Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə




Yüklə 36.71 Kb.
tarix13.04.2016
ölçüsü36.71 Kb.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə

Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,

ikitərəfli əlaqələrinin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq problemləri müzakirə edərək,

hər iki ölkənin xalqları arasında hörmət, etimad və qarşılıqlı yaxınlaşmaya səy göstərilməsinə əsaslanan ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək,

3 iyul 1997-ci il tarixində imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə, 9 yanvar 2001-ci il tarixində imzalanmış «Bakı Bəyannaməsi»nə, 6 fevral 2004-cü il tarixində imzalanmış «Moskva Bəyannaməsi»nə və 22 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Birgə Bəyanatına əsaslanaraq,

hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq,

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında etimad və strateji tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək,

qlobal enerji təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin mühüm rolunu nəzərə alaraq,

regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan tənzimlənməmiş münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək,

BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumtanınmış normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət, zor tətbiq etməmək və ya zor tətbiq etməklə hədələməmək prinsiplərinə sadiq olduqlarını təsdiq edərək,

Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinə, həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyasının üzvləri olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək,

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin artırılması və diversifikasiyasının, həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi prosesində mühüm faktor kimi yüksək texnologiyalı sahələrdə əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd edərək,

Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək,

aşağıdakıları bəyan edirlər:



I

Tərəflər strateji xarakter daşıyan bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını davam etdirəcəklər;

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində, qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu dərinləşdirəcək və genişləndirəcəklər;

Tərəflər 9 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurası arasında əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın inkişafına yardım edəcəklər;

Tərəflər hər iki ölkədə yeni siyasi iqtisadi və sosial reallıqları nəzərə almaqla ikitərəfli münasibətlərin müqavilə hüquq bazasının daha da inkişafının əhəmiyyətini qeyd edirlər;

Tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyasının subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyətini qeyd edirlər;

Tərəflər sərhədyanı regionlarda dostluq, mehriban qonşuluq, millətlərarası anlaşma, sülh və sabitliyin möhkəmləndirilməsi və öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınması üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün tədbirlərin görülməsinə hazır olduqlarını ifadə edirlər;

Tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən razı olduqlarını ifadə edərək, müvafiq dövlətlərarası sənədin imzalanması məqsədilə danışıqlar prosesinin tezliklə başa çatdırılması naminə çıxış edirlər;

Tərəflər hərbi və hərbi texniki əməkdaşlığı gücləndirmək və genişləndirməyə dair niyyətlərini bəyan edirlər,

Tərəflərdən hər biri digər Tərəfin ərazisində öz təsisatlarının, təşkilatlarının, şirkətlərinin və digər təsərrüfat subyektlərinin həmin digər Tərəfin suveren hüquqlarına və maraqlarına zərər yetirə biləcək fəaliyyətinə yol verməyəcəkdir;



II

Tərəflər, Avropada və bütövlükdə dünyada təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edərək, beynəlxalq tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu təsdiqləyərək, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi işində əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bəyan edirlər;

Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həmçinin Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yardım göstərilməsi üzrə səy göstərmələrinə əhəmiyyət verdiklərini vurğulayırlar;

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri və ilk növbədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə nizamlanmasının əhəmiyyətini vurğulayırlar;

Tərəflər qaçqınların və münaqişələr nəticəsində məcburi köçkün düşmüş şəxslərin tezliklə könüllü və təhlükəsiz qayıdışına yardım göstərəcəklər.

III

Tərəflər Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə mərkəzi rolunun gücləndirilməsi, beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı onun potensialından effektiv istifadə vəzifəsinin prioritetliyini qeyd edirlər;

Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ikitərəfli əsasda və BMT çərçivəsində birgə fəaliyyətə hazır olduqlarını bəyan edirlər;

Tərəflər aktual beynəlxalq problemlərə dair eyni və ya yaxın mövqe tutaraq, BMT, ATƏT və Avropa Şurası çərçivəsində və universal və regional xarakterli digər təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək niyyətlərini bəyan edirlər;

Tərəflər kollektiv və hüquqi başlanğıclara əsaslanan, daha demokratik və ədalətli dünya qaydasının formalaşdırılması məqsədilə dünya miqyasında sıx əməkdaşlığı davam etdirəcəklər;

Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı faydalı hərtərəfli əməkdaşlığı genişləndirməyə və dərinləşdirməyə, iştirakçı dövlətlərin qarşısında duran aktual ümumi problem və vəzifələrin həllində vasitə kimi MDB-nin effektivliyinin yüksəldilməsinə yardım göstərəcəklər;

Tərəflər sivilizasiyalar və dinlər arasında dialoqu artırmaq və dərinləşdirmək istiqamətində hər iki dövlətin səylərini beynəlxalq və regional səviyyələrdə dəstəkləyəcəklər.

IV

Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının və təkmilləşməsinin istiqamətverici mexanizmi kimi İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətini məmnunluqla qeyd edirlər;

Tərəflər iki ölkə arasında 2010-cu ilə qədər olan dövr ərzində Uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi və hər iki ölkənin sürətli və dinamik inkişaf edən iqtisadiyyatlarının potensialına uyğun olaraq iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın səviyyəsinin yüksəldilməsi üzrə əlavə tədbirlər görəcəklər;

Tərəflər hər iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatları da daxil olmaqla, öz təsərrüfat subyektlərinin qarşılıqlı fəaliyyətinin yaradılması və dərinləşdirilməsi üçün zəruri yardım göstərəcəklər;

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə yanacaq, energetika və sənaye kompleksində, əlvan metallurgiya, tikinti, rabitə və informatizasiya, yüngül sənaye, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı və istehsalat kooperasiyasını dərinləşdirmək niyyətindədirlər;

Tərəflər kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsinə, maliyyə institutlarının əməkdaşlığının inkişafına, birgə müəssisələrin, həmçinin dünya iqtisadiyyatında mövcud inteqrasiya tendensiyalarını nəzərə almaqla maliyyə-sənaye qruplarının, müəssisələrinin və digər təşkilati-təsərrüfat strukturlarının yaradılmasına prioritet diqqət yetirəcəklər;

Tərəflər öz iqtisadiyyatlarının diversifikasiyası və onun yeni texnoloji əsaslara keçiririlməsi sahəsində milli prioritetlərini nəzərə almaqla bundan sonra da ikitərəfli iqtisadi, ticarət, investisiya, elmi və texniki əlaqələrini inkişaf etdirəcəklər və bunun üçün əlverişli hüquqi, maliyyə və iqtisadi şərait yaradacaqlar;

Tərəflər dünya iqtisadiyyatında innovasiya faktorunun mühüm rolunu nəzərə alaraq, tərəflərin təcrübəsi nəzərə alınmaqla, birgə innovasiya layihələrinin həyata keçirilməsi də daxil olmaqla, iki ölkənin müvafiq hökumət və elmi təsisatları arasında əməkdaşlığın fəallaşdırılması yolu ilə milli iqtisadiyyatlarının innovasion inkişaf modelinə keçidi məsələlərində əməkdaşlığı təşviq edəcəklər;

Tərəflər, yüksək texnologiyalar və nanotexnologiyalar sahələrində əməkdaşlığın fəallaşdırılmasının mühüm əhəmiyyətini etiraf edərək, İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində qeyd edilən sahələrdə əməkdaşlığın intensivləşdirilməsi üçün işçi qrupun yaradılması məsələsinə baxacaqlar;

Tərəflər üçüncü ölkələrin bazarlarında birgə investisiya layihələrinin həyata keçirilməsi və hər iki ölkənin dünya kapital bazarına daha fəal inteqrasiyası məqsədilə əməkdaşlığa hazır olduqlarını ifadə edirlər;

Tərəflər, dünyada ərzağın qiymətinin sürətlə artmasının milli iqtisadiyyatlar və dünya ərzaq təhlükəsizliyi üçün mənfi nəticələrini nəzərə alaraq, daha səmərəli dünya ərzaq siyasətinin və ticarəti sisteminin formalaşdırılması, bu sahələrdə böhran əleyhinə təsirli proqramların hazırlanması məqsədilə, hər iki ölkənin hökumət və elmi təsisatları arasında birbaşa əlaqə, dialoq və əməkdaşlığı təşviq edəcəklər;

Tərəflər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və hər iki ölkənin bazarlarına çıxarılması, aqrar sektorun elmi təşkilatları arasında hərtərəfli əlaqələrin dərinləşməsi sahəsində əməkdaşlığı genişləndirəcəklər;



V

Tərəflər 16 oktyabr 2007-ci il tarixində Tehranda beş Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən imzalanmış ikinci Zirvə Toplantısının yekun bəyannaməsini, eləcə də Zirvə Toplantısında Xəzər dənizində təhlükəsizlik məsələləri üzrə ekspertlər görüşünün və Xəzər hökumətlərarası iqtisadi konfransının keçirilməsi barədə əldə edilmiş razılaşmaları yüksək qiymətləndirirlər. Onlar Xəzər dənizinin hüquqi statusunun hərtərəfli tənzimlənməsinə nail olunması və Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafı məqsədilə bu razılaşmaları ardıcıl olaraq həyata keçirəcəklər.

Tərəflər Xəzər dənizində təşəkkül tapmış və mövcud olan beynəlxalq hüquq qaydasına, o cümlədən dəniz dibinin istifadəsi məqsədilə Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə Sazişlərə sadiq olduqlarını təsdiq edirlər. Onlar digər Xəzəryanı dövlətləri analoji qarşılıqlı məqbul razılaşmalar bağlamağa çağırırlar.

Tərəflər Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsi ilə əlaqədar dərin məmnunluqlarını ifadə edir və Xəzərdə ekoloji vəziyyətin tam yaxşılaşdırılması məqsədilə həmin Konvensiyanın protokolları üzərində işin tezliklə yekunlaşdırılmasına töhfə vermək niyyətlərini bəyan edirlər. Onlar həmçinin Xəzərdə fəaliyyətin müxtəlif sahələrində, o cümlədən gəmiçilik və balıqçılıq sahələrində əməkdaşlığa dair sazişlərin hazırlanması və bağlanmasına şərait yaradacaqlar.



VI

Tərəflər 2007-2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı əsasında mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi naminə çıxış edirlər;

Tərəflər hər iki ölkənin gənclər və tələbə təşkilatları, elm və mədəniyyət xadimləri arasında çoxtərəfli əlaqələrin gücləndirilməsinə yardım edəcəklər;

Tərəflər Bakı şəhərində M.V. Lomonosov adına MDU filialının və Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin filialının fəaliyyətinə xüsusi əhəmiyyət verirlər;

Tərəflər, müvafiq olaraq Azərbaycanda və Rusiyada iki icmanın hər iki dost ölkə xalqlarının yaxınlaşmasında xüsusi rolu nəzərə alaraq, iri Azərbaycan və Rusiya diasporlarının etnik, dil, mədəniyyət və din mənsubiyyətinin qorunması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin təmin olunmasına yardım edəcəklər;

Tərəflər Azərbaycan tərəfinin yardımı ilə Rusiyanın bir və ya bir neçə iri təhsil müəssisələrində hər iki ölkə və xalq arasında daha böyük anlaşma və qarşılıqlı fəaliyyətə səyin rəmzi olacaq müvafiq sahə — Azərbaycan dili, ədəbiyyatı, tarixi, incəsənəti kafedralarının açılması məsələsini nəzərdən keçirmək niyyətlərini bəyan edirlər;

Tərəflər Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi də daxil olmaqla, hər iki ölkədə diplomatik nümayəndəliklərin yerləşdirilməsi və onlara xidmət şərtləri haqqında Saziş layihəsinin razılaşdırılması prosesinin yekunlaşdırılması üçün təxirəsalınmaz tədbirlər görəcəklər;

Azərbaycan Respublikası və Rusiya Federasiyası əminliklərini ifadə edirlər ki, hazırkı Bəyannamə iki ölkə arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafının intensivləşdirilməsi və dərinləşdirilməsinə xidmət edəcəkdir.



Bakı şəhərində «3» iyul 2008-ci il tarixində iki əsl nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasının Prezidenti

(imza) (imza)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə