Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Fakültə




Yüklə 105.47 Kb.
tarix11.03.2016
ölçüsü105.47 Kb.


Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Fakültə: Siyasi idarəetmə

İxtisas: Beynəlxalq münasibətlər

Qrup: 129

Tələbə: Şəbnəm Rüstəmli

Elmi rəhbər: Dos. Dr. Rəcəb Rəhimli

Dövlət idarəçiliyində etika

fənni üzrə



FƏRDİ İŞ

Bakı

2012

Beynəlxalq münasibətlər sistemində etik qaydaların tətbiqi

Beynəlxalq münasibətlərin aktorlarının lüğətində etik leksikonun mövcud olması – təcrübi olaraq aşkar və hamıya məlum bir faktdır: bu və ya digər bir dövlətin başqa bir dövlətin ərazisinə silahlı müdaxiləsi, demək olar ki, həmişə ədalətli qüvvələr balansının bərpası yolu ilə öz təhlükəsizliyinin təmin edilməsi zərurəti, yaxud etnik yaxınlığı olan milli azlıqların hüquqlarının müdafiəsi, və ya hamı üçün əhəmiyyətli olan dəyərlərin qorunması və yaxud da tarixi, dini və başqa bu kimi mülahizələrlə əsaslandırılır. Başqa sözlə desək, heç bir dövlət öz xalqının, o cümlədən beynəlxalq ictimai rəyin qarşısında təcavüzkar olaraq tanınmaq istəmir, onların hər biri öz beynalxalq arenadakı davranışlarına mənəvi bəraət axtarır.

Öz davranışlarını əsaslandırarkən bəzən beynəlxalq münasibətlərin digər aktorları da əxlaqi motivlərə əl atırlar: məsələn, transmilli korporasiyalar deyirlər ki, onlar zəif inkişaf etmiş ölkələrin iqtisadi və mədəni inkişafına yardım edirlər; beynəlxalq terrorist təşkilatları öz davranışlarına özlərinin formalaşdırdıqları və üstün hesab etdikləri normaların (hətta bu normalar ümumi qəbul olunmuş normalarla üst-üstə düşməsələr belə) pozulmasına qarşı mübarizə aparmaq zərurəti ilə açıqlama gətirirlər; islamçı fundamentalistlər isə dünyada “ümmət”in sosial, siyasi, hərbi və dini münasibətlərində bütün insanların tək və vahid legitim birliyinin mövcud olduğunu və bu birliyin heç bir coğrafi sərhədlə məhdudlaşdırılmadığını və yalnız davamlı ekspansiyalarla mövcud ola biləcəyini əsas gətirirlər (1).

Beynəlxalq münasibətlərin fərdi aktorlarının etik təsəvvürləri də az müxtəlif deyil.

Beləliklə, beynəlxalq arenada əxlaqi standartların mövcudluğunu və qarşılıqlı fəaliyyətlərində onlara riayət etmə zəruriyyətini, sözdə də olsa, qəbul edən beynəlxalq münasibətlərin müxtəlif aktorları bu normaları müxtəlif şəkildə dərk edirlər. Odur ki, beynəlxalq əxlaqın anlaşılması üçün əsas məsəslə o deyil ki, beynəlxalq aktorlar hansı normalara de facto riayət edir, məsələ bundadır ki, elə bir müəyyən mənəvi dəyərlər varmı ki, onlar öz davranışlarında ona əsaslanırlar və yaxud da o, bu davranışlara təsir göstərir?
Beynəlxalq etikanın müxtəlif şərhləri

Müxtəlif mədəniyyət və ideologiyalarda mövcud olan müxtəlif dəyər sistemləri arasındaki konflikt (uyğunsuzluq) və siyasi etikanın nəzəri konsepsiyaları arasındaki konflikt şəklində özünü büruzə verən siyasi əxlaq problemi özü-özlüyündə çətin bir məsələdir.

Həqiqətən də, P. de Senarklenin vurğuladığı kimi, “bu və ya digər siyasi sistemin strukturunun anlaşılması onda təsbit olunmuş prinsiplər nəzərə alınmadan mümkün olmadığı kimi, həmin prinsiplərin izahı da onların hüquqi və ideoloji əsaslarının təhlili olmadan mümkün deyildir” (2). Mədəniyyətin bu sosioloji aspektində mədəni kodların müəyyənləşdirilməsi yolu ilə siyasi sistemin dəqiq, konkret təhlilinə diqqət yetirilir.

Müxtəlif mədəni kodlar üçün ümumi olan əsas məsələ siyasi fəaliyyətin legitimliyi və bununla əlaqədar olaraq, gücün səlahiyyətdən ayırd edilməsi zərurətidir. Həmçinin, siyasi tənqidin doğruluğunun tanınması və onun ideoloji xarakterinin dəyərləndirilməsi də ümumi məsələlərdəndir. Digər tərəfdən, məsələn, biz əgər dünyəvi dinlərin təhlilinə nəzər yetirsək, burda onların mədəni kodlarının ümumi xüsusiyyətlərinin sona yetdiyinin şahidi oluruq. 

Belə ki, Konfutsi təliminə görə, Yer üzərində əxlaq, güc və hakimiyyət Göyün “mandat”ına sahib olan İmperatorun əlində cəmləşmişdir, lakin o, bunlardan sadəcə müstəsna hallarda (siyasi çevriliş, ictimai harmoniyanın pozulması təhlükəsi zamanı və s. kimi hallarda) istifadə edə bilər. Buddist-Hindu mədəni kodu isə, konfutsionizmdən fərqli olaraq, sadəcə İlahi əmrlərə müvafiq gələn ədalətli sosial nizama əsaslanan güclü bir dini elitanın yaranmasına istiqamətlənir. Beləliklə, siyasi fəaliyyət dəyərdən düşür, arxa plana keçir, monarxın fəaliyyəti isə dünyəviləşdirilir: o, dünya nizamının mühafizəsi funksiyası ilə məhdudlaşdırılır və yalnız bu mənada dini elita tərəfindən tanınır və legitimləşir. Bu şəraitdə siyasi müzakirələr, siyasi münaqişələr, o cümlədən siyasi iştirak məhdudlaşır.

Monoteist dinlərə isə tamamilə fərqli mədəni kod məxsusdur. Belə ki, burda xilas yolu, aralarında daimi gərginlik olan Yer və Səma dünyalarının birləşməsində görülür ki, bu da Yerin nizamını ilahi qanunlara uyğun olaraq qurmaq üçün insandan davamlı səy tələb edir. Belə yanaşma siyasi fəaliyyətə elə dəyər verir ki, hansı ki, o, Buddist modelində mövcud deyil. Bununla yanaşı, verilmiş mənada siyasi fəaliyyətə müqəddəs yanaşılaraq legitimlik çərçivəsinə yerləşdirilir və odur ki, burda legitimlik konfutsionist modeldə olduğundan daha çox əhəmiyyət daşıyır (1, səh. 93-95).

Lakin Yer və digər dünya arasında mövcud olan bu ziddiyyət və bununla əlaqədar olaraq meydana çıxan qurtuluş problemi həm xristianlıq, həm də İslam dini üçün xarakterikdir və onların hər birində tamamilə müxtəlif yollarla həll edilir. Məsələn, xristianlıqa institusional differensasiya ideyası xasdır: Tanrının Yer üzərində nümayəndəsi hesab olunan hökmdar ilahi qanunlara uyğun şəkildə, lakin dünyəvi metodlarla fəaliyyət göstərməlidir. Belə ki, siyasi elita və institutlar dini qurumlarla üst-üstə düşmür, bunun nəticəsində də 2 növ məsuliyyət meydana gəlir: hökmdarın Tanrı və kilsənin yurisdiksiyası qarşısında daşıdığı məsuliyyət və dünyəvi işlərin idarə edilməsində daşıdığı məsuliyyyət, yəni öz xalqı qarşısındaki məsuliyyəti. Siyasi sfera dindən nə qədər ayrı olsa, o qədər də siyasi elitaların rəqabətinə açıqdır. İslam mədəni modelində isə, xristianlıqdan fərqli olaraq, Allah öz səlahiyyətlərini heç kəsə həvalə etmir və siyasi məkan sadəcə ilahi qanunların tətbiq edildiyi bir məkan hesab edilir. Bu halda Yer və digər dünya arasında mövcud olan konfliktin həlli siyasi və dini sferaların birləşməsini, dedifferensasiyasını tələb edir. Beləliklə, İslam çərçivəsində istənilən qanuni iyerarxik hakimiyyət yaratmaq cəhdi öz anlamını itirir: hakimiyyət yalnız ilahi qanunlara uyğun gələrsə, legitimdir, hər hansı bir nümayəndəliyə və ya vasitəçiliyə yol verilmir.

Bundan əlavə, əxlaqi vəzifə anlayışında əhəmiyyətli fərqlər xristian ənənəsində də müşahidə olunur. Belə ki, tomistik yanaşmaya görə, mənəvi şüuru olan bütün insanlar üçün ümumi olan “təbii hüquq”un mövcudluğu bütün insanların ədalətə olan ictimai tələbatından irəli gəlir. Bu halda əxlaq kənardan təyin olunmuş və gündəlik həyatda yerinə yetirilməli olan müəyyən kodeks, qaydalar toplusu kimi çıxış edir. Bu model katolisizmə olduğu kimi, pravoslav məzhəbi üçün də xarakterikdir. Avqustian yanaşması isə, əksinə, yaxınlara duyulan sevgi və günahın mövcudluğu arasında olan təzadlar haqqında İncilin vəhylərinə əsaslanır.

Mənəvi prinsiplər arasındaki uyğunsuzluğu müxtəlif ideologiyalar çərçivəsində də qeyd etmək olar, hansı ki, o, burda iqtisadi mübarizələr və maraqlar toqquşması üzərində bir növ ideoloji üststruktur kimi çıxış edir. Demək olar ki, həmişə ictimai rifah, ədalət, milli qurtuluş və s. naminə həyata keçirilən siyasi fəaliyyətlər (məsələn, müharibələr, repressiyalar, işgəncələr və ya terrorizm) üçün mənəvi bəraət kimi istifadə edilən prinsiplər fərdi əxlaq prinsipləri ilə ziddiyət təşkil edir.

Və nəhayət, göstərilən uyğunsuzluq nəzəri məktəblər arasındaki konfliktlərdə də meydana çıxır,hansı ki, M. Veberin sosial əxlaq dilemmasında bu cür ümumiləşdirilir: “... yüksək etika yönümlü fəaliyyət əsaslı surətdə fərqli iki anlayışa gətirib çıxarır: o, ya “etik inanclar”a, və yaxud da “məsuliyyət etikası”na istiqamətlənir” (3). Birinci yanaşmanın tərəfadarları mütləq əxlaqın əbədi və dəyişməz standartlarından çıxış edir. Onlar öz davranışlarının doğuracağı nəticələri düşünmür , əgər nəticələr pis olarsa, özlərindən başqa hər kəsi – axmaq insanları, qüsurlu dünyanı, Allahın iradəsini – günahlandırırlar, çünki onlar həmişə ümumi dəyərlərə əsaslanan saf niyyət və nəcib motivlərə uyğun davranırlar (3, səh. 704).

Əksinə, məsuliyyət etikasının tərəfdarları isə məhz öz davranışlarının nəticələrini hesaba alaraq düşünürlər ki, onların dünyanın mükəmməlliyinə bel bağlamağa haqqı yoxdur və insanların nöqsanlarını nəzərə almağa məcburdurlar. Onlar nəzərə alırlar ki, “siyasət spesifik vasitələrin – zorakılığa əsaslanan gücün – köməyi ilə fəaliyyət göstərir” (3, səh. 694), baxmayaraq ki, inanc etikasının tərəfdarları ümumiyyətlə gücün mövcud olma haqqını inkar edirlər.

Əxlaq və siyasət münasibətlərini təhlil edərkən M. Veber məqsədlər və vasitələr arasındaki gərginliyi daima nəzərə almağa xüsusi diqqət yetirir. O vurğulayır ki, “dünyada mövcud olan heç bir etika bu faktı istisna etmir ki, “yaxşı” məqsədlərə nail olmaq əksər hallarda əxlaqi cəhətdən şübhə doğuran və ya təhlükəli vasitələrdən istifadə etmək zəruriyyətindən və mənfi təsirlərə yol açmaq ehtimalından asılıdır. Və heç bir etika deyə bilməz ki, nə vaxt və hansı səviyyədə etika yönümlü məqsəd etik cəhətdən təhlükəli vasitələri və kənar nəticələri “təqdis” edir” (3, səh. 697).

Beynəlxalq münasibətlərdə əxlaq isə daha da mürəkkəb problemdir. Burada əlavə və daha çətin bir dilemma ortaya çıxır: beynəlxalq aktor özünün aid olduğu cəmiyyətin (dövlətin, beynəlxalq hökumətlərarası təşkilatın, qeyri-hökumət təşkilatının, biznes və ya sosial qrupun) ictimai maraqlarınımı müdafiə etməlidir, yoxsa bu maraqları qarşısında mənəvi öhdəlik daşıdığı daha geniş cəmiyyətlərin (etnik, regional, ümumdemokratik, qlobal) mənafeyi naminə qurbanmı verməlidir? Doğrudan da, fərdlərin və sosial qrupların stabil və firavan cəmiyyətdə əxlaqlı və maariflənmiş davranışlarına ehtimal verərək, bu cəmiyyətin ortaq maraqlarını müdafiə etmək üçün nəzərdə tutulmuş dövlət adamının yalana, xəyanətə, zorakılığa və pisliyə əl atmadan öz vəzifəsini yerinə yetirə bilməyəcəyində təkid edən N. Makiavellinin arqumentini necə təkzib etmək olar?

Məsələ burasındadır ki, beynəlxalq (xüsusilə, dövlətlərarası) sferada mənəvi seçim etmək imkanı məhdud görünür, ona görə ki: birincisi, uzunmüddətli dövlət eqoizminin mövcud olması; ikincisi, mənəvi toqquşmaların, demək olar ki, qeyri-məhdud sferası (dövlətdaxili münasibətlərdə bu imkanlar dövlətin zorakılıq üzərində hüquqi monopoliyası ilə məhdudlaşdırılır); və nəhayət, üçüncüsü, dövlətlərin təhlükəsizlik məsələlərini önə çıxaran və eyni zamanda, hüquq və ədaləti arxa plana salan silahlı zorakılıq və müharibə ehtimalının daim mövcud olması (4).



Tanınmış amerikalı tədqiqatçı Stenli Xoffmann vurğulayır ki, beynəlxalq münasibətlərin dramı ondadır ki, dövlət adamının mənəvi vəzifəsi adlanan Makiavelli anlayışını əvəz edəcək ümumi qəbul olunmuş bir anlayış bugün də mövcud deyil. Bundan əlavə, Makiavelli əxlaqı xüsusi cəzbedici bir qüvvəyə də malikdir. O, özünü qətiyyən “cəngəllik qanunu” kimi büruzə vermir və xristian və ya demokratik əxlaqın tam əksini də təşkil etmir (4, səh. 33). Digər bir amerikalı alim Arnold Uolfers qeyd edir ki, “etika son dərəcə mükəmməllik iddiasında deyil, əxlaq isə insanlardan mütləq etik qaydaları izləməyi tələb etmir, şərtlər daxilində ən yaxşısını və mümkün qədər az dəyərləri qurban verməyə şərait yaradanı seçməyi tələb edir” (5).

ABŞ prezidenti Vudro Vilsonun 1916-cı ildə “ümumi maraqlar naminə qarşılıqlı razılıq yolu ilə istənilən eqoist təcavüzkarlıq aktı üzərində hüququn aliliyini” təsbit edən sülh planı “bəşəriyyətin vicdanı və mənəviyyatı nəyi tələb edirsə, onu aydın şəkildə dərk etməyə” (6) əsaslanırdı. O, beynəlxalq hüququn müdafiəsi üçün güc tətbiqinin aradan qaldırılması zərurətini vurğulayaraq hesab edirdi ki, bunun üçün beynəlxalq ictimai rəy və Millətlər Cəmiyyətinin hökmü tamamilə kifayət edir. Otuzuncu illərdə Almaniyada hakimiyyətə gəlmiş nasist rəhbərliyinin təcavüzkar siyasəti və onun remilitarizasiyası Avropa demokratik dövlətləri və Millətlər Cəmiyyəti tərəfindən şifahi etirazlardan savayı hər hansı bir praktik reaksiyaya səbəb olmadı. Və Hitler Sudet almanlarına kömək etmək bəhanəsi ilə Çexoslovakiyanın bir hissəsinin ilhaqını tələb etdiyi zaman, 1938-ci ilin sentyabrında Münhendə keçirilən konfransda Çemberlen və Daladye Sudetin Almaniyaya birləşdirilməsinin dünyanı total müharibədən xilas edəcəyini düşünərək, ona güzəştə getdilər. Lakin faktiki olaraq, nəticə tamamilə əksi oldu: Münhen konfransı Hitleri sonrakı təcavüzkarlığını genişləndirməyə təşviq edərək, İkinci Dünya müharibəsinin başlanğıcını qoydu (7).

Beləliklə, siyasi idealizm nəzəriyyədə olduğu kimi, təcrübədə də nüfuzdan düşdü və öz yerini siyasi realizmə verdi. Artıq qeyd olunduğu kimi, siyasi realizm beynəlxalq əxlaq ilə tamamilə ziddiyyət təşkil etmir. Hans Morgentau tərəfindən formalaşdırılmış siyasi realizmin altı prinsipindən üçü birbaşa əxlaq və dövlətin xarici siyasəti arasındaki qarşılıqlı fəaliyyətlə əlaqədardır (8). Universal əxlaq normaları və dövlət dəyərləri arasında uzlaşmaz təzadların mövcudluğunu vurğulayan H. Morgentau əxlaq prinsiplərini konkret məkan və zaman şəraitində nəzərə almağı təkid edir. Dövlət xadimi “Fiat justitia, pereat mundus” (“Qoy dünya məhv olsun, təki ədalət yaşasın”) deməməli və yaxud da bu prinsipə uyğun olaraq hərəkət etməməlidir. Əks halda, o, ya ağılsız ya da cinayətkar olar. Ona görə də, siyasətdə ən yüksək əxlaqi fəzilət – ehtiyatlılıq və mülayimlik hesab olunur. Universal əxlaqi normalara əsaslanaraq milli-dövlətlərin əxlaqi dəyərlərini mühakimə etmək düzgün deyil. Milli maraq anlayışını anlamaq vacibdir. Əgər biz onları düzgün dərk etsək, başqa dövlətlərin milli maraqlarına hörmət edərək öz milli maraqlarımızı da müdafiə edə bilərik. Burada əsas olan - əxlaqi vəzifələrlə səmərəli siyasi fəaliyyət arasında labüd ziddiyyətlərin mövcud olduğunu xatırlamaqdır.

H. Morgentaunun milli maraq konsepsiyası ilə razılaşmayan R. Aron da əsas etibarilə bənzər bir düşüncə ilə həmfikirdir. Prakseologiyaya – siyasi fəaliyyət və siyasi qərarlar haqqında elmə - əsaslanaraq, Aron universal dəyərlərin siyasi arenada roluna daim şübhəli yanaşır. Yekun olaraq, o, təkid edir ki, bu və ya digər bir siyasi qərarın əxlaqa uyğunluğu ilə bağlı mütləq müəyyənliyin olmadığı təqdirdə, həmin qərarın nəticələrinə əsaslanmaq lazımdır.

Siyasi realizmin əsasında Veberin siyasi əxlaq anlayışı durur. Belə ki, Maks Veberə görə, siyasi əxlaqa xas olan mənfi vasitələrə əl atmaq zərurəti beynəlxalq münasibətlər sahəsində öz məntiqi nəticəsini tapır. Nəzərə alsaq ki, dövlət adamlarının ali dəyərləri həmin dövlətin gücü hesab olunur ki, bu da nəinki mənəvi seçim anlayışını dövlətin xarici siyasi məqsədlərini bəhanə gətirərək aradan qaldırır, həmçinin faktiki olaraq, bu seçimləri vasitələr sahəsində kifayət qədər məhdudlaşdırır. Veber siyasətin həlledici vasitəsi olaraq zorakılığı əsas götürür. Bu yanaşma beynəlxalq münasibətlər sisteminə, güc vasitələrinin tətbiqinə yol verən barışmaz əxlaqi ziddiyyətlər sahəsi kimi baxan Hobbs ənənəsi üçün də qaçılmazdır.

Əvvəla, dövlətlərarası münasibətlər sahəsində universal dəyərlər nə qədər kövrək və nisbi olsa da, onlar hələ də mövcuddur və beynəlxalq münasibətlərin nizama salınmasında onların rolu getdikcə genişlənməyə meyillidir. Ətraf mühitin mühafizəsi, sosial bərabərsizliyin aradan qaldırılması, demoqrafik problemlərin həlli imperativləri ilə bağlı yeni dəyərlər meydana çıxır. Əsas prioritet dəyərlər arasında daha çox insan hüquqlarının müdafiəsi mühüm yer tutur. A. Samuelin vurğuladığı kimi, bugün insan hüquqları konsepsiyası mətbuat işçilərinin informasiya azadlığı, fərdlərin emiqrasiya hüququ, vicdan azadlığı, məhbus və qaçqınların hüquqları, uşaq hüquqları və s. ehtiva etməklə yeni məzmun kəsb edir. Nəticədə “Beynəlxalq İnsan Hüquqları” meydana gəlir. Dövlətlərarası münaqişələr və zorakılığa qarşı ictimai rəyin səfərbər edilməsi məqsədilə beynəlxalq konfranslar keçirilir. Bugün dövlətlər Helsinki Bəyannanməsinin müddəalarına əməl edilməsini təmin etmək üçün artan bir təzyiq altındadır (9).

İkincisi, dövlət rəhbərləri üçün ən yüksək dəyərin öz dövlətinin gücü olması fikri ilə razılaşmağımıza baxmayaraq, inkar etmək olmaz ki, müxtəlif liderlər bu gücün tərkibinin prioritet ünsürlərində ( iqtisadi artım tempi, xalqın rifahı, hərbi potensial, ittifaqlarda aparıcı mövqe, sosial-siyasi stabillik, beynəlxalq arenada nüfuz və s.) olduğu kimi, ona nail olmaq vasitələrində də müxtəlif cür düşünürlər.

Və nəhayət, üçüncüsü, siyasi realizm beynəlxalq münasibətlər sahəsində əxlaqi seçimi dövlət liderlərinə “icarəyə” verərək, onu şəxsiləşdirir ki, bu da nəinki əxlaqi relativizmə, həmçinin, əxlaqi praqmatizmə, daha dəqiq desək, Sovet rejimindən bizə məlum olan fərdi əxlaqın siyasi etikadan asılılığına gətirib çıxarır (10).

Normativ mühakimələrin qarşısını almağa çalışaraq, modernizmin nümayəndələri etikanı təcrübi elmlərlə zidd hesab edirlər. Bununla yanaşı, bəzi nümayəndələr düşünürlər ki, müsbət tədqiqatlar çərçivəsində ümumi qəbul olunmuş normalara fakt kimi yanaşsaq, onları nəzərə almaq mümkündür (müəyyən mərhələdə vacibdir). Həmçinin, etik normaların effektivliyi barədə də sual oluna bilər. Belə ki, K. Xolsti etik normaların beynəlxalq aktorların davranışına təsir qabiliyyətinin üç səviyyəsini fərqləndirir: dövlət tərəfindən müəyyən edilən məqsədlər səviyyəsi (sülh, ədalət və s.); fəaliyyət metodları səviyyəsi (dövlət tərəfindən elan edilən müəyyən davranış prinsiplərinə bağlılıq, məsələn, qeyri-zorakılıq prinsipi); “hie et nunc” (“burada və indi”) qəbul edilən bütün qərarlar. Məhz sonuncu səviyyə “etik sahədə daha əhəmiyyətli hesab olunur, çünki məhz burada dövlətin öz məqsədlərinə çatma üsulları meydana çıxır və etika beynəlxalq siyasətdə daha çəx tətbiq edilə bilən olur” (11).

Faktiki olaraq, beynəlxalq münasibətlərin təhlili zamanı sülh, müharibə, ədalət, azadlıq, maraqlar, məqsədlər və s. bu kimi əhəmiyyətli fenomenlərə toxunan normativ mülahizələr və dəyərlər göz ardı edilə bilməz. Onlar olmadan beynəlxalq aktorların davranış motivlərini və deməli, beynəlxalq münasibətlərin gizli hərəkətverici qüvvələrini anlamaq mümkün deyil.

Beləliklə, qeyd edilən nəzəri məktəblərin heç biri beynəlxalq münasibətlərdə etikanın xüsusiyyəti və rolu ilə bağlı yekun bir qərara gələ bilmir. Baxmayaraq ki, bu, onların əhəmiyyətinə heç bir xələl gətirmir: bu məktəblərin hər biri bu və ya digər bir aspektə diqqət çəkir, problemin müəyyən tərəflərini aydınlaşdırır. Bundan əlavə, onlar ilk baxışdan əhəmiyyətsiz kimi görünən bir nəticəyə, - beynəlxalq münasibətlərdə etikanın faktiki mövcudluğuna, - gələrək bir-birini qarşılıqlı şəkildə tamamlayır.
Beynəlxalq əxlaqın əsas imperativləri

Beynəlxalq əxlaqi imperativləri beynəlxalq münasibətlərin prinsipləri müəyyən edir. Onları ümumiləşdirsək, deyə bilərik ki, beynəlxalq siyasi fəaliyyətin minimum əxlaqi imperativi hər bir dövlət aktorundan beynəlxalq münasibətlərin digər legitim iştirakçılarının qorunması zərurətini diqqətə alaraq davranmağı tələb edir (12). Burada söhbət xüsusən sülhün qorunmasından gedir, belə ki, milli iddialar, ümumbəşəri normalara və başqalarının hüquqlarına qarşı nifrət məhz müharibə zamanı daha çox təzahür edir (4, səh. 55). Lakin bununla yanaşı, müharibə siyasətlə ziddiyyət təşkil etmir, ilk növbədə ona görə ki, insanlar siyasi dünyaya mənsubiyyətlərini məhz başqaları ilə mübarizə aparmaq vasitəsilə dərk edirlər. Hətta dövlətlərarası münasibətlərdə müharibə siyasəti təmin edir, onun başlıca vasitəsi və bir növ dövlətin mövcud olma şərti hesab olunur. İkincisi, müharibə insan təbiətinə də zidd deyil, nə qədər ki, o, mübarizə aparmağa hazırdır, deməli, azadlığın həqiqi mənasını dərk etməyə də qadirdir. Bu mənada, müharibədən imtina azadlıqdan imtina deməkdir. Və azadlıq olmadan siyasi demokratiyadan söz gedə bilməz. Son olaraq, müharibə ümumbəşəri əxlaqla ziddiyyətdə deyil (13).

Lakin nüvə-kosmik erasının müasir gerçəkləri vəziyyəti kökündən dəyişir: müasir silahlanma vasitələrini, çoxsaylı atom elektrik stansiyalarının mövcudluğunu, yanacaq-sürtkü yağı depolarının və onların mexanizm və qurğularının istehlakçılarının geniş miqdarını, ətraf mühitin kritik vəziyyətini və s. bu kimi halları nəzərə alsaq, müharibələrin əxlaqi dəyərləndirmələri eyni qala bilməz. Daha vacib məsələ budur ki, silahlı münaqişələrin öz mahiyyəti də dəyişmişdir: bugün müharibələrdə ənənəvi ön və arxa cəbhəyə ayrılma anlayışı mövcud deyil ki, bu da dünya əhalisi arasında qeyri-mütənasib tələfat və məhrumiyyətlərlə müşayiət olunur. Məsələn, Gürcüstan-Abxaziya münaqişə zonasını tərk etməyə müvəffəq olmuş qaçqınların sayı (əsas etibarilə, qadınlar, uşaqlar və yaşlılar) iki mindən çoxdur.

Odur ki, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin səyləri nəinki dünya ictimai rəyini beynəlxalq münasibətlərdə müharibələrin və zorakılığın əxlaqi mühakiməsinə, o cümlədən, mövcud silahlı münaqişələrin aradan qaldırılması və yenilərinin qarşısının alınması üçün effektiv tədbirlərin təşkilinə cəlb etməyə yönəlmişdir. Alınan tədbirlərin birmənalı olmayan və riskli xarakerini, həmçinin onların aktual və potensial əxlaqi dəyərlərinin birmənalı olmayışını nəzərə alsaq, bu məsələlər son dərəcə mürəkkəbdir. Əgər biz yalnız dövlətlərarası deyil də, ümumiyyətlə beynəlxalq münasibətlərdən danışırıqsa, o halda yuxarıda qeyd olunmuş imperativ beynəlxalq mühitin “cəngəllik vəziyyətindən beynəlxalq cəmiyyət vəziyyətinə” çevrilməsinə (4, səh. 46), daha dəqiq desək, dünya ictimaiyyətinin daha sıx inteqrasiyasına (14, səh. 174) şərait yaradaraq daha geniş xarakter daşıyır.

Beynəlxalq münasibətlərin sosiallaşması problemi də öz növbəsində, az mürəkkəb və ziddiyyətli deyil. İlk növbədə ona görə ki, bu, mənəvi və etik baxımdan müxtəlif cür anlaşılan yeni beynəlxalq nizamın şüurlu şəkildə formalaşdırılması problemi ilə yaxından əlaqədardır. İkincisi, sosiallaşma özü beynəlxalq əxlaq probleminin həllində, xüsusən də, ədalət və bərabərlik prinsipləri ilə bağlı məsələlərdə bir çıxış yolu deyil.

Jan Jak Russo qeyd edirdi ki, sosiallaşma özünü başqaları ilə müqayisə

etmək hissinə səbəb olur ki, bu da öz növbəsində həsəd, mənfəət güdmə, hiyləgərlik və zorakılıq kimi hallara gətirib çıxarır.
Beynəlxalq münasibətlərdə hüquq və əxlaqın qarşılıqlı fəaliyyəti

Beynəlxalq hüquq və beynəlxalq əxlaqın qarşılıqlı fəaliyyəti, onların dialektik vəhdəti beynəlxalq aktorların fəaliyyətinin ortaq əsas prinsipləri ilə məhdudlaşmır. Bu vəhdətin əsasında onların genetik oxşarlığı, funksional oxşarlığı, hər ikisinin normativ-dəyər xarakterli olması dayanır: həm hüquq, həm əxlaq özündə məcburi davranış qaydaları, hüquqi və əxlaqi öhdəliklər və onların pozulmasına görə məsuliyyətlər əks etdirir, beynəlxalq sistemin və ümumilikdə bəşər sivilizasiyasının inkişaf səviyyəsinə böyük təsir göstərir (15, səh. 54-56; 3, səh 193).

Bununla yanaşı, əxlaqi və hüquqi oxşarlıq beynəlxalq hüquq və beynəlxalq əxlaqın eyniliyi demək deyil. Əgər birində prinsiplərdə hüquqi elementlər üstünlük təşkil edirsə (məsələn, dövlətlərin suveren bərabərliyi prinsipi), digərində, əksinə əxlaqi elementlər (məsələn, əməkdaşlıq prinsipi) üstünlük təşkil edir. “Eynilik sadəcə onların ideoloji məzmununda özünü göstərir” (15, səh. 22). Beynəlxalq hüquq və əxlaqın vəhdəti əhəmiyyətli fərqlərlə xarakterizə olunur.

Birincisi, hüquqi normalar müvafiq nizamnamələrdə, sazişlərdə, dövlətlərarası müqavilələrdə və s. qeyd edilərək yazılı xarakter daşıyır. Hüququn institusional xarakter daşıması, beynəlxalq hüququn dövlət institutları və hökumətlərarası təşkilatlarla yaxından əlaqəsi də bununla bağlıdır (BMT və onun qurumları, Avropa Şurası, digər regional təşkilatlar və s.). Beləliklə, beynəlxalq hüquq sistemi özündə hüquqi düşüncə, hüquqi normalar, hüquqi münasibətlər və hüquqi institutlar kimi elementləri ehtiva edir. Bundan fərqli olaraq, beynəlxalq münasibətlərin əxlaqi tənzimləmə mexanizmlərində sonuncu element (institutlar) mövcud deyil. Əxlaq birbaşa dövlətlərlə əlaqədardır: o, dövlətlərarası əlaqələr prosesində yaranır və həyata keçirilir (15, səh. 57).

İkincisi, beynəlxalq hüquq və beynəlxalq əxlaq öz fəaliyyət sferalarında bir-birindən fərqlənirlər: əxlaq normaları daha əhatəli xarakter daşıyır, baxmayaraq ki, hüququn tətbiq edilmə sahəsi məhduddur. “Beynəlxalq münasibətlər eyni zamanda həm hüquqi, həm əxlaqi normalarla tənzimlənir. Məsələn, silahlı təcavüz həm ümumi qəbul olunmuş hüquqi normaların pozulması, həm də əxlaqi cinayət hesab olunur. Lakin əxlaqi normalar hüquqi normalarla müqayisədə daha genişəhatəli və elastikdir” (16, səh. 197).

Üçüncüsü, beynəlxalq hüquq və beynəlxalq əxlaq öz formaları, üsulları, vasitələri, beynəlxalq aktorların fəaliyyətinə və beynəlxalq münasibətlər sisteminin tənzimlənməsinə təsir imkanlarına görə də müxtəlifdir. Hüquqi tənzimləmə məcburetmə vasitələrinin istifadəsini zəruri edir (beynəlxalq məhkəmə, hərbi, iqtisadi və siyasi sanksiyalar, beynəlxalq hökumətlərarası təşkilatlarda üzvlükdən çıxarılma, diplomatik əlaqələrin kəsilməsi və s.). Beynəlxalq fəaliyyətin əxlaqi normalarla bağlı əsas tənzimləyicisi isə beynəlxalq ictimai rəydir. Bəzən onun beynəlxalq aktorlar üzərindəki təsiri beynəlxalq hüquqdan daha səmərəlidir (17).
Beynəlxalq hüququn əsas prinsipləri

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyil. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.

Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətbiqi və təfsiri zamanı onların hər biri bütün digər prinsiplərin kontekstində nəzərdən keçirilməlidir.

Qeyd edildiyi kimi, müasir beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır. Lakin bunlardan bəziləri məqsəd və ya ümumi öhdəlik kimi ifadə olunmuşdur. Sonralar dövlətlər bu prinsiplərin məzmununu dəqiqləşdirməyə və onları məcəllələşdirməyə çalışmışlar. Bu, BMT Baş Assambleyasının qətnaməsi əsasında yuxarıda adı çəkilmiş Bəyannamənin qəbul olunması ilə nəticələnmişdir. Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi əks olunmuşdur:

  1. güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;

  2. beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;

  3. dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

  4. dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq

etmək prinsipi;

  1. xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;

  2. dövlətlərin suveren bərabərliyi prinsipi;

  3. dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri

öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin

1 avqust 1975-ci il tarixli Yekun Aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü əlavə olunmuşdur:

1) sərhədlərin toxunulmazlığı prinsipi;

2) dövlətlərin ərazi bütövlüyü prinsipi;

3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Hər bir prinsip özü bir hüquqi normadır və deməli, özündə konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva edir.
1. Dövlətlərin suveren bərabərliyi prinsipi:

Bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində tapmışdır: “Təşkilat onun bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir:

1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.

2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensialından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq təşkilatlarda, bir qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.

Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin həllində bərabər iştirakını təmin etməyə yönəlmişdir.


  1. Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi:

Bu prinsip dövlətlərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində opnu tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”. Hazırda dünyanın hər bir dövləti üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədlərdə, o cümlədən Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi, onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsində, Helsinki Yekun Aktında açıqlanır. Sözü gedən prinsipin normativ məzmunu aşağıdakılardan ibarətdir:

1. Dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı müdaxilə və digər müdaxilə formaları qadağandır.

2. Heç bir dövlət başqa bir dövlətin onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz.

3. Başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir.

4. Başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır.

5. Hər bir dövlət digər dövlətlərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.
3. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi:

Müasir beynəlxalq hüquq üçün müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, BMT-nin bütün üzvləri “öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinməlidirlər”. Prinsipi özündə əks etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır.

BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir

ki, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı “bəraətverici” məqsədlə, məsələn, insan hüquqlarının kütləvi pozulması hallarının qarşısını almaq üçün birtərəfli qaydada güc tətbiq olunması (“humanitar müdaxilə”) beynəlxalq hüquqa, daha doğrusu sözü gedən prinsipə zidd deyildir. BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən haqq qazandırmaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT Nizamnaməsində əks olunmuş iki istisnadan başqa, bütün hallarda yolverilməzliyini təsdiq edir.

Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:

1) digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;

2) silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri;

3) qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;

4) digər dövlətin ərazisində vətəndaş müharibəsinin və ya terror aktlarının təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi;

5) digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi;

6) güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ keçirilməsi;

7) xalqları özünümüəyyənetmə hüququndan, azadlıq və müstəqillikdən məhrum edən zorakı hərəkətlərin törədilməsi.

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz hesab olunur. Dövlət aktı kimi təcavüzün anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş Assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır:

1) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və

ya basqın etməsi, yaxud hər hansı hərbi işğal;

  1. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardman

etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;

3) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;

4) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi;

5) bir dövlətin, başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam etməsi;

6) dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcavüz aktı törətmək üçün istifadə edən başqa bir dövlətin sərəncamına verməsi;

7) bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi.

Beynəlxalq hüquq yalnız iki müstəsna halda silahlı gücün tətbiqinə yol verir:

1. Özünümüdafiə - dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə fərdi qaydada və ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər.

2. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən.
4. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi:

BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, BMT-nin bütün üzvləri “ öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın”. Bu prinsip güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx surətdə bağlıdır və onun məzmununu tamamlayır. Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haaqa Konvensiyasında və Millətlər Cəmiyyətinin Statutunda məhdud çərçivədə təsbit olunmuş bu prinsip bugünkü anlamda, yəni heç bir qeyd-şərtsiz və imperativ formada ilk dəfə olaraq 1928-ci il Brian-Kelloq Paktında öz əksini

tapmışdır. Sonralar BMT Nizamnaməsində təsbit olunmuş bu mühüm norma, həmçinin əsas regional təşkilatların nizamnamələrində də birbaşa əks olunmuşdur.

Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin bu hüquq və öhdəliklərində öz ifadəsini tapır:

1. Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız və yalnız dinc vasitələrlə həll etməlidirlər.

2. Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər.

3. Dövlətlər aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisələrə aid deyil.

4. Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən, habelə mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən hərəkətlər qadağan olunur.

5. Dövlətlər öz mübahisələrini beynəlxalq hüquq və ədalət əsasında həll etməlidirlər.
5. Sərhədlərin pozulmazlığı prinsipi:

Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi və suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. Helsinki Yekun Aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı prinsipi digər regionlarda – Afrika və Cənubi Amerikada da imperativ norma kimi tanınmışdır. Dövlətin razılığı olmadan onun sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsilə ifadə oluna bilər.

Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:

1) mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sayılır;

2) dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;

3) dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina etməlidir.
6. Ərazi bütövlüyü prinsipi:

Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit olunmuşdur. Prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir.

Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prinsipi – hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə Burkina Faso/Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş “uti possidetis” prinsipini ehtiva edir. Bu prinsipin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz.


  1. Xalqların özünümüəyyənetmə prinsipi:

Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktında, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun Aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır.

“Özünümüəyyənetmə” o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilər. Müstəmləkə altında olan və ya işğal olunmuş ərazinin bütün əhalisi üçün bu:

  1. müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;

  2. hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud;

  3. hər hansı bir müstəqil dövlətlə birləşməkdə ifadə oluna bilər.

Təbii ki, müstəqil dövlətlərin xalqı da özünümüəyyənetmə hüququna malikdir. Həmin xalqlar üçün özünümüəyyənetmə, hər şeydən öncə, demokratik idarəetmə hüququ deməkdir.
8. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi:

Bu mühüm prinsip ilk dəfə olaraq BMT Nizamnaməsində ümumi formada təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində dəqiqləşdirilmişdir.

Beynəlxalq hüququn müstəqil prinsipi kimi, o, Helsinki Yekun Aktında əks olunmuşdur. Prinsipin dövlətlər üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan hüquqlarına hörmət etsinlər və buna beynəlxalq səviyyədə dəstək versinlər.
9. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi:

Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm də vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
10. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi:

Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir və daha çox “pacta sunt servanda” (“müqavilələr yerinə yetirilməlidir”) kimi məlumdur. O, BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur. Burada deyilir ki, BMT-nin bütün üzvləri “təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər”. Sözü gedən prinsip həmçinin çox mühüm beynəlxalq müqavilədə - Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında öz əksini tapmışdır.

Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipinin bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlətlər BMT Nizamnaməsinə uyğun olaraq, öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi müvafiq dövlətin beynəlxalq məsuliyyətini doğurur (18).

İstifadə olunmuş ədəbiyyat:

  1. Sadie В. Culture et politique. – Paris, 1993, səh. 100-103.

  2. Senarclens P. de. La politique intemationale. - Paris, 1992, səh. 166.

  3. Вебер М. Политика как призвание и профессия. Избранные произведения. - Москва, 1990, səh. 696.

  4. Hoffmann S. Duties Beyond Borders: On the Limits and Possibilities of Ethical International Politics. - New York, 1981, səh. 25-28.

  5. Woffers A. Discord and Colloboration; Essays on International Politics. - Baltimore, 1962, səh. 50.

  6. Zorgbibe Ch. Les politiques etrang, res des grandes puissances. - Paris, 1984, səh. 11.

  7. История дипломатии. Том третий. - Москва, 1945, səh. 639- 643; Pacteau В., Mougel F. C. Histoire des relations Internationales (1815- 1889). - Paris, 1990, səh. 75-78.

  8. Morgenthau H. Politics among nations. The Struggle for Power and Peace. – New York, 1948.

  9. Samuel A. Nouveau paysage international. - Bruxelles; Lyon, 1990, səh. 211-215.

  10. Aron R. Une sociologie des relations intemationales. - Revue Française de Sociologie. 1963, Vol. IV, № 3, səh. 321.

  11. Holsti K. J. International Politics. A Framework for Analysis. - New York, 1967, səh. 432.

  12. Braillard Ph., Djalili M. R. Les relations intemationales. - Paris, 1988, səh. 103.

  13. Tenyr N. La politique. - Paris, 1991, səh. 61.

  14. Base R. Sociologie de la paix. - Paris, 1965, səh. 153-155.

  15. Кортунов А. Реализм и мораль в политике. Прорыв. Становление нового политического мышления. - Москва, 1988, səh. 193-194; Поздняков Э. А. Мировой социальный прогресс: мифы и реальность. Мировая экономика и международные отношения. 1989, № 11, səh. 56.

  16. Макиавелли Н. Государь. - Москва, 1990, səh. 52.

  17. Цыганков П. А. Международные отношения. – Москва, 1996.

  18. Hüseynov L. H. Beynəlxalq hüquq. Dərslik. – Bakı, 2002, səh. 29-46.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə