AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Fakültə: Hüquq Kafedra: Beynəlxalq Ümumi hüquq




Yüklə 141.84 Kb.
səhifə1/2
tarix20.04.2016
ölçüsü141.84 Kb.
  1   2


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Hüquq
Kafedra: Beynəlxalq Ümumi hüquq
İxtisas: Hüquqşünaslıq
Fənnindən: Beynəlxalq hüquq

KURS İŞİ


Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti və Beynəlxalq

Hüquq
Tələbə: Şəmistanlı Aytac
Qrup: 1388
Kurs: III
Kurs işinin rəhbəri: h.f.e.d.T.Vəliyev
Kafedra müdiri: pr.R.Məmmədov
BAKI - 2011


Mündəricat

Giriş


1 1918-ci ildə Azərbaycanın beynəxalq münasibətlər sisteminə qatılmaq cəhdləri (AXC-nin qonşu dövlətlərlə münasibətləri).
2 AXC-nin beynəlxalq sistemdə tanınması cəhdləri və tanınması:

a)AXC Paris sülh konfransında;

b)Qərb mandatlığı və Azərbaycan.
3.AXC-nin Xəzər siyasəti.
4.Aprel böhranı ərəfəsində AXC-nin beynəlxalq vəziyyəti.
Nəticə və təkliflər.
Ədəbiyyat siyahısı.


Giriş

Şərqdə ilk demokratik dövlət olan AXC Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə Tiflis şəhərində elan edilib. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında və Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edirdi. İstiqlal Bəyannaməsində deyilirdi:



  1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millət və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Həmin vaxt Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında bolşevik Bakı Soveti və daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərinə yerləşdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Azərbaycan Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

Göründüyü kimi,AXC-nin mövcudluğu dövrü tarixin ziddiyyətli və qarışıq dövrünə təsadüf edir.Belə ki müstəqilliyini yenicə qazanmış AXC-ə qarşı bir tərəfdən Rusiya,digər tərəfdən isə Ermənistan tərəfindən hücumlar olurdu.Bütün bu addımlar AXC-nin beynəlxalq səhnəyə çıxmaması üçün idi.Lakin bütün bunlara baxmayaraq AXC sona qədər mübarizə apararaq dünyanın bir sıra dövlətləri tərəfindən tanınmasına nail oldu və öz adını tarixə yazdı.

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycan tarixinə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi şəxsiyyətlər bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etmək üçün göndərdiyi XI Qızıl Ordu tərəfindən süquta uğradılıb, AXC-ni quranların bir hissəsi güllələnib, bir hissəsi sürgünə göndərilib, bir hissəsi isə məcburi mühacirətə getməli olub. AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə də müxtəlif ölkələrdə mühacirət həyatı yaşamalı olub. Ancaq o, Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına inamını bir an belə itirməyib. Elə bu inamın dərin nəticəsidir ki,1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini bəyan etdi.

Təqdim edəcəyim kurs işi “Azərbaycan Xalq Cümhuriyyəti və beynəlxalq hüquq” mövzusundadır.Burada AXC-nin beynəlxalq səhnəyə çıxması yolunda atdığı addımlardan söhbət gedir.Bu kurs işi giriş,4 fəsil və nəticə hissəsindən ibarətdir.1-ci fəsildə AXC-nin yarandığı dövrdə mövcud olan mürəkkəb siyasi proseslərdən və yarandıqdan sonra qonşu dövlətlərlə olan münasibətlərdən,2-ci fəsildə AXC-nin beynəlxalq aləmdə tanınması uğrunda mübarizəsi və buna nail olmasından söhbət gedir.Bu fəsil 2 sualı və yekunlaşdırıcı hisəni əhatə edir.3-cü sual bu gün də aktual olan Xəzər probleminin o zamankı həllindən,4-cü sual isə ən nəhayət AXC-nin süqutu ərəfəsində mövcud olan beynəlxalq vəziyyətdən bəhs edir.



1.1918 ildə Azərbaycanın Beynəlxalq münasibətlər sisteminə qatılmaq cəhdləri.

Birinci Dünya müharibəsi çar Rusiyasında gedən ictimai-siyasi prosesləri daha da mürəkkəbləşdirdi və ucqarlarda milli özünüdərk hissinin yaranmasına, onun güclənməsinə böyük təkan verdi. Həmçinin, 1917-ci il fevral inqilabı çar Rusiyası və milli ucqarlarda davam edən böhranlı vəziyyəti daha da ağırlaşdırdı.Zaqafqaziyanı idarə etməyin getdikcə çətinləşdiyini nəzərə alaraq, bu regionu nəzarətdə saxlamaq üçün Dövlət Dumasının Cənubi Qafqazdan olan bir qrup deputatının təşəbbüsü ilə yaradılan Xüsusi Komitənin fəaliyyəti də səmərəsiz oldu. Çünki bölgədə xalqların milli müstəqillik və muxtariyyət uğrunda mübarizəsinin qarşısının alınması, çoxsaylı siyasi partiyaların və ictimai təşkilatların fəaliyyətinin dayandırılması mümkün deyildi.1917-ci il oktyabr çevrilişi isə milli ucqarlarda muxtariyyət və müstəqillik uğrunda mübarizəyə stimul verdi. Bu məqsədlə 1917-ci il noyabrın 11-də Tiflisdə fəaliyyət göstərən siyasi partiyaların yığıncağında Cənubi Qafqazda yaranmış vəziyyətin aradan qaldırılması və regionun idarə edilməsi üçün Zaqafqaziya Komissarlığınin yaradılması qərara alındı.Komissarlığa daxil olan milli fraksiyalar bu qurumun xarici siyasət məsələlərinə müxtəlif mövqedən yanaşirdılar.Komissarlığın xarici siyasət sahəsində ilk addımı həmin dövrdə Türkiyə dövləti ilə danışıqlara başlamaq qərərına gəlinməsi və bu yöndə fəallıq nümayiş etdirməsi oldu.Qurumun qərarına əsasən,dekabrın 5-də Ərzincanda Türkiyə tərəfi ilə 14 maddədən ibarət barışıq müqaviləsi imzalandı.Müqaviləyə görə,onun maddələri sülh müqaviləsi imzalanana qədər tərəflərin hər biri üçün məcburi xarakter daşıyırdı. Barışıq müqaviləsində digər məsələlərlə yanaşı,qeyd olunurdu ki,Rusiya Respublikası ilə mərkəz ölkələri arasında ümumi barrışıq sazişi imzalanacağı təqdirdə onun maddələri Qafqaz cəbhəsi üçün məcburi olmalıdır.Ərzincanda isə həmin vaxt barışıq müqaviləsinə əlavə olaraq demarkasiya xətti haqqında akt imzalandı1.

1918-ci ilin yanvarında Osmanlı Türkiyəsi Zaqafqaziya hökuməti ilə müvəqqəti sülh danışıqlarına başlamağa qərara verdi.Yanvarın 14-16-da türk komandanlığının göndərdiyi məktubda ZK Brest-Litovskda aparılan sülh danışıqlarına dəvət edilir,yeni dövlətin yaradılmasında köməyinin əsirgəməyəcəyi bildirilir.Lakin qeyri müsəlman nümayəndələri bu təklifi müzakirə etsə də qəbul etmir.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi özünü müstəqil, demokratik republika elan etdi.Lakin bu onun xarici siyasət sistemində hər hansı bir dəyişikliklər aparması ilə nəticələnmədi və ona bağlanan ümidləri doğrultmadı.Elə buna görə də bu dövlətin ömrü uzun olmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında özünün buraxılması haqqında qərar qəbul etdi.Mayın 27-də bu vəziyyəti müzakirə etmək üçün Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə iclas keçirdi və Azərbaycan Müvəqqəti Milli Şurası elan edildi.Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında çıxış edənlər Azərbaycanın müstəqil Respublika elan edilməsinin vacib olduğunu bildirdilər.İclasda Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olundu və altı bənddən ibarət olan “İstiqlal bəyannaməsi”ndə müstəqil dövlətin xarici və daxili siyasətinin əsas istiqamətləri göstərilirdi.

Azərbaycan Respublikası yarandığı ilk gündən etibarən fəal xarici siyasət kursu yeritməyə başladı.Azərbaycanın Xarici İşlər Nazirliyinə Azərbaycan Milli Şurasının və F.X.Xoyskinin başçılıq etdiyi hökumət kabinəsinin yaradılması haqqında məlumat verdi.Mayın 30-da isə Nazirlər Şurasının sədri F.X.Xoyskinin Azərbaycan Respublikasının yaranması ilə bağlı məlumatı radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə göndərildi.

Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş dövlətin beynəlxalq münasibətlər sisteminə qoşulması prosesi asan deyildi və müxtəlif çətinliklərlərdən keçirdi. Hətta bunu nəzərə alaraq, xarici işlər naziri M.H. Hacınski Türkiyə Xarici işlər Nazirliyinə müraciət edərək Osmanlı dövlətinin Avropa ölkələrində,eləcə də Moskvada fəaliyyət göstərən türk səfirlikləri vasitəsilə Azərbaycanla Avropa dövlətləri arasında vasitəçi olmağa razılıq verib-verməməsini soruşurdu.Həmin vaxt müxtəlif ölkələrdəki türk səfirlikləri Azərbaycan Respublikasının yaradılması haqqında dünya ictimaiyyətinə məlumatın çatdırılmasında mühüm rol oynamışdır.



AXC-nin qonşu dövlətlərlə münasibəti.

Ermənistanla münasibətlər.Zaqafqaziya Seymi buraxıldıqdan sonra müstəqillik qazanmış dövlətlər arasında ən geniş yaylmış müzakirə mövzusu məhz sərhədlərlə bağlı idi.Belə mübahisə ən çox Ermənistanla yaranmışdı.Batumda Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan danışıqlarda Azərbaycanın Aleksandropol quberniyası hüdudlarında erməni kantonunun yaradılması barədə razılıq əldə edildi. Amma İrəvan şəhəri bu şərtlə güzəştə gedilirdi ki,onlar Yelizavetpol quberniyasının bir hissəsinə,yəni Qarabağa olan iddialarından əl çəksinlər.Batum danışıqlarının yekununda,iyunun 4-də Türkiyə Azərbaycan və Ermənistan arasında “Sülh və dostluq” haqqinda müqavilə imzalandı.Lakin buna baxmayaraq ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər.

İranla münasibətlər.İran qonşuluğunda yeni bir dövlətin yaranması ilə barışmaq istəmirdi.Azərbaycan Xalq Cümhuriyyəti isə İranla normal münasibetlərin qurulmasında maraqlı idi.Azərbaycan torpaqlarının böyük hissəsinin İran daxilində olması bu iki ölkə arasında qurulacaq münasibətlərdə özünü göstərməli idi.İran hökuməti isə Azərbaycanın yaranmasının gec tez Güney Azərbaycana təsir edəcəyindən təşvişə düşdüyünü büruzə verdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti İran konsulluğuna da Azərbaycanın tanınması haqqında bəyannamə verdi, lakin iran konsulu bu bəyannaməni geri qaytararaq Azərbaycan adlı müstəqil dövlət tanımadığını bildirdi. Lakin bir müddət sonra İranın Azərbaycana münasibətində kəskin dönüş yarandı.İran öz keçmiş ənənəsinə uyğun olaraq yenə də Azərbaycan torpaqlarına göz dikdi və bu dəfə isə müharibə yolu ilə deyil, siyasi yolla Azərbaycan torpaqlarını özünə birləşdirməyə çalışdı. İran rəsmiləri Azərbaycanla İranın birləşməsi tezisini irəli sürdülər.Bu tezisi Paris sülh konfransı zamanı Azərbaycanda qalmış 2 iran nümayəndəsi irəli sürdü və birləşmənin hər iki tərəf üçün məqsədə uyğun olduğunu sübut etməyə çalışdılar.Lakin bu təklif Azərbaycan hökuməti tərəfindən kəskin etirazla qarşılandı.Öz çirkin əməllərindən və təkliflərindən əl çəkməyən İran rəsmiləri və xarici işlər naziri bu məsələni təkrarən 1919-cu ilin yanvarında Ə.Topçubaşovla görüşündə qaldırdı.O,bildirirdi ki,sizin Azərbaycan əlbəttə ki daxili muxtariyyətini saxlayacaq,xarici siyasət sahəsinə gəldikdə isə ,o xüsusi rəsmi sənədlə müəyyənləşəcək.İranın xarici işlər nazirinin bu çirkin təklifindən də görünür ki,o yenə də Azərbaycan torpağını və əhalisini öz əsarətində saxlamağa çalışıb,lakin hələ başa düşməyib ki,türklər heç bir xalqın xüsusən də farsların əsarətində qalacaq qədər qorxaq xalq deyildir.

İran nümayəndələri ilə diplomatik təmaslar Parisdə də davam etdirildi.1919-cu ilin oktyabrında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşovun İran Xarici işlər naziri Əliqulu Müşavirülməmalik Ənsari ilə görüşləri anlaşmazlıq şəraitində keçdi.İran torpaq iddialarini Paris konfransında da qaldırdı,lakin 1-ci dünya muharibəsində heç bir rolu olmayan İranın bu təklifinə heç kim ciddi yanaşmadı.Sentyabrda İranda yeni xarici işlər naziri Firuz Mirzə gəldi,bundan sonra Azərbaycan-İran münasibətlərində demək olar ki,yeni dövr başlandı. Londonda başlayan danışıqlar 1920-ci il martın 20-də bir sira sazişlərin,ticarət-gömrük,poçt sazişlərinin və konsul konvensiyasının qəbulu ilə başa çatdı.Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti və İran Şahənşahlığı arasında dostluq haqqında da müqavilə imzalandı.Dostluq müqaviləsinin birinci maddəsi Azərbaycan Respublikasının istiqlaliyyətinin təntənəli surətdə tanınması,ikincisi-2 dövlət arasında dostluq münasibətlərinin və iqtisadi əlaqələrin əsasını qoyan sazişlər haqqında, üçüncüsü-2 dövlət arasında səfirlik səviyyəsində diplomatik əlaqələrin yaranması haqqında idi.Bu sazişdən yola çıxaraq 1920-ci ilin əvvələrindən etibarən Azərbaycan xalq Cümhuriyyəti İranın bir sıra şəhərlərində rəsmi nümayəndəliklər şəbəkəsi yaratmağa başladı. Fevralın 4-də Məmməd bəy Xəlilov Ənzəlidə vitse-konsul təyin edildi.Lakin Rusiya münasibətlərin daha da irəliləməsinə icazə vermədi.



Rusiya ilə münasibətlər.Rusiyanın daxilindəki mürəkkəb hadisələrə baxmayaraq yenə də Qafqazdan gözünü çəkmirdi.O,ermənilər vasitəsilə də bizim dövlətçiliyimizə hər yolla mane olmağa çalışır, qırğınlar törədir, siyasi və diplomatik təzyiqləri gücləndirirdi.Hətta Rusiya Azərbaycan Xalq Cümhuriyyəti- nin müstəqilliyini tanımır ona öz müstəmləkəsi kimi baxmaqda davam edirdi.Rusiya hökuməti AXC-ni Denikinə qarşı mübarizəyə səsləyirdi sanki AXC müstəqil dövlət deyil. Bu notaya cavab olaraq F.X.Xoyski Rusiyaya bildirdi ki AXC müstəqil bir dövlətdir və kimə nə cür kömək etməsi dövlətin öz işidir.Əgər lazım olsa parlament bunu müzakirə edəcək və qərar qəbul edəcək.

Gürcüstanla munasibətlər.Gürcüstanla münasibətlər Rusiyadan, İrandan, Ermənistandan fərqli olraq müəyyən qədər normal idi.AXC ilk dəfə müstəqilliyini də məhz Tiflisdə elan etmişdi,onu ilk tanıyan dövlətlərdən biri olmuşdur. Lakin sərhəd məsələsində narazılıq özünü göstərirdi.Belə ki Zaqatala dairəsi mübahisə predmeti idi.

Türkiyə ilə münasibətlər.Hər zamankı kimi Türkiyə ilə dost münasibətləri var idi.AXC-nin beynəlxalq aləmdə tanınmasına yardım edən dövlət olmuşdur.Həmçinin Türkiyənin Bakının azad edilməsində, AXC-nin milli ordusunun yaradılmasında,hökumətin qurulmasında və digər bu kimi məsələlərdə əvəzsiz xidməti olmuşdur.

2.Azərbaycanın beynəlxalq sistemdə tanınması cəhdləri və tanınması.

Bu dövrdə milli hökumət dünyada və regionda gedən ictimai-siyasi proseslərə mühüm təsir göstərən Avropa dövlətlərində Azərbaycanın nümayəndəliklərini yaratmağı əsas vəzifələrdən biri hesab edirdi.Xüsusilə Bakının azad edilməsi ilə barışa bilməyən Sovet Rusiyasının təzyiqlərinin gücləndiyi bir vaxtda Avropa dövlətlərində Azərbaycan nümayəndəliklərinin açılması zəruri idi.Bu sahədə Ə.M.Topçubaşovun xidmətləri böyükdür.Onu da qeyd etmək vacibdir ki o dövrkü hökumət nümayəndələri çox yaxşı başa düşürdülər ki, dünya arenasına gedən yol Paris konfransından keçir. İlk öncə Azərbaycanın Rusiyanın keçmiş müttəfiqi olduğuna görə bu konfransa qatılma cəhdləri boşa çıxsa da F.X.Xoyski təkidlə bildirdi ki,Azərbaycan artıq müstəqil bir ölkədir və yalnız özünə cavabdehdir.Uzun müzakirələrdən sonra AXC-ni Paris konfransına qatılacağı dəqiqləşdirildi.

Dekabrın 7-də Azərbaycan parlamentinin işə başlaması respublikanın beynəlxalq aləmə çıxması üçün əlverişli şərait yaradırdı. Vilsonun prinsipləri üzrə qurulan yeni dünya birliyinə daxil olmaq üçün ölkədə mövcud olan siyasi quruluşdan çox şey asılı idi.Qafqaza aid olan bütün müzakirələrdə bu respublikalarda hansı siyasi sistemin mövcud olması başlıca suallardan idi.

İlk gündən etibarən hadisələrə və proseslərə,ən başlıcası isə hakimiyyət məsələsinə münasibətdə Azərbaycan parlamentinin obyektiv və düzgün mövqe tutması tanınmış siyasi xadim Ə.M.Topçubaşovun prezident seçilməsində özünü göstərdi.Halbuki,bu zaman məlum olduğu kimi Ə.M.Topçubaşov İstanbulda Azərbaycanın fövqəladə səlahiyyətli naziri kimi narahat günlər keçirirdi və həmin narahatçılıq onun İstanbuldan F.X.Xoyskiyə yazdığı məktublarda da öz əksini tapmışdı.

Dekabr ayının 28-də yeni hökumət kabineti quruldu və bu kabinetin qarşısında duran əsas məsələ Avropaya gedəcək nümayəndə heyətini seçmək oldu.Nümayəndə heyətinə Ə.M.Topçubaşov rəhbərlik etməli idi, onun müavini hökumət üzvü M.H.Hacınski təyin edildi.Nümayəndə heyətinə iki nəfər parlament üzvü Ə.Ağayev və Ə.Şeyxulislamov daxil edildilər.Üç nəfərdən - Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli və Məmməd Məhərrəmovdan ibarət məsləhətçilər müəyyən edildi.Texniki işçiləri nümayəndəlik özü seçməli idi.Ə.M.Topçubaşov Bakıda olmadığı üçün M.H.Hacınski İstanbula çatana qədər hökumətin tapşırığı ilə müvəqqəti olaraq nümayəndə heyətinə başçılıq etməli idi.

Yanvarın ilk günlərində nümayəndə heyətinin hər bir üzvünə diplomatik pasportlar təqdim edildi.Müttəfiq qoşunların baş komandanı V.Tomson Parisə səfəri asanlaşdırmaq üçün onlara öz imzası ilə rəy məktubu verdi.Xarici işlər nazirliyinin qərarı ilə nümayəndə heyətinin sədrinin müavini M.H.Hacınskiyə 150 min manat pul verildi,Avropa və Amerikaya nümayəndəlik göndərmək üçün ayrılmış 2,5 milyon manat vəsait nümayəndələrin hesanbına keçirildi.

Yanvar ayının 20-də Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. M.H.Hacınskinin müvəqqəti sədrliyi başa çatdı,o Parisdə keçiriləcək sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmək haqında Azərbaycan hökumətinin qərarını və bu məsələ ilə bağlı digər mühüm sənədləri Ə.M.Topçubaşova təqdim etdi.Yanvarın 22-də Ə.M.Topçubaşovun mənzilində Azərbaycan nümayəndə heyətinin ilk iclası keçirildi və bir sıra təşkilati məsələlərə baxıldı.İlk növbədə nümayəndə heyətinə bəzi əməkdaşlar əlavə edildi. və texnik işçilərin tərkibi müəyyənləşdirildi. Birinci iclasda nümayəndəlik aşağıdakı tərkibdə təsdiq edildi:Ə.M.Topçubaşov-nümayəndə heyətinin sədri; M.H.Hacınski, Ə.Ağayev, Ə.Şeyxulislamov - nümayəndəliyin üzvləri; M.Məhərrəmov M.Mehdiyev, C.Hacıbəyli-məsləhətçilər; Ə.Hüseynzadə,V.Marçevski- əməkdaşlar; C.Məlikov və Ələkbər bəy Topçubaşov –katiblər,A.Qafarov(fransız dili), Q.Qafarova(ingilis dili), H.Məməmmədov(fransız və türk dilləri)-tərcüməçilər və nəhayət,Rəşid bəy Topçubaşov sədrin şəxsi katibi idi.

İclasda iş bölgüsü üzrə üç bölmə: siyasi və milli, iqtisadi kommersiya, təbliğat və məlumat məsələləri ilə məşğul olan bölmələr yaradıldı. Siyasi və milli məsələlərlə məşğul olan bölməyə Ə.M.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, M.Məhərrəmov,S.Məlikov və H.Məmmədov daxil idilər.İkinci iqtisadi kommersiya bölməsi M.Hacınski, V.Marçevski ,Ə.Şeyxulislamov, M.Mehdiyev, Ə.Topçubaşov, A.Qafarovdan ibarət idi.Üçüncü bölməyə isə Ə.M.Topçubaşov, Ə.Ağayev,C.Hacəbəyli,Q.Qafarova və Ə.Hüseynzadə daxil idilər.

Yeni yaradılmış respublikaların nümayəndə heyəti İstanbulda olarkən Versal konfransının qərarı ilə Rusiyanın cənubunda siyasi və iqtisadi vəziyyəti öyrənəmək üçün 30 nəfərdən ibarət xüsusi komissiya yaradılıb yerlərə ezam edilmişdi. Nümayəndə heyəti üç hissəyə bölünmüşdü.Onlardan biri Qafqazda olan vəziyyəti öyrənəməli idi.Bu bölməyə amerikalı polkovnik Bencamin Bürçek Moore rəhbərlik edirdi. Martın 3-də Ə.M.Topçubaşov və M.H.Hacınski yolüstü İstanbulda dayanan Moore ilə görüşüb çox mühüm məsələlər ətrafında fikir mübadiləsi etdilər.Danışıqlar zamanı Moore Azərbaycanla bağlı aşağıdakı məsələləri öyrənmək istəyirdi:


  1. Siz əminsinizmi Qafqaz Azərbaycanı siyasi və iqtisadi baxımdan müstəqil fəaliyyət göstərə bilər?

  2. Bunu üçün sizin maddi və mənəvi gücünüz bəs edirmi?

  3. Qafqazda və ya Transqafqazda siz federasiya və ya konfederasiya yarada bilərsinizmi?

  4. Əgər Rusiya Federativ Respublikası yaranarsa, Azərbaycan onun tərkibinə daxil olmağı arzulayırmı?

  5. Hər hansı başqa bir dövlətin sizə təsiri məsələsi barədə düşünürsünüzmü?

  6. İndi Azərbaycanın daimi ,yaxud müvəqqəti neytrallığını təmin etmək barədə məsələ qaldırmaq mümkündürmü?2

Əslində birinci iki sualın cavabını Ə.M.Topçubaşov Sülh konfransında təqdim etmək üçün hazırladığı memorandumda əsaslandırmışdı və ona görə də bu suallara müsbət cavab verdi.Transqafqazda federasiya yaxud konfederasiya yaratmağın mümkünlüyü ilə bağlı Ə.M.Topçubaşov bildirirdi ki,indiki şəraitdə o,bunun mümkünlüyünə şübhə edir.Çünki saziş ölkələri regionda mövcud reallıqlarla hesablaşmayaraq Türkiyənin və Azərbaycanın hesabına Böyük Ermənistan yaratmaq arzusu ilə çıxış edən ermənilərin hədsiz tələblərini müdafiə edir.Rusiya Federativ Respublikasına münasibətə gəldikdə isə o,aydın formada bildirirdi ki,Rusiyada hər hansı hökumətin olmasından asılı olmayaraq öz istiqlaliyyətini elan etmiş, öz parlamenti və hökuməti olan Azərbaycan bir daha onun tərkibinə qayıtmayacaqdır.Bununla da Topçubaşov bir daha sübut etdi ki AXC müstəqil dövlətdir və onun özünün ayrıca siyasəti və ayrıca maraqları var.

3 ay İstanbulda gözlədikdən sonra aprel ayının 22-də İtaliya gəmisində Azərbaycan nümayəndələri Parisə yola düşdülər.İstanbul-Soloniki-Pirey(Afina)-Mesina-Neapol xəttilə üzən gəmi aprelin 30-da Neapola çatdı.May ayının 2-də Azərbaycan nümayəndələri Romaya gəldilər və mayın 7-də qatarla Parisə yola düşdülər.



a)AXC Paris sülh konfransında

Parisə gəldikləri ilk gündən Azərbaycan nümayəndələri Fransa paytaxtındakı siyasi iqlimin dərindən öyrənilməsinə xüsusi əhəmiyyət verirdilər.Məğlub dövlətlərə qarşı irəli sürülən tələblər son dərəcə ağır idi bu da Avropada Antanta dövlətlərinə qarşı çıxışların qalxmasına səbəb olmuşdu.Burada böyük dövlətlər birinci növbədə rus məsələsinin həll olunmasında maraqlı idilər.Yalnız bundan sonra Rusiya imperiyasının dağılması nəticəsində yeni yaranmış respublikaların saysız-hesabsız qarşılıqlı mübahisəli məsələlərin baxılması gözlənilirdi.Elə ilk günlərdən Antantanın yeni yaranmış dövlətlərə etibar etmədiyi açıq-aşkar görünürdü.

May ayı ərzində Azərbaycan nümayəndələri Polşa, Gürcüstan, Dağlı,Ermənistan və İran nümayəndələri ilə görüşlər keçirmişdilər. Danışıqlar nəticəsində Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqının yaradılması qərara alınmışdı. Gürcülər və dağlılar Azərbaycanla birlikdə bu itifaqda birləşməyə razı idilər.İttifaqa ermənilər də dəvət edildilər,lakin onlar yalnız Türkiyə və Qafqaz Ermənistanını birləşdirib vahid Ermənistan yaratdıqdan sonra Qafqaz konfederasiyasında iştirak edə biləcəklərini bildirdilər.

May ayının 23-də Azərbaycan nümayəndələri ingilis nümayəndə heyətinin üzvü ser Luiz Malletlə görüşdü.Danışıqlar zamanı siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi edildi, Azərbaycandakı müttəfiq qoşunlarının statusu ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edildi.

1919-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan hökuməti Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparırdı.Hətta bu barədə Azərbaycan sülh nümayəndə heyətinin naşçısı Topçubaşova da məlumat verilmişdi.Hətta Xarici işlər Nazirliyi Azərbaycan Respublikasını suverenliyini pozan bu məsələ ilə bağlı Avropa və Amerika dövlətlərinə etiraz notası verilməsini,Avropa mətbuatında bunun dövlətin daxili işlərinə müdaxilə olduğu barədə yazı verilməsini lazım bilirdi.S.Mallet danışıqlar zamanı toxunulmuş məsələlərdə Azərbaycan nümayəndələrinə köməklik göstərəcəyinə vəd verdi.

May ayının 28-də günün ikinci yarısı Azərbaycan nümayəndə heyəti prezident V.Vilson tərəfindən qəbul edildi.Bununla bağlı Ə.M.Topçubaşov yazırdı: “Bizim nümayəndə heyətinin prezident Vilson tərəfindən qəbulunu çox

böyük hadisə hesab etmək lazımdır, çünki başqa Antanta dövlətlərinin başçıları kimi o da nümayəndə heyətlərini qəbul etmir”3

Görüş zamanı Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov ABŞ prezidenti V.Vilsona müraciət edərək bildirdi ki, “xalqların dinc yanaşı yaşaması,bütün millətlərin o cümlədən kiçik millətlərin öz taleyini həll etmək haqqında ali prinsiplərin müəllifi olan Böyük Amerikanın prezidenti Vilsonu Azərbaycan nümayəndə heyəti görməyi və salamlamağı özü üçün xoşbəxtlik hesab edir.Biz uzaq Qafqazdan, buradan buradan bir neçə mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk.Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki,cənab prezident bizim ölkəmiz,bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz.Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv,saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verilməsinin şahidi oluruq”.

Prezident Vilsona təqdim edilən bu memorandum qısa tarixi-siyasi səpkidə hazırlanmışdı.Orada Qafqazda və Azərbaycanda cərəyan edən hadisələr təsvir edildikdən sonra Versal sülh konfransının rəhbərlərindən biri Vilsona Azərbaycan nümayəndələrinin tələbləri verilirdi.Memorandumun yekun hissəsində göstərilirdi ki,Azərbaycan xalqı qəti şəkildə bu ümiddədir ki,göndərdiyi nümayəndələrin fəaliyyəti və bütün dünyada sülhün və təhlükəsizliyin carçısı,bütün beynəlxalq münaqişələrin vasitəçisi olan Sizin himayədarlığınız sayəsində onun milli ehtiyacları ödəniləcəkdir.

Görüş zamanı Azərbaycan nümayəndə heyətinin tələbləri V.Vilsona verildi.Altı bənddən ibarət olan bu tələblərdə prezidentdən xahiş edilirdi:



  1. Azərbaycanın müstəqilliyi tanınsın.

  2. Vilsonun prinsipləri Azərbaycana da şamil edilsin.

  3. Azərbaycan nümayəndələri Sülh konfransına buraxılsın.

  4. Azərbaycan millətlər cəmiyyətinə qəbul edilsin.

  5. ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin.

  6. ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.4

Danışıqlar zamanı ABŞ tərəfindən bu tələblərin qəbul ediləcəyi təqdirdə Ə.M.Topçubaşov Azərbaycanın keçmişdə tərkibində olduğu çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.Söhbət zamanı V.Vilson Azərbaycan nümayəndələrini görməyinə və Azərbaycan haqqında xeyli material aldığına şox şad olduğunu bildirdi.Lakin Azərbaycanın müstəqilliyinin tanınnması məsələsini açıq saxlayaraq göstərirdi:

  1. Amerikanlar dünyanı kiçik hissələrə bölmək istəmirlər;

  2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə qoşulsa, bu onun üçün yaxşı olar;

  3. Bu konfederasiya Millətlər Cəmiyyətinin təklifilə hər hansı bir dövlətin köməyinə arxalana bilər.

  4. Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz.5

Vilsonun Azərbaycana münasiətdə belə mövqeyi bir sıra amillərlə bağlı idi.Birincisi,bütün müəlliflər təsdiq edir ki,V.Vilson ermənipə- rəst bir siyasi xadim idi və erməni missionerləri Qafqazda cərəyan edən hadisələr haqqında ona xeyli saxta məlumatlar vermişdilər. İkincisi,görüşün keçirildiyi gün Azərbaycan nümayəndələri üçün əlamətdar olsa da,ümumilikdə dövr əlverişli deyildi,1919-cu ilin yazında Rusiyada ağqvardiyaçı generallar-Kolçak, Denikin, Yudeniç və digərlərinin fəallaşması müttəfiqlərin rəhbərlərinin o cümlədən V.Vilsonun real düşünməsinə mane olurdu.Üçüncüsü isə, Azərbaycan nümayəndələri ilə görüşdən iki gün əvvəl may ayının 26-da Dördlər Şurasının iclasında Kolçak hökmətini tanımaq barədə Vilson, Lloyd Corc,Klemanso,Orlando və Sayondzi tərəfindən nota imzalanıb Kolçaka göndərilmişdi.Lakin hələ bu haqda məlumat yayılmadığından, bu iş gizli saxlanılırdı.Lakin bütün bunlara baxmayaraq V.Vilsonun Azərbaycan nümayəndələrini qəbul etməsi mühüm əhəmiyyətə malik bir hadisə idi. Bundan sonra sülh konfransının digər rəhbərlərinin də Azərbaycan nümayəndələrini qəbul edəcəyi gözlənilirdi.

Azərbaycan nümayəndələrini Amerika pezidenti Vilson tərəfindən qəbul edilməsi istər Azərbaycan və istərsə də sovet tarixşunaslığında həmişə birtərəfli,əslində isə qərəzli məqsədlərlə istifadə edilmişdir.Bu faktın əhəmiyyətini izah etmədən,Amerika prezidentinə təqdim edilən tələblərə toxunmadan müəlliflər təkid edirlər ki,müsavat nümayəndələri Azərbaycanı ABŞ-ın “müstəmləkəsinə” çevirmək istəyirdilər.Bununla belə üç ay İstanbulda oturub viza gözləyən Azərbaycan nümayəndələri üçün Amerika prezidenti tərəfindən qəbul olunma faktı əhəmiyyətli idi.Lakin Vilsonun qeyri-müəyyən cavabları heç də Azərbaycan nümayəndələrini ümidsizləşdirmədi,əksinə Azərbaycan nümayəndələri sona qədər mübarizə aparıb dövləti beynəlxalq aləmdə tanınmasına ciddi səy göstərirdilər.


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə