AZƏrbaycan respublikasi nazirlər kabineti qərar №112




Yüklə 13.65 Kb.
tarix11.03.2016
ölçüsü13.65 Kb.

«Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLIKASI

NAZIRLƏR KABINETI

 QƏRAR

 № 112

 Bakı şəhəri, 12 iyul 2011-ci il

 «Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında



 «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının
məbləği və verilməsi


 Q A Y D A S I

 1. Bu Qayda «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən hazırlanmışdır və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləğini və verilməsi qaydasını müəyyən edir.

2. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:

2.1. Bakı şəhərində - 47 manat;

2.2. başqa şəhər və rayon mərkəzlərində - 33 manat;

2.3. digər yaşayış məntəqələrində - 27 manat.

 3. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

3.1. prokurorluq işçisinin ərizəsi (təqriri);

3.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

3.3. müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;

3.4. xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış.



 4. Yeni xidmət yerinə gəlmiş prokurorluq işçisi kirayədə yaşaması barədə ərizə ilə (təqrirlə) müraciət etdikdən sonra bu Qaydanın 3-cü hissəsində göstərilən sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyinolunma günündən tez olmayaraq, prokurorluq işçisinin qulluq etdiyi prokurorluq orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.

5. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

6. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası prokurorluq işçisinin kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərtilə ödənilir.

7. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə