Azərbaycan Respublikası




Yüklə 378 Kb.
səhifə1/3
tarix09.03.2016
ölçüsü378 Kb.
  1   2   3
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının 2012-ci ildə gördüyü işlərə dair

HESABAT

Bakı, mart 2013

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə

Dövlət Komissiyasının 2012-ci ildəki fəaliyyətinə dair

Hesabat

Dövlət Komissiyasının rolu

Bitkilərin yeni “güclü”, yüksək məhsuldar sortları kənd təsərrüfatında ən vacib istehsal vasitəsidir. Sortların yaxşılaşdırılması ərzaq məhsulları istehsalının kəmiyyət və keyfiyyətcə yüksəldilməsində, həmçinin xammal mənbələrinin yenilənməsində iqtisadi baxımdam ən əlverişli yol hesab edilir. “Seleksiya nailiyyətləri haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Taxılçılıq haqqında”, “Toxumçuluq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, Azərbaycan Respublikasının Qanunlarının və Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinin tələblərində, eləcə də Hökumət tərəfindən qəbul edilmiş müvafiq qərar və sərəncamlarda seleksiya işlərinin, kənd təsərrüfatı bitkilərinin yeni məhsuldar sortlarının sınaqdan keçirilməsi və rayonlaşdırılması, genetik ehtiyatların qorunması və səmərəli istifadəsi sahəsində çox mühüm vəzifələr qarşıya qoyulmuşdur.

Göstərilən vəzifələrin yerinə yetirilməsində Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası (SNSMDK) və onun regionlardakı sort-sınaq məntəqələri xüsusi rola malikdir. Dünyanın əksər ölkələrində sınaq və qeydiyyat sistemindən çox geniş istifadə olunur. Məqsəd yerli ərazilərdə adaptasiya oluna bilməyən və buna görə də istehsal problemlərinə səbəb olan həmin sortların qəbul edilməsinin qadağan olunmasında fermerləri müdafiə etməkdir.

Bazar iqtisadiyyatı və rəqabətliliyin daha çox yüksəldiyi bir zamanda ölkə seleksiyaçıları tərəfindən yeni yaradılmış, həmçinin xarici ölkə seleksiyaçılarından və şirkətlərindən daxil olan bitki sort və hibridlərinin tez bir zamanda ekspertizadan keşirilməsi, qanunvericiliyin və metodiki göstərişlərin tələblərinə uyğun olaraq sınaqlarının aparılması, əvvəlki sortlardan məhsuldarlığı, keyfiyyəti, xəstəliklərə davamlılığı və digər göstəriciləri üstün olan sortların qiymətləndirilərək Dövlət reyestrinə daxil edilməsi və istifadəsinə icazə verilməsi fermerlərin və digər təsərrüfatların gəlirlərinin artırılmasında çox mühüm əhəmiyyət kəsb edir. Bütün bu fəaliyyətlərin həyata keçirilməsində Seleksiya Nailiyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası müstəsna rola malikdir.



Sort-sınaq fəaliyyəti

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının 2012-ci il üzrə Baş planına əsasən 24 bitki üzrə 553 sort-sınaq təcrübələri aparılmışdır. Sınaq işlərinin kənd təsərrüfatı bitkilərinin sort-sınağına dair müvafiq metodikaların tələblərinə uyğun olaraq həyata keçirilməsi təmin edilmişdir. Sınaqda olan hər bir bitki sortu və hibridi üzrə fenoloji müşahidələr aparılmış, müvafiq aqrotexniki tədbirlər yerinə yetirilmiş, sort və hibridlərin xəstəliklərə sirayətlənməsi, ziyanvericilərə qarşı davamlılığı araşdırılmış, müxtəlif torpaq-iqlim zonalarında meteoroloji amillərə dözümlülüyü müəyyən edilmişdir. Dövlət Komissiyasının rəhbərliyi və mütəxəssisləri mütəmadi olaraq sort-sınaq məntəqələrində sınaq işlərinin gedişini araşdırmış, fəaliyyətlərin yaxşılaşdırılması, metodiki qaydalara əməl edilməsi, müşahidə və hesabat işlərinin vaxtlı-vaxtında aparılmasınına dair zəruri köməkliklər göstərmişdir.

2012-ci il üçün təsdiq olunmuş baş plana əsasən sınaqda olan sortlardan 310-nu dənli, dənli-paxlalı və yem bitkilərinin sortları, 82-ni texniki bitkilərin (pambıq, tütütn, tut ağacı) sortları və tut ipəkqurdu hibrid və cinsləri, 64-nü tərəvəz, bostan və kartof bitkilərinin sortları, 97-ni isə meyvə (alma, armud, gilas, fındıq, üzüm, çay və s.) bitkilərinin sortları təşkil etmişdir (əlavə 1). Sınaqda olan sortların 56,1%-ni dənli, dənli-paxlalı və yem bitkilərinin sortları təşkil etmişdir.


Dənli, paxlalı və yem bitkiləri içərisində ən çox xüsusi çəkiyə buğda və arpa sortları malik olmuşdur. Müvafiq olaraq həmin bitkilərin sortları 62,3% və 21,0% təşkil etmişdir. Qarğıdalı, noxud və yem bitkilərinin sortları 3,9-7,4 % arasında tərəddüd etmişdir.

Sınaqda olan bitki sortlarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Dövlət Komissiyasının strukturuna daxil olan Bakı kimya-texnoloji laboratoriyasına tələb olunan miqdarda məhsul nümunələri göndərilməsi təmin edilmişişdir. Laboratoriyada 15 btki sort və hibridləri üzrə 965 nümunədə analizlər aparılmışdır (əlavə 2).



Sınaq təlimatları və metodikasına uyğun olaraq əvvəlki illərin və 2012-ci ilin göstəricilərinə əsasən dənli, dənli-paxlalı və texniki bitkilərin sınaqda olan sortları içərisində hal-hazırda mövcud rayonlaşdırılmış sortlardan məhsuldarlığı, keyfiyyəti və digər təsərrüfat faydalı əlamətləri üstün olan sortlar müəyyən edilmişdir (cədvəl 1). Həmin sortlar Seleksiya Nailiyyətlərinin sınağa qəbul edilməsi və rayonlaşdırılması üzrə komissiyanın geniş iclasının müzakirəsinə təqdim ediləcəkdir. Sortların xüsusiyyətləri aşağıdakı cədvəldə təsvir edilir.


Sort rayonlaşdırılmasında dəyişiklik üzrə təklif

Cədvəl 1


Sı-ra

Bitki,

sortun kodu və adı

Orgina-tor

Sınaqda

olduğu məntəqə-nin adı

Sınaq illəri

Rayonlaşmaya dair təklif

Payızlıq buğda













1

0900010 Zirvə 85


Azərbaycan ET Əkinçilik institutu

Salyan, Ağdam

2010-2012

Payızlıq buğdanın Zirvə sortu (sortun kodu 0900010) Azərbaycan ET Əkinçilik İnstitutunda yumşaq buğdanın hibrid populyasiyasından fərdi seçmə yolu ilə alınmışdır. Respublikanın I (kürətrafı suvarılan düzən zona) və II (Şirvan-Qarabağın suvarılan zonası) zonalarında rayonlaşma üçün təklif olunur.

Sort Eritrospermium növmüxtəlifliyinə aiddir.

Müsabiqəli sort sort sınağında 2010-2012-ci illərdə orta məhsuldarlığı Salyan DSSM-də 26,0 s/ha (5,7 s/ha standart Tale 38 sortundan yüksək), Ağdam DSSM 40,1 s/ha (standart Azəri sortundan 3,6 s/ha çox) təşkil etmişdir.

Respublika üzrə zəmanətli artım 3,4 s/ha və yaxud 12%-ə bərabərdir. 1 hektardan iqtisadi səmərəliliyi 85 manatdır.

Bakı Kimya texnoloji laboratoriyasının məlumatına əsasən dəndə zülalın miqdarı 13,0-13,7%, kleykovina miqdarı 27,0-27,8%-dir.

Zülal yığımı 3,2-4,6 s/ha və yaxud 0,6-1,0 s/ha standartdan yüksək.

Sort sarı və qonur pas xəstəliklərinə davamlıdır.


2

0800015

Ağəli


Azərbaycan ET Əkinçilik institutu

Ağdam, Qusar, Zaqatala

2009-2012

Payızlıq buğdanın Ağəli sortu (sortun kodu 0800015) Azərbaycan ET Əkinçilik institutunda 01172 nümunəsi ilə Solva sortunun növdaxili hibridləşdirilməsi və sonradan fərdi seçmə yolu ilə yaradılmışdır.

Respublikanın II zonasının (Şirvan-Qarabağ suvarılan ovalıq zonası), VIII-ci zonanın (Böyük və kiçik qafqazın alçaq dağlıq zonası) 1-ci yarımzonasında (Qusar-Quba yarımzonası) rayonlaşma üçün tövsiyə olunur.



Payızlıq arpa













3

0700037

Qarabağ 33



Azərbaycan ET Əkinçilik institutu

Salyan, Qusar, Zaqatala

2009-2012

Payızlıq arpanın Qarabağ 33 sortu (sortun kodu 0700037) Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər BTS-da İCARDA-dan IWFBUT pitomnikindən introduksiya olunmuş 85 M1 (entry 20) nümunəsindən fərdi və kütləvi seçmə yolu ilə yaradılmışdır.

Respublikanın I zonası (kürətrafı suvarılan düzən zona), II zonası (Şirvan-Qarabağ suvarılan ovalıq zona), IX zonası (Şəki-Zaqatala zonası) və VIII zonanın (Böyük və kiçik qafqazın alçaq dağlıq zonası) 1-ci yarımzonasında (Qusar-Quba yarımzonası) rayonlaşma üçün təklif olunur.

Erektum növmüxtəlifliyinə daxildir.

2009-2012-ci illərdə Salyan, Qusar və Zaqatala kompleks sort-sınaq məntəqələrində müsabiqəli sınaqda məhsuldarlığı müvafiq olaraq 23,6, 32,0 və 28,1s/ha təşkil etmiş və yaxud 2,5 s/ha standart Seltik sortundan yüksək göstəriciyə malik oplmuşdur. Həmin sortun Qusar DSSM-də potensial məhsuldarlığı 2012-ci ildə 43,0 s/ha bərabər olmuşdur ki, bu da standartdan 15% yüksəkdir.

Respublika üzrə zəmanətli artım 1,3 s/ha-dır.

Tezyetişəndir. Vegetasiya müddəti 153-225 gündür. Standart sortdan 1-2 gün tez yetişir. Asan döyülür, kollanması yüksəkdir. Sort qışadavamlıdır, yerə yatmaya və dənin tökülməsinə davamlıdır. Quraqlığadavamlılığı yüksəkdir.

Dəni orta irilikdədir. 1000-dənin kütləsi 38-42 qram olmaqla, standartı 2,2 qram üstələyir.

Dəndə zülalın miqdarı 11,5-12,9%, standartda 10,6-12,4%-dir.

Zülal yığımı hektardan 2,3-dən 3,4 sentenerə qədər təşkil etmişdir. Ki bu da standartla müqayisədə 0,2-0,6 sentener çoxdur. Sort qonur pasa, bərk sürməyə və unlu şehə çoz zəif standart sort isə orta dərəcədə tutulur.


4

0800031

Qüdrətli 48



Azərbaycan ET Əkinçilik institutu

Salyan, Qusar, Zaqatala

2009-2012

Payızlıq arpanın Qüdrətli 48 sortu (sortun kodu 0800031) Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan BTS-da İCARDA-dan IB-CB-WT (entry 119) pitomnikindən introduksiya olunmuş 85 M1 (entry 20) nümunəsindən fərdi və kütləvi seçmə yolu ilə yaradılmışdır.

Respublikanın Naxçıvan MR-nın I (Arazkənarı suvarılan düzənlik zona) və II (orta dağlıq zona) zonalarında rayonlaşdırmaq üçün təklif olunur.

Pallidium növmüxtəlifliyinə aiddir.

Naxçıvan kompleks sort-sınaq məntəqəsində 4 il sınaq müddətində sort 33,8 s/ha məhsuldarklığa malik olmuşdur. Standart Rosava sortunu 5,2 sentener üstələmişdir. Ən yüksək məhsul 2011-ci ildə -41,0 s/ha alınmışdır. Bu standartdan 8,0 sentener artıqdır.

Zəmanətli artım 4, 0 s/ha və yaxud 1412%-ə bərabər olmuşdur.

Sort ortatezyetişəndir. Vegetasiya müddəti 174 gündür. Standartdan 1-2 gün tez yetişir. Qışadavamlılığı orta yüksəkdir. Sort yerə yatmır. Standart güclü yerə yatmaya meyllidir. Quraqlığa orta dərəcədə davamlıdır.

Dəni iridir. 1000-dənin kütləsi 43,5 qramdır. 5,5 qram standartdan yüksəkdir. Dəndə zülalın miqdarı 12,4%, standartda isə 12,0% -dir. Hektardan zülal yığımı 3,6 sentener və yaxud 0,7 sentener standartdan artıq təşkil etmişdir.

Sort zəif dərəcədə qonur pas, unlu şehə və helmintosperiozla zədələnir. Standart sort isə qeyd edilən xəstəliklərlə orta dərəcədə zədələnir. Sort bərk sürmə ilə zədələnməyə davamlı, stabdart isə həssadır.




Noxud













5

0900044

Sultan


Azərbaycan ET Əkinçilik institutu

İsmayıllı, Qusar, Naxçıvan kompleks SSM

2009-2012

Noxudun Sultan sortu (sortun kodu 0900044) Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Quraq Zonalarda Kənd Təsərüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzdən gətirilmiş Flip 98-178 nümunəsindən fərdi və kütləvi seçmə üsulu ilə alınmışdır.

Respublikanın III (Böyük və Kiçik suvarılan dağətəyi düzən zonası), VII (Dağətəyi-Çöl zonası), VIII (Böyük və kiçik qafqazın alçaq dağlıq zonası) və Naxçıvan MR-nın I (Arazkənarı suvarılan düzənlik zona) və II (Orta dağlıq zona) zonalarında rayonlaşdırmaq üçün tövsiyə edilir.

Kabuli növmüxtəlifliyinə aiddir.

2009-2012-ci illərdə İsmayıllı SSM-də müsabiqəli sort-sınağında orta məhsuldarlığı 10,2 s/ha, Qusar kompleks SSM-də 16,7 s/ha, Naxçıvan taxılçılıq SSM-də 16,0 s/ha təşkil etmişdir ki, bu da standart Nərmin sortundan uyğun olaraq 2,2, 0,3 və 3,0 s/ha çoxdur. 2010- cu ildə Qusar kompleks SSM-də potensial məhsuldarlığı 20,0 s/ha olmuşdur.

Sortun zəmanətli məhsul artımı1,5 sentenerdən 2,9 s/ha-dır.

Orta tezyetişəndir. Vegetasiya müddəti 69-81 gündür. Standartla yaxın müddətdə yetişir. Bitkinin boyu orta hesabla 46 sm-dir. Bu 3 sm standart sortadn qısa deməkdir. Yerə yatmaya və paxlalaların açılmasına (çatlamasına) davamlıdır. Quraqlığa davamlılığı ortadan yüksək olmaqla standart səviyyəsindədir.

Dəni iridir. 1000-dənin kütləsi 229-387 qramdır, bu standartdan 40 qram çoxdur. Zülalın miqdarı yüksəkdir - 26,4-27,0%, standartda isə bu 24,8-25,7%-dir. Zülal yığımı hektardan 2,3-3,7 s/ha və yaxud 0,6 s/ha standartdan yüksək. Sort yaxşı dad keyfiyyətinə malikdir.

Askoxitoz və fuzarioza standarta kimi zəif tutulur.



Pambıq












6


0900079

Qarabağ 11



AMEA-nın Genetik Ehtiyatlar İnstitutu

Salyan Kompleks DSSM

2009-2012

Qarabağ-11 pambıq sortu (sortun kodu 0900079)

Genetik Ehtiyatlar İnstitutu tərəfindən 2005-2008 - ci illərdə Ağdaş dayaq məntəqəsində aparılan elmi tədqiqat işlərinin nəticələri əsasında yaradılmışdır. Botaniki mənşəyi Qossipum hirsutum L., kolların hündürlüyü 110-120 sm, yığcam piramida şəklində monopodial budaqlanma 1, simpodial budaqların tipi isə I-II budaqlanmaya aiddir. Yarpaqlar orta irilikdə tünd yaşıl rəngdə, 3-5 qanadlı, orta qanadlı ürəkvaridir. Çiçəkləri orta irilikdə olub, sarı rənglidir. Qozaları orta yumurtavari, ulduzburundur. Dişiciklərin sayı 4-5, məhsulu tökülmür. Bir qozanın orta kütləsi 5-6 qr-dır. Orta məhsuldarlığı 28,5s/ha olmuşdur ki, bu da standart Ağdaş 3 sortundan 2,1 s/ha çoxdur. Mahlıc çıxımı 30,5% olmuşdur ki, bu da standartdan 1,4% çoxdur. Sort tez yetişəndir (115 gün).



7

1250230

Progen



Türkiyə MKT, İK







Progen pambıq sortu (sortun kodu 1250230) 2005-ci ildən Tükiyə Qida,Kənd Təsərrüfatı və Heyvahdarlıq Nazirliyinin Toxumçuluq, Sınaq və Sertifikatlaşdırma Mərkəzi Müdirliyi tərəfindən qeydiyyata alınmışdır.

2012-ci ildə Salyan SSM-də bitkinin hündürlüyü 100-110 sm, olmuşdur. Monopodial budaqların sayı 1 ədəd, yatmaya davamlı, yarpaqlar tünd yaşıl rəngli, qozanın kütləsi 6,0-7,2 qram olub oval formalıdır. 2012- ci ildə Salyan SMM-də məhsuldarlıq 32,9 s/ha, lif çıxımı 39,2% olmaqla standart sortla müqayisədə (müvafiq olaraq 1,4s/ha, 0,6%) yuxarı göstəricilərə malik olmuşdur. Respublikada pambıqçılıqla məşğul olan bölgələrində becərilməsi tövsiyə olunur.



Tut ğacı













8

0100080

Məhsəti-900



ET İpəkçilik İnstitutu

Zaqatala meyvəçilik və Göyçay ipəkçilik SSM

2000-2012

Tut ağacının Məhsəti- 900 sortu (sortun kodu 0100080) 1975-97 ci illərdə sintetik seleksiya metodu ilə Sıxgöz-tut formasının tetraploid Kattaneo forması ilə hibridləşməsindən alınmışdır. Yarpaqları bütöv və yumurtavaridir. Gövdənin və birillik budaqların rəngi tünd- boz rəngdə olur. Sort-sınaq təcrübələrinin nəticələrinə görə Məhsəti 900tut sortu orta hesabla bir il ərzində Zaqatala SSM-də 65-70, Göyçay SSM-də isə 70-75 kq yarpaq məhsulu verir ki, bu da standart sortla müqayisədə (Xanlar tut) 3-5 kq cox hesab olunur.

Tut ipəkqurdu













9

1000160

Hesa 2/1 x Mayak 5



ET İpəkçilik İnstitutu

Zaqatala meyvəçilik və Göyçay ipəkçilik SSM

2010-2012

Hesa 2/1 x Mayak 5 hibridinin ilkin materialı Hesa 2/1 və Mayak 5 cinsləridir. Bu hibridin kodu 1000160-dır. Hibridin qurdları ağ rəngdə, baramaları isə ağ oval formalıdır. Diri baramanın kütləsi 2.23 qr, ipəkliliyi isə 22.1 %-dir. 1 qram qurdun barama məhsulu Zaqatala SSM-də 3 ildə orta hesabla (2010-2012-ci illər) 4,73kq, Göyçay SMM-də isə 4.58 kq olmuşdur ki, bu da standartla müqayisədə müvafiq olaraq 0,11, 0.04 kq çoxdur. İpək çıxımı Göyçay və Zaqatala DSSM-də 39,1-39,5%, standarta isə bu göstərici müvafiq olaraq 37,0-36,4% təşkil etmişdir. Respublikanın III (Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi düzən zonası), VII (Dağətəyi-çöl zonası) və IX zonaları (Şəki-Zaqatala zonası) üçün xarakterikdir.

10

1000152

Mayak 5xHesa 2/1



ET İpəkçilik İnstitutu

Zaqatala meyvəçilik və Göyçay ipəkçilik SSM

2010-2012

Bu hibridin ilkin materialı Mayak 5 və Hesa 2/1 cinsləridir. Hibridin kodu 1000152-dir. Qurdları ağ rəngdə, baramaları ağ oval formalı olur. Barama məhsulu Zaqatala SSM-də 4.66kq, Göyçay SMM-də isə 4.48 kq olmuşdur ki, bu da standartla müqayisədə müvafiq olaraq 0.04 və 0.05 kq çoxdur. İpək çıxımı Göycay və Zaqatala SSM-də 38,4-39,3% təşkil etmişdir. Respublikanın III, VII, IX zonaları üçün rayonlaşmaya təklif edilir.

11

Gözəl x Xallı

1000187


Genetik Ehtiyatlar İnstitutu

Zaqatala meyvəçilik və Göyçay ipəkçilik SSM

2010-2012

Gözəl x Xallı tut ipəkqurdu hibridi Gözəl və Xallı mutant formalarının hibridləşməsi yolu ilə alınmışdır. Bu hibridin qurdları açıq kül rəngində olur. 1 qram qurdun barama məhsulu Zaqatala SSM-də 3 ildə orta hesabla (2010-2012-ci illər) 4.72 kq, Göyçay SMM-də isə 4.45 kq olmuşdur ki, bu da standartla müqayisədə müvafiq olaraq 0.11, 0.06 kq çoxdur. Respublikanın ipəkçiliklə məşğul olan bütün bölgələri üçün xarakterik sayıla bilər.

12

Xallı x Gözəl

1000179


Genetik Ehtiyatlar İnstitutu

Zaqatala meyvəçilik və Göyçay ipəkçilik SSM

2010-2012

Xallı x Gözəl tut ipəkqurdu hibridi Xallı və Gözəl mutant formalarının hibridləşməsi yolu ilə alınmışdır. Bu hibridin toxumları, qurdu və kəpənəyi bütün mərhələlərdə nisbətən tezyetişkənliyi ilə seçilir. Bu hibridin qurdları açıq kül rəngində olur. 1 qram qurdun barama məhsulu Zaqatala SSM-də sınaq illərində (2010-2012) 4.74 kq, Göyçay SMM-də isə 4.43 kq olmuşdur. Bu göstərici standartla müqayisədə müvafiq olaraq 0.10, 0.05 kq çoxdur. Respublikanın ipəkçiliklə məşğul olan bütün bölgələri üçün xarakterik hesab edilir.


13

Tut ipəkqurdu cinsi

Mayak 5

1000195


ET Ipəkçilik institutu

2010-2012

Mayak 5 cinsinin qurdları ağ rəngdə, qrenası isə kül rəngində olub yapışandır. Baramaları ağ rəngli, oval formalıdır. Qrenanın dirilməsi 94.9%, qurdların yaşaması isə 96.7% olub, yemləmə müddəti 26.1 gün davam edir. Diri barama orta irilikdə olub, kütləsi 2.18qr, ipəkliliyi isə 22.3% təşkil edir.

Barama pərdəsinin açılması 84.6% olub, ipək çıxımı 42.4% təşkil edir. Baramadan açılan ipək telinin uzunluğu 1287m, nazikliyi isə 3141m/q-dır.



14

Tut ipəkqurdu cinsi

Xallı

1000209


Genetik Ehtiyatlar İnstitutu

2010-2012

Cinsin qurdları və qrenası açıq kül rəngində olub yapışandır. Baramaları ağ rəngli və oval formalıdır. Qrenanın dirilməsi 97.5%, qurdların yaşaması isə 98.1% olub, yemləmə müddəti 26.9 gün davam edir. Quru baramanın ipəkliliyi 49.5%,diri baramanın ipəkliliyi isə 20.6 % olur. Bu cinsdə xam ipək çıxımı 42.1 %, ipək telinin uzunluğu 1118m təşkil edir.

15

Tut ipəkqurdu cinsi

Gözəl

1000217


Genetik Ehtiyatlar İnstitutu

2010-2012

Gözəl cinsinin qurdları ağ süd rəngində, qrenası isə açıq kül rəngində olub yapışandır. Baramaları ağ rəngli və oval formalıdır. Qrenanın dirilməsi 97.9%, qurdların yaşama qabliyyəti isə 97.9% təşkil edir. Yemləmə müddəti 26.9 gün davam edir. Quru baramanın ipəkliliyi 49.7%,diri baramanın ipəkliliyi isə 17.5%, barama pərdəsinin açılması 87.2%təşkil edir. Gözəl cinsində xam ipək çıxımı 42.3 %, ipək telinin uzunluğu 1130 m olur.

Hesabat dövründə Elmi-Tədqiqat İnstitutları, şirkət və firmalar tərəfindən müxtəlif kənd təsərrüfatı bitkilərinin və tut ipəkqurdunun 65 yeni sort, hibrid və cinslərinin sınağa qəbul edilməsinə dair sənədlər qəbul edilmişdir. Həmin sortlardan 9-u dənli bitkilər (4 buğda, 1 arpa, 1 tritikale, 3 qarğıdalı sortu), 1-i yem bitkisi (yonca), 4-ü texniki bitkilər (3 pambıq, 1 çuğundur sortu), 36-sı tərəvəz bitkiləri (11 kələm, 3 kahı, 7 xiyar, 11 pomidor, 1 yerkökü sortu, 2 bibər, 1turp ), 11-ı meyvə və üzüm sortları (1 alma, 2 feyxoa, 8 üzüm sortları), 4-ü isə tutağacı və tut ipəkqurdu cins və hibridləri olmuşdur. Sənədlər üzrə ekspertiza aparılmış və müvafiq təkliflər Seleksiya Nailiyyətlərinin Sınağa Qəbul Edilməsi və Rayonlaşdırılması üzrə Komissiya”sının müzakirəsinə təqdim edilmişdir. 2012-ci il üzrə sort-sınaq işlərinin nəticələri əsasında sortların rayonlaşdırılması və bitkilərin yeni sortlarının sınağa qəbul edilməsinə dair yekun qərar Kənd Təsərrüfatı Nazirliyinin “Seleksiya Nailiyyətlərinin Sınağa Qəbul Edilməsi və Rayonlaşdırılması üzrə Komissiya”sının 2013-cü ilin birinci rübündə keçiriləcək Respublika müşavirəsində qəbul ediləcəkdir.

Sınaqdan çıxarılan sortlar

Aşağıdakı sortlar 2013-cü ildən sınaqdan çıxarılacaqdır.



Sı-ra

Bitki və

Sortun adı

Mənşəyi

Sort-sınaq məntəqəsinin adı

Sınaq illəri

Sınaqdan çıxarılma səbəbi




Payızlıq buğda













1

Pisanka

Rusiya, Stavropol ETKTİ

Salyan, Ağdam, Xaçmaz, Zaqatala, İsmayıllı, Qusar kompleks, Qusar Naxçıvan MR

2011-2012

Məhsuldarlığına görə sort fərqlənməmişdir, yetişməsi standarta yaxındır, zülal faizi və zülal yımı standartdan geri qalır, sarı pasa orta dərəcədə sirayətlənir (standart zəif)

Perspektiv olmadığı üçün sınaqdan çıxarmaq nəzərdə tutulur.

2

Zustriç

Rusiya, Stavropol ETKTİ

Salyan, Ağdam, Xaçmaz, Zaqatala, İsmayıllı, Qusar kompleks, Qusar, meyvəçilik, Naxçıvan MR

2011-2012

2 il müddətində bütün SSM-də sınaqda olmuşdur. Standartla müqayisədə məhsuldarlığına və digər təsərrüfat-qiymətli əlamətlərinə görə nəzərə çarpan üstünlük aşkar edilməmişdir.

Sınaqdan çıxarmaq nəzərdə tutulur.

3

Auradur

Türkiyə

Ağdam, İsmayıllı

2011-2012

Sınağa bərk buğda sortu kimi verilmişdir. Lakin yerində baxış zamanı Ağdan SSm-də qılçıqsız yumşaq buğda olduğu, İsmayıllı SSM-də isə qılçıqlı yumşaq buğda olduğu müəyyən edilmişdir. Həmçinin həddindən artıq sort qarışığı olmuşdur. Qeyd edilən səbəblərə və təsərrüfat-faydalı əlamətlərinə görə üstünlüyə malik olmadığından sınaqdan çıxarılması təklif olunur.

4

Balaton

Türkiyə

Ağdam, İsmayıllı, Zaqatala

2011-2012

2 il 3 SSM-də sınaqda olmuşdur. İllər üzrə məhsuldarlıq göstəricisi ziddiyyətlidir. Orta hesabla Ağdam və İsmayıllı SSM-də standartdan geri qalır. Zaqatala SSM-də kiçik artım təcrübənin xətası hüdudundadır. Dəndə zülülın miqdarına və hektardan zülal yığımına görə standartdan geri qalır. Böyük dərəcədə sarı pasa sirayətlənməyə meyillidir.

Sınağın davam etdirilməsi məqsədəuyğun deyildir.

5

Selyanka Odesskaya

Rusiya, Stavropol ETKTİ

Salyan, Ağdam, Xaçmaz, Zaqatala, İsmayıllı, Qusar kompleks, Qusar, meyvəçilik, Naxçıvan MR

2011-2012

Respublikanın bütün SSM-də sınaqda olmuşdur. Nəzərəçarpan artım (təcrübənin xətası hüdudunda) Salyan və Zaqatala SSM-də qeydə alınmışdır. Digər SSM-də standartdan aşağı göstəriciyə malik olmuşdur.Standartla eyni vaxtda, və yaxud 1-2 gün gec yetişir. Dəni xırdadır, Zülan miqdarına görə geri qalır. Sarı pasla orta dərəcədə sirayətlənir. Standarta isə bu göstərici zəif qeyd edilmişdir. Sortun sonrakı sınağının davam etdirilməsinin perspektivi yoxdur.


Istehsalat fəaliyyəti

Dövlət sort-sınaq məntəqələrinə sort-snaq işləri ilə yanaşı özünümaliyyələşdirmə prinsipi əsasında stehsalat fəaliyyətləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr 367s nömrəli sərəncamı ilə seleksiya nailiyyətlərinin sınağının aparılması və mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət sort-sınaq məntəqələrinin daimi istifadəsi üçün 378,7 ha ümumi torpaq sahəsi təhkim edilmişdir. Ümumi torpaq sahəsinin 13,9 hektarı bina, talvar, yollar, meşə zolağı və s. altındadır. 38,6 hektar istifadə edilə bilməyən (rekultivasiyaya ciddi ehtiyacı olan) haldadır. 2012-ci ildə 285,2 hektar sahə təcrübə-sınaq sahələri, birillik bitkilər və çoxillik əkmələr altında, 41 hektar isə dincə qoyulmuş və herik üçün saxlanılmışdır. 16 sort-sınaq məntəqəsindən əsasən 10-u istehsalat fəaliyyəti göstərmişdir. Həmin məntəqələr üzrə 775,5 ton ümumi məhsul istehsal edilmişdir ki, bu 2011-ci il və əvvəlki illərlə müqayisədə 18,5-32,0% çoxdur.



Əkin və çoxillik əkmələr altında olan sahə Ümumi kənd təsərrüfatı məhsuları istehsalı, ton

Məntəqələr üzrə ümumi rentabellik 34,2% təşkil etmişdir. 16 Dövlət sort-snaq Məntəqəsindən 11-nin rentabellik səviyyəsi 2,7-141,7% arasında dəyişmişdir (sxem). Digər sort-sınaq məntəqələrində, o cümlədən, Göyçay subtropik, Göyçay ipəkçilik, Lənkəran tərəvəzçilik, Lənkəran subtropik Dövlət sort-sınaq məntəqələrində istehsalat fəaliyyətləri həyata keçirilməmişdir. Ümumilikdə məhsul istehsalının artımı sort-sınaq məntəqələrində sınaq işlərinin yaxşılaşdırılması məqsədilə ən zəruri aqrotexniki tədbirlərin həyata keçirilməsinə imkan yaradacaqdır.

Dövlət Sort-Sınaq Məntəqələrində rentabellik səviyyəsi




Bununla yanaşı qeyd edilməlidir ki, Dövlət Sort-Sınaq Məntəqələrinin əksəriyyəti öz fəaliyyətlərini bazar iqtisadiyyatının tələblərinə uyğun qura bilməmişdir. Xaçmaz kompleks, Zaqatala meyvəçilik və Göyçay subtropik Dövlət sort-sınaq məntəqələrində istehsalat fəaliyyətləri qeyri-qənaətbəxş olmuşdur. Həmin məntəqələrdə müvafiq olaraq 19,28, 19,64 və 7,0 hektar məhsul verən bağ, o cümlədən alma, armud, gilas, şəftəli, nar, fındıq və digər meyvələr (cəmi 17 adda meyvə bitkilərinin məhsulu) olsa da istehsalat fəaliyyətlərinin səmərəli təşkil edilməməsi və məntəqələrin fəaliyyətlərinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmaması nəticəsində 2012-ci ildə qeyd edilən sort-sınaq məntəqələri rentabelsiz fəaliyyət göstərmişlər.

Beynəlxalq əməkdaşlıq

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliklə (UPOV) əməkdaşlıq edir. Hesabat dövründə Beynəlxalq reyestrə daxil edilmək üçün Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və patentlə mühafizə olunan seleksiya nailiyyətlərinin (bitki sortlarının) siyahısı hazırlanaraq UPOV-a təqdim edilmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, kənd təsərrüfatı üzrə proqram meneceri cənab doktor Olaf Haydelbax (Dr. Olaf Heidelbach) ilə Dövlət Komissiyasının fəaliyyətinin UPOV standartlarına uyğunlaşdırılması və müvafiq dəstək göstərilməsi istiqamətində müzakirələr aparılmış, İsmayıllı kompleks Dövlət sort-Sınaq Məntəqəsinə səfər təşkil edilmişdir. 2013-cü ilin may ayının 15-16-da Avropa İttifaqının TAEX proqramı çərçivəsində bütün maraqlı tərəflərin iştirakı ilə 2 günlük təlim seminarı keçirilməsi planlaşdırılmışdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə müvafiq təkliflərlə müraciət olunmuşdur (TAIEX Avropa Komissiyasının Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi alətidir.  TAEİX tərəfdaş ölkələrə AB qanunvericiliyinin yğunlaşdırılması, tətbiqi və gücləndirilməsi ilə bağlı dəstək göstərir. TAEİX əsəsən tələb yönümlüdür və qısamüddətli texniki yardım göstərməklə AB qanunvericiliyinin benefisiar ölkələrin milli qanunvericiliyə ötürülməsinə köməklik göstərir).

Hazırlanmış sənədlər

1.“Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının fəaliyyətinin təhlili və mövcud vəziyyətin yaxşılaşdırılması”na dair strategiya hazırlanmışdır. Strategiya Dövlət Komissiyası üzrə sistemin qiymətləndirilməsi, sort-sınaq fəaliyyətinin idarəedilməsi, sistemin güclü və zəif tərəflərinin, imkan və təhlükələrin təhlilinin nəticələri və problemlər təsvir edilmiş, gələcək inkişaf və bunun üçün tələb olunan əsas strateji istiqamətlər və hədəflər göstərilmişdir. Strategiya hazırlanan zaman Dövlət Komissiyasına qapalı sistem kimi deyil, bütünlükdə Kənd Təsərrüfatı İnnovasiya Sisteminin tərkibində, onun digər komponentləri ilə əlaqəli şəkildə nəzərdən keçirilmişdir. Uyğun olaraq problemlər və gələcək inkişaf perspektivləri də dövlət idarəetmə orqanları, tədris və tədqiqat müəssisələri, özəl şirkətlər və QHT-ları ilə inteqrasiya fonunda müəyyən edilmişdir. Sənəd aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir. Nazirliyin müvafiq məktubuna əsasən Strategiyanın həyata keçirilməsi üzrə müvafiq müddəalr 2013-cü ilin və sonrakı illərin investisiya planına və dövlət büdcəsinə daxil edilmişdir.

2.“Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası” adlı məlumat kitabçası hazırlanmışdır;

3.Dövlət Komissiyasının mandatı, əsas vəzifələri və fəaliyyət istiqamətlərini əks etdirən buklet (azərbaycan və ingilis dillərində) hazırlanaraq çap edilmişdir;

4.Dövlət Komissiyasının veb saytının hazırlığına bşalanılmışdır.

Seminar və toplantılarda iştirak

Hesabat dövründə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının rəhbərliyi və Dövlət-Sort-Sınaq Məntəqəsinin müdirləri “Yeni sort və texnologiyaların tətbiqi və nümayişi” üzrə Qobustan və Tərtər Bölgə Təcrübə Stansiyalarında keçirilən 3 Respublika müşavirələrində iştirak etmişlər.



Problemlər, çətinliklər və hədəflər

1.Dövlət Komissiyasının əsas ofisində iş şəraiti və texniki təminatın yaxşılaşdırılması.

Dövlət komissiyası əməkdaşlarının iş şəraiti olduqca pis vəziyyətdədir. Yağış yağan günlərdə Dövlət Komissiyasının bütün iş otaqlarına su tökülür, elektrik təminatı tez-tez kəsilməklə pis və təhlükəli vəziyyətdədir, hormal iş şəraiti yoxdur. Dövlət Komissiyası üçün çox vacib və zəruri olan Veb sayta malik deyildir. Halbuki, bu Dövlət Komissiyası üçün olduqca vacibdir. Ona görə də ən təxirəsalınmaz vəzifə (i) Dövlət Komissiyasının əsas ofisinin əsaslı təmir-bərpası, (ii) Veb saytın yaradılması və (iii) Mal və avadanlıqla təchizatı və iii) mütəxəssislərlə tıminatının yaxşılaşdırılmasıdır.



2.Dövlət sort-sınaq məntəqələrinin maddı-texniki təminatının yaxşılaşdırılması

2.1.Sort-sınaq məntəqələri üçün kiçik laboratoriya binalarının tikilməsi.

Mövcud 16 sort sınaq məntəqəsindən 13-in heç bir laboratioriyası (ofis binası) yoxdur. Məntəqələrə məxsus sənədlər, müşahidə yurnalları, bəzi texnikalar ya məntəqə müdirinin evində, ya da harada gəldi saxlanılır. Məntəqələrin ofisi olmadığından kənd yerlərində yaşayan insanlar və yaxud məntəqənin yerləşdiyi kəndə gələn hər kəs sort-sınaq məntəqəsi barədə hər hansı bir bilgiyə malik deyillər. Onlar məntəqənin fəaliyyəti, burada aparılan sort sınaq işləri, yerli və xalq seleksiyası sortları, qorunan kolleksiyalar, genetik ehtiyatlar və onların əhəmiyyəti, hətta bəzilərinin milli sərvət statusuna malik olması barədə demək olar ki, tamamilə məlumatsız olurlar. Ona görə də:

-İlk növbədə daha vacib hesab edilən və 10-50 hektar arasında torpaq sahəsi olan 10 Dövlət sort-sınaq məntəqəsinin hər biri üçün 3 otaqdan ibarət birtipli kiçik labortatoriya binasının inşası olduqca vacibdir. Otaqlardan biri məntəqə üçün zəruri olan laboratoriya avadanlıqları və cihazları (vacib analizlərin operativ aparılması üçün kiçik avadanlıqlar, o cümlədən torpaq nəmliyini, rütubəti, meyvələrdə şəkərliliyi, turşuluğu təyin edən cihazlar, toxumların cücərdilməsi üçün termostat, quruducu şkaf, avtomatik dən sayan sayğaclar. Elektron tərəzi və digər zəruri avadanlıqlar və s.) üçün, ikincisi seminar otağı (mütəmadi seminarların, keçirilməsi, müzakirə və diskusiyaların aparılması və digər tədbirlər üçün), üçüncüsü isə məntəqəyə aid sənədlər, informasiya materialları, normativ hüquqi sənədlər və məntəqə müdirinin iş otağı üçün nəzərdə tutulmalıdır. Bunlar məntəqənin fəaliyyətinin ictimailəşməsində, əhalinin maariflənməsində, yeni sortlar, texnologiyalar barədə daha çox məlumata malik olmalarında və onların yayılmasıda böyük əhəmiyyət kəsb edir.

2.2. Örtülü sahədə sınaq işlərinin aparılması

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına ET İnstitutları və xarici ölkələrin tədqiqat müəssisələri və kompaniyalarından örtülü sahədə sort və hibridlərin sınağı üçün çoxsaylı müraciətlər daxil. Lakin Dövlət Komissiyasının örtülü sahədə sort və hibridlərin sınağının aparılması üçün heç bir şəraiti yoxdur. Halbuki bu olduqca vacibdir. Ona görə də örtülü sahədə sınaq işlərinin aparılmasıüçün istixananın tikilməsi böyük əhəmiyyət kəsb edir.



2.3.Dövlət sort-sınaq məntəqələrinin kənd təsərrüfatı texnikası ilə təminatının yaxşılaşdırılması.

Məntəqələrin özünün spesifik kənd təsərrüfatı texnikası (dərz və sünbül döyənlər, kiçik həcmli kombaynlar, traktorlar, ləklərarasını becərən mini traktorlar və becərmə aqreqatları) maşın və avadanlıqları olmadığından sort - sınaq və təsərrüfat fəaliyyətinin aparılmasında, aqrotexnoloji tədbirlərin tələb olunan qaydada və vaxtlı - vaxtında həyata keçirilməsində ciddi çətinliklərlə qarşılaşırlar. Bu, həm sort-sınaq, həm də təsərrüfat fəaliyyətləri üçün kənardan kənd təsərrüfatı texnikası, maşın və avadanlıqları cəlb olunmasını zəruri edir və bunun üçün çoxlu əlavə xərc və vəsait tələb olunur. Nəticədə sort-sınaq məntəqələrinin təsərrüfat fəaliyyətlərindən əldə etdikləri kiçik qazancın da 80-85%-dən çoxu kənardan cəlb olunan kənd təsərrüfatı texnikası, maşın və avadanlıqların xərcinin ödənilməsinə sərf edilir. Bu, həm təkrar istehsal, həm sort-sınaq işlərinin keyfiyyətlə aparılması həm də məntəqələrin inkişafı üçün yetərli deyildir.

Ona görə də 10 hektardan çox torpaq sahəsinə malik olan Dövlət sort-sınaq məntəqələrinin bir qisminin maddi-texniki bazasının tədricən (3-4 il ərzində) yaxşılaşdırılması olduqca vacib hesab edilir.

2.4.Məntəqələrin torpaqlarının aqrokimyəvi analizlərinin aparılması.

-Son 30 ildə sort-sınaq məntəqələrinin torpaqlarının aqrokimyəvi xüsusiyyətləri barədə əsaslı məlumat yoxdur. Ona görə də bu istiqamətdə aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi zəruridir:

-bütün sort-sınaq məntəqələrinin torpaqlarının (eyni zamanda çoxillik əkmələr altında olan torpaqların) aqrokimyəvi xüsusiyyətləri, qrunt sularının səviyyəsinin öyrənilməsi, xəritəşdirilməsi və müvafiq təkliflərin hazırlanması;

-bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin rayon aqrokimya laboratoriyalarının imkanlarından istifadə edilməsi.



2.5.Məntəqə əməkdaşlarının təlimi (bilik və bacarıqlarının artırılması)

Məntəqə müdirlərinin, baş aqronomların təlimi (Dövlət Komissiyasının, ADAU-nin və digər elmi-tədqiqat İnstitutlarının mütəxəssisləri tərəfindən), baş aqronomların ET İnstitutların Bölgə Təcrübə Stansiyalarına səfərləri (təcrübə mübadiləsi, yerində baxış və s.), sort-sınaq sahəsində qonşu ölkələrin təcrübəsinin öyrənilməsi, kompüter bilikləri əldə etmələri üçün təlimlərin təşkili.



3.Məntəqələrdə istehsal olunan məhsulların satış problemi

Dövlət sort-sınaq məntəqələrinin əsas problemlərindən biri istehsaldan sonrakı proseslərdir. Xüsusilə məhsulun yığımdan sonra səmərəli satışı problemləridir. Heç bir məntəqənin anbarı, xırmanı, kiçik saxlama şəraiti, məhsulun qurudulması və qablaşdırılması avadanlıqları olmadığından yetişdirilmiş məhsulu bir-başa kombayndan və yaxud bir-başa sahədən dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar. Digər tərəfdən meyvəçilik üzrə sort-sınaq məntəqələrində 17-dən artıq meyvə bitkilərnin 200-dən çox sortları mövcuddur. Onların əksəriyyəti 1950-ci 1970-ci illərə məxsus olan sortlardır və onlar kolleksiya bağı və genetik ehtiyatlar kimi mühafizə olunurlar. Belə sahələrdən məhsuldarlıq adətən ənənəvi bağlardan 50-70% və bəzən daha çox aşağı olur. Digər tərəfdən sortların çox olması müvafiq istehsalat əməliyyatlarının aparılmasını da fərqli edir. Təkcə Xaçmaz kompleks DSSM-də meyvə bitkilərinin 99, Qusar meyvəçilik DSSM-də 70, Zaqatala meyvəçilik DSSM-də 51 sort vardır. Bu sortlar müxtəlid təsərrüfat-bioloji əlamət və xassələri, məhsuldarlıq və əmtəlik qabiliyyətləri ilə bir-birlərindən fərqlənir. Göyçay DSSM-də mövcud nar bağında, məntəqənin yerləşdiyi Qarabaqqal kəndinin iri buynuzlu mal-qara naxırından qorumaqda ciddi problemlər mövcuddur. Məntəqənin vəsaitinin olmaması səbəbindən, nar bağının ətrafının hasara alınması və ya kanal çəkilməsi imkanları yoxdur. Ona görə də həmin məntəqələrin fəaliyyətinin səmərəli təşkili, xüsusilə çoxillik əkmələrin yeni sortlarının, xalq seleksiyası sortlarının və genetik ehtiyatların qorunub saxlanması və səmərəli istifadəsi üçün zəruri dəstəyin göstərilməsi, kiçik saxlama şəraiti, məhsulun qurudulması və qablaşdırılması avadanlıqları ilə təminatını əhəmiyyətli olardı.



4. Bakı kimya-texnoloji laboratoriyasının modernizasiyası

Sınaqda olan bitki sortlarının keyfiyyət göstəricilərinin müasir səviyyədə qiymətləndirilməsi məqsədilə laboratoriyanın müasir avadanlıq, cihaz və qurğularla təminatının yaxşılaşdırılması (Laboratoriya müasir avadanlıqlarla təmin olunduğu təqdirdə onun reklamının aparılması, tanıdılması yolu ilə fermerlərin, ailə təsərrüfatlarının, digər istehsal qurumlarının istehsal etdikləri məhsullarının keyfiyyət analizlərinin aparılmasında müvafiq pullu xidmətlər göstərmək imkanlarının yaranması).



5. Müvafiq Elmi-Tədqiqat İnstitutları və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı

- Ölkədəki müvafiq ET İnstitutları, Azərbaycan MEA-nın Genetik Ehtiyatlar İnstitutu və digər qurumlarla əməkdaşlıq etməklə dünya və UPOV standartlarına uyğun olaraq sortların pasportlaşdırılmasının həyata keçirilməsi;

- Dövlət idarəetmə qurumları, tədris, informasiya və yayım, özəl məsləhət xidməti, QHT, fermer təsərrüfatları ilə əməkdaşlıq;

-Beynəlxalq təşkilatlarla, UPOV-la, beynəlxalq elm mərkəzləri, beynəlxalq layihə qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq.


6. Kadrların hazırlanması

Müasir, açıq və qeyri-mərkəzləşdirilmiş sort-sınaq sisteminin qurulması yeni kadrlar, yeni bilik və vərdişlər və sort-sınaq sisteminə yeni baxış tələb edir. Öz növbəsində bu sistemə yeni təfəkkür tərzinə malik gənc kadrların cəlb edilməsini təxirəsalınmaz zərurətə çevirir. Hazırda Dövlət Sort-Sınaq Komissiyası sistemi üçün 3 istiqamətdə kadrlara kəskin ehtiyac duyulmaqdadır: 1) Müasir aqronomiyanı və sort-sınağa dair müvafiq metodiki qaydaları bilən kadrlar, 2) Yüksək iqtisadi biliyə və dərin analtik təhlil bacarığına malik kadrlar, 3) Kompüter, informasiya texnologiyaları və xarici dilləri yaxşı bilən kadrlar.



  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə