Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsi “ Politologiya və siyasi idarəetmə”kafedrası




Yüklə 74.81 Kb.
tarix22.02.2016
ölçüsü74.81 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Siyasi idarəetmə fakültəsi

Politologiya və siyasi idarəetmə”kafedrası

Siyasi tarix fənni üzrə refarat”

Heydər Əliyevin 1969-1982-ci il hakimiyyət dövrü”

Qrup 123

I kurs


Tələbə:Qönçə Məmmədova

Müəllim:Seyfəddin Qəndilov

Rəna Bayramova
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Həmin illərdə O, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.1

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmiş, Sovetlər Birliyinin rəhbərlərindən biri olmuşdur. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.

Rasional düşüncə tərzinə malik olan Heydər Əliyev fəaliyyətində ədalətə və şəffaflığa xüsusi önəm verirdi. Təsadüfi deyil ki, birinci katib seçiləndən cəmi üç həftə sonra, 1969-cu ilin 5 avqustunda Mərkəzi Komitənin plenumunda nəinki Azərbaycan miqyasında, heç İttifaq məkanında görünməmiş tərzdə, aşkarlıq şəraitində mövcud olan problemləri göstərdi və onların həlli ilə bağlı ilkin proqramını elan etdi: "Respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri xeyli geri qalır. Bizim təxirəsalınmaz vəzifəmiz səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir.Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən
ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur... Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onların haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar".2

Azərbaycan xalqı Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi işlərin əhəmiyyətini yalnız iki ildən sonra - səhvlərin və yanılmaların, mənfi təcrübənin acı dərslərini görəndən və yaxınlaşan fəlakəti hiss edəndən sonra dərk etdi. Aydın oldu ki, Heydər Əliyev ilk növbədə milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından xilas edə bilmişdir. Hamının və hər şeyin elliklə inkar edildiyi hərc-mərclik dövründə Heydər Əliyevin adını belə xalqın tarix və yaddaşından silməyə can atanlar da qəlbinin dərinliyində gözəl başa düşürdülər ki, onun siyasi və dövlətçilik fəaliyyəti xalqın milli dövlətçilik barədə çoxəsrlik arzu və istəklərinin həyata keçməsi üçün əlverişli zəmin yaratmışdır. 1993-cü ildə ölkəyə yenidən başçılıq edən Heydər Əliyevi ilk növbədə bütövlükdə respublikaya vurulan ziyanın miqyası dəhşətə gətirdi. Çox şeyə boş yerdən başlamaq lazım gəldi. Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanda necə böyük quruculuq işlərinin həyata keçirildiyini sonralar öz çıxışlarında dəfələrlə xatırlayacaqdır. Artıq 80-ci ilin ortalarında Azərbaycan həm formal cəhətdən, həm də faktiki olaraq keçmiş SSRİ-nin ən dinamik inkişaf edən respublikalarından birinə çevrilmişdi.

Bu vəziyyət Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdəkindən kəskin surətdə fərqlənirdi. SSRİ-nin perspektivsiz əyalətlərindən biri kimi respublikamız barəsində formalaşmış fikrin nəticəsi idi ki, 1960-cı ilin sonlarına yaxın Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində geridə qalırdı. Sovet hökumətinin rəsmi dairələri səviyyəsində belə bir fikir vardı ki, məşhur neft yataqları öz keçmiş əhəmiyyətini itirmişdir və respublikanın neftə yönəldilmiş iqtisadiyyatı elə beləcə sürünməyə məhkumdur. Bunun, demək olar, alternativi yox idi. Vəziyyətdən çıxmaq üçün yeni yollar axtarmaq əvəzinə, respublikada mənfi meyllərin tədricən güclənərək, daha dərin kök atması ilə barışmışdılar, hakimiyyət uğrunda gizli mübarizə getdikcə daha eybəcər şəkil alırdı. Belə bir vəziyyətdə ilk növbədə respublika iqtisadiyyatının getdikcə güclənən tənəzzülünün qarşısını almaq, ictimai-siyasi həyatdakı mənfi halları aradan qaldırmaq lazım idi. Buna ən əvvəl respublikanın siyasi rəhbərliyindəki intriqalar, dövlət və əmək intizamının, tələbkarlığın olmaması, hakimiyyət orqanlarındakı qohumbazlıq və rüşvətxorluq mane
olur və bütün bunlar da cəmiyyətə son dərəcə mənfi təsir göstərir, cəzasızlıq və hərki-hərkilik şəraiti yaradırdı.

Xalqın etibarından və dəstəyindən məhrum olan, habelə başı daxili çəkişmələrə qarışan ölkə rəhbərliyi məqsədyönlü dövlət siyasətini həyata keçirə bilmirdi. Ona görə də milli dilin inkişafı və işlədilməsi, dövlət idarəçiliyi strukturlarının yerli əhali sırasından olan kadrlarla möhkəmləndirilməsi sahəsində ciddi tədbirlər görülmürdü. Üstəlik, ölkə rəhbərliyi saxta beynəlmiləlçilik adı altında həmin istiqamətdə bütün mümkün təşəbbüslərin qarşısını alırdı ki, bu da heç şübhəsiz milli şüurlu, milli kateqoriyalarla düşünən və milli mentalitetin daşıyıcısı sayılan kadrların irəli çəkilməsinə çox ciddi maneələr törədirdi.

İqtisadiyyatını bütövlükdə dərin və uzunsürən böhran bürümüş respublikanı bu ağır vəziyyətdən çıxarmağın yollarını axtarıb tapmaq, prinsipcə yeni konseptual səviyyədə yanaşma əsasında ölkənin inkişaf planlarını işləyib hazırlamaq, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparmaq, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni metodlar tətbiq etmək lazım idi. Heydər Əliyev başa düşürdü ki, millətin siyasi müstəqilliyinin əsasını onun iqtisadi azadlığı şərtləndirir.Həm iqtisadi, həm də mədəni tənəzzülə doğru aparan mənfi hallarla fəal mübarizə məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlandı. 1969-cu il Azərbaycanın ən yeni tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklərin vüsəti, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatların xarakteri və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifələrdir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisini və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi.3Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı.Tam inamla demək lazımdır ki,indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə - 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır.

Əlbəttə, milli dirçəliş ideyalarının, azərbaycançılıq ideologiyasının əməli surətdə həyata keçirilməsini yalnız təsərrüfat və sənaye sahələrində qazanılmış uğurlar fonunda, onların əsasında inkişaf etdirmək olardı.


Heydər Əliyevin strateji proqramında diqqəti çəkən cəhət məhz odur ki, burada mənəvi, bədii və estetik təkamül iqtisadiyyatda parlaq nailiyyətlərlə və insanların rifahının keyfiyyətcə yaxşılaşması ilə birləşərək, vahid məcrada reallaşdırılmışdır. Yeri gəlmişkən, Heydər Əliyev müstəqillik dövründə çıxışlarından birində "Dədə Qorqud" qazma qurğusunu nəzərdə tutaraq deyir: "... adını da "Dədə Qorqud" qoyduq, əvvəl "Şelf-2" adlanırdı. Amma biz ona Dədə Qorqud adı verdik, çünki bu, bizim babamızdır". Gördüyümüz kimi, prezident Heydər Əliyev hətta iqtisadiyyatla bağlı məsələlərdə də mənəviyyat problemlərini heç vaxt diqqətdən kənarda qoymur, çünki o öz ölkəsinin iqtisadi inkişafını hər zaman mənəvi mədəniyyət problemləri ilə sıx bağlılıqda, vahid axarda görür.

70-ci illərdən başlayaraq, Azərbaycan sürətli iqtisadi inkişafla və iqtisadi potensialın gücləndirilməsi ilə yanaşı, demək olar, daxilən, tədricən öz təkamülünün növbəti mərhələsi kimi tarixən şərtləndirilmiş suverenliyə və müstəqilliyə hazırlaşırdı. 80-ci illərin axırları - 90-cı illərin əvvəllərində ərazi bütövlüyü uğrunda xalq hərəkatının geniş vüsət alması Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə təmin edilmiş iqtisadi inkişaf, milli ruhun və milli özünüdərkin dirçəlməsi sayəsində mümkün olmuşdur. Bu Azərbaycanda milli özünüdərk prosesinin xüsusilə gücləndiyi həmin 70-ci illərdir. Bu həmin 70-ci illərin əvvəlləri idi ki, Heydər Əliyev Novruz bayramının keçirilməsi barədə ziyalılara cavab verərək demişdir: "Mənim tapşırığımla deyil,... qoy ürəkləri istədikləri şəkildə keçirsinlər". Hər bir azərbaycanlı ümummilli dəyərlər sisteminə məhz beləcə, özünün istədiyi kimi qoşulurdu. Bu, həmin 70-ci illərdir ki, onda Heydər Əliyev cəmiyyətin həyatındakı çoxsaylı dəyişiklikləri dahi Nizaminin bu ölməz sözlərini sitat gətirərək həyata keçirirdi: "Qoy ədalət zəfər çalsın!". Bu haqq-ədalətin daşıyıcısı, carçısı və bayraqdarı, ilk növbədə, onun özü - ölkədə danılmaz nüfuza malik olan ümummilli lider idi.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının bir çox respublikalarında aşkar şəkildə hiss olunduğu bir vaxtda, Heydər Əliyev Azərbaycanda yaradıcı adamlar üçün elə bir şərait yaratmışdı ki, bu, sərbəst düşünməyə və cəmiyyətdə, mədəniyyətdə, ədəbiyyatda gedən prosesləri necə başa düşdüyünü açıq ifadə etməyə, əslində isə milli-mənəvi idealların bərqərar edilməsinə doğru aparan yolları axtarmağa imkan verirdi.4Məhz o illərdə respublikada şəhərsalma və şəhərlərin, rayon mərkəzlərinin abadlaşdırılması sahəsində böyük işlər görülürdü. Bakıda bir sıra memarlıq ansamblları, inzibati mərkəzlər, saraylar, institutlar, nəşriyyatlar, tədris korpusları, komplekslər tikilib istifadəyə verilmişdir ki, bunlar da müasir
Azərbaycan memarlığının əsərləri xəzinəsinə daxil olmuşdur. Bir çox memarlıq abidələri məhz Heydər Əliyevin təşəbbüsü sayəsində bərpa edilmişdir.5 Onun sayəsində Bakının ən gözəl guşələrində xalqımızın milli ruhunun ifadəçiləri olan görkəmli xadimlərə əzəmətli abidələr ucaldılmış, məşhur tarixi şəxsiyyətlərin ev-muzeyləri yaradılmış və bunlar mədəniyyət mərkəzlərinə çevrilmişdir. Məhz o dövrdə Kirovabadda şəhərin təzə yaşayış massivlərindən birinə "Yeni Gəncə" adı verilmiş və bununla da dolayısı ilə bildirilmişdir ki, bu şəhərin tarixi və əsl adı Gəncədir.

Heydər Əliyev Azərbaycanı dirçəltməklə və yeni Azərbaycan yaratmaqla yanaşı, həm də onun gələcəyini düşünürdü. O, gənclərə çox böyük diqqət yetirirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi əvvəllər görünməmiş sürətlə gedirdi. Gənclər respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən ötrü son dərəcə gərəkli ixtisaslara yiyələnmək üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Bu işlərin sırasında gənclərdə elmi dünyagörüşünü, məntiqli düşüncə qabiliyyətini artırmaq məqsədi ilə, demək olar ki, bütün şəhərlərdə və rayon mərkəzlərində şahmat məktəblərinin inşa olunması və fəaliyyəti mühüm işlərdən biri hesab oluna bilər. Bununla bərabər, Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri ana dilində təhsil almaqdır. Bu prosesin inkişaf etdirilməsi məqsədi ilə 1969-1982-ci illərdə respublikanın şəhərlərində, kənd və qəsəbələrində yüzlərlə uşaq bağçası və məktəb tikilib istifadəyə verildi, ali məktəblərin şəbəkəsi genişləndirildi. 1980-ci illərin əvvəllərində respublikada ali məktəblərin sayı 12-dən 17-yə, bunlarda təhsil alan tələbələrin sayı isə 70 min nəfərdən 100 min nəfərə çatmışdı.6

Heydər Əliyev həmişə bu fikirdə olmuşdur ki, konkret işlər nəzəri mülahizələrdən qat-qat vacibdir. O deyirdi ki, müasir milli hərbçi kadrlar olmadan, sözün əsl mənasında, milli dirçəlişə ümid bəsləmək mümkün deyildir. 1969-cu ildə rəhbərliyə gəldiyi elə ilk aylardan o, milli hərbçi kadrlar hazırlanması sahəsində bir sıra addımlar atdı. Heydər Əliyev özünün yaratdığı hərbi liseyin 30 illik yubileyində iftixarla demişdir: "Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə də özümü çox xoşbəxt hesab edirəm". Heydər Əliyev ona görə xoşbəxtdir ki, onun öncədən gördükləri həyata keçdi: Azərbaycan müstəqillik əldə etdi, bu hərbçi kadrlar isə müstəqilliyin qorunması üçün çox gərəkli oldular.70-80-ci illərdə Bakıda ittifaq və beynəlxalq
əhəmiyyətli tədbirlər keçirilməsi ənənəyə çevrilmişdi. Bununla bərabər, SSRİ respublikalarında da, sosializm düşərgəsi ölkələrində, habelə bir sıra xarici dövlətlərdə də Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bunlar Azərbaycanın xarici ölkələrlə əlaqələr qurmasına imkan yaradır, özünəməxsus tariximizin, milli mədəniyyətimizin nailiyyətlərinin tanıdılmasını təmin edirdi. Paytaxtımız Bakı şəhəri isə sürətlə dünya şöhrətli elm və mədəniyyət mərkəzinə çevrilirdi. Bu, elə bir vaxt idi ki, fəal vətəndaşlıq nümunəsi sayılan və hətta Moskva və Leninqrad jurnallarında çap etdirmək mümkün olmayan "dissident" materialları Bakı mətbuatında işıq üzü görürdü. Heydər Əliyev bu yazıların müəlliflərini hər cür hücumlardan və qəsdlərdən qoruyurdu. Təsadüfi deyil ki, Azərbaycanda həmin dövrdə "sandıqda yatıb qalmış dissident ədəbiyyatı" yoxdur. Ədiblərin heç bir qadağa olmadan istər tarixi keçmişimizə, istərsə də bu günümüzə həsr etdikləri milli ruhlu əsərlər yarada bilməsi üçün əlverişli şəraitin təmin edilməsi heç də asan iş deyildi. Bunu həm gənc şair və yazıçılara xüsusi qayğı və diqqətin təzahürü kimi, həm də ilk növbədə Heydər Əliyevin fəlsəfi və siyasi amalının konkret işlərdə öz əksini tapması kimi qiymətləndirmək olar. Eyni sözləri mədəniyyət və incəsənətin digər sahələrində - kino, rəssamlıq, musiqi sahəsindəki milli ruhlu əsərlər barəsində də demək olar. Bu baxımdan kino sənətinin "İstintaq", "Bir cənub şəhərində", "Ulduzlar sönmür" kimi nümunələri səciyyəvidir.7

Görkəmli siyasi xadim Nəriman Nərimanovun bütün əzəməti ilə Azərbaycan xalqına və mədəniyyətinə qaytarılmasında Heydər Əliyevin müstəsna xidmətləri var. Nərimanov 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti devrildikdən sonra son dərəcə mürəkkəb bir dövrdə Azərbaycan dövlətçiliyini qoruyub saxlayan qeyri-adi siyasi şəxsiyyət kimi Heydər Əliyevi cəlb etmişdi. Əlamətdar haldır ki, taleyin hökmü ilə Heydər Əliyev də 1993-cü ildə dağılıb parçalanmaq təhlükəsi qarşısında qalmış Azərbaycanı xilas etmək missiyasını öz üzərinə götürməli olacaqdı. Xalqımızın böyük oğlu Nəriman Nərimanovun şanlı adını bərpa etmək üçün Heydər Əliyevin atdığı cəsarətli addım həqiqətən Azərbaycan dövlətinin mənafeləri naminə qazanılmış mühüm qələbə idi. Bu addımı atmaq heç də asan iş deyildi, belə ki, buna görə Heydər Əliyev öz siyasi karyerasını itirə bilərdi. Azərbaycanın düşmənlərinin iradəsi ilə Nəriman Nərimanov siyasi unutqanlığa məruz qalmışdı, davakar millətçi kimi qələmə verilirdi. 1972-ci ilin yazında Nərimanovun 100 illik yubileyi keçirildi, Bakıda isə ona əzəmətli abidə ucaldıldı. Heydər Əliyev abidənin təntənəli açılış mərasimində çıxış edərək demişdi: "Nəriman Nərimanov... öz zəkası və iradəsi ilə xalqına xidmət edirdi... Nəriman Nərimanov bu gün də


bizimlədir. Bu gün o, özünün nəhəng qaməti ilə burada - qocaman Xəzərin dalğaları üzərində ucalmaqdadır". Bir müddət sonra "Pravda" qəzetində Heydər Əliyevin N.Nərimanovun həyat və fəaliyyəti haqqında məqaləsi dərc edildi. O, bununla kifayətlənməyərək, Nərimanov haqqında çəkilən filmin ekranlara çıxarılmasına da nail oldu.8 Az sonra, 1977-ci ildə məhz onun səyləri ilə Ulyanovsk şəhərində Nərimanova abidə ucaldıldı, 1982-ci ildə isə Moskvada xatirə lövhəsinin açılışı oldu.

Sovet rəhbərliyinin bəzi dairələrində Azərbaycanın SSRİ-nin geridə qalmış ucqar əyaləti olması barədə yaranmış təsəvvürü Heydər Əliyev özünün yorulmaz təşkilatçılıq və siyasi fəaliyyəti ilə qısa müddətdə aradan qaldıra bildi. O, hətta Sovet Azərbaycanının 50 illik yubileyinə həsr edilmiş tədbirləri də elə səviyyədə keçirdi ki, onlar milli mədəniyyətimizin və tariximizin parlaq bayramına çevrildi. Bir çox yazıçılara, mədəniyyət və incəsənət xadimlərinə Dövlət mükafatları verildi. Həmin il keçirilmiş böyük rəssamlıq sərgisi isə mədəniyyətimizin nailiyyətlərinin görünməmiş nümayişinə çevrildi.Heydər Əliyevi narahat edən bir məsələ də bütün sənaye potensialının, elm və mədəniyyət müəssisələrinin, təhsil ocaqlarının Bakıda cəmlənməsi, rayonların isə inkişaf prosesindən bir növ kənarda qalması idi. Bu mənfi meylləri aradan qaldırmaq lazım idi, bununla bağlı problemlər Gəncədə, Naxçıvanda, digər şəhər və rayonlarda ictimaiyyətlə görüşlərdə müzakirə olunurdu. Xatırladaq ki, bu sahədə vəziyyət tezliklə kökündən dəyişdi.Azərbaycanın inkişafı yolunda Heydər Əliyevi xüsusi qayğılandıran digər məsələ milli ədəbiyyatın, dramaturgiyanın və incəsənətin dünyada tanıdılması idi. Bu məqsədlə 1972-ci ildə 50 illiyi təntənə ilə qeyd olunmuş S.Vurğun adına Rus Dram Teatrından səmərəli şəkildə istifadə edilirdi.9

Əgər fikrən o illərə qayıtmağa çalışsaq, əhəmiyyəti və mənası bütün dolğunluğu ilə yalnız indi dərk edilən nailiyyətlərin heyrətamiz mənzərəsi gözlərimiz qarşısında canlanar. Bu salnamənin yalnız bəzi hadisələrini yada salaq. 1972-ci ilin aprelində Heydər Əliyev görkəmli humanist şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə hazırlıqla bağlı qərar qəbul edilməsinə nail olur, bir il sonra isə müttəfiq respublikaların çoxsaylı nümayəndələrinin iştirakı ilə klassikimizin şanlı yubileyi Bakıda və Moskvada qeyd edilir.

1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yarıməsrlik yubileyi keçirilir. Həm dahi Üzeyir bəyin adını daşıyan Konservatoriya, həm də professor və müəllimlər təltif olunurlar. Bir sözlə, yubiley bütün mədəniyyətimizin bayramına çevrilir. Üç il sonra Üzeyir Hacıbəyovun 90


illik yubileyi Bakıda və Moskvada böyük təntənə ilə qeyd olunur. Elə həmin il "Koroğlu" operası yeni quruluşda tamaşaya qoyulur.10 İctimaiyyətin diqqəti Üzeyir bəyin irsinə, bəstəkarın bənzərsiz musiqi yaradıcılığına, ədəbi fəaliyyətinə bir daha cəlb edilir. Hacıbəyovun publisistikası araşdırılarkən, XX əsrin əvvəllərində onu düşündürən milli oyanış problemləri - Heydər Əliyevin fəlsəfi konsepsiyasının həyata keçirilməsinə bu və ya digər formada təkan verən problemlər xüsusilə vurğulanırdı.Milli özgürlüyün atributu olan xalçaçılıq tarixən mədəniyyətimizdə son dərəcə mühüm yer tutmuşdur. Lakin o dövrdə xalq sənətinin bu növünə ögey münasibət bəslənildiyindən, Azərbaycanda bir dənə də xalça muzeyi yox idi. Bu hal Heydər Əliyevin vəzifə səlahiyyətləri çərçivəsindən kənarda olsa da, onu çox narahat edirdi. Bu narahatlığa tezliklə son qoyuldu, 1972-ci il aprelin 25-də Bakıda təntənəli şəraitdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi açıldı.Bundan bir ay sonra Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Bu, həmin dövrdə görünməmiş bir hadisə idi. Vətəni Göyçə mahalı sovet dövründə Ermənistan SSR-in tərkibinə daxil edilən Aşıq Ələsgərin belə bir yubileyinin keçirilməsindən məqsəd böyük el sənətkarını Azərbaycan xalqına qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi.

1974-cü il. Azərbaycan teatrının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyev yubiley mərasimində çıxış edərək, Şərqdə ilk professional teatrın inkişaf yollarından, ictimai fikrin formalaşmasına onun göstərdiyi təsirdən danışır. Azərbaycan teatrının görkəmli nümayəndələrinə yüksək dövlət mükafatları verilir. Tanınmış səhnə ustaları Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına layiq görülürlər. Moskvada Azərbaycan Akademik Dövlət Dram Teatrının yubiley qastrolları böyük uğurla keçir.

Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə həmin il respublikanın bir qrup dilçi alimi də Dövlət mükafatına layiq görülür. Həmin dövrdə respublikamızda ilk dəfə olaraq müstəqil Dilçilik İnstitutu yaradılır ki, bu da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verir. Millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin fəal təbliğ olunduğu o illərdə Heydər Əliyev respublikada tam qoşadillilik mühitinin bərqərar edilməsinə

çalışırdı. 11Sonrakı illərdə - 80-90-cı illərdə respublikanın rəhbərinin istər rəsmi, istərsə də qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməməsi əslində ana dilimizin nüfuzunu təsdiqləyirdi.1975-ci il. Bakıda xalqımızın görkəmli şairi Səməd Vurğunun ev-muzeyi açılır. Dekabrda isə Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə yaradılmış ümumittifaq yubiley komissiyasının Moskvada birinci iclası keçirilir. 1976-cı ildə Moskvanın Böyük Teatrında Səməd Vurğunun yubileyi qeyd edilir. Elə həmin il İttifaqlar Evinin Sütunlu salonunda Müslüm Maqomayevin 90 illik yubileyi keçirilir. Dekabrın 12-də isə Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 850 illiyi münasibətilə, onun yaratdığı Mömünə xatın türbəsinin qarşısında bu dahi sənətkarın abidəsinin təməli qoyulur.

1977-ci il iyunun 20-də Azərbaycanda görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 80 illik yubileyi qeyd edilir. Həmin ilin oktyabrında Yaponiyada Azərbaycanın tarixi, elmi, milli-mədəni ənənələrinə həsr olunmuş sərgi açılır, İtaliyanın Neapol şəhərində isə Azərbaycan mədəniyyəti günləri keçirilir.

1978-ci il. Fevralın 3-də Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirilir. Elə həmin gün böyük bəstəkara Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fevralın 15-də isə Moskva Konservatoriyasının Böyük salonunda ustadın yubileyi qeyd olunur.

Həmin ilin ən böyük hadisəsi isə, çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət dili statusu verilməsi oldu. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdı.12

1978-ci ilin sentyabr və oktyabr aylarında Ukraynada və Böyük Britaniyada mədəniyyət və incəsənət xadimlərimizin böyük bir qrupunun iştirakı ilə Azərbaycan mədəniyyəti günləri keçirilir.

1979-cu ilin yanvarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri və təbliği ilə bağlı xüsusi qərar qəbul edilir və geniş tədbirlər planı təsdiq olunur. Rəşid Behbudov başda olmaqla Azərbaycan incəsənət ustalarının İsveçdə konsertləri böyük uğurla keçir.
1980-ci ilin fevralında isə böyük Azərbaycan şairi Nəsiminin abidəsinin təntənəli açılışı olur. İndi Nəsimini nəinki təkcə Azərbaycanda tanıyırlar, artıq o, bütün dünyaya tanıdılır və o, məşhurlaşdıqca, bütün planetdə yaşayan insanlar Azərbaycanı da tanıyacaqlar.

1980-ci ilin noyabrında bir qrup Azərbaycan alimi və mədəniyyət xadimi SSRİ Dövlət mükafatına layiq görülür. Dekabrın sonlarında Azərbaycanın xalq artisti Qurban Pirimovun anadan olmasının 100 illiyi münasibətilə təntənəli yığıncaq keçirilir. Bir neçə ay sonra - 1981-ci ilin martında görkəmli aktyor və rejissor Hüseynqulu Sarabskinin anadan olmasının 100 illiyi qeyd olunur. Həmin il iyunun 11-də Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsi, iyulun 21-də isə Hüseyn Cavidin 100 illiyi barədə qərarlar qəbul edilir. Avqustda isə Bakının mərkəzindəki ən gözəl binalardan biri milli-mənəvi sərvətlərimizin qorunub saxlanıldığı Respublika Əlyazmalar Fonduna verilir.

Elə onda, avqustda dahi Nizami Gəncəvinin 840 illik yubileyinin, görkəmli astronom və filosof Nəsirəddin Tusinin anadan olmasının 780 illiyinin və Aşıq Alının 180 illiyinin bayram edilməsi haqqında qərarlar imzalanır.

Bir neçə ay sonra tanınmış yazıçı Mirzə İbrahimovun 70 illiyi münasibətilə təntənəli yığıncaq olur. Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Nizami Gəncəvinin yubiley gecəsi keçirilir. Noyabrda N.Tusinin 780 illiyinin, dekabrda isə görkəmli maarifçi və ədib Abdulla Şaiqin 100 illiyinin qeyd edilməsi respublikanın o vaxtkı mədəni həyatında yaddaqalan hadisələr olur.13

O illərdə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən misilsiz xidmətlərindən biri Sibir düşərgələrində həlak olan filosof şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının 1982-ci ildə Bakıya gətirilməsi və Naxçıvanda doğma torpağa tapşırılması olmuşdur.14 Sonralar onun məzarı üzərində məqbərə ucaldılmışdır. Bu addım təkcə xalqımızın mədəniyyət salnaməsinə düşmüş bir hadisə deyil, həm də sovet gerçəkliyində görünməmiş və mümkün ola bilməyən hadisələrdəndir. Təsadüfi deyil ki, xarici müəlliflərin bir çoxunun geniş mənbələrə əsaslanan kitablarında bu fakt son dərəcə müfəssəl şərh olunur, o cümlədən Azərbaycanın müstəqilliyə can atmasının məhz başlanğıcı kimi vurğulanır.

Görülən bütün bu işlər Azərbaycan xalqına öz ədəbiyyatı və mədəniyyətinin klassiklərini, böyük tarixi şəxsiyyətlərini daha yaxşı tanımağa, mədəni sərvətlərini və dəyərlərini qoruyub saxlamağa imkan vermişdir. XX yüzilliyin 1969-1982-ci illərində Azərbaycan müəyyən


mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsi və idarəçilikdə geniş işlədilməsi, demək olar, bütün böyük klassiklərin yubileylərinin ümumittifaq miqyasında keçirilməsi, Nəsimiyə, Cabbarlıya, Nərimanova abidələr ucaldılması, Azərbaycan mədəniyyətinin Sovet İttifaqında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri və s. - bütün bunlar Heydər Əliyevin siyasətinin əməli nəticələridir. Böyük Vətəndaş bu fəaliyyəti son dərəcə yüksək siyasi məharət və peşəkarlıq səviyyəsində həyata keçirirdi.

1982-ci ilin dekabrı. Mübaliğəsiz demək olar ki, bütün xalq öz şanlı oğlunu SSRİ paytaxtına iftixar və qürur hissi ilə yola salırdı. Beş il ərzində o, Azərbaycanda gedən ictimai-siyasi və mədəni prosesləri uzaq Moskvadan müşahidə etməli olacaqdır. Buna baxmayaraq, heç olmasa ildə bir dəfə Vətənə gələrək, insanlarla görüşəcək, respublika haqqında daha səhih məlumat almağa çalışacaqdır. 1982-ci ildən etibarən o, dünyanın ən nəhəng dövlətinin aparıcı rəhbərlərindən biri olur. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi onun rəhbərlik etdiyi sahələr son dərəcə genişmiqyaslı və çoxşaxəli idi - elm, təhsil, mədəniyyətdən tutmuş nəqliyyata, hətta o dövrün ən iri layihələrindən biri hesab olunan BAM-ın tikintisinə qədər. Heydər Əliyevin qarşısında öz geniş erudisiyasını, böyük idarəçilik və təşkilatçılıq qabiliyyətini tətbiq etmək üçün hədsiz imkanlar açılır. Yüksək tələbkarlığı, tükənməz enerjisi ilə fərqlənən Heydər Əliyev bu imkanlardan mahir rəhbər kimi istifadə edərək, nə kimi potensiala malik olduğunu qısa müddətdə əyani şəkildə nümayiş etdirdi.

Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin şah əsərləridir. Ulu öndərimiz qeyd edirdi: "Yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körrü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torrağımdır". Bu müqəddəs amala bütün həyatı boyu sadiq qalan Heydər Əliyev elə böyük vətənpərvər, müdrik dövlət xadimi idi ki, xalqının və dövlətinin müqəddəratını yalnız öz fəaliyyəti dövrü üçün düşünmürdü. Bütün parametrlərə görə haqlı olaraq dünyanın ən böyük Azərbaycanlısı adını daşımağa layiq olan Heydər Əliyev Azərbaycanın nailiyyətlərinin, zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının bəhrələrinin gələcək nəsillər üçün də daha əlamətdar olması naminə fədakarlıqla çalışmışdır. Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən
görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son üç ildə milli intibahının şərəfli mərhələsini yaşayır. Bu gün xalqımız Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, Prezident İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı sabahlara əzmlə aparır.

İstifadə olunmuş ədəbiyyat:

“Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 (260 səh.)

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”Bəkir Nəbiyev 1998 (178 səh.)



“Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” Bəkir Nəbiyev 1998 (196 səh.)


1 “Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh 1

2 “Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.182

3 “Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.147

4 “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”Bəkir Nəbiyev 1998 səh.129

5 “Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.154

6 “Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.166

7 Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.191

8 “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”Bəkir Nəbiyev 1998 səh 133

9 Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.194

10 “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”Bəkir Nəbiyev 1998 səh.134

11 “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” Bəkir Nəbiyev 1998 səh.58

12 “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” Bəkir Nəbiyev 1998 səh.60

13 “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”Bəkir Nəbiyev 1998 səh.153

14 Heydər Əliyev və Azərbaycan elmi”Fərəməz Maqsudov 1998 səh.186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə