Azərbaycan Respublikası Təhsil Nazirliyi Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsi




Yüklə 168.87 Kb.
səhifə1/2
tarix22.02.2016
ölçüsü168.87 Kb.
  1   2


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsi

“Diplomatiya və xarici siyasət” kafedrası

“Xəzərin hüquqi statusu ilə bağlı beynəlxalq danışıqlar”

mövzusunda

Buraxılış işi


Bakı-2011

Mündəricat




  1. Giriş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3-4

  2. I Fəsil: Xəzərin hüquqi statusu məsələsinin mahiyyəti . . . . . . 5-11

  3. II Fəsil: Xəzərin hüquqi statusu ilə bağlı danışıqların xüsusiyyətləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12-19

  4. III Fəsil: Xəzərin hüquqi statusu ilə beynəlxalq danışıqlarda irəli sürülən təkliflər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 20-36

  5. Nəticə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 37-38

  6. Ədəbiyyat siyahısı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 39-41


Giriş

Buraxılış işinin aktuallığı Xəzər regionunda mühüm geoiqtisadi amil olan neft və qaz ehtiyatlarının olmasıdır ki, bu da sahilyanı dövlətlərin ümumi razılığa gəlməsində bir az çətinlik yaradır.

Xəzər dənizinin hüquqi statusu məsələsini tədqiq edərkən ilk növbədə nəzərə almaq lazımdır ki, Xəzər dənizi nadir su hövzəsidir və analoqu olmayan karbohidrogen ehtiyatlarına malikdir. Məhz buna görədir ki, son on beş ildən artıq bir müddət ərzində regionda maraqlı olan dünya dövlətlərinin diqqəti Xəzərin problemlərinə yönəlmişdir. Bu problemlər məcmu halında regionda qlobal geosiyasi toqquşmalara səbəb olan mürəkkəb ziddiyəti əks edir. Sovet İttifaqının dağılması və yeni müstəqil dövlətlərin meydana gəlməsi ilə meydana çıxan Xəzər dənizi problemi faktiki olaraq geosiyasi, geoiqtisadi və beynəlxalq-hüquqi məsələlərdən ibarətdir.

Buraxılış işinin yazılmasında məqsəd Xəzərin hüquqi statusu məsələsində Xəzəryanı dövlətlərin mövqeləri, irəli sürülən təklifləri tədqiq etmək və məsələyə müvafiq qiymət verməklə araşdırmaqdır.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün işdə aşağıdakılar müəyyən olunmuşdur:


  1. Xəzərin hüquqi statusu məsələsini təhlil etmək üçün mərhələlərə bölmək (I mərhələ(1991-1994),II mərhələ(1995-1999),III mərhələ(2000));

  2. Xəzəryanı dövlətlərin Xəzərin hüquqi statusu ilə bağlı təkliflərini araşdırmaq;

  3. Xəzəryanı dövlətlərin mövqelərini təhlil etmək;

  4. Xəzəryanı dövlətlərin ümumi razılığa gələrək imzalanan sazişləri təhlil etmək və s.

Xəzər bölgəsindəki proseslər heç də karbohidrogen yataqlarının istismarı və sektor problemi ilə məhdudlaşmır. Burada, hər şeydən əvvəl bölgəyə strateji təsir məsələləri, neft kəməri və onun təhlükəsizliyi, xarici aləmin iqtisadi və geosiyasi maraqları toqquşması və s. Xəzərin hüquqi statusu məsələsində buraxılış işi yazılmasının əhəmiyyətini artırır.

    • I fəsildə, Xəzərin hüquqi statusu məsələsinin mahiyyəti açıqlanaraq 1921 və 1940-cı illərdə imzalanmış Sovet-İran müqavilələri;

    • II fəsildə, Xəzərin hüquqi statusu məsələsi ilə bağlı qəbul edilmiş konvensiyalar, prezident və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlər;

    • III fəsildə, Xəzərin hüquqi statusu məsələsi ilə bağlı beynəlxalq danışıqlarda sahilyanı dövlətlərin mövqelərindən çıxış edərək irəli sürdükləri təkliflər öz əksini tapmışdır.

    • Nəticədə, müasir dövrdə Xəzər regionunun dünya dövlətlərinin geosiyasi və geoiqtisadi maraq zonası olaraq qalması göstərilmişdir.

Buraxılış işinin yazılmasında Bağırov Elmirin “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” mövzusunda dissertasiya, Əliyev Qatar “Azərbaycan nefti dünya suyasətində” mövzusunda avtoreferatı, Əli Həsənov “Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti”, N.Nəsiblinin “Azərbaycanın geopolitikası və neft”, E.Şahbazovun “Heydər Əliyev və Azərbaycan neftinin inkişafı” kitablarından, AR XİN-in arxivindən və s. istifadə olunmuşdur.

Buraxılış işi giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.



I Fəsil

Xəzərin hüquqi statusu məsələsinin mahiyyəti.

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XX əsrin son onilliyində beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, təkqütblü dünya nizamının yaranması, qloballaşma və s. nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir (1. s. 128-130).

Xəzərin hüquqi statusu böyük məsələləri – ekologiya, gəmiçilik, dənizin təbii və bioloji ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması və s. məsələləri əhatə edir. Bu məsələlər üzərində bu günə qədər də dövlətlərarası siyasi və elmi-nəzəri diskussiyalar getməkdədir. Bu mübahisələr bəzən açıq şəkildə dövlətlərarası qarşıdurma və münaqişə səviyyəsinə gəlib çıxır. Yeni müstəqillik qazanmış hər bir sahilyanı dövlət öz müstəqilliyini möhkəmləndirmək və iqtisadiyyatının çoxsaylı problemlərini həll etmək üçün Xəzərin təbii ehtiyatlarından maksimum şəkildə bəhrələnmək istəyir.

Xəzərin təbii ehtiyatlarına gəldikdə isə onu qeyd etmək lazımdır ki, bu region dünyanın ən zəngin karbohidrogen və digər təbii, bioloji ehtiyatlara malik olan bölgələrindən biridir. XX əsrdə neft faktoru sənaye sivilizasiyasının hərəkətverici qüvvəsinə çevrildikdən sonra Xəzər dənizi və Qafqaz regionu öz əhəmiyyətinə görə dünyada mərkəzi yerlərdən birini tutdu (2. s. 73)

Demək olar ki, 250 il ərzində Rusiya-İran siyasi və iqtisadi maraqları zonası olan Xəzər dənizi SSRİ-nin dağılmasından sonra Rusiya-İran-Azərbaycan-Qazaxıstan-Türkmənistan maraqlarının zonasına çevrildi. Sovet Sosialist Respublikaları İttifaqının gənc varisləri dəniz sərvətlərinə hüquqları olduğunu elan etdilər və məhz bu vəziyyət Xəzər dənizinin statusu siyasi problemini tamamilə yeni siyasi səviyyəyə çıxarmış oldu. Yaranmış vəziyyəti aydınlaşdırmaqdan ötrü ilk növbədə bu problemin yaranma tarixçəsinə nəzər salmaq lazımdır. Xəzərin statusu problemi ilk dəfə I Pyotrun “fars yürüşü” zamanı (1722-1723-cü illər) meydana çıxmışdır və onun köklərini bu yürüşün ardınca baş tutmuş Peterburq (1723-cü il), Rəşt (1729-cu il), Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələrində axtarmaq lazımdır. Ümumilikdə bu müqavilələrin mahiyyəti Xəzər dənizinin tamamilə Rusiyanın tabeliyinə keçməsindən ibarət idi. Başqa sözlə, o zamanlar Xəzərə beynəlxalq dəniz və ya beynəlmiləl göl kimi deyil, Rusiyanın daxili (qitədaxili) dənizi kimi baxılırdı. Sovet Rusiyası Xəzərə olan monopoliya hüquqlarından imtina etdi və 1921, 1935 və 1940-cı il müddətsiz bağlanmış Sovet-iran müqavilələri Xəzər dənizində iki Xəzəryanı dövlətin – SSRİ və İranın dəniz fəaliyyətinin həyata keçirilməsinə olan bərabər və müstəsna hüquqlarını müəyyən etdi. O zamanlar geniş istifadə edilən “Sovet-iran dənizi” termini yalnız bu iki dövlətin, onun təşkilat və vətəndaşlarının dənizdən istifadə etmək hüququ olması deməkdir. Xəzər dənizinin üçüncü ölkələr üçün bağlı olması 1935-ci il müqaviləsinin 14-cü bəndində aydın şəkildə müəyyən edilmişdir. Orada deyilir: “Bütün Xəzər dənizi boyunca yalnız SSRİ və İrana və eynilə razılığa gələn tərəflərdən birinin vətəndaşları və ticarət nəqliyyat təşkilatlarına məxsus olan və müvafiq olaraq SSRİ və İran bayrağı altında üzən gəmilər yerləşə bilər”. Onlar gəmilərdə heyət qismində yalnız onların dövlətlərinə aid şəxslərin olması haqqında bərabərhüquqlu şəkildə razılığa gəldilər. İran hətta SSRİ-nin Pəhləvi (Ənzəli) portunun idarə heyətinin tərkibində fars vətəndaşı olmayan xidmətçilərin, işçilərin və podratçıların olmaması xahişini də yerinə yetirdi (2. s. 70-71).

Lakin sovet Rusiyası Xəzər dənizinin “Rusiya daxili dənizi” statusunu “Sovet-İran daxili dənizi” statusuna dəyişməyə razı olaraq nə qeyd edilmiş müqavilələrin imzalanması zamanı, nə də sonralar dənizlərə və ya beynəlmiləl göllərə münasibətdə adətən olduğu kimi Xəzər dənizində sərhədlərin müəyyən edilməsi və ərazi sularının ayrılması haqqında məsələ qoymamışdır. Təqdirəlayiqdir ki, bütün bu illər ərzində İran da bu cür məsələ irəli sürməmişdir. Əksinə hər iki tərəf dəfələrlə Xəzərdaxili sərhədlərin olmamasını qeyd etmişlər. Məsələn, 1976-cı ildə İran XİN-in SSRİ səfirliyinə göndərdiyi notada deyilir: “Xəzər dənizində İran və Sovet Sosialist Respublikaları İttifaqı arasında dəniz sərhəd xəttinə münasibətdə heç bir müqavilə və saziş və ya müəyyən edilmiş qayda yoxdur”. Bununla belə, 1934-cü ildən etibarən hər iki tərəf həm suda, həm də havada şərti olaraq Astara-Həsənqulu xətti üzrə sərhədi qoruyur və hüquqi şəkildə müəyyən edilməmiş bu dəniz sərhədi Xəzərə aid Sovet-İran qarşılıqlı münasibətlərində qarşılıqlı şəkildə riayət edilən (hərbi-dəniz qüvvələri və DİXK-nın yardımı ilə olsa belə) “hüquqi” normaya çevrilmişdir (1. s. 135).

Lakin siyasidən çox, geosiyasi olan 1921, 1935 və 1940-cı il müqavilələrinin maddələri sovet dövründə artıq öz qüvvəsini itirdilər. Beləliklə, onu da qeyd etmək lazımdır ki, SSRİ tərəfində Xəzərin statusunun müəyyən edilməsi üzrə birtərəfli fəaliyyət həyata keçirilmişdir. 1982-ci il SSRİ-nin dövlət sərhədləri haqqında qanunda deyilir ki, SSRİ-nin dövlət sərhədi “göl və digər su hövzələrində SSRİ-nin dövlət sərhədinin çıxışını göl və ya digər su hövzəsinin sahili ilə birləşdirən düz xətt üzrə” müəyyən edilir. Deməli, bu qanun Xəzər dənizini İranın razılığı olmadan göl statusu üzrə SSRİ ilə İran arasında bölmüşdür (2. s. 73).

Bununla əlaqədar olaraq bütün Xəzəryanı dövlətlər sovet dövründə Xəzərin beynəlxalq-hüquqi statusunun yaranmaması və yaranmışdısa da yanlış istiqamətdə yaranması fikri ilə yekdilliklə razı idilər. Bu səbəbdən Xəzərin yeni statusunun yaradılmasına eyni zamanda bütün Xəzəryanı dövlətlər qoşuldular. 1992-ci ildən onlar artıq faktiki olaraq çoxtərəfli münasibətlər və danışıqların əsasını qoydular. Bu proses hal-hazırda da davam edir. Buna paralel olaraq ikitərəfli görüş və danışıqlar da gedir.

SSRİ-nin dağılması və Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi yeni müstəqil dövlətlərin yaranması ilə Xəzəryanı dövlətlərin sayı beş olmuşdur. Hal-hazırda bu dövlətlər öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq, Xəzərdən istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər. Bəzi dövlətlər Xəzərdən sahilyanı dövlətlərin birgə istifadə etməli olduğunu, başqa sözlə desək, onu yalnız sahilyanı dövlətlərə məxsus olan qapalı su hövzəsi hesab edirlər. Digər ölkələr Xəzər dənizinin dünya praktikasına uyğun sektorlara bölgüsünü prinsipini təklif edir. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə bağlansa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və Türkmənistan Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli (qeyi-konstrukriv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirmişdir (4. s. 174).

Xəzərin hüquqi statusu beynəlxalq məsələdir və bu müstəvidə ilk növbədə dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiya, Avropa və Asiya dövlətlərinin, o cümlədən region ölkələrinin maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı dərk edir ki, Xəzərdə mövqe tutmaqla bütövlükdə Qafqazda, Mərkəzi Asiya və Orta Şərqdə üstün imkan qazanmaq olar.

Xəzərin hazırkı statusu 1921-ci il fevralın 26-da imzalanmış Rusiya-İran dostluq müqaviləsi, həmçinin 1940-cı il martın 25-də imzalanmış Ticarət və Gəmiçilik haqqında (sudaüzmə) Sazişə əsasən tənzimlənir. Həmin bölgüdə sərhədləri Astaradan (Azərbaycan) Həsənqulu (Türkmənistan) adlanan yaşayış məskəninə qədər olan düz xətt üzrə İrana 14%, SSRİ-yə 86% pay düşmüşdür. SSRİ isə öz daxili qaydaları ilə (orta xətt prinsipi üzrə) Xəzər dənizini dörd respublika arasında – Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) milli sektorlara bölmüş və respublikaların su sərhədlərini müəyyən etmişdir. Beynəlxalq müşahidəçilərin fikrinə görə, indi heç bir əsas və zərurət yoxdur ki, bu bölgüyə yenidən baxılsın. Əgər yenidən baxılsa belə, bölgü yenə həmin prinsiplər əsasında aparılmalıdır ki, buna uyğun olaraq da nə İrana 20%-lik pay, nə də ki, Türkmənistana əlavə yataq vermək mümkün deyil. 1996-cı il noyabrın 12-də Aşqabadda Xəzəryanı ölkələrin qarşılıqlı razılaşmasına əsasən, hazırkı hüquqi rejim və razılaşmalar yeni Konvensiya qəbul olunana qədər qüvvədədir. Varis-dövlətlər 1991-ci il dekabrın 21-də Almatı Deklarasiyası qəbul edərək sabiq SSRİ-nin bağladığı bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə təminat verdiklərinə görə Sovet-İran razılaşmasının hüquqi varisliyini də qəbul etmiş olublar (8. s. 678)

Müasir dövrdə Xəzər regionu geosiyasi baxımdan dünyanın aparıcı dövlətləri arasında kəskin rəqabət meydanına çevrilən regionlardan biri hesab olunur. Regionda müasir geosiyasi situasiyanı səciyyələndirən və onun əsas xüsusiyyəti kimi çıxış edən bu kəskin rəqabət, bir tərəfdən, burada neft-qaz kontraktlarında iştirak uğrunda iri kompaniyalar arasında, digər tərəfdən isə, neft və qazın bu regionda dünya bazarlarına nəqlində iştirak uğrunda dövlətlər, xüsusilə də Rusiya və ABŞ arasında yaranan və getdikcə daha da güclənən tendensiya ilə müşayiət olunur ( 2. s. 89-90).

Bütün bunlara görə də qeyd etmək olar ki, Xəzər regionunun əhəmiyyəti onun enerji ehtiyatlarının işlənilməsinin perspektivləri ilə müəyyən olunur. Xəzər dənizi hövzəsi özünün böyük karbohidrogen resursları ilə indiki zamanda dünya siyasəti və iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edən mühüm geostrateji və geoiqtisadi amillərdən birinə çevrilmişdir. XXI əsrin əvvəlində bu və ya digər ölkənin geosiyasi mövqeyinin müəyyən edilməsində onun enerji ehtiyatları və onların nəqli vasitələri üzərində nəzarəti dərəcəsi, onların beynəlxalq terrorizm qüvvələrindən etibarlı müdafiəsini təmin etmək qabiliyyəti bilavasitə rol oynayır (3. s. 40-44).

Keçən əsrin 90-cı illərin əvvəlində dünyanın iki fövqəldövlətindən biri olan SSRİ-nin dağılması nəticəsində Cənubi Qafqazda və Orta Asiyada müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının meydana çıxması ilə Xəzər regionu ilə bağlı bir çox, əvvəllər dəyişməz olan geosiyasi reallıqların radikal şəkildə yenidən baxılmasına gətirib çıxardı.

Bu regiona güclü təsir göstərən mühüm xarici amil XX əsrin sonu, XXI əsrin əvvəlində burada geosiyasi və geoiqtisadi maraqları olan ölkələr dairəsinin xeyli genişlənməsidir. Ənənəvi geosiyasi oyunçular olan Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə və İrandan başqa, Xəzər regionunda getdikcə daha çox fəallıq Fransa, Çin, Pakistan, Səudiyyə Ərəbistanı, Yaponiya və bir sıra digər dövlətlər göstərirlər ki, bu da özünə məxsus geosiyasi başsındırma yaradır (6. s. 103-105).

Xəzər regionunda geosiyasi qüvvələrin bölünməsinə əhəmiyyətli təsir edən mühüm geoiqtisadi amil burada böyük neft və qaz ehtiyatlarının olmasıdır. Rusiya ekspertlərinin verdikləri qiymətə görə, dünya neft ehtiyatları 150 mlrd. Ton olduğu halda bu regionun payına 25 mlrd ton neft düşür. Qərb ekspertlərinin fikrincə isə Xəzər dənizindən xammalı, ərəb neftinə alternativ kimi, Avropa üçün 2010-cu ilə, Şimal dənizindən hasilat azaldığı zaman, böyük əhəmiyyət kəsb edəcəkdir. Nyu-York Tayms-ın verdiyi qiymətə qiymətə görə, təkcə Qazaxıstan, Azərbaycan və Türkmənistan 100 mlrd. Bareldən çox neftə malikdir ki, bu da Xəzər regionunu dünyada miqyasına görə Sibir və İran körfəzindən sonra üçüncü edir. Bütün bunlar da onu planetdə əsas geosiyasi və geoiqtisadi təsir mərkəzlərindən birinə çevirir. Digər tərəfdən həm qonşu, həm də xeyli uzaq ölkələrin Xəzər regionuna artan marağı təkcə Xəzərdə böyük neft qaz ehtiyatlarının olması ilə bağlı deyil, bu həm də dünyanın rəqabətdə olan qüvvələrinin geosiyasi sahəsində sıxışdırılması, onun Xəzərdə ənənəvi üstün rolundan məhrum olunmasına real təhlükə yaradılmışdır (6. s. 105).

Qərbin və Rusiyanın enerji resursları uğrunda geosiyasi rəqabəti dolayı olaraq keçən əsrin 80-ci illərinin axırlarından başlayaraq Cənubi Qafqaz münaqişələrində təzahür etməklə 90-cı illərin ortalarından 20 sentyabr 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” imzalandıqdan sonra daha nəzərə çarpan şəkil almışdır (5. s. 22).

SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Bunun da nəticəsində Xəzərin delimitasiyası və burada dövlət sərhədlərinin müəyyənləşdirilməsi məsələsi aktuallaşdı. 1992-ci ildən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlamış oldu. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən, Xəzərsahili dövlətlərin xarici siyasət strategiyasında mühüm yer tutan status məsələsi ilə bağlı danışıqlara start verildi. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması və onun delimitasiyası məsələsi üzrə sahilyanı dövlətlərin uzun sürən müzakirələri sırf nəzəri sahədən təcrübəyə keçmişdir. Lakin bu müddət ərzində hələ də Xəzərin hüquqi statusu müəyyən edilməyib, belə ki, hətta illər ərzində hövzənin dəniz və ya göl olması statusunu təyin edən konsensusu əldə etmək mümkün olmamışdır. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu probleminə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox hüquq normalarına deyil milli maraqlarına söykənirlər (7. s. 64).



II Fəsil

Xəzərin hüquqi statusu ilə bağlı beynəlxalq danışıqların xüsusiyyətləri.

Hövzə rayonunda yaranan beynəlxalq münasibətlər və Xəzər dənizi, xüsusilə də onun beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi problemləri üzrə danışıqları şərti olaraq üç mərhələyə bölmək olar.

Birinci mərhələ 1991-1994-cü illəri əhatə edir. Bu mərhələni kəşfiyyat və problemin həlli üçün münasib variantın axtarışı mərhələsi adlandırmaq olar. İkinci mərhələ 1995-1999-cu illəri əhatə edir. Bu illər ərzində real baxışlar və yanaşma tərzləri formalaşmış, bir sıra çoxtərəfli ciddi görüş və konfranslar keçirilmişdir. Bu görüş və konfranslarda Xəzərin statusu və digər məsələlər üzrə mövqelər müzakirə edilmişdir. Sonuncu, üçüncü mərhələ 2000-ci ilin yanvarından, daha doğrusu Rusiya dövlətinin yeni rəhbəri olan V.V.Putinin siyasi arenaya çıxdığı andan başlamışdır. Onun gəlişi Rusiya Federasiyasının Xəzəryanı region Xəzər problemlərinə münasibəti üzrə yeni konsepsiyasının yaranması ilə yadda qalmışdır (11. s. 32-36).

Bu mərhələlərdən hər birini ətraflı surətdə nəzərdən keçirək.

Birinci mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə Xəzəryanı dövlətlər, eləcə də maraqlı ölkələr - ABŞ, Türkiyə, Çin, Qərbi Avropa ölkələri və s. Xəzər dənizini əsas enerji daşıyıcısı mənbələrindən biri kimi görmüşlər. Regiona daha böyük diqqət yetirilməyə, formalaşan geosiyasi sahədə özünün və başqalarının imkanlarının qiymətləndirməyin tarixi, siyasi, coğrafi, iqtisadi və hüquqi aspektləri ilə bağlı olan məsələlərin öyrənilməsinə başlandı. Onun statusunun müəyyən edilməsi əsas məsələyə çevrildi. Mövqelərin yaranması və üzə çıxarılması müxtəlif ölkələrin maraqlarından irəli gəlirdi (11. s. 39-41).

1991-ci ilin dekabrından etibarən Rusiya Federasiyası Xəzər dənizini hüquqi rejimi Sovet-İran müqavilələri ilə tənzimlənən daxili su hövzəsi hesab etmək mövqeyindən çıxış edirdi. Xəzərin Sovet-İran tabeliyində olmasının günümüzədək uzadılması aşağıdakılara dəlalət edir:

a) Hər bir Xəzəryanı dövlətin 10 millik balıq ovu zonasına suveren hüququ və bütün Xəzəryanı dövlətlərin dənizin qalan hissəsinə bərabər hüquqları vardır;

b) Xəzər dənizi onun hövzəsinə təbii çıxışı olmayan dövlətlər üçün bağlıdır, bu isə sahili olmayan dövlətləri, onların şirkət və təşkilatlarını dəniz fəaliyyətindən xaric edir.

Hal-hazırda Xəzər əvvəllər olduğu kimi iki deyil, beş dövlətin maraq zonası olduğundan:

c) Rusiyanın SSRİ-nin hüquqi varisi olması səbəbindən Sovet-İran müqavilələrinin hər iki subyekti xəritədə saxlanmaqdadır;

ç) 21 dekabr 1991-ci ildə qəbul edilmiş Alma-ata bəyannaməsi çərçivəsində bütün yeni müstəqil dövlətlər SSRİ tərəfindən bağlanmış bütün müqavilələrə riayət etməyi öhdələrinə götürdülər.

d) Xəzərin gələcək statusu 5 ölkənin razılığı ilə müəyyən edilməlidir, indiyədək isə Sovet-İran müqaviləsinin yenidən baxılması üzrə istənilən birtərəfli fəaliyyət istisna edilmişdir (14. s. 28-31).

Yeni Xəzəryanı dövlətlərin yaranmasından sonra Xəzərin dəniz, yaxud göl olması haqqında mübahisə yenidən ortaya çıxdı. Qeyd etmək lazımdır ki, burada fikir ayrılıqlarının mahiyyəti Xəzərin coğrafi mənada dəniz və ya göl olmasından çox onun dəniz hüququ üzrə BMT Konvensiyalarına aid edilib-edilməsindən ibarət idi. Bu məsələdən Xəzər dənizinin sahəsinin, dibinin, bioloji və mineral ehtiyatlarının bölüşdürülməsi prinsipi asılı idi (4. s. 121-122)

Xəzərin adi dəniz sahəsi kimi qəbul edilməsi halında ona avtomatik olaraq 1958 və 1982-ci illər kontinental şelf və dəniz hüququ üzrə BMT Konvensiyasının müvafiq maddələri aid edilir. Bu variant üzrə aşağıdakılar nəzərdə keçirilir:



  1. Hər bir Xəzəryanı dövlət 12 mil sahəsində ərazi suları və 200 mil sahəsində müstəsna iqtisadi zona suveren hüququ əldə edir. Xəzər dənizinin maksimum en sahəsinin 200 dəniz milini aşmadığı səbəbindən müstəsna iqtisadi zonanın xarici sərhədlərini orta xətt prinsipi əsasında müəyyən etmək olar.

  2. Bu halda bütün digər dövlətlər, eləcə də Xəzər dənizinə çıxışı olmayan dövlətlər (məsələn, ABŞ və ya İngiltərə) müstəsna iqtisadi zonada gəmiçilik və uçuş azadlığı, kabellərin və boru kəmərlərinin çəkilməsi, elmi tədqiqatların və beynəlxalq hüquq nöqteyi –nəzərindən digər qanuni fəaliyyət növlərinin keçirilməsində azadlıq əldə edirlər.

  3. Hər bir Xəzəryanı dövlət öz kontinental şelf ehtiyatlarının işlənməsinə Xəzəryanı dövlətlər sırasına aid olmayan dövlətlərin şirkətlərini cəlb edə bilər.

Rusiya və İran bəzi şərtlərlə “açıq dəniz” variantına tərəfdar olduqlarını bəyan etsələr də həmin şərtlərin mahiyyəti Xəzərin statusunun həlli variantını bu hövzəyə xarici dövlətlərin daxil olmasına yol vermədən kondominium əsasında həll edilməsinə çalışmaqdan ibarət idi (2. s. 82).

Qazaxıstan Xəzəri 1982-ci il dəniz hüququ üzrə BMT Konvensiyasının normalarının aid edilməli olduğu “qapalı dəniz” hesab edir.

Azərbaycan Respublikasının mövqeyi Xəzərin “sərhəd gölü” hesab edilməsi və onun Xəzəryanı ölkələr arasında milli sektorlara bölünməsindən ibarət idi (6. s. 659)

Rusiya və İran Xəzərin statusu probleminin həlli məsələsində maraqlı olduqlarını bəyan etsələr də həqiqətdə onlar Sovet-İran müqavilə təcrübəsinə sadiqlik nümayiş etdirərək yeni tendensiyalardan qaçmağa çalışırdılar. Bu cür yanaşmanın səbəbi aşağıdakından ibarət idi: Xəzər dəniz və ya qapalı dəniz kimi qəbul edilsə, onda ona qarşı qüvvədə olan beynəlxalq dəniz hüququ normaları tətbiq edilməlidir. Bu halda bölgü üzrə xüsusi sazişə ehtiyac olmayacaqdır, belə ki, dənizlərin müvafiq sahələrə bölünməsi qaydası avtomatik olaraq BMT Konvensiyasının müddəalarına uyğun olaraq aparılacaqdır. Məlum olduğu kimi, göl variantı üçün sahilyanı dövlətlər tərəfindən beynəlxalq-hüquqi status və bölgü üzrə əlavə xüsusi müqavilənin bağlanması tələb olunur. Rusiya və İran Xəzər dənizinin müştərək istifadə sahəsinə çevrilməsi haqqında ideya irəli sürmüşlər. Rusiya variantı müqaviləsi layihəsində ayrıca bənd kimi göstərilmiş bu ideya Azərbaycan, onun ardınca isə Qazaxıstan və Türkmənistan tərəfindən rədd edilmişdir (6. s. 691).

1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması Xəzəryanı dövlətlərin gələcək dövlətlərarası danışıqların inkişafında təyinedici amilə çevrildi. Bu müqaviləni qəbul etməzdən əvvəl Rusiya və İran heç də Xəzərin statusunun yenilənməsi zərurəti haqqında məsələni müzakirə etmək istəmirdilər. Müqavilənin qəbul edilməsindən sonra onlar Xəzərin mineral və bioloji ehtiyatlarının işlənməsi məsələsini bilavasitə yeni hüquqi statusun yaranması ilə əlaqələndirməyi qərara aldılar. Beləliklə, birinci mərhələ Xəzər regionunun böyük və kiçik, köhnə və yeni dövlətlərinin geosiyasi oyununda Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi bəhanəsi altında qarşıdurma və böyük intriqa elementlərinin əsasını qoydu: bu isə növbəti, ikinci mərhələdə Xəzəryanı dövlətlərin beynəlxalq münasibətlər sahəsində əməkdaşlığının motivi oldu (17. s. 64-66)

Rusiyanın rəsmi dairələri “Əsrin müqaviləsi”nə çox kəskin reaksiya verdilər. Rusiya Federasiyası 1994-cü il 5 dekabr tarixində BMT-nin Baş Məclisinə BMT üzvləri arasında yaymaq üçün “Xəzər dənizinin hüquqi statusuna münasibətdə Rusiya Federasiyasının mövqeyi haqqında” xüsusi bir sənəd yolladı. Orada deyilir ki, “...bəzi XƏzəryanı dövlətlər birtərəfli fəaliyyət yoluna qədəm qoyur və beynəlxalq hüquq prinsipləri və normaları ilə hesablaşmayaraq digər Xəzəryanı dövlətlərin hüquq və maraqlarına zidd olaraq birtərəfli üstünlüklər əldə etməyə çalışırlar” (5. s. 54).

Bu problemi nəzərdən keçirdikdə söyləmək olar ki, Xəzərin sektorlara bölünməsi təcrübəsi hələ sovet dövründə də mövcud olmuşdur və Azərbaycan nə beynəlxalq hüquq normalarını, nə də yaranmış təcrübəni pozan heç bir qeyri qanuni hərəkət etməmişdir.


  1. Xəzər dənizinin SSRİ-yə aid hissəsi (Astara-Həsənqulu xəttindən şimalda) “millətlərarası göl” prinsipi üzrə Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında bölündü – orta xətt qonşu İttifaq respublikaları arasında inzibati-ərazi sərhədi kimi təsbit edildi.

  2. 1982-ci il SSRİ-nin dövlət sərhədi haqqında qanuna əsasən Xəzər həmin prinsip üzrə İran və SSRİ arasında bölünmüşdü və Xəzərdə İran və Sovet İttifaqının milli sektorların olmasını sovet coğrafi xəritəsi əyani şəkildə sübut edir.

  3. Azərbaycan SSR NS və SSRİ neft və qaz sənaye nazirliyinin 1991-ci il 18 yanvar tarixli müştərək qətnaməsində qeyd edir ki, Azərbaycan Xəzər dənizinin orta xətti üzrə müəyyən edilmiş sektorunda mineral kəşfiyyatı və hasil edilməsi və onların mənimsənilməsi üçün xarici şirkətlərin cəlb edilməsi hüququna malik subyektdir (15. s. 24)

Xəzəryanı dövlətlərin əməkdaşlığının 1995-ci ildən başlamış üçüncü mərhələsini əhatə dairəsi və iştirakçıları artan, genişlənən geosiyasi oyun kimi xarakterizə etmək olar. Bu mərhələdə Xəzər dənizinin yeni hüquqi statusunun yaranması məsələsi yalnız sahilboyu dövlətlər üçün deyil, həm də Amerika, Avropa və Asiyanın digər dövlətləri üçün də mühüm məsələyə çevrildi. Xəzəryanı dövlətlərin Xəzərin statusu və istifadə formaları məsələləri üzrə çoxtərəfli əməkdaşlıq dövrü olan bu mərhələ saysız-hesabsız rəsmi görüşlər, elmi-praktiki konfranslar, sahilboyu dövlətlərin mövqelərinin və prioritetlərinin tez-tez dəyişməsi, eləcə də danışıqların gedişində siyasi toqquşmalarla yadda qalmışdır.

Bütün bunlara baxmayaraq tərəflərdən heç biri güzəştə getməyə və öz mövqeyini bir qədər də olsa yumşaltmağa razılaşmırdı. İran və Rusiya əvvəllər olduğu kimi “kondominium” prinsipinə, Azərbaycan milli sektorlara bölgüyə, Qazaxıstan – Xəzərin “açıq dəniz” hesab edilməsinə tərəfdar idi, ümumiyyətlə isə o, “açıq dəniz” variantına meyl göstərirdi (19. s. 40).

Ən mühüm dəyişikliklər 1997-ci ildən etibarən baş verməyə başladı və bu, ilk növbədə Rusiyanın mövqeyinin dəyişməsi ilə əlaqədar idi. Həmin ildə Xəzər dənizinin şimal hissəsində iri neft ehtiyatları aşkar edilmişdi. Bu isə Xəzərin kondominium prinsipi üzrə bölgüsünün məqsədəuyğun olmasını müəyyən etdi. Lakin eyni zamanda Rusiya üçün Azərbaycanın “dəniz dibinin və dərinliklərinin bölünməsi” variantı uyğun deyildi. Bu aspekt iqtisadi xarakterdən çox geosiyasi xarakter daşıyır. İş ondadır ki, Xəzərin “dəniz dibinin və dərinliklərinin” milli sektorlara bölünməsi prinsipi üzrə bölgüsü zamanı yalnız Azərbaycan Xəzəryanı dövlətin dördü ilə də təbii sərhəd hüququ əldə etmiş olur. Rusiyaya gəldikdə isə onu Xəzərin sərvətlərindən çox geosiyasi müttəfiqi olan İranla birbaşa əlaqə maraqlandırırdı, bu İran üçün də ədalətli idi. Bu prinsip üzrə bölgü zamanı dəniz üzrə bu təbii əlaqə pozulur və Azərbaycan asılılıq altına düşür (19. s. 44).

Buradan irəli gələrək Rusiya “dəniz dibini bölürük; su isə ümumi qalır” prinsipini irəli sürdü. Öz əvvəlki mövqelərindən bir qədər kənara çəkilmiş Azərbaycan və Qazaxıstanın mövqelərində prioritetlərin dəyişməsini çox gözləmək lazım gəlmədi və onlar Xəzərin statusu problemi üzrə sonuncu, üçüncü mərhələyə yol açan Rusiya variantı ilə razılaşdılar. Azərbaycan və Qazaxıstanın mövqelərinin bir qədər dəyişməsi onunla izah edilirdi ki, o zaman onlar üçün mövcud təbii ehtiyatların işlənməsi çox mühüm idi, Xəzərin hüquqi statusunun həll edilməməsi bu prosesi ləngidirdi. Nəticədə iki müqavilə bağlandı. Əvvəlcə 1998-ci ildə Rusiya və Qazaxıstan arasında “yeraltı sərvətlərin istifadəsinə olan suveren hüquqlara riayət olunması məqsədilə Xəzər dəniz dibinin şimal hissəsinin bölünməsi haqqında” müqavilə imzalandı. Onun ardınca isə 2001-ci il dekabr – tarixində MDB-nin yubiley sammitinin keçirilməsi zamanı Azərbaycan və Qazaxıstan prezidentləri də Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş imzaladılar. Eyni zamanda V.V.Putinin Azərbaycana səfəri zamanı onunla H.Ə.Əliyev arasında Xəzər dənizinin Rusiya ilə Azərbaycan arasında bölünməsi haqqında razılıq əldə edilmişdir (23. s. 221-223).

Beləliklə, Xəzərin siyasi-hüquqi statusunun müəyyən edilməsi üzrə onillik iş toplananların yerinin dəyişdirilməsinə gətirib çıxardı: bir tərəfdən Rusiya, Türkmənistan və İran, digər tərəfdən isə Azərbaycan və Qazaxıstanın qarşıdurması bir tərəfdən Rusiya, Azərbaycan və Qazaxıstanın, digər tərəfdən isə Türkmənistan və İranın qarşıdurmasına çevrildi (17. s. 23-24 ).

Yaranmış şəraitdə hadisələrin inkişafını proqnozlaşdırma variantları aşağıdakı kimi ola bilər:



  1. Xəzər xüsusi beynəlxalq-hüquqi statusunun yaradılması ehtimalı çox yüksəkdir. Bu tarixi mərhələdə hadisələrin ən münasib inkişaf variantı status probleminin paket-kompleks və ya çərçivədaxili həlli hesab edilir. Xəzərin statusunun müəyyən edilməsi üçün bütün Xəzəryanı ölkələr arasında tənzimlənməli və razılaşdırılmalı olan məsələlər aşağıdakılardan ibarətdir: a) bioloji və mineral ehtiyatların istismarında prioritetlərin, onların sahilboyu dövlətlər arasında bölüşdürülməsi mexanizminin müəyyən edilməsi; b) Xəzəryanı dövlətlərin suveren hüquqları həddinin müəyyən edilməsi; c) sahilboyu dövlətlərin yüksək səviyyəli qarşılıqlı əlaqələri nəzərə almaqla dəniz sahəsinin mühafizəsi və qorunması kimi ekoloji problemlərin həlli; ç) Xəzəryanı dövlətlərin hərbi təhlükəsizliyinin təmin edilməsi və hərbi gəmiçilik problemlərinin həlli. Bu məsələlərdən hər biri ayrı-ayrılıqda müvafiq saziş və ya müqavilələrlə həll edilə bilər, onların yerinə yetirilməsinə nəzarəti isə regional əməkdaşlıq təşkilatı həyata keçirə bilər. Mineral resursların bölünməsi məsələsi istisna olmaqla bir çox məsələlər antoqonist ziddiyyətləri doğurmur.

  2. Xəzərin statusunun Beynəlxalq məhkəmə vasitəsilə müəyyən ediləcəyi barədə ehtimal da mövcuddur. Birincisi, Bakı artıq Xəzər dənizinin statusunu mövzusunu beynəlxalq səviyyəyə çıxarmaq niyyətini elan etmişdir. İkincisi, artıq dünya təcrübəsində bu cür hadisə baş vermişdir. Vaxtilə Beynəlxalq məhkəmə Şimal dənizini bölmüşdür. Ekspertlərin rəyinə əsasən Xəzərin statusunun məhkəmə qərarı üçün minimum 5 il tələb olunacaqdır, beynəlxalq hüquq normalarına əsasən isə məhkəmə qərarının çıxarılmasınadək ümumi razılıq olmadan mübahisəli regionda istənilən növ fəaliyyət qadağandır.

  3. Xəzəryanı dövlətlərin Xəzərin statusunun müəyyən edilməsi məsələsində gələcəkdə qarşılıqlı güzəştlərə gedəcəyini ehtimal etməyə imkan verən bəzi əsaslar mövcuddur.

  4. Məsələnin hərbi həlli ehtimalı mövcuddur. Axı əslində söhbət dənizin özünün bölüşdürülməsindən çox həcminə görə planetdə üçüncü neft rezervuarının bölüşdürülməsindən, milyard dollarla gəlirdən, dünyanın strateji cəhətdən mühüm regionda iqtisadi və siyasi birinciliyə malik olma imkanından gedir (18. s. 43-45).

Son zamanlar Xəzərin statusu yenidən sahil dövlətlərinin nümayəndələrindən təşkil olunmuş işçi qrupları səviyyəsində müzakirə edilsə də, hələ ki, yaxın gələcəkdə konkret qərar qəbul ediləcəyi ehtimalı hiss olunmur. Bu isə Rusiyanın bölgəyə nəzarət üzrə manevr imkanlarının saxlanmasına şərait yaradır (23. s. 64).
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə