Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə3/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

Tarixçilərin əlində təkzibolunmaz faktlar vardır ki, qədim roma döyüşçüləri bizim regiona soxularkən, silahda üstün olsalarda, lakin bu torpaqları zəbt edə bilməmişlər: onlara qarşı görünməmiş silahdan – gil qablara doldurulmuş alışan mayedən istifadə olunmuşdur, hansı ki, nəyin üstünə düşürdüsə yandırırdı və onu nə su, nədə ki, qumla söndürmək mümükün olmurdu. Bundan başqa, bu yerlərin müdafiəçiləri insan tarixində ilk dəfə xüsusi “neft atan” mancanaqlardan - “neffatin”lətdən istifadə etmişlər. Onlar tarımlanmış mancanaqdan (katapultdan) alışan maye doldurulmuş küpələrlə düşmənə atəş açırdılar.


Beləliklə, qədim yunanlar və romalılar da abşeronluların təcrübəsindən istifadə etməklə yanan neftdən alovlanan maddə kimi şora, kükürd və qatranla bırgə “odlu oxlar” və “odlu küpələr” hazırlayaraq hərbi məqsədlər üçün tətbiq edirdilər.Ucları neftə hopdurulmuş əski ilə sarınmış “odlu oxlar” çoxdan məlum idi. Hərbi meydanlarda neft – “yunan odu” – 2 min il bundan qabaq da istifadə olunurdu. Yandırılmış neft hərbi döyüşlər zamanı geniş istifadə olunurdu, hətta bəzən onun taleini həll edirdi. Salnaməçilər söyləyirlər ki, qədim yunanlar sirrli maddə ilə dolu küpələri nəhəng sapandla atılan nizəyə bağlayırdılar. Mərmi-nizə hədəfə çatanda partlayış baş verirdi və tüstü buludu qalxırdı. Alov tezliklə bütün istiqamətlərdə yayılırdı. Su onu söndürə bilmirdi. “Yunanların ildırıma bənzər odları var. Onlar bu odu bizə qarşı yönəltdilər və qarşılarına çıxan hər şeyi külə döndərdilər, ona görə də onlara qalib gəlmək mümkün deyildir” – yunanlarla döyüşdə sağ qalmışlardan biri belə söyləyirdi.

Homerin “İliada”sında belə sətirlər var:

“... Troyalılar gəmini tələsik atıb qaçdı.

Usanmaz od. Sönməz alov alışdı.”

Yunanlar və romalılar həmçinin neftdən yağlayici, kipləndirici və işıqlandırıcı maddə kimi də istifadə edirdilər. Belə ki, Dioskorid Pedaniy (təxminən eramızın 40 - 90- cı illəri) Sitsiliya adasında (İtaliya) çıxarılan, “sitsiliya yağı” adlandırılan və işıqlandırıcı çıraqlarda geniş tətbiq olunan neft haqqında yazmışdır. O illərin yazılarında bitumdan yanacaq kimi istifadə olunması birbaşa göstərilir.

Neft qədim təbabətdə də istifadə olunurdu. IV əsrdə qədim yunan həkimi Hippokrat və hətta romalı arxitektor Vitrubi tərkibində yanar qarışıq olan çoxsaylı reseptlər qoymuşdur. Hippokratın qədim əlyazmalarında neft donuz piyi, kükürd, çaxır və digər maddələrlə qarışdırılır. Neftdən və bitumdan arpa ununda məlhəm düzəldir və açıq yaraların üstünə qoyaraq, bu yolla qanaxmanın qarşısını alırdılar.

Bizim eranın I əsrində romalı alim Pliniy (ərəb mənbələrində onun adı Bəlinas, Əbliniyas kimi də göstərilir) təsdiq edirdiki, neft qanaxmanın qarşısını alır, yaraları sağaldır, kataraktı müalicə edir, məlhəm kimi podaqranın ağrısını götürür, diş ağrısını yüngülləşdirir, uzun sürən öskürəyi sakitləşdirir, təngənəfəsliyi aradan qaldırır, əzələ toxumalarının bitişməsinə yardım edir, yel xəstəliyinə və qızdırmaya yüngüllük gətirir. Pliniyə görə neft, həmçinin “gözün normal görməsinə mane olan kirpiklərin düzəldilməsində xeyirlidır”.

“Təbabətin tarixi” kitabının müəllifləri göstərirdilər ki, həkimlər hələ çox qədimlərdən nefti dərman kimi bədənin daxilinə qəbul etmək və dəri qatını yağlamaq üçün verirdilər.

Öz yürüşləri zamanı yunan və romalılara Kiçik Asiyada çox neft mənbələri məlum oldu. Bizim eranın I əsrində yunan tarixçisi Diodor bitum haqqında böyük təəssüratla yazırdı: Babilistanda çoxlu ağlasığmaz möcüzələr görmək olar, amma onların heç biri burada tapılmış bitum mənbəyi ilə müqayisə oluna bilməz”.

Romalılar nefti “oleum petrae” - daş yağı adlandırırdılar. Bu ad digər dillərə də keçmişdir. Buradan da “petroleum” sözü yaranmış, neft emalının məhsullarından birinin adı petroleum efiridir. Romalılar neft və bitumu öz vətənlərinə daşıyır və zəbt etdikləri xalqlar kimi onu istifadə edirdilər.

Antik mənbələrin yazdığına görə farslar, ərəblər, türk tayfaları və diğər xalqlar da yanar neftdən müharıbələr zamanı istifadə edirdilər, içərisində yanan neft və kükürd qarışığı olan qabları düşmənə atırdılar.

E.ə. IV əsrdə yaranmış qədim Azərbaycan dövləti – Atropatena haqqında yazan Ammian Marsell IV əsrdə yazırdı: “Bu ölkədə “midiya yağı” hazırlanır. Bu yağa batırılmış ox kamandan qopub nəyəsə sancıldıqda, onu yalnız torpaq tökməklə söndürmək mümkün olur. Çünki su ilə söndürməyə çalışdıqda alov daha da şiddətlənir. “Midiya yağı” həm hərbi işdə, həm də təsərrüfatda kara gəlir”.

Beləliklə, uzun əsrlər boyu neft nəinki qimətli məhsul olmuş, həmçinin qədim və erkən orta əsrlərin əsl möcüzəsi idi.

Təbii qaz da məlum idi, məsələn, atəşpərəstlərin müqəddəs məbədlərində “yanar qazlar”, lakin o dövrlərdə ondan məişətdə necə geniş istifadə etməyi hələ bilmirdilər. Düzdür Britaniya səlnaməçiləri yazırlar ki, qədim Çində hələ e.ə. 900- cu ildə təbii qazdan istifadə edirdilər. Duz çıxarılan sahələrdə aşkar edilən qaz yataqlarından hasil edilən qaz elə duzun özünü qurutmaq üçün yandırılırmış.





4. Böyük İpək Yolu və Abşeron nefti – e.ə. II əsr – XVIII əsrədək.
Böyük İpək Yolu (BİY) e.ə. II əsrdə yaranıb, Çinlə Roma imperiyasını birləşdirirdi və eramızın ХVI-XVIII əsrinə qədər mövcud olub. Bu, dünya sivilizasiyası tarixində böyük nailiyyətlərdən biridir. Böyük İpək Yolu yalnız karvan yolu deyil, həmçinin fikir mübadiləsi yolu idi. Qərbə ipək, şərqə isə qızıl və gümüş daşınırdı. Şərqdə başlanğıc məntəqəsi Veyxe vadisində yerləşən, hazırda Şensi əyalətinin mərkəzi, qədimdə Erkan Xan inmperiyasının (e.ə. 206 – 25) paxtaxtı olan Sian (XIV əsrə qədər - Çаnyan) şəhəri idi.

Böyük İpək Yolunun uzunluğu, demək olar ki, 6,5 min km-dir. Bu, Romaya qədərdir. Piriney yarımadasına kimi hesablansa isə bu rəqəm 9 km-ə çatar. Çox yerlərdə bu sadəcə karvan yolu idi. Yol Boyük Çin Səddi boyunca uzanır, Təklə-Məkan səhrasını keçir, Pamirə qalxır, Əfqanistanla kəsişir və Aralıq dənizi sahillərində qurtarırdı. Buradan mallar dənizlə Roma və digər Avropa şəhərlərinə çatdırılırdı. Bu yolu tam qət edənlər o qədər də çox deyil.

Eramızdan əvvəl 139-cu ildə Çin imperatorunun sadiq təbəəsi Canq Tsiyan Qərbə yollanaraq karvan yollarını öyrənmək əmri aldı. Yolları dərk edilmiş zərurət – yəni azadlıq çəkir. Bu marksist formulu ilə hərəkət edərək azadlığı sevən karvanbaşı 23 il sonra Baktriyaya çatır.

Hələ 1877 –ci ildə Karl Marvin yazırdı ki, Abşerondan İrana, İraqa, Hindistana və d. ölkələrə neftin daşınması barədə təkzıbedilməz dəlillər vardır. Ona görədə qədim zamanlardan, Böyük İpək Yolu fəaliyyətə başlayandan Azərbaycan da bu yolun mühüm qovşaq məntəqəsinə çevrildi. E.ə. I-II əsrlərdə ən qızğın ticarət yolu Azərbaycandan keçirdi. Əsərlərində bu yolun adını ilk dəfə çəkən coğrafiyaçı Strabonun şərəfinə onu adətən “Strabon Yolu” adlandırırdılar. Bu yol Mərkəzi Asiyadan keçməklə Çindən Hindistanadək, daha sonra Xəzər dənizinədək çatan Uzbay çayı ilə uzanır və Azərbaycan ərazisindən keçirdi. Burada o, 2 qola ayrılırdı: onlardan biri Kür çayı boyunca yuxarı, Kolxida və İberiyaya tərəf, digəri isə Şimala, Xəzər dənizinin qərb sahili ilə Dərbənd və Qafqaz düzləri ilə keçərək yunan şəhər-koloniyalarında qurtarırdı.

“Strabon yolunun” məhz bu iki qolu boyunca orta əsrlərdə Azərbaycanın bir çox qədim şəhərləri ucaldılıb. Həmçinin, Volqadan keçməklə indiki cənubi rus və Ukrayna çöllərinə, o cümlədən, Krıma və Şərqi Avropaya aparan ipək yolunun Düzənlik şaxəsi– Dəşt-i Qıpçaq (Qıpçaq çölü – XI-XV əsrlərdə türk xalqlarının Altaydan Dunayadək yaratdığı nəhəng dövlət ərazisi) mövcud idi.
Karvan yollarının şaxələnmiş şəbəkələri Avropa və Asiya ərazisində Aralıq dənizindən Çinə qədər uzanır, qədim və orta əsrlərdə Qərblə Şərq mədəniyyəti arasında mühüm ticarət və dialoq vasitəsi idi. Ipək yolunun ən uzun və magistral hissəsi Mərkəzi Asiya, o cümlədən indiki Qazaxıstan ərazisindən keçirdi. Çin ipəyi, Hind şirniyyatları və əlvan daşları, İran gümüş məmulatları, Bizans kəhrəbaları, Əfrasiyab (indiki Şəmərqənd) saxsı qabları və bir çox digər mallarla yüklənmiş karvanlar Qaraqum və Qızılqum səhraları, Mərv və Xorəzm vahələri ilə gedir, Pamir, Tyan-Şan, Altay dağlarını, Murqab, Amudərya və Sırdərya çaylarını keçirdilər. Karvan yollarında zəngin şəhərlər, ticarət-sənətkarlıq məntəqələri, karvansaralar yaranıb çiçəklənməyə başladı: Türkmənistanda - Mərv, Özbəkistanda - Buxara, Səmərqənd, Urgənc, Qazaxstanda - Ortar, Türküstan, Taraz, İspəncab, Qırğızıstanda - Cul, Suyab, Novokənt, Balasaqun, Borskoon, Taş-Rabat, Oş, Uzgen. İnsanlar bu azman (çox uzun) yolu piyada və ya dəvələrlə dəf edirdilər.

Bizə çatan məlumatlara görə, Azərbaycan ərazisində əldə olunan neft də çox qədim zamanlardan bu karvan yolları ilə müxtəlif ölkələrə daşınırdı, belə ki, o zamanlar Mesopotomiya istisna olmaqla (orada da bir az neft vardı) Bakıdan və Naftalandan savayı neft heç yerdə çıxarılmırdı. Hələ XII əsrdə Nizami Gəncəvi (1141 – 1201-ci illər) öz əsərlərində indiki Naftalan yaxınlığında yerləşən Səfi-Kürd kəndindən dəvə karvanları ilə neftin aparıldığını qələmə almışdır.

Marko Poloda Bakıdan neftin Yaxın Şərq ölkələrinə daşındığını təsdiqləyir. 1271-ci ildə bir yerdə qərar tuta bilməyən italiyalı Marko Polo Çinə möhtəşəm, 6 min km uzanan yola çıxanda, bu yol Böyük İpək Yolu (BİY) adı altında artıq məlum idi.

Dərk edilmiş zərurət Qərbdə qızıldan çox sevilən mallar - ipək parçalar və xam ipək, yaqut və müşk, kağız və mirvari üçün yol açdı. Təkcə bir əxlaqsız Roma ildə yüz milyon sestersiyalıq şərq malları alırdı. Yalnız əxlaqsiz deyil, eyni zamanda acgöz Roma BİY ələ keçirmək və ya onun kimi magistral yaratmaq istətirdi. Buna görə də tez-tez İranla müharibə edirdi. Yeni yollar çəkmək və onlardan ötrü qan tökmək insanların qanındadır. Zərurət BİY ilə gah tacir, gah sərkərdə, gah da ki, peyğəmbər simasinda gəzirdi. Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiyanın indiki əraziləri daxil olmaqla, demək olar ki, bütün Avrasiya qitəsini əhatə edən şaxələnmiş BİY dünyəvi dinləri, əlifba və mədəniyyəti bütün dünyaya yayırdı.

Orta əsrlər dövrünün əvəllərində Azərbaycan Böyük İpək yolunun fəaliyyətində fəal rol oynamaqda davam edir və əsas keçid yeri kimi qalırdı. Bu zamanlar şəhərlər, Uzaq Şərq və Orta Asiyadan Bizans və ondan sonra Şimala aparılması məqsədilə gələn yüklərin özünəməxsus anbarı kimi fəaliyyət göstərirdi. V əsrdən Azərbaycanın (Qafqaz Albaniyasının) paytaxtı olan Bərdə (Partav) Böyük İpək Yolunun şaxələrindən birində, dünyada ən böyük ticarət mərkəzlərindən birinə çevrilmişdi. Bu yolun kifayət qədər canlandırılmış hissəsində yerləşən Bərdə VIII – X əsrlərdə Yaxın Şərq və Transqafqaz regionunda əl incəsənətinin ən böyük mərkəzlərindən birinə çevrilmişdi. XIV-XVIII əsrlərdə Azərbaycanın Böyük İpək Yolu xəttində yerləşən şəhərlərinin rolu əhəmiyyətli şəkildə artmışdı. Bu rus və ingilis ticarətçiləri ilə istifadə olunan Volqa-Xəzər Ticarət yolunun inkişafı nəticəsində baş vermişdi. Bu dövrdə, məsələn, Şərqdən və Avropadan gətirilən malların yığılma yeri olan Bakı, Ərdəbil, Şamaxı, Dərbənd, Marağa, Gəncə və Naxçıvan kimi şəhərlər daşınma mərkəzlərinə çevrilmişdirlər. Rusiya, Orta Asiya, Avropa, Türkiyə və Uzaq Şərqdən olan ticarətçilər məhs burada toplaşırdılar. Bu yolun bütün uzunluğu boyu Bakı ən böyük, demək olar ki, yeganə dəniz limanı idi.

Beynəlxalq ticarətə cəlb olunan bütün şəhərlərdə karvansaralar tikilmişdi. Onlardan çoxu bizim günlərə qədər qalmışdır. Böyük İpək Yolu Azərbaycanın iqtisadiyyatına təsir göstərirdi. Şərqin və Qərbin xalqları ilə daimi çoxəsrli münasibətlər bu xalqların qarşılıqlı zənginləşməsinə səbəb olurdu. Bu münasibətlər həmçinin dünya sivilizasiyasının inkişafına da təkan verirdi.

XVI-XVII əsrlərdə yaşamış səyyahların qeydlərində Bakı nefti haqqında çox qiymətli məlumatlar vardır. Bu dövrdə Qərbi Avropa ölkələrinin Şərqlə, o cümlədən Azərbaycanla ticarət-iqtisadi münasibətlərinin yaradılmasına marağın güclənməsi müşahidə olunurdu.

1555-ci ildə Londonda yaradılmış “Moskva Şirkətı” özünün ticarət agentlərini Rusiyadan keçməklə Orta Asiyaya, Azərbaycana və İrana göndərirdi. İngilislər Azərbaycana 6 səfər etmişlər, lakin ən mühüm səfər Tomas Benisterin və Ceffri Düketin rəhbərliyi ilə şirkət agentlərinin 1568-ci ildən 1574-cü ilədək davam edən beşinci səfəri olmuşdur. C.Düket Bakı nefti haqqında aşağıdakıları yazırdı: ”Şəhərin (söhbət Bakıdan gedir) yaxınlığında qəribə hal müşahidə olunur- burada yerin altından heyrət doğuran qədər yağ çıxır; İranın uzaq yerlərindən bura gəlib həmən yağdan aparırlar... Onu 400-500 qatıra və ulağa yükləyib ölkənin hər yerinə daşıyırlar, belə karvanlara tez-tez rast gələrsiniz...”.

Alman səyyahı Enqelbert Kempfer 1683-cü ildə Bakıda olmuş, Abşeron neftinin ölkənin ərazisindən kənara qatır, ulaq, dəvələrlə və at arabaları ilə daşındığı barədə məlumat vermişdir. “Neft çıxarıldığı yerlərdən tuluqlarla dördtəkərli arabalarada Şamaxıya və Bakıya gətirilir, buradan birinci məntəqədən dəvələrlə ölkənin içərilərinə, ikincidən - dənizlə Girkana, Orta Asiyaya, Çərkəzstana və Dağıstana yola salınır...” [Бакинские известия, 1883, №5-7].

1733-cü ildə Bakı neft rayonuna gəlmiş İrandakı rus səfirliyinin əməkdaşı, həkim İoann Lerx yazmışdır: “Quyulardan götürülən nefti böyük və dərin çalalara tökürlər.Oradanda böyük dəri tuluqlarda arabalar ilə Bakıya daşıyırlar, qalıqları 3 quyu və ya anbarlara tökürlər və Gilan, Şamaxı və digər yerlərdə satırlar və qalan hissəsini şəhərdə istifadə edirlər”.

İkinci minilliyin sonunda bütün dünyanın diqqəti yenidən Böyük İpək Yolunun bərpasına yönəlmişdir. Sərq ilə Qərbin bir-birinə bağlanmasında, bəşəri arzuların gerçəkləşməsində Böyük İpək Yolunun bərpası misilsiz əhəmiyyətə malıkdir. Çünki bu yol Yaponiyadan Şimali Avropaya kimi uzanan strateji əhəmiyyətli bir yoldur.

Müstəqillik əldə etdikdən sonra, qədimdən “Odlar Yurdu” kimi tanınan Azərbaycanın coğrafi mövqeyi və onun təbii neft və qaz ehtiyatları avroasiya iqtisadi və mədəni-informasiya əlaqələrini yeni, daha keyfiyyətli səviyyədə inkişaf etdirmək üçün gözəl imkanlar açmışdır. 1993-cü ildə Brüssel konfransında Qafqazın və Mərkəzi Asiyanın digər yeni müstəqil dövlətləri ilə Avropa arasında “Avropa- Qafqaz- Asiya” nəqliyyat dəhlizinin yaradılması məqsədilə Avropa Birliyinin dəstəyi ilə bu beynəlxalq nəqliyyat dəhlizinin inkişafına texniki yardım üzrə TRACECA proqramı qəbul olundu. Bu proqramın həyata keçirilməsi müəyyən mənada Böyük İpək Yolunu bərpa edəcəkdir.

Məlum olduğu kimi, TRACECA layihəsinin Böyük İpək Yolunun bərpasına çevrilməsinin təşəbbüskarı böyük öndərimiz Heydər Əliyev olmuşdur. Böyük İpək Yolunun Azərbaycanın iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsində nə qədər önəmli rol oynayacağını tam mənası ilə qiymətləndirən Heydər Əliyev özünə xas olan böyük səy və əzmkarlıqla, xüsusən neft amilindən məharətlə istifadə etməklə Azərbaycanı TRACECA layihəsinin həyata keçirilməsinin mərkəzinə, Avropa və Asiya nəqliyyat dəhlizinin mühüm strateji mövqeyinə çevirdi.

Bu marşrutun ölkəsinin ərazisindən keçdiyi bütün dövlətlərin nümayəndələri onun dəvəti ilə 1998-ci ilin sentyabrın 7-8-də Bakıda Böyük İpək Yoluna həsr olunmuş beynəlxalq konfransa toplanmış və müasir geoiqtisadi həqiqətlərin müzakirəsi zamanı Böyük İpək Yolunun layihəsinin yenidən bərpa olunması qənaətinə gəlmişlər. Bu layihənin texniki iqtisadi əsaslarının işlənməsinə xarici ekspert şirkətləri cəlb olunmuşlar. Nəticədə Azərbaycana kreditlər daxil olmağa başladı.

Bir çox yeni “müstəqil dövlətlər” üçün TRACECA layihəsi Rusiya ilə əlaqələrin qırılması şəraitində sabit xarici kommunikasiyaları qaydaya salmaq üçün yeganə imkan idi. Keçmiş sovet respublikaları ilə nəqliyyat əlaqələrinin yenidən canlanması gözlənilir. Özlüyündə bu əlaqələr çox yaxşı işlənmişdilər və onların qırılması hamıya nəinki geosiyasi, hətta iqtisadi zərər gətirdi. Bu gün üçün məqsədli siyasətin həyata keçirilməsi zamanı bu əlaqələrin bərpası çox da çətin və bahalı deyil, ən əsası isə o postsovet məkanının sabitləşməsinə də imkan verəcək. Yeni Böyük İpək Yolu Yaponiyadan başlayaraq Çin və Orta Asiya ərazisindən və Xəzər dənizi ərazisindən Azərbaycana aid dəniz vasitəsiləri ilə keçəcəkdir. Bakı bü gün də bütün bu yolun üzərində yerləşən böyük dəniz limanıdır.

İndi Orta Asiya – Xəzər – Cənubu Qafqaz – Qara dəniz yolu artıq uğurla fəaliyyət göstərir. Gündəmdə yeni nəqliyyat layihələrinin, o cümlədən Bakı – Tbilisi – Qars dəmir yolunun tikintisinin həyata keçirilməsi durur. Bunlarla yanaşı, Azərbaycan özünün və Orta Asiya respublikalarının nəhəng enerji ehtiyatlarının Böyük İpək Yolunun nəqliyyat dəhlizi ilə Avropa və dünya bazarlarına çıxarılmasında mühüm rol oynamağa başlamışdır. Bütün bunlar, Böyük İpək Yolunun həm bizim ölkəmiz, həm də bu layihəyə qoşulan digər dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir.



5. Neftin orta əsrlərdə hərbi məqsədlərlə və məişətdə istifadəsi– VI – XVIII əsrlər.
Orta əsrlərdə neft hərbi texnikada və məişətdə geniş tətbiq olunurdu. VII əsrdən başlayaraq bizanslar artıq Abşerondan gətirilmiş neftdən Konstantinopolda yaşayan memar Kollinikin 1650-ci ildə təkmilləşdirdiyi “oleum incendarium”, yəni “yunan odu”ndan hərbi məqsədlər üçün fəal istifadə edirdilər. Yunanlıların dərin sirr kimi saxladıqları çoxsaylı reseptlərdən birində yazılır: “təmiz kükürd, neft, çaxırdaşı, qatran, duz, ağac yağını götür, onların hamısını birlikdə yaxşıca bişir və bu tərkibə əskini batır və yandır. Belə odu yalnız qum və sirkə ilə söndürmək olar”. Beləki, qaleraların (çoxavarlı hərbi gəmi) burnunda yerləşdirilmış “yunan odu” düşmənin üzərinə od püskürürdü. Hərbi məqsədlər üçün neftdən istifadə olunması çox zaman döyüşün müqəddəratını həll edirdi. Bizanslar tərəfindən bu oddan həm düşmənin dəniz hücumunu dəf etmək, həm də mühasirəyə alınmış şəhərlərin binalarının dam örtüyunü və divarlarını yandırmaq üçün istifadə olunurdu və bu məqsədlə od oxların ucuna yaxılır və ya sadə qumbaraların içinin tərkibinə daxil edilirdi.

Bizanslar tərəfindən bu od qarışığı VII əsrdə ərəblərin onların paytaxtı Konstantinopola hücumu zamanı tətbiq olunmuşdu. Ərəblər çoxsaylı gəmilərlə şəhərə yaxınlaşdıqda , bizanslılar dənizə yanar qatışıqdan axıtmış, sonra ona od vurmuşlar. Hücum edən tərəfdə bundan çaxnaşma yaranmışdır ki, bu da bizanslara ərəb donanmasını məhv etməyə yardım etmişdir. “Yunanlarda ildırıma bənzər alov vardır. Onlar bu alovu bizə yönəltdilər və qarşılarına çıxan hər şeyi yandırdılar, bu səbəbdən onlara qalib gəlmək mümkün deyil”.

Bizanslar “yunan odu”nun tərkibini uzun illər gizli saxlaya bildilər. Yalniz XII əsrdə ərəblər onun sirrini aça bilmişlər. Bu silahdan bir neçə yüzilliklər istifadə olunurdu, lakin 1189-cu ildə ikinci Lüteran kilsəsi, “yunan odu”ndan çoxsaylı insan tələfatı baş verdiyini nəzərə alaraq, onun Avropada istifadə olunmasını qadağan etdi.

Ərəblər Azərbaycan ərazilərini, o cümlədən Dərbəndi işğal etdikdən sonra (VIII əsr), onların sərkərdələri burada ehtiyat neft ambarları tikmişlər. Ərəblər və farsların ordularında xüsusi neftatan dəstələr olmuşlar. Yüzilliklər ərzində neft hətta barıtdan da qorxulu silah hesab olunmuşdur. Ona görə də həm Sasanid hökmdarları, həm də ərəb xəlifələri həmişə Abşeronda vəziyyəti nəzarətdə saxlamış və Bakı neftinin hasilatını diqqətlə izləmişlər. Ərəb xəlifəliyi dövründə Abşeronda neft hasilatı o qədər yüksək imiş ki, hətta xəlifəlik ondan gələn gəlir hesabına, Azərbaycanı ərəb əsarətindən xilas etməyə çalışan Xəzər xaqanlığına müqavimət göstərmək üçün, şimal sərhədlərində qoşun hissələri saxlaya bilirdi.

Bu barədə Prisk Pontiyski (V əsr), Əbul Həsən Əbu Əli ibn Hüseyn Məsudi (X əsr), Marko Polo (XIII əsr) və b. tarixçilər və səyahətçilər məlumat vermişlər.

Şərqdə odlu silah geniş yayılan dövrədək (XVI əsrə qədər) neft çox qorxulu silah idi. Maraqlıdır ki, rus knyazı İqorun kıpçak xanı Qonçaka məğlubiyyətinin bir səbəbidə sonuncunun ”gizli silaha” malik olması ilə də izah olunur. Tarixçi V.N.Tatişevin fikrincə, kıpçaqların od atan mərmisi olmuşdur və onun köməyi ilə onlar 1184-cü ildə İqorla savaşda qalib gəlmişlər. Yanar qarışıq hazırlamaq üçün onlar Kerç və ya Tamanda olan neft mənbələrindən istifadə etmişlər.

Abşeronda neftin istehsalı e.ə. VIII-VI əsrdən, emalı isə XIII əsrdən məlumdur. Bakı şəhəri VII-VIII əsrlərdə Abşeron yarımadasının cənub sahilində mövcud olan yaşayış məntəqələrinin yerində yaranmışdır və bunda da neftin mövcudluğu çox böyük rol oynamışdır. Yerli əhali qədim dövrlərdən neftdən təsərrüfatda və məişətdə istifadə edirdilər. Onun köməyilə evləri istilədir, çıraqları və əhəngi yandırır, onun qatılaşdırılmışı ilə evlərin damı örtülür və hətta müalicə edirdilər. Neftdən müalicə vasitəsi kimi ilk istifadə edənlər çobanlar olmuşlar. Onlar qoyun və dəvələri qoturluqdan qorumaq üçün zədələnmiş xəstə yerlərə neft yaxırdılar, nefti isə onun təbii olaraq yer səthinə çıxdığı yerlərdən yığırdılar. Neftdən həmçinin sürtünən əşyaların arasını yağlamaq məqsədilə də istifadə edirdilər. Lakin qədim dövrdə neftə tələbat çox da böyük deyildi.

Arxeoloji məlumatlar göstərir ki, hətta qədim Kabalakada (o, VI əsrdən Qafqaz Albaniyasının paytaxtı idi), yəni Xabalada (indiki Qəbələdə) evlərin dam örtüyü qırdan imiş. Ərəb tarixçisi Əbu-İshaq əl- İstəxri (X əsr) göstəriri ki, bakılılar odun olmadığı üçün isitmə üçün neft hopmuş torpaqdan istifadə edirmişlər (İ.M.Qukin “Neft elmi haqqında”).

Müalicəvi xassələrə malik olan Naftalan nefti də qədimdən müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Naftalan nefti ilə yüklənmiş tuluqlar dəvə karvanlarında buradan həm qərb, həmdə şərq ölkələrinə yollanırdı.

Marko Polo da Abşeron neftinin tibbi məqsədlər və işıqlandırma üçün istifadə olunduğunu bildirir. Uzaq Şərqə (1271-ci il) səfəri zamanı yolu Azərbaycanın cənubundan, Təbriz şəhərindən keçən Marko Polo ilk avropalılardandır ki, Azərbaycan ərazisində çıxarılan naftalan neftinın istifadəsi barədə özünün “Böyük Tatarıstan haqqında” əsərində belə məlumat verir. O yazırdı: ” Gürcüstanla sərhəddə böyük yaq yağ mənbəyli quyu var, özü də lap çox... Yeməli deyil, yandırmaq, qotur və qartmaqlı dəvələrin dərisinə sürtmək olar. Bu yağ üçün uzaq yerlərdən gəlirlər, onu ölkənin hər yerində yandırırlar”. Bu məlumatdan nəticəyə gəlmək olar ki, neft yalnız təsərrüfatın bir çox sahələrində deyil, həmçinin müalicə vasitəsi kimi də istifadə edilirdi. Bakı neftinin müalicəvi xüsusiyyətləri qədim zamanlardan qeyd olunur, onun vasitəsilə bir sıra xəstəliklər müalicə edilirlər.

Marko Polo bizim əcdadlarımızın qazdan məişətdə istifadəsindən belə yazır ki, o Asiyanı səyahət edərkən bir məşhur xanın evində gecələməli olur və çox təəcüblənir. Belə ki, saray yerdən gil, bambuk və yaxud da içi ovulmuş ağac borularla çıxan yanacaq qazla qızdırılır və işıqlandırılırdı.
Bakı nefti haqqında xronoloji cəhətdən növbəti məlumata biz italiyalı İosofato Barbaronun yol qeydlərində rast gəlirik. O, Azərbaycan hökmdarı Uzun Həsən Ağqoyunlunun sarayında Venetsiya respublikasının səfiri idi. 1474-79-cu illərdə o, Təbrizdə Ağqoyunluların sarayında yaşamış, amma Bakıda olmamışdı. Lakin Bakı haqqında eşitdiklərini belə yazmışdı: ”Dənizin (söhbət Xəzərdən gedir) bu hissəsində Ba-ka adlı başqa bir şəhər var , dəniz də buna görə Bakı dənizi adlanır, onun yaxınlığında ucalan dağdan çox üfunətli yağ axır ki, onu gecələr çıraqlarda yandırırlar və ildə iki dəfə dəvələrin dərisinə sürtürlər, çünki sürtməsələr dəvələrdə qoturluq olar”.

Kolumbun Amerikaya səfəri zamanı (1494-1502-ci illər) Trinidad adasında əhalinin bitum (asfalt) yığaraq ondan sement düzəltdikləri barədə yazılmışdır.


Rusiyada neftin istifadəsi barədə ilk yazılı məlumatlar XVI əsrə aiddir. Səyahətçilər yazırdılar ki, Timano-Peçorinck rayonunun şimalında Uxta çayı ətrafında yaşayan xalqlar çay səthindən yığdıqları neftdən tibbi məqsədlərlə və sürtgü yağları qismində istifadə edirlər.

Qədim zamanlarda digər ölkələrdə də neft məişətdə müxtəlif məqsədlər üçün istifadə olunurdu. Məsələn, Genuyanın (İtaliya) küçələri Zante adasında çıxarılan neftlə işıqlandırılırdı. Nefti rənggarlıqda boyaların hazırlanmasında həlledici məhlul kimi, meyvəli bitkilərin ziyanvericilərinə qarşı mübarizədə istifadə edirdilər. Belə ki, neftin bitum və ya kükürdlə qarışığı meyvəli bitkilərin “tənbəl qurdlar”dan və qarışqalardan qorunma vasitəsi idi.

Seneka çayının (ABŞ) yanında neftin üzə çıxması da məlumdur, onu Seneka yağı adlandırırdılar və müalicə məqsədilə istifadə edirdilər.

İngilis missioneri Con Kartrayt 1560-cı ildə Bakıda gördüklərindən yazırdı: “Bakının yaxınlığında yerin altından ...yerin səthinə çoxlu miqdarda qara yağ çıxır və o İranın hər yerində işıqlandırma üçün istifadə olunur”.


1568-ci ildən 1574-cü ilədək davam edən səfərində ingilis ticarət şirkətinin agentı C.Düket Bakı nefti haqqında aşağıdakıları yazırdı: Bu yağ evlərin işıqlandırılması üçün bütün ölkəyə xidmət edir. Rəngi qaradır və “nefte” adlanır...”.
Məşhur türk səyahətçisi Övliya Çələbi (XVII əsr) Bakı neftindən yazırdı: “Onu Özbəkistan, İran, Kürdüstan, Gürcüstan, Dağıstanla sərhəd qalalara göndərirlər və onu həmin yerlərdə işıqlandırmaq məqsədi ilə istifadə edidilər.O şəhərlər və qalaların mühafizəsi üçün hərbi ehtiyat tədbiri kimi zəruridir”.
Moskva dövlətinin “Piyada (və ya top) ehtiyatlarının siyahıları” sənədlərində (1637-ci il) hərbi qeydlərin arasında qeyd olunurdu ki, Bakı nefti yanar halda qorxulu silaha çevrilir.

Е. Kempferin (1683-cü il) yazdığına görə neft “çıraqlarda və məşəllərdə yandırılan yağ” kimi işlədilirdi. Kənd sakinləri gün altında qatılaşıb bərkiyərək qır şəklinə düşən nefti yerin səthindən yığıb hamam qızdırmaq üçün arabalarda şəhərə və uzaq kəndlərə aparırdılar. Kempfer yazır ki, ağ neft əşyaları pardaxlamaq, lak hazırlamaq üçün də işlədilirdi.”O üstünə yaxıldığı qabları misilsiz şəkildə parıldadırdı; işlənməkdən qaralan əşyalar onunla (ağ neftlə) pardaxlanarkən parıltı dərhal bərpa olunurdu.”

Neftin sonrakı zamanlarda təbabətdə istifadəsi barədə məlumatlar da maraq doğurur. 1721-ci ildə bir fransalı həkim neftin və asfaltın (yəqin bitum nəzərdə tutulur) müalicəvi xüsusiyyəti barədə hətta dissertasiya müdafiə etmişdir. Həmin ildə Jonser adlı bir şəxs Oqayo çayının axarında olan neft mənbəyini təsvir edir və göstərir ki, neft “ağrıları sakitləşdirir”.

1730-cu ildə Qafqazda xıdmət edən mayor İ.Herber Abşeronda neftin istifadəsinindən belə danışır: “... bu neft İranın bir çox vilayətlərinə daşınır, şam və ya çıraq yağı kimi istifadə olunur... Neft quyularının yanında daim alovlanan torpaq var... bu alovda çoxlu əhəng yandırırlar. İşçilər... öz komalarında yarım fut dərinliyində çala qazır, bu çalaya qamış qoyur, sonra yanan odu qamışın üstündə saxlayırlar və bu zaman yerdən gələn neft kabusu alovlanır və şam kimi yanır... və bununla bütün komanı işıqlandırır”.

Bir çox müəlliflərin Suraxanı qaz mənbələrinin yalnız dini mərasimlər üçün istifadə olunduğu barədə məlumatları həqiqətə uyğun deyildir. Bu qaz yerlı əhali tərəfindən praktiki işlər üçündə istifadə olunurdu. Bunu, XVIII əsrdə, 1741-cı ildə Bakını ziyarət edən rus-ingilis ticarət şirkətinin müdiri İ.Qanvey də təsdiq edir. O, “Xəzər dənizində indilis ticarətinə tarixi baxış” kitabında (1754-ci il) göstərir ki, bakılılar hələ qədım zamanlardan təbıı qazdan xörək bişirmədə, suyun qaynadılmasında, əhəngin bişirilməsində istifadə edirlər; Suraxanı ağ nefti isə nadir tapılan olub, müxtəlif ölkələrə ixrac olunurdu; ondan qıcolma, daş xəstəlikləri və döş qəfəsi ağrılarında istiadə edirdilər”. Bu barədə 1784 – cü ildə Bakıda olmuş digər bir ingilis səyyahı Q.Foster də yazmışdır.

XVII-XVIII əsrlərdə neftin Amerika qitəsində müalicə məqsədləri üçün istifadə olunması barədə də məlumatlar var. XVII əsrin ortalarında fransız missioneri pater Cozef de lya Roş de Alyen Qərbi Pensilvaniyanın içərilərində sirrli “qara sular” aşkar etmişdi. Şimali Amerikanın aborigen əhalisi hindular onu üzlərinə sürtdükləri boyalara qatırdılar. Bu “qara sular” dan, yəni neftdən pater Cozef de lya Roş de Alyen özünün məşhur möcüzəli məlhəmini (balzamını) düzəltmişdi. Avropanın çox ölkələrində ondan dərman kimi istifadə edirdilər. Hındular və qitə işğal olunduqdan sonra neftin yer səthinə çıxdığı bölgələrin sakinləri ən sadə yollarla – neftli suyun üzündən onu süzməklə və ya hər hansı əski parçasını həmən suya salmaqla ona hopmuş nefti sıxmaqla əldə edir və ondan dərman hazırlamaq üçün istifadə edirdilər.

Yüz illərlə İndoneziyanın (Hollandiyaya məxsus Şərqi Hindistan) Sumatra adasındakı cəngəlliklərdə neftin üzə çıxması nəzərə çarpırdı və bu “yer yağı”nın az miqdarı “barmaqların bükülməməsi” xəstəliyinin müalicəsi və ənənəvi təbabətin başqa tələbləri üçün istifadə olunurdu.

Bir çox xalqlar neftdən təbabətdən başqa, həmçinin bağların və üzümlüklərin ziyanvericilərdən qorunmasında da istifadə ediblər. Təbiətşünas Fridrix Biberşteyn Qafqaza səyahəti zamanı (1796-cı il) öz elmi əsərlərində qeyd edir ki, Abşeron neftinin ən böyük bazarı Gilyandır, çünki onlar ipək almaq üçün bəslədikləri barama qurdlarını neftlə yemləyirlər və həmçinin, inanclarına və ya əldə etdikləri təcrübəyə görə hamısı hesab edirlər ki, neft tək maddədir ki, onu evləri işıqlandırmaq istifadə etdikdə, yetişdirdikləri böcəklərə (barama qurdlarına) ziyan vurulmur.

Hələ XVII-XVIII əsrlərdə Rusiyanın mərkəzi vilayətlərinə Bakıdan neft gətirilirdi. Ondan təbabətdə, rəssamlıqda, boyaların durulaşdırılmasında və həmçinin hərbi məqsədlər üçün (qumbaraların, küləkdən sönməyən şamların və “əyləncə üçün atəşdə” “işıq saçan” güllələrin hazırlanmasında) istifadə edirdilər. Neft bahalı məhsul idi. Məsələn, Moskvada 1575-1610-cu illərdə tərtib olunmuş ticarət kitabında göstərilir ki, bir vedrə neftin qiyməti eyni ölçüdə çaxırın qiymətindən 3-4 dəfə baha imiş.

Buna baxmayaraq, 1840-cı ildə Peterburq Elmlər Akademiyasının “başbilənləri” Bakı neftinin nümunələrinin təhlillindən sonra belə bir qənaətə gəlmişdilər ki, “ bu pis qoxulu maye” yalnız araba təkərlərini yağlamağa yarayar.

1849-cu ildə Kirs adlı bir amerikalı işbaz neftin bütün xəstəliklərə qarşı “universal” maddə olduğunu reklam edirdi. O illərdə Bohemdə (Çexiya) Teherin gölündən çıxarılan neft uzun zaman bütün xəstəliklərin müalicəsində istifadə olunurdu və “müqəddəs Kvinirus yağı” adlanırdı. Rumın kəndi Doftanesdə yerli əhali neftdən vərəm xəstəliyini müalicə etmək üçün dərman kimi istifadə edirdi.

1862-ci ildə Leypsiqdə (Almaniya) efir yağı, mərhəm və s. istehsal edən “Hirtsel və Herkard” zavodu tikilmişdi. 1880-ci ildə Şredber qatranlı şistlərin destilləsindən “ixtiol” məhsulu aldı, üç ildən sonra isə Unna adlı bir nəfər bu mərhəmi təbabətdə tətbiq etdi.

1890-cı ildə E.İ. Yeger familiyalı bir alman mühəndisi Azərbaycanda Goran (indiki Naftalan) ağır neft yatağında sahə almış, neft istehsalı üçün 250 m dərinliyə ilk qazma quyularını qoymuşdur. Lakin onun ümidləri boşa çıxmışdır, çünki bu neftin tərkibində benzin fraksiyaları yox idi, o ağır idi və yanmırdı. E. Yeger iflas olmaq ərəfəsində idi. Elə bu zaman o, yay aylarında buraya yüzlərlə insanın gələrək, bu neftlə dolmuş gölməçələrə girdiyini müşahidə edir. Yerlı əhalidən bu neftin müalicəvi xüsusiyyəti və müalicə üsullar barədə ətraflı məlumat aldıqdan sonra E.Yeger yanmayan ağır neftdən “naftal” (yəqin ki, “Naftalan” sözüdə buradan yaranıb) adlandırdığı mərhəm istehsal edən kiçik bir zavod tikir. Gürcüstanda “Yeger və K°” və “ Georq List” fabriki naftaldan tərkibində kalsium sabunu olan mərhəm hazırlayırdılar. E. Yeger müalicə məqsədilə “neft vannaları” təşkil etmışdi. Bu iş çox böyük müvəffəqiyyət əldə etdi, fabrikin məhsulları və xam neft özü Almaniyaya daşınmağa başlanıldı və 1896-cı ildə naftaldan dərmanlar hazırlayan iki səhmdar cəmiyyət – “Naftalan Maqdeburqda” və “Naftalan Drezdendə” fəaliyyətə başladı. Drezden səhmdar cəmiyyəti naftalın tətbiqi ilə bağlı dərslık nəşr etdirdilər və oraya E.Yegerin məqalələrindən başqa 600 həkimin rəyidə daxil edildi. Yeger mərhəminin istehsal üsulu məxfi saxlanılırdı, mərhəmlər özləri isə çox ölkələdə az qala bütün xəstəlıklərə qarşı möcüzəli bir müalicə vasitəsi kimi reklam olunurdu. Belə bir fakt da məlumdur ki, rus-yapon (1904-1905 –ci illər), I Dünya müharibələri (1914-1918 –ci illər) zamanı hər bir yapon və alman əskəri naftal mərhəmi ilə təchiz olunmuş və məsləhət görülmüşdü ki, don vurmadan qorunmaq və güllə yarasında, yanıqda və dəri-zöhrəvi xəstəliklərdə ondan müalicə vasitəsi kimi istifadə olunsun. Hətta Yapon əskərlərinin təchiz olunduqları mərhəm qabının üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.

Təxminən XX əsrin 30-cu illərində təbabət müalicə vasitəsi kimi ozokeritdən (neftdən alınan məhsul) istifadə etməyə başlamışdır. Bu müalicə vasitəsindən Çələkən adasının (Türkmənistan) sakinləri qədimdən oynaqların müalicəsində istifadə edirmişlər.

Göründüyü kimi, neftin müxtəlif sahələrdə istifadəsi nəinki Yaxın Şərqdə, eləcədə Azərbaycanda da uzun və tarixi bir dövrü əhatə edir. Maraqlıdır ki, orta əsrlərə qədər hansısa bir müəmmalı şəkildə neftin tətbiqi Avropanın çox hissəsinə məlum deyildi, halbuki, Avropanın bir çox yerlərində - Bavariyada, Elzasda, Hannoverdə, Qalisiyada, Po çayının vadisində, Siciliyada və bir çox başqa yerlərdə insanlar neftin yer səthinə çıxmasını müşahidə etmişdilər və bunu orta əsrlərdən gələn məlumatlar təsdiqləyir. Ola bılsin ki, buna səbəb, keçmiş zamanlarda bitumun əsas mənbələrinin Roma imperiyasının xaricində mövcud olması idi ki, buda onun Qərbdə istifadəsinin yayılmasına mane olurdu.
Maraq doğuran məqamlardan biri də odur ki, Bakıda və Abşeronda neft çıxarılması haqqında məlumat verən Qərbi Avropa mənbələrində neftin hərbi işdə tətbiqindən çox az danışılır, halbuki Şərq mənbələrindən yaxşı məlum olduğuna görə orta əsrlərdə hərbi texnikada, xüsusən qalaların müdafiəsi zamanı neftdən geniş istifadə olunmuşdur.
Demək olar ki, XIX əsrin sonu- XX əsrin əvvəlinədək neft məişətdə əsasən otaqların işıqlandırılması, tibbi məqsədlər üçün, araba təkərlərinin və azacıq mexanizmlərin yağlanmasında istifadə olunurdu. Lakin XX əsrdə texnikanın həddən artiq inkişafı neftin əhəmiyyətini dünya miqyasında xeyli artırdı. İndi neft - yerin damarlarından axan qandır, “qara qızıldır”, neft dünyada ən qiymətli yanacaqdır.

1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə