Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə11/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

------------------------------------------Neft Daşları-------------------------------------------
Neftçi Qurban
Neft Daşlarının tarixini vərəqlədikcə ən çox rast gəldiyimiz adlardan biri də Qurban Abbasovun adıdır. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb, sonralar bir sıra rəhbər vəzifələrdə çalışsa da, onu həmişə sadəcə "Neftçi Qurban" deyə çağırırdılar. Bu adı ona xalq vermişdi.

Neftçi Qurban bir oğlandır şirindil,

Gülər üzlü, saf ürəkli qəhrəman - sözləri ilə başlanan nəğməni yaşlı nəsil indi də yaxşı xatırlayır.

Neftçi Qurban həqiqətən qəhrəman idi. Zaman və tale ona öz hünər və gücünü sınamaq və sübuta yetirmək üçün bu meydanı vermişdi - Neft Daşlarını.

Qurban Abbasov usta Mixail Kaveroçkinlə birlikdə Neft Daşlarında ilk quyuları qazmışdı. Birinci quyunun neftvermə tarixi 1949-cu ilin noyabrına təsadüf edir. 1950-ci ilin sonundan isə quyulardan artıq mütəmadi neft hasilatına başlanır. Neftçi Qurbanın şan-şöhrəti hər yana yayılır.

Neftçi Qurban kim idi? Naxçıvanın Babək rayonunun Payız kəndində anadan olmuş sadə bir gənc. 1944-cü ildə, 18 yaşında ikən Bakıda, "Artyomneft" trestində fəhlə işləməyə başlamışdı. "Azərneft" Birliyinin qazma kontorunda qazmaçı, buruq ustası, Gürgənneft NMİ şimal qazma sahəsi kontorunun rəisi olmuşdu. Ancaq neftçi Qurbanı məşhurlaşdıran, xalqın sevimlisinə çevirən Neft Daşları olub. Burada o, Xəzərdə misli görünməmiş nəticələr qazanaraq qazmanın sürətini rekord səviyyəyə çatdırıb.

Qurban Abbasov yarım əsrdən çox Azərbaycanın neft sənayesinə xidmət edib. Bu əlli ilin ilk dövrlərində, deyək ki, 5-10 ildə elə start götürüb, elə hünərlə çalışıb və zəngin təcrübə toplayıb ki, sonralar 40 ildən çox bir müddətdə sahənin sanballı müəssisələrinə, böyük neftçi kollektivlərinə rəhbərlik edə bilib. Məsələn, 1967-ci ildən başlayaraq Q.Abbasov bu vəzifələrdə çalışıb: "Xəzərdənizneftkəşfiyyat"

150


------------------------------------------Neft Daşları-------------------------------------------
trestinin müdiri, "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini, "Neft Daşları" NQÇİ-nin rəisi, "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyinin baş direktoru, "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktoru, ARDNŞ-nin baş müşaviri... Bu vəzifələrdə çalışarkən o, üzən yarımdalma qazma qurğularının Xəzər dənizində işləməyə uyğunlaşdırılması, "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" kimi iri yataqların kəşfi üçün çox iş görüb.

O illərdə neftçi Qurban sanki əfsanəyə dönmüşdü. Bəlkə insanların ona bu cür baxması da təbii idi. Çünki Q.Abbasov hələ çox gənc ikən öz dövrünün bir çox ali mükafatına layiq görülmüşdü. 32 yaşında onun sinəsini Sosialist Əməyi Qəhrəmanının "Qızıl ulduz"u bəzəmişdi. Nəhayət, ömrünün ahıl çağında ona müstəqil Azərbaycan Respublikasının yüksək mükafatını - "Şöhrət" ordenini almaq da qismət olmuşdu...Azərbaycan neftçiləri Qurban Abbasovun hünərini, əməllərini, təcrübəsini öyrənir, yaşadır və nəsildən-nəslə ötürürlər.



Flora Sadıqlı
Azərbaycan.- 2009.- 20 avqust.- s. 5

Dənizdə şəhər - həm möcüzə, həm həqiqət
"Sabit Orucov" gəmisi hər səhər alatoranda yüzlərlə sərnişinini öz qoynuna alaraq Xəzərin bəzən mülayim ləpələrini, bəzən də dəli dalğalarını yara-yara yola çıxır. Digər gəmilərdən fərqli olaraq onun sərnişinləri eyni peşə sahibləri - neftçilərdir. Onları iş yerlərinə çatdırmaq üçün gəmi beş saat yol gedir. Neft Daşlarındakı yanalma körpüsündə isə həmin vaxta kimi onu geriyə - Bakıya, ən azı bir həftə çəkən əmək növbəsindən evinə-eşiyinə dönəcək insanlar gözləyir.

Dəniz şəhərinə hər gün bir neçə reyslə vertolyotlar da uçur. Onlar sərnişin, avadanlıq, ərzaq daşıyır. 60 ildir belədir. Əlbəttə, illər keçdikcə köhnə gəmiləri və vertolyotları təzələri əvəz edir. Onların sərnişinləri də dəyişir. Amma Neft Daşlarına

151

------------------------------------------Neft Daşları-------------------------------------------
aparan yollar olduğu kimi qalır. Yollar deyəndə təkcə paytaxtla dəniz şəhərini birləşdirən 100 kilometrlik məsafəni nəzərdə tutmuruq. Bu, həm də Neft Daşlarını özünə iş yeri, hünər meydanı, çörək təhnəsi seçənlərin tutduğu mərdlik yoludur. Ulu öndər Heydər Əliyev bu insanların əməyini həmişə yüksək qiymətləndirirdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

Neft Daşlarının 60 illik yubileyi ərəfəsində oraya getməyimizin məqsədi də bu insanlarla, onların işi-gücü, yaşayışı, nailiyyətləri ilə tanış olmaq idi.

60 il əvvəl Neft Daşlarını "Möcüzələr adası" adlandırıblar. Yəqin ki, insan ağlının və əməyinin yaratdıqlarından vəcdə gələrək belə deyiblər. Əslində, Neft Daşları reallıqdır, möcüzəyə bənzəsə də, həqiqətdir. Bu gün Neft Daşları işləyən, yaşayan, qurub-yaradan bir şəhərdir.

Neft Daşları tükənməyən bir xəzinə - hələ də ehtiyatları bol olan "qara qızıl" yatağıdır. Nəhayət, Neft Daşları böyük bir müəssisədir, neft və qazçıxarma idarəsidir.

Hazırda Neft Daşları NQÇİ 1999 nəfərin iş yeridir. Bunlardan əlavə, dəniz şəhərində daha 20-dən çox təşkilat, yaxud onların sahələrinin nümayəndələri çalışır. Məsələn, "Neftqaztikinti" trestinin 6 və 7 saylı tikinti-quraşdırma idarələri, Kompleks Qazma İşləri Trestinin Neft Daşları Dəniz Qazma İşləri İdarəsi, Xəzər Dəniz Neft Donanmasının Dalğıc və Qəza-Xilasetmə İdarəsi Neft Daşları sahəsinin yüzlərlə əməkçisi, eləcə də geofiziklər, rabitəçilər, yanğınsöndürənlər, tibb, ictimai-iaşə işçiləri əmək növbələrindədirlər.

Neft Daşları NQÇİ-yə il yarımdır peşəkar neftçi Balamirzə Ağarəhimov başçılıq edir. Kollektivin öz yetirməsidir. Burada operatorluqdan idarə rəisliyinədək pillə-pillə qalxıb. Odur ki, Neft Daşlarının hər qarışına bələddir. Deyirlər, onu kabinetdə tapmaq çətin məsələdir. Xüsusilə indi, dəniz şəhərinin yubileyi ərəfəsində, tikinti-abadlıq işlərinin belə geniş vüsət aldığı bir vaxtda. Balamirzə müəllim bizə də

152

------------------------------------------Neft Daşları-------------------------------------------
yüz dəfə eşitməkdənsə, bir dəfə görməyin yaxşı olduğunu xatırladır. Beləliklə, əfsanəvi şəhərin həyatı, neftçilərin işi ilə tanış olmaq üçün dirəklər üzərində salınmış yollara üz tuturuq.

Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ veriblər. Gah paralel, gah da perpendikulyar şəkildə uzansalar da, bir-birinə bitişikdirlər. İndi onların ümumi uzunluğu 39,5 kilometrdir. Neftçilər polad dirəklər üstündə qərar tutan bu yollarla bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu asılıdır hər kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir də havadan...

Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək qadağandır. Burada qayda-qanun belədir. Yeri gəlmişkən, dənizin qoynunda hamı biri-birindən muğayat olur. Əbəs yerə deməyiblər ki, neftçi dostluğu tufanlarda bərkiyir. Elə qazanılan uğurların, işin rəvan getməsinin başlıca səbəbi də bu birlik, səfərbərlik, mehribanlıqdır.

Estakadalar boyu irəlilədikcə sağda, solda üstündə "Azneft", yaxud "SOCAR", "ARDNŞ" yazılmış dəbilqədə, pencəkdə, gödəkçədə (neftçilərə məxsus xüsusi geyimdə) olan dəstə-dəstə insanlara rast gəlirik. Sürücü Fərmayıl belə dəstələrin birinin yaxınlığında avtobusu saxlayır:

Bura 2-ci mədənin ərazisidir, - deyir. Qısaca "2-ci mədən" deyilən sahə əslində 2 saylı neft və qazçıxarma sexidir. Burada bizi qarşılayan gənc özünü təqdim edir: Azər Rüstəmov, sexin rəisi.

Sonra da o, işlərindən-güclərindən danışır. Deyir ki, bura köhnə mədəndir, elə Neft Daşlarının yaşıdı olar. Buna baxmayaraq, hasilat sabitdir. Hətta ilin əvvəlindən nəzərdə tutulduğundan əlavə 200 ton neft çıxara biliblər. Bunun üçün səy göstərir, zəhmət çəkir, müasir üsullardan istifadə edirlər. Hazırda sahədə 78 istismar quyusu var, 3 briqada çalışır. Quyuların hamısı işlək vəziyyətdədir. Lakin onlar uzun illərdir istismar olunduğundan 74-ü kompressor (laylara qazvurma), 4-ü isə elektrik diafraqmalı nasos üsulu ilə işləyir.


153

------------------------------------------Neft Daşları-------------------------------------------
Azər sözünə ara verib sahəyə tərəf boylanır. Yaxınlıqda çalışan işçini səsləyir. Onu bizimlə tanış edir:

Namiq Səmədov Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Qısa müddət "Azərenerji" sistemində çalışıb, hərbi xidmətini də başa vurub. İndi öz ixtisası üzrə işləməyə üstünlük verib. Bu məqsədlə də Neft Daşlarına gəlib. Ona usta vəzifəsini həvalə etmişik. Ehtimadımızı doğruldur. Biz də indiyə qədər toplaya bildiyimiz təcrübəni onunla bölüşməyə çalışırıq. Ənənəmiz belədir. Vaxtilə bizi öyrədiblər. İndi də biz təzə gələnləri öyrədirik.

Elə bu ənənənin davamıdır ki, Neft Daşlarının şan-şöhrəti azalmır.

Kiçik arayış: Cari ilin 9 ayı ərzində NQÇİ neft hasilatı və təhvili üzrə tapşırıqları artıqlaması ilə yerinə yetirib. Nəzərdə tutulduğundan əlavə 2013 ton neft çıxarılıb və 2012 ton neft təhvil verilib. Quyulardan gözlənildiyi qədər səmt qazı alınıb.

Hazırda idarənin istismar fondunda 494 quyu var. Fəaliyyətdə olan quyu fondu 445 quyudan ibarətdir. İstismar quyu fondunu 441 işlək, 4 müvəqqəti dayanmış, 42 fəaliyyətsiz və 7 mənimsəmədə olan quyu təşkil edir.

Fəaliyyətsiz fonddan 9 quyu əvəzinə 19 quyu təmir olunaraq istismara daxil edilib, bu quyular 14081 ton neft verib. 225 əvəzinə 360 texniki tədbir həyata keçirilib. Geoloji tədbirlərdən xeyli səmərə əldə edilib.

Estakadalarla irəlilədikcə daha bir dəstənin yanında ayaq saxlayırıq. Əlbəttə, neftçi olmayan üçün bu əraziləri bir-birindən seçmək çətindir. Ona görə buradakı insanların da neftçıxaran olduğunu güman edirik. Demə, sahədə çalışan təmirçilərdir. Daha doğrusu, quyuların əsaslı yeraltı təmir sexinin işçiləri.

Burada isə qabağa bir ağsaqqal çıxır. Bu, qazmaçı köməkçisi Rafiq Əzimovdur. Sex rəisi Bahadur Sadıqovun digər bir quyuya "təcili yardım" göstərməyə getdiyini deyir. Qazmaçı köməkçisindən öyrənirik ki, sexin 248 nəfər işçisi var. Köhnə yataqda hasilatın sabit saxlanılması təmirçilərdən çox asılıdır.

154

------------------------------------------Neft Daşları-------------------------------------------
Gərək hər quyunun "həkim"i olasan. Onu sağaldasan ki, qalan ehtiyatlarını üzə çıxara biləsən. Üstəlik, quyuların da "xasiyyəti" var. Şıltaq, qəliz, rahat quyular olur...

Kiçik arayış: NQÇİ-də 11 əsaslı və 9 cari təmir briqadası fəaliyyət göstərir. Cari ilin 9 ayı ərzində əsaslı təmir briqadaları fəaliyyətsiz fondda olan 8 quyuda işi başa çatdırıblar. Bu quyulardan 4991 ton neft hasil edilib. 2 quyuda qəza ləğvetmə işləri aparılır. Daha 5 quyuda əsaslı təmir işləri gedir. Ümumiyyətlə, 9 ay ərzində 166 əvəzinə 172 əsaslı təmir işləri aparılıb, 499 cari təmir işi həyata keçirilib.

Dəniz şəhərinin "küçələri"ni gəzdikcə hər yanda inşaatçılara rast gəlirsən. Onlar genişmiqyaslı işlər həyata keçirirlər. Vertolyot meydançası əsaslı təmir olunub. Orada abadlıq və yaşıllaşdırma işləri davam edir.

Neftçilər və inşaatçılar Neft Daşlarının inkişafına böyük diqqət və qayğı göstərmiş ulu öndərə ehtiram əlaməti olaraq Heydər Əliyev adına park salıblar, muzey yaradıblar. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan neftçilərin xatirəsi əbədiləşdirilərək idarənin həyətində onların şərəfinə xüsusi lövhə düzəldilib.

NQÇİ-nin sosial inkişaf şöbəsinin rəisi Nəvai Həsənov deyir ki, yataqxanalarda əsaslı və cari təmir işləri görülüb. "V" korpusu təmir edildikdən sonra otaqlar yeni müasir televizor, soyuducu, kondisionerlərlə təchiz olunub. 19-cu korpusda da təmir yekunlaşıb. 18-ci korpus, eləcə də orada yerləşən 13 saylı mərkəzi yeməkxana, 9 mərtəbəli qadınlar yataqxanasının birinci mərtəbəsindəki 1 saylı bufet də təmir olunub. Qadınlar yataqxanasına yeni məişət avadanlıqları və cihazları verilib.

Sonra 13 saylı mərkəzi yeməkxananın baş aşpazı Kamal Abdullayevlə söhbət edirik. Şam yeməyinin vaxtı yaxınlaşdığından onun üzündə bir narahatlıq hiss olunur. 10 ildən çoxdur neftçilərə xidmət etməsinə baxmayaraq hər dəfə onlar süfrə arxasında oturanda baş aşpaz həyəcan keçirir. Axı, elə etmək lazımdır ki, neftçilər ev

155

------------------------------------------Neft Daşları-------------------------------------------
ab-havasını duya bilsinlər. Buna görə də yeməkxanada Azərbaycan mətbəxinə üstünlük verilir. Sulu və quru yeməklər, qazan xörəkləri bişirilir.

Kamal deyir ki, nahar vaxtı bu yeməkxanaya ən azı 100 nəfər müraciət edir. Yerlərdə də nisbətən kiçik yeməkxanalar var. Həmçinin hərə öz otağında istədiyi yeməyi hazırlaya bilər. Bunun üçün də şərait var.

Yeməkxana yavaş-yavaş dolur. Beləcə, estakadalara sükut və qaranlıq çökdükcə Neft Daşlarının mərkəzi hissəsi canlanır. Eyvanda oturub çay içən, domino, şahmat oynayan kim, parkdakı oturacaqlarda dincini alaraq söhbət edən kim...

Dəniz şəhərində yeni ikimərtəbəli "Çay evi", idman oyunları üçün örtülü kompleks tikilib və yaxın vaxtlarda öz qapılarını neftçilərin üzünə açacaq.

Neft Daşları getdikcə gəncləşir. Yaşa dolduqca cavanlaşmağın özü bir möcüzədir. Dəniz şəhərində bu, həm də həqiqətdir.

Flora Sadıqlı

Azərbaycan.- 2009.- 27oktyabr

O, həyatını dənizə həsr etmişdi...
İki il əvvəl "Azərbaycan" qəzetində sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın "Xəzərin neft korifeyi" adlı məqaləsi dərc olunmuşdu. Əsas mətləbə keçməzdən əvvəl müəllif 2004-cü ildən ABŞ-da, Hyuston şəhərinin 30-40 kilometrliyində "Okeanın ulduzları" adlı muzeyin fəaliyyət göstərdiyini bildirirdi. Bir də, qədim neft diyarı Azərbaycanda, bu qədər şanlı neftçi yetişdirmiş bir ölkədə neft muzeyinin olmamasından təəssüflənirdi.

Prezident İlham Əliyev Azərbaycanda "Neft muzeyi"nin yaranması haqqında qərar verərkən tariximizin bu sahəsinin daha dolğun əks olunmasını təmin etdi. Bu, çoxlarımızın qəlbində gəzdirdiyi bir arzunun çin olması demək idi. Bakıda,

156

------------------------------------------Neft Daşları-------------------------------------------
Bibiheybət ərazisində yaranacaq "Neft muzeyi", əlbəttə, Hyustondakı "Okean ulduzları"ndan çox maraqlı və məzmunlu olacaq. Şübhəsiz ki, burada neft sənayemizin tarixinin ən şanlı səhifələrini yazanlardan biri - Yusif Səfərovun mənalı həyat yolu da öz əksini tapacaq. Elə yuxarıda adıçəkilən məqalə də ona həsr olunmuşdu. Zemfira xanım atası haqqında yazmışdı.

Çətin ki, kimsə ata haqqında onun övladından daha dəqiq və dolğun danışsın. Bununla belə, biz də Yusif Səfərovu anmağı, onun bir mühəndis və alim, təşkilatçı və istehsalat rəhbəri kimi ağlı və istedadı, gücü və hünəri ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərini xatırlamağı özümüzə borc bilirik. İndi, onun cığır açdığı Neft Daşlarının 60 illiyinin tamam olduğu bir vaxtda bu, xüsusi önəm daşıyır.

1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, tanınmış geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik Yusif Səfərovun təklifi ilə Bakının gəmi təmiri zavodlarında istifadədən silinmiş 7 iritonnajlı gəmi gələcəkdə tarixə Neft Daşları adı ilə düşəcək yatağın ərazisinə gətirildi. Bununla əlavə xərclərin qarşısı alındı və işçi qüvvəsinə qənaət edildi. Gəmilər Qara daşların yanında basdırıldı. Beləliklə, süni buxta yaradıldı. Qəhrəmanlıq mücəssəməsi olan "7 gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan bir sığınacağa və onların dənizin dərin qatlarına nüfuz etməsi üçün istinad nöqtəsinə çevrildi.

Neft Daşlarına gələn "yol" tarixin yaddaşında belə həkk olunub. Bu çətin yolun yolçuları - "Möcüzələr adası"nın fatehləri, təbii ki, bu ana qədər sınaqlardan keçmiş, bərkimiş, mətinləşmiş insanlar idi. Onda Yusif Səfəroun 41 yaşı vardı və ona ayrılmış ömür payının bitməsinə isə vur-tut 15 il qalırdı.

İndi tərcümeyi-halını vərəqlədikcə və gördüyü işlərin miqyasını göz önünə gətirdikcə, bütün bunların cəmi 56 illik bir insan ömrünə necə sığışdığına məəttəl qalırsan. Qısaca desək, Yusif Səfərov Azərbaycanın neft sənayesinin kompleks

157


------------------------------------------Neft Daşları-------------------------------------------
inkişafına dəyərli töhfələr vermişdi. O, bir çox neft-qaz yataqlarının kəşfində və işlənməsində fəal iştirak etmiş, Neft Daşlarının əsasını qoyanlardan biri, dənizdə estakadaların, iribloklu özüllərin mühəndis-konstruktoru olmuşdu.

Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft Akademiyası) məzunu olan gənc mühəndisə qazandığı biliklərdən əlavə tale tərəfindən fitri istedad da verilmişdi. Odur ki, 24 yaşında ikən Puta qəsəbəsində kəşfiyyat aparan qrupun müdirinin köməkçisi işləmiş, bir neçə aydan sonra baş mühəndis vəzifəsinə irəli çəkilmişdi. Bir il sonra isə Lökbatan Qazma Kəşfiyyat İdarəsinə rəhbərlik etməyə başlamışdı. Onun rəis olduğu dövrdə Lökbatanda gündəlik hasilatı 20 min tondan çox təşkil edən 45 və 62 saylı quyular istismara verilmişdi. Bununla da Lökbatanda zəngin neft yatağının olduğu təsdiqlənmişdi.

Sonralar Y.Səfərova daha bir neçə rəhbər vəzifə etibar edilir. Ensiklopedik bilik və yüksək erudisiya göstərilən etimadı doğrultmağa imkan verir. Böyük Vətən müharibəsi illərində o, ikiqat səylə çalışır. Bu dövrdə kəşf olunan yataqlar və tətbiq edilən yeni qazma üsulları sayəsində cəbhəyə göndərilən yanacağın həcmi artır.

1946-cı ilin əvvəlindən Yusif Səfərov təzəcə təşkil olunmuş Turbin Qazma Trestinin rəisi təyin olunur. Trestin səmərəli fəaliyyəti nəticəsində turbin qazması Azərbaycanın neft mədənlərində yayılmağa başlayır. Hövsanda qazılan 1308 saylı quyunun dərinliyi 4000 metrə çatır. O zaman bu, Avropada ən dərin quyu idi.

1947-ci ilin əvvəlində Y.Səfərov "Azneft" Birliyinin Dəniz Qazma Trestinin müdiri vəzifəsinə irəli çəkilir. 1948-ci ilin noyabrından isə sahildən 100 kilometr aralıda yerləşən Qara daşlara, indiki Neft Daşlarına gəlir və burada "cığıraçanlar"dan biri olur. 1949-cu il noyabrın 7-də qazma işləri başa çatır və gündəlik hasilatı 100 tondan çox olan ilk quyu istismara verilir. Bu kəşf Azərbaycanı dünyada açıq dənizdə ilk neft istehsalçısı kimi tanıdır. Neft Daşları ilə birgə onun fatehlərinin şöhrəti hər tərəfə yayılır.

Yusif Səfərovun qızı Zemfira xanım o illəri belə xatırlayır: "Atam evdə az-az

158

------------------------------------------Neft Daşları-------------------------------------------
olardı. Ailəmiz buna öyrəncəli idi. O, özünü işinə, dənizə həsr etmişdi. İndi fikirləşirəm ki, atam nə nəqər ağır həyat sürmüşdür... Gecənin müxtəlif saatlarında onu buruqlarda baş verən hadisələrlə əlaqədar çağırardılar. Nə gecəsi, nə gündüzü olardı".

Yusif Səfərov 1946-cı ildə dəniz qazması üçün stasionar özüllərin hazırlanması və 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə SSRİ dövlət mükafatlarına layiq görülmüş, müxtəlif illərdə orden və medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar mühəndisi idi.

Lakin sovet hakimiyyətinin keşməkeşli və təzadlı dövrləri hətta Vətəni və xalqı qarşısında belə böyük xidmətləri olan bu insandan da yan keçmədi. Zemfira xanım deyir: "1952-ci ildə atam "Azərdənizneft" Birliyinin baş direktorunun qazma işləri üzrə müavini işlədiyi vaxt vəzifəsindən kənarlaşdırılaraq Sibirə sürgün edildi. Yalnız ona görə ki, nahar edən vaxt (köhnə "İnturist"in restoranında) M.C.Bağırovun şərəfinə deyilən sağlığa içməmiş, badəni qırağa qoymuşdu. Maraqlıdır ki, Sibirdə də neft kəşfiyyat idarəsinin rəisi vəzifəsində işlərkən atam bir neçə neft yatağının kəşf edilməsinə nail olmuşdu".

Yaxşı deyiblər ki, haqq nazilər, üzülməz. Ədalət bərpa olunur, Y.Səfərov tezliklə Bakıya qayıdır və yenidən öz səmərəli fəaliyyətini davam etdirir.

Uzun illər neft sənayesində müxtəlif vəzifələrdə çalışmış Bayram Bayramov yazır: "Yusif Səfərov 1953-1963-cü illərdə Eksperimental Elektroqazma İdarəsinin rəisi, Azərbaycan Neft-Qazma Elmi-Tədqiqat İnstitutunda yeni qazma üsulu laboratoriyasının müdiri işləmişdir. Onun yeni turbin qazmasının, maili və elektroqazma üsullarının tətbiq edilməsində böyük xidmətləri olmuşdur. İxtira etdiyi yeni üsullar müxtəlif illərdə həyata keçirilərək respublikanın neft sənayesini xeyli zənginləşdirmişdir. O, özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvi surətdə birləşdirə bilmişdir. "Dənizdə dərin qazma" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır".

159


------------------------------------------Neft Daşları-------------------------------------------
İşinə, peşəsinə olan məhəbbəti qanına, iliyinə hopmuş Yusif Səfərov həm ağlı ilə, həm intuisiyası ilə Azərbaycan neftinin gələcəyini neçə-neçə illər əvvəlcədən görürdü: "Azərbaycan neft respublikasıdır və burada yaşayan hər kəs peşəsindən və vəzifəsindən asılı olmayaraq, neftçidir (ruhən neftçidir). Azərbaycanın xoşbəxt gələcəyi, rifahı da məhz neftlə bağlıdır".

Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi bütün dünyada şöhrəti getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" ilə ölkəmizin neft sənayesi qarşısında daha geniş üfüqlər açılıb. Ulu öndər "Əsrin müqaviləsi"nə gələn yolun məhz Neft Daşlarından başladığını vurğulayır, Neft Daşlarının XX əsrdən XXI əsrə atılan körpü olduğunu deyirdi. Bu körpünü salanlar Yusif Səfərov kimi igidlər idi...



Flora Sadıqlı

Azərbaycan.- 2009.- 24 oktyabr
Dəniz şəhərində izi qalanlar-inşaatçı Xanoğlan Bayramov
1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki... Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb.

Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft Daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı.

Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə

160


------------------------------------------Neft Daşları-------------------------------------------
təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft Daşları olmuşdu. Təhsilini də burada davam etdirmiş, Neft texnikumunun dəniz şəhərində fəaliyyət göstərən filialını bitirmişdi. Xanoğlan Bayramov Neft Daşlarında əmək fəaliyyətinə fəhləlikdən başlamışdı. O, sözün tam mənasında, dəniz şəhərini tikənlərdən idi. 30 ildən çox bir dövrdə öz çətin peşəsindən ayrılmamışdı. Bu sədaqət də onu pillə-pillə ucaltmışdı.

25 il "Möcüzələr adası"nda çalışmış neftçi-şair Zaməddin Ziyadoğlu Xanoğlan Bayramovun "Azərdənizneftinşaat" Trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsinin rəisi olduğu vaxtları xatırlayır. Deyir ki, o illərdə Neft Daşlarında inşaat işləri geniş vüsət almışdı. Gecəyə-gündüzə, yağışa-küləyə baxmadan iş davam edirdi. Xanoğlan Bayramov bu işlərə rəhbərlik etməklə yanaşı, bizimlə, tabeliyində çalışan insanlarla dostluq etməyi də bacarırdı. Bu yüksək insani keyfiyyət çətin dəniz şəraitində güclü amil idi.

Xanoğlan Bayramov 1958-ci ildə, hələ 25 yaşında ikən dövrünün yüksək mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Fəaliyyətinin müxtəlif illərində ona bir sıra rəhbər vəzifələr tapşırılmışdı. "Xəzərdəniztəmirtikinti" Trestinin müdiri, "Azərdənizneftinşaat" Trestinin müdirinin müavini vəzifələrində çalışmışdı. Ancaq nə vəzifə dəyişdirirdi onu, nə şan-şöhrət. Həmişə sadə, zəhmətkeş, insansevər olaraq qalırdı. Amma işə gecikənlər, intizamı pozanlar gözünə görünməsə, yaxşı idi. Onda Xanoğlan Bayramovun sərt üzü özünü göstərirdi... Ən yaxşı tərbiyə üsulu isə şəxsi nümunə idi.

O nümunəni unutmayan, Xanoğlan Bayramovu özünün ustadı hesab edən yetirmələri bu gün də neft sənayemizdə "külüng vururlar". Bu sırada onun doğmaları,övladları da dayanır.



F.Sadıqlı
Azərbaycan.- 2009.- 11 oktyabr

161
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə