AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 345.19 Kb.
səhifə3/4
tarix22.02.2016
ölçüsü345.19 Kb.
1   2   3   4

Fəcr-i Ati Türkiyədə 1908 Hökumət inqilabından sonra meydana gələn ilk ədəbi hərəkat sayılır. 1901-ci ildə Sərvəti Fünun məcmuəsinin qısa müddətə bağlanılması üzərinə, bu məcmuə ətrafında toplanmış şair və yazıçıların birliyi dağılır.İstanbulda ədəbiyyat fəaliyyəti sahəsindəki sükut. 1908-ci ilə qədər davam etmişdir. Əvvəllər ayrı-ayrı məcmuələrdə yayım həyatlarını davam etdirən bu gənclər ilk olaraq 20 Mart 1909-cu il tarixində İstanbulda nəşr olunan “Hilal” qəzetində ilk yığıncaqlarını həyat keçirmişdir.ilk vaxtlar birliyin adı “Fəcri Ati Əncüməni” olaraq müəyyənləşdirildi. "Gələcəyin işığı" mənasını verən bu adda məcmuə çıxarılması da yığıncaqda alınan qərarlardan idi.

Ancaq bu jurnalın nəşrini həyata keçirmək mümkün olmadı və bu gənclər öz ədəbi fəaliyyətlərini “Sərvəti Fünun” məcmuəsində davam etdirərlər. Daha sonra yavaş yavaş böyüyən “Fəcri Ati” birliyi 24 Fevral 1910-cu ildə “Sərvəti Fünun” jurnalında (977-ci nömrəsində) nəşr etdikləri bir bəyannamə ilə özlərini ictimaiyyətə rəsmi olaraq tanıtdılar. Belə bir bəyannamənin nəşri Türk ədəbiyyatında ilk belə hadisə idi.

Əhməd Sami, Əhməd Haşim, Emin Bülend, Emin Lami, Tahsin Nahid, Cəlal Sahir, Cəmil Süleyman, Həmdullah Sübhi, Rəfiq Xalid, Şəhabəddin Süleyman, Əbdülhəq Hayri, İzzət Melih, Yaqub Qədri bu ədəbi axımın nümayəndələrindən idi.

Birliyin əleyhdarları “Fəcri Atiçiləri” ədəbiyyata heç bir yenilik gətirməməkdə və “Sərvəti Fünun” ədəbiyyatını təkrar etməkdə günahlandırmışdır. Bu tənqidlərdən sonra bəzi üzvlər birlikdən ayrıldı. “Fəcri Ati” birliyini meydana gətirənlərin bir çoxu daha sonra “Milli ədəbiyyatın” yaranıb, inkişaf etməsində əvəzssiz rola sahib sənətçilərdən oldu. Və beləcə bu birlik “Ədəbiyyat-i Cədidədən” “Milli ədəbiyyata” keçiddə körpü vəzifəsi görmüş oldu.



Milli Dönəm Türkiyə ədəbiyyatı (1911-1923-cü illər)

Milli Dönəm Türkiyə ədəbiyyatı türk millətinin milli dəyər və düşncələrini ön planda tutan, əsərlərin yazılışında sadə dilə önəm verən və şeirdə heca vəznindən geniş bir şəkildə istifadə edilən ədəbiyyat axınına verilən adıdır.

Tanzimat'tan sonra, imperatorluğun düşdüyü böhranlı vəziyyətdən xilas olması və yenidən köhnə gücünə qovuşa bilməsi üçün bəzi siyasi görüşlər irəli sürülmüşdür. Bu görüşlərin ən əhəmiyyətliləri:Mədəniyətçilik, Osmanlıçılıq, İslam birliyi (İttihadi İslam) fikirləri idi.Düşüncə həyatına hakim bu üç siyasi görüş 1908-ci ildə yəni II Məşrutiyyənin qəbuluna qədər davam etdi. II Məşrutiyyənin elanından sonra bu görüşlərə ”Türkçülüyü” əsas alan “Milliyyətçilik” fikri də, əlavə olundu.

Türkçülük axını xüsusilə Tənzimat ədəbiyatçılarından olan Əli Suavi, Əhməd Vəfiq Paşa, Süleyman Paşa və Şəmsəddin Saminin fəaliyyətləriylə elmi şəkildə inkişaf etmişdir. Bursalı Mehmed Tahir bəyin, Vələd Çələbi və Nəcib Asımın yazıları sayəsində isə bu düşüncə əhatə dairəsini daha da genişləndirdi.

Mehmed Əmin Yurdakulun “Türkçe Şiirler” kitabı və digər şeirləri ilə, Türkçülük axımı ədəbiyyat sahəsinə keçdi. II. Məşrutiyyənin elanından sonra Türk Dərnəyi (1908), Türk Yurdu (1911), Türk Ocağı (1912) dərnəklərinin qurulması Türkçülüyə əsaslanan “Milliyyətçilik” axınını bir tərəfdən siyasət, digər tərəfdənsə ədəbiyyat sahəsində inkişaf etdirdi

1908-ci ildə sonra islamiyyətdən əvvəlki türk dili və ədəbiyyatı, türk tarixi, türk mədəniyyəti araşdırılmağa başlandı. Türklərin tarix boyunca meydana gətirdikləri dəyərlərin, sistemli bir şəkildə ortaya qoyulması üçün əsaslı işlərin görülməsinə başlandı. Dövrün hökuməti də bu sahədə olan fəaliyyətləri dəstəklədi.

Eyni tarixlərdə Selanikdə olan bəzi gənc şair və yazarlar türkcəni qəti şəkildə sadələşdirmək, xalqın danışdığı dildə əsər vermək üçün işlərə başlamışdır. Ömər Seyfeddin və Əli Canib tərəfindən əsası qoyulan bu hərəkata bir müddət sonra Ziya Göyalp da qoşuldu. Z.Göyalpın 1911-ci ildə yazdığı “Turan şeiri” sonradan Türkçülük və Milliyyətçilik hərəkatının proqramı şəklini aldı. Bu ədiblər 1911-ci ildə Selanikdə “Gənc Qələmlər” adlı bir məcmuə çıxarmağa başladılar. 11 aprel 1911-ci il tarixində “Gənc Qələmlər”jurnalında nəşr olunan Ömər Seyfeddin'in “Yeni Lisan” məqaləsi isə dillə bağlı ediləcək dəyişikliklərin proqramı olaraq görüldü.

Yeni Lisan tərəfdarlarının dil sahəsində həyata keçirmək istədiyi islahatları aşağıdak şəkildə qruplaşdırmaq olar:

1)Türkcədə mövcud olan ərəb və farsca qayda-qanunlar dildən çıxarılmalıdır.

2)Yeni sözlərin yaradılmasında Türkcənin öz imkanlarından yararlanmaq lazımdır.

3)Ərəb və farscada olan sözlər türk dilində olduğu kimi yazılmalıdır.

4)Elm sahələrində istifadə ediləcək terminlər üçün Ərəbcədən yararlanmaq olar.

5)İstanbul ləhcəsi əsasında yeni bir “Ədəbi dil” formalaşdırılmalıdır.

6)Əski Türk ləhcələrindən dilin lüğət fonduna yeni sözlərin keçməsinin qarşısı alınmalıdır.

7) Dil və ədəbiyyat Şərq və Qərbin təsirindən birdəfəlik qurtarılmalı, Milli ədəbiyyatın inkişafı üçün münbit şərait yaradılmalıdır.

Bu fikirlər əvvəllər də Namiq Kamal, Menemenlizâde Mehmed Tahir, Nəbizadə Nazim, Şəmsəddin Sami kimi şəxsiyyətlər tərəfindən irəli sürülsə də,bunları söyləyənlərin özləri türkcəni düşündükləri kimi istifadə etməmişdirlər.“Gənc Qələmlər” ətrafında toplanan gənclərin ən əhəmiyyətli müvəffəqiyyətləri, söylədiklərini yazılarında da tətbiq etmələri oldu.Milli ədəbiyyat axınının ən tanınmış nümayəndələrini bu şəkiləd qruplaşdıra bilərik:



Şeir sahəsində tanınan sənətkarlar: Mehmed Əmin Yurdakul, Ziya Göyalp, Ömər Seyfəddin, Əli Cânib Yöntəm, ibrahim Alaaddin Gövsa, Halit Fəxri Ozansoy, Yusif Ziya Ortaç, Enis Behiç Koryürek, Orhan Seyfi Orhon, Faruk Nafız Çamlıbel, Şükufe Nihal, Xalide Nüsrət Zorlutuna, Emin Bülənd və s.
Hekayə və roman janrının öndə gələn isimləri: Ömər Seyfəddin, Yaqub Qədri, Xalide Edip, Əhməd Hikmət, Müfide Fərid, Rəfiq Xalid.
Pyes janrının təmsilçiləri: Orhan Seyfi, Xalid Fəxri, Aka Gündüz.
Ədəbiyyat tarixi və tənqid sahəsində məşhurlaşanlar: Fuad Köprülü, Əli Cânip, ibrahim Alaattin və s...

Cümhuriyyət Dönəmi Türkiyə Türkcəsi.

I Dünya müharibəsindən sonra (1914-1918) süquta uğrayan Osmanlı imperiyasının küllərindən törəyərək “Qurtuluş Savaşı”yla yeni bir dövlət kimi formalaşan Türkiyə Cümhuriyyəti dünyaya, türkün qüdrətini bir daha sübut etmiş oldu. Türkiyə Cümhuriyyətiylə Osmanlı səltənətində fərqli idarəçilik və dövlət anlayışı olmuşdur.Osmanlı “Ümmət” anlayışına və “Şəriyət” qanunlarına bağlı bir dövlət quruluşuna sahib idi. Yeni qurulan Türkiyə Cümhuriyyəti isə sosial sferada köklü dəyişiklik və inkişafı nəzərdə tutan idarəçilik sistemini qəbul etmişdi.

III Səlim dönəmindən üzə çıxan və Tənzimat illərində geniş yayılan dövlət daxilindəki islahatlar istənilən nəticəni vermirdi.Bu islahatların heç biri cəmiyyətin strukturunu təməldən dəyişməsi və inkişafına güclü təsir edə bilməmişdi.

Cümhuriyyət dönəmində edilən dəyişikliklər Musdafa Kamal Atatürkün “Müasirləşmək” prinsipinə əsaslanırdı. Atatürkün fikrincə ölkədə köklü dəyişikliklər edə bilmək üçün ilk öncə insanlar arasında “Düşüncə dəyişikliyini” həyata keçirmək lazımdır.Onun bu fikri isə “Laikilik” prinsipinə söykənir.Elə buna görədir ki “Layikilik” prinsipinin Türkiyə “Ana Yasasına” (Konstitusiyasına) rəsmən daxiledilməsi 1937-ci ilə aid olsa da, bu prinsiplə bağlı islahatlar hələ 1924-cü ildən həyata keçirilmişdir.

Şəriyət qanunlarını qəbul edən və bu formada idarə olunan Osmanlı imperatorluğunda “Milli Dil” (Dövlət dili) anlayışı yox idi. Ancaq cümhuriyyətin qurulmasıyla dil hər tərəfli bir şəkildə işlənərək dövlətin qarşısında duran ən əsas siyasi məsələ halını almışdır.

1908-1923-cü illəri əhatə edən II Məşrutiyyə dönəmi siyasi sahədə uğursuz nəticələrlə üzləşsə də, ədəbiyyat və dil sahəsində “Milliyyətçiliyin” dirçəlməsinə yol açdı. Lakin bu dönəmdə Osmanlı dili və Mədəniyyətini təbliğ edən, bu sahədə əsərlər yazan sənətkarlar da az deyil. Tofiq Fikrət, Cənab Şəhabəddin, Əhməd Haşim, Xalid Ziya Uşaklıgil kimi söz ustadları yaradıcılıqlarında köhnə ədəbiyyatı təbliğ etmişdir.

1839-cu ildən 1923-cü ilədək davam edən Türkcənin sadələşdirilməsi prosesində bir başqa maraqlı məqam diqqət çəkməkdədir.Bu sahədə fəaliyyət göstərən ədiblərin özləri də, ərəb və farscadan tam şəkildə təmizlənmiş Osmanlı türkcəsini təsəvvür edə bilməmişdir.

XX əsrə damğasını vuran dilçilik sahəsindəki ən böyük inqilab isə sözsüz ki, “Yeni Lisan” hərəkatıdır. Bu hərəkatın liderlərindən olan Ömər Seyfəddin və Ziya Göyalp da, əsrlərdir türkcəyə daxil olmuş xarici ünsürlərin tam şəkildə təmizlənə bilməsi üçün onilliklərin lazım olduğunu təsdiqləyiblər.

Tənzimat sonrası Qərbə meyilliliyin artması nəticəsində türkcəyə yeni bir dildən (“Fransızcadan”) sözlərin kütləvi axını dilin sadələşdirilməsiylə bağlı vəziyyəti bir qədər də qəlizləşdirmişdi.

M.K.Atatürk gəlcəkdə türk dili sahəsində edilməsi lazım olan islahatlar haqqında 1930-cu idə oxumuş olduğu Sadi Maksudi Arsalın “Türk dili için” kitabının üz qabığına bu sözləri qeyd etmişdir:

“Milli his (toplum bilinci) ile dil arasındaki bağ çok kuvvetlidir. Dilin milli ve zengin olması milli hissin inkişafında (gelişmesinde) başlıca muessirdir (Etkendir). Türk dili dillerin en zenginlerindendir.Yeter ki, bu dil şuurla (bilinçli olarak) işlensin!...Ülkesini, yüksek istiklalini korumasını bilen Türk Milleti dilini de yabancı dillerin boyunduruğundan kurtarmalıdır.”

İstanbul darülfünununda müəllim kimi çalışan Fuad Köprülü auditoriya qarşısındakı çıxışlarından birində yeni qurduqları dövlətin yalnız elmi təməllər əsasında inkişaf edə biləcəyini vurğulayaraq, İstanbul Darülfünunu tərkibində “Türkiyyat institutu”nun yaranmasıyla bağlı təklif irəli sürmüşdür.

Bu təkliflə bağlı aparılan on aylıq hazırlıqdan sonra 12-noyabr 1924-cü ildə Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin “1111” sayılı qərarıyla İstanbul Darülfünununa bağlı “Türkiyyat İnstitutu” quruldu. İnstitutun qurulmasında əsas məqsəd ən qədim dövrdən başlayaraq türk mədəniyyətini müxtəlif mənbəələr əsasında araşdırmaq və əldə olunmuş nəticələrlə bağlı xalqı marifləndirmək idi. İnstituta rəhbərlik etmək Fuad Köprülünün özünə tapşırılmışdır.

Bu hadisədən sonra türk diliylə bağlı aparılan islahatları şərti olaraq bir neçə yarımdövrə bölmək olar.Buraya ilk olaraq ərəb və farscanın tədrisinin dayandırılmasını, dilin sürətli inkişafı üçün “Əlifba inqilabının” həyata keçirilməsini, 3 mart 1924-cü ildə qəbul edilən “Tevhidi Tedrisat” (Təhsilin Birləşdirilməsi) qanununun qəbulunu aid etmək olar.

1925-ci ildə İslam təqvimi və zaman bölgüsü beynəlxalq təqvimlə əvəzləndi.1928-ci il 20-mayda alınmış qərar ilə ərəb əlifbasına uyğun yazılan rəqəmlər Latın rəqəmləriylə əvəzləndi.

Əlifba dəyişimi.

Cümhuriyyət dönəmində dil sahəsində aparılan islahatların ən mürəkkəbi “Hərf (əlifba) İnqilabı” 1923-1928-ci illərdə müşahidə olunan uzunmüddətli müzakirələrdən sonra qəbul edilmişdir.

XX əsrə qədər müxtəlif coğrafi ərazilərdə yaşamış türklər Göytürk, Uyğur, Mani, Brahmi və Ərəb əlifbalarından istifadə etmişdir. Tənzimat fərmanının verilməsinədək ölkədə mövcud olan Şərqin təsirini Avropa mədəniyyəti əvəzlədi. Elə bu dönəmdən başlayaraq türkcənin yazı sistemiylə bağlı ortaya müxtəlif narazıçılıqlar çıxmışdır.

Tənzimat fərmanının verildiyi dönəmdən etibarən ədəbiyyat və dil sahəsində köklü dəyişikliklər etmək istəyən əsəbiyyatçılar iki fərqli qrupda fəaliyyət göstərirdi.

Birinci qrupda olan sənətkarlar ərəbcənin türk dili üçün müxtəlif maneələr yaratdığını düşünürdü. Onlar bundan çıxış yolu kimi mövcud əlifbanı tamamiylə dəyişdirilməsini deyil də, onun üzərində müəyyən düzəlişlərin edilməsini istəyirdilər.

İkinci qrupun nümayəndələri isə bir qədər də irəli gedərək ərəb yazı sisteminin ümumiyyətlə türk dillərinin təlabatlarına cavab vermədiyini və onun birmənalı şəkildə dəyişdirilməsinin vacib olduğunu deyirdilər.

Ərəb dili ilə türkcə arasında əlifba məsələsiylə bağlı ortaya çıxan problemlərdən biri də, türkcənin iltisaqi, ərəbcənin isə flektiv dillər qrupuna aid olması idi. Bundan əlavə türkcə danışıq dilində sait səslərin, ərəbcədə isə samitlərin istifadəsinə geniş yer verilir.

Latın qrafikalı əlifbanın qəbuluyla bağlı ilk müzakirələr hələ 1923-cü ildə başlamışdır. Ancaq ictimayyətin belə bir yeniliyə tam hazır olmaması islahatın həyata keçirilməsini uzun müddət gecikdirmişdir. Belə ki, İzmir İqtisadi Konqresində Əli Nəzmi və vir neçə məsləkdaşının ilk dəfə olaraq əlifba dəyişikliyi ilə bağlı təklif irəli sürmələri başda Konqresə sədrlik etmiş Kazım Qarabəkir Paşa olmaqla bir çoxlarının narazıçılığına səbəb olmuşdur.

İzmir Konqresində latın əlifbasının qəbulunu dəstəkləyənlərdən biri olan Hüseyin Cahit Yalçının İstanbulda mətbuat nümayəndələrinin iclasında bu məsələni yenidən gündəmə gətirmək istəməsi bu dəfə Atatürkün özü tərəfindən rədd edildi. İllər sonra Farık Rıfkı Atayla söhbətlərdən birində Musdafa Kamal bu cürə addım atmasının səbəbini aşağıdakı şəkildə izzah edib: “Hüseyin Cahit bana vakitsiz bir iş yaptırmak istiyordu. Yazı inkilabının daha zmanı gelmemişti...”

1925-ci il 25 mart tarixində TBMM-də çıxış edən İzmir millət vəkili Şükrü Saracoğlu “Təhsil büdcəsiylə” bağlı nitqi zamanı edilən bütün fədakarlıqlara rəğmən xalqın böyük hissəsinin hələ də, oxuyub-yaza bilməməsini köhnə üsullu ərəb əlifbasıyla əlaqələndirir. Onun bu çıxışı TBMM-də böyük etirazla qarşılandı. Bu və buna bənzər bir çox hadisələr Atatürkün bir daha nə dərəcədə haqlı olduğunu ortaya qoymuşdur. Bu baxımdan 1924-1928-ci illər “Yeni Türk əlifbasının” qəbuluüçün uyğun şəraitin yaradılması dönəmi kimi qiymətləndirilir.

1928-ci ildə uyğun şəraitin yaranmasından istifadə edən Musdafa Kamal Falih Rıfqı Atay, Yaqub Qədri Qaraosmanoğlu, Ruşən Əşrəf Ünaydın, Əhməd Cavad Əmrə, Raqib Hülusi Özdəm, Fazil Əhməd Ayqaç, İbrahim Qrandi, Mehmed Emin Erişgil və İhsan Sunqudan ibarət “Dil Encümeni” komissiyasının yaradılması haqda fərman verdi. Komissiyanın yaradılmasında əsas məqsəd qısa zamanda türkcənin səs quruluşuna uyğun əlifbanın tərtib edilməsi idi. Tədqiqat qrupunun (Komissiyanın) fəaliyyəti sırasında qarşılaşdığı bütün çətinliklər şəxsən M.K.Atatürk tərəfindən aradan qaldırılb.

Həyata keçirilən iki aylıq qızğın araşdırmalardan sonra hazırlanan yeni əlifbanın içərisində nə ərəb əlifbasında olan lüzumsuz hərflərə, nə də Avropa millətlərinin yazı sistemində görülən “ch, sch, tsch” kimi ikili,üçlü və dördlü hərf kombinasiyalarına yer verilməmişdir. Bunlardan əlavə xarici dillərdən alınan “c, ç, g, j, ş” kimi hərflər müasir Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır.

Tədqiqat qrupunu maraqlandıran ən öəmli nöqtələrdən biri də, qəbul olunacaq əlifba siyasətinin təhsil sistemində tətbiq edilmə müddətiylə bağlı idi. Komissiya üzvləri yeni əlifbanın beş ildən on beş ildək bir müddətdə tam şəkildə mənimsəniləcəyini düşünürdü. Falih Rıfqı komissiyanın hazırladığı yeni əlifbanı Atatürkə təqdim edərkən, Musdafa Kamalın layihənin icrasıyla bağlı dediyi sözlər onun dahiliyini bir daha sübut etməkdədir. Falih Rıfqı bu görüşlə bağlı xatirələrində yazır:

...Atatürk bana sordu:



-Yeni yazıyı tatbik etmek için ne düşündünüz?

-Bir on beş yıllık uzun, bir de beş yıllık kısa mühletli iki teklif var, dedim. Gazeteler yarım sütundan başlayarak yeni yazılı kısmı artıracaklardır. Daireler ve yüksek mektepler için de tedrici bazı usuller düşünülmüştür.

Yüzüme baktı:

-Bu ya üç ayda olur, ya da hiç olmaz, dedi.

Hayli radikal bir inkilapçı iken ben bile yüzüne bakakalmıştım.

_Çocuğum, dedi, gazetelerde yarı sütun eski yazı kaldığı zaman dahi, her kes eski yazılı parçayı okuyacaktır. Arada bir harp, bir iç buhran, bir terslik oldu mu bizim yazı da Enverin yazısına döner. Hemen terk olunuverir....”

15 avqust 1928-ci il Cümhuriyyət qəzetində Yunis Nadinin yeni əlifbayla bağlı maraqlı bir yazısı dərc olunmuşdu. Yunis Nadinin əlifbayla bağlı layihənin tətbiqi üçün ən az on ilin lazım olduğunu deməsi Atatürk tərəfindən etirazla qarşılandı. Hazırlanması uzun müddət davam edən bu layihənin icrasından öncə M.K.Atatürk Sarayburnu parkında həyata keçirdiyi tarixi çıxışında bu sözləri söyləmişdir:

...Bir milletin heyet-i içtimayenin (toplumun) yüzde onu okuma yazma bilir, yüzde sekseni bilmez, bundan bundan insan olarak utanmak lazımdır. Bu millet utanmak için yaratılmış bir millet değildir. İftihar etmek için yaratılmış, tarihini iftiharla doldurmuş bir millettir. Fakat milletin yüzde sekseni okuma yazma bilmiyorsa bu hata bizde değildir. Türkün seviyyesini anlamayarak kafasını birtakım zincirlerle saranlardadır. Artık bu mazinin (geçmişin) hatalarını kökündenHataları tashih edeceğiz (düzelteceğiz)...”

Bundan sonra 1928-ci il 11-29 avqust tarixlərində Atatürkün başçılığıyla “Əlifba islahatıyla bağlı iclaslar” həyata keçirilmişdir. Əlifba inqilabıyla bağlı “Əlifba Encümeninin” hazırladığı üç əsas prinsip dövrün baş naziri İsmət İnönü tərəfindən mətbuata açıqlanmışdır.

İclaslardan sonrakı günlər (23 avqust-21 sentyabr) Atatürkün başçılığıyla yeni əlifbanın xalq tərəfindən mənimsənilməsi məqsədiylə həyata keçirilən səfərlərə həsr olunmuşdur. 1928-ci ildə qanun halına salınan layihənin iki gün sonra (2 noyabr 1928-ci il \ 1353 sayılı qanunla) tətbiqinə başlanıldı.

Türkiyə tarixində həyata keçirilmiş siyasi və iqtisadi dəyişikliklərdən ən önəmlisi sayılan “Hərf İnqilabı” İngiltərə başda olmaqla bir çox xarici medya orqanlarında da, müzakirə obyektinə çevrilmişdir.



Dil İnqilabı.

1920-cu ildə məktəblərdə ərəb və farsca dərslərinin ləğv olunmasıyla yzarlar və jurnalistlər də, bacardıqları qədər bu dillərdə olan sözlərin istifadəsini azaltmışdır.

Ancaq Cümhuriyyətin ilk illərində insanların yeni türkcədən asanlıqla istifadə edə bilmələri üçün nə bir lüğət, nə də bir qramatika kitabı var idi. Bu məqsədlə daha öncə əlifba layihəsizi hazırlamaqla vəzifələndirilən “Dil Encüməni”nin heyəti daha da gücləndirilərək bu dəfə “Dil İstişarə Heyyəti” adını aldı. Bu dəfəki heyətin qarşısına qoyulan əsas vəzifə yeni türkcəylə bağlı lüğət ərsəyə gətirmək idi. Heyətə yeni qatılanların siyahısında Əhməd Rasim, Rəşad Nuri, Cəlal Sahir, Vələd Çələbi, İsmayıl Hikmət Ertaylan, Besim Atalay, İbrahim Nəcmi, Həmid Zübeyr , Həsən Fəhmi, İshaq Refet, Mehmed Baha, Yaşar Bəylər və dönəmin Etnoqrafiya Muzeyinin müdürü Mezsaros kimi ədəbiyyat və düşüncə adamlarını görmək olar.

Yeni heyətin toplantılarını “Təlim Tərbiyyə Heyəti” bölümünün başqanı Mehmed Emin Erişgil idarə edirdi. İstişarə Heyətinin qarşısına orfaqrafik lüğət və yeni qramatika kitabının hazırlanmasıyla yanaşı ehtiyyac duyulan terminlərin türkcə qarşılığının tapılması kimi məsuliyyətli bir vəzifə də qoyulmuşdu. Terminlərin türkləşdirilməsi məqsədiylə 1928-ci ildə Professor Neşet Ömərin başçılığı altında 15 İstanbul Darülfünun müəllimindən ibarət tədqiqat qrupu yaradıldı. Qrup qısa zamanda hazırladığı layihəni Ankarada yerləşən Dil İstişarə Heyyətinə təqdim etmişdir.

Dil İstişarə Heyyəti isə ilk iş olaraq Şəmsəddin Saminin “Kamusi Türki” və Mehmet Bahanın “Yeni Türkçe Lügat”ı əsasında hazırladıqları 2500 sözdən ibarət “İmla Lügatı” kitabını 1928-ci ilin dekabr ayında geniş oxucu kütləsinə təqdim etmişdir. Bu lüğət 1941-ci ilədək təhsil ocaqlarında və bir çox dövlət orqanlarında istifadə olunub.

1928-1932-ci illər arasında türk dilləriylə bağlı bəzi kitablar nəşr olunurdu.Bunlardan ən önəmlisi Sadri Maqsudi Arsalın “Türk dili için: Geçmişteki, Bugünkü ve Gelecekteki Yazı dilimiz” adlı kitabı sayılırdı. Kitab Musdafa Kamal Atatürkün də diqqətini özünə çəkə bilmişdi. Atatürk kitabın içərisinə “Türkcənin savadlı bir şəkildə araşdırılmasıyla” bağlı mövzunun əvvəlində qeyd etdiyinmiz fikirlərini yazmışdır.

1928-ci ilin 17 fevral tarixində Ankarada baş nazir İsmət Paşanın rəhbərliyiylə baş tutan toplantıda yeni “Türk söz kitabı”nın və Laraussenin kitabı əsasında Fransızca-Türkcə lüğətin hazırlanmasıyla bağlı qərarlar qəbul olundu.

Lakin Dil Heyətində yetəri qədər peşəkar dilçilərin olmaması, 1931-ci ildə birliyin dağılmasıyla nəticələndi. Yaqub Qədri Qaraosmanoğlu Dil Heyətini apardığı araşdırmaların heç birində elmi əsaslara istnad etməməkdə günahlandırmış, adı çəkilən sahələrdə yalnız daimi bir qurumun fəaliyyətə başlayacağı təqdirdə müəyyən uğurların əldə edilə biləcəyini söyləmişdir.

1929-cu ildən sonra Atatürk tarix və dil məsələləriylə daha yaxından maraqlanmağa başlamışdır. Avropa tarixi qaynaqlarını araşdıran Atatürk bu kitablarda Türklərin sarı irqdən yaranmış, heç bir mədəniyyətə sahib olmayan, barbar vir topluluq kimi yalnış və əsassız faktlarla alçaldıldığının şahidi olmuşdur. Avropada güclü təbliğatı gedən bu fikirlərin qarşısını almaq üçün öncələri Türk Ocaqlarına bağlı olan “Türk Tarixi Tədqiq Heyəti” 12 aprel 1931-ci ildə “Türk Tarixi Tədqiq Cəmiyyəti” (müasir Türk Tarix Qurumu) adını alaraq fəaliyyətini xüsusi bir dərnək şəklində davam etmişdir.

1932-ci ilin iyul ayında toplanan Türk Tarix Qurultayında seçilən Türk Tarixi Tədqiq Cəmiyyətinin üzvləri bir neçə gün sonra daha dəqiqi 11 ilulda Atatürk tərəfindən prezident malikanəsinə dəvət olunmuşdur. Dəvət əsnasında gələcək il üçün hazırlanacaq “Böyük tarix” kitabıyla yanaşı, Türk tarixi Tədqiq Cəmiyyətiylə paralel şəkildə fəaliyyət göstərəcək Türk Dili Tədqiq Cəmiyyətinin qurulmasına qərar verilir. 1932-ci ilin 12 iyul tarixində bu qurumun yaradılmasıyla Türkiyədə “Dil İnqilabının” rəsmən əsası qoyulmuşdur.Yeni yaradılmış cəmiyyətin sədri Samih Rıfat və ümum yazı işləri müdürü Ruşen Əşrəf Mustafa Kamalın özü tərəfindən bu vəzifələrə təyin olunmuşdu.

XX əsrin ilk yarısında Türk diliylə bağlı görülən bütün tədbirlərin məqsədlərini aşağıdakı şəkildə sıralaya bilərik:

1)Türkcəni Osmanlıcanın dilə zərər vuran qalıqlarından qurtarmaq.

2)Ədəbiyyatçıların diliylə xalqın dilini (danışıqla-yazı dillərini) maksimal şəkildə bir-birinə uyğunlaşdırmaq.

3)Türkiyə Cümhuriyyətində təhsil birliyini əldə etməklə yanaşı təhsilin özünü bütövlüklə milliləşdirmək.

4)Dildə türkcənin öz hesabına yeni sözlərin yaranma prosesini sürətləndirmək.

Günəş Dil Nəzəriyyəsi.

1934-1936-cı illərdə Musdafa Kamal türk və digər dünya dillərinin köklərinin araşdırması sahəsində müxtəlif tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin nəticəsində isə ortaya çıxan “Günəş Dil Nəzəriyyəsi” bir çoxları tərəfindən maraqla qarşılanmışdır. Bu nəzəriyyə türkcənin digər dünya dillərinin yaranmasında təməl rolunu oynaması fikrini müdafiə edir. Başqa sözlə bu nəzəriyyəyə görə dünyadakı bütün dillər Türkcədən doğulmuşdur.

Nəzəriyyənin yaranmasında ən böyük rolu Viyanalı (Avstriya) türkoloq Hermann F.Kivergitch oynayıb. Viyana universitetinin yetirməsi olan Kıvergitch türkcə haqda sosioloji və antropoloji yollarla əldə etdiyi məlumatları S.Freudun psixoanaliz düşüncələriylə birləşdirərək dünya dillərinin qohumluq prinsiplərini müxtəlif yöndən araşdırmağa çalışmışdır. Bu sahədə hazırladığı 41 səhifədən ibarət fransızca yazılmış “Türk dillərindəki bəzi ünsürlərin psixologiyası” adlı araşdırmasını Atatürkə göndərmişdir.

Bu araşdırmasında Kıverditch əldə etdiyi nəticələri türk, monqol, mancur, tunquz, fin, macar, yapon, het illərinə tətbiq etməklə onlar arasında qohumluq əlaqələrinin mövcudluğunu aşkarlamağa çalışmışdır.Ancaq onun araşdırmalarında bu nəzəriyyə “Günəş Dil Nəzəriyyəsi” adıyla verilməmişdi. Bu ad ilk dəfə Atatürk tərəfindən hazırlanan “Etimoloji, Morfoloji və Fonetik baxımdan Türk dili” adlı qeyd dəftərçəsinin yeddinci səhifəsində çəkilib.

Bu nəzəriyyə praktiki baxımdan o dövrdə “Türk dili və tarixi” tezisləriylə əsaslandırılmağa çalışılmışdır. Bu tezislərə görə Aralıq dənizi ətrafında mövcud olmuş mədəniyyətlərin kökü Orta Asiyadan gəlməkdədir. Başqa sözlə Aralıq dənizi ətrafındakı mədəniyyətlər “Əski Türk Mədəniyyətlərindən” qaynaqlanmışdır. Ancaq “Günəş Dil Nəzəriyyəsinin” müasir dövrdə heç bir elmi əsası mövcud deyil.

Bundan əvvəl, daha dəqiqi 1922-ci ildə Almaniyalı mütəxəssis Ernst Böhlen Alman dilinin tarixini qədimlərə apararaq onu dillərin anası hesab edən “Ay dil nəzəriyyəsini” yaratmışdır.

1936-cı ildə Türk Dili Tədqiq Cəmiyyətinin təşkil etdiyi “III Türk Dili Qurultayında” Günəş Dil Nəzəriyyəsi geniş bir şəkildə müzakirə olunmuşdur. Nəzəriyyə dilçilərin marağını bir o qədər çəkməsə də, Atatürk onun araşdırılmasında təkid etmişdir. Günəş Dil Nəzəriyyəsi böyük əksəriyyət tərəfindən “Heç bir əsası olmayan boş bir xəyal” kimi qiymətləndirilmişdir.

Ancaq belə bir məqamda ortaya maraqlı bir sual çıxır.Döyüş meydanlarında və dövlət idarəçiliyində öz dahiliyini sübut etmiş Atatürk kimi şəxsiyyət nəyə görə heç bir elmi əsası olmayan bir nəzəriyyəylə bu qədər dərindən maraqlanmışdır?...Bundan əlavə Musdafa Kamalın tarixən yer üzərində mövcud olduğu deyilən “MU Qitəsiylə” bağlı araşdırmalara başlamasının əsl səbəbi nə idi?... Qəribə də olsa bu sualların cavabı mütəxəssislər tərəfindən hələ də aşkarlanmamış qalır....

Lakin ortada bir fakt var var ki, heç bir elmi sübuta əsaslanmayan bu nəzəriyyə yüz illər boyunca xarici dillərin təsirinə məruz qalmış türkcəyə özünə inamı yenidən qazandıra bilmişdir.

İndi isə Günəş Dil Nəzəriyyəsində danışılan mövzulardan bir qisminə diqqət yetirək...

“...Bu nəzəriyyəyə görə Türklər Rusiya üzərindən Amerika qitəsinə keçərək ilk dəfə buranı kəşf ediblər.Zaman keçdikcə bu ərazilərdə yaşayan türklərə “Qızıldərililər” adı verilmişdir. Qızıldərililər yenicə məskunlaşdıqları bu qitənin özəlliklərini öyrənmək üçün uzunmüddətli səyahətə çıxmışdır. Səyahətləri zamanı qarşılarına çıxan əriyə bənzər yeni bir meyvəylə qarşılaşırlar. Dadının turş olduğu bu meyvə üçün “Ham erik aaa...” ifadəsini işlədiblər.Sonradansa bu söz müxtəlif dəyişikliklərə uğrayaraq müasir “Amerika” şəklini almışdır.

Daha sonra onlar qarşılaşdıqları gurultuyla axan şəlalə qarşısında “Ne yaygara” sözlərini işlədiblər ki, bu da sonradan “Niyaqara” şəklini almışdır.

Səyahətlərinin davamında gördükləri uzun bir çay üçünsə “Aman ne uzun” cümləsini işlədiblər.Bu cümlə də sonradan dəyişərək “Amazon” şəklinə salınıb....”

Yuxarıda verdiyimiz misallar Günəş Dil Nəzəriyyəsində olan nümunələrin ən sadələridir. Ancaq heç bir elmi fakta söykənmədiyindən bu nəzəriyyə daha da inkişaf etdirilməmişdir. Atatürkün vəfatıyla isə bu sahədəki bütün araşdırmalar tam şəkildə dayandırılmışdır....



Cümhuriyyət dönəmi türk ədəbiyyatı

Osmanlı Dövlətinin siyasi, hərbi və iqtisadi baxımdan Avropadan geri qalması hökümət təmsilçilərini bəzi tədbirlər görməyə məcbur etmiş, bu sahələrdə Avropanın necə inkişaf etdiyinin öyrənilməsi üçün bəzi gənclər təhsil almaq məqsədiylə müxtəlif Avropa şəhərlərinə göndərilmişdir. Avropaya xüsusilə Fransaya gedən gənclər oradakı ədəbiyyata heyran qalmış və geri döndükdən sonra gördükləri yenilikləri Türk ədəbiyyatına da tətbiq etməyə başlamışdır.

Cümhuriyyət dönəmi ədəbiyyatını Milli dönəm türk ədəbiyyatından qəti şəkildə fərqləndirmək yalnış olardı. Çünki Milli dönəm ədəbiyyat nümayəndələri ən dəyərli əsərlərini Cumhuriyyətin ilk illərində vermişdirlər. Yaqub Qədri, Xalide Edib, Rəşad Nuri, Rəfiq Xalid və onlar kimi bir çox ədəbiyyatçılar Cümhuriyyət ədəbiyyatının ilk əlli ilinə damğasını vurmuşdur.

Cümhuriyyət dönəmi Türkiyə ədəbiyyatının əsas xüsusiyyətləri:


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə