AZƏrbaycan respublikasi prezidentinin fərmani bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında




Yüklə 87.46 Kb.
tarix10.04.2016
ölçüsü87.46 Kb.

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında


Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illər bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir.

Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətdə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasının, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün mövcud mühiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar" (əlavə 1) təsdiq edilsin.

2. "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onu verən icra hakimiyyəti orqanlarının siyahısı" (əlavə 2) təsdiq edilsin.

3. "Naxçıvan Muxtar Respublikasının İcra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı" (əlavə 3) təsdiq edilsin.

4. Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi sahəsində dövlət tənzimlənməsini və bu sahədə metodiki rəhbərliyi həyata keçirtmək məqsədilə lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan funksiyası Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətləri bu Fərmanın əlavəsində verilən "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"la müəyyən edilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

- bu Fərmanın 2 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri müəyyənləşdirib təsdiq etsin;

- qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması haqqında təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Müəyyən edilsin ki:

- bu Fərmanın 3 nömrəli əlavəsində göstərilən bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir;

- Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya) yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir.

7. Bu Fərmanla lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növləri üzrə bu Fərman qüvvəyə minənədək verilmiş lisenziyalar öz hüquqi qüvvəsini onlarda göstərilmiş tarixədək saxlayırlar.

8. Azərbaycan Respublikası Prezidentinin "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" 1997-ci il 27 yanvar tarixli 543 nömrəli, "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli, "Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında" 1999-cu il 8 noyabr tarixli 202 nömrəli və "Naxçıvan Muxtar Respublikasının icra orqanları tərəfindən bir sıra fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında" 21 dekabr 2001-ci il tarixli 605 nömrəli Fərmanları və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında" 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 1-ci, 5-ci və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.

9. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 sentyabr 2002-ci il
№ 782

Azərbaycan Respublikası Prezidentinin


2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında
QAYDALAR

I. Ümumi müddəalar


1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını tənzimləyir.

1.2. Lisenziya - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə (bundan sonra - "ərizəçi") müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönümlü) olduqda, o bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.6. Fərdi əmək müqaviləsi (kontrakt) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır.

1.7. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir.

1.8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

- lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır;

- lisenziyalaşdırma məsələləri üzrə normativ hüquqi aktların layihələrini hazırlayır;

- dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir;

- lisenziya verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirir;

- lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydalarını müəyyən edir;

- ölkədə vahid lisenziya reyestrini aparır;

- lisenziya blanklarının hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blankların istifadəsinin uçot və hesabatlarını aparır.

1.9. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma məsələləri üzrə sərəncamı mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.


II. Lisenziyanın verilməsi qaydası


2.1. Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşakıdakıları təqdim edir:

2.1.1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

- fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2.1.2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.1.3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.1.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.5. bu Qaydaların 2.9-cu bəndinə uyğun olaraq lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya verən dövlət orqanı zərurət olduqda konkret fəaliyyət növü ilə məşğul olmaq üçün həmin fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyatı dövlət orqanlarına müraciət edə bilər.

2.4. Lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyatı dövlət orqanına göndərilmiş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir.

2.5. Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

2.6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.7. Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir.

2.8. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət verilə bilər.

2.9. Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir.

2.10. Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

2.11. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

2.12. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir.

2.13. Lisenziyada aşağıdakılar göstərilir:

2.13.1. Lisenziya verən dövlət orqanının adı:

- hüquqi şəxslər üçün - lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

- fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

2.13.2. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

2.13.3. lisenziyanın qüvvədə olma müddəti;

2.13.4. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

2.14. Lisenziya lisenziyanı verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.15. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

III. Lisenziyanın müddəti


3.1. Lisenziya 5 il müddətinə verilir.

3.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

3.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

IV. Lisenziya tələblərinə və şərtlərinə nəzarət


4.1. Lisenziya verən dövlət orqanları hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edirlər.

Bu Qaydaların 4.1-ci bəndində göstərilmiş nəzarət lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatın lisenziya vermiş orqana təqdim edilməsi yolu ilə həyata keçirilir.

4.2. Lisenziya verən dövlət orqanlarının nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

4.2.1. Lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq;

4.2.2. yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;

4.2.3. yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək;

4.2.4. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar çıxarmaq;

4.2.5. hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.


V. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi


5.1. Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

5.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

5.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

5.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

5.2. Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanlarına məlumat göndərir.

5.3. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

5.4. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

5.4.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.4.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

5.4.3. məhkəmənin müvafiq qərarı olduqda;

5.4.4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə;

5.4.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

5.5. Lisenziya verən dövlət orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat göndərir.

5.6. Lisenziya verən dövlət orqanı verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

5.7. Lisenziya verən dövlət orqanı lisenziyanın reyestrdə qeydə alındığı tarixdən 10 gün müddətində müvafiq məlumatı dövlət ərazi vergi xidməti orqanına göndərir.


VI. Lisenziya verən dövlət orqanının vəzifəli şəxslərinin və ərizəçilərin məsuliyyəti


6.1. Lisenziya verən dövlət orqanlarının vəzifəli şəxsləri lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

6.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

6.3. Lisenziya verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Əlavə № 2


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir

Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin
SİYAHISI








Sıra №-si

Fəaliyyət növünün adı

Lisenziya verən icra hakimiyyəti orqanı

1.

I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

2.

Kartoqrafiya fəaliyyəti

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

3.

Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4.

Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərləşdirilməsi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5.

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

6.

Neft məhsullarının satışı

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

7.

Qaz məhsullarının satışı

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

8.

Tibb fəaliyyəti

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

9.

Əczaçılıq fəaliyyəti

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

10.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin:







a) istehsalı
b) idxalı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi




c) satışı

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

11.

Tütün məmulatının:
a) istehsalı
b) idxalı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi




c) satışı

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

12.

Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

13.

Su nəqliyyatı ilə yük və sərnişin daşınması

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

14.

Hava nəqliyyatı ilə yük və sərnişin daşınması

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

15.

Rabitə xidməti (telefon, sellülar, peycinq, radiolrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidməti)

Azərbaycan Respublikasının Rabitə Nazirliyi

16.

İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

17.

Təhsil (orta, orta ixtisas və ali) müəssisələrinin fəaliyyəti

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

18.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

19.

Bank fəaliyyəti

Azərbaycan Respublikasının Milli Bankı

20.

Qeyri-dövlət sosial fondların fəaliyyəti

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

21.

Sığorta fəaliyyəti

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

22.

Auditor fəaliyyəti

Azərbaycan Respublikasının Auditorlar Palatası

23.

Əmtəə birjasının fəaliyyəti

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

24.

Fond birjasının fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

25.

İnvestisiya fondunun fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

26.

Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diller, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

27.

Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

28.

Ciddi hesabat blanklarının hazırlanması

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

29.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

30.

Turizm fəaliyyəti

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

Əlavə № 3
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının İcra Hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin
SİYAHISI








Sıra №-si

Fəaliyyət növlərinin adı

1.

Tibb fəaliyyəti

2.

Əczaçılıq fəaliyyəti

3.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti

4.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

5.

Turizm fəaliyyəti


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli 782 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə


Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına kömək göstərmək və sahibkarlıqla məşğul olmaq üçün xüsusi razılıq alma qaydalarını daha da sadələşdirmək məqsədi ilə qərara alıram:

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli 782 nömrəli Fərmanının 3-cü bəndi ilə təsdiq edilmiş 3 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi hər il Naxçıvan Muxtar Respublikasında tütün məmulatına, etil (yeyinti) spirtinə və alkoqollu içkilərə olan tələbatı nəzərə almaqla Muxtar Respublikaya həmin məhsullar üzrə idxalın son həddini müəyyən etsin.

3. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən dövlət orqanları belə xüsusi razılıq verilməsi barədə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanına məlumat verirlər.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 mart 2003-cü il
№ 861

Əlavə 3
Azərbaycan Respublikası Prezidentinin


19 mart 2003-cü il tarixli 861 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin
SİYAHISI


Fəaliyyət növünün adı

1. I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı

2. Neft məhsullarının satışı

3. Qaz məhsullarının satışı

4. Tibb fəaliyyəti

5. Əczaçılıq fəaliyyəti

6. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin:

a) istehsalı

b) idxalı

7. Tütün məmulatının

a) istehsalı

b) idxalı

8. Rabitə xidməti (telefon, sellülar, peycinq, radio-trank, kabel televiziyasının qurulması və istismarı, surətli poçt xidməti)

9. Təhsil (orta və orta ixtisas) müəssisələrinin fəaliyyəti

10. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti

11. Auditor fəaliyyəti

12. Ciddi hesabat blanklarının hazırlanması

13. Müxtəlif növ möhürlərinin və ştamplarının hazırlanması

14. Turizm fəaliyyəti

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na əlavələr edilməsi haqqında


1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 31-ci və 32-ci bəndlər əlavə edilsin:







31.

Gömrük broker fəaliyyəti

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

32.

Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.



Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 965


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə