AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 345.19 Kb.
səhifə1/4
tarix22.02.2016
ölçüsü345.19 Kb.
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Şərqşünaslıq fakültəsinin Türk

filologiyası kafedrasının

Regionşünaslıq (Türkiyə Üzrə)

şöbəsinin IV kurs tələbəsi

Nağıyev Namiq Tahir oğlunun

“Türk dili və ədəbiyyatı”

üzrə bakalavr ixtisas dərəcəsi almaq üçün

TÜRKİYƏ TÜRKCƏSİNİN TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ”

mövzusunda



B U R A X I L I Ş İ Ş İ

Elmi rəhbər:

Fəl.dok A.R.Yunusov

Türk filologiyası kafedrasının

F.e.d.prof. R.Ə.Rüstəmov

BAKI-2012



MÜNDƏRİCAT

GİRİŞ.................................................................................................... 4



I FƏSİL

    1. Qərb türkcəsi haqqında ümumi məlumat ........................................ 7

1.2 Qərb türkcəsinin yaranması ................................................................... 8

1.3 “Keçid Dövrü” və ya Qaraxanlı dönəmində türk dili və ədəbiyyatı ................................................................................................................ 9



II FƏSİL

Türkiyə türkcəsinin tarixi inkişaf mərhələləri ................ 12

2.1 Əski Anadolu Türkcəsi ........................................................................... 12

2.2 Əski Anadolu Türkcəsi dönəmi ədəbiyyatı (XIII əsr) .............. 16

2.3 Əski Anadolu Türkcəsi dönəmi ədəbiyyatı (XIV-XV əsrlər) .. 18

2.4 Osmanlı Türkcəsi ...................................................................................... 22

2.5 Osmanlı dönəmi türk ədəbiyyatı (XV- XVI ƏSRLƏR) ........... 28

2.6 Osmanlı dönəmi türk ədəbiyyatı. (XVII-XIX əsrlər) .................. 31

2.7 Tənzimat fərmanının Osmanlı dili və ədəbiyyatına təsiri ... 34

2.8 Sərvəti Fünun və Fəcri Ati topluluqları .......................................... 37

2.9 Milli Dönəm Türkiyə ədəbiyyatı. (1911-1923-cü illər) “Yeni Lisan” Hərəkatı ..................................................................................................... 39

2.10 Cümhuriyyət Dönəmidə Türkiyə Türkcəsi ................................. 41

2.11 Əlifba dəyişimi ......................................................................................... 42

2.12 Dil İnqilabı ................................................................................................. 45

2.14 Günəş Dil Nəzəriyyəsi .......................................................................... 47

2.15 Cümhuriyyət dönəmi Türkiyə ədəbiyyatı .............................. 49

NƏTİCƏ .................................................................................................... 52

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ............................................... 57



Giriş.

XI əsrin əvvəlləri türk xalqları tarixinin önəmli dönüş nöqtələrindən sayılır. 999-cu ildə Qaraxanilərin Samanoğullarını (Samaniləri) süquta uğratması Xorasan və İranda siyasi boşluğun yaranmasıyla nəticələndi.

Bu dönəmdə Seyhun çayı sahillərində məskunlaşmış Oğuz türkləri şimal qonşuları olan qıpçaqların artan təziqlərinə davam gətirməyərək əvvəlcə Mavərünnəhrə,sonradansa Xorasan və İran ərazilərinə köç etmək məcburiyyətində qalmışdır.Bu köç sayəsində yuxarıda adı çəkilən ərazilərdə yaranmış olan siyasi boşluq qismən doldurulmuşdur.

Səlcuq ailəsinin başçılığı altında qüvvətli siyasi birlik halına gələn Oğuzlar 1064-cü ildən Qars və Şimali Azərbaycana,1071-ci ildənsə Anadoluya nüfuz etməyə başladılar.

Malazgirt savaşında qazanılan qələbə sonrası Mərmərə və Adalar dənizi ətrafına yolları açlan Oğuz türkləri Xaçlı səfərlərinin başlamasıyla geri addım atmağa məcbur oldu. XII əsr Oğuzların tarixində Xaçlılar və Bizans ordularına qarşı saysız müharibələrlə yadda qalıb.

1176-cı ildə II Kılıç Aslanın Bizans üzərində əldə etdiyi möhtəşəm qələbə Anadoluda türklərin gələcək taleyini həll edən ən önəmli faktorlardandır. Bu qələbəylə həm qısa zamanda türklərin Anadoluda məskunlaşacağı bir daha təsdiqlənmiş,həm də Qərbi Anadoluya gedən yollarda əsas maneələr aradan qaldırılmışdır.

XIII əsrin əvvəllərində Çingiz xanın şərqdən-qərbə doğru fəthlərə başlaması Türküstanda qalmış Oğuzların digər qisminin də Azərbaycan və Anadoluya köç etməsinə səbəb olmuşdur.Bu da öz növbəsində hər iki bölgədə iki yeni və böyük türk yurdunun yaranmasıyla nəticələnmişdir.

Çingiz xan və oğullarının təziqləri nəticəsində Anadolu Səlcuqları siyasi və iqtisadi cəhətdən zəifləsə də, Anadoluda olan türk əsilli əhalinin sayında sürətli bir artım müşahidə olunmuşdur.

1243-cü ildə Kösədağda qarşılaşdıqları məğlubiyyət nəticəsində Səlcuqların Anadoludakı siyasi birliyi rəsmən sona çatmış,bu ərazilərdə Manqolların hakimiyyəti başlamışdır.

Anadoluda əvvəl də qeyd etdiyimiz kimi türk əsilli əhalinin surətli artımı bu ərazilərdə bir çox bəyliklərin yaranmasına səbəb olmuşdur.1256-1336-cı il illərdə Anadolu bütövlükdə Elxanilərə bağlı olan bəyliklər tərəfindən idarə olunmuşdur.1336-cı ildəysə Elxanilərin siyasi səhnəni birdəfəlik tərk etməsiylə bu bəyliklər mütəqillik əldə etmişdir.Anadolu səlcuqlarınınsa getdikcə zəifləməsi onların 1308-ci ildə rəsmən süquta uğramasıyla nəticələndi.

Qısa icmalını verdiyimiz bu tarixi hadisələrin meydana gətirdiyi nəticələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1)İkinci minilliyin əvvəlinədək türklərin üzünə bağlı olan İran,Azərbaycan və Anadoluya gedən yollar açılmış,bu ərazilər XIII-XIV əlrlərdən tarixi türk məskənləri adını almışdır.

2)Min ildən artıq bir müddətdə Balkan yarmadası və Orta Şərqin ən böyük siyasi qüvvəsi sayılan Şərqi Roma süquta uğradılmış,onun yerini türklərin qurmuş olduğu Osmanlı adlı yeni bir dövlət almışdır.

3)Və nəhayət bu tarixi hadisələrin ən böyük nəticələrindən biri də dil sahəsində görülmüş,Orta şərq və Balkanlarda Oğuz ləhcəsi əsasında yaradılmış ikinci bir dil (türk dili) geniş yayılmışdır.

Heç şübhəsiz ki,Oğuzlar hələ Seyhun çayı sahillərində yaşadığı dövrdə şifahi ədəbiyyata malik idi.O dönəmdə yaşayan,adını türk mədəniyyət tarixinə yazdıra bilən və müəyyən bir elmi səviyyəyə çatmış ədiblər ədəbi dil kimi Xaqaniyyə Türkcəsindən istifadə etmişdir.

Ümumiyyətlə isə dünyada mövcud olan bütün türk dillərinin inkişaf mərhələlərini tarixi xronoloji baxımdan aşağıdakı şəkildə qruplaşdırmaq olar:



I mərhlə -Ən qədim dövr (Altay Hun dövrü)- E.ə IV minillikdən eramızın V əsrinədək

II mərhələ -Qədim dövr – V əsrdən etibarən X əsrədək olan dövr.

III mərhələ - Orta dövr - X əsrdən XV əsrədək olan dövr.

IV mərhələ - Yeni dövr – XV əsrdən XX əsrədək

V mərhələ - Ən yeni dövr – XX əsrdən bu günədək

Türk xalqları öz tarixi inkişafları boyunca bir çox əlifbalardan istifadə etmişdir.Onlardan Soqd, Çin, Yəhudi,Göytürk, Uyğur, Ərəb, Kiril ,Latın əlifbalarının adını çəkmək olar.Bu əlifbalarla yazılmış yüzlərlə abidə günümüzdə tarixi türk mənbələri kimi yüksək qiymətləndirilir.

XIX əsrdən etibarən müxtəlif türkoloqlar tərəfindən türk dilləri “tarixi inkişaflarına” , “dillər arsındakı morfoloji və fonetik əlamət yaxınlığına” , “xalqların coğrafi məkan qonşuluğuna” görə bir neçə qrup və yarımqruplar şəklində təsrif olunmuşdur.

Bu təsnifatlar içərisində rus dilçilərindən İ.N.Berezinin, V.V.Radlovun, F.Y.Korşun, A.N.Samoyloviçin fikirləri diqqətə laiqdir. Digər dünya ölkələrində isə türk dillərinin təsnifatı V.Şott, Y.Nemet, Q.Ramsted, M.Rəsənen, L.Ligeti, K.Grönberq, İ.Bentsinq kimi türkoloqlar tərəfindən verilmişdir.

Müasir dövrdə türkologiyada “Türk dillərinin təsnifiylə bağlı” əksəriyyət tərəfindən qəbul edilən bölgü Baskakov və Kononova məxsusdur. Azərbaycanlı türkoloqlardan Fərhad Zeynalov da bu bölgünü məqbul hesab edir.Həmin təsnifata görə otuza yaxın türk dili yeddi qrupda aşağıdakı şəkildə birləşir:

1) Bulqar qrupu türk dilləri (Bulqar, Xəzər və Çuvaş dilləri)

2) Oğuz qrupu türk dilləri (Azərbaycan, Qaqauz, Türkiyə türkcəsi, Türkmən dilləri)

3) Qıpçaq qrupu türk dilləri özü bir neçə alt qrupa bölünür.(Karaim, Qaraçay-Balkar, Kumık, Krım Tatar, Başqırd, Tatar, Qazax, Qaraqalpaq, Noqay dilləri)

4) Karluq-uyğur qrupu türk dilləri (Qədim,yeni və Sarı Uyğur dilləri,Salar, Özbək dilləri)

5) Uyğur Oğuz qrupu türk dilləri (Tofalar, Xakas ,Şor ,Tuva dilləri)

6) Qırğız qıpçaq qrupu türk dilləri (Altay və Qırğız dilləri)

7) Yakut qrupu türk dilləri (Yakut dili)

...“Türk dillərinin həm tarixilik, həm də çoğrafi əlamətlətrə görə bölmək baxımından Təhsin Banquğolunun təsnifi diqqəti cəlb edir. O türk dillərini aşağıdakı kimi qruplaşdırmışdır:



1)Hunlar: Volqaboyunda (Çuvaşlar), şimal-qərbdə (Yakutlar)

2)Türk-tatar və qırğız-tatar dilləri

Müəllif sonra “türk-tatar” dilləri qrupunu Şərq və Qərb qrupu deyə iki yerə ayırır. O qırğız-tatar dillərinə Kazan tatarlarının, başqırdların, Krım tatarlarının, qaraçaylıların, qazaxların, qırğızların, qaraqalpaqların, noqay və altayların dillərini aid edir. Qərb türklərinə isə Anadolu (və Rumeli) , Azərbaycan, türkmən , qaqauz və Krım tatarlarının dillərini daxil edir”.... (F.Zeynalov-Tükologiyanın Əsasları.Bakı-1981.Səh:65)



I Fəsil.

Qərb Türkcəsi haqında ümumi məlumat.

Qərb Türkcəsi XII-XIII əsrlər arasında Şimali və Cənubi Azərbaycan,Şimali İraq,Şimali Suriya,Anadolu,Kipr,Balkan yarmadasın,Krım xanlığı və Şimali Afrika kimi geniş bir sahəni əhatə edən ərazilərdə istifadə olunan bir dildir. Krım xanlığında Qərb Türkcəsi XVI əsrin əvvəllərindən XX əsrin ilk yarısınadək yazı dili funksiyasını yerinə yetirsə də,xanlığın sahilyani bölgələrində ondan yalnızca danışıq dili kimi istifadə olunub.Kipr adasında Türk dili hələ XVI əsrdən etibarən həm yazı,həm də danışıq dili kimi qəbul olunmuşdur.Qərb Türkcəsi vaxtiylə böyük Osmanlı imperatorluğunun bir parçası olmuş Şimali Afrikada da XVI-XIX əsrlərdə (təqribən 300 il) danışıq və yazı dili kimi istifadə edilmişdir.Səffəviər dönəmində İranda yerli əhali arasında Türk dilindən istifadə geniş vüsət alsa da XIX əsrin birinci yarısında baş verən bir çox tarixi-siyasi hadisələrdən sonra İranın özəlliklə azərbaycanlılıarın sıx yaşadığı Şimal ərazilərində türk dili farsca tərəfindən sıxışdırılmağa başlandı.

Günümüzdə Qara dəniz,Qafqaz Sıra Dağları və Xəzər dənizi Şimali-Şərq Türkcəsiylə Qərb Türkcəsini bir-birindən ayıran təbii-coğrafi sərhəddlər sayılır. Müasir dövrdəysə Qərb Türkcəsinin fasiləsiz istifadə olunduğu ərazilərə Anado- lunu, Balkan yarmadasını,Şimali və Cənubi Azərbaycanı,Şimali İraq və Şimali Suriyanı aid etmək olar.İranın Şimali-Şərq hissəsində yerləşən Xorasan bölgəsi və Türkmənistanda da bu gün Qərb Türkcəsinin təsiri açıq-aşkar görülməkdədir. Türkmənistanda bu dil XX əsrin əvvəllərindən etibarən yazı dili funksiyasını da yerinə yetirməyə başlayıb.

Əvvəllər yalnız danışıqda önəmli rola sahib olan Oğuz ləhcəsi XIII əsrdən etibarən Azərbaycan və Anadoluda yazı dili şəklinə salınıb.Qərbi türkcə XIII əsrdən XV əsrin sonunadək Azərbaycan,Anadolu,İraq,Suriya və Balkanlarda vahid yazı dili kimi istifadə olunub.Bu dönəm bir çox dünya türkoloqları tərəfindən müxtəlif şəkildə adlandırılmışdır.

Başlanğıcda özəlliklə bəzi avropalı mütəxəssislər bu dövr üçün “Altosmanische” (Əski Osmanlıca) terminini istifadə ediblər.

Türkiyədəysə Qədim Osmanlıca termini ilk dəfə 1944-1947-ci illərdə Səadət Çağatay tərəfindən istifadə olunub.Sonrakı araşdırmaların nəticəsi olaraq meydana çıxan Əski (Qədim) Anadolu Türkcəsi termini Balkan yarmadasında yaşayan türkləri əhatə etmədiyindən Faruk Timurtaş tərəfindən etirazla qarşılandı.

Faruk Timurtaş özünün “XV Əsrin Qramatikasına Dair” əsərində Əski Türkiyə Türkcəsi terminini irəli sürmüşdür.Lakin bu termin də Azərbaycanda yaşayan türklərin istifadə etdiyi dili əhatə etmədiyindən tükoloqlar tərəfindən birmənalı bir şəildə qarşılanmadı.Bundan sonra ümumi türkoloqların yetgil fikrinə əsasən dönəm üçün “Əski Oğuz Türkcəsi” deyə adlandırılmışdır.Əski Oğuz Türkcəsi Azərbaycan və Anadolu türklərinin ortaq yazı dili hesab edilir.

Ancaq dilçilər XIII-XV əsrlərdə istifadə olunmuş Qərb türkcəsini tam şəkildə formalaşmış bir dil kimi qəbul etməyiblər.Buna səbəb kimi isə bu dönəmdə yazaıb-yaradan şairlərin müxtəlif morfo-fonoloji şəkillərdən istifadə etmələrini göstəriblər.

Belə ki o dönəmdə Sivasda fəaliyyət göstərən Qazi Bürhanəddin yaradıcılığında sonradan Azərbaycan dilinin formalaşmasında təməl daşları funksiyasını yerinə yetirəcək şəkillər görülərkən,şərqdə Ərzurumlu Daririn dilində sonradan Osmanlıcada görüləcək şəkillər ağırlıq təşkil edir.

Bu xüsusiyyətinə görə Əski Oğuz Türkcəsi Azərbaycan və Osmanlı yazı dilinin ortaq atası sayılır.Qədim Oğuz türkcəsində hər iki dilin fərqli özəlliklərini bir arada görmək olar.

Qaraqoyunlu-Ağqoyunlu və Osmanlı dövlətlərində mövcud olmuş fərqli siyasi dünya görüşlərinə görə XV əsrdə parçalanma dönəmi yaşamış Əski Oğuz Türkcəsi XVI əsrin əvvəllərində Səffəvilər dövlətinin yaranmasıyla iki qola (Azərbaycan və Osmanlı dillərinə) ayrıldı.

Azərbaycan dilinin ilkin inkişaf mərhələsi XVI əsrin əvvəllərindən XIX əsrin ortalarınadək olan illəri əhatə edir.Bu dönəm dilçilik ədəbiyyatlarında “Klassik Azərbaycan Türkcəsi” kimi adlandırılır.Bu dönəmin ən önəmli təmsilçilərindən Şah İsmayıl Xətayi,Füzuli,Molla Pənah Vaqifin adını çəkmək olar.

XIX əsrin ortalarından XX əsrin otuzuncu illərindədək keçid dönəmi yaşamış Azərbaycan dili 1930-cu ildən etibarən “Müasir Azərbaycan Dili” mərhələsinə keçmişdir.Keçid dönəminin başlıca simaları Mirzə Fətəli Axundzadə,Həsən bəy Zərdabi,Mirzə Ələkbər Sabir,Hüseyn Cavid,Məhəmməd Hadi,Cəlil Məmmədquluzadə sayılır.

XVI-XX əsrlərdə Osmanlı imperatorluğunda istifadə olunan Türkcə “Osmanlı Türkcəsi və ya Osmanlıca” adıyla tarixə düşüb.

Bəzi şərq ədəbiyyatçıları bu dili hətta “Zəbani Türki və ya Lisani Türki” deyə də adlandırmışdır.Azərbaycanın özündəysə “Türkcə və ya Türk dili” termini 1930-cu illərdən başlayaraq geniş istifadə edilməyə başlanıb.

Qərb türkcəsinin yaranması.

XI əsrdən etibarən İran,Azərbaycan və Anadoluya gələn əhalinin köçəri həyat sürdüyünü nəzərə alsaq,onların yüksək elmi bacarıq tələb edən Xaqaniyyə Türkcəsindən hansı səbəbə görə geniş istifadə etmədiklərini asanlıqla anlaya bilərik.Bu köçəri əhali bir-biriylə ünsiyyət qurmaq üçün Oğuz danışıq dilindən istifadə etmişdir.

Onlar bu dildə danışmış, Oğuz ləhcəsini dastanlar,xalq şeirləri,atalar sözləri,nağıllar kimi şifahi xalq ədəbiyyatı nümunələrində geniş bir şəkildə istifadə etmişlər.Ancaq Oğuzların bura köç etməsindən heç əlli il keçməmiş Anadoluda Orta Şərqin ən böyük dövləti olmuş Böyük Səlcuq İmperatorluöğunu qurdular.

İmperya böyüdükcə ortaya vahid dil problemi çıxırdı.Önccələri Oğuzlar gəldikləri bu yeni torpaqlarda iki hazır dillə qarşılaşdılar.Bunlardan biri əsrlərdir ədəbiyyat dili olaraq istifadə olunmuş və Səlcuqların önəmli vəzifələrdə olan şəxslərinin ana dilləri saydıqları fars dili idi.Digər bir dil isə Oğuzların da qəbul etdiyi İslamın müqəddəs kitabı “Qurani Kərimin” dili olan ərəbcəydi.Hər iki dil əsrlər boyunca cilalanmış, güclü bir dil kimi formalaşmış,elmi və ədəbi əsərlərin önəmli göstəricilərinə çevrilmişdir.Yaranmış bu tarixi fürsətdən layiqincə istifadə etmiş Səlcuqlar qısa zamanda ərəbcəni diplomatiya,farscanı isə ədəbiyyat dili kimi qəbul etdilər.

XI-XII əsrlərdə ərəb və fars dillərindən istifadə edən Oğuzlar cəmi bir neçə əsr sonra “Oğuz ləhcəsi” əsasında öz dillərini “Türkcəni” yaratmışdır.Oğuz ləhcəsi əsasında və qısa zaman kəsiyində formalaşmış yeni yazı dilinin yaranma səbəblərini aşağıdakı kimi sıralaya bilərik.

1) XI-XII əsrlərdə Azərbaycan və Anadoluya köç etmiş türklərin sayı o qədər də çox deyildi.Onlar həmçinin özlərindən dəfələrcə qüvvətli olan Bizans və Xaçlı ordularıyla da tez-tez müharibələr etməyə məcbur olurdu.

XII əsrdə Oğuzların köçünün davam etməsiylə yanaşı, XIII-cü əsrin əvvəllərində Çingiz xanın meydana çıxması yuxarıda adları çəkilən ərazilərdə mövcud türk əhalisinin sayına öz təsirini göstərmişdir.Və beləliklə müəyyən bir ərazidə durmadan artan türk əsilli əhali arasında vahid ünsiyyət dilinin yaranması tələbatı üzə çıxmışdır.

2)Çingiz xanın və oğullarının Qərb səfərləri Türküstanda böyük dəyişikliklərə səbəb oldu.Qaşqar bölgəsində mövcud olan türk ədəbi dil mühiti Xarəzmə qədər çatmış,oğuz türklərinin yaşadığı ərazilərə bir qədər də yaxınlaşmışdır.

Yaşadıqları ərazilərin uzaqlığı baxımınbdan Qaşğar ilə əlaqə yarad bilməyən Azərbaycan və Anadoludakı oğuzlar Elxanilərin hakimiyyəti dönəmində Xarəzmlə birbaşa əlaqədə olmaq imkanı əldə etmişdir.Üstəlik Elxanilərin bürokratiyası daxilində də türk ədəbi dilini istifadə edən uyğur əsilli katiblər vardı.

3)İlk iki əsrdə köç edən oğuzlar köçəri olmuş və Türküstanda mövcud olan ədəbi dili bilməmişdir.Lakin Monqol istilası dönəmində şəhərlərdə yaşayan oğuzlar da Anadoluya pənah gətirmişdir ki,onların az da olsa bir qismi Türküstanda istifadə edilən yazı dili mədəniyyətindən xəbərdar idilər.

Fuad Köprülü özünün “Türk edebiyatında ilk mutasavvuflar” adlı əsərində Əhməd Yasəvi kimi Türküstanda mövcud olmuş dildə yazan şairlərin Yunis Əmrə və Mövlanə üzərindəki təsiri haqda məlumatlar vermişdir.

4)Türklər tarix boyunca rəngarəng bir din və təsəvvüf inancına sahib olmuşdur.Həyata dair bu inancların,təsəvvüflə bağlı görüşlərin,əxlaqi prinsiplərin xalqa onların asanlıqla anlaya biləcəyi bir dildə çatdırmaq lazım idi.Bu fikirlərin getdikcə dərinləşməsi dövrün sənətkarlarında xalqa yaxın olan bir dildən istifadə etmək istəyini daha da qüvvətləndirmişdir.

5)Başqa bir səbəb olaraqsa oğuzların zəngin şifahi ədəbiyyata sahib olmasını göstərmək olar.Yazıya alınmamış olan,ağızdan-ağıza keçərək yaşamını sürdürməyi bacaran hekayə və dastan mədəniyyəti şübhəsiz ki,yazılı dilin formalaşmasında əvəzsiz rola sahib olmuşdur.

6)Və nəhayət Anadolu Səlcuqlarının süqutundan sonra bu ərzilərdə bəyliklərin meydana gəlməsi də türk dilinin əsas yaranma səbəblərindən biridir.

Candaroğulları, Qaramanoğulları, Aydınoğulları, Osmanoğulları kimi bəyliklərin başında duran türk əsilli sərkərdələr ərəbcə və farscanı qəbul etmək istəmirdilər.Ancaq onlar bir dövlətin mütləq sənətkar və ədəbiyyatçıları himayə etməli olmasını da yaxşı anlayırdılar.Bu məqsədlə də onlar sələflərindən fərqli olaraq türkcə yazıb yaradan alim,şair və ədibləri öz saraylarında toplamağa başlamışdılar.

Keçid Dövrü və ya Qaraxanlı dönəmi türk ədəbiyyatı.

Yuxarıda sadaladığımız coğrafi,siyasi,demoqrafik və linqvistik səbəblər Azərbaycan və Anadoluda yeni bir yazı dilinin meydana gəlməsinə yol açmışdır. Qərb türkcəsinin meydana gəlməsiylə bağlı dilçilər arasında ən çox fikir ayrılığına səbəb olan mövzulardan biri də “Keçid dövrü” kimi dəyərləndirilən “Qarışıq dilli əsərlər” dönəmidir.

Qarışıq dilli əsərlər Qaraxanlı Türkcəsi ilə Anadolu türkcəsi arasında “Keçid dövrünü” təmsil edir.Bu dönəmdə yazılan əsərlərə “Behcətül Hədaiq Fi Mevizati Həlaiq”in Bursa nüsxəsi, Qul Əlinin “qisseyi Yusif”,”Kitabi Güzudə”, “Kitabi Fəraiz” ,Süleymaniyyə kitabxanasında aşkar olunmuş “Quranın tərcüməsi”,Mövlanənin türkcə şeirlərini və Şəyyad Həmzənin bəzi mənzumələrini aid etmək olar.

Başqa sözlə Qaraxanlı türkcəsiylə Əski Anadolu türkcəsi arasında sıx əlaqə telləri mövcuddur.Bu mövzuyla bağlı ilk dəfə Rəşid Rəhməti Arat 1956-cı ildə “Beşinci Türk Tarix Konqresində” çıxış etmişdir. Arat məsələylə bağlı fikrini bu sözlərlə ifadə edir:

“Cenup Şivesinin (Batı Türkçesinin) bu güne kadar malum olan en eski metinler 13.arın ikinci yarısına ait bulunduğuna göre bundan önceki 13.,12. hatta 11. Asırlara ait metinler nerede?...” (Arat 1987:317)

Rəşid Rəhməti Arat “Əqaidi İslam” adlı əsərdə aşkarladığı bir qeydə istinad edərək haqqında danışdığı dönəməaid əsərlərin mövcud olmasının labüdlüyünü düşünür.Və bu əsərlərin dil baxımından baxımından keçid dönəmi xüsusiyyətlərinə malik olması gərəkdiyini bildirir.

1989-cu ildə Muharrem Ergin və Səaddəddin Buluç tərəfindən aşkarlanan “Behcətül Hədaiq” və Bursada tapılmış “Şərhül menari” türkcənin XIII əsrdən əvvəlki mərhələsini təşkil edən dövrün bədii nümunələri sauılır.

“Behcətül Hədaiq” üzərinə dissertaiya işi yazan Mustafa Canpolad bu əsərin “Oğuz ləhcəsinin ilk ədəbi nümunələrindən olduğunu bildirir.Və bu əsəri XII əsrinsonu, XIII əsrin əvvəllərinə aid edir.Onun fikrincə yerli ləhcələrə aid bütün xüsusiyyətlər bir anın içərisində yazı dilinə daxil olmamışdır.

Ləhcələrlə ədəbi dil arasında gedən uzun illik qarşılıqlı mübarizələr nəticəsində “Keçid dönəmi” adı verilən dövrə aid ədəbi nümunələr meydana gəlmişdir.Tanınmış türk Filoloqlarından olan Zeynəb Qorxmaz da 1973,1974 və 1994-cü illərdə mətbuatda çıxan yazılarında M.Canpoladın fikirlərini dəstəklədiyini bildirmişdir.

Bu məsələyə münasibət bildirən başqa bir dilçi Şinasi Təkin “Oğuz yazı dilinin yaranmasını sırf Əski türkcənin təsiri altında yaranmasını qəbul edəcəkləri təqdirdə Yunus Əmrə,Aşıq Paşa,Əhməd Fakih və Sultan Vələdin bu cərəyandan kənarda qalacağını bildirir”.



II FƏSİL.

Türkiyə türkcəsinin tarixi inkişaf mərhələləri.

Qərb türkcəsi (Türkiyə türkcəsi) öz daxilində üç əsas inkişaf mərhələsinə bölünür. Bu mərhələlər aşağıdakılardır:



  1. Əski Anadolu Türkcəsi – XIII-XV əsrləri əhatə edir. Əski Türkcənin müəyyən xüsusiyyətlərini özündə birləşdirir. Bu özəlliyinə görə Qərb Türkcəsinin keçid mərhələsi də adlanır. Bu dönəmdə ərəb və farscanın dil üzərindəki təsiri o qədər də qüvvətli deyil. Səlcuqlar, Anadolu Bəylikləri və Osmanlıların ilkin ədəbi dili sayılır. Azərbaycan və Osmanlı arasında dil fərqi o qədər də böyük olmayıb.

  2. Osmanlıca – Qərb türkcəsinin ikinci inkişaf mərhələsidir. XVI-XX əsrləri əhatə edir. Əski türkcənin izləri tamamiylə silinmiş, onu ərəb və fars ibarələriylə dolu yeni qramatikaya əsaslanan bir dil əvəzləyir. Üç dilin özəlliklərini daşıyan Osmanlıca İstanbulun fəthindən, imperiyanın süqutuna qədərki dönəmdə ədəbi dil kimi istifadə olunub.

  3. Türkiyə Türkcəsi - Qərb türkcəsinin üçüncü inkişaf mərhələsidir. 1908-ci il Məşrutiyyənin elanedilməsiylə başlamış və bu gün də, davam etməkdədir. Bu dönəmdə Osmanlıcada görülən xarici dillərin təsiri maksimal səviyyədə azaldılmışdır.

Əski Anadolu Türkcəsi

Əski Anadolu Türkcəsi və ya Əski Türkiyə Türkcəsi deyə adlandırılan bu dil Oğuz-Türkmən ləhcəsi əsasında formalaşmış,13-15-ci əsrlər boyunca Anadolu və Rumeli bölgələrində geniş bir şəkildə istifadə olunmuşdur. Günümüzdə Türkiyə və Avropanın bir çox kitabxanalarında bu dildə yazılmış yüzlərcə əsərin mövcudluğu Əski Anadolu Türkcəsi dönəminin Türk dil tarixindəki önəmli yerini bir daha gözlər önünə sərir.

13-cü əsrədək Oğuz boyları Orta Asiya Türk dövlətlərinə siyasi və sosial müstəvidə təsir etmə gücündə olmadığından, onların 13-cü yüzülliyədək istifadə etdiyi ləhcələri də bu dönəmdə məskunlaşdıqları ərazilərdə o qədər də geniş yayılmamışdır.Oğuz dilinin Əski Anadolu Türkcəsindən də əvvəlki tarixi dönəmlərini Oğuz Türk boylarının tarixdəki mövqeyindən asılı olaraq iki əsas yarım dövrə ayıra bilərik.İlk mərhələ 6-11-ci əsrləri, ikinci mərhələ isə 11-13-cü əsrləri əhatə edir.

Bildiyimiz kimi,Oğuzlar Göytürklərin mövcud olduğu tarixi dövrə paralel bir dönəmdə 6-cı əsrdən bəri öz varlığını sürdürməkdədir. 6-11-ci əsrləri əhatə edən və Türk dil tarixində “Əski türkcə” deyə adlandırılan dönəmdə Oğuz türk boyları öz varlığını Göytürk (552-745-ci illər) , Uyğur (745-840-cı illər) və Qaraxanlı (912-1212) kimi türk dövlətlərinin daxilində də olsa qoruyub saxlaya bilmişdir. Bəzənsə Oğuzlar tabe olduqları dövlətlərin siyasi arenasında önəmli dəyişikliklər həyata keçirməyə də müvəffəq olmuşdur.

Orxon və Yenisey kitabələrindəki qeydlərə əsasən Oğuzların 7-ci əsrin ilk yarısında Yenisey vadisinin Barlık çayı sahillərində, 7-ci əsrin ikinci yarısında Tula çayı boyunca və Ötükən ətrafı ərazilərdə məskunlaşdıqları müəyyən olunmuşdur.Göytürkləri əvəz edən Uyğurlar dönəmində Orxon çayı hövzəsində yaşamış olan oğuzlar Qaraxanlıların (Qaraxanilərin) hakimiyyəti illərində ölkənin qərb sərhəddlərinə yerləşmişdir.Bu türk boyuna məxsus əhali həmçinin 99-11-ci əsrlərdə Aral gölünün şimal ərazilərində və Seyhun (Sırdərya) çayının hər iki sahilində məskunlaşmışdır.Hələ 10-cu əsdə bu ərazilərdə yaşayan Oğuzlar mərkəzi Yenikənd olmaqla bir “Yabqu Dövləti” də qurmuşdur.Oğuz-Türkmən boylarının tarixdə belə bir mövqeyə sahib olmasına rəğmən, Oğuzca ədəbi dil olaraq özünü birmənalı şəkildə təsdiqləyə bilməmişdir.Əslində “Əski Türkcə” adlanan bu dönəm dil özəllikləri baxımından özündə bir neçə ləhcənin xüsusiyyətlərini əks etdirir.

Oğuzların tabe olduqları Türk dövlətləri daxilində də müxtəlif ləhcələrdə danışan türk boylarının olması istər Göytürk abidələrində, istərsə də digər ədəbi nümunələrdə dil fərqliliyi məsələsini ortaya çıxarmışdır. W.Rodlovun bu məsələylə bağlı araşdırmaları diqqətə laiqdir.

S.E.Malou isə Orxon və Yenisey abidələrində mövcud olan ləhcə fərqliliyinə “Əski şimali oğuzcanın” təsir etdiyini göstərməyə çalışmışdır.

A.Von Gabain Uyğur ədəbi nümunələrində olduğu kim,Orxon və Yenisey abidələrində də görülən ləhcə fərqlilikləri üzündən vahid dil birliyinin olmadığını bildirir.O öz araşdırmalarında hansı türk boylarına aid olduğu hələ də təsbit olunmamış beş müxtəlif ləhcəni üzə çıxarmışdır.

Lakin Oğuzların Uyğur və Göytürk hakimiyyəti illərində mədəniyyətlərini sürətli bir şəkildə inkişaf etdirmələri onların bu ölkələrdə istifadə olunan dillər üzərindəki təsir dairələrini getdikcə artırmışdır.Hətta A.K.Borovkov Qraxanlı dönəminə aid edilən “Anonim Quran Təvsirində” də Oğuzcanın təsirinə rast gəlindiyini ortaya çıxarmışdır.

11-13-cü əsrlərdə Oğuz türkləri Orta Asiyada daha da geniş ərazilərə yayılaraq Yenikentlə yanaşı Haare, Cənd, Sepren, Suğnak, Karaçuk (Fərab), Barçınlıq-Kənd, Əcnas, Uzkənd, Sırlı-Tam kimi şəhərlər qurmuşdur.Bu əsrlədə Oğuzlar Sırdərya çayının hər iki sahilində yarımköçəri və oturaq həyat sürmüşdür.

Mahmud Qaşğari oturaq həyat keçmiş Oğuzların yüksək mədəniyyətə malik şəhərlərdə yaşadığını bildirmişdir. 11-13-cü əsrlər həmçinin Oğuzların Orta Asiyadan qərbə doğru uzanan siyasi mövqelərinin gücləndiyi dönəm sayılır.Belə ki,11-ci əsrdə böyük Səlcuq imperiyasının qərb istiqamətində həyata keçirdiyi köçlər sayəsində Oğuzlar yalnız Sırdərya,Mavərünnəhr,Xarəzm və Xorasan kimi şəhərlərdə deyil,Azərbaycan üzərindən keçməklə Abbasilər xilafətinin paytaxtı, o dönəmin mədəniyyət mərkəzi sayılan Bağdadda da məskunlaşmışdır.

11-ci əsrin sonlarında Mahmud Qaşğarinin “Divani Lüğət-it Türk” əsərində Oğuzlara və Oğuzcaya xüsusi yer verməsi şübhəsiz ki bu dönəmdə Oğuz türklərinin Orta Asiya və Qərbi Türküstanda önəmli siyasi qüvvəyə çevrildiyini göstərən faktorlardandır.Həqiqətən də Oğuz Türkcəsi haqda ilk və ən dəqiq məlumat Mahmud Qaşğari tərəfindən verilmişdir.Onun verdiyi məlumatlara əsasən Oğuzcanın 6-cı əsrdən mövcud olan Qaraxanlı (Xaqaniyyə) türkcəsindən 11-ci əsrin sonlarında tam şəkildə ayrıldığını müəyyənləşdirmək mümkündür.Lakin bir şeyi unutmaq olmaz ki, 11-ci əsrin sonlarında da Oğuz ləhcəsi yalnız danışıqda istifadə olunmuş, vahid ədəbi dil səviyyəsinə yüksələ bilməmişdir.

Oğuz Türkcəsinin ikinci inkişaf mərhələsi 12-13-cü əsrləri əhatə edir.Bu mərhələ Qaraxanlı yazı diliylə Oğuzca arasında bir keçid dönəmi də sayılır. Keçid dönəmində yazıldığı güman olunan bir çox ədəbi nümunələrin müəllifi və yazılma tarixi tam şəkiləd müəyyənləşdirilməyib. Yəni bu mərhələnin ədəbi nümunələrindən hesab edilən “Behcətül Hədaiq”,Qul Əlinin “Qisseyi Yusif”,”Kitabi Güzidə”,”Kitabi Fəraiz” kimi əsərlərdə həm Oğuzcanın , həm də Qaraxanlı yazı dilinin təsiri aydın şəkildə görülür.

Üçüncü inkişaf mərhələsi Oğuzların Orta Asiyadan uzaq bir coğrafi məkan olan Anadoluda müstəqil bir dövlət qurmalarından (1077) və 13-cü əsrin ikinci yarısından başlayaraq yaratmış olduğu Əski Anadolu Türkcəsi dönəmidir.Təbii ki,Əski Anadolu Türkcəsinin yaranma prosesi asan bir şəkildə başa gəlməmişdir.Böyük səlcuq imperiyasının din,mədrəsə,elm,diplomatiya dili olaraq “Ərəbcəni”, ədəbiyyat və divan dili olaraqsa “Farscanı” seçməsi Türkcənin dövlət dili kimi formalaşmasını gecikdirmişdir.

Bütün bu maneələrə rəğmən əsrlər sonra Türkcə Səlcuqlar dönəmində həm bəsit xalq danışıq dilinə,həm də mürəkkəb dini, ədəbi, elmi əsərlərin dilinə çevrilə bilmişdir.Digər maraqlı fakt isə uzun müddət əhali arasında yalnız danışıq dili kimi istifadə edilən Oğuzcanın dövlət dilinə çevrilmə prosesinin heç də asan olmamasıdır. Ortaq İslam mədəniyyətinin mövcudluğu Oğuzcanın formalaşmasında ərəb və fars dillərinin təsirini qaçılmaz edib.Ancaq Səlcuqların süqutuyla yaranan Anadolu bəylikləri dönəmi (1277-1450) Anadoluda Oğuz-türkmən ləhcəsi əsasında müstəqil bir yazı dilinin formalaşmasını həm asnlaşdırmış,həm də sürətləndirmişdir. Bəyliklər dönəmində inkişaf edən Türkcənin ən əsas özəlliyi ərəbcə və farscaya qarşı aparılan dil mübarizəsində Türkcənin üstünlük əldə etməsi üçün irəli sürülən addımlardır.

Belə bir məqamda yəni 13-cü əsrdə Orta Asiyada köklü surətdə baş vermiş siyasi və sosial dəyişikliklər Türk dilinin tək bir qol şəklində inkişafını dayandırmış,əvəzindəsə onun əsasında yeni yazı dillərinin formalaşmasına şərait yaratmışdır.Bu inkişafda ən böyük pay təbii ki, bəyliklər dönəmində hökmranlıq etmiş Türkmən bəylərinin ana dillərinə verdikləri önəmin üzərinə düşür.Buna misal olaraq Qaramanoğlu Mehmet bəyin 1277-ci ildə “Divan işlərində yalnız Türkcənin istifadəsiylə bağlı” verdiyi fərmanı göstərmək olar.Nəticədə Anadolunun qərb nöqtələindən başlayaraq Ərzuruma qədər olan bəylik mərkəzlərində vahid bir mədəniyyətin yaranmasının əsası qoyulmuşdur.

Əski Anadolu Türkcəsinin tam şəkildə təşəkkül tapmasıyla Aydın, Kütahya, Bursa, Manisa, Balıkesir, Konya, Niğde, Ladik, Kastamonu, Sivas, Kırşehir və Ədirnə kimi mədəniyyət mərkəzlərində əlyazmaları günümüzədək çatmış bir çox mənzum,mənsur,dini,fəlsəfi,tibbi mövzularda əsərlər yazılmışdır.Baş verən bütün bu inkişaf prosesləri nəticəsində Əski Anadolu Türkcəsi artıq 15-ci əsrdən etibarən tam şəkildə elm və sənət dili səviyyəsinə yüksələ bilmişdir.

Əski Anadolu Türkcəsinin ədəbi dil kimi formalaşması tarixi səhnəsində də müxtəlif nəticələr doğurmuşdur.Bu nəticələri aşağıdakı şəkildə sıralaya bilərik.

1)Əski Anadolu Türkcəsinin müstəqil bir dil kimi formalaşması Oğuz-Türkmən qolunun daha sonrakı dönəmlərdə geniş şəkildə şaxələnməsinə səbəb olmuşdur.Bu dil həmçinin müasir dövrdə Osmanlı Türkcəsi,Azərbaycan Türkcəsi və Qaqauzcanı da əhatə edən “Cənub Qərb Türk Ləhcələri” qrupunun yaranmasında möhkəm təməl rolunu oynamışdır.

2)Bu ədəbi dilin yaranması ilə Oğuz Türkcəsinin fonetikası, leksikası və söz ehtiyyatı baxımından Şərqi türkcəylə fərqli cəhətləri ortaya çıxmışdır.

3)Bu dönəmdə yazılmış olan yüzlərlə əsər və bu əsərlərin malik olduğu dil xüsusiyyətləri Türkcəyə böyük bir zənginlik qatmışdır.Türk dillərinin digər qollarında az rast gəlinən və ya ümumiyyətlə mövcud olmayan bəzi qramatik şəkillər danışıq dili vasitəsiylə sonradan Əski Anadolu Türkcəsinin yazı dili xüsusiyyətlərinə tətbiq edilmişdir.

4)Anadoluya mövcud iyirmi dörd Oğuz boyundan iyirmi üçünün köç etməsiylə bərabər, bu ərazilərdə Qıpçaqlar və digər türk etnoslarının da mövcud olması ilk öncə ümumi danışıq dilində ləhcə fərqliliyini meydana gətirmişdir.Anadolu bəylikləri dönəmində hər bəyliyin ərazisində fərqli bir mədəniyyət ocağının yaranması Əski Anadolu Türkcəsinin formalaşmasında ləhcə fərqliliyinin ortaya çıxmasına səbəb olmuşdur.Elə bu səbəbdəndir ki, Əski Anadolu Türkcəsində yazılmış əsərləri araşdıran dilçilər tez-tez fərqli ləhcə və yazı şəkilləriylə qarşılaşırlar.Əski Anadolu Türkcəsində danışıq və yazı dilində mövcud olan bu cürə fərqliliklər zamanın süzgəcindən keçərək ya dəyişikliyə uğramış şəkildə,ya da olduğu kimi günümüzdə Anadolu ləhcələrində görülməkdədir.

Dolayısıyla demək olar ki Əski Anadolu Türkcəsi müasir dövrdə Anadolu və Rumelidə müşahidə olunan ləhcələrin də yaranmasında təməl vəzifəsini daşımış və bu sahədə tarixi dialektoloji araşdırmaların başlanmasına təkan vermişdir.

Ancaq çox təəssüf ki isdər Türkiyədə,isdərsə də digər ölkələrdə Əski Anadolu Türkcəsi haqqında geniş və sinifləndirməyə əsaslanan araşdırmalar hələ də həyata keçirilməmişdir.Bu səbəbdəndir ki, o dönəmdə Oğuz boylarını təmsil edən neçə əsas ləhcənin mövcud olamsı bu gündə dəqiq şəkildə bilinməməkdədir.Ancaq ortada bir həqiqət vardır ki,bu sahədə yetəri qədər dərin araşdırmalar həyata keçirildikdən sonra Əski Anadolu Türkcəsiylə müasir Anadolu və Rumeli ləhcələri arasında körpü qurulacaqdır ki,bu da sonradan tarixi dialektoloji araşdırmaların müsbət nəticlər verəcəyinə işarə edir.



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə