AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 214.94 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü214.94 Kb.
1   2   3

Asiya-Sakit okean regionu (Okeaniya) ölkələrinin çoxu müstəmləkə və ya yarımmüstəmləkə quruluşuna malik idilər. Ona görə də, bu ölkələrin iqtisadiyyatı zəif inkişaf etmişdir. Lakin hal-hazırda bu ölkələrdə turizm böyük sürətlə inkişaf etməkdədir. Bunun səbəbi nədə ola bilər? Məlumdur ki, turizmin inkişafı ölkə iqtisadiyyatı ilə sıx bağlıdır. Bəs necə oldu ki, iqtisadi cəhətdən geridə qalmış ölkələr qısa bir tarixi zamanda beynəlxalq turizm sahəsində sıçrayışla yüksəldilər?

1970-1995-ci illərdə, yəni 25 ilə xarici səfərlərin miqdarı bu regionda 15,7 dəfə artmışdır. Həmin müddətdə dünya üzrə artım 3,4 dəfə olmuşdur. Göstərilən illərdə beynəlxalq turizmdən əldə olunan gəlir bu regionda 63 dəfə artmışdır, halbuki bu rəqəm bütün dünya üçün 20,8 idi.

Regionda turizmin sıçrayışlı inkişafının bir neçə səbəbi var: Birincisi, ölkələrin müstəmləkə asılılığından azad olması, azad iqtisadi zonaların yaradılması və iqtisadiyyatın dinamik inkişafıdır. İqtisadiyyatın artması milli və adambaşına düşən gəlirin artmasına və asudə vaxtın çoxalmasına səbəb olmuşdur.

İkincisi, turizmin çevik modelinin yaranması və turizm sferasına ardı kəsilməyən investisiya qoyuluşudur.

Üçüncüsü, beynəlxalq münasibətlərdə gərginliyin səngiməsi və regiondaxili proseslərin səhmana salınmasıdır.

Okeaniya adalarının landşaftı gözəlliyinə görə dünyada xüsusi şöhrət qazanıb. Bununla əlaqədar olaraq adalarda turizm yaxşı inkişaf edir.

Okeaniyanın əhalisi 2 qrupa – aborigenlərə (papuaslar) və gəlmə əhaliyə (fransızlar) bölünür. Yerli əhali əsasən kənd təsərrüfatı və balıqçılıqla məşğul olur. Burada hind qozu, araxis, ananas, şəkər qamışı, banan yetişir. Okeaniyanın bir çox ölkələrində nikel, mis, fosforit hasil edilir və satılır.
12. Afrika ölkələrində turizm işinin təşkili – Afrika ölkələrində turizm zəif inkişaf etmişdir: 2004-cü ilin statistikasına görə dünya üzrə turist gəlmələrinin 4,4%, gəlirlərinsə 2,9%-i bu regionun payına düşür. Dünya üzrə turist başına düşən xərclər 660 ABŞ dolları olduğu halda, Afrika üçün bu rəqəm 440 dollara bərabərdir. Turizmin zəif inkişafının əsas səbəbini regionun turizm potensialının zəifliyində deyil (əslində burada turizmin müəyyən növlərinin potensialı yüksəkdir), turizm infrastrukturunun pis inkişafında axtarmaq lazımdır. Məsələn, regionda yerləşən və qərb ölkələrinin dəstəyi ilə kifayət qədər inkişaf etmiş Cənubi Afrika Respublikasında infrastrukturun inkişafı nəticəsində turizm sənayesi gəlirli sahəyə çevrilmişdir. Burada turizmin inkişafının dövlət proqramı qəbul olunub və həyata keçirilir. Lakin bu ölkə ilə qonşu olan və əlverişli təbii şəraitə malik ölkələr hələ də bu sahədə xeyli geri qalırlar. Qitənin təbii-iqlim şəraiti burada çimərlik, ov və ekstremal turizmin inkişafı üçün əlverişli imkanlar yaradır.

Afrika qitəsi beynəlxalq turizmin zəif inkişaf etdiyi regiondur. 700 mln əhali yaşayan qitəyə ildə cəmi 20mln-a yaxın turist gəlir.

Afrika dövlətlərinin əksəriyyəti ictimai-iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdir, turizm infrastrukturu yox səviyyəsindədir, siyasi sabitsizlik hökm sürür. Bəzi Afrika ölkələri arasında tez-tez hərbi münaqişələr baş verir. Cənubi Asiyada olduğu kimi Afrikada da bölgədaxili turizm beynəlxalq turizmdən geri qalır. Yerli əhalinin alıcılıq qabiliyyəti aşağı olduğundan dövlətlərarası turist mübadiləsi olduqca zəifdir.

Afrika qitəsində turizm sənayesi qeyri-bərabər inkişaf edib. Valyuta gəlirlərinin 91%-i Şimali, Cənubi və Şərqi Afrikanın payına düşür. Yalnız bir neçə ölkə turist axınlarını cəlb etmək, beynəlxalq standartlara uyğun keyfiyyətli kompleks turizm xidmətləri göstərmək imkanlarına malikdir. Belə ölkələrin sırasına CAR, Tunis, Mərakeş, Zimbabve, Keniya, Botsvana və b. daxildir. Adları çəkilən ölkələrdən CAR, Tunis və Mərakeş beynəlxalq turizmin inkişaf etdiyi 40 ölkənin siyahısına daxildir. Cənubi Afrika Respublikası turist səfərlərinin sayına görə qitədə birinci, Tunis - ikinci (4,7 mln nəfər), Mərakeş - üçüncü (3,3 mln nəfər) yerləri tutub. Son 10 ildə bu göstərici daha çox artmışdır.



Cənubi Afrika Respublikası Afrikanın ən ekzotik guşələrindən biridir. Zəngin yeraltı yataqlar, ölkənin coğrafi özünəməxsus mövqeyi, nadir təbiəti beynəlxalq turist axınlarını buraya cəlb edir. Dövlətin beynəlxalq turizm sahəsində yürütdüyü ardıcıl siyasəti xarici turistlərin sayının ildən ilə artmasına səbəb olur. Turizm sənayesinin böyük hissəsi bütün dünyada geniş əlaqələri olan özəl turizm agentliklərinə məxsusdur.

Yeraltı qızıl yataqlarında qızıl filiz tükəndikcə turizm sənayesinin qızıl emalı sənayesini əvəz edəcəyi haqqında rəy ölkədə çoxdan formalaşıb.

CAR-da beynəlxalq turizmin inkişafına mənfi təsir göstərən amillər mövcuddur. Ölkədə cinayətkarlıq baş alıb gedir, bu da ölkə sərvətlərinin qeyri-bərabər bölgüsünün nəticəsidir. Turistlərin təhlükəsizliyini təmin etmək üçün hökumət qəti tədəbirlər görür. Turistlərin, turist yüklərinin təhlükəsizliyini təmin etmək üçün Yohannesburq, Keyptaun və Durban beynəlxalq aeroportlarında turistlərə yardım xidmətləri təşkil edilmişdir.

1995-ci ildə CAR-da beynəlxalq turizmin inkişafı proqramı qəbul edildi. Proqramın işlənib hazırlanmasına Avropadan mütəxəssislər cəlb edilmişdi. Turizmin inkişafını ləngidən amillər (dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin azlığı, özəl sektora nəzarətin aşağı səviyyəsi, xidmətin və kadrların hazırlanmasının aşağı keyfiyyəti və s.) üzə çıxarıldı. Ölkə iqtisadiyyatı üçün turizmin əhəmiyyətini dərk edən Ətraf Mühitin Qorunması və Turizm Departamenti ölkə daxilində və xaricində turist təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, təşəkkülü və maliyyələşdirilməsi vəzifələrini, habelə bu sahədə qanunvericilik aktlarının turizm xidməti standartlarının işlənib hazırlanmasını da öz üzərinə götürdü. Əyalət və yerli hakimiyyət orqanlarına bu sahədə dövlətin yeritdiyi siyasətin icrası həvalə olundu. Cənubi Afrika Respublikasında turizm biznesinə yalnız marketinq və himayə dəstəyi göstərən «Satour» dövlət turizm təşkilatının vəzifə və quruluşuna yenidən baxıldı, təşkilata turizm nazirliyi və ya yerli hakimiyyət orqanları arasında əlaqələndirmə vəzifələri həvalə olundu. Dövlət tərəfindən qoyulan həcmli sərmayələr, turizm sahəsində idarəçiliyin təkmilləşdirilməsi və qanunvericilikdə müvafiq aktların qəbulu qısa müddətdə öz bəhrəsini verdi – 1998-ci ildə qonaqların sayı 6 mln nəfərə yüksəldi.

Afrikaya yalnız əsas turist axınları Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, İspaniya, ABŞ, İsveçrədəndir. Bu axınların əsas istiqaməti CAR-dır. Lakin Afrikada elə ölkələr var ki, burada turizm dirçəlməyə başlayır. Bu ölkələrdən biri də Zənzibardır. O, Hind okeanı sahilində, Tanzaniyadan 22 km aralı yerləşir. Beynəlxalq turizmin inkişafı üçün Zənzibarda olduqca əlverişli şərait mövcuddur. Ölkəni nadir təbiət mənzərələrinə malik ekzotik adalar əhatə edir. Burada sualtı mərcan qayalıqları dənizdən baş qaldırır.

Saysız-hesabsız, göy qurşağı kimi rəngarəng quşların çığırtısı Manqo meşələrini bürüyüb. Baobab ağacları onları bürüyən duman arasında əfsanəvi məxluqlara bənzəyir. Pempa adasında turistlərin qəbulu üçün qənaətbəxş şərait vardır. Pempadan cənubda Misani adası yerləşir, bura sanki insan ayağı dəyməmiş cənnət guşəsidir.



Tunis qədim tarixə malikdir, eyni zamanda müasir beynəlxalq turizm mərkəzidir. Turizmdən gələn gəlir xarici valyuta mədaxilinin əsas mənbəyidir. Tunis əlverişli coğrafi mövqeyə malikdir. Ölkə Şimali Afrikanın mərkəzində, Aralıq dənizi sahillərində yerləşir.

Əhalisi 10 mln nəfər olan ölkənin paytaxtı Tunis şəhəridir. Digər iri şəhərlərdən Sfaks şəhəri ölkənin iqtisadi mərkəzi, Suss – kurort və liman şəhəri, Hammomet – ölkənin ən iri kurort şəhəridir. Fransız dili geniş tətbiq olunur, başlıca təriqət islam dinidir. Əhalinin 95%-i sünni müsəlmanlardır.

Ölkəyə hər il Almaniyadan, Fransadan, İspaniyadan və digər qərb ölkələrindən 4 mln turist gəlir. Tunis bir neçə beynəlxalq turizm qurşağına ayrılır. Hammometin mavi dəniz sahili, Tabaraka mərcan qayalıqları, Cərbə və Suss bəyaz qumsal çimərlikləri, qızılı Saxara səhrasında yaşıl oazislər və sıldırım dağ silsilələri rəngarəng ölkə təbiətini təmsil edir. Şimali Afrikanın 1200 km məsafədə uzanan bəyaz qumsal sahilləri boyu 600 otel tikilib və turistlərin istifadəsinə verilib. Otellər beynəlxalq standartlara cavab verir. Hər bir otel çox çeşidli xidmətlər siyahısını təklif etməklə yanaşı, yalnız həmin otel üçün səciyyəvi olan, özünəməxsus, möcüzəli bir proqramla çıxış etməyi özünə borc bilir.

Tunis tarix həvəskarları üçün qədim Roma imperiyası şəhərciklərinin xarabalıqları, amfiteatrları, arxları, məbədləri, gözəlliyinə görə təkrarı olmayan antik heykəltəraşlıq nümunələri, ispan və türk qalaları, hərbi məskənləri, orta əsr ərəb bazarları, məscidlər və s. ilə tanış olmağa imkan yaradır.

Dünyada ən böyük talassoterapiya mərkəzləri sırasında 4-cü yeri tutan şəfa ocağı Tunisdə yerləşir, burada müxtəlif şəfa xidmətləri, dəniz və palçıq vannaları, yüzə yaxın qaynar bulaq, müasir «Gözəllik İnstitutu» insanların ixtiyarına verilib.

Macəra axtaranlar üçün Saxara səhrasına, ilğım «ölüm göllərinə», Şəbəkə və Tamerzanın dağ yolları və cığırlarına, troqloditlərin yeraltı məskənlərinə səyahətlər təşkil edilir. Gimnastika zalları, tennis və qolf meydançaları, sörfinq, yelkənli gəmi və qayıqlar, dəniz motosikletləri, katamaranlar, at belində gəzintilər, Saxarada dəvə belində səyahətlər idman həvəskarlarının ixtiyarına verilib.

Tunisdə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsidir. Hammomet, Hebelü, Suss, Manastria, Cerbi, Kəlcbin, Tabarki kurortlarında, Saxara oazislərində və başqa yerlərdə 600 gözəl otel salınıb. Ucuz nömrələri olan otellər də az deyil. Hər imkana uyğun olan qiymətdə otel tapmaq mümkündür. Aşağı qiymətlərə müvafiq xidmətlər keyfiyyəti də aşağı səviyyədə olur. Bəzi otellər talassoterapiya müalicə kurslarını təklif edir.

Tunisdə üzgüçülük-çimərlik, ölkə mədəniyyəti ilə tanışlıq və müalicə turizmi üstünlük təşkil edir. İnkişaf edən ölkə kimi Tunis Aralıq dənizinin Avropa sahili ölkələri ilə uğurla rəqabət aparır. Lakin ölkənin kifayət dərəcədə inkişaf etməməsi onu xarici kapitalın məngənəsində saxlamağa davam edir.




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR


  • Turizm – Siyavuş Yeganlı, Emin Hacıyev, Bakı-2006, ABU Təhsil nəşriyyatı

  • Turizmin əsasları – İlqar Hüseynov, Nigar Əfəndiyeva, Bakı-2007, Mars-Print nəşriyyatı

  • Azərbaycanda turizmin inkişaf problemləri – F. İ. Qurbanov, Bakı-2007, “Adiloğlu” nəşriyyatı

  • www.firststeps.az

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə