faktlar üzə çı­xır. Məlum olur ki, Qaynarın tüfeyli saydığı oğlu Şahmarın tələbə­sidir və ata oğlunun pozğun həyata qurşanmasına görə Şah­marı ittiham etməyə başlayır. Hətta aydın olur ki, Şahmarın arvadı Zərifə cavanlıqda Qaynarın sevgilisi olub. Lakin Şahmar Zərifəni aldadıb Qaynardan uzaqlaşdırıb və onunla evlənib. Lakin Şahmarın xainliyi bununla bitmir. O, cəbhədə həlak olmuş dostunun diplomunu əldə edib öz adına saxtalaşdırmışdır. Əslində onun ali təhsili yoxdur, amma akademik seçkilərində iştirak edir. Əsərin finalında Qaynar uşaqlıq dostu, nazir postunda olan Şahmarı tam ifşa edir, oğlu Məğrurla barışır. Məğrur isə günahlarını yumaq üçün Tümen şəhərinə - sərt təbiətli Sibirə neft mədənlərində işləməyə gedir...

Beləliklə, bir ailə içində yaranmış düyünlər açılır. Yaxşılar və ən yaxşılar qalib gəlirlər. Əsərin dili lirik şeirlərlə bəzə­dil­miş­dir. Qəhrəmanlar məhəbbət haqqında hamısı eyni sözlərlə da­nı­şır­lar. Əsərdəki şeir parçaları da lirikdir və Nəbi Xəzrinin öz əsərlərindən gətirilir:

Sən günəş,

Mən səndən nur alan Ayam!

Sən səssən,

Mən isə əks-sədayam.
Şairin pyeslərinin dialoqları, replikaları yığcamdır. Amma onlar çox zaman şeiri xatırladır. Müəllif obrazların hissiyyatlarını yaxşı, digər obrazlara münasibətlərini isə ümumi şəkildə təsvir edir.

Tərcümələri. Nəbi Xəzri ömrü boyu xarici səfərlərdə olmuş, çoxlu rus və digər dillərdə yazan yazıçı və şairlərlə əməkdaşlıq etmişdir. O, Bakıda öz qələm dostlarının 8 tərcümə kitabını hazırlayıb nəşr etdirmişdir. Digər tərcüməçilərdən fərqli olaraq, şair rus klassiklərinin deyil, ruhən özünə yaxın olan müasir rus şairlərinin şeirlərini tərcümə etmiş və Bakı nəşriyyatlarında ayrıca kitab şəklində buraxdırmışdır. Bu tərcümə kitablarına, onlarda lirikanın səciyyəsinə diqqət yetirəndə, onlarda şairin 1960-cı illər lirikasına yaxınlığı öz əksini tapır. Ona görə demək olar ki, Nəbi Xəzri lirikasındakı bir sıra orijinal meyllərin mənbələrini bu tərcümə kitablarında tapmaq olar.

Digər tərəfdən, Nəbi Xəzri mərkəzi ədəbi mətbuatda öz nüfuzunun yaranmasına və qüvvətlənməsinə ömrü boyu xüsusi diqqət yetirmişdir. O zamanlar yazıçıların Moskva mətbuatında çıxan bir neçə şeiri Bakıda diqqəti cəld edir və müzakirə predmeti olurdusa, bu, şərəfli sayılır, Bakıda güzəştlər almağa kömək edirdi.

Şairin ilk tərcümə kitabı 1960-cı ildə “Dost sözü” adı ilə Azərnəşrdə çıxmışdı. Bu kitabın müəllifi V.Termanı bu gün çox az adam tanıyır. Lakin Nəbi Xəzri onunla M.Qorki adına Ədəbiyyat İnstitutunda birgə oxumuşdu və onun təbiətə bağlı olan lirikasını bəyənirdi.

Nəbi Xəzrinin ikinci tərcümə kitabı yenə Azərnəşrdə çıxmışdı və “Sən çağır məni”(1962) adlanırdı. Tanınmış rus şairi, kitabın müəllifi A.Prokofyev də Nəbi Xəzriyə ruhən yaxın və öz yaradıcılığında təsirləndiyi müəlliflərdən biri idi.

Nəbi Xəzri bu gün də - müstəqillik şəraitində də səmimi və təsirli səslənən görkəmli lirik şairdir. Onun sözlərinə çoxlu mahnılar bəstələnmiş, şeirləri bu gün də dillər əzbəridir.

Ədəbiyyat:

Sovet ədəbiyyatı, B., 1988.

Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, B., 2011.

Səfiyeva F. Nəbi Xəzrinin sənətkarlığı, B., 2009.



1   ...   15   16   17   18   19   20   21   22   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə