Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə7/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   18

1950-1969-cu illər - “Neft Daşları” yatağının istismara verilməsi ilə dünyada

dəniz neft sənayesinin inkişafının əsasının qoyulması dövrü

“Neft Daşları”ndan neftlə dolu ilk tanker 1951-ci ildə yola salındı. 1952-ci ilin əvvəllərində isə artıq 6 kəşfiyyat quyusundan neft istehsal olunurdu. Dənizin su səthinin 40 m-ə qədər dərinliyində estakadaların tikintisi aparılır və yatağın işlənməsi bu estekadalardan “kol” üsulundan istifadə etməklə maili quyuların qazılması yolu ilə həyata keçirilirdi. Belə maili quyuların qazılması dənizin su qatının hətta 60 m dərinliyində olan hissələrindən yatağin istismar olunmasına imkan verirdi. “Kol” üsulu ilə hər meydançadan 24-32 ədəd quyu qazılir, quyudibi məsafə isə şaquli xətdən 2000 m –dən artıq yana ola bilərdi.1950- 1960-cı illər ərzində dənizin 12-16 m dərinliyində 163,4 km uzunluğunda estakadalar tikilib istifadəyə verildi. 1980 –ci ilədək isə “Neft Daşları”nda inşa edilmış estakadaların ümumi uzunluğu 180 km təşkil edirdi. Hal-hazırda “Neft Daşlarında” 200 stasionar platforma var, küçələrin və döngələrin uzunluğu 350 km-ə çatır. Ötən 60 il ərzində burada 2000 yaxın quyu qazılmış, 160 mln. ton neft və 13 mlrd. kub m. səmt qazı hasil edilmışdir. Burada indi 380 istismar quyusu fəaliyyətdədir, orta hesabla hər quyu gündə 5 ton neft verir. “Neft Daşları” adi mədən deyil, dəniz girdabında özünəməxsus kommunikasiyası, nəqliyyatı, yaşayış evləri və s. olan bir şəhərdir.

1950-1960-ci illərdə dəniz axtarış-kəşfiyyat qazma işlərinin texnika-texnologiyası, hidrotexniki neft qurğularının tikintisi, dəniz neft hasilatının infrastrukturu müvəffəqiyyətlə inkişaf etdirilirdi. Bu illər Xəzər dənizinin əsas neft-qaz strukturları müəyyənləşdirildi. İri bloklu dəniz özüllərin tətbiqi – “Pirallahı”, “Darvin Bankası”, “Gürgan-dəniz”, “Çilov-dəniz”, “Palçıq pilpiləsi”, “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Bulla adası”, “Cənub”, “Bahar” və b. yeni neft yataqlarının sənaye istehsalına daxil edilməsinə imkan verdi. Bu strukturlarin bir çoxunda hələ 1949-1950-ci illərdə kəşfiyyat işləri aparılmışdı, lakin sənaye əhəmiyyətli neft və qaz alınması mümkün olmamışdı. Yalnız neft-qaz strukturlarının kəşfiyyatının geoloji-geofiziki üsulları düzgün seçildıkdən sonra, açılmış yataqların birbaşa qiymətləndirilməsinə və istismara verilməsinə imkan yarandı.

Kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi sayəsində bu yataqlara xeyli əsaslı kapital qoyuluşu həyata keçirildi, yüksək əmək məhsuldarlığı əldə edildi, hasil edilən neftin maya dəyəri aşağı salındı.

Lakin, 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ rəhbərliyində baş verən hərc-mərcliklərdən istifadə edən, İttifaqın rəhbər dairələrində məsul vəzifələr tutan və azərbaycan xalqına qarşı qərəzli mövqedə olan bəzi bədxah qüvvələr Azərbaycan neft sənayesinin inkişaf prosesini zəiflətmək üçün bütün səviyyələrdə fəallıq nümayiş etdirdilər və buna müəyyən qədər nail oldular. Azərbaycanda neft sənayesinin guya artıq tənəzzülə uğraması və gələcəkdə heç bir perspektivə malik olmaması kimi iyrənc fikirlər çox yüksək səviyyədə SSRİ rəhbərliyinin nəzərinə çatdırılmağa başlanıldı. Nəticədə 1954-cü ilin 9 iyulunda SSRİ Nazirlər Sovetinin “Neft sənayesinin inkişafı ilə bağlı tədbirlər haqqında” verdiyi qərarla, 1955-ci ildə Azərbaycan neft sənayesinə yönəldilən əsaslı kapital qoyuluşunun həcmi birdən-birə 2,2 dəfə azaldıldı. Bununla bağlı, həmən il 1954-cü illə müqayisədə neft hasilatı 2,2 dəfə, kəşfiyyat qazmasının həcmi isə 4,4 dəfə azaldı. Kapital qoyluşunun kəskin aşağı salınmasına baxmayaraq, 1955-ci ilin neft-qaz planı əvvəlki səviyyədə saxlanilirdı ki, buda onsuzda uzun illər amansız istismar olunan neft yataqlarını daha da pis vəziyyətə salırdı. Bu qərar təkcə Azərbaycan neft sənayesinə deyil, onun ümumi iqtisadiyyatına və gələcəyinə vurulan ağır zərbə idi. Beləki , ölkənin iqtisadi potensialının əsas bazası olan ağir sənaye sahələrinin inkişafı bir başa ( neft-qaz çıxarma və onun infrastrukturu, neft emali, neft kimya, neft maşınqayırma, energetika və d. sahələr) neft və qaz hasilatının artması ilə bağlı idi və bu qərəzli fikirlər həyata keçirilsə idi, respublikanın gələcəkdə sənaye ölkəsindən aqrar ölkəyə çevrilməsi təhlükəsi ortaya çıxırdı və Azərbaycan xalqının intellektual və elmi –texniki səviyyəsinin inkişafına ciddi təsir göstərə bilərdi. Bu azmış kimi, ardınca , 1956 –cı ilin sonunda SSRİ Plan Komitəsinin sədr müavini Mkrtıçyan Sov.İKP MK yaninda Partiya Nəzarəti Komitəsinin sədri N.Şvernikə Azərbaycan neft sənayesinin ölkə iqtisadiyyatı üçün səmərəsiz olduğu barədə müraciət məktubu göndərir və əsas dəlil kimi guya azərbaycan neftinin maya dəyərinin çox yuxarı olmasını göstərir. Əlbəttə bu heç bir çərçivəyə sığmayan ağ yalan idi və yalnız “təxribat” kimi qiymətləndirilməlidir. Yalnız Azərbaycan rəhbərliyinin işə qarışması və SSRİ rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində bunun qarşısı alınır.

Bütün bu hərəkətlərə baxmayaraq azərbaycan neftçiləri yorulmadan sahənin inkişfında yeni uğurlar qazanırdılar. 50-ci illərin ortalarında “Dənizneftlayihə” institutunun əməkdaşları dənizin 20-26 m dərinliyində qazma işləri aparmaq üçün qurğunun layihəsini hazırladılar və 1957-ci ildə bir qurğu hazırlanıb istismara verildi. 1958-ci ildə isə institutun layihəsı əsasında “Qipromos” adlı yeni fərdi özüllər hazırlanıb bu cərgəyə daxil edildi. 50-ci illərin sonunda Xəzər dənizinin 10 yatağında kəşfiyyat və istismar qazıması ışləri aparmaq üçün 400- dən artiq iri metal özüllər fəaliyyət göstərirdi.

Dənizdə neft işlərini uğurla aparmaq üçün həmçinin dəniz neft donanmasının yaradılmasına ehtiyac duyulurdu. SSRİ Neft Sənayesi Nazirliyinin 1949-cu il 4 noyabr tarixli əmri ilə üzən vasitələr Baş idarəsi, həmən nazirliyin 1953-cü il 22 yanvar tarixli əmri ilə Xəzərdənizneftdonanma idarəsi yaradıldı. 1954-cü ildə bu idarənin balansında 170 müxtəlif təyinatlı üzən vasitə var idisə, 1955-ci ildə artiq bu rəqəm 213-ə yüksəlmişdi.

Dəniz neft yataqlarının istismar tarixində digər vacib hadisələrdən biri də 1958-ci ilin avqust ayının 7-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən elan olunmuş “Dənizin su qatının 25-100 m dərinliyində kəşfiyyat və istismar işləri aparmaq üçün dəniz özülünün hazırlanması barədə” keçirilən müsabiqə ilə əlaqədar “Dənizneftlayihə” institutunun layihələndirdiyi, 1800 m dərinliyə struktur-axtarış qazıması işləri aparmağa qadir olan fərdi üzən qazıma qurğusu oldu.

Dənizdə neft hasilatını artırmaq üçün dıgər üsullar da axtarılırdı. Dənizin sahilə yaxın hissəsində estakadaların və fərdi üzən özüllərin səmərəli olmadığı yerlərdə işləmək üçün, azərbaycan alim və mühəndisləri tərəfindən müasir hidrotexnikanın ən son nailiyyətlərini istifadə etməklə müasir bəndlər (damba) layihələndirildi və ilk dəfə Xəzər dənizinin Qaradağ rayonu ərazisində neft yataqlarının işlənməsində istifadə olundu. 1960-cı ildə bu yolla uzunluğu 6 km-ə çatan 6 bənd hazırlandı və 18 neft quyusu qazıldı. Həmçinin bu illər dəniz qurğularını aşınmadan qorumaq üçün alimlər və mütəxəssislər tərəfindən aşınmaya qarşı çox səmərəli vasitələr hazırlandı və tətbiq olundu.

Sahənin texniki cəhətdən yaraqlanması ilə yanaşı, respublikanın neft sənayesinin idarə olunması strukturunda da dəyişikliklər baş verirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1954-cü il 18 may və SSRİ Nazirlər Sovetinin 1954-cü il 13 iyun tarixli qərarlarına əsasən və müvafiq olaraq Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin 1954-cü il 26 iyul tarixli müvafiq qərarları ilə respublikanın Neft Sənayesi Nazirliyi yaradıldı.

Dənizdə yeni neft və qaz yataqlarının açılması o demək deyidi ki, quruda bu işlər davam etdirilmir. 1950-1960-cı illər ərzində Azərbaycanın quru sahəsində dərin qazıma üsulu ilə Kürovdağ, Mişovdağ, Qarabağlı, Qalmaz, Qaradağ və b. bu kimi bir sıra iri neft və qaz yataqları kəşf edilib istismara verildi.

1955-ci ilin əvvələrində Bakının cənub-qərbində Xəzər dənizinin sahilində yerləşən Qaradağ yatağında kəşfiyyat quyusundan çüclü qaz fontan vurdu. Qazla bərabər quyudan böyük miqdarda kondensat da gəlirdi. Qaradağın açılması (o illər SSRİ-də ən iri qaz-kondensat yataqlarından biri) Azərbaycanda yüksək məhsuldarlı qaz laylarının axtarışı və kəşfiyyatının yeni mərhələsinin başlanğıcı oldu. 1957-ci ildə bu böyük qaz-kondensat yatağının (16,5 mlrd. kub m) işlənilməsinə başlanıldı. Qaradağ-Bakı, Qaradağ - Kirovabad (Gəncə)-Ağstafa-Tbilisi- və Ağstafa - İrəvan magistral qaz boru kəmərləri çəkildi.

1960-cı ilədək Xəzər dənizində neft hasilatında aşağıdakı üsullaradan istifadə olunurdu:

- dəniz sahilində quyuların qazılması;

- dənizdə qumdan süni adaların yaradılması;

- fərdi özüllərin üstündən quyuların qazılması;

- estakada yanı meydançalardan quyuların qazılması.

Qazıma və təqiqatlar zamanı geoloji-kartoqrafik, geofiziki kəşfiyyat, seysmik kəşfiyyat və struktur axtarışı üsulları tətbiq olunurdu. Bundan başqa, dəniz neft mədənlərində “kol” üsulu ilə maili qazıma, iki gövdəlili qazıma üsulları və neft hasiltnda isə əsasən fontan üsulu tətbiq olunurdu. 1955-1960-cı illərdə dəniz yataqlarından hasil edilən neftin 70%-i, “Neft Daşları”ndan çıxarilan neftin isə 91%-i fontan üsulunun payına düşürdü. Sonralar azərbaycan neftçilərinin Xəzərin ağır şəraitində axtarış və istismar sahəsində tətbiq etdikləri üsullar başqa dəniz sahili yerlərdə və Sibirin zəngin neft və qaz yataqlarının cəmləşdiyi bataqlıq və su basan ərazilərdə də geniş tətbiqini tapmışdır.

1961-ci ildə bir qrup azərbaycan alim və neftçiləri dəniz neft yataqlarının mənimsənilməsində göstərdikləri müstəsna xidmətlərinə görə ən ali mükafata- Lenin mükafatına layiq görüldülər.

1966-cı ildə SSRİ-də ilk dəfə olaraq iki və habelə daha çox layın bir quyu ilə eyni zamanda ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası işləndi. 1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı.  “Neft Daşları” yatağının açılmasından sonra bir necə il müddətində güclü Neft Donanması yaradıldı, estakada tikintisinin yeni bazaları, metalkonstruksiya hazırlanması üzrə sahələr işə salındı və bunlar da dənizin 25 metr dərinliyində 20 metr aralıqları olan estakadaların tikilməsinə imkan verdi. «Dənizneftqazlayihə» DETLİ-nin köməyi ilə ağır işlərin mexanikləşdirilməsinə nail olundu və nəticədə estakada tikintisində sürət artdı, bu isə Xəzərin daha böyük dərinlikləri istiqamətində, “Neft Daşları” yatağından cənub-şərqdə yerləşən perspektivli strukturlarda geoloji-kəşfiyyat işlərinin aparılmasına imkan verdi.

1966-cı ildə Kürsəngidə yeni neft-qaz yatağı kəşf edilmiş, 1969-cu ildə «Səngəçal–Duvannı», «Xərə–Zirə» və «Bahar» yataqları istismara verilmişdir.Nəticədə, 1964- 1968-ci illərdə respublikada neft hasilatının həcmi ildə 21 mln. tona qədər artırıldı.

Ona görə də 1950-1968-ci illəri Azərbaycan neft sənayesinin tarixində üçüncü “canlanma” dövrü adlandırmaq olar. Bu dövrdə Azərbaycan Cənubi Qafqazın yanacaq bazasına çevrilmışdı, ondan enerjidaşıyıcıları (neft,neft məhsulları, qaz) qonşu dövlətlərə - Ermənistana və Gürcüstana mineral sudan da ucuz qiymətə göndərilirdi.


1969-1991-ci illər – Ümümmilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi zamanı ölkə iqtisadiyyatının, o cümlədən neft və qaz sənayesinin bütün sahələrinin dinamik inkişaf dövrü.
Bu illər Azərbaycan neft və qaz sənayesinin tarixində, xüsusən dəniz neftinin hasilatının inkişaf tarixində yeni bir dövr başlayir.

1969-cu ilədək Azərbaycanda respublikanın iqtisadiyyatında əsasını təşkil edən və Moskvadan mərkəzləşdirilmiş şəkildə idarə olunan Neft Sənayesi Nazirliyi fəaliyyət göstərirdi. Bu nazirlik bir tərəfdən Azərbaycan SSR Nazirlər Sovetinə, dıgər tərəfdən isə SSRİ Neft Sənayesi Nazirliyinə tabe idi.

Əlbəttə, Azərbaycanda dəniz sahəsində neftçıxarmanın inkişaf etdiyi, quruda isə əksinə neft hasilatının azaldığı bir zamanda belə bir idarəçilik üsulunun saxlanması artıq mərkəzi qane etmirdi və məqsədəuyğun sayılmırdı. Ona görə də 1970-ci ildə bu nazirliyin yerinə respublikada iki yeni istehsalat birliyi- “Azərneft” və “Xəzərdənizneft” yaradıldı. “Azərneft” İB-nə respublikanın quru sahəsində, “Xəzərdənizneft” İB-nə (sonralar - “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi) isə SSRİ-nin Xəzər dənizi akvatoriyasının bütün sektorlarında (məhz həmən il Xəzərin SSRİ-yə məxsus hissəsi 4 respublika – RSFSR, Qazaxıstan SSR, Azərbaycan SSR və Türkmənistan SSR arasında sektorlara bölünmüşdü) geoloji-kəşfiyyat, qazıma, yataqların işlənməsi , istismarı və sahə ilə bağlı digər işlərlə məşğul olmaq həvalə olundu.

1971-ci ildə respublikada, neftin Azərbaycanda sənaye üsulu ilə hasilatına başlanandan bəri ilk milyard ton neftin çıxarılması təntənəli şəkildə qeyd olundu.

1970-1980-ci illərdə dəniz neft sənayesinin infrastrukturunun müasirləşdirilməsi sahəsində Heydər Əliyev tərəfindən çox mühüm və Azərbaycanın bü gününə hesablanmış böyük işlər görüldü.

1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin dərinliynin 40 m-də işləməyə imkan verirdi və Xəzər dənizinin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlardakı neft və qaz yataqları demək olar ki, kəşf olunmuşdu. Dəniz neft və qaz sənayesinin gələcək inkişafı dənizin daha dərin hissəsində yeni yataqların axtarışından asılı idi. Ona görədə bu illər əvvəlcə dənizin 70 m dərinliyində kəşfiyyat-qazıma işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazıma qurğuları alındı və bu da “Bahar” və “Bulla-dəniz” qaz-kondensat yataqlarının açılması ilə nəticələndi.

Sonra isə dənizin 200 metrdən çox dərinliyində işləməyə imkan verən “Şelf” tipli ən müasir yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Bu qurğular müstəqillik dövründə «Dədə Qorqud» və «İstiqlal» qurğularının yaranması üçün təməl rolu oynadı. 80-ci illərdə üzən qazma qurğularının sayı artıq 11-ə çatdı və onlardan səmərəli istifadə olunması nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda dənizin 80-350 metr dərinliyində zəngin neft ehtiyatlarına malik “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1987), Kəpəz (1989) və başqa yataqlar (Şərqi-Livanovo yarğanı - dənizin Türkmənistan sektorunda, Qayalı dəniz - Qazaxıstan sahillərində) kəşf olundu.

Həmçinin dənizdə çətin əməliyyatların aparılmasının təşkili məqsədilə 1970-1980-сi illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və yorulmaz fəaliyyəti nəticəsində Xəzərdənizneft donanması üçün çoxlu sayda müxtəlif təyinatlı gəmilər- qaldırıcı gəmi-kranlar, borudaşıyan gəmilər, seysmik, sərnişin daşıyan və s. gətirildi. Xəzərdə «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki kəşfiyyat gəmiləri və başqa texniki üzən vasitələr fəaliyyətə başladılar .Ümumiyyətlə, o illərdə Xəzərdə 75 növdə 400-dən çox gəmi fəaliyyət göstərirdi.

Neft-qaz sənayesində tətbiq olunan yeniliklər tezliklə bəhrələrini verdi: yeni kəşf olunan neft və qaz yatağları hesabına neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı respublika üzrə 27,1 mln. ton şərti yanacağa çatdırıldı. Neft hasilatının azalma sürəti qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə aşağı endi. 1975-ci ildə isə «Bulla-dəniz» yatağının işlənilməsinə başlanıldı.  «Bulla-dəniz» və «Bahar» kimi qaz-kondensat yataqlarının kəşf edilməsi nəticəsində 1981-ci ildə Azərbaycanda rekord həcmdə - 15 mlrd. kub m.qaz hasil edildi. Bu qaz yataqlarından hasil olunan qazın bir hissəsi o vaxtlar “Dostluq kəməri” adlanan boru xətti ilə Ermənistana və Gürcüstana ötürülürdü.

Həmin dövrdən başlayaraq Azərbaycan neftçiləri Xəzər dənizinin bütün sektorlarında axtarış – kəşfiyyat işlərinin aparılmasına başladılar. 1970-1988-ci illər ərzində «Xəzərdənizneftqaz» İstehsalat Birliyi  tərəfindən Xəzərin şimalından başlamış cənubuna qədər geoloji – kəşfiyyat işləri aparılmış və dərin quyular qazılmışdır. Azərbaycan geofizikləri tərəfindən isə 350-yə qədər perspektivli struktur aşkar edilmişdir.

SSRİ-də ilk dəfə olaraq 1975-ci ildə Balaxanıda istifadəsiz qalmış neft mədənləri sahəsində neft şaxtasının tikintisinə başlandı və bu qeyri-adi üsul “1976-1980-ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının əsas istiqamətləri” Proqramına daxil edildi. Şaxta üsulu ilə neft hasilatı texniki və texnoloji baxımdan ənənəvi üsullardan fərqli idi və azməhsuldarlı, enejisini itirmiş dayaz kollektorlarin işlənməsində layların neftvermə imkanlarını artıra bılər. Lakin çoxsaylı texniki problemlərin həll olunmaması ucbatından onun tikintisi sona çatdırılmadan 1986-cı ildə dayandırıldı.

1977-ci ildə neft hasilatı ilə bağlı olmasa da, lakin Yer təkinin geologiyasının öyrənilməsi, böyük dərinliklərdə mineral və enerji mənbələrinin aşkara çıxarılması və qazma elminin, texnikasının və texnologiyasının inkişafı və təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan , 15000 m dərinliyə qazılması nəzərdə tutulan Saatlı quyusunda qazıma işlərinə start verildi (quyu 8229 m dərinliyə qədər çatdırılmış (bu Azərbaycan ərazisində qazılmış ən dərin quyudur), lakin bu dərinlikdə qazıma alətinin tutulması nəticəsində qəza vəziyyətinə dümüşdür və 1989-cu ildə ləğv edilmişdir). Dünyanın cəmi 5 ölkəsində (ABŞ, SSRİ, Kanada, AFR və Yaponiyada) qazılması planlaşdırılmış 11 quyudan (onun 2-si SSRİ-nin öhdəsinə düşmüşdü, ikinci quyu Kola yarımadasında qazılmışdır) birinin respublikamızın payına düşməsi bu sahədə çalışan Azərbaycan alimlərinin və mühəndis-texnik işçilərinin bacarığına olan yüksək etimadın təzahürü kimi qiymətləndirilməlidir. Təsadüfü deyildir ki o illər Bakını Sovet İttifaqının “Neft Akademiyası” adlandırırdılar.

Burada bir məqamı qeyd etmək lazımdır ki, o illər Azərbaycanın neft-qazçıxarma müəssisələri SSRİ-nin ayrı-ayrı nazirliklərinin tabeliyinə verilmişdi. “Azərneft”İB –yi SSRİ Neft Sənayesi, “Xəzərdənizneftqaz” İB-yi isə SSRİ Qaz Sənayesi nazirlikləri tərəfindən idarə olunurdular. 80-ci illərdə Xəzər dənizinin Azərbaycan hissəsində yeni perspektiv yataqlar (Günəşli, Azəri, Çıraq və s.) aşkar edildiyi halda, quru sahəsində bu bir o qədər də müşayət olunmurdu. Bununla əlaqədar, 1986-cı ildə SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən Azərbaycanın quru sahəsinə əsaslı vəsaitin qoyulmasının səmərə vermədiyi əsas gətirilirdi ki, buda neft sənayesi və onunla bağlı olan diğər sənaye sahələrinin ləğv olunmasına və respublikanın sonda sənaye-aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsinə gətirib çıxara bilərdi. Moskvadan Heydər Əliyevin təkidi ilə Azərbaycana gələn nazir, burada ona təqdim olunan hesabat sənədləri və aparilan işlərlə yaxından tanış olduqdan sonra, öz fikrini dəyişmiş və quru neft sənayesinin rentabelliyini artırmaq üçün yeni quyuların qazılması təklifi ilə razılaşmışdır.

Ancaq bunu da qeyd etmək lazımdır ki, 1982-ci ildə Heydər Əliyevin SSSİ Nazirlər Sovetinin birinci müavini təyin edilməsi ilə əlaqədar respublikadan getməsi və “yenidənqurma”nın yaratdığı siyasi-iqtisadi təzadlar respublikanın iqtisadiyyatinda, o cümlədən neft sənayesində də müəyyən geriləmələrə səbəb oldu. Beləki, SSRİ- nin süqutu ərəfəsində 1990-cı ildə Azərbaycanda neft hasilatı 12,9 milyon ton, qaz isə 8 milyard kub metr təşkil etmişdi.

Deyilənlərə yekun kimi qeyd etmək olar ki, sovet dövrü Azərbaycan neft sənayesi tarixində olduqca mühüm mərhələ təşkil edir. Sovet imperiyası Azərbaycanın neft sərvətlərindən səmərəli bəhrələnmək üçün geniş imkanlar açmış, böyük maddi-texniki baza yaratmış, bacarıqlı mütəxəssislər, peşəkar neftçilər nəsli yetirmiş, onların köməyi ilə yeni zəngin yataqları aşkara çıxarmış, neft hasilatında və emalında ən mütərəqqi üsulların tətbiqinə nail olunmuşdur. Bu dövrdə ölkəmizdə neft maşınqayırma, neft-kimya, energetika və sənayenin digər sahələri də sürətlə inkişaf etmiş və bu sahələrlə bağlı güclü elmi-texniki baza yaradılmışdır. Azərbaycan iqtisadiyyatı neftin və neft məhsullarının hətta ən aşaqı qiymətlərlə satışı zamanı SSRİ iqtisadiyyatına gəlir gətirmiş, yəni 15 respublika arasında Rusiya Federasiyasından sonra müsbət saldo ilə işləyən yeganə respublika olmuşdur.

Lakin, bütün bu nailiyyətlərlə yanaşı, sovet dövründən Azərbaycan neft sənayesinə ciddi ekoloji problemlər də miras qalmışdır və indi onların həlli üçün hədsiz ölçüdə maliyyə vəsaitlərinin qoyulması tələb olunur və bu vəsaitlər xərclənir.


1991-indiyə qədərki dövr. SSRİ-nin süqutu ilə müstəqil Azərbaycan dövlətinin yarandiğı və ulu öndər H.Əliyevin neft strategiyasının təşəkkül tapması dövrü.

1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan müstəqillik əldə etdi və öz enerji ehtiyatlarının sahibı oldu. Lakin SSRİ-nin süqutundan sonra müstəqilliyini əldə etmiş keçmiş müttəfiq respublikalar arasında olan iqtisadi münasibətlər tamamilə pozuldu. Bu illər Azərbaycanın iqtisadiyyatı əsl böhran keçirirdi və buna səbəb iqtisadi əlaqələrin kəsilməsi ilə yanaşı, həm də Ermənistanın Azərbaycana qarşı Qarabağda apardığı işğalçılıq siyasəti nəticəsində ölkənin müharibəyə cəlb olunması və daxildə baş verən siyasi qarşıdurmalar idi. Yaranmış bu gərgin vəziyyət respublikanın neft-qaz sənayesinə və onunla baqlı olan bütün sənaye sahələrinə öz ciddi təsirini göstərmişdi. Beləki, maliyyə vəsaitinin və texniki təchizatın pisləşməsi nəticəsində neftqazçıxarma sənayesində işlək quyu fondunun əksər hissəsində böşdayanmalar baş verirdi, istismar və kəşfiyyat qazıması xeyli azalmışdı, neftçilərin iqtisadi-sosial həyatında böyük çətinliklər yaranmışdı ki, bu amillərdə neft və qaz hasilatının azalmasına gətirib çıxarmışdı.

Azərbaycan Respublikasında neft və qaz sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 03.12.1991-ci il tarixli Fərmanı ilə “Azərneft” və “Xəzərdənizneftqaz” İstehsalat Birliklərinin bazasında “Azərineft” Dövlət Konserni yaradıldı.

Azərbaycanın neft sənayesinin bərpası, Xəzərin su qatının dərin hissəsində açılmış nəhəng yataqların istismara verilməsi və perspektiv strukturlarda kəşfiyyat işlərinin aparılması üçün böyük kapital qoyuluşu ilə yanaşı, həmçinin neft-qaz sənayesinə, xüsusən yeni dəniz yataqlarının istismarına müasir texnika və texnologiyaların tətbiqi də tələb olunurdu ki, bu da yalnız sahəyə irimiqyaslı sərmayələrin cəlb ediləcəyi halda mümkün idi. Buna görə də Azərbaycan hökuməti ən böyük yeni yataqların və perspektivli sturukurların tədqiqatı və işlənməsi üzrə layihələri həyata keçirmək məqsədi ilə xarici kapitalı cəlb etməyə başladı.

1989-сu ildə, hələ onda Sovet Azərbaycanı olan respublikamızda peyda olan ilk iş adamlarından biri Şotland neft şirkəti olan “Remko”nun icraçı direktoru Stiv Remp idi və onun Bakıya gəlməyini həmyerlimiz D.Stolyarov (Livşıtc) təşkil etmişdi. Görünür SSRİ-də gedən proseslərdən Qərbdə artıq anlayırdılar ki, tezliklə burada böyük siyasi dəyişikliklər baş verəcək və ölkə iqtisadiyyatına, o cümlədən Azərbaycana da xarici sərmayələr cəlb etməyə ehtiyac yaranacaqdır. Ona görədə S Remp burada geniş fəaliyyətə başladı. O, məşhur neftçi ,”Xəzərdənisneftqaz” İB-nin Baş direktoru Qurban Abbasovla və başqa mütəxəssislərlə tanış oldu. Sonralar S.Remp xatırlayırdı: “Siz hər yerdə (Bakıda) əsrin əvvələrində baş vermiş “neft canlanması”nın izlərinin şahidi ola bilərsiniz... Yüzlərlə quyu pis vəziyyətdə idi. Heç yerdə Qərbin təsiri hiss olunmurdu. Sanki zaman burada dayanmış idi.”. Sonra o, davam edir: “1989-cu ildə “dəmir hasar”ın çökməsi ərəfəsində (Qərbin) əksər neft şirkətləri öz səylərini Qərbi Sibirə cəmləşdirmişdilər. Belə fikir yaranmışdı ki, guya Azərbaycanın (enerji) ehtiyatları çoxdan tükənmişdir.

Azərbaycan mütəxəssisləri ilə görüşlərdən sonra mən özümə aşkar etdim ki, Xəzər dənisində hələ işlənməmiş nəhəng (neft-qaz) ehtiyatlar mövcuddur”. Q.Abbasov S.Rempdən xahiş edirki, dəniz yataqlarının işlənməsinə xarici sərmayədarları cəlb etməyə kömək göstərsın. Böyük Britaniyaya qayıtdıqdan sonra, S.Remp Bakıdan aldığı məlumatları “Britiş Petroleum” şirkətinin mütəxəssislərinə göstərir və onlar Xəzərdə olan ehtiyatların həcminin böyüklüyündən heyrətə gəlirlər. Beləliklə, Qərb iş adamları üçün Azərbaycan bir neft diyarı kimi yenidən kəşf olundu. S.Rempin Azərbaycanın rəsmi şəxsləri ilə uzun danışıqlar prosesi başladı. Nəticədə ona təklif olundu ki, gələcək neft yataqlarının işlənməsindən müəyyən pay almaq əvəzində, o, respublika ilə neftçixarma sahəsində əməkdaşlıq etməyə hazır olan şirkətləri axtarmaqla məşğul olsun. S.Rempin səyləri belə nəticələndi : 1990-cı ilə Azərbaycan hökuməti artıq bir sira iri neft şirkətləri ilə, o cümlədən - “Britiş Petroleum / Statoyl (Norveç)” alyansı və ABŞ-ın “AMOKO” və “Yunokal” şirkətləri ilə artıq danışiqlara başlamışdı və 1991-ci ilin qışında danışıqların nəticələrini gerçəkləşdirmək üçün müəyyən addımlar atıldı.

Beləki, SSRİ Qaz Sənayesi Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 18 yanvar tarixli 25/25 nömrəli birgə qərarı ilə “Azəri” yatağının öyrənilməsi və işlənilməsi üzrə “Xəzərdənizneftqaz” İB ilə müştərək müəssisə yaradılması üçün tender elan edildi. Layihə böyük marağa səbəb oldu. Neft biznesinin liderlərindən biri olan “AMOKO” şirkəti 1991-ci ilin iyun ayında keçirilən bu tenderdə qalib gəldi və xarici şirkətlərin ümumi iştirak payının 45%-nin sahibi oldu. Tezliklə daha bir neçə avropa və amerika şirkətləri azərbayzanın karbohidrogen yataqlarının öyrənilməsi və işlənilməsində öz xidmətlərini təklif etdilər. Layihədə iştiraka həmçinin “Britiş Petroleum / Statoyl” alyansı, “Yunokal” , “Mak Dermott” (ABŞ) və “Remko” sirkətləri də cəlb olunmuşdular və onlar 1991-ci ilin dekabr ayında artıq müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının hökuməti ilə danışıqlara başladılar. Layihə üzrə işlər davam etdirilirdi və 1992-ci ilin əvvəllərində artıq gələcək neftin beynəlxalq bazarlara ixrac marşrutunun seçilməsinə baxılırdı.

Lakin 1992-ci ilin may ayında Azərbaycan Respublikasının hakim dairələrində dəyişiklik baş verdi və hakimiyyətə gələn Xalq Cəbhəsi elə ilk gündən neft məsələsini ön plana çəkdi. Aparılan danışıqlar nəticəsində 1992-ci ilin sentyabrın 7-də Azərbaycan hökuməti ilə “Britiş Petroleum / Statoyl” alyansı arasında “Dostluq” (sonra “Çıraq” adlandırıldı) yatağının öyrənilməsində və “Şahdəniz” sahəsində neft (sonra məlum oldu ki, qaz-kondensat) yatağının işlənılməsində ona müstəsna hüquq verən müqavilə imzalandı. Yeni yaranmış müştərək müəssisədə iştirak payı 50-nin 50-yə bölünmüşdü. Bundan başqa, alyans aldığı müstəsna hüquqa görə Azərbaycana 30 mln. ABŞ dolları məbləğində bonus (mükafat) ödəməyə razılıq verdi.


Neft-qaz sənayesində idarəetməni daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13. 09. 1992-ci il tarixli Fərmanı ilə “Azərineft” Dövlət Konserninin və “Azərneftkimya” İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradıldı . Şirkətin tərkibinə quruda və dənizdə neft çıxarma, metal konstruksiyalar, neftin nəqli, geofiziki işlər və mühəndis geologiyası, neft emalı və s. infrastruktur sahələri üzrə müəssisələr daxil edildi. ARDNŞ yaranarkən ölkənin neft sənayesinin dirçəlməsi üçün onun lazımı qədər maliyyə ehtiyatları yox idi. Ona görə də xarici neft şirkətləri ilə aparılan danışiqlar prosesi daha da sürətləndi.

1992-сi ilin oktyabrın əvvəllərində ARDNŞ ilə iri beynəxalq neft şirkətlərindən biri olan “Pennzoyl” (ABŞ) şirkəti arasında, 1980-ci ildən azərbaycan neftçilərinin dayaz sularda istismar etdiyi ən böyük yataq- “Günəşli”-nin dərinlikdə yerləşən hissəsinin işlənilməsində ona iştirak etmək hüququ verən saziş imzalandı.

1993-cü ilin martında ARDNŞ ilə “Britiş Petroleum / Statoyl” alyansı arasında “Çıraq” yatağında və sonra da müəyyənləşdirildi ki “Şahdəniz” yatağında birgə işləmək barədə ilkin saziş imzalandı. Bunacan isə “Britiş Petroleum” şirkəti “Azəri” yatağında 19% iştirak payı əldə etmişdi. Xarici sərmayədarlara 4 iri dəniz neft yatağının :- “Azəri”, “Çıraq”, “Günəşli”-nin dərinlikdə yerləşən hissəsi və “Şahdəniz”-in birgə işlənilməsi təklif olunurdu. Eyni zamanda, ARDNŞ və xarici neft şirkətləri arasında işlənmə sahələrinin genişləndirilməsi və layihə iştirakçılarının sayının artırılması barədə danışıqlar aparılırdı. “Yunokal” şirkətinin “Azəri”, “Çıraq”, “Günəşli”-nin dərinlikdə yerləşən hissəsi yataqlarında tədqiqat işlərinin birləşdirilməsi (yunitizasiya edilməsi) barədə təklifi ARDNŞ tərəfindən bəyənildi. Belə birləşmə vəsaiti qənaət etməyə, həmçinin layihənin yeni variantında payların bölüşdürülməsinə yenidən baxmağa imkan verirdi. Yaranmış şirkətlər birliyinə (konsorsiuma) daxil oldular: “Britiş Petroleum / Statoyl” alyansı, “AMOKO”, “Yunokal” , Türk Petrolları Anonim Ortaklıqı” (TPAO), “Mak Dermott”, “Remko” və ARDNŞ. 1993-cü ilin iyunun 5-də ARDNŞ-in Direktorlar Şurası “Azəri”, “Çıraq”, “Günəşli”-nin dərinlikdə yerləşən hissəsi yataqlarında aparılan işlərin birləşdirilməsi (yunitizasiya edilməsi) barədə qərar (bəyannamə) qəbul etdi. Artıq ölkə prezidentinin Londona səfəri və orada sazişin imzalanma vaxtı müəyyənləşdirilmişdi, lakin respublikada siyasi vəziyyət yenidən dəyişdi. Neft sazişinin imzalanmasına yol verməmək üçün xarici qüvvələrin ölkədə olan əlaltıları Azərbaycanı vətəndaş müharibəsi qarşısında qoydular. Vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri isə Rusiya hərbi dairələrinin köməyi ilə ölkənin içərilərinə doğru yeni hücumlara başladılar. Gənc müstəqil dövlət fəlakət girdabına qərq oldu.

Bu ağır siyasi və iqtisadi şəraitdə azərbaycan xalqının əksəriyyətinin tələbi ilə təcrübəli siyasənçi Heydər Əliyev əvvəlcə ölkə parlamentinə sədr, sonra isə ölkə prezidenti seçildi. H.Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı yaranmış vəziyyətin gərginliyini xeyli azaltdı. Azərbaycanın dəqiq siyasi (cəmiyyətin demokratiyalaşması) və iqtisadi (bazar iqtisadiyyatına keçid) konsepsiyası hazırlandı. Bu konsepsiyaya neft sənayesinin inkişafını müəyyənləşdirən bütün sahələr:- yeni dəniz neft yataqlarının axtarışı və kəşfiyyatı, xarici kapitalın iştirakı ilə neft və qaz hasilatının artırılması və ixrac bazarına nəql edilməsi üzvi surətdə daxıl olurdu ki, bu da son nəticədə ölkənin yeni neft strategiyasını müəyyənləşdirdi. Lakin yaranmış daxili gərginliklə bağlı Azərbaycan rəhbərliyi neft sazişinin imzalanmasının müddətini bir qədər uzatmaq qərarına gəldi. Əsas səbəb sazişin şərtlərinə yenidən baxılması və onun şərtlərinin ölkənin iqtisadi maraqlarının qorunması baxımından daha səmərəli etmək idi. Bundan başqa bir uzaqgörən siyasətci kimi H.Əliyev 1993-cü ilin avqustunda gələcək sazişin iştirakçıları olan şirkətlərin rəhbərlərinin Bakıda olan toplantısında aşkar şəkildə bəyan etdi ki, “əgər iri dövlətlərin neft şirkətləri Azərbaycanın neft yataqlarına maraq göstərirlərsə, bu ölkələrin dövlət idarələri respublikada yaranmış indiki ictimai-siyasi vəziyyətədə maraq göstərməlidirlər”. Sazişin ımzalanması vaxtının uzadılmasının ardınca, onun şərtlərinin təhlil olunması və dəqiq yoxlanması üçün əcnəbi ekspertlərdən ibarət komissiya yaradıldı. Eyni zamanda, ARDNŞ-nin aparıcı mütəxəssislərindən ibarət səriştəli qrup yaradıldı və 1994-cu ilin əvvəllərində ARDNŞ-nin yeni idarəetmə strukturunda Xarici-iqtisadi Əlaqələr üzrə vitse-prezident (sonralar I vitse-prezident) təyin olunan indiki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu qrupun tərkibinə daxıl edildi. 1994-cü ilin fevralından iyun ayınadək sazişin üzərində gərgin danışıqlar getdi. Hyüstonda (ABŞ) və İstanbulda (Türkiyə) layihənin iştirakçıları ilə görüşlər və məsləhətləşmələr aparıldı.

Bundan başqa, Hyüstonda bu danışıqlar ərəfəsində ABŞ-ın “BMB” neft şirkəti ilə ARDNŞ arasında Abşeron yarımadasının quru sahəsində yerləşən Umbakı neft yatağının hasilatın pay bölgüsü əsasında ışlənməsi barədə neft sazişi imzalandı. Bu sazişin imzalanması azərbaycan tərəfi üçün çox vacib idi , çünki bununla respublika rəhbərliyi göstərmək istəyirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir, öz təbii sərvətlərinin sahibidir və istənilən beynəlxalq sazişi sərbəst imzalamaq iqtidarındadır. H.Əliyevin dəstəyi ilə atılan bu addım əsas sazişin ımzalanmasında Rusiyadan icazə alınması barədə məsələ qaldıran xarici neft şirkətlərinin tərəddüdlərinə və əssasız tələblərinə tutarlı cavab idi. Saziş üzərində işlər davam etdirilirdi, mətbuat danışıqların gedişatı barədə şərhlər verirdi və imzalanma tarixi ilə əlaqədar mülahizələr irəli sürürdü ki, birdən onun imzalanma tarixi elan olundu – 20 sentyabr.

Beləliklə, 1994-cü ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında təntənəli şəraitdə Xəzərin azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin hasilatın pay bölgüsü əsasında birgə işlənməsi barədə dünyanın tanınmış neft şirkətləri ilə beynəlxalq səviyyəli ilk neft sazişi imzalandı və ona “Əsrin müqavıləsi” adı verildi. 1995-ci ilin əvvəlində ARDNŞ və 10 xarici şirkət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) yaratdılar. Razıliğa əsasən layihənin icrası ilə əlaqədar görülən bütün işlərə əməliyyat rəhbərliyi ABƏŞ yerinə yetirməli idi. Bura əsasən aşağıdakılar daxil idi:

-gündəlik yerinə yetirilən işlərə rəhbərlik;

-neft-qaz əməliyyatlarinin aparılması;

-bütün görülən işlərin əlaqələndirilməsi.

Müqavılənin dəyəri 7,4 milyard ABŞ dolları təşkil edirdi (indi bu rəqəm 18 mlrd. ABŞ dolları təşkil edir).Saziş sahəsi təqribən 432,4 kv.km-dir.

Şirkətlərin layihənin icrasında ilkin iştirak payı (sərmayə qoyuluşu payı) aşağıdakı şəkildə bölüşdürülmüşdü:

• ARDNŞ (Azərbaycan) - 20% və ya 1480 mln. dollar

• BP (Böyük Britaniya) - 17,1267% 1267 mln. dollar

• AMOKO (ABŞ) - 17,01% 1258 mln. dollar

• Lukoyl (Rusiya Federasiyası) - 10% 740 mln. dollar
• Pennzoyl (ABŞ) - 9,8175% 726 mln. dollar

• Yunokal (ABŞ) - 9,52% 707 mln. dollar

• Statoyl (Norveç) - 8,5633% 633 mln. dollar

• Mak Dermott (ABŞ) - 2,45% 181 mln. dollar

• Remko (Böyük Britaniya) - 2, 08% 154 mln. dollar

• TPAO (Türkiyə) - 1, 75% 129 mln. dollar

• Delta-Nimir (S. Ərəbistanı) - 1, 61% 125 mln. dollar

Müqaviləyə üyğun olaraq respublıkaya 300 mln. ABŞ dolları mükafat (bonus) ödənilirdi Müqavilənin şərtlərinə əsasən Azərbaycan hər üç yataqda neft və qaz üzərində mülkiyyət sahibi idi, yataqların işlənməsinə ARDNŞ-nin 10% iştirak payına düşən məbləğ (təqribən 740 mln. ABŞ dolları) yalnız gələcəkdə gəlir neftinin hesabına ödənilirdi, neftlə çıxarılan səmt qazı ölkəyə pulsuz verilirdi.

Saziş imzalanandan sonra 1995-ci ilin yazında ARDNŞ öz iştirak payından 5%-ni Ekson (ABŞ) şirkətinin, 5%-ni isə TPAO şirkətinin lehinə ayırdı. Pennzoyl şirkəti öz payından 5% İtoçi şirkətinə satmışdır. Sonralar konsorsium iştirakçıları öz iştirak paylarını müxtəlif həcmdə başqa şirkətlərə satdıqları üçün hal-hazırda (01.01.2008-ci il) iştirak payı aşağıdakı vəziyyətdədir:
• BP (Böyük Britaniya) - 34,14%

• Şevron (ABŞ) - 10,28%

• ARDNŞ (Azərbaycan) - 10,00%

• İnpeks (Yaponiya) - 10,00%

• Statoyl (Norveç) - 8,56%

• EksonMobil (ABŞ) - 8,00%

• TPAO (Türkiyə) - 6,75%

• Devon Enerji (ABŞ) - 5,63%

• İtoçu (Yaponiya) - 3,92%

• Amerada Hess (ABŞ) - 2,72%


“Əsrin müqaviləsi”nin imzalanmasını yekunlaşdırarkən qeyd etmək lazımdır ki, bu sazişlə Azərbaycan iqtisadiyyatı üçün aşağıdakıları əldə edə bilməyə imkan yaranırdı:

- layihənin gerçəkləşməsi azərbaycan neftinin dünya bazarına çıxmasını təmin edirdi ki, o da öz növbəsində yeni perspektiv yataqların səmərəli şərtlərlə işlənməsinə imkan verəcəkdi;

- Azərbaycanın vəziyyəti beynəlxalq sərmayə və maliyyə təşkilatlarının gözündə daha da möhkəmlənirdi, bu isə neftin və qazın böyük həcmdə dünya və avropa bazarlarına çıxarılmasını təmin edən ixrac boru kəmərləri layihələrinin həyata keçirilməsində respublikaya imtiyazlı şərait yaradacaqdı;

- neft-qaz sənayesi ilə sıx əlaqədə olan digər sənaye sahələrinə kapital qoyuluşu axınını təmin edəcəkdi;

- respublika özünün valyuta ehtiyatını yaratmaqla müstəqil sərmayə siyasəti yeritməyə nail olacaqdı;

- Azərbaycanın dünya iqtisadi sisteminə qovuşmasını sürətləndirəcəkdi;

- ölkənin sənayesinin texniki və texnoloji baxımdan səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradacaqdı.

Müqavilənin ən mühüm əhəmiyyəti onun respublikanın beynəlxalq aləmdə siyasi səviyyəsinin artmasına göstərdiyi ciddi təsir olmuşdur. Azərbaycan öz iqtisadiyyatına dünyanın aparıcı dövlətlərini cəlb etməklə, onların dəstəyini qazandı, bu isə respublikamızın həll etdiyi və gələcəkdə həll edəcəyi bütün məsələlərin həyata keçməsində gərəkli idi. Qərb ölkədə olan siyasi sabitliyi nəzərə alaraq, Azərbaycanla öz münasıbətlərini bir tərəfdaş kimi nümayiş etdirir, respublikanın sənayesi vasitəsilə bura iri həcmdə kapital qoyuşunu həyata keçirir.

“Əsrin müqavıləsi” imzalanan gündən həyata keçirilməsinə başlanan ümummilli lider H.Əliyevin yeni neft strategiyası, ölkənin, o cümlədən neft sənayesinin özünün iqtisadı böhrandan çıxması üçün yeganə yol idi. Ona görə də ölkə Prezidentinin müvafiq fərmanı ilə 2001-ci ildən başlayaraq 20 sentyabr günü Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü” kimi yüksək səviyyədə qeyd olunur.

Bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 36 mlrd. dollar (01.01.2009) sərmayə qoyulmuşdur, onun 21 mlrd. dolları Azəri-Çıraq-Günəşli layihəsinin payına düşür. 1997-ci ildən 2008-ci ilədək neft hasilatı 4,9 dəfə artaraq 2008-ci ildə 44,5 mln. ton təşkil etmişdir, 2009-cu ildə bu rəqəmin 50 mln. tona çatacağı gözlənilir. Bu yataqlardan hasilata başlanandan 150 mln. ton neft, 34 mlrd. Kub m qaz hasil edilmişdir, layihənin tərəf müqabilləri ilə AÇG yatağında dərin qatlarda yerləşən qaz laylarının hasilatı ilə bağlı kommersiya danışıqlarına başlanmışdır və ayrica sazişin imzalanmasına gətirib çıxara bilər. Dərin laylarda olan qaz ehtiyatlarının həcmi 400 mlrd. kub m həcmində qiymətləndirilir.


“Əsrin müqavıləsi” xarici sərmayədarların Azərbaycanla əməkdaşlığa başlamasında ilk addım oldu və onun ardınca Qarabağ, Sahdəniz, Əşrəfi-Dan Ulduzu, Lənkəran-dəniz, Talış-dəniz, Naxçıvan, Abşeron, Oğuz, Kürdaşı, İnam, Araz-Alov-Şərq, Savalan-Dalğa-Cənub və b. perspektiv strukturlar üzrə yeni sazişlər imzalandı. Onların həyata keçirilməsi indı müxtəlif səviyyə və mərhələlərdədir. Bu strukturlar içində hələlik ən möhtəşəmi 1 trilyon kub metr qaz və 150 mln. tondan çox kondensat ehtiyatı olan “Sahdəniz” qaz-kondensat yatağınin açılması olmuşdur.

“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb və həmin ilin 17 oktyabr tarixində Milli Məclis tərəfindən təsdiq edilib. Müqavilə iştirakçıları: BP (operator), - 25,5%, Statoil - 25,5%, ARDNŞ – 10%, NICO – 10%, Total – 10%, LukAgip – 10%, TPAO - 9%. Saziş sahəsi 859,8 kv.km-dir.Layihənin həyata keçirilməsinə 5 mlrd. ABŞ dolları kapital qoyuluşu nəzərdə tutulurdu. Burada olan qaz ehtiyatının həcmi 1 trilon 300 mlrd. kub m həcmində qiymətləndirilir. "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" layihəsi 178 mlrd. kub. metr qaz və 34 mln. ton kondensat çıxarılmasını nəzərdə tutur, ildə çıxarılacaq qazın həcmi isə 8,8 mlrd kub m təşkil edəcəkdir. Bu həcmdə qazın 1,4 mlrd. kub m Azərbaycana, 0,8 mlrd kub m Gürcüstana və 6,6 mlrd kub m Türkiyəyə satılacaqdır.

Yataqda 5 quyu qazılmış və gündəlik hasilat 22 mln. kub m təşkil edir (04.2009). 2006-cı ildə Şahdəniz TPG 500 dəniz platforması və onunla əlaqədar sualtı özüllər inşa edildi. Hasilat qurğuları gün ərzində təxminən 28,5 milyon kubmetr qaz və 8000 ton kondensatı texnoloji emal etmək imkanına malikdir. 2006-cı ilın noyabrında bu platformada quraşdırılmış ilk quyudan qaz hasil edilmişdir. “Şahdəniz” və AÇG yataqlarından hasil olunan təbii və səmt qazları hesabına Azərbaycanda qaz istehsalı arteraq 2004-cü ildəki 5 mlrd. kub m-dən 2008-ci ildə 21 mlrd. kub m-ə çatmışdır. Bakı-Tbilisi-Ərzurum boru xətti ilə isə 2007-ci ilin iyul ayından 2009-cu ilin may ayinin 1-dək 700 mln. kub m Gürcüstana, 7,5 mlrd. kub m Türkiyəyə qaz ötürülmüşdür. 2012 - ci ildən sonra həyata keçiriləcək ikinci mərhələ çərçivəsində hasilat 20 milyard kubmetrə çatdırılacaq.

Ümumiyyətlə, təkcə bu imzalanmış sazişlər üzrə sərmayə qoyuluşu 65 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.

“Əsrin müqavıləsi” imzalandıqdan sonra çox qısa zaman ərzində (1995-199-cu illər) layihənin həyata keçirilməsi istiqamətində böyük işlər görüldü. Onlardan ən mühümləri aşağıdakılardır:

- 1995-ci ilin avqust-dekabr aylarında Xəzər dənizində saziş ərazısındə və ona yaxın sahələrdə (cəmisi 990 kv. km) elmi-tədqiqat gəmisinin köməyi ilə 3D seysmık tədqiqat işləri aparılmış və 26400 poq.m seysmik kəsiliş işləri görülmüşdür;

- 1996-1997-ci illərdə “Çıraq” yatağında əvvəllər quraşdırılmış platforma, yenidən qərb standartlarına uyğun bərpa edilərək istifadəyə verilmiş və 1997-ci ilin noyabrın 12-də buradan qazılmış birinci quyudan 1500 ton gündəlik hasilatla ilkin neft alınmışdır;

Müqavilə imzalandıqdan sonra “Çıraq-1” platformasından 1997-ci ilin noyabrin 12-də alınan ilk neft digər saziş-layihələrin də həyata keçirilməsinə inamı daha da artırmış oldu. “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) layihəsi üzrə 25-30 il ərzində 400-ə yaxın quyunun qazılması, 900 mln. tondan çox neft və 250mlrd. kub metr qaz hasil olunacağı ehtimal edilir. “BP” və “Amoko” şirkətləri birləşdikdən sonra “Əsrin müqavıləsi”ndə “BP” şirkətinin iştirak payı yüksək həddə çatdığı üçün (34,14%), layihənin əməliyyat işlərinə rəhbərlik 1999-cu ildən tamamilə bu şirkətə verilmişdir. 1994-сü ildə təməli qoyulmuş müstəqil Azərbaycanın neft strategiyası 2003-ci ilin oktyabrından sonra Prezident İlham Əliyev tərəfindən daha üğürla davam etdirildi.

Hazırda “Azəri, Çıraq və Günəşli” (AÇG) yataqlarının tam işlənməsi, Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri (ƏİBK), “Sahdəniz” yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri kimi nəhəng birgə layihələr üzrə işlər uğurla davam etdirilir.

1997-ci illə müqayisədə neft hasilatı 2007-ci ildə təqribən 4,7 dəfə artirildı (42 mln. ton) və bu artım əsasən “Əsrin müqavıləsi” çərçivəsində “Azəri, Çıraq və Günəşli” (AÇG) yataqlarının işlənməsi layihəsinin həyata keçirilməsi hesabına əldə olunmuşdur ( 2007-ci ildə Saziş sahəsindən 32,9 mln. ton neft, 6,7 mlrd. kub metr qaz hasil edilmişdir). Layihə üzrə nəzərdə tutulmuş 5 hasilat platformasından 4-ü artıq istismara verilmiş, 5-ci “Dərinsulu Günəşli” platformasının tikinti işləri başa çatmaq üzrədir. İndiyədək yataqlardan 116 mln. tondan çox neft, 25 mlrd. kub metr qaz hasil edilmişdir. 2010-cu ildə neft hasilatının 58 mln. tona, qaz hasilatının isə 15 mlrd. kub metrə çatdırmaq nəzərdə tutulmuşdur.

Hal-hazırda Azərbaycanda 231 perspektiv struktur aşkar edilib, qazımaya hazırlanıb və kəşfiyyatdadır. Onlardan 38,1%- quruda, 61,9% - dənizdədir. Seysmik kəşfiyyat işlərinin nəticəsində dərin qazımaya hazırlanmış strukturlar 25,1 % təşkil edir. Respublikada 69 neft-qaz yatağı aşkar edilmış – onlaradan 42-si quruda, 27-si isə dənizdədir. İndiyədək sənaye işlənməsində 61 yataq olmuşdur, o cümlədən 40 yataq quruda, 21 yataq isə dənizdə və bu yataqlardan 1,4 milyard ton neft və 500 milyard kub metr qaz hasil edilmışdir.

Azərbaycanin neft və qaz ehtiyatlarının müştərək işlənməsi üzrə olan layihələr beynəlxalq transmilli şirkətlərlə fəal işlənmədədir. Mütəxəssislərin fikrincə Azərbaycanın yer təkində 2 mlrd. tona yaxın neft və 1,5-2 trilyon kub metr qaz ehtiyatları var və yeni işlənməyə verilən perspektiv strukturlar sənaye əhəmiyyətli olarsa bu rəqəmlər daha da arta bilər.

Ölkənin neft və qaz sərvətləri bugündə əsas strateji ehtiyatlardandır. İndi Azərbaycan ciddi neft və qaz istehsal və ixrac edən ölkəyə çevrilməkdədir. Bu böyük ölkələrin Azərbaycanın karbohidrogen ehtiyatlarına və burada hökm sürən sabitliyə olan inamı nəticəsində mümkün olmuşdur. Bu inam respublikada Prezident İlham Əliyevin həyata keçirdiyi demokratik dəyişikliklərə və dunya birliyinə inteqrasiya olunmaq istiqamətində apardığı iqtisadi siyasətə əsaslanır. Bütün neft sazişləri Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin, ölkədə və bölgədə isə sülhün və sabitliyin təmin olunmasına yönəlmışdir.

1   2   3   4   5   6   7   8   9   10   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə