Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında




Yüklə 0.96 Mb.
səhifə7/13
tarix22.02.2016
ölçüsü0.96 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Qarovulların dəyişilməsi

 

204. Yeni qarovul rəisi dəyişmədən sonra dəyişiləcək qarovulun yerləşdiyi yerə gəlib qarovulu mühafizə olunan obyektin girəcəyində və ya qarovul otağının qarşısında qarovul rəisi üçün təlimatda göstərilən məsafədə saxlayır, özünü dəyişiləcək qarovulun rəisinə təqdim edir və ona köhnə parolu bildirir; bundan sonra öz qarovulunu qarovul otağının qarşısındakı meydançada üzü ona tərəf düzür.



205. Köhnə qarovul rəisi ona verilən parolun düzgünlüyünə əmin olduqdan sonra otaqda öz köməkçisini və ya dəyişdiricilərdən birini saxlayaraq öz qarovulunu qarovul otağından çıxarır və qarovulu meydançada yeni qarovulun qarşısında altı-səkkiz addımlıqda düzür. Düzüldükdən sonra qarovul rəisləri yeni qarovul rəisindən başlayaraq növbə ilə «Qarovul — DÜZLƏN», «FARAĞAT»komandaları verirlər.

Tapança ilə silahlanmış hər bir qarovul rəisi komanda verərək, sağ əlini baş geyiminə yapışdırıb, bir-birinə qarşı sıra addımları ilə irəliləyir, bir-birindən iki-üç addımlıqda dayanır və yeni qarovul rəisindən başlayaraq məlumat verirlər, məsələn: «Yoldaş leytenant. Yeni qarovul dəyişməyə gəlib. Qarovul rəisi leytenant İbrahimov», «Yoldaş leytenant. Köhnə qarovul dəyişilməyə hazırdır. Qarovul rəisi leytenant Paşayev». Sonra onlar əllərini baş geyimlərindən aşağı salırlar.

Avtomatlarla və ya karabinlərlə silahlanmış qarovul rəisləri əllərini baş geyimlərinə yapışdırmır və «farağat» komandasından sonra avtomatlar «qayışda», karabinlər isə «ayaqda» vəziyyətində olmaqla bir-birinə qarşı gedirlər.

Qarovul rəisləri məlumatdan sonra qarovul otağının qarşısındakı saatdarı dəyişdirir və bundan sonra öz qarovullarına «Sağa — DÖN, addımla — MARŞ» komandası verirlər.

Qarovulun yeni rəisi öz qarovulunu qarovul otağına salır, köhnə qarovul rəisi isə qarovulu qarovul rəisi üçün təlimatda göstərilən yerə aparıb, öz əvəzinə təyin etdiyi böyüyü qoyub, dəyişdiriciləri ilə birlikdə qarovul otağına qayıdır.

Havanın temperaturu — 150 S və ondan aşağı olduqda, həmçinin hava pis olduqda və bir postu olan qarovullarda qarovulların dəyişilməsi bu maddədə qeyd olunmuş qaydaya riayət olunmadan, qarovul otağında aparılır. Yeni qarovul rəisi köhnə qarovul rəisinə özünü təqdim etdikdən və köhnə parolu ona çatdırdıqdan sonra öz qarovullarını dəyişmək üçün qarovul otağına aparır.

206. Yeni qarovulun şəxsi heyəti otağa daxil olduqda, silahları piramidaya qoyur, bundan sonra yeni və köhnə qarovul rəisləri öz dəyişdiricilərinə möhürlərin (plombların) izlərini təhvil vermək (qəbul etmək) əmri verirlər və təhvil-təslimin düzlüyünə şəxsən nəzarət edirlər. Köhnə qarovul rəisi köməkçisi qarovul otağını və siyahıya əsasən onda olan avadanlığı, inventarı və əmlakı, dəyişdiricilər olmadıqda isə möhürlərin (plombların) izlərini də təhvil verir, yeni qarovul rəisinin köməkçisi isə onları qəbul edir. Qarovul rəisinin köməkçisi olmayan qarovullarda qarovul otağının, avadanlığın, inventarın və əmlakın təhvil-təslimini qarovul rəisi aparır. Köhnə qarovul rəisi yeni qarovul rəisinə köhnə qarovulun aldığı məzəmmət və göstərişlər barədə məlumat verir.

207. Yeni qarovul rəisi möhürlərin (plombların) izlərini qəbul etdikdən sonra «Birinci növbə — DÜZÜL» komandası verir. Bu komanda ilə birinci növbənin dəyişdiriciləri və qarovul nəfərləri öz silahlarını götürərək, postların nömrələrinə görə sağdan-sola bir cərgə düzülürlər. Özlərində möhürlərin (plombların) izləri olan dəyişdiricilər növbələrinin sağ cinahında dayanırlar.

Köhnə qarovul dəyişdiriciləri yeni qarovulun müvafiq dəyişdiricilərinin yanında və sağ tərəfində dururlar.

Yeni qarovul rəisi dəyişdiricilərin və qarovul nəfərlərinin öz vəzifələrini bilməsini yoxlayır, qarovul nəfərlərinin hər postda silah işlətmə qaydasına xüsusi fikir verərək, xidmətin xüsusiyyətlərini onlara başa salır, növbəni qarovul otağından çıxarır və silahları doldurmaq üçün meydançaya düzüb: «Növbə, sağdan bir-bir — DOLDUR» komandası verir. Bu komanda ilə hərbi qulluqçular növbə ilə bir addım qabağa ataraq süngünü taxır və silahı doldururlar, qarovul rəisi silahın düzgün doldurulmasını yoxlayır (107-ci maddə). Silahı dolduraraq onların hər biri məlumat verir: «Silah doldurulub və qoruyucuya qoyulub», onu sərbəst «qayışa» vəziyyətinə götürür və geriyə addım atır.

208. Növbə silahları doldurandan sonra yeni qarovul rəisi «Növbə, sağa — DÖN», «Postlara addımla — MARŞ» komandaları verir. Hər bir dəyişdirici «Növbə, arxamca — MARŞ» komandası verir və növbəni postlara aparır.

Birinci növbə qarovul otağından gedəndən sonra qarovul rəisinin köməkçisi qarovulun şəxsi heyətindən ehtiyat qrupları təşkil edir və mühafizə olunan obyektlərə, yaxud qarovul otağına basqının dəf olunması və yanğın zamanı onun söndürülməsi haqqında onlara tapşırıq verir.

209. Növbələr postlara bir-bir kolonla gedir və qayıdırlar. Dəyişdirici kolonun önündə gedir. Hərbi hissə (birləşmə) Döyüş Bayrağının və abidələrin yanındakı postlara növbələr sıra addımları ilə gedirlər.

Köhnə qarovulun dəyişdiricisi yeni qarovulun dəyişdiricisinin yanında və sol tərəfində gedir.

Bütün yeni komandalar yeni dəyişdirici tərəfindən verilir.

Qarovullarda postların sayı çox olduqda, həmçinin onlar bir-birindən və qarovul otağından çox uzaqda yerləşdikdə, növbələr postlara qarnizon rəisinin (hərbi hissə komandirinin) bu məqsəd üçün ayırdığı maşınlarla aparılıb-gətirilə bilərlər.

210. Yeni qarovulun birinci növbəsinin axırıncı qarovul nəfəri posta qoyulduqdan sonra köhnə qarovul dəyişdiricisi özü kolonun önündə olmaqla dəyişdirilmiş qarovul nəfərlərini qarovul otağına aparır. Yeni qarovul dəyişdiricisi köhnə qarovul dəyişdiricisindən solda yeriyir.

Bütün komandalar köhnə qarovul dəyişdiricisi tərəfindən verilir.

211. Qarovul növbələri postlara gedərkən və postlardan gələrkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsinə müvafiq əsgəri qaydada salamlaşırlar.

212. Qarovul dəyişdirildiyi zaman yeni qarovul rəisi köhnə qarovul rəisi ilə birlikdə qarovul rəisi üçün təlimatda göstərilən, mühafizə olunan daha vacib obyektlərin vəziyyətini, onların işıqlandırılmasını, hasarların, səngərlərin sazlığını, qarovul otağının və hauptvaxtın vəziyyətini gəzib gözdən keçirməklə yoxlayır. Bundan sonra ondan siyahı ilə sənədləri, möhürləri və açarları ilə birlikdə döyüş sursatı saxlanan yeşikləri, mühafizə olunan obyektləri açmaq üçün icazə vərəqələrinin nümunələrini, həmçinin rabitə və siqnalizasiya vasitələrini qəbul edir.

213. Postlardan qayıdan kimi silahlar 106-cı maddədə göstərilən qaydada boşaldılır. Silahları əvvəlcə hər iki qarovulun dəyişdiriciləri boşaldırlar, sonra köhnə qarovul dəyişdiricisi «Sağdan, bir-bir BOŞALT» komandası verir.

Bu komanda ilə qarovul nəfərləri növbə ilə qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti altında öz silahlarını boşaldırlar. Maqazinləri çantaya qoyaraq «Silah boşaldılıb» deyə məlumat verirlər; çaxmaq çərçivəsini (çaxmağı) dala çəkərək silahı yoxlamağa təqdim edirlər. Dəyişdirici qarovul nəfərlərinin silahlarını yoxlayır, bundan sonra qarovul nəfərləri çaxmaq çərçivəsini (çaxmağı) qabaq vəziyyətə verib, çaxmaq dabanını buraxır, silahı qoruyucuya qoyur, süngünü çıxardır (qatlayır), silahı «qayışa» vəziyyətinə götürür və geriyə bir addım ataraq öz yerlərində dayanırlar. Sonra qarovul nəfərləri böyüyün komandası altında köhnə qarovul olan yerə, dəyişdiricilər isə qarovul otağına gedirlər.

214. Köhnə və yeni qarovulların dəyişdiriciləri dəyişilmə haqqında növbə ilə öz qarovul rəislərinə məlumat verirlər, məsələn: «Yoldaş leytenant. Dəyişmə (dəyişilmə) yerinə yetirilib. Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib). Birinci dəyişdirici çavuş İsmayılov». Qarovul rəisləri məlumatları qəbul edərək, köhnə qarovul rəisindən başlayıb, köhnə qarovulun postlar cədvəlini imzalayırlar və bu zaman yeni qarovul rəisi dəyişilmə zamanı aşkar edilmiş bütün çatışmazlıqlar haqqında ora əlavələr edir.

Qarovulun dəyişilməsi zamanı onu yoxlamaq üçün gəlmiş şəxs iştirak edirsə, dəyişdiricilər ondan icazə alaraq, qarovul rəislərinə növbənin dəyişilməsi haqqında məlumat verirlər. Yeni qarovul rəisi dəyişdiricidən məlumatı qəbul etdikdən sonra «FARAĞAT» komandası verir və qarovul rəisləri yoxlamağa gəlmiş şəxsə dəyişilmə haqqında növbə ilə məlumat verirlər.

Bütün hallarda qarovul rəisləri dəyişilmə haqqında öz qarovullar (hərbi hissə) növbətçisinə telefon vasitəsilə, şəxsən raportla, yaxud yazılı surətdə qarovul nəfərləri vasitəsilə məlumat verirlər.

215. Qarovul dəyişildikdən sonra köhnə qarovul rəisi qarovulu öz hərbi hissəsinə (bölməsinə) aparır.

Qarovul rəisi qarovul dəyişildikdən sonra bölməyə gəlib, qarovulun şəxsi heyətini sıraya düzərək bölmə komandirinə tapşırığın yerinə yetirilməsi haqqında məlumat verir, məsələn: «Yoldaş kapitan. Qarovul tam heyətdə gəlib. Xidmətim zamanı heç bir hadisə baş verməmişdir (və yaxud filan-filan baş vermişdir). Leytenant İsmayılov». Bundan sonra postlar tabelində qeyd edilmiş yoxlama nəticələri haqqında məlumat verir və postlar tabelini başqa sənədlərlə birlikdə ona təhvil verir. Daha sonra qarovul rəisinin şəxsi nəzarəti altında qarovul heyəti silahlarını və döyüş patronlarını təhvil verir.

Obyektləri ancaq gecə mühafizə edən qarovul nəfərləri obyektlərin mühafizəsi vaxtı qurtardıqdan sonra qarovulların dəyişilməsini gözləmədən qarovul rəisi tərəfindən təyin edilmiş böyüyün komandası altında öz hərbi hissəsinə (bölməsinə) göndərilirlər, bu barədə qarovul rəisi postlar cədvəlində qeyd edir və qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir. Böyük bölməyə gəlmələri haqqında bölmə başçavuşuna məlumat verməli, qarovul nəfərlərinin silahlarını və döyüş sursatını təhvil vermələrinə nəzarət etməlidir.

216. Dəyişilmiş qarovul heyəti dəyişildiyi gün məşğələlərdən və işdən azad edilir; obyektləri ancaq gecə mühafizə edən qarovul nəfərləri bölməyə gələndən sonra məşğələlərdən və işdən 4 saat müddətində azad edilirlər.

217. Mühafizə olunan obyektdən qarovulu götürmək qarnizon rəisinin (hərbi hissə komandirinin) möhürlə təsdiq edilmiş yazılı sərəncamına əsasən qarovullar (hərbi hissə) növbətçisi tərəfindən mühafizə olunan obyekt rəisinin iştirakı ilə yerinə yetirilir. Qarovulun götürülməsi barədə qarovullar (hərbi hissə) növbətçisinin, qarovul rəisinin və mühafizə olunan obyekt rəisinin iştirakı ilə akt tərtib edilir. Aktda mühafizə olunan obyektin, qarovul otağının və postlarda olan avadanlığın və inventarın təhvil verilməsi göstərilir.

Daimi qarnizon qarovulunu götürmək barəsində qarnizon rəisi Baş Qərargah rəisinə, daimi daxili qarovulu götürmək barəsində isə hərbi hissə komandiri qarovullar cədvəlini təsdiq etmiş rəisə məlumat təqdim edir.

 

Saatdarların dəyişilməsi

 

218. Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların başlanğıcında dəyişilirlər.



Havanın temperaturu -20oS və daha aşağı şaxtada, habelə külək vaxtı, bayır postlarda, eləcə də qızdırılmayan binalarda duran saatdarlar bir saatdan bir dəyişilirlər. Havanın temperaturu kölgədə +30oS və ondan yuxarı olduqda da saatdarlar bir saatdan bir dəyişilirlər. Bu hallarda saatdarların bir saatdan bir dəyişilməsi haqqında göstərişi qarovullar (hərbi hissə) növbətçisi verir.

Saatdarlar bir saatdan bir dəyişildikdə qarovul rəisi postlar cədvəlində qeyd edir ki, saatdarlar filan saatdan sonra bir saatdan bir və filan saatdan filan növbəyə qədər isə iki saatdan bir dəyişilmişlər.

Qarovul otağının girəcəyində saatdarlar hər 30 dəqiqədən bir qarovul rəisi tərəfindən dəyişilirlər.

219. Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi «Növbə — DAYAN» komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə nəzarət etmək (növbə maşınla gəldikdə isə silahı doldurmaq və nəzarət etmək) əmri verir.

Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı «qayışa» (karabini «ayağa») vəziyyətinə alır. Köhnə qarovulun dəyişdiricisi saatdara yaxınlaşaraq ona«FARAĞAT» komandası verir. Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər Vəliyev, posta addımla — MARŞ» komandası verdikdə saatdar bir addım sağa çəkilir və qarovul nəfəri saatdara yaxınlaşır, karabin ayağının yanında olmaqla üzü saatdara tərəf onun yerində dayanır.

Köhnə və yeni qarovulların dəyişdiriciləri saatdarın və qarovul nəfərinin hər iki tərəfində bir-iki addımlıqda üz-üzə dayanırlar.

Köhnə qarovul dəyişdiricisinin «Saatdar, postu təhvil ver» komandası ilə saatdar postu təhvil verir. Bu zaman saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirirlər. Saatdar postunun nömrəsini deyib, postu qəbul edən qarovul nəfərinə postlar tabelinə əsasən bütün mühafizə edilən şeyləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında gördüklərini söyləyir.

Post təhvil verildikdən sonra qarovul nəfəri öz dəyişdiricisinin «Qarovul nəfəri, postu qəbul et» komandası ilə qarovul dəyişdiricisi ilə birlikdə saatdarın və köhnə qarovul dəyişdiricisinin iştirakı ilə mühafizə olunan obyekti dolanaraq onun hasarlarının, qapılarının (darvazalarının), saxlancların (anbarların, parkların) pəncərə və divarlarının sazlığını, yeşiklərin miqdarını və vəziyyətini, maşınların, təyyarələrin, topların və ya döyüş texnikasının sayını yoxlamağa borcludur. Təhvil verilənlər arasında qıfıllar, plomblar və möhürlər olduqda, onların bütövlüyünü və qaytanların sazlığını baxmaqla yoxlayır.

Həbs edilənlər olan kameraların yanındakı postu qəbul etdikdə qarovul nəfəri bundan əlavə, orada olan həbs edilənlərin sayını da yoxlamalıdır.

Zərurət olduqda, postu qəbul edən qarovul nəfəri dəyişdiricinin köməyi ilə post paltarını geyinir (8 saylı əlavə).

220. Saatdarların birinci növbəsini postlara qoyarkən hər iki dəyişdirici dəyişilən saatdarın postu qəbul edən qarovul nəfərinə düzgün təhvil verməsinə və onu hasarların, siqnalizasiyanın və postun giriş yerləri, eləcə də başqa xüsusiyyətləri ilə tanış etməsinə nəzarət edir; post paltarını qəbul etdikdə isə onun sazlığını yoxlayır.

221. Postun təhvil-təslimi zamanı hər hansı bir nasazlıq (hasarların, yaxud möhürlərin, plombların, qıfılların, qaytanların, qapıların, pəncərələrin zədələnməsi) və ya möhürlərin (plombların) onların izlərinə, postlar tabelində göstərilən saylarına uyğunsuzluq, həmçinin mühafizə olunan döyüş texnikasının sayının uyğunsuzluğu aşkar edilərsə dəyişdirici postun təhvilini dayandırır və qarovul rəisini çağırır; postları yeni qarovul qəbul etdiyi zaman belə hallar baş verdikdə, köhnə və yeni qarovul rəisləri çağırılırlar.

222. Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə ilə məlumat verirlər, məsələn:«Yoldaş çavuş. Əsgər Piriyev filan nömrəli postu təhvil verdi»;

«Yoldaş başçavuş. Əsgər Vəliyev filan nömrəli postu qəbul etdi». Məlumat verib dəyişdiricidən göstəriş aldıqdan sonra saatdar silahını 171-ci maddədə göstərildiyi kimi götürür və postda vəzifəsini yerinə yetirməyə başlayır.

223. Qarovul nəfərinin saatdar (saatdarın qarovul nəfəri) vəziyyətinə keçməsi onun postun qəbulu (təhvili) haqqında məlumatı ilə müəyyən edilir.

224. Köhnə qarovul dəyişdiricisinin komandası ilə məsələn: «Əsgər Piriyev, postdan addımla — MARŞ» dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır və sərbəst olaraq karabini «qayışa» vəziyyətinə götürür. Bundan sonra yeni qarovulun dəyişdiricisi «Növbə, ardımca addımla — MARŞ» komandası verir və növbəni o biri posta aparır.

225. Daxili postlarda saatdarlar dəyişildikdə, dəyişdirici növbəni binanın girişinə gətirir və «Növbə — DAYAN» komandası verir, qarovul nəfərlərindən birini böyük qoyur və komanda verir, məsələn: «Əsgər Səmədov və Mikayılov, ardımca — MARŞ».

Dəyişdirici qarovul nəfərləri ilə binaya daxil olduqdan sonra 219-224-cü maddələrdə göstərilənlərə əsasən saatdarları dəyişdirir.

226. Postlar qarovul otağının hər iki tərəfində yerləşdikdə, dəyişdirici əvvəl qarovul otağının bir tərəfindəki postların saatdarlarını dəyişdirir və sonra dəyişilənləri qarovul otağında saxlayır, bu növbənin qalan qarovul nəfərlərini sıraya düzür və postlara aparır.

Növbə postlardan qayıtdıqdan sonra dəyişdirici onlara silahları piramidaya qoymağı əmr edir.

227. Yeni qarovulun ikinci və sonrakı növbələrinin sıraya düzülüb postlara göndərilməsi və saatdarların dəyişilməsi, həmçinin silahların doldurulması və boşaldılması birinci növbə üçün göstərilən qaydada yerinə yetirilir.

228. Saatdarların yeni postlara qoyulması, həmçinin ləğv edilmiş postlardan saatdarların çıxarılması qarnizon rəisinin (hərbi hissə komandirinin) möhürlə təsdiq edilmiş yazılı sərəncamına əsasən, qarovul rəisi tərəfindən qarovullar (hərbi hissə) növbətçisinin və mühafizə olunan obyekt rəisinin iştirakı ilə həyata keçirilir; saatdarların qoyulması (çıxarılması) haqqında postlar cədvəlində müvafiq qeydlər edilir.

 

XI fəsil.



Qarovullarda daxili qayda

 

229. Qarovul heyətindən heç kəsin qarovul rəisinin icazəsi olmadan qarovul otağını tərk etməyə ixtiyarı yoxdur.



230. Qarovul otağında sakitliyə və qayda-qanuna əməl olunmalıdır. Oxumaq və çalğı alətlərində çalmaq qadağandır. Radio verilişlərinə ancaq qulaqlıq vasitəsilə qulaq asmağa, kitab oxumağa, yazmağa, şahmat və dama oynamağa icazə verilir. Papiros çəkməyə və ayaqqabı təmizləməyə bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə icazə verilir.

231. Avtomatlar və pulemyotlar piramidalara çaxmaqları qabağa vəziyyətində olmaqla maqazinsiz qoyulur. Karabinlər doldurulmamış, çaxmağı bağlı və çaxmaq dabanı buraxılmış halda piramidalara qoyulur. Qarovul otağında piramidalar qıfılla bağlanmamalıdır. Pulemyotun maqazinləri piramidanın xüsusi qıfılla bağlı yeşiyində saxlanır, açarı isə qarovul rəisində olur. Doldurulmuş avtomat maqazinləri (karabin daraqları) olan çantalar və bel qayışındakı qınlar çıxarılmır.

Tapança ilə silahlanmış qarovul rəisləri qarovul otağında silahlarını çıxarmırlar.

Piramidalardan silahlar ancaq qarovul rəisinin və yaxud onun köməkçisinin icazəsi ilə götürülür. Silahlar onların rəhbərliyi və bilavasitə nəzarəti altında təmizlənir. Silahı təmizləmək üçün onu sökməyə icazə verilmir.

232. Qarovulun şəxsi heyətinə qarovul otağında başıaçıq və şinelsiz olmağa o şərtlə icazə verilir ki, ləvazimatları üstlərində olsun. Çıxarılan şinellər və baş geyimləri paltarasılandan asılmalıdır.

233. Qarovulun şəxsi heyətinə, qarovul rəisi və onun köməkçisi istisna olmaqla, qarovul otağına gələnlərlə danışığa girmək qadağandır; ancaq qarovulu yoxlayan şəxslərin suallarına cavab verməyə icazə verilir.

234. Ancaq yaxasını açmaqla və bel qayışını boşaltmaqla soyunmadan və ləvazimatı çıxarmadan uzanaraq istirahət etməyə (yatmağa) aşağıdakılara icazə verilir:

qarovul rəisinə — təlimatda müəyyən edilmiş qaydada gündüz (hauptvaxtda gecə) 4 saatdan çox olmayaraq;

qarovul rəisinin köməkçisinə — qarovul rəisinin icazəsi ilə 4 saatdan çox olmayaraq;

dəyişdiricilərə, çıxarıcılara və nəqliyyat vasitələrinin sürücülərinə — qarovul rəisinin icazəsi ilə vəzifələrini icra etmədikləri boş vaxtlarda;

qarovul nəfərlərinin bir növbəsinin tərkibinə — postlara getməzdən qabaq, postlardan dəyişilmiş növbə qarovul otağına gəldikdən və qarovulun döyüş heyəti təyin edildikdən (132-ci maddə) sonra;

ancaq gecələr obyektləri mühafizə edən qarovul nəfərlərinə — qarovul otağına qayıtdıqdan sonra və yenidən postlara gedənə qədər olan vaxtda.

İstirahət edən qarovul nəfərlərinə və dəyişdiricilərə ayaqqabılarını və ayaq dolaqlarını çıxarıb qurutmağa icazə verilir.

235. Qarovulu «silaha» çağırdıqda qarovul otağında olan qarovulun şəxsi heyəti, həmçinin istirahət edən növbə baş geyimlərini geyərək, hər kəs silahını götürüb qarovul otağının içində öz nömrələri ardıcıllığında sıraya düzülürlər.

Şinellər qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir.

Qarovulun qarovul otağından çıxarıldığı bütün hallarda (yanğın və ya təbii fəlakət baş verdiyi hallardan başqa) orada qarovul rəisinin köməkçisi və ya dəyişdiricilərdən biri, onlar olmayan qarovullarda isə qarovul nəfərlərindən biri qalmalıdır.

236. Hərbi hissənin yerləşdiyi yerdə olmayan qarnizon qarovullarına, həmçinin daxili qarovullara xörək onların göndərildiyi bölmələrin komandirlərinin və ya hərbi hissə növbətçisinin göstərişləri ilə gətirilir.

Hərbi hissə daxilində yerləşən qarovulun şəxsi heyətinə xörək qarovul rəisinin göstərişi ilə oyaq növbənin qarovul nəfərləri tərəfindən gətirilir.

237. Qarovul otağında, qarovulu sıraya düzmək üçün meydançada və ayaqyolunda təmizliyi və qaydanı gözləmək, həmçinin sobaları qalamaq və lampalara qulluq etmək qarovul heyətinə həvalə olunur. Qarovulun bu vəzifələri yerinə yetirməsinə, həmçinin avadanlığın, inventarın və əmlakın salamatlığına nəzarət etmək qarovul rəisinin köməkçisinə, o, təyin edilməyən qarovullarda isə qarovul rəisinə həvalə olunur.

238. Gündəlik təmizləmədən əlavə, ayda bir dəfədən az olmayaraq, qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi gündə qarnizon (hərbi hissə) tibb xidməti rəisinin sərəncamına əsasən qarovul otağında dezinfeksiya aparılır.

239. İlin soyuq vaxtlarında qarovul otağının sutkada dörd dəfədən az olmayaraq havası dəyişdirilir. İsti vaxtlarda nəfəslik və ya pəncərə otağın bir tərəfində açıq saxlanır. Qış vaxtı qarovul otağının temperaturu +18oS-dən az olmamalıdır. Sobaların qızdırılması qarnizon rəisinin müəyyən etdiyi vaxta qədər davam etdirilməlidir. Qarovul heyəti üçün xörək qızdırmaqdan ötrü pilətənin və qurutmaxana sobasının yandırılmasına qarovul rəisi buna ehtiyac olduqda icazə verir. İsti çay bütün sutka ərzində olmalıdır.

Qaranlıq düşərkən, qarovul otağı, koridorlar və ayaqyolu tam işıqlandırılmalı, növbənin istirahət etdiyi otaqda isə növbətçi işıq yanmalıdır.

Hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının pəncərələri gecə vaxtı içəridən pəncərə qapısı ilə bağlanır.

240. Qarovulların tərkibində beşdən az olmayaraq üçnövbəli post olduqda qarovul otağını mühafizə etməkdən ötrü qarovul otağının girəcəyində oyaq qarovul nəfərlərindən saatdar qoyulur.

Xüsusi əhəmiyyətli obyektləri mühafizə edən və öz tərkibində beşdən az üçnövbəli postu olan qarovullarda qarovul otağını mühafizə etməkdən ötrü xüsusi qarovul nəfərləri təyin edilə bilər.

Qarovul otağı hərbi hissə ərazisində (mühafizə olunan obyektdə) yerləşdikdə adətən qorunmur.

Qarovul otağının girəcəyində saatdar qoyulmadığı hallarda qarovul otağının giriş qapısında nəzarət pəncərəsi düzəldilir və o, daim içəridən bağlı saxlanmalıdır.

 

XII fəsil.



Qarovulların yoxlanması

241. Tabe olduqları şəxslərdən əlavə (98-ci maddə) qarovulları təyin olunduqları bölüklərin (batareyaların) komandirləri, həmçinin onların müavinləri və bu komandirlərin bütün birbaşa rəisləri yoxlamalıdırlar.

Qarnizonun (hərbi hissənin) vəzifəli şəxsləri tərəfindən qarovulların yoxlanması qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təsdiq olunmuş qrafik üzrə aparılır.

Dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport ərazisində yerləşən, həmçinin hərbi yüklə stansiyalardan (limanlardan), aeroportlardan keçən bütün nəqliyyat vasitələrindəki qarovulları ondan əlavə, dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport hərbi komendantı və ya onun köməkçisi yoxlamalıdır.

242. Qarovulları həmçinin yoxlayırlar:

Azərbaycan Respublikası müdafiə nazirinin, Baş Qərargah rəisinin, müdafiə nazirinin müavinlərinin və silahlı qüvvələr növlərinin komandanlarının tapşırıq verdiyi şəxslər;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qoşun növlərinin komandanlarının (xüsusi qoşun rəislərinin) və onların müavinlərinin tapşırıq verdiyi şəxslər — ancaq onlara tabe olan qoşunlardan təyin edilmiş qarovulları;

Müdafiə Nazirliyinin idarə və şöbə rəislərinin tapşırıq verdiyi şəxslər — ancaq bu idarələrin (şöbələrin) rəislərinin sərəncamında olan obyektləri mühafizə edən qarovulları;

birləşmə komandirinin tapşırıq verdiyi şəxslər — ancaq ona tabe olan hərbi hissələrdən təyin edilmiş qarovulları;

hərbi hissə komandirinin tapşırıq verdiyi şəxslər — ancaq ona tabe olan bölmələrdən təyin edilmiş daxili qarovulları;

qarnizon rəisinin tapşırıq verdiyi şəxslər — ancaq bu qarnizonun qarnizon və daxili qarovullarını;

qarovullarda təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gəlmiş şəxslər və onların tapşırığı ilə təftiş (yoxlama) qrupunun üzvlərindən olan zabitlər (generallar, admirallar) — ancaq onların təftiş apardıqları (yoxladıqları) hərbi hissələrdən təyin edilmiş qarovulları.

Qarovulların yoxlanması böyük rəislər tərəfindən ancaq bu xidməti yaxşı bilən şəxslərə tapşırılır. Qarovulları yoxlamaq üçün təyin edilmiş şəxslərə təlimat verilməlidir.

243. 242-ci maddədə göstərilən şəxslər qarovulları yoxlamaq üçün onları göndərən rəislərin möhürlə təsdiq edilmiş yazılı sərəncamını qarnizon rəisinə (hərbi hissə komandirinə) təqdim etməlidirlər. Bu sərəncamlar əsasında onlara qarovulları yoxlamağa icazə verən, gerbli möhürlə təsdiq edilmiş, qarnizon rəislərinin və ya qarnizon hərbi komendantının (hərbi hissə komandirinin) imzası ilə birdəfəlik vəsiqə verilir. Həmin vəsiqə qarovullar (hərbi hissə) növbətçisinə təqdim olunur. Göstərilən birdəfəlik vəsiqə qarnizon rəisi tərəfindən qarnizon qarovullarını, həmçinin daxili qarovulları yoxlamaq üçün onun təyin etdiyi, hərbi hissə komandiri tərəfindən isə daxili qarovulları yoxlayan şəxslərə verilir.

Birdəfəlik vəsiqədə onun kimə verilməsi, hansı qarovulların yoxlanması və yoxlamanın hansı müddətdə aparılması göstərilir. Vəsiqənin etibarlılıq müddəti qurtardıqdan sonra yoxlayıcı onu qarnizon hərbi komendantlığına (hərbi hissə qərargahına) təhvil verir.

Qarovul təyin edilmiş bölük (batareya) komandirinə, həmçinin onun müavinlərinə və bölük (batareya) komandirinin bütün birbaşa rəislərinə qarovulları yoxlamağa icazə verən vəsiqə verilmir.

Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı və onun köməkçiləri dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport ərazisində yerləşən qarovulları yoxlamağa icazə verən vəsiqəsiz yoxlayırlar, onlar ancaq şəxsiyyət vəsiqələrini təqdim edirlər.

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının və Daxili Qoşunlarının qarovulları bu qoşunların vəzifəli şəxsləri tərəfindən yoxlanılır.

244. 242-ci maddədə göstərilən rəislərin sərəncamı ilə qarovulları yoxlamağa gəlmiş bütün şəxslər yoxlamanı qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin (qarovul ona tabedirsə hərbi hissə növbətçisi köməkçisinin) müşayiəti ilə aparırlar. Qarovullar (hərbi hissə) növbətçisi bu şəxslərin şəxsiyyət vəsiqəsini və yoxlamağa icazə verən birdəfəlik vəsiqəsini yoxlayır.

Öz hərbi hissəsinin zabitləri hərbi hissə növbətçisi və ya onun köməkçisi onları müşayiət etmədən qarovulu yoxlaya bilərlər.

245. Saatdarların xidmətini yoxlayan şəxsləri postlara bir-iki silahlı qarovul nəfəri ilə qarovul rəisi və ya onun köməkçisi müşayiət edir.

Saatdarların xidmətini yoxlayan şəxslər (saatdarların tabe olduqları şəxslər istisna olmaqla) onları məzəmmət etmirlər; bütün müəyyən olunmuş çatışmazlıqlar haqqında onları müşayiət edən şəxslərə göstəriş verirlər. Yoxlamanın nəticələrini və öz göstərişlərini yoxlayıcılar postlar cədvəlində yazırlar.

Saatdarların xidmətini yoxlama zamanı mühafizə olunan obyektə nəzarəti gücləndirməkdən ötrü qarovul rəisi (rəis köməkçisi) onu müşayiət edən qarovul nəfərini bu işə cəlb edir.

246. Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı almağa cəhd etmək vasitəsilə və bədbəxt hadisə törədə biləcək başqa üsullarla yoxlamaq qadağandır.

247. Saatdarların xidmətini yoxlamaq üçün, həmçinin qarovul rəisi və ya onun köməkçisi (dəyişdirici) posta çağırıldıqda o, doldurulmuş silahla və bir-iki silahlı qarovul nəfərinin müşayiəti ilə posta gəlməlidir.

248. Hərbi hissə qərargahı rəisi bir gün əvvəl dəyişilmiş qarovulun postlar tabelini baxmaq və qərar qəbul etmək üçün hərbi hissə komandirinə təqdim edir. Bundan sonra qarnizon qarovulunun postlar cədvəlində qeyd olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün görülməli tədbirlər göstərilməklə hərbi hissə qərargahı rəisi onu iki sutkadan gec olmayaraq qarnizon hərbi komendantına qaytarır.

Qarovulların postlar cədvəli hərbi komendantlıqda (hərbi hissə qərargahında) cari ildən sonrakı bir il ərzində saxlanılır.

 

1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə