AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 258.72 Kb.
səhifə1/4
tarix07.04.2016
ölçüsü258.72 Kb.
  1   2   3   4


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
Coğrafiya fakültəsinin IV kurs 928-ci qrup əyani şöbəsi “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının tələbəsi Muradov Rolan K. oğlunun

Şirvan düzənliyinin ekocoğrafi problemləri və yaxşılaşdırılması metodları”

mövzusunda


BURAXILIŞ İŞİ

Elmi rəhbər: “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının

dos. k.t.e.n., A.B.Dolxanov 
“Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının müdiri: prof.,c.e.d. Ş.Y.Göyçaylı
BAKI -2011


MÜNDƏRİCAT

Giriş...........................................................................................................................2-4
I FƏSİL . Şirvan düzünün təbii- ekoloji şəraiti..............................5-17

1.1.Geoloji-geomorfoloji şəraiti.................................................................................5-6

1.2.İqlimi....................................................................................................................6-7

1.3.Hidroqrafiya.........................................................................................................7-9

1.4.Hidrogeoloji şəraiti.............................................................................................9-11

1.5.Torpaq örtüyü...................................................................................................11-14

1.6.Bitki örtüyü......................................................................................................14-16

1.7.Heyvanat aləmi.................................................................................................16-17



II FƏSİL. Şirvan düzənliyində torpaqların münbitliyini bərpa etmək üçün meliorasiya-irriqasiya tədbirləri....................................18-30

2.1.Şirvan düzünün ümumi ekoloji- meliorativ səciyyəsi......................................18-23

2.2.Şirvan düzünün irriqasiya sistemlərinin səciyyəsi...........................................24-25

2.3.Torpaqda münbitliyin bərpa etmək üçün tədbilərin işlənib hazırlanması........25-30



III FƏSİL. Ətraf mühitin mühafizəsində və təbii ehtiyatlardan səmərəli istifadə zamanı ekoloji-hüquqi metodları...........................31-42
3.1.Ekologiya hüququnun anlayışı, mənbələri və prinsipləri.........................31-34

3.1.1.Ekologiya hüququnun mənbələri............................................................32

3.1.2.Ekologiya hüququnun prinsipləri......................................................33-34

3.2.Ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizmləri.....................34-37

3.3.Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsinin formaları, ekoloji funksiyaları və metodları...........................................................37-39

3.4.Ekologiya hüququnun hüquqi tənzimlə metodları...........................................39-42


NƏTİCƏ................................................................................................................43-44

ƏDƏBİYYAT.............................................................................................................45

GİRİŞ

Şirvan düzü Kür- Araz ovalığında ən böyük əraziyə malik olaraq, 859,7 min hektar sahəni təşkil edir. O, Kür çayının sol sahilində yerləşərək qərbdən Mingəçevir su hövzəsindən başlayaraq şərqdə Ləngəbiz, Böyük və Kiçik Hərəmi dağlarının ətəyinə qədər uzanır. Düzün böyük hissəsində yerin mütləq yüksəklikləri müsbətdir ( 0-dan 150-200m). Xəzər dənizənə yaxın az bir hissədə yüksəkliklər 0-dan mənfi 25,6-25,8 m-ə qədər aşağı düşür.

Şirvan təbii iqtisadi zonası iki hissədən ibarətdir: intensiv suvarma əkinçilik
(pambıqçılıq, ipəkçilik, üzümçülük ) dairəsi dəniz səviyyəsindən -8-dən + 200 metrə qədər hündürlükdə yerləşən Şirvan düzündən və tərkibində Şamaxı, İsmayıllı və dağlıq Şirvanı birləşdirən dərəyə əkinçilik ( taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq) yarım zonasından ibarətdir.

Şirvan düzünün hazırki landşaftı, dağ çaylarının fəaliyyəti və Kür çayının çöküntüləri, eləcə də şorlaşmış süxurlar hesabına əmələ gəlib. Şirvan düzünün torpaq- qruntlarında və qrunt sularında külli miqdarda duzların toplanması əsasən, ətraf hündürlüklərdən yuyulub gətirən duzlarla əlaqədardır. XX əsrin əvvəllərinə kimi Azərbaycanda suvarma təsərrüfatı zəif inkişaf edərək, meliorasiya tədbirləri demək olar ki, həyata keçirilmirdi. Su çatışmamazlığından torpaqların xeyli hissəsi suvarılmırdı. Suvarılan çala və selləmə kimi çox su sərfinə yol verilən üsullarla aparılır, əkin sahələri su mənbələrinin yaxınlığında yerləşdirilirdi. Bu dövrdə suvarılan ərazilərin ümumi sahəsi 210 min hektarı təşkil edirdi ki, onun da 103 min hektarı pambıq altında istifadə olunurdu.

1900-1917- ci illərdə Azərbaycanda yeni mühəndisi suvarma sistemləri tikilib istifadəyə verildi, köhnə suvarma kanalları bərpa olundu. Suvarma şəbəkələri altında sahə 1914-cü ildə 942 min hektara çatdırılmışdı. Bununda 650 min hektarı faktiki istifadə olunurdu. 1917- ci ildə Rusiyada və 1918-ci ildə Azərbaycanda baş vermiş inqilablar və bu zamanki iqtisadi-siyasi şərait suvarma əkinçiliyinə də böyük zərbə vurdu. 1920-ci ildə ölkəmizdə suvarma sistemləri demək olar ki, işləmirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, 1920-ci ildə pambıq altında istifadə olunan sahə cəmisi 36 min hektar təşkil edirdi.

Kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını ödəmək üçün bir çox rayonların ərazisində suvarma şəbəkələri çəkilmişdir, torpaqlar suvarılmağa başlanmışdır. Buna Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarını misal göstərmək olar. Yuxarı Şirvan kanalı çəkildikdən sonra geniş ərazidə intensiv suvarma işləri başlandı. Müəyyən vaxt keçdikdən sonra ( 5-10 il) əvvəlcə kanaldan xeyli aralı, sonra isə kanal və onun qollarına yaxın torpaqlar şorlaşaraq əkinə yararsız hala düşmüşdür ki, bununda başlıca səbəbləri - kanallardan çoxlu miqdarda suların sızması; əkin sahələrinə bitkilərin tələbatından artıq suların verilməsi idi. 1960- ci illərin sonunda başlayaraq Şirvan düzü ərazisində kollektor- drenaj şəbəkələri tikilməsi, sahələrin səthinin hamarlanması və şorlaşmış torpaqların duzlardan yuyulması işləri başladı.

1980-ci illərin sonunda respublikamızda suvarılan torpaqların ümumi sahəsi 1,45 mln ha, o cümlədən pambıq altında 260 min hektar olmuşdur.

Son məlumatlara görə Şirvan şimal- şərq hissəsində suvarılan torpaqlar 155 min ha və ya ümumi ərazinin 19,5 %- ni ( cənub -şərqi Şirvan daxil olmamaqla) təşkil etmişdir.

Bu məqsədlə aşağıdakı məsələlərin həlli qoyulmuşdur: 1) Şirvan düzünün torpaqlarının kənd təsərrüfatında istifadə olunması. 2) Şirvan düzünün landşaftlarının antropogen dəyişmə səviyyəsinin və istiqamətin müəyyənləşdirilməsi. 3) Relyef, hidroqrafiya, torpaq, bitki və s. komponentlərin dəyişilməsinin göstərilməsi. 4) Şirvan düzənliyində torpaqların mühafizəsi və yaxşılaşdırılması üçün kompleks tədbirlərin görülməsi. 5) Ətraf mühitin mühafizəsi zamanı ekoloji- hüquqi metodlardan istifadə.

Aparılan işlər Şirvan düzü daxilində ətraf mühitin antropogen dəyişməsinin xarakteri haqqında dəqiq təsəvvür yaradır. Bu işdə Şirvan düzənliyində ətraf mühitin yaxşılaşdırılması üçün kompleks tədbirlər gələcəkdə bu ərazidə kənd təsərrüfatının inkişafı və ətraf mühitin mühafizəsi üçün proqnozların verilməsi nəzərdə tutulur. Bu işdə alının nəticələr təsərrüfatın planlı inkşafı, su, torpaq və s. resursların səmərəli istifadəsi üçün də zəmin yaradır.

Kənd təsərrüfatın inkşafı ilə əlaqədar olaraq ərazidə yaranmış təkrar şoranlaşma, bataqlaşma və otlaqların deqradasiyası məsələlərinin həlli üçün bir sıra meliorativ tədbirlərin görülməsi təklif olunur.

I FƏSİL

ŞİRVAN DÜZÜNÜN TƏBİİ-EKOLOJİ ŞƏRAİTİ

1.1.Geoloji-geomorfoloji şəraiti. Düzənliyin ilk baxışda sadə quruluşu görünməsi ilə əlaqədar olaraq bəzi ədəbiyyatlarda bütünlüklə Kür-Araz ovalığı, həmçinin Şirvan düzü 4-cü dövr çöküntülərindən təşkil olunmuş və parçalanmış kimi göstərilmişdir.

Şirvan düzü relyefin əmələ gəlməsi və müasir planda formalaşmasında əraziyə daxil olan çayların akkumlyasiya fəaliyyəti əsas rol oynayır. Düzənlik - 20 ml-ə 200 m m mütləq yüksəklik arasında yerləşir. Ərazinin təxminən 40-45% dəniz səviyyəsindən alçaqdadır. Düzənlikdə ümumi meyllik cənuba və cənub-şərqə doğrudur.

Relyefdə gətirmə konusları və konuslararası çökəkliklər yaxşı seçilir, onlar qərbdən şərqə dalğavarı forma yaradır. Gətirmə konusların səthində konusun təpəsindən kənarlarına yerləşən sahil yalları relyefə yelpikvari forma verib konusların səthlərini xeyli mürəkkəbləşdirir.

Gətirmə konuslarının cənub hissəsində Qarasu çökəkliyi, Kür çayının sahilində isə nisbi hündürlüyü 4-6 m olan yataq boyu düzənlik yerləşir. Burada Kür çayının qədim yataqları axmazlar və çalalar şəklində saxlanmaqdadır. Düzənlikdə ümumi səth quruluşu mürəkkəbləşdirən qalxmazlar və yastı çökəkliklər də mövcuddur. Ərazi antropogen amillərin təsirilə yaranmış relyef formaları da vardır.



Geoloji quruıluşu: Şirvan düzü Kür depressiyasının şimal-şərq hissəsini əhatə edib, 4-cü dovr çöküntülərindən təşkil olunmuşdur. Şərqdə Kür çökəkliyinin Aral çayı depressiyası hesabına genişlənən sahəsində dördüncü dövr çöküntüləri daha qalındır. Bü çöküntü qatının özülünü dərinə gömülmüş Neogen, Taleogen, Mezozoy süxurları təşkil edir.

Kür-Araz ovalığının bir hissəsini tutan Şirvan düzü üfüqi yatmış 4-cü dövrün delüvial, prolüvial və allüvial çöküntüləri ilə örtülmüşdür. Kür meqasinklinorisinin ox hissəsinin bəzi sahələrində 4-cü dövr çöküntülərinin qalınlığı 1000- 1500 m-ə çatır.

Son illərdə ərazidə geniş miqyasda aparılmış geofiziki tədqiqatlar və qazma işləri nəticəsində 4-cü dövr çöküntüləri altında Neogen, Taleogen, Mezozoy qatlarında bir sıra gömülmüş platforma tipli antiklinal və sinklinal strukturlar müəyyən edilmişdir ki, bunlardan da bəzilərində neft yatağı aşkar olunmuşdur.

1.2.İqlimi. Məlumdur ki, iqlim şəraiti bu və ya digər ərazidə landşaftın formalaşmasında və onun differensasiyasına təsir edən mühüm amillərdən biridir. Ə.M.Şıxlinskinin təsnifatına görə tətbiq olunan ərazidə müşahidə edilən iqlim tipindən biri yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi ərazinin cüzi nəmlənməsi və əsasən qışın isti keçməsilə fərqlənir. Yayı çox isti, quru keçir. Ayrı- ayrı günlərdə havanın temperaturu 36-400 çatır. İkincisi, qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi Şirvan düzünün qərb və dağətəyi sahələrində müşahidə edilib, zəif nəmlənməsi, mülayim, az yağıntılı qışı və nisbətən isti yayı ilə səciyyələnir.

Ərazidə günəşli saatların illik miqdarı 2100-2400 arasında dəyişir. Yüksəkliyin artması və buludluğun çoxalması ilə günəşli saatların illik miqdarı və ümumi günəş radiasiyası azalır. Şirvan düzündə radiasiya balansının illik miqdarı tədricən azalıb 40 kkal/sm2-ə enir. Ərazidə havanın orta illik temperaturu 14-150 arasında dəyişir. Məlumdur ki, hava temperaturunun müəyyən hədlərdən keçid müddətlərinin təyin edilməsi landşaftın dinamikasında, xüsusilə onun indiqatoru olan bitkilərin vegetasiyasında mühüm əhəmiyyətə malikdir.

Ə.M.Şıxlinskinin məlumatına görə, Şirvan düzündə torpağın temperaturu havanın temperaturundan, torpaq tarixindən və bitki örtüyündən asılı olaraq qeyri-bərabər paylanmışdır. Düzənliyin torpaq səthində ən alçaq orta aylıq temperatur 1-3,50, ən yüksək isə 30-350 müşahidə edilir.

Torpaq səthində və bitki orqanizmində gedən bir sıra proseslər havanın rütubətliyi ilə də əlaqədardır. Hava rütubətliyinin paylanmasına torpağın səth örtüyü, dəniz, çay və göllər boyu təsir göstərir.

Şirvan düzündə yağıntılar qeyri-bərabər paylanmışdır. Ərazidə yağıntıların miqdarı ora hesabla 254-510 mm arasında dəyişir. Ən çox yağıntı yazda və payızda düşür. Qar çox az yağır. Qar örtüyünün qalınlığı 20-25 sm, yerdəqalma müddəti 10-13 gündür. Ərazinin şimalındakı yağıntılı və dumanlı günlərin miqdarı cənuba nisbətən iki dəfə çoxdur. Dumanlı günlərin miqdarı 43-47 gün arasındadır.

Şirvan düzündə əsən küləklər yerli şəraitin və kənardan daxil olan hava kütlələrinin təsiri ilə əmələ gəlir. Bu küləklər fəsillərin dəyişməsi ilə əlaqədar olaraq tez-tez istiqamətini dəyişir.

Şirvan düzünün küləkləri Ə.A.Mədətzadənin məlumatlarına görə musson xarakterlidir. Küləklər kənd təsərrüfatı və ümumiyyətlə, bitki aləmi üçün çox zərərlidir.
1.3.Hidroqrafiya. Şirvan düzünə daxil olan çaylar tranzit xarakterlidir. Bu çaylar Kür hövzəsinə aid olub, Baş Qafqaz silsiləsinin cənub yamacında 2000-3500 m yüksəklikdən başlanır. Əlincançay, Türyançay, Göyçay və Girdimançay alçaq dağlıqdan Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır. Gətirmə konusları səthindən yer altına süzülən və kənar hissələrdə qaynamalar halında səthə çıxan sulardan Qarasu çayları yaranır. S.Rüstəmovun məlumatına görə Şirvan düzü çaylarının qidalanmasında yağıntılar, xüsusilə qar suları əsas yer tutur. Onlarda illik axının 65-70% - ə qədəri yaz və qismən yay aylarında olur. Türyançay Baş Qafqaz silsiləsinin Bazardüzü və Tufan zirvələrinin ətəklərindən, 3680 m mütləq yüksəklərindən başlayıb, Zərdab şəhərinin qərbində, 3,5 m yüksəklikdə Kürə tökülür. Yuxarı axımda Türyançayın sutoplayıcı sahəsi 1842 km2, su sərfi 15,6 m3/san illik axının həcmi isə 491 min m3-dir.

Göyçay öz başlanğıcını Savalan aşırımı və Babadağ zirvəsinin ətəklərində 2500-3000 m hündürlükdən götürüb 9 m-lik mütləq yüksəklikdə Qarasuya tökülürdü.

Sonradan keçirilən meliorativ tədbirlərlə əlaqədar olaraq birbaşa Kürə birləşdirilmişdir. Sutoplayıcı sahəsi 1770 km2, orta illik su sərfi 12,5 m3/san-dır. Çayın uzunluğu 50-60 km-dir.

Girdimançay Babadağ Zirvəsinin ətəklərində 3000 m yüksəklikdən başlayaraq 9 m yüksəklikdə Qarasuya tökülürdü. Sonradan süni yataq vasitəsilə Kür çayına axıdılmağa başlandı. Sutoplayıcı sahəsi 232 km2, su sərfi 2,34 km3/ san-dır. Şirvan düzü daxilində uzunluğu 25,2 km-ə yaxındır.

S.Rüstəmov Şirvan düzündə 2 hidroloji rayon ( Şirvan düzü və Kür - Araz ) ayırmışdır. İkincidə birinciyə nisbətən çay şəbəkəsi azdır. Şirvan düzünün ümumi çay şəbəkəsinin sıxlığı 0,46-0,5 ka/ km2 - dır. Ərazidə cənubdan Şimala, şərqdən qərbə yağıntıların artması ilə əlaqədar olaraq çay şəbəkəsinin sıxlığı çoxalır. Şirvan düzü çaylarında il ərzində axım qeyri- bərabərdir.

Yuxarıda göstərilən daimi axara malik çaylardan əlavə alçaq dağlıqdan başlanan və güclü leysan yağışları zamanı müvəqqəti axara malik müxtəlif uzunluqda bir çox quru dərə və yarğanlar da mövcuddur. Həmin dərələrin bəzisində su anbarlarının yaradılmasında istifadə olunmuşdur. Digər tərəfdən belə quru dərələr şor suları toplayan və şorlaşmanın qarşısını alan təbii drenajlardır.

Şirvan düzündə göllərin ən böyük gölü Hacıqabuldur. Sahəsi 16 km2 yaxın olan bu göldə suyun səviyyəsini sabit saxlamaq üçün Kür çayından bura su axıdılır. Gölün suyu şirindir. Göldən balıqçılığı inkişaf etdirmək üçün istifadə olunur.

Şirvan düzünün quru, arid iqlim şəraiti suvarmadan maksimum istifadə olunmasını tələb edir. Relyefin düzən olması ərazini bütünlüklə suvarmağa və mövcud hidroqrafiya şəbəkəsindən tam istifadə etməyə şərait yaradır. Mingəçevir su anbarından başlanan və 123 km-dən məsafədə uzanan Yuxarı Şirvan kanalı 47 min ha-dan çox sahəsi suvarmağa imkan verir. Şirvanın çay şəbəkəsindən daha səmərəli istifadə etmək üçün alçaq dağlığı kəsib düzənliyə çıxan sahələrdə sutoplayıcı qurğular yaradılmışdır. Şirvan düzü çayların gətirmə konuslarında zəngin yeraltı şirin su ehtiyatları vardır. Bu ehtiyatlardan mədəni landşaftların inkişafında, həmçinin məişətdə səmərəli istifadə edilə bilər.

Qrunt suları . Şirvan düzü qrunt suları ilə zəngindir. Ərazinin qrunt suları təzyiqsiz və nisbətən sərbəst səthə malikdir. Qrunt sularının qida mənbəyini yağıntılar, çay suları və suvarma ilə əlaqədar olaraq sızan sular təşkil edir. Düzənliyin ümumi meylliyi qrunt sularının qida mənbəyinə yaxın və uzaqlığı ilə əlaqədar, ərazidə bu suların səviyyə zənginliyinə görə paylanmasında müəyyən qanunauyğunluq müşahidə edilir. Belə ki, Kür çayından dağ ətəyinə doğru hipsometrik yüksəkliyin artması ilə qrunt sularının səviyyə dərinliyi artır. Kür çayı sahil boyu ərazilərdə eni 5-6 km olan zolaqda qrunt sularının səviyyə - dərinliyi 1 m, Göyçay qrunt konusunda 1,5-2 m-dir. Son vaxtlar bataqlıqların qurudulması, şoranlıqların yuyulması və s. çəkilmiş kollektor və drenaj şəbəkələrinin qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

Şirvan düzündə qrunt sularının axını çox zəif olub, əsasən düzənliyin ümumi meylliyi istiqamətindəndir. Şirvan düzünün şərq hissəsinə nisbətən qərb hissəsində çaylar çox sulu olduğundan və süni suvarmadan daha geniş istifadə edildiyindən qrunt suları səthə daha yaxın yerləşir. Məlumdur ki, qrunt suları qida mənbəyindən uzaqlaşdıqca onun intisar tapdığı süxurların daha çox minerallaşmış olması, qida mənbəyinə yaxın sahələrdən yuyulmuş mineralların uzaq sahələrdə akkumlyasiya olunması və buxarlanma ilə əlaqədar olaraq minerallaşması artır. Şirvan düzünün şərq hissəsində qrunt sularının minerallaşmasına alçaq dağlıqda olan palçıq vulkanları da nisbətən təsir göstərir.


1.4.Hidrogeoloji şəraiti.Kür Araz ovalığında və o cümlədən Şirvan düzündə hidrogeoloji tədqiqatlar ilk dəfə M.F.Kalinin, S.A.Zaxarov, daha sonralar isə F.R.Savarenskiy, V.A.Priklonskiy tərəfindən aparılmışdır.

1946-1950- ci illərdə irriqasiya-meliorativ tədbirlərin həyata keçirilməsi ilə əlaqədar hidrogeoloji tədqiqatlar bir sıra alimlər tərəfindən daha da genişləndirilmiş və hidrogeoloji amillərin qrunt sularının rejiminə təsiri öyrənilmişdir.

Yer səthindən aşağıda ilk yeraltı su horizontu olan qrunt sularının hidrogeoloji şəraiti nisbətən yaxşı öyrənilmişdir. Bu sular ovalığın hər yerində yayılaraq Dördüncü dövrün çöküntülərinin üst qatlarında və müasir litoloji süxurlarının müxtəlif genetik tiplərində müşahidə edilir.

Şirvan düzündə qrunt sularının yer səthindən olan dərinliyi hər yerdə eyni olmayıb və böyük hüdudda dəyişir. Şirvan düzünün əksər hissəsində qrunt sularının yer səthindən olan dərinliyi 0-20 m arasında dəyişir. Bu hal düzün qərb hissəsinin şərqdən fərqli olaraq daha çox suvarılması ilə əlaqədardır.

V.A.Priklonskiy Şirvan düzünün qərb hissəsinin gətirmə konuslarının kəsişən yerlərində qazılmış quyulara əsasən çayların qrunt suları hesabına qidalandığı qeyd edir. Şirvan düzünün cənub hissəsində qrunt sularının axın istiqaməti müxtəlifdir. Bu zonada qrunt suları Kür çayının infiltrasiya sularından əlavə, yerin ümumi mailliyindən asılı olaraq Qarasu çayı və cənub- şərq istiqamətində axan yeraltı sular hesabına qidalanır.

Burada şimaldan cənuba doğru, qrunt sularının yer səthindən olan dərinliyi kəskin surətdə azalır. Cənuba doğru qrunt sularının yatım dərinliyi Kür çayının təsir sferasına qədər uzanır. Kür çayına yaxınlaşdıqca qrunt sularının səviyyəsi yer səthinə yaxınlaşır. Burada qrunt sularının qalxması çaydan olan qidalanmadan əlavə suvarma ilə də əlaqədardır. Düzün qərb hissəsində yerləmiş Əlicançay ilə Türyançay çayarası zonada nisbətən dərində olan yeraltı sulara da rast gəlinir. Əlicançay, Türyançay, Göyçay, Girdimançay və Ağsu çaylarının gətirmə konuslarında rast gəlinən qrunt suları şirin olduğu üçün (0,4-1,5 q/l) içməlidir. Gətirmə konuslarının ətraf hissələrində qrunt sularının minerallığı yerli amillərdən asılı olaraq dəyişir.

Şirvan düzündə qrunt sularının minerallığı müxtəlif olub, 0,4 q/l- dən 30-50 q/l-ə qədər, bəzi yerlərdə isə hətta 100 q/l- ə qədər dəyişir.

Şirvan düzünün şərq hissəsində qrunt suları kəskin minerallaşaraq, Ləngəbiz, Böyük və Kiçik Hərəmi dağ silsilələrinin yamaclarında gələn prolüvial axın hesabına qidalanırlar. Bu sahədə qrunt sularının minerallığı 50 q/l- dən çox olub, qeyd olunan silsilələri təşkil edən süxuların yüksək duzluluğa malik olması ilə əlaqədardır.

Şirvan düzündə qrunt suları kimyəvi tərkibinə görə də kəskin fərqlənirlər. Bu ərazidə qrunt sularının üç əsas tipini ayrılmışdır: hidrokarbonatlı, sulfatlı və xlorlu.

Hidrokarbonatlı sular dağətəyi düzənliklərdə, gətirmə konuslarında, Kür çayı və iri kanallar boyunca yayılmışdır, minerallığı 10 q/l-ə qədərdir.

Sulfatlı sular düzənliyin dağətəyi zonasından sonrakı hissəsində inkişaf etmişdir, minerallığı bir qədər yüksəkdir, 10-20 q/l, bəzi yerlərdə isə minerallıq 20-40 q/l-ə qədər artır.

Xlorlu suların minerallığı isə düzün şərq hissəsində və Xəzər dənizinə yaxın hissədə yüksəkdir, 20-50 q/l bəzi yerlərdə 100 q/l və daha yüksək olur. Şirvan düzündə qrunt sularının qidalanma mənbələri (cədvəl 1.4) verilmişdir.



Şirvan düzünün qrunt sularının qidalanma mənbələri (cədvəl 1.4)




Qidalanma mənbələri


Şirvan düzü

M3/s

%

Suvarma qurğularından infiltrasiya sular

13,20

19,9

Çaylardan infiltrasiya sular (Kürün qolları)

21,85

32,93

Təzyiqli sular

9,60

14,47

Kondensasiya sular

6,75

10,17

Mexaniki qaldırılmış sulardan infiltrasiya

3,45

5,20

Atmosfer yağıntılarından infiltrasiya

4,05

6,10

Dağ süxurlarının suları

3,00

4,52

Dağ yamaclarında axan yağıntı sularından infiltrasiya

4,20

6,33

Artezian suları ilə suvarmadan infiltrasiya

0,20

0,30

Kəhriz suları ilə suvarmadan infiltrasiya

0,05

0,10

CƏMİ:

66,35

100

Düzün Əlicançay, Türyançay, Göyçay və Girdimançay konusları çöküntülərində qrunt suları kimyəvi tərkibinə görə sulfatlı, xlorlu- sulfatlı tipə aid edilir. Cənuba doğru xlor ionu, sulfat ionlarını sıxışdırıb çıxarır və qrunt suları natrium xlorid tipi ilə əvəz olunur. Cənub istiqamətdə, Qarasu çayının təsir zonasında qrunt suları yenidən sulfatlı tipə keçir ( natrium- sulfat). Düzdə qrunt sularının qidalanmasında təzyiqli suların rolu böyükdür.( M.Q.Mustafayev)

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə