Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti




Yüklə 232.85 Kb.
səhifə1/2
tarix27.02.2016
ölçüsü232.85 Kb.
  1   2
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti
Fakültə: Ümumi iqtisadiyyat
Kafedra: Qiymət və Qiymətləndirmə
Buraxılış işi

Mövzu: Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin beynəlxalq təcrübəsi

Qrup: 186
Kurs:IV
Tələbə:Lətifli Nahid
Rəhbər:i.e.n.,dos.Q.S.Bayramov
Kafedra müdiri:i.e.d.,prof. X.H.Kazımlı
Bakı-2013

Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin

beynəlxalq təcrübəsi

Plan: I Fəsil. Tender qiymətəmələgəlməsinin nəzəri-metodoloji əsasları

1.1. Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin zəruriliyi və prinsipləri.

1.2. Birja kotirovkasının tenderlərin həyata keçirilməsində rolu və əhəmiyyəti.

1.3. Tender qiymətlərinin müəyyən edilməsi metodikası.



II Fəsil. Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin təhlili

2.1. Qiymətlərin kotirovkası üçün ilkin informasiyaların toplanması və emalı.

2.2. Tender şərtlərinin keyfiyyət təhlili.

2.3. Tender qiymətlərinin dinamikasına təsir edən amillərin müəyyən edilməsi.



III Fəsil. Tender qiymətəmələgəlməsinin təkmilləşdirilməsi.

3.1. Tenderlərdə iştirak üçün sifarişin iqtisadi əsaslandırılması.

3.2. Real əmtəəyə və fyüçers sövdələşmələrinə qiymətlərin formalaşdırılmasının təkmilləşdirilməsi.

3.3. Azərbaycanın istehsal-texniki təyinatlı məhsullar bazarında tender qiymətəmələgəlməsinin təkmilləşdirilməsi yolları.


Nəticə və təkliflər

Ədəbiyyat siyahısı


Giriş

Qloballaşan müasir bazar iqtisadiyyatının inkişafı və təkmilləşməsi mövcud iqtisadi münasibətlərin dərinləşməsinə və yenilərinin meydana gəlməsinə səbəb olmuşdur. Bu inkişaf əsnasında bazar iqtisadiyyatının əsasını təşkil edən bazarlar, onların təşkili və təşkilati forma strukturlarında ciddi təkamül və dəyişikliklər baş vermişdir. Müasir bazar iqtisadiyyatlı ölkələrdə iqtisadi sövdələşmələr real məhsullar bazarı ilə yanaşı birjalarda, yarmarkalarda, hərraclarda və müəyyən sıfarişçi tərəfindəm tender komissiyasının yaradılması ilə təşkil edilib, həyata keçirilən tenderlərdə baş tutur. Təkmil rəqabətli bazar iqtisadiyyatında qiymət bazarlarda çox önəmli rola malikdir.

Bu mövzuda tenderlərin həyata keçirilməsində qiymətdən istifadə, onun yerli və beynəlxalq təcrübəsindən danışılacaq. Müasir mərhələdə iqtisadiyyatı keçid dövründə olan ölkələr üçün iqtisadi inkişafda qiymətəmələgəlmə başlıca rol oynayır. Bazar iqtisadiyyatı sərbəst, iqtisadi cəhətdən əsaslandırılmış qiymətlər formalaşdıran əmtəə istehsalçılarına istinad edilir ki, bu da düzgün qiymət siyasəti, qiymətlərin formalaşmasında strategiya və taktikanın dəqiqliyi, qiymətin düzgün metodunun seçilməsini zəruri edir. “Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin beynəlxalq təcrübəsi” adlı diplom işinin 1-ci fəslində tender qiymətəmələgəlməsinin nəzəri – metodoloji əsaslarından, 2-ci fəslində tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin təhlilindən, 3-cü fəslində isə tender qiymətəmələgəlməsinin təkmilləşdirilməsindən danışılır.
I Fəsil. Tender qiymətəmələgəlməsinin nəzəri-metodoloji əsasları.

1.1.Tenderlərin həyata keçirilməsində qiymətdən istifadənin zəruriliyi və prinsipləri.
Tender (inq.müsabiqə) - müsabiqə formasında həyata keçirilən ticarət olub, mallar, xidmətlər və yaxud hər hansı bir işin görülməsi üçün müsabiqənin hazırlanması, tender sənədlərinə uyğun olaraq ərizələrin və təkliflərin qəbul olunması, müsabiqə daxili rəqabətin olduğu iqtisadi prosesdir. Tenderlərin və eləcə də hərracların, yarmarkaların yekununda qiymət həll edici rol oynayır. Tərifdən göründüyü kimi sifarişçi tenderin sonunda həm keyfiyyət və həm də qiymət baxımından ən münasib olan iddiaçının təklifini üstün hesab edəcək. Qiymətin tenderlərin həyata keçirilməsindəki zəruriliyini müəyyən etmək üçün qiymətin əmələlə gəlməsi prosesini və prinsiplərini araşdırmaq lazımdır.

Qiymət əmələgəlmədə əsas rolu dəyər qanunu, tələb və təklif qanunu oynayırlar. Bazar təsərrüfatında əsas rolu qiymət əmələgəlmə və tələb və təklifin tarazlaşdırılması vasitəsilə reallaşdırılan dəyər qanunu oynayır. O, ictimai istehsalın əsas tənzimləyicilərindən biridir, resursların sahədaxili və sahələrarası axınına səbəb olur. Bununla əlaqədar keçid dövrü yaranır və qiymətin istehsalın yerləşdirilməsi funksiyası güclənir.

Qiymətəməlgəlmənin prinsipləri dedikdə, bütün qiymətlər sistemi üçün xarakterik olan və onun əsasında duran, daimi fəaliyyət göstərən əsas müddəalar başa düşülməlidir.

Qiymətəmələgəlmənin vacib prinsipləri aşağıdakılardır:



  • qiymətlərin əsaslandırılmasının elmiliyi;

  • onların məqsədyönlülüyü;

  • qiymətəmələgəlmə prosesinin fasiləsizliyi;

  • bu prosesin vahidliyi ;

  • qiymətlərə riayət olunmasına nəzarət.

Qiymətlərin əsaslandırılmasının elmiliyi prinsipi qiymətəmələgəlmədə bazar iqtisadiyyatının inkişaf qanunlarının və hər şeydən əvvəl isə dəyər qanununun, tələb və təklif qanununun dərk olunması və uçotu zərurətindən ibarətdir.

Qiymətin elmi cəhətdən əsaslandırılması bazar konyunkturunun, bütün bazar amillərinin, eləcə də mövcud qiymətlər sisteminin dərin təhlilinə əsaslanır. Bu zaman istehsalın perspektiv inkişaf meyllərini aşkara çıxarmaq, xərclərin, tələbin, əmtəənin keyfiyyətinin səviyyə dəyişməsini proqnozlaşdırmaq lazımdır. Qiymətin əsaslandırılmasının elmiliyi xeyli dərəcədə onların qoyulması zamanı informasiya təminatının tamlığından da asılıdır və geniş iqtisadi informasiya tələb edir.

Qiymətin məqsədyönlülüyü ondan ibarətdir ki, həllində qiymətlərdə istifadə edilməli olan əsas iqtisadi və sosial problemləri dəqiq müəyyən etmək zəruridir.

Qiymətlərin məqsədli prioritetləri və məqsədəyönlülüyü iqtisadiyyatın inkişafının hər bir mərhələsində dəyişilə bilər.

Fasiləsizlik prinsipi qiymətəmələgəlmə prosesinin dinamikliyi ilə müəyyən edilir. Bu, onunla ifadə olunur ki, əmtəə xammaldan hazır məhsula kimi öz hərəkətində bir neçə mərhələdən keçir. Əmtəə hərəkətinin hər bir mərhələsi üçün ayrıca qiymət qoyulur.

Qiymətəmələgəlmə prosesinin və qiymət intizamına riayət edilməsinə nəzarətin vahidliyi prinsipi ondan ibarətdir ki, qiymətləri müəyyən edən və tənzimləyən dövlət orqanları onlara nəzarət etməyə borcludurlar. Bu cür nəzarət hər şeydən əvvəl, qiymətlərinin dövlət tənzimlənməsi həyata keçirilən məhsula (qaz, elektrik enerjisi) tətbiq olunur.

Bazar iqtisadiyyatında qiymətlər istehsal prosesində deyil, artıq məhsulun reallaşması prosesində, yəni bazarda (birja, yarmarka, hərrac, tenderdə) tələb və təklifin təsiri altında formalaşır. Əmtəənin qiyməti və faydalılığı bazarda “yoxlanılır” və son nəticədə bazarda formalaşır. Bazarlarda tələb və təklifin qarşılıqlı təsirində qiymətin yaranmasını araşdırmazdan öncə firmanın özündə qiymətin əmələgəlməsinə baxaq. Tender iştirakçısı olan müəssisədə qiymət əmələgəlmə - mürəkkəb və çoxmərhələli prosesdir. Bu qiymətin əmələ gəlməsinin ilkin prosesidir. Prosesin mərhələləri aşağıda göstərilmişdir:



  • Məqsədin seçilməsi;

  • Tələbin müəyyən olunması;

  • Xərclərin təhlili;

  • Rəqiblərin qiymətlərinin təhlili;

  • Son qiymətin təyini.

Məqsədin seçilməsi. Hər bir firma müəyyən bir məhsulu istehsal edərkən əvvəlcə onun nə məqsədlə istehsal olunduğunu müəyyən etməlidir. Əgər əmtəənin istehsal məqsədləri və bazardakı yeri dəqiq müəyyən olunubsa, qiymət təyin etmək asanlaşır. Əsas 3 qiymət siyasəti mövcuddur: bazarda “sağ qala bilmə” – nin təmin olunması, mənfəətin maksimallaşdırılması və bazarın saxlanması. Tenderlərin həyata keçirilməsində iddiaçı firmanın məqsədləri yuxarıda sadalananlara uyğundur.

Tələbin müəyyən olunması - qiymət təyininin növbəti mərhələsidir. Bu vacib mərhələni kənarlaşdırmaq olmaz, belə ki əmtəəyə olan tələbi öyrənmədən ona qiymət qoymaq mümkün deyil. Amma qeyd etmək lazımdır ki, firma tərəfindən dərhal təyin olunmuş yuxarı və ya aşağı qiymət əmtəəyə tələbə təsir etməyəcək. Heç bir firma tələbin dəyişməsini göz ardı edə bilmir. Tələbin müəyyən olunmasına yanaşma bazarın tipi ilə şərtlənir. Xalis inhisar zamanı bazarda yalnız bir satıcı vardır, tələb əyrisi tələb və qiymət arasındakı tərs proporsional asılılığı, həmçinin firma tərəfindən təyin olunmuş qiymətdə tələbin əsaslandırılmasını göstərir. Tenderin keçirilməsi tarixinə qədər sözsüzki həmin malın, işin, xidmətin bazarı mövcud olmuşdur və bu məhsula olan tələbin artması və ya azalması problemi firma tərəfindən araşdırılmışdır. Təkmil rəqabət şəraitində bazarda (birja,yarmarkada və s.) tələb və təklif əsasında formalaşan bu qiymətlər tenderlər üçün verilmiş ilkin qiymət hesab edilir. Rəqiblərin meydana gəlməsi ilə tələb əyrisi başqa firmaların qiymət siyasətinin təsiri altında dəyişəcəkdir. Əmtəəyə tələbi müəyyən edərkən firma onun müxtəlif qiymətlərdə qiymətləndirməsini aparmalı və onun dəyişməsi səbəblərini müəyyən etməyə çalışmalıdır. Tenderlər alıcının, yəni sifarişçinin tək olması və satıcıların, yəni iştirakçıların sayının çox olması ilə fərqlənir. Bu zaman müsabiqə daxilində lokal rəqabət mövcud olur. Tender iştirakçısı öz məhsuluna ele qiymət təyin etməlidir ki, o həm öz məsrəflərini ödəyib, mənfəət əldə etsin və həm də rəqiblərin qiymətlərilə rəqabət apara bilsin.

Qeyd edildiyi kimi, tələbin həcminə müxtəlif amillər: əmtəəyə tələbat, əvəzedici əmtəənin və ya rəqiblərin yoxluğu, potensial alıcıların ödəmə qabiliyyəti, alıcı vərdişləri və s. təsir edirlər. Əmtəənin qiymətini tələbə uyğunlaşdırarkən yadda saxlamaq lazımdır ki, tələb qiymətə müxtəlif cür reaksiya verir. Əvvəldə qeyd edildiyi kimi, tələbin qiymətlərə həssaslıq dərəcəsi tələb elastikliyini göstərir. Sahibkar tələbi müəyyən edərkən bu əmsalı nəzərə almalıdır.

Xərclərin təhlili. Əmtəəyə tələbi firmanın təyin edə biləcəyi yuxarı qiymət müəyyən edir. İstehsalın məcmu xərcləri (sabit və dəyişən xərclərin cəmi) qiymətin minimal həcmini müəyyən edir. Bunu firma qiyməti aşağı salarkən nəzərə almalıdır. Bu amil nəzərə alınmadıqda firma qiymətin xərclərdən aşağı təyin edilməsi zamanı itkilərə məruz qala bilər. Bu siyasəti firma yalnız qısa zaman içində bazara daxil olmaq üçün yeridə bilər.

Rəqiblərin qiymətlərinin təhlili. Qiymətə əhəmiyyətli dərəcədə rəqiblərin davranışları və onların əmtəələrinin qiyməti təsir edir. Bu problemə həm tenderlərdə, həm də bazarlarda rast gəlinir. Hər bir firma öz rəqiblərinin mallarının qiymətini və onların fərqləndirici cəhətlərini bilməlidir. Bu məqsədlə müqayisəli alışlar yerinə yetirilir, bunların nəticəsində qiymətlərin, əmtəələrin və onların keyfiyyətinin təhlili həyata keçirilir. Firma əldə edilmiş məlumatı qiymət əmələgəlmə və rəqiblər arasında yerinin müəyyən edilməsi üçün çıxış nöqtəsi kimi istifadə edə bilər.

Nümunə üçün aviasiya xidməti bazarına baxaq.

Bazar iqtisadiyyatının inkişafı şəraitində aviasiya daşımalarının, iş və göstərilən xidmətlərin qiyməti aşağıdakı dörd əsas amildən asılıdır:


  • tələb;

  • təklif;

  • istehsal xərcləri;

  • rəqabət.

Qiymət və bu amillər iqtisadi qanunlarla yanaşı, qarşılıqlı əlaqədardır. Tələb qanunu göstərir ki, bütün bərabər şərtlərdə qiymətin aşağı düşməsi, müvafiq olaraq tələbin artmasına gətirib çıxarır, daha doğrusu, aviadaşımalar, işlər və xidmətlərin qiyməti və tələbi arasında əks əlaqə vardır. Tələb dedikdə - müəyyən dövr ərzində istehlakçıların verilmiş qiyməti ödəmək imkanına malik olmaları başa düşülür. Tələb istehlakçının müəyyən bir əmtəə və ya xidməti müəyyən vaxt və yerdə əldə etmə istəyidir. Təklif qanunu qiymətlə təklif olunan, iş və xidmətlərin kəmiyyəti arasında düzünə əlaqəni müəyyənləşdirir. Tələb və təklifin tarazlaşdırılması əsasında bazarda qoyulan qiymətin tarazlaşdırılması təyin edilir. Tələb və təklifin qiymətdən asılılığının təhlili göstərir ki, qiymət tələb və təklifi müəyyən edən ən mühüm amildir. Bundan başqa tələb və təklifə qeyri – qiymət amilləri də təsir göstərir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən bazarlarda və eləcə də tenderlərdə rəqabətin iki metodunu fərqləndirirlər:

  • Qiymətli rəqabət;

  • Qeyri – qiymətli rəqabət.

Qiymətli rəqabət bazar şəraitində daha yaxşı vəziyyətin təmin edilməsi üçün istifadə olunan qiyməti ifadə edir. Tenderlərdə qiymət rəqabətilə yanaşı qeyri – qiymət rəqabəti də, yəni malın, işin, xidmətin keyfiyyəti, yerinə yetirilmə müddəti və eləcə də zəmanəti nəzərə alınan əsas göstəricilərdəndir.

Qiymətlə manevr etmək üçün iki ehtiyat vardır:



  • İstehsal xərclərinin azaldılması;

  • Mənfəətin azaldılması.

Qeyri – qiymət rəqabəti texniki səviyyədəki istismarın təhlükəsizlikdəki üstünlüklərdən istifadəyə əsaslanır.
Mənfəət norması müxtəlif yollarla təmin edilir.

  1. Əmtəə, iş və xidmətə sərbəst rəqabət əsasında qiymətin yaranması şəraiti;

  2. Qiymətin dövlət orqanları tərəfindən tənzimlənməsi 1 – ci halda tələb və təklif qanunu qüvvədə olur və onların əsasında mənfəətin ölçüsü, realizasiya qiyməti ilə fərdi xərclər arasındakı fərq kimi təyin edilir.

Təsəvvür edək ki, göstərilən nümunədə hər hansı bir kommersiya şirkəti özünün bəzi təmir - tikinti işlərinin görülməsi üçün tender təşkil edir. Sifarişçinin əsas məqsədi özünə bu işləri və xidmətləri ən yüksək səviyyədə göstərə biləcək tikinti kompaniyasını tapmaq və onunla perspektiv dövr üçün müqavilənin imzalanmasıdır. Təşkilatçı tərəf tender komissiyasını yaradır, tender şərtlərini müəyyənləşdirir, tenderin tarixini, ərizə və təklif paketlərinin hansı formada və harada qəbul olunmasını, iştirak haqqının məbləğini, təklifin təminatını və digər vacib məsələləri müəyyənləşdirir. İddiaçıların (iştirakçıların) isə əsas məqsədi bu müsabiqəyə qatılmaq və qələbə qazanmaqdır. Bunun üçün iddiaçı (iştirakçi) elə qiymət səviyyəsi müəyyən etməlidir ki, o bu qiymətlə rəqibləri (tenderin digər iştirakçıları) ilə rəqabətə girə bilsin, yəni onun təyin etdiyi qiymətlərlər rəqibinkilərdən aşağı olsun. Eyni zamanda bu qiymət səviyyəsi firmanın məsrəflərini qarşılamalı və mənfəət dərəcəsini təmin etməlidir. Yuxarıda yazılanlardan göründüyü kimi tenderlərin həyata keçirilməsidə qiymətdən istifadə həm zəruri, həm də həll edicidir. Tender iştirakçısı olan firma rəqabəti artırmaq üçün qiyməti aşağı sala bilər ancaq bu mənfəət dərəcəsini aşağı salacaq. Yuxarıda göründüyü kimi tikinti sahəsində qiymət iş və xidmətə görə istehsal xərcləri ilə mənfəət normasının cəmi ilə hesablanır. Təkmil rəqabət şəraitində qiymətin aşağı enməsi tenderdən məğlub kimi ayrılmağa səbəb olar, ya da mənfəətin itirilməsi və hətta zərərə gətirib çıxarar. Nümunədən göründüyü kimi qiymət ümumi iqtisadiyyatda olduğu kimi tenderlərdə də firmanın taleyini həll edir.

1.2. Birja kotirovkasının tenderlərin həyata keçirilməsində rolu və əhəmiyyəti.
Əmtəə birjalarının əsas məqsədi azad ticarətin həyata keçirilməsi, tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə əmtəələrin alışı və satışı üzrə müqavilələrin (kontraktların) bağlanmasından ibarətdir. Birja bir növ təşkil olunmuş topdan bazara bənzəyir. Burada alqı-satqı aktları kütləvi aşkarlıq formasında müəyyən edilmiş birja qaydaları əsasında, əvvəlcədən təyin edilmiş yerdə və vaxtda aparılır.

Birja, qiymətlərin tənzimləyicisi kimi böyük funksional əhəmiyyət kəsb edir. Birjalar eyni bir əmtəə üzrə qiymətlərin tərəddüd etməsini (qalxıb-düşməsini) qiymət kursları vasitəsilə nizamlamağa imkan verir. Əmtəə birjasında konkret müqavilə (kontrakt) qiymətləri qeydə alınır (fıksə edilir) və sonra əmtəənin orta limit qiyməti dərc olunur. Alıcılar və satıcılar alqı-satqı aktlarını həyata keçirərkən məhz orta birja qiymətlərini əsas götürürlər ki, bu da qiymətlərin kəskin tərəddüd etmə hallarını aradan qaldırır. Beləliklə, qiymətlərin təbii tənzimləyicisi əmələ gəlir.

Kotirovka (Financial quota) – qiymət( kurs, faiz stavkası). Alıcı və ya satıcı tərəfindən alınması və ya satılması haqqında elan verilmiş, adətən mübadilə prosesində qiyməti sürətli dəyişən məhsullara aid edilir. Birjada kotirovkalar xüsusi komissiya tərəfindən qeydiyyata alınır. Günün maksimum və minimum kotirovkası birja sessiyasında müəyyən olunub, nəşr edilir. Belə nəşrlər rəsmi kotirovka adlanır. Kotirovkalar torqlarda bazar konyukturasını əks etdirir. Birja qiymətləri və ya kotirovkalarının nəşri və eləcə də birjada bağlanan alqı – satqı müqavilələrindəki qiymətlər tenderlər və digər iqtisadi münasibətlərdə informasiya bazası rolunu oynayır.

Mal, iş və xidmətlərin satın alınmasının  əsas 3 üsulu vardır: Qiyməti 2.000 AZN-ə kimi olan mallar sərbəst satınalınma üsulu ilə alına bilər. Bu zaman satınalan təşkilat heç bir müsabiqə keçirmədən istədiyi şirkətlə malın alınması üçün müqavilə imzalayır. Qiyməti 2.000-50.000 AZN arası olan malların alınması üçün isə kotirovka sorğusu keçirilməlidir. Bu zaman satınalan təşkilat ən azı 3 şirkətə qiymət sorğusu göndərir. Ən münasib qiymətlə çıxış edən iddiaçı kotirovka sorğusunun qalibi elan edilir. Kotirovka sorğusu keçirən müəssisə müsabiqə barədə elan nəşr etdirməyə borclu deyildir. Qiyməti 50.000 AZN-i aşan satınalmaların həyata keçirilməsində bir qədər mürəkkəb olan Açıq Tender üsulundan istifadə olunur. Kotirovka sorğusunda olduğu kimi burada da ən azı 3 iddiaçı iştirak etməlidir. Lakin kotirovkadan fərqli olaraq Açıq tenderdə iştirak edən müəssisələrin təklifləri yalnız qiymət meyarına görə deyil, həm də keyfiyyət, yerinə yetirilmə müddəti, zəmanət və s. meyarlara görə qiymətləndirilir. Bu zaman həm də təkliflər ən azı 30 iş günü müddətində qəbul edilməlidir. Açıq tender keçirən müəssisə mütləq bu barədə dövrü mətbuatda elanlar dərc etdirməlidir (müvafiq olaraq təkliflərin qəbul edilməsinin son gününə 30 və 20 iş günü qalmış şərti ilə 2 dəfə). Həm kotirovka, həm də tender prosedurunda hər iddiaçı yalnız bir qiymət təklifi ilə çıxış edə bilər. Birja kotirovkaları və eləcədə digər bazarlarda - hərraclar, yarmarkalarda formalaşan, dərc edilən qiymətlər tenderlərdə verilən qiymət rolunu oynayır. Tender qiymətəmələgəlməsinə bu informasiya bazasının geniş təsir imkanları mövcuddur. Kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada tender komissiyası formalaşdırır və malların (işlərin və xidmətlərin) satın alınması üzrə kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərclərinə, gömrük rüsumlarına, vergilərə və sair xərclərə dair tələbləri nəzərə almaqla) müəyyən edir.

Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir və onlara kotirovka sorğusunun şərtlərini göndərir. Bu barədə məlumat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir.

Satınalan təşkilat tərəfindən kotirovka sorğusu şərtlərində malların (işlərin və xidmətlərin) qiymət kotirovkalarının təqdim olunma yeri, tarixi, saatı qeyd edilməli və məlumat almaq üçün əlaqələndirici şəxsin adı və telefonu göstərilməlidir. Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə təqdim olunmalıdır.

Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

Kotirovka sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfindən zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının)



1.3.Tender qiymətlərinin müəyyən edilməsi metodikası.
Tender qiymətəmələgəlməsi - bir neçə firmanın konkret müqaviləni qazanmaq üçün ciddi rəqabətə girməsi şəraitində qiymətin yaranması prosesidir. Alıcı firma satıcı firmaların istehsal etdikləri məhsullarını və onların müəyyən texniki-iqtisadi xüsusiyyətlərini təqdim etmələri üçün müsabiqə elan edir. Müsabiqənin şərtlərinə uyğun olaraq rəqiblərilə müqayisədə ən optimal təklifi edən iştirakçı qalib sayılır. Torqlarda müəyyən olunan qiymətlər aşağıdakı amillərdən asılıdır:

  • İddiaçının məqsəd və vəzifələri;

  • Müəssisənin daxili imkanları ( potensial istehsal gücü, əmək, maliyyə resursları, ohtəlikləri yerinə yetirmək bacarığı);

  • Müxtəlif qiymətlərlə torqu qazanmağın imkanının qiymətləndirilməsi ( bu rəqib firmalar, iştirakçı məhsullarının keyfiyyəti, əvvəlki təkliflər haqqında informasiyalar tələb edir);

Hər hansı bir məhsulun xüsusi keyfiyyəti varsa və bu onu rəqib mallarından ayırırsa və yaxud istehlakçılar tərəfindən fərqli mal kimi qəbul olunursa, bu malın qiyməti rəqiblərin qiymətindən asılı olmayaraq təyin edilə bilər.

Qapalı torqlardan və ya tenderlərdən dünyanın bir çox yerlərində dövlət sifarişlərinin, müqavilələrin əldə edilməsində və s. üçün istifadə edilir. Tender təşkilatçısı rəsmiləşdirilmiş istehsal təyinatlı malların, xidmətlərin təchizatçıları arasında seçim edir.

Beynəlxalq səviyyədə tender prosedurunun reallaşdırılması kreditlərin, beynəlxalq maliyyə təşkilatlarının yardım proqramları vasitəsilə baş tutur. Tenderin potensial iştirakçılarının təklifi “oferent” adlanır. Bu bahalı və vaxt aparan prosedurdur.

Əgər firma kontraktı qazanmaq istəyirsə, rəqiblərinə nisbətən mallarına aşağı qiymət təyin etməlidir. Tender iştirakçısı tələb olunan məhsulun keyfiyyətinin əsaslandırılması üçün tenderdə iştirak edir. Torqda iştirak edən firma özünün aşağıdakı məqsədlərini müəyyən edə bilər: maksimum mənfəət, yeni bazarlara nüfuz, tam məşğulluq və potensial istehsal, bazarda özünə imic qazanmaq və s. Torqlar çoxlu malları əldə etmək istəyən çoxlu sayda alıcının və bir və yaxud bir neçə məhdud sayda satıcının olduğu vəziyyəti göstərir, və ya əksinə. Hərraclar tək satıcı və çoxlu sayda alıcının olduğu ticarəti göstərdiyi halda tenderlərdə isə əksinə olaraq bir alıcı (sifarişçi) və çox sayda satıcının (iddiaçı) olduğu ticarət növüdür. Beynəlxalq təşkilatlar (tenderçilər) malların alınması üsulu, sifarişlərin yerləşdirilməsi və podratların verilməsini bir sıra xarici ölkələrin malgöndərənləri və podratçıları ilə müqavilə bağlamaq yolu ilə həyata keçirirlər.

Müasir dövrdə tenderlər kifayət qədər geniş yayılmışdır. Xarici ölkələrdə maşın və avadanlıqların satılmasının 80%-ə yaxını tenderin payına düşür.

Əgər torqu satıcı təşkil edirsə onda alıcılar arasında ən yüksək qiyməti təyin edən qazanır. Əgər torq alıcılar tərəfindən aparılırsa (satıcılar arasında rəqabət), onda ən aşağı qiyməti müəyyənləşdirən satıcı qazanacaq. Tərəflər arasında bağlanan müqavilədə göstərilən qiymət satış qiymətidir.Və onlar qərar qəbul etmək üçün informasiya daşıyıcısına çevrilir.

Tender qiymətlərinin formalaşmasının geniş metodikasından istifadənin zəruriliyinin əsaslandırılması vacibdir.

Təklif edilən malların qiymətlərinin əmələgəlməsi firma üçün tenderə qədər hazırlığın vacib mərhələsidir. Onun düzgünlüyü özündə torqda iştirak edən firmanın uğurunu daşıyır.

Qiymətlərin əmələ gəlməsinin metodologiyası qiymətəmələgəlmə konsepsiyasının işlənib hazırlanması, qiymətlərin müəyyən edilməsi və əsaslandırılması, qiymət sisteminin formalaşdırılması, qiymətəmələgəlmənin idarə olunması üzrə ümumi qaydaların, prinsip və metodların məcmusundan ibarətdir.

Onun əsasında qiymət strategiyası işlənib hazırlanır. Metodika isə həmin strategiyanın reallaşdırılması üçün konkret tüvsiyyə və vasitələrdən ibarətdir. Odur ki, metodika metodologiyasının tərkib elementidir.

Qiymətqoyma təcrübəsində çoxlu sayda metodlardan istifadə olunur. Hər hansı metodun və ya metodlar qrupunun tətbiqi zəruriliyi isə aşağıdakı şərtlərlə əlaqədardır:


  • Məhsulun qiyməti onun təkrar istehsalı xərclərini tam əks etdirməlidir;

  • Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər qiymətlərin səviyyəsində ciddi uçota alınmalıdır.

Qiymətlərin əmələ gəlməsinin metodlarını iki qrupa — əsas (bazis) və alternativ metodlara ayırırlar. Əsas (bazis) metodlar qrupuna aşağıdakılar aiddir:

  • xərc metodları (xərc metodu, aqreqat metod və normativ metod);

  • parametrik metodlar (bal metodu, xüsusi güstəricilər metodu və reqressiv təhlil metodu);

  • normativ-parametrik metodlar.

Xərc metodu özündə tam xərclər, birbaşa, marjinal xərclər, qiymət siyasətini nəzərə alan ( məqsədli mənfəət norması) informasiyaları əks edirir.

Məlumdur ki, müəssisələrdə qiymətlərə dəyişkən amil kimi baxılır və qiymətqoyma məsələsinin həlli zamanı onların maksimum, mümkün (orta) maksimum səviyyələri, seçilir. Qiymətlərin bu və ya digər səviyyəsinin seçilməsinin iqtisadi əsasları və məqsədlərinin öyrənilməsi də xüsusi diqqət mərkəzində olmalıdır.

Bazar iqtisadiyyatı şəraitində qiymətlərin əmələ gəlməsində alternativ metodların tətbiqi xarakterikdir. Onlar aşağıdakılardır:


  • qiymətlərin istehsal xərcləri əsasında müəyyənləşdirilməsi;

  • qiymətlərin tələbə meylliliklə müəyyən edilməsi;

  • qiymətlərin rəqabətə meylliklə müəyyən edilməsi;

  • qiymətlərin istehsal xərcləri ilə bazar vəziyyəti (konyunktura) arasında tarazlıüa meylliliklə müəyyənləşdirilməsi.

İstehsal xərcləri əsasında qiymətin təyin olunması metodu. İstehsal xərcləri əsaslanan bu metodun məğzi odur ki, məcmu xərclər və firmanın almağa ümid etdiyi mənfəət toplanır. Bu zaman sabit xərclər ayrı – ayrı əmtəələrə görə bölüşdürülmür, yalnız realizasiya qiyməti ilə dəyişən xərclər arasında fərqlə ödənilir. Bu fərq “əlavə edilmiş” və ya “marginal” mənfəət adı almışdır.

Tələbə oriyentasiya ilə qiymətin müəyyən olunması metodu(və ya istehlakçı qiymətləndirməsi metodu). Bu ən orijinal qiymət əmələgəlmə metodlarındadır, belə ki, daha çox istehsalçılar xərclərlə deyil, əmtəənin istehlakçı tərəfindən qəbul edilməsinə əsaslanaraq qiymət təyin edirlər.

İstehsalçı ondan çıxış edir ki, istehlakçı əmtəənin dəyəri ilə onun qiymətini qarşılaşdırır və onu rəqiblərin analoji göstəriciləri ilə müqayisə edir.

Bu metodda məhsulun diferensiasiyası nə qədər yüksəkdirsə, istehlakçı üçün qiymətlərin elastikliyi bir o qədər yüksəkdir. Əmtəələr texniki parametrlərə, dizayna, zövqə, keçirilən reklam kompaniyalarına, güvənliliyə, uzunömürlülüyə, istismarda qənaətliyə, satışdan sonra servisə və s. görə diferensiasiya oluna bilər. Bazarın diferensiasiyası məhsulun diferensiasiyası ilə sıx bağlıdır. Bu metodun uğurlu gerçəkləşdirilməsi ona əsaslanır ki, istehsalçı öz potensial alıcılarının tələbatlarını yaxşı tanıyır, öz məhsulunun spesifik xüsusiyyətlərinə diqqət cəlb etməyi bacarır və rəqiblərin imkanlarını real olaraq qiymətləndirir.

Kapitala gəlir metodu istehsal xərcləri və planlaşdırılmış kapitala görə gəlirə əsaslanır. Metod ona əsaslanır ki, məhsul vahidinə çəkilmiş məcmu xərclərin üzərinə qoyulmuş kapitala faiz əlavə olunur. Bu metodun tətbiqi zamanı istehsalın rentabelliyi aşağıdakı kimi hesablanır:



Пкqoyulmuş kapitala mənfəət;

BAYbalans aktivinin yekunu;

FC – sabit xərcləri cəmi;

Qr - realizə olunmuş məhsulun miqdarı;

AVC – məhsul vahidinə düşən dəyişən xərclər.

Bu metodun üstünlüyü odur ki, bu zaman məhsul istehsalı və realizasiyası üçün zəruri olan maliyyə resurslarının ödənilmə qabiliyyəti nəzərə alınır. Amma inflyasiya dövründə kredit faizləri qeyri – taraz dəyişdiyinə görə bu metodun istifadəsini çətinləşdirir. Bu metod bir hissəsi bazarda yeni olan geniş assortimentli məhsul buraxan firmalar üçün nəzərdə tutulub.

Rəqabətli mühitdə isə tender qiymətlərinin formalaşması getdikcə rəqib qiymətlərlə, tələb təklif asılılığında baş verir və admistradiv (inzibati) qiymət formalaşır. Admistradiv metod eyni zamanda analoq qiymətlərinin müqayisəsi kimi də adlandırılır.

Müəssisədə tələbin və rəqiblərin qiymətlərinin nəzərə almaqla məhsula qiymətin müəyyən olunması metodlarına aşağıdakıları aid etmək olar.

Məhsulun “hiss edilən faydalılığı” əsasında qiymətin müəyyən olunması qiymət qoymanın ən optimal metodlarından biridir. Bu zaman xərclər nisbətən arxa plana keçir, əsas diqqət məhsulun alıcılar tərəfindən necə qəbul olunmasına yönəldilir. İstehlakçının şüurunda satışa çıxarılan məhsulun faydalılığı haqqında təssəvvür yaratmaq üçün qiymətə əsaslanmayan təsir üsullarından istiadə edilir. Bunlara servis xidmətinin göstərilməsi, alıcılara xüsusi təminatların verilməsi, alıcı bu məhsulu satarsa ona əmtəə nişanından istifadə imkanının verilməsi və s. aid etmək olar.

Cari qiymətlər səviyyəsində qiymətin müəyyən olunması metodu əsasən həmcins məhsullar (məsələn, polad, neft, alüminium və s.) reallaşdırılan bazarda məhsullara qiyməti bazar özü müəyyən edir və müəssisə eyni məhsulu vahid qiymətə satmalı olur. Çünki yüksək rəqabət dərəcəsinə malik bazarda həmcins məhsullar satan müəssisələrin qiymətə təsir etmək imkanları məhduddur. Belə olan halda müəssisə mənfəətini və satış həcmini artırmaq üçün istehsal xərclərinə qənaət işində daha çox fəallıq göstərməli olur.

Qeyd edilən metodların hər birinin özünəməxsus xüsusiyyətləri, üstünlükləri və məhdudiyyətləri vardır ki, bunları da qiymətin müəyyən edilməsi zamanı mütləq nəzərə almaq lazımdır. Müəssisə bu metodlardan ən uyğununu seçərək yekun qiymətin hesablanmasına başlaya bilər.

Beləliklə, müəssisə istehsal etdiyi məhsula tələbi müəyyənləşdirərək, təklif qiymətini hesablayaraq, habelə rəqib müəssisələrin qiymətlərini nəzərə alaraq öz məhsuluna son qiyməti müəyyən edir. Bu qiymətin aşağı həddini məhsulun maya dəyəri, yuxarı həddini məhsulun nadir xassələri, orta səviyyəsini isə müəssisənin rəqiblərinin və onun (müəssisənin) məhsulunun əvəzedicilərinin qiyməti müəyyən edir.

Müəssisə adətən məhsula yeganə bir qiymət deyil, müxtəlif bazar şəraitindən asılı olaraq qiymətin modifikasiyaları sistemini müəyyən edir. Belə qiymətlər sistemi məhsulun keyfiyyətinin xarakterik göstəricilərini, məhsulun modifikasiyasını və çeşid fərqlərini, habelə çəkilən xərclərin səviyyəsini və coğrafi baxımdan tələbin səviyyəsindəki fərqləri, ayrı-ayrı bazar seqmentlərində tələbin intensivliyi və s. məhsul satışı ilə əlaqədar xarici amilləri nəzərə alır.

Qeyd olunan amilləri nəzərə alaraq qiymətlərin müəyyən olunması zamanı güzəştlər və əlavələr sistemindən, qiymət diskriminasiyasından, təklif olunan məhsul çeşidi üzrə qiymətin pilləli aşağı salınmasından və s.-dən istifadə edirlər.

Bazar münasibətləri şəraitində qiymətəmələgəlmədə marketinq prinsipinin tətbiqi də geniş yayılmışdır. Bu prinsip üzrə qiymətlərin hesablanması metodikasının mərhələləri göstərilməklə, hər bir mərhələnin mahiyyəti və məqsədləri aydınlaşdırılmalıdır. Eyni zamanda güstərilən prinsipin tətbiqi üzrə qiymətçilər və marketoloqlar arasında olan fərqli yanaşmalar şərh olunmalıdır.

Təklif edilən rəqabətqabiliyyətli malların qiymətinin hesablanması üçün keyfiyyətli informasiya mənbələrini əsas üç qrupa bölmək olar:


  • əvvəllər bağlanmış müqavilə qiymətləri;

  • rəqib firmaların müqavilə qiymətləri haqqında informasiya;

  • birja və auksiyon məlumatları;

Birinci mərhələdə qiymət baza qiymətləri əsasında formalaşır. Hansı ki, onlar əvvəllər bağlanmış müqavilələrə əsaslanır. İkinci qrup qiymətlər rəqiblərin qiymələri, üçüncü isə digər mənbələrdən, yəni birja, hərraclar və digərlərindən alınan informasiya əsasında əldə edilir.

Tender qiymətlərinin dərəcələrinin dəyişməsində bir başa olaraq lokal rəqabət mühitinin və onun istənilən dəyişməsinin, iştirakçıların tərkibinin dəyişməsi və s. əhəmiyyətli təsir göstərir.

Tender qiymətlərinin formalaşması metodlarını nəzərə almaq lazımdır:


  • mümkün olan ən qısa zamanda təklif edilən malın qiymətinin formalaşdırırılması zərurəti;

  • rəqabət mühitinin saxlanılması mexanizmi və onun dəyişməsində qiymət səviyyəsinin optimal səviyyədə saxlanılması.

Təbii ki, heç bir yanaşma podratçının torqda yüz faiz qazanacağına zəmanət vermir, lakin söylənilən yanaşmadan istifadə uğuru xeyli artırır. Tender strategiyasının formalaşdırılması üçün iştirakçı ilk növbədə rəqiblərin təkliflərinin qiymətinin təhlili, birbaşa və dolayı xərclərin səviyyəsi, həmçinin digər xərclər və eləcə də mənfəət nəzərə alır. Şərti misal üçün təklifin qiymət strategiyasının hazırlanması mərhələlərinin araşdıracağıq. Təklifin rəqabət qabiliyyətini müəyyən etmək üçün rəqiblərin avadanlıqlarının bütüm elementləri haqqında informasiyaya ehtiyyac yoxdur. Əsas komponentlər qiymətlər haqqında kifayət qədər informasiyaya malikdir. Bu zaman nəzərdə tutulur ki, təkliflərin ayrı-ayrı elementləri daha rəqabətqabiliyyətlidir, digərləri üzrə isə az. Əks halda tenderin nəticəsi göz qabağındadır:

  • əgər bizim qiymətlər rəqib qiymətindən aşağıdırsa, onda tenderdə bizim qalib olmamız yüz faiz təşkil edir;

  • əgər bizim avadanlıqların qiyməti rəqibdəkindən yüksəkdirsə, onda bizim qələbəmiz sıfır faizə enəcək;

Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsinin bal metoduna nəzər salaq. Praktikada bal metodu ilə qiymətləndirmənin ən çox iki variantından istifadə edilir. Birinci variant məhdud sayda qiymətləndirmə göstəriciləri olduğu halda tikinti quraşdırma işlərininin qiymətləndirilməsi üçün əvvəllər hazırlanmış layihə sənədləri əsasında tətbiq edilir. Bu metod aşağıdaki alqoritm hərəkətlərini nəzərdə tutur:



  1. Müsabiqə komissiyası müsabiqənin keçirilməsinə hazırlıq zamanı iştirakçıların təkliflərinin qiymətləndirilməsi üçün meyarların sayını və tərkibini müəyyən edir;

  2. Müəyyən edilmiş maksimal balı qalib qazana bilər. Adətən maksimal bal 100 və ya 1000 ola bilər;

  3. Balların maksimal sayı qiymətləndirilən göstəricilərin hər biri üzrə hesablanır;

  4. Bütün meyarlar ardıcıllıqla nəzərdən keçirilir, ən yaxşısı seçilir və maksimal bal verilir;

  5. Hər meyara görə bütün kommersiya təklifləri ən yaxşı ilə müqayisə edilir;

  6. Sonda qalib və 2-ci yeri tutmuş iştirakçı müəyyən edilir.

İkinci bal metodu ilə qiymətləndirmə variantında isə qiymətləndirmə çəki əmsallarından istifadə ilə aşağıdakı alqoritmlə həyata keçirilir:

  1. Meyarların sayı və tərkibi müsabiqə təkliflərinin qiymətləndirilməsi üçün müəyyən edilir;

  2. Hər meyar üzrə maksimal bal müəyyən edilir. Daha çox 10 balla;

  3. Meyar üzrə çəki əmsalı müəyyən edilir. Nəzərə almaq lazımdır ki, çəki əmsalları müsabiqənin konkret məqsəd və vəzifələrini nəzərə almaqla seçilir;

  4. Hər bir göstərici müsabiqə sənədlərinin tələblərinə uyğunluğuna görə on ballıq şkala qiymətləndirilir;

  5. Ümumi sayın hesablanılması hər bir göstəricinin çəkisinin nəzərə alınması ilə baş tutur;

  6. Müsabiqədə maksimal balı alanın, yəni qalibin müəyyən edilməsi.


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə