Azərbaycan Respublikası Təhsil Nazirliyi Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsi




Yüklə 168.87 Kb.
səhifə2/2
tarix22.02.2016
ölçüsü168.87 Kb.
1   2

III Fəsil

Xəzərin hüquqi statusu ilə bağlı beynəlxalq danışıqlarda irəli sürülən təkliflər.

Xəzər dənizinin hüquqi statusu haqqında əldə olunan sənədlər layihəsi, rəsmi bəyanatlar və çıxışlar, habelə bu problem üzrə konseptual münasibətlərə dair birgə sənədlərin təhlili göstərir ki, Xəzərin statusu barədə iki müxtəlif münasibət mövcuddur. Rusiya və İran belə hesab edir ki, Sovet İttifaqının dağılmasına və Xəzərin sahillərində yeni müstəqil dövlətlərin yaranmasına qədər Xəzər dənizi “Ümumi istifadə dənizi” idi, yəni Xəzərdə Sovet-İran kondominiumu mövcud idi. Digər dövlətlər, o cümlədən də Azərbaycan və Qazaxıstan belə hesab edirlər ki, Xəzərdən ənənəvi şəkildə ayrı-ayrılıqda istifadə edilməsi və sahilyanı dövlətlərin müvafiq sektorlarda fəaliyyəti ilə əlaqədar yaranan təcrübə Xəzərin uzun müddətdən bəri mövcud statusuna xarakterikdir və özünü doğruldur (31).

Beləliklə, hər beş sahilyanı dövlət Xəzərin hüquqi statusu barədə özünə sərfəli olan hüquqi-siyasi konsepsiya ilə meydana çıxır. Bu isə öz növbəsində Xəzərin statusu məsələsini müasir beynəlxalq münasibətlərin vacib problemi kimi tezliklə həll olunmasını tələb edir.

Rusiyanın XX əsrin 90-cı illəri və 2000-ci ili əhatə edən dövrdə Azərbaycana qarşı tutduğu imperiyapərəst mövqeyi onun Xəzər siyasətində də özünü qabarıq şəkildə büruzə verirdi. Rusiya dövlətinin elmi və rəsmi dairələrinin Xəzərinin hüquqi statusu məsələsinə baxışlarında iki meyl hiss olunur. 1991-ci ildən 2000-ci ilədək Rusiyada B.Yeltsinnin hakimiyyətdə olduğu dövrdə Xəzərin hüquqi statusu məsələsinin həllində rəsmi Rusiyanın mövqeyində birinci meyl – yəni imperiyapərəst, hegemonçuluq meylləri üstünlük təşkil edirdi. 2001-ci ilin əvvəllərindən V.Putinin prezident seçilməsi ilə bağlı olaraq bir çox digər sahələrdə olduğu kimi bu məsələdə də rəsmi Rusiya dövlətinin siyasətində konstruktiv əməkdaşlıq, realist və praqmatik meyllər güclənməyə başladı (11. s. 61-63).

1990-2000-ci illərdə Rusiya Xəzərin statusu məsələsini qaldırarkən regionda neftin istehsalından əlavə onun nəqlində əsas rol oynamaqla neft kəmərlərinin öz ərazisindən keçirilməsinə çalışır və əlavə maliyyə mənbələrinə nail olmaq istəyirdi. Rusiya Xəzərin sektorlara bölünməsinə mane olmaqla bərabər Xəzərin dəniz və ya göl olması haqqında aydın bir fikir irəli sürmürdü. 1999-cu il iyunun 22-23-də “Xəzər dənizi: imkanlar və məhdudiyyətlər” mövzusunda keçirilən ənənəvi 7-ci konfransda çıxış edən Rusiya nümayəndəsi Aleksandr Şostakov Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar yaranmış ekoloji vəziyyətlə bağlı dənizyanı dövlətlərin çətinliklərindən danışarkən Azərbaycanın adını çəkmədi. Rusiya Dövlət Dumasının Ekologiya üzrə Komitəsinin sədri Tamara Zlotnikova SSRİ ilə İran arasında 1921-ci və 1940-cı illərdə imzalanmış müqavilələrin “qüvvədə olduğunu iddia edərək, Azərbaycan Respublikasının Konstitusiyasında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin respublikanın ərazisinin tərkib hissəsi kimi göstərilməsinin əleyhinə çıxış etdi və belə bir fikir də söylədi ki, Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan beynəlxalq öhdəliklərə əməl etmədiklərinə görə məhkəməyə verməlidir”

V.Putin hakimiyyətə gəlişindən sonra Xəzər regionu üzrə xüsusi müşavir vəzifəsi təsis edərək yanacaq və energetika naziri Viktor Kalyujnı təyin olunmuşdur. Qazaxıstanın ardınca Bakını da ziyarət edən V.Kalyujnı Heydər Əliyevlə son görüşündə Rusiyanın Xəzər siyasətinin başlıca tezisini təşkil edən “status problemi”ni yenidən gündəmə gətirdi. Kreml “status problemi”ndən yararlanaraq Xəzəryanı dövlətlərlə, ilk öncə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir (9. s. 13-15).

2001-ci il yanvar ayının 8-9-da V.Putinin Azərbaycana etdiyi rəsmi dövlət səfəri zamanı müzakirə edilən vacib məsələlərdən biri də Xəzərin statusu məsələsi oldu. H.Əliyev ilə V.Putin arasında aparılan dövlətlərarası danışıqlar zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli müqavilənin prinsiplərini rəhbər tutaraq Xəzər dənizi üzrə 9 yanvar 2001-ci ildə Bakı şəhərində birgə bəyanat imzaladılar. Tərəflər Xəzərin statusu ilə bağlı əvvəllər əldə edilmiş razılıqlara əməl etməklə bərabər aşağıdakı əsas yeni prinsiplər üzrə razılığa gəldilər:

1. “Xəzərin hüquqi statusunun işlənib hazırlanması Xəzəryanı dövlətlərin öz işidir və belə status yalnız onların ümumi razılığı əsasında hazırlana bilər. Tərəflər Xəzərin statusuna dair Xəzəryanı dövlətlərin mövqelərində əhəmiyyətli fikir ayrılıqlarının saxlandığı şəraitdə onun konsensusla həllinə mərhələ-mərhələ irəliləməyin lazım olduğunu təsdiq etdilər. Birinci mərhələdə bərabər hüququn ümumtanınmış prinsiplərini və Xəzərdə təşəkkül tapmış təcrübəni nəzərə alaraq Xəzər dənizi dibinin müvafiq həmhüdud və qarşı dövlətlər arasında sektorlara – zonalara bölünməsi təklif olunur”. “Hər bir sahilyanı dövlətin belə bölgü nəticəsində yaranmış sektorunda – zonasında dəniz dibində mineral ehtiyatlara və digər hüquqa uyğun təsərrüfat – iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqları tanınacaqdır” (2. s. 89-91).

Beləliklə, dəniz dibinin sahilyanı dövlətlər arasında bölüşdürülməsinə Rusiya 1998-ci il iyulun 6-da Qazaxıstan ilə imzalanmış Rusiya-Qazaxıstan sazişindən sonra Azərbaycanla da razılaşdı. Bu bəyanatı özlüyündə Xəzərin hüquqi statusunun həllinə doğru növbəti müsbət addım kimi qiymətləndirmək olar. Bununla belə dənizin dibinin sahilyanı dövlətlər arasında bölüşdürülməsini, su qatının isə ümumi istifadə olunmasını istifadə olunmasını təklif edən Moskva iddia edir ki, su qatının ümumi istifadəsi barədə irəli sürdüyü təklif qəbul olunmasa, balıqçılıq və gəmiçilik sahələri fəaliyyətində Xəzəryanı dövlətlər müəyyən çətinliklərlə üzləşəcəklər. Bundan əlavə Rusiyanın fikrincə, dəniz sərhədlərini qorumaq üçün güc strukturları yaratmaq lazım gələcək ki, bu da qarşılıqlı ittihamların artmasına səbəb olacaq. Çünki dəniz sərhədlərinin pozulması halları artacaq və Xəzər dənizi yeni münaqişələr mərkəzinə çevriləcəkdir (2. s. 93).

2001-ci il avqustun 2-də Soçi şəhərində keçirilən MDB dövlət başçılarının sammitində İranın Azərbaycan sərhədlərini pozması ilə əlaqədar və son vaxtlar Xəzər dənizinin cənubunda gərginlik elementlərindən narahatlıqla bəhs edən MDB dövlət başçıları Xəzərin sülh və sabitlik dənizi olması, qarşıya çıxan bütün məsələlərin yalnız dinc vasitələrlə, birbaşa dialoq yolu ilə beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılıqlı anlaşma ruhunda həlli üçün mümkün olan hər şeyi etməyin əsas vəzifə olduğunu vurğuladılar. Həmin sammitdə H.Əliyev, V.Putin və N.Nazarbayev Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində Azərbaycanın, Rusiyanın və Qazaxıstanın eyni mövqedə olduqlarını bir daha təsdiq etdilər. Həmin görüşdə Rusiya tərəfinin təşkilatçılığı ilə Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının görüşünün keçirilməsi də məqsədəuyğun hesab edildi. Görüş zamanı V.Putin bir daha bəyan etdi ki, “Xəzər dənizinin statusu haqqında mümkün qədər tezliklə razılığa gəlmək lazımdır. Bu, bütün Xəzəryanı dövlətlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığı, o cümlədən Xəzərin neft-qaz ehtiyatlarının işlənilməsi sahəsində əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmağa imkan verəcəkdir”. 2001-ci il noyabrın 29-da MDB üzvü olan ölkələrinin dövlət başçılarının Moskvada keçirilən yubiley zirvə görüşündə H.Əliyevlə N.Nazarbayev arasında “Xəzər dənizi dibinin bölünməsi haqqında” saziş imzalandı (21. s. 104-106).

2002-ci il aprelin 23-də Türkmənistan paytaxtı Aşqabadda keçirilən Xəzəryanı ölkələrin zirvə görüşündə V.Putin bəyan etdi ki, “Biz bu görüşə hazırlaşarkən tərəfdaşların baxışlarını nəzərə almağa çalışmışıq və Xəzər dənizinin statusu barədə əvvəlki mövqeyimizə əhəmiyyətli dərəcədə düzəliş etmişik. Hesab edirik ki, “dənizin dibi bölünür, su isə ümumi istifadədə qalır” formulu maraqlarımızı optimal şəkildə uyğunlaşdırmağa imkan verir”. V.Putin həmçinin qeyd etmişdir ki, Xəzəryanı dövlətlərin sahil suları barədə milli yurisdiksiyanı bir qədər genişləndirmək lazımdır. Lakin bu suların hüdudlarından kənarda Xəzər bütün beş ölkənin gəmiləri üçün açıq olmalıdır. O xüsusi vurğulamışdı ki, beş dövlət arasında qarşılıqlı anlaşma və etimad sülhün və əminamanlığın açarıdır.

2002-ci il sentyabrın 23-də Kremlin “Səfir salonu”nda H.Əliyev və V.Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” sazişi imzaladılar (18. s. 78).

Beləliklə, üç dövlət Xəzər dənizinin dibinin sektorlara bölünməsi məsələsində ümumi razılığa gələ bilmişlər ki, bu da problemin tədricən həllinə doğru müsbət addım kimi qiymətləndirilə bilər. Digər Xəzəryanı dövlət olan İranın mövqeyi də müəyyən fərqlər olsa da Rusiyanın mövqeyi ilə üst-üstə düşür.



İran faktiki olaraq Xəzəri qapalı dəniz rejimində görür. Bu onun qanunvericiliyində də öz əksini tapıb. 1955-ci ildə İran kontinental şelfin təbii ehtiyatlarının kəşfiyyatı və istifadə olunması haqqında qanun qəbul edib. Həmin sənəddə “Xəzər dənizinə aid ikinci maddəyə əlavə”də qeyd olunur: “Xəzər dənizinə münasibətdə beynəlxalq qanunlar qüvvədədir və dənizin təki, onun təbii sərvətləri, İran sərhədləri və İran adaları olan yerlər İran suverenliyində olub və olaraq da qalacaq” (2. s. 104-107).

1995-ci ilin dekabrında Tehranda keçirilən Xəzər neftinin problemləri üzrə konfransda İran Xarici İşlər naziri bildirmişdir ki, İran Rusiya şirkətləri ilə birlikdə Xəzər regionun neft və qaz yataqlarının birgə işlənməsi və neft kəmərinin çəkilməsi üçün danışıqlar aparmağa hazırdır. İran həmçinin regionun iqtisadi və siyasi problemlərini həll etmək üçün Xəzər dənizi ölkələrinin təşkilatını yaratmağı təklif edir.

İran rəhbərliyi sözdə olsa da Xəzərin təbii ehtiyatlarına olan mülkiyyətə birgə sahiblik prinsipini müdafiə edir. Bu məsələdə hər hansı istisnanı yolverilməz hesab edən Rusiyanın mövqeyindən fərqli olaraq İranın mövqeyi daha ciddidir. İranın fikrincə, ümumi mülkiyyətçilik hüququ Xəzərin hüquqi statusu müəyyən olunanadək davam etməlidir. Əgər Xəzərin sərhədləri müəyyən olunarsa, ümumi istifadə prinsipi öz əhəmiyyətini itirə bilər. İran prinsip etibarı ilə Xəzərə hüquqi status verilməsinə razıdır, lakin status hazırlanana qədər İran onunla SSRİ arasında mövcud olmuş əvvəlki müqavilələrin əsas götürülməsini tələb edir. Bu və ya buna oxşar fikirlər 1999-cu il iyunun 22-23-də Tehranda “Xəzər dənizi: imkanlar və məhdudiyyətlər” mövzusunda keçirilən ənənəvi 7-ci konfransda təkrar səslənmişdir. Konfransda böyük enerji ehtiyatlarına malik Xəzər dənizinin sərvətlərindən istifadə üçün Xəzəryanı dövlətlərin tam hüquqa malik olması və bu sahədə region dövlətlərinin əməkdaşlığının vacibliyi qeyd edildi. Lakin İran və Rusiya nümayəndələri guya hüquqi statusu müəyyən edilmədiyi üçün bir sıra məsələlərə aydınlıq gətirilməsi ilə əlaqədar söylənən fikirlərə heç də birmənalı reaksiya vermədilər. Onların çıxışlarında belə bir fikir təkrar vurğulandı ki, ilk növbədə Xəzərin statusu müəyyən edilənə qədər neft və qaz hasilatı ilə bağlı əməliyyatlar guya dayandırılmalıdır (2. s. 110).

Xəzəryanı Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasını təklif edən İran nümayəndələri regiona kənar qüvvələrin gətirilməsinin məqsədəuyğun olmadığı fikrini də söylədilər.

1996-cı il noyabrın 13-də Aşqabadda “Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunmasında əməkdaşlıq haqqında” İranın, Rusiyanın və Türkmənistanın xarici işlər nəzirləri tərəfindən imzalanmış memorandiumda üç dövlətin sahilyanı zonalarda yataqların kəşfiyyatı və işlənməsi məqsədilə birgə İran, Rusiya və Türkmənistan şirkətinin təsis edilməsinin məqsədəuyğunluğu barədə danışılır. Qeyd olunur ki, həmin zonalar beynəlxalq hüquq normalarına uyğun olaraq orta xətti keçə bilməzlər.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani 2001-ci ilin iyulunda Azərbaycana səfər edərək H.Əliyevlə görüşüb Xəzərin statusu ilə bağlı İranın mövqeyinin əvvəlkitək qaldığını bəyan etdi. O bildirdi ki, “Tehran hesab edir ki, bütün sahilyanı dövlətlər arasında konsensus əldə edilənədək İranla sovet hökuməti arasında bağlanmış 1921-ci və 1940-cı illər müqavilələri fəaliyyət göstərməlidirlər”.

İran hərbi hava və dəniz qüvvələrinə məxsus təyyarə və gəmilər Azərbaycan sərhədlərini bir neçə dəfə pozaraq Xəzərin Azərbaycan sektoruna daxil olmuşdur (19. s. 151-153).

2002-ci ilin aprelin 23-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində H.Əliyev Seyid Məhəmməd Xatəmi ilə görüşərkən tərəflər Xəzərin problemlərinin həll olunmasında, sahilyanı ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin genişləndirilməsinin mühüm rol oynayacağına əmin olduqlarını bildirdilər və bu problemin həlli üçün hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsini zəruri hesab etdilər. Həmin sammitdə çıxış edən Seyid Məhəmməd Xatəmi qeyd etdi ki, Xəzər dənizi barəsində İranın prinsipial siyasəti hərtərəfli əməkdaşlığa, qarşılıqlı etimad yaradılmasına, uzunmüddətli və sabit sülhə, sahilyanı dövlətlərin hamısının maraqları nəzərə alınmaqla dənizin sərvətlərindən istifadə olunmasına əsaslanır. O bildirdi ki, sahilyanı ölkələr birtərəfli hərəkətlərə yol verməməli, dənizin hüquqi statusu ilə bağlı məsələlər qarşılıqlı anlaşma və konstruktivlik ruhunda, danışıqlar vasitəsilə həll edilməlidir. İran tərəfi həmin sammitdə öz məlum 20 faizlik iddiasını bir daha səsləndirdi: “Xəzərin hüquqi statusu təkmilləşdirilənə qədər, dənizin dibi və səthi üzrə özünün minimum payı hesab etdiyi 20 faizlik sahədə fəaliyyət göstərməkdən çəkinməyə çağırır” (32).

Digər Xəzəryanı ölkələrdən fərqli olaraq Türkmənistan Xəzər dənizinin hüquqi statusu ilə bağlı öz konsepsiyasını tam açıqlamayıb. Türkmənistan rəhbərliyinin əvvəllər verdiyi bir çox bəyanatlardan hiss olunurdu ki, rəsmi Türkmənistanın mövqeyi İran və Rusiya mövqeyinə yaxındır. Türkmənistanın Azərbaycan və Qazaxıstandan fərqli olaraq əsasən qaz ehtiyatlarına daha çox malik olması və bu ehtiyatları Rusiyaya, İrana və Ermənistana nəql etmək istəyi onun Xəzərin statusu məsələsində fərqli baxışlara malik olmasına səbəb olmuşdur. Türkmənistan 1993-cü ilin 1 oktyabr tarixində qəbul etdiyi “Dövlət sərhədi haqqında” qanunda Xəzərin 12 dəniz mili həcmində olan ərazisini özünün ərazi suları kimi qəbul edir (13. s. 46-47).

1995-ci ilin mayında Türkmənistan prezidenti S.Niyazov Moskvaya səfəri zamanı Xəzər dənizinin nə quru nə də su üzrə bölünməsi haqqında razılığa gəldi. 1995-ci ilin iyulunda S.Niyazov Tehrana səfəri zamanı imzalanmış Türkmənistan-İran bəyannaməsində qeyd olunur: Xəzərin ehtiyatlarının istismarı onun hüquqi statusu müəyyən edilmədən mümkün deyil və qeyri Xəzəryanı xarici dövlətlərin Xəzər regionunun problemlərinə qarışmaq səlahiyyəti yoxdur (17. s. 78).

Bu gün artıq Türkmənistan Xəzərin sektorlara bölünməsini təklif edən Azərbaycanın mövqeyi ilə qismən razılaşmışdır. Belə ki o, Xəzərin dibinin milli sektorlara bölünməsini artıq qəbul edir. Xəzər hövzəsinin yuxarı su qatlarının bölünməsini isə gələcəyin işi hesab edir. H.Əliyevin fikrincə bölünmə orta xətt prinsipi əsasında həm suyun üst qatını, həm də dibini nəzərdə tutmalıdır. Hər iki ölkənin ekspertlərinin Aşqabadda məsləhətləşmələrindən sonra Azərbaycan və Türkmənistan xarici işlər nazirləri bəyan etmişlər ki, onların dövlətlərinin Xəzərin milli sektorlara bölünməsində prinsipial ziddiyətləri yoxdur (6. s. 694).

İranın ardınca Türkmənistan da Xəzərin Azərbaycan sektoruna mənsub olan bir çox yataqlara olan iddialarını gündəmə gətirərək Xəzərin hüquqi statusu məsələsinin ancaq və ancaq beş Xəzəryanı dövlətin birgə razılığı ilə həll olunmasının mümkünlüyünü vurğulamışdır.

1999-cu ildə Türkmənistan ilk dəfə olaraq “Kəpəz” yatağı ətrafında təkliflərini irəli sürdüyü vaxt Azərbaycan Türkmənistan tərəfini danışıqlara dəvət etdi və hətta konkret təkliflər irəli sürərək mübahisəli yataqların birgə olaraq işə salınmasını təklif etdi. Lakin Türkmənistan “Azəri” və “Çıraq” yataqlarına da iddia edərək 2001-ci il iyulun 27-də Azərbaycana nota verdi. Azərbaycan tərəfi etiraz notası ilə cavab verdi. 16 avqust 2001-ci il tarixli həmin notada bəyan etdi ki, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda onun suveren hüquqlarının gerçəkləşdirilməsinə toxunan heç bir iddia qəbul edilə bilməz (15. s. 47-49).

2002-ci il aprelin 24-də Xəzəryanı ölkələrin dövlət başçılarının qapalı iclasında Türkmənistan prezidenti bir daha vurğuladı ki, heç kim Xəzərdə güc tətbiq etməməli, mübahisə və münaqişələri qızışdırmamalı və bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Həmin zirvə görüşündə Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu məsələsi barədə ilk dəfə olaraq öz fikirlərini bildirdilər. (21. s. 56).

Xəzər dənizinin hüquqi statusu məsələsində Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyi ilə daha çox yaxındır. O, sahilyanı dövlətlərin hamısına Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təqdim edib. Layihədə Qazaxıstan BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz hüququ haqqında Konvensiyanın əsas prinsip və müddəalarına əsaslanaraq Xəzəri qapalı dəniz hesab edir. Qazaxıstan BMT-nin ümumi prinsip və müddəalarından istifadə olunmaqla və dünya təcrübəsinə əsaslanmaqla və həm də Xəzərin xüsusiyyətlərini nəzərə almaqla Xəzərin problemlərinin həll edilməsini təklif edir. Qazaxıstan çalışır ki, bütün sahilyanı dövlətlərin qanuni maraqları ilə bərabər həm də onların ümumi maraqları nəzərə alınsın və Xəzərin ekosistemi qorunsun. Qazaxıstan belə hesab edir ki, dənizin təki və dibi sahilyanı dövlətlər arasında bölünməlidir və hər bir sahilyanı dövlət dənizin dibindən və təbii sərvətlərindən öz payına düşən hissədə müstəsna səlahiyyət çərçivəsində istifadə etmək hüququ əldə etməlidir. Qazaxıstan bu təklifi verməklə, beynəlxalq normaları və mineral ehtiyatlardan istifadə təcrübəsini və Xəzərdən istifadəyə dair SSRİ ilə İran arasında formalaşmış çoxillik praktikanı əsas götürür. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Qazaxıstanın hazırladığı Konvensiyanın 5-ci maddəsində qeyd olunur ki, Xəzərə BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın əsas müddəaları tətbiq olunur. Dövlət sərhədləri ərazi sularının uzunluğu üzrə müəyyən olunur. Həmçinin də, hər bir dövlətin müstəsna iqtisadi zonalarının sərhədləri müəyyən olunur (28. s. 64-65).

Qazaxıstan xarici işlər nazirinin müavini Vyaçeslav Qizzatov “Xəzər nefti və beynəlxalq təhlükəsizlik” mövzusunda keçirilən seminarda çıxış edərkən demişdir ki, Xəzərin təki və sərvətləri Xəzəryanı dövlətlər tərəfindən milliləşdirilməli və onlar dənizin özlərinə aid hissəsində mineral ehtiyatlarının kəşfiyyatı və işlənməsi üzrə milli hüquqa malik olmalıdır. Bunun üçün biz təkcə beynəlxalq hüququ və praktikanı yox, on illərlə SSRİ və İran arasında Xəzərdən istifadə üçün yaranmış praktikanı nəzərdə tuturuq (10. s. 23-25).

Qazaxıstan həmçinin öz sektoruna məxsus neft və qaz ehtiyatlarının istismar olunmasında Rusiya, İran və digər sahilyanı dövlətlərin iştirakına etiraz etmir. İştirak onun fikrincə, müxtəlif cür ola bilər. Dəniz yataqlarının harada yerləşməsindən və kimə məxsus olmasından asılı olmayaraq bu iştirak Xəzəryanı dövlətlərin iqtisadi maraqlarını həyata keçirməyə, Xəzərin təbii sərvətlərinin istismarından bəhrələnməyə imkan verər. Qazaxıstan bu aspektdə ikitərəfli və çoxtərəfli danışıqların aparılmasını zəruri hesab edir. 199-cu il iyunun 22-23-də Tehranda “Xəzər dənizi: imkanlar və məhdudiyyətlər” mövzusunda keçirilən ənənəvi 7-ci konfransda çıxış edən Qazaxıstan nümayəndəsi Əsgər Tulequlov demişdi ki, onun ölkəsində Rusiya şirkətlərinə heç bir maneçilik olmadığına baxmayaraq, Rusiya hökuməti hərəkətə gəlmir. Onun Rusiya zəifliyi barədə fikirlərinə rusiyalı həmkarı Aleksey Maloşenko etiraz edərək bildirdi ki, onun dövləti heç də zəif deyildir və Rusiya Xəzər hövzəsində İranla yanaşı böyük dövlətdir (1. s. 65-67).

2002-ci il aprelin 24-də Xəzəryanı dövlətlərin Aşqabad zirvə görüşündə Nursultan Nazarbayev öz ölkəsinin mövqeyini bir daha açıqlayaraq bildirmişdir: “Biz razılaşdırılmış sahilyanı balıq ovu zonalarını müəyyənləşdirməyi, lakin dənizin dibinin milli sektorlara bölməyi, qalan hissəni isə ümumi istifadədə saxlamağı təklif edirik. Bizim mövqeyimiz sahilyanı dövlətlərin mineral ehtiyatlara olan hüquqlarına dəqiq hədd qoymağa imkan verir ki, bu da öz növbəsində regionumuzda investisiya şəraitinə səmərəli təsir göstərəcəkdir” (12. s. 16-18).

Xəzərin hüquqi statusu ilə bağlı bütü məsələlərdə Qazaxıstan Azərbaycanın mövqeyini müdafiə edir. 2001-ci il iyulun 23-də Xəzər dənizinin cənubunda İranın Azərbaycan sərhədlərini pozması səbəbindən baş vermiş hadisə ilə əlaqədar Qazaxıstan XİN bəyanat verdi. Həmin bəyanatda deyilirdi: “Qazaxıstan belə hesab edir ki, BMT-nin üzvü kimi sahilyanı dövlətlər Xəzərdə fəaliyyət göstərərkən ilk növbədə BMT-nin nizamnaməsinin başlıca prinsiplərini – zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipini rəhbər tutmalıdırlar”. Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikasının Xəzərin hüquqi statusu ilə bağlı mövqelərinin üst-üstə düşdüyü 2001-ci il avqustun 1-də MDB dövlət başçılarının Soçi şəhərində keçirilən görüşü zamanı N.Nazarbayevlə H.Əliyevin təkbətək söhbətində öz əksini bir daha tapdı. “Xəzəryanı ölkələr arasında qarşıya çıxan bütün məsələlərin birbaşa dialoq yolu, beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində həll edilməsinin vacib olduğunu vurğulayan prezidentlər Xəzərin sektorlara bölünməsi məsələsində Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olduqlarını bir daha təsdiq etdilər” (15. s. 91-92).

2001-ci ilin noyabrın 29-da Moskvada “Prezident-hotel”də H.Əliyevlə N.Nazarbayev arasında – “Xəzər dənizinin dibinin bölünməsi haqqında” saziş imzalandı.

2002-ci il aprelin 23-də Xəzəryanı dövlətlərin Aşqabad zirvə toplantısı zamanı H.Əliyevin N.Nazarbayevlə görüşündə tərəflər dövlətlərarası əməkdaşlığın daha da inkişaf etməsini və möhkəmlənməsini qeyd edərək Xəzərin problemlərinin həllində birgə iştirak etməyin vacib olduğunu da vurğuladılar və Xəzərin hüquqi statusu məsələsində Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olduqlarını bir daha təsdiq etdilər (15. s. 96).

Azərbaycan mübahisənin meydana çıxdığı ilk gündən Xəzərin hüquqi statusunun beynəlxalq hüquq və təcrübəyə uyğun nizamlanmasının tərəfdarı kimi çıxış etmişdir. Bununla da Xəzərin sahilyanı ölkələr arasında delemitasiyası ölkəmizin mövqeyinə uyğun olmaqla yanaşı Azərbaycan tarixi aspektdən daha yeni və daxili dənizlərin bölgüsü təcrübəsindən istifadə olunmasında israrlıdır.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, suveren ərazisinin bir hissəsi kimi Xəzərin müvafiq sektorlara bölgüsü formulu əksər hallarda bütün dövlətlərin maraqlarına uyğun gəlir. Bu formal sektorlarda mövcud resursların milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun işlənməsini nəzərdə tutur. Sektorlara bölgü konsepsiyası adı çəkilən dövlətlər tərəfindən aşağıdakı arqumentlərə uyğun əsaslandırılır (16).

  1. Azərbaycan, Qazaxıstan və Türkmənistan daxili kontinental ölkələr qrupuna aiddir və bununla da Xəzərin kommunikasiya əhəmiyyəti bu dövlətlər üçün xeyli artmış olur.

  2. Xəzər dənizi hövzəsi neft və qaz yataqları Xəzəryanı dövlətlər üçün strateji əhəmiyyətə malikdir və bu ölkələrin sosial-iqtisadi inkişafında müstəsna rolu var, bu da yataqların işlənməsi üçün beynəlxalq-hüquqi bazanın yaradılmasını zəruri edir.

  3. Qərb dövlətləri və sərmayəçiləri tərəfindən Xəzər şelfinin milli sektorlara bölünməsi birmənalı olaraq dəstəklənir. Qazaxıstan və Azərbaycanın artıq Xəzərdə çalışan beynəlxalq neft şirkətləri qarşısında imtina edilməsi mümkün olmayan öhdəlikləri mövcuddur, çünki onların iştirakı olmadan şelfin mineral resurslarının işlənməsi mümkün deyildir.

  4. Xəzər dənizində dinc qonşuluq olmadan milli iqtisadiyyatın inkişafı mümkün deyildir.

  5. Xəzərdə enerji resursları ilə zəngin olmayan Rusiya və İran Xəzərin digər dövlətlərin neft müqavilələrində yataqların işlənməsində iştirak edə bilər (11. s. 45-46 ).

Xəzərin hüquqi statusu problemi çox ziddiyətli və mürəkkəb proses olduğundan bu prosesin inkişafında Azərbaycanın mövqeyini təhlil etmək üçün müvafiq olaraq 3 mərhələyə bölmək lazımdır:

    • Birinci mərhələ 1992-1994-cü illəri əhatə edir. Bu etap problemin öyrənilməsi, ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusunun müzakirə edilməsi və Azərbaycanın problemin həllində konseptual mövqeyinin formalaşdırılması və “Əsrin müqaviləsi”nin imzalanması ilə problemin beynəlxalq xarakter alması ilə bu mərhələ başa çatmış olur.

    • İkinci mərhələ 1995-1998-ci illəri əhatə edir. Bu mərhələ ərzində sahilyanı dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşdirilməsi və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi və Türkmənistanın Xəzər dənizində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə xarakterizə olunur.

    • Üçüncü mərhələ 1999-cu ildən başlayaraq müasir dövrədək davam edir. Bu mərhələ zamanı həm də Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli razılaşmaların əldə edilməsi ilə əlamətdardır. Rusiyanın Xəzərin hüquqi statusu məsələsində mövqeyinin tam dəyişdirilməsi və Azərbaycanın Qazaxıstan və RF ilə ikitərəfli və üçtərəfli razılaşmaların imzalanması ilə xarakterikdir (4. s. 49-54).

Azərbaycan tərəfi hesab edir ki, Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında mehriban qonşuluq, qarşılıqlı suveren hüquqlara hörmət, ərazi bütövlüyünün tanınması prinsipləri əsas götürülməlidir. Bu zaman beynəlxalq hüquqa uyğun olaraq Xəzərin istismarı sahəsində əldə etdikləri təcrübədən çıxış edilməlidir.

Azərbaycan Respublikasının konseptual mövqeyinə görə Xəzər dənizi sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsi orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir (8. s. 691).

Azərbaycan Xəzərin hüquqi rejiminin təyin olunması məsələsi ilə əlaqədar Xəzər dənizində Xəzəryanı dövlətlərin iqtisadi fəaliyyətinin qəlizləşdirilməsinə, hadisələrin və məsələlərin qəsdən yubadılmasına etiraz edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Xəzərin beynəlxalq göl kimi təyin olunması istiqamətində irəli sürdüyü təkliflər Xəzərin sektorlara bölünməsinə nail olmağı imkan verir. Bu təkliflər həyata keçərsə dövlət sərhədləri dəniz əraziləri xəttindən yox, bölünmüş gölün xəttindən keçəcək və bu xətt sahildən 12 dəniz mili məsafəsində olacaq. Bu münasibətdə Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov belə deyir: “Həm birinci, həm də ikinci halda Xəzər dənizi sektorlara bölünməlidir. Hansı ki, bu halda sahilyanı dövlətin suverenliyi təsbit olunur. Amma birinci halda dövlət sərhədi orta xəttdən keçir, ikinci halda isə gölün 12 mil enindən” (16).

Sahilyanı dövlətlər arasında planetin ən iri gölü – Xəzər dənizinin yeni beynəlxalq-hüquqi statusu ilə əlaqədar müzakirələr günümüzə qədər davam edir. Uzun müddət ərzində (1992-1997) onlar əsasən beştərəfli əsasda bütün qəbul edilən qərarlara münasibətdə konsensus prinsipi tətbiq olunmaqla aparılıb. Ancaq, danışıqların nisbətən pozitiv gedişinə baxmayaraq, bu illər ərzində onlar yalnız ekologiya və ətraf mühitin qorunması sahəsində bir sıra irəliləyişlər əldə edilmişdir. 4 noyabr 2003-cü il Tehranda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qəbul olunmuş, 24-25 yanvar 2005-ci il tarixində Aşqabad şəhərində Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın Xəzər dənizinin quruda aparılan fəaliyyətlərindən çirklənməsindən mühafizə olunması haqqında Protokol layihəsinin hazırlanması üzrə Xəzəryanı dövlətlərin birinci görüşü keçirilmişdir (32).

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində yeni mərhələnin əsası 2007-ci ilin oktyabrın 16-da Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının II sammitində ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusuna aid bütün problemləri əhatə edən siyasi sənəd qəbul edildi. Siyasi sənəddə ümumi istiqamətlər müəyyənləşdi, eyni zamanda, Xəzərin statusunun ümumi konsepsiyası qəbul olundu. Sammitdə dövlət başçılarının xarici işlər nazirlərinin görüşünün mütəmadi keçirilməsi, ayrı-ayrı məsələlərin müzakirəsi üçün formatların və mexanizmlərin müəyyənləşdirilməsi ümumi razılaşmalara xidmət edəcək çox əhəmiyyətli vasitələrin həyata keçirilməsi razılaşdırıldı (2. s. 128).

Beləliklə, yekun olaraq qeyd etmək olar ki, Azərbaycan Respublikasının mövqeyinə görə, Xəzər açıq dəniz deyildir, çünki dünya okeanı ilə bilavasitə əlaqəsi yoxdur. Xəzər qapalı dəniz də deyildir, çünki okeanına təbii çıxış yolu var. Xəzər daxili dəniz deyildir. Daxili su hövzəsi və daxili göl deyildir, çünki bir dövlətin içərisində yerləşmir. Xəzər 5 dövlət arasında yerləşən sərhəd gölüdür. Bütün bunları əsas götürən Azərbaycan Respublikasının məsələyə konseptual münasibəti ondan ibarətdir ki, Xəzər dənizi beynəlxalq sərhəd gölü kimi müvafiq sektorlara bölünməlidir və həmin sektorlara sahilyanı dövlətlərin tam suverenliyi şamil edilməlidir. Azərbaycan Respublikasının mövqeyinə görə Xəzər dənizinin sektorları orta xəttin müvafiq sektorların xarici sərhədini çəkmək nəticəsində yaradılır və Xəzəryanı dövlətlərin dövlət sərhədi sayılır. Xəzəryanı dövlətlərdən hər hansı birinin digər sahilyanı dövlətin sektorunda hər hansı fəaliyyəti yalnız sonuncunun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası eyni zamanda belə hesab edir ki, Xəzər dənizinin hüquqi statusunun qəbul edilməsinin uzunsürən proses olduğunu, Xəzərsahili beş dövlətin bu məsələyə müxtəlif münasibətlərinin öyrənilməsini və razılaşdırılmasını tələb edən proses olduğunu nəzərə alaraq konvensiyalı hüquqi statusun olmaması sahilyanı dövlətlərin öz milli sektorları çərçivəsində beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə müvafiq surətdə Xəzərə öz suveren hüquqlarının həyata keçirilməsinə maneçilik törətməməlidir. Azərbaycan Respublikası belə hesab edir ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın işlənməsində həlledici rol mehriban qonşuluq prinsiplərinə və beynəlxalq hüquq normalarına, beynəlxalq müqavilə təcrübəsinə və bu sahədə adi hüquq təcrübəsinə, Xəzəryanı sahil dövlətlərinin fəaliyyətində yaranmış təcrübəyə, bütövlükdə regionda əhəmiyyətli amil kimi demilitarizasiyaya, Xəzəryanı ölkələrin Rusiya Federasiyasının daxili su yolu ilə çıxması probleminə, Xəzər dənizində Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və əməl olunması prinsiplərinə əsaslanır. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın Xəzəryanı dövlətlərin hamısının ümumi razılığı ilə qəbul edilməli olması barədə ümumi rəy bununla təsdiq olunur. Hüquqi status haqqında konvensiyaya əsasən Xəzərdə müxtəlif fəaliyyət formalarını tənzim edən sazişlər bağlana bilər. Xəzər dənizinin statusunun Azərbaycan tərəfindən təklif edilən variantı – sərhəd gölü kimi Xəzərin sahil dövlətləri arasında sektorlara bölünməsi, həmin sektorların Xəzəryanı dövlətlərin suveren ərazilərinin bir hissəsi olması – Xəzəryanı ölkələrin mənafeyinə maksimum dərəcədə uyğundur, çünki milli qanunvericilik və beynəlxalq hüquq əsasında bu cür fəaliyyətin səmərəli hüquqi tənzimlənməsi şərti ilə Xəzər dənizinin milli sektorlarının ehtiyatlarından təhlükəsiz istifadəni təmin edir (26. s. 37-38).



Nəticə

Xəzəryanı dövlətlər arasında bu gün mövcud olan fikir ayrılığı mövcud mülkiyyəti birləşdirmək yolu ilə birgə fəaliyyətin müxtəlif növləri haqqında müddəaların hazırlanması prosesini olduqca ləngidir.

Səbəbsə eynidir: sahilyanı dövlətlər Xəzərin problemlərinin keyfiyyəti, xüsusiyyətləri və xarakteri haqqında məlumatlandırılıblar, ancaq öz suverenliklərinin hüdudları haqda məlumatları yoxdur, yəni Xəzərə olan öz xüsusi mülkiyyətinin konkret həcmi, ölçüləri və forması haqqında dəqiq təsəvvürə malik deyillər. Xəzər dənizinin kondominiuma çevrilməsi haqda əsassız tezis konkret heç bir şeyə gətirib çıxarmayacaq, əksinə mövcud iqtisadi, ekoloji, siyasi və digər problemlər ildən ilə böyüyəcək.

Xəzərsahili dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq bütün sahilyanı ölkələr ümumiyyətlə Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar. Konvensiya layihəsi üzrə danışıqlarda Xəzər dənizinin dibinin sektorlara bölünməsi və bu bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatların istifadəsi, həmçinin su səthinin istifadəsi – gəmiçilik, bioloji ehtiyatlarının qorunması, təhlükəsizlik məsələləri, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə olunur. Xəzəryanı dövlətlər arasında beştərəfli formatda danışıqlarla yanaşı Azərbaycan Respublikası ikitərəfli əsasda İran və Türkmənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Həmin danışıqlarda dəniz dibinin bölünməsi ilə bağlı aspektlər müzakirə olunur.

Hal-hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqları tanıyırlar və yaxın gələcəkdə Türkmənistan və İran İslam Respublikasının da bu mövqeyini mövcud reallığa uyğunlaşdıracağına ümid etməyə əsas verir.

Xəzər yalnız sülh və əməkdaşlıq dənizi olmalı, onun statusu bütün Xəzəryanı dövlətlərin razılığı ilə qəbul olunan sənədlər əsasında müəyyən olunmalıdır. Hələlik belə tam razılaşma əldə olunmasa da, Azərbaycan, Rusiya və Qazaxıstan kimi üç Xəzəryanı dövlətin mövqeyinin yaxınlaşması, İran və Türkmənistanın isə get-gedə mövqelərinin nisbətən mülayimləşməsi onu deməyə əsas verir ki, Xəzər sülh və mehriban qonşuluq, əməkdaşlıq dənizi olacaq, region ölkələrini ayırmağa yox, birləşdirməyə xidmət edəcək.



Ədəbiyyat siyahısı

  1. Azərbaycan neft sənayesi tarixinə dair 7 iyun 1996-cı ildə Bakı şəhərində keçirilmiş birinci beynəlxalq konfransın materialları. Bakı, 1996

  2. Bağırov Elmir Məmməd oğlu. Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri. – dissertasiya, 2008

  3. Əhmədov M. Azərbaycan: yeni neft erası və beynəlxalq siyasət. Bakı, 1997

  4. Əliyev Q.M Azərbaycan nefti dünya siyasətində. Avtoreferat. Bakı, 2003

  5. Əsrin müqaviləsi – 10. Azərbaycan böyük inkişaf yollarında.

  6. Heydər Əliyevin neft strategiyası. Azərbaycan Respublikası Prezidentinin katibliyi. Cild I-II. Bakı, 2001

  7. Həsənov Ə.M. Neft strategiyası və Azərbaycanın xarici siyasət fəaliyyətinin qurulması. Əsrin müqaviləsi-10. Bakı, 2005

  8. Həsənov Ə.M. Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005

  9. Mirzəyev R. “Əsrin müqaviləsi”ndən başlanan yol. Bakı, 2000

  10. Nadirov A.A., Əliyev Q.M. “Azərbaycan neft strategiyasının bayraqdarı” Bakı, “Dirçəliş – XXI əsr”, (2004, №3).

  11. Nəsibli N. Azərbaycanın geopolitikası və neft. Bakı, 2000

  12. Nəsirov E. Azərbaycan nefti və beynəlxalq müqavilələr (1991-1999)

  13. Prezident İlham Əliyev. Elmi redaktoru Ə. Həsənov. Bakı, 2004

  14. Şahbazov E. Heydər Əliyev və Azərbaycan neftinin inkişafı. Bakı,1997

  15. Yusifzadə X. “Neft və qaz beynəlxalq konfransında çıxış”. Bakı, 4 iyun 2003. AR XİN Arxivi; Xəzər dənizinin hüquqi statusu ilə bağlı çıxışlar qovluğu, 2003

  16. Xələfov X. “Neft və qaz sənayesi tarixi. ARDNŞ-in perspektivi”. Bakı, 2000

  17. Akgün Mensur. Hazarın statüsü Yeni Yüzyıl. №7, 9, 1998

  18. Ali Faik Demir. Türk Dış politikasının perspektifinden Güney Kafkasya. İstanbul, 2001

  19. Faruk Arslan. Hazarın kurtlar vadisi. Petrol imparatorluğundakı güç savaşları. İstanbul, 2005.

  20. Kara Vehbi. Petrole dayalı stratejiler və uluslararası ilişikilerde petrolun önemi. İstanbul, 1997

  21. Karadağ Refik. Petrol fırtınası. İstanbul, 1990

  22. Алиев И.Г., Мурадвердиев А.Ш. Азербайджанская нефть в мировой политике. Т.I-III. Баку, 1997-1998

  23. Дарабади П. Геоистория Каспийского региона и геополитика современности (Азербайджанский институт стратегических исследований развития Кавказа ). Баку, 2003

  24. Ильхам Алиев. Каспийская нефть Азербайджана Москва, "Известия", 2003. -712с.

  25. Мамедов Р. Международно-правовой статус Каспийского моря как пограничного озера . "Beynəlxalq hüquq və Azərbaycan", Bakı, 1998, №1. 9-15s.

  26. Мехтиев Р.А. Азербайджан: вызовы глобализации. Баку, 2004.

  27. Мурадвердиев Ф.Ш. Азербайджанская нефть и капитал. Москва, "Известия", 2001. -567 с.

  28. Шорохов В. Нефть и политика Азербайджана. Москва, 1997

Jurnallar:



  1. Beynəlxalq hüquq və Azərbaycan, 2000-2005.

  2. “Dirçəliş – XXI əsr”, 1998-20005

İnternet resursları:



  1. www.mfa.gov.az

  2. www.gooogle.az


1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə