Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə13/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

11. Neftin istifadəsinin xronoloji tarixi
E. ə. XXX əsr. Mesopotamiyada (Fərat və Dəclə çayları arasında yerləşən vadi) neft haqqında ilk məlumatlar verilir (yer qatında olan çatların arasından üzə çıxan, bitum adlanan yarımmaye qatı maddə). Qədim misirlilər, mesopotamiyalılar və Yaxın Şərqin digər vilayətlərinin əhalisi nefti açıq gölməçələr səthindən yığırdılar. Ondan tikintidə, yanacaq qismində evlərin işıqlandırılmasında istifadə edirlər və hətta mumlamaq üçün düzəldilən məhlulun tərkibinə qatırlar.
E. ə. VII –VI əsrlər. Neft məişətdə gündəlik həyat üçün, təbabətdə məlhəm kimi, həmçinin binaların qızdırılması və işıqlandırılması üçün istifadə olunurdu. Bu “yanacaq” onunla məşhur idi ki, onu Abşerondan İrana, İraqa və Hindistana nəql edirdilər.
E. ə. VI əsr. Əhəmənilər dövlətinin (indiki İran) ilk şahı II Kirin ordusu qalaların və şəhərlərin alınmasında neftdən (yəqin ki, Abşeron neftindən) odlu silah kimi istifadə edir.
E. ə. VI əsr. Abşeronda atəşpərəstlərin məbədləri olmuş və onlarda yerdən çıxan müqəddəs əbədi odlar yanırmış.
E. ə. 440-cı il. “Qaya da mənim üçün zeytun yağı yağdırırdı” (İov kitabı, neftin yer kürəsinin səthinə sızması haqqında ilk xatırlatmalar).
E. ə. IV əsr. Makedoniyalı İskəndərin (e.ə.356-323 illər) hərbi yürüşlərini qələmə alan qədim yunan tarixçisi Plutarx qeyd edir ki, onun döyüşçüləri Abşerondan tuluqlarda və saxsı qablarda gətirilən neftdən işıqlandırma üçün istifadə edirmişlər. Bundan başqa o müəyyən edir ki, Girkan (Xəzər) dənizinin sahilində yerli əhali (girkanlılar, midiyalılar və b.) neftlə doldurulmuş fitilli çıraqlardan istifadə edirlər.
E. ə. IV əsr. Atəşpərəstlərin Suraxanı məbədi və neft-qazın çıxdığı digər yerlərdə (Şubanı kəndi, Pirallahı adası) tikilmiş ona bənzər məbədlər Makedoniyalı İskəndərin Midiyaya (indiki Azərbaycan ərazisinə) hücumu zamanı dağidılmışlar.
E. ə. 347-ci il. Çində neftin alınması üçün ilk dəfə olaraq bambuk ağacına bərkidilmiş burun (vintvari qazma aləti) köməyi ilə 240 - 300 m dərinliyində neft quyularını qazdılar, boru qismində isə bambukun oyuq gövdələri istifadə olunurdu. Qazma aləti – balta və bambuk ştanqlar – hind qamışından hörülmüş 1-4 sm qalınlığında burazla quyuya buraxılırdı.
E. ə. II əsr. Çinlə Roma imperiyasını birləşdirən Böyük İpək Yolu yarandı və XVI əsrə qədər yaşadı.
E. ə. I əsr. Romalı alim Pliniy yazırdı ki, bitumdan (neftdən) təbabətdə geniş istifadə olunur.

V əsr. Prisk Paniyski (V əsr bizans diplomatı, tarixçisi və yazıçısı) hunların Xəzər dənizi boyu Midiyaya IV əsrdə olan hərbi yürüşlərini hekayət edərkən qeyd edir: “Sonra onlar başqa yola döndülər və sualtı qayadan qalxan alovu ötüb... vətənlərinə gəldilər”.
VII əsr. Bizanslılar neftin sönmüş əhənglə qarışığı əsasında düzəldilən “yunan alovu”ndan geniş istifadə edirdilər. Bu orta əsrlərin güclü silahı olmuşdur. Onu nə su, nə də qumla söndürmək mümkün idi. Müasir alimlər hesab edirlər ki, onun tərkibinə neft, qatran, şora, kanifol (iynəyarpaqlı ağac şirəsindən alinan qatran) və kükürd daxil idi.
624 -cü il. Bizans imperatoru İraklinin Azərbaycana hücumu zamanı atəşpərəstlərin Suraxanı məbədi Atəşgah yenidən dağıdılır.
636 -cı il. Yerli və İrandan qovulmuş atəşpərərəstlər Suraxanı məbədi Atəşgahı bərpa edirlər.
643 -cü il. Suraxanı məbədi Atəşgah Azərbaycanı zəbt etmiş ərəblər tərəfindən üçüncü dəfə dağıdılır və uzun illər unudulur.
VII əsr. Alban tarixçisi Moisey Kalankatuyski “Albanların tarixi” kitabında (Qafqaz) Albaniyası haqqında danışanda, qeyd edir ki: “Qafqaz dağlarının ətəyində yerləşən Alban ölkəsi təbiətin zəngin nemətləri ilə çox gözəl və valehedicidir. Böyük Kür çayı ondan axaraq, özü ilə böyük və kiçik balıqlar gətirir, və o, Kaspi (Xəzər) dənizinə tökülür.Onun ətrafında torpaqlar taxıl və şərabla, neft və duzla, ipək və pambıqla və çoxsaylı zeytun ağacları ilə boldur...”. Bu məlumatlar, təbii ki, ərazisində ta qədimlərdən neft və duz çıxarılan, zeytun bağları ilə məşhur olan Abşeron yarımadasına da aiddir.
VIII əsr. Ərəb tarixçisi Əbu-İshaq əl- İstəxri göstərir ki, odun olmadığı üçün bakılılar nefti hopduran torpağı istifadə edirdilər.
IX əsr. Ərəb səyyahı Əhməd Əl- Bələzuri Abşeronda quyudan neft çıxaran şəxslərdən vergi alınmasını təsdiq etmişdir.
915 -ci il. Məşhur ərəb alimi və coğrafiyaçısı Əbül-Həsən Əli İbn əl-Hüseyn əl-Məsudi Abşeronda qara və ağ neftin iki əsas mənbəyi olduğunu və ağ neftin qiymətli mal kimi İran, İraq və Hindistana aparıldığını “Mürüc az-zəhəb və mə”dən əl-cövhər” (qızıl və rəngli mədənlərin yuyulması) elmi əsərində təsdiq edir.
X əsr. Abşeronda artıq 10-12 m dərinliyində neft quyuları qazılır.
942 -ci il. Bakıda olmuş ərəb səyyahı Əbu Dulaf yazır: “ Mən Böyük dəniz Tabaristanın (Xəzər dənizinin) ağacları altında Şirvan vilayətinə məxsus olan Bakuya deyilən yerə çatanacan səksən fərsah ( 1 f- 6,5 km) yol getdim. Orada neft mənbəyi tapdım.
XI əsr. Əl-Biruni Bakı haqqında çox qısa söyləyir: “Bakı – ağ neftin mədənidir”.
1131 -ci il. Xəzər dənizinin cənub qərb sahilini səyahət etmiş ərəb səyyahı Əbu Həmid əl-Əndalusi əl-Harnati Abşeronun və Bakı yaxınlığında Xəzər dənizində yerləşən adanın neft verən torpaqlarını bu cür təsvir edir: “Orada kömür kimi qara ada var, ondan acı, pis qoxulu su axır; və bu su ilə birlikdə əla, sarı misə oxşayan dördbucaqlı daşlar çıxır. Insanlar onları tərəzi daşı kimi istifadə etmək üçün götürür. Bu adanın əks tərəfində isə dənizin yaxınlığında kömür kimi qara torpaq var, orada ot bitir, müxtəlif heyvanlar yaşayır. Həmin qara torpaqdan bitum və həm qara, həm də ağ neft çıxır. Bu torpaq Şirvan əyalətində Bakının yaxınlığında yerləşir”.
XIII əsr. Apşeronu ziyarət edən ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl- Həmdani öz kitabında Balaxanıda neftin kankan üsulu ilə quyudan istehsalını qeyd etmişdi. O, həmçinin Abşeronda neft emalının hələ XII əsrin əvvəllərində mövcud olduğunu təsdiq etmiş, Bakı neftinin təqtir (destillə) edilməsini qələmə almışdır.
XIII əsr. Abşeron yarımadasında neft çıxarılması haqqında iran və ərəb müəlliflərinin əsərlərində məlumatlar var. Onlardan birində qeyd olunur: “Bakı – Şirvan əyalətində dəniz sahilində şəhərdir. Onun torpağı bütün gecəni alovlanır: onun üstünə qazan qoyurlar və su o torpağın üstündə qaynayır. Onun (Bakının) malları qara,ağ, yaşıl rəngdə neft və bir də duzdur.
1272 -ci il. Çinə səfər edən (Böyük İpək Yolu adlanan marşrutla) italiyalı Marko Polo Xəzərdə Bakı ş. ətrafında qızğın yağlı maye ticarətini, yerli sakinlərin torpaqdan sızan nefti yığdiqlarını qeyd etmişdi. Təxminən bu vaxt neft ticarətinin əsası qoyulmuşdu. Onun öz sərgüzəştləri barədə o dövr üçün dəqiq və həqiqətə uyğun hekayələri («Le livre de Marko Polo») 1865-ci ildə Parisdə dərc olunmuşdur.
1320 -ci il. Azərbaycan və İran ərazisindən keçən Fransalı missioner rahib Jurden Katalani de Severak Bakıda quyulardan neft çıxarıldığı barədə məlumat vermişdir.. O yazır: “ Bakı adlanan bir yerdə quyular qazmışlar, bu quyulardan “nаftа” adlı yağ çıxarırlar”.
1339 -cu il. Həmdullah Qəzvini “Nüzhəti-kulub” kitabında qeyd edir ki: “Neftin nəhəng yataqları Bakıdadır. Orada yer var ki, quyu qazırlar ki, neft üzə çıxsın... və onu həmin mənbələrdən çixarırlar”.
1466 -cı il. Rusiyalı səyyah-tacir Afanasiy Nikitin Hindistana səyahət edərkən, yolüstü Suraxanıda olmuş, monastir həyətində (çox ehtimal ki, o Atəşgahı belə adlandırmışdır) əsrlərlə yanan, sönməyən “ilahi” mavi odların yandığını görmüşdür.
1474 -79-сu illər. İosofato Barbaron yol qeydlərində Bakı haqqında eşitdiklərini belə yazmışdı: : ”Dənizin (söhbət Xəzərdən gedir) bu hissəsində Ba-ka adlı başqa bir şəhər var, dəniz də buna görə Bakı dənizi adlanır, onun yaxınlığında ucalan dağdan çox üfunətli yağ axır ki, onu gecələr çıraqlarda yandırırlar və ildə iki dəfə dəvələrin dərisinə sürtürlər, çünki sürtməsələr dəvələrdə qoturluq olar”.
1500-cü il. Polşada ilk dəfə olaraq nefti küçələrin işıqlandırılması üçün istifadə etməyi başladılar. Neft Karpat rayonundan daxil olurdu.
XVI əsr. Azərbaycan coğrafiyaşünası Əbdür Rəşid ibn Saleh Bakuvi bildirir ki, Bakı yaxınlığında gündə 200 xarvar (ulaq yükü) neft çıxarırlar. Onun bir hissəsini gəmilərdə aparırlar. Şəhər yaxınlığında çox sayda üzə çıxan yanan neft qazları mövcuddur.
1555 -ci il. Londonda yaradılmış “Moskva Şirkətı” neftlə bağli özünün ticarət agentlərini Rusiyadan keçməklə Azərbaycana göndərir.

1568 -ci il. İngilislər Tomas Benisterin və Ceffri Düketin rəhbərliyi ilə “Moskva Şirkətı” agentlərinin Azərbaycana yenidən səfəri olmuşdur və C. Düket Bakı nefti haqqında öz təəssüratlarını yazmışdır.
1594 -cü il. Balaxanıda 35 m dərinlikdə olan bir quyudan tapılan daşda yazılıb ki, bu quyunu usta Allahyar Məhəmmədəli Nur həmin ildə inşa etmişdir.
1618 -ci il. İtaliyalı səyahətçi Pyetro Della Balle Bakı yaxınlığında ucuz və şaha hər il xeyli gəlir gətirən çoxlu qara neft çıxarıldığı barədə danışır.
1629 -cu il. Fransalı missioner Cozef de la Roş de Alyen Qərbi Pensilvaniyanın (indiki ABŞ ərazisində) dərinlıklərində mözüzəli “qara su” aşkar etmişdir.
XVII əsr. Bakı nefti Avropa dövlətlərini daha çox cəlb etməyə başlayır. Belə ki, Şlezviq Qolşteynin ( indi AFR-in tərkibindədir) hersoqu 1633-1635-ci və 1635-1639-cu illərdə Xəzər dənizinin qərb və cənub sahillərinin neft sərvətlərinin öyrənmək üçün Moskva dövlətinə və İrana iki səfirlik göndərmişdir.
XVII əsr. Amin Əhməd ər-Razinin məlumatına görə əsrin əvvələrində Abşeronda 500 quyu mövcud idi. Onlardan qara və ya ağ neft hasil olunurdu.
1636 -cı il. Ədəbiyyatda Oleari adı ilə məşhur olan alman alimi, fəlsəfə magistri, riyaziyyat sahəsində mütəxəssis, astronom və coğrafiyaçı Adam Elşleger yuxarıda göstərilən səfirliyin tərkibində Xəzər sahilinə səyahət etmişdir. Oleari “xüsusi yağın”- neftin Xəzər dənizinin səthi üstündə çox olmasını qeyd etmişdir. Bakı neft quyularını isə o, belə təsvir edir: “neft burada Bakı və Barmaq dağı (Beşbarmaq dağı) yanında daimi quyulardan çıxan xüsusi yağdır. O, burada çox böyük miqdarda yığılır və xəzlərdə böyük arablarla biz özümüz gördüyümüz kimi satış üçün daşınır... Burada həm qara, həm ağ nefti götürmək olar, lakin birincisi ikincisindən çoxdur”.
1637 -ci il. “ Kazan qara nefti haqqında” Kuşqar əmrinin əlyazmalarında ilk qeydlər.
1637 -ci il. Moskva dövlətinin “Piyada (və ya top) ehtiyatlarının siyahıları” sənədlərində hərbi qeydlərin arasında göstərilirdi ki, Bakı nefti alışma vaxtı qorxulu silaha çevrilir.

1647-ci il. Abşeronda neft çıxarılması haqqında qiymətli məlumatları məşhur türk səyahətçisi Övliya Çələbi özünün “Şəyahətnamə” kitabında verir. O, Bakı neftindən belə yazırdı: “...Bakının ətrafında yeddi yerdə neft mədənləri var və hər neftlərin də öz rəngi var (8 rəng): al, sarı, qara və s., amma ən qiymətlisi sarı rənglidir (yəqin “ağ neft” nəzərdə tutulur)... Onu Özbəkistan, İran, Kürdüstan, Gürcüstan, Dağıstanla sərhəd qalalara göndərirlər və həmən yerlərdə işıqlandırmaq məqsədi ilə istifadə edidilər.O, şəhərlər və qalaların mühafizəsi üçün hərbi ehtiyat tədbiri kimi zəruridir”.
1666-cı il. XVII əsrdə Azərbaycanda olmuş hollandıyalı dənizçi səyyah Yan Streys “Səyahət” adlı əsərində Parmax və ya Barmax (yəqin, Beşbarmaq) dağında qazıldıqdan sonra içi daşla hörülmüş quyular və oradan fəvvarə vuran ağ və qara neft barədə məlumat verir.
1683-cü il. Alman səyyahı Egelbert Kempfer, Azərbaycanda olmuş və öz təəssüratlarını beş hissədən ibarət əsərlər şəklində nəşr etdirmişdir. Bu əsərlərin ikinci hissəsində Bakının və Abşeron yarımadasının (müəllif onu Okesra adlandırır) neft quyularından danışılır və Sarqanıda ( Suraxanıda) “alovlanan düzənliyi” təsvir edilir. Abşeron neftinin ölkənin ərazisindən kənara qatır, eşşək ilə, at arabaları və dəvələrlə, həmçinin su yollrı ilə (dənizlə) daşındığı barədə məlumat vermişdir.

1684-сü il. Leonti Kislyanski İrkutskda ilk neft mənbəyini açır.
1692 -ci il. Uxta neft yatağı haqqında ədəbiyyatda (N. Vitsen) ilk qeyd.
1703-cü il. Volqa boyunda neftin əlamətləri barədə ilk rəsmi məlumatlar. “Vedomosti” (Xəbərlər) qəzetinin ilk nömrəsində aşağıdakı məlumat dərc olunmuşdu: “Qazandan yazırlar. Soku çayında çoxlu neft tapıblar...”.
1711 – ci il. Yunanlı həkim Eyrini d' Eyrinis Val-de Traverdə (İsveçrədə indiki Nevşatel şəhəri) təbii qırın (asfaltın) yataqlarını aşkar edir, orada 1719-cu ildə bitum şaxtası (mədəni) açır və bu şaxta 1986-cı ilədək fəaliyyət göstərirdi.
1713 -сü il. Suraxanıda atəşpərəstlərin məbədi Bakıya ticarətə gələn və Suraxanıda yaşayan hindli tacirlər tərəfindən bərpa edilmışdir. Bunu məbədin üzərində daş kitabədə qədim hind dilində həkk olunmuş və hind alimləri tərəfindən oxunmuş yazılar göstərir.
1721-ci il. Georgi Çerepanov Berq-Kollegiyaya məruzə edir ki, onun tərəfindən Pustoozyor qəzasında, Uxta çayında neft mənbələri aşkar edilib.
1723 -ci il. I Pyotr general Matyuşkinə olan əmrində göstərirdi: “Bakının üstünə gedin, allahın köməyi ilə tezliklə, əlbəttə ələ keçirmək, çünki hər şeyin açarı oradadır... Bu Bakı neftlə zəngindir... Ağ neftdən bir neçə pud götürüb bizə göndər”.
1724 -cü il. I Pyotr yenidən general Matyuşkinə əmr edir: “ Ağ neftdən min pud və ya nə qədər olsa göndər və onun (neftin) ustasını axtar”. Pyotrun əmrin yerinə yetirən Matyuşkin Bakını zəbt etdi.
1732-ci il. Arxangelskli Fyodor Savelyeviç Pryadunov adlı filizaxtaran və tacir tərəfindən Peçora hövzəsində, tacir Nabatov isə Uxta çayında neft kəşf edir.
1735-ci il. Elzasda (Fransa) Peçelbron çölündə neft hopmuş qum götürülür və ondan neftçıxarılır.
1741-ci il. İngilis-rus ticarət şirkətinin müdirlərindən biri С.Hanvey Bakıya ezam olunmuş və ona Bakı neft mədənlərinin vəziyyətini yerində öyrənmək tapşırılmışdı. Bakıdan qayıtdıqdan sonra C.Hanvey 1754-cü ildə “Xəzər dənizində İngilis ticarəti barədə tarixi xülasə” adlı geniş əsərini yazmış və orada Bakı rayonunda neft işinin mövcud vəziyyətini, o cümlədən Bakıda və Çələkən adasında neftin zəngin olmasını qələmə almışdır.

1745-ci il. F. Pryadunov tərəfindən Uxta çayı sahilində neft hasil etməsi, “neft zavodu”nun qurulması və neftin kub qurğusunda (ənbiqdə) təqtiri başlanılır.
1754-cü il. Qazan yolunun Ufa qəzasının Nadırovka kəndinin sakini Nadır Urazmetov və onun b. həmkəndliləri Saritau dağının yanında Sok və Surqut çayları rayonunda neft tapırlar və Serqiyevka ş. (indiki Samara vilayəti) yaxınlığında neft emalı “zavodu” tikirlər. Bu rayon gələcək “İkinci Bakı” idi.
1768 -ci il. İ. Lepexinin Samara Luki rayonu və Sok çayında olan neft çıxışları haqqında ilk ədəbi qeydləri.
1771 -ci il. Bakıda olan akademik Samuil Qmelin (1745-1774) Suraxanıda ağ neft əldə etmək məqsədilə neftin təqtiri (emalı) faktını təsdiq edir və kəhriz üsulu ilə neft hasilatının texnikasını təsvir edir.
1773-cü il. Hindistandan olan atəşpərəstlər tərəfindən Suraxanıda yeni “Atəşgah” tikilmişdir. Onun 26 hücrəsi, atəşgahları indidə durur.

1792-ci il. Kapitan Klabukov Nikolayev şəhərinə Kerç, Taman və Kuban neftlərinin nümunələrini gətirir. O, gün ərzində 20-dən 100 vedrəyədək neft verən altı neft mənbəyi olduğunu bildirmişdir.
1796-cı il. Bakıya gələn məşhur təbiətşünas Fridrix fon Biberşteyn Abşeron yarımadasında tükənməz neft ehtiyatı olduğunu qeyd edir.
1798-1803-cü illər. Dünyada ilk dəfə bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət buxtasında, sahildən 18m və 30m aralıda iki quyudan, dənizdən neft çıxarmağa başlayır. Lakin 1825-ci ildə Xəzərdə baş verən güclü fırtına hər iki quyunu dağılmasına səbəb oldu və bu ilk “neft mədəni”nin fəaliyyətinə son qoydu.
1799-cu il. Mühəndis Filipp Lebon (Fransa) odunu və ya kömürü quru təqtir etmək yolu ilə işıqlandırıcı qaz alınmasına və istifadəsinə görə imtiyaz (patent) alır. Sonralar o, daxili yanacaq mühərriki yaratmağa cəhd göstərdi, lakin buna nail olmadı.

1810 -cu il. Suraxanı “Atəşgah”ında olan yazı bildirir ki, həmin ildə Hindistanlı tacir Kaçanaqarın vəsaitinə burada mərkəzi məbəd- mehrab (səcdəgah) tikilib.
1815 -ci il. ABŞ-da Pensilvaniyanın dəniz quyularından neft arzuolunmaz əlavə məhsul qismində çıxarılır.
1819 -cu il. İngilis ixtiraçısı Avqusto Zibe tərəfindən sıxılmış hava ilə tənəffüs etməklə suyun altında təcrübi işlərin yerinə yetirilməsini mümkün edən ilk dalğıc geyim dəsti yaradılmışdır.
1823-cü il. Markşeyder Kozin ilk dəfə Krımda faydalı qazıntıların kəşfiyyatını aparır və yerli əhalinin haradan neft yığdığı yeri göstərir.
1823 -cü il. Mozdok (Rusiya) yaxınlığında təhkimçi kəndlilər olan Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftinı emal etmək məqsədilə onu kubda vaxtaşırı qızdırmaqla distillə edən nefttəmizləmə qurğusunu (ənbiq qurğusunu) tikmişlər.
1825-ci il. Məşhur səyyah və geoloq Eduard Eyxvald Qafqaza və Abşerona səyahətindən sonra, Suraxanıda neftin hasilatı, onun keyfiyyəti, neft quyuları və sönməz məşəlləri barədə ətraflı məlumat tərtib etdi. Sonradan Ştutqartda (1834-cü ildə) bu barədə özünün “Reise auf dem Kaspischen Meer und in den Kaukasus, unternommen in der Jahren 1825-26” adlı kitab dərc etdirir.
1826-cı il. Amerikalı ixtiraçı Semuel Mori (Samuel Morey) spirt və skipidarla ışləyən mühərrik icad edir.
1830-cu il. Kimyaçı K.Reyhenbax (Avstriya) odunun, torfun və daş kömürün quru təqtirindən (destilləsindən) “fotogen” adlandırılan yeni işıqlandırıcı maddə əldə etdi və məlum oldu ki, o, lampalarda bitki yağını və balina piyini çox yaxşı əvəz edir.
1834 -cü il. Bakı neft mədənlərinin direktoru Nikolay Voskoboynikov (1801-1860) qara və ağ neftdən kerosin alinması üçün xüsusi emal qurğusunu ixtira edir.

1837 -ci il. Dünyada ilk dəfə olaraq Balaxanı kəndində N.Voskoboynikovun layihəsi ilə neftayırma zavodu fəaliyyətə başlayir ( ABŞ-da ilk belə zavod 1855-ci ildə Samuel Kayer tərəfindən inşa edilmışdir).
1838-ci il. Kerç yaxınlığında Bryuno adlı şəxsə məxsus asfalt zavodu və gün ərzində 1000 pud neft verən dörd quyu mövcud olmuşdur.

1843-cü il. Neft hasilatı sahəsində ilk elmi əsər - A.İ.Uzatisin “Dağ-mədən sənəti kursu” kitabı çapdan çıxır. Bu kitabda o, quyuların qazılması texnikası və texnologiyasını və kəşfiyyat-qazıma işlərinin aparılmasını ətraflı təsvir etmişdir. Bu dünya ədəbiyyatında buruq qazımasına həsr olunmuş ilk kitab idi.
1846-cı il. Bakının Bibiheybət kəndində Zaqafqaziya üzrə Baş idarənin üzvü V.N.Semyonovun (1801-1863) təklifi ilə kəşfiyyat məqsədilə dünyada 21 metr dərinliyi olan ilk quyunun burla (qazıma aləti) qazılmasına başlanmışdır və müsbət nəticə əldə edilmışdir .
1847 -ci il. Qafqazın canişini Mixail Vorontsov öz sənədlərində (8-14 iyul) rəsmi olaraq Bibiheybətdə dünyada birinci mexaniki üsulla qazılmış quyunun bitməsi və neft alınması ilə bağlı faktı təsdiq edir. (Qafqaz arxeoqrafik komissiyası tərəfindən yığılmış aktlar, 1885, 10-cu cild, sən. № 1143, səh.145).
1848 -ci il. Kanadanın geoloji xidmətinin direktoru cənab Vilyam Poqan neftin təbii üzə çıxmalarının antiklinal strukturlara aidiyyatı olduğunu müşahidə edir. Neft və qaz yataqlarının axtarış və kəşfiyyatı nəzəriyyəsinin əsası qoyulur.
1849-cu il. Kanadalı geoloq Abraham Hesner nefti destillə etməklə ağ neft (kerosin) alır. Bununla keosin işıq mənbəyi kimi balina yağını (piyini) əvəz edir və bunun sayəsində xam neft üçün yeni bazar meydana gəlir.
1850- ci il. General Andreas Piko Kalıforniyada Los-Ancelos yaxınlığında əllə qazılmış quyulardan alınmış nefti destillə edərək lampa yağı alır.

1851 -ci il. May ayının 1-də Londonda keçirilən Ümumdünya sərgisində dünyada ilk dəfə Rusiya (Bakı) neftinin nümunələri nümayiş etdirilir: 32 nömrə altında Şamaxı quberniyasının Bakı qəzasının Balaxanı, Binəqədi və Bibiheybət sahələrindən gətirilmiş qara neft, 33 nömrə altında Suraxanı sahəsindən gətirilmiş ağ neft. Sərginin rus şöbəsinə Qafqaz canişini knyaz M.S.Vorontsov başçılıq edirdi.
1853 –cü il. Lvovlu əczaxanaçılar İvan Lukaseviç və Yan Zex təhlükəsiz kerosin lampasını icad etdilər.
1853 -1854-cü illər. Corc Bissel Qərbi Pensilvaniyanın neft mənbələrində görünür və Yelsk universitetinin professoru Bencamin Sillimanı neftdən istifadə etməklə işıqlandırma və sürtgü yağları hazırlamağın mümkünlüyünü öyrənmək məqsədilə kimyəvi analizlərin aparılmasına cəlb edir.
1854- cü il. Kanadalı geoloq Abraam Gesner işıqlandırma üçün ilk dəfə qudrondan alınmış yağı emal etməklə kerosinin istehsalı prosesinə patent almaq üçün müraciət edir.
1854 -cü il. Rumıniyada əl ilə qazılmış quyulardan 275 ton “dağ-mədən yağı” çıxarılmışdır.
1854 -cü il. Polşada Bobrkada İqnatiy Lukaşeviç Mərkəzi Avropada ilk dəfə 30-35 m dərinliyində neft quyuları qazır.
1854 -cü il. Kaliforniyada Stoktonda suburaxıcı quyulardan çıxan təbii qaz şəhər məhkəməsinin binasını qızdırmaq üçün istifadə olunur.
1854 -cü il. Qalisiyada ağ neft (kerosin) istehsalının başlanğıcı.
1857-ci il. Maykl Dits şüşə kolbaya oxşayan ağ neft (kerosin) lampası ixtiraedir. “Vena lampası” kimi məşhurlaşan bu ixtira balinaların sayının saxlanılmasına səbəb olur, çünki evləri işıqlandırmaq üçün balina yağını əvəz edən və rahat enerji mənbəyi olan kerosinin istifadəsi geniş yayılır.
1858-ci il. Bakıda Xəzər dənizində ən böyük gəmi şirkətlərindən biri olan “Qafqaz və Merkuri” səhmdar cəmiyyəti yaradıldı.
1858 -ci il. Şimali Amerikada neft hasilatı başlanır (Kanada, Ontario əyaləti).
1859-cu il. Yerino kəndində Podolsk yaxınlığında mühəndis Q.D.Romanovski ilk dəfə qazma işində buxar maşınını tətbiq edir.
1859 -cu il. Edvin Dreyk Taytutsvilldə (Qərbi Pensilvaniya – ABŞ) 75 fut (1fut - 36 sm), yəni təqribən 27 metr dərinliyində qazılmış quyunun 69 fut, yəni 24 m dərinliyində layın açilması ilə nəticələnən ilk neft quyusunu qazır. Oradan gündə 15 barel (25 çəllək) neft hasil olunur. Bu yatağın açılışından sonra (Oil Creek, ABŞ, Pensilvaniya) neft axtaranlar Pensilvaniyaya axışır. ABŞ-da ilk neft canlanması (bumu) başlayır.
1859- ci il. Vasili Kokorev (1817-1889), Pyotr Qubоnin (1828-1892) və alman baronu N.E.Tornau Suraxanıda qırdan (bitumdan) kerosin istehsal edən neftayırma zavodunun əsasını qoymuşlar və onun tikintisi 1959-cu ildə başa çatmışdır. Bu zavoddan ilk kerosin 1861- ci ildə alinmışdır. D.Mendeleyev 1863-cü ildə Bakıda olarkən bu zavodda çalışır.
1859-1861-ci illər. Görkəmli geoloq akademik German Vilhelm Abix (1806-1886) iki dəfə Xəzər dənizi hövzəsində Bakı və Abşeron arxipelaqları rayonuna gələrək Neft Daşlarının təsvirini verib. O, ilk dəfə olaraq sualtı daşların yerləşmə sxemini tərtib edib və onların Abşeronu Gələkən adası ilə bağlayan sualtı dağ silsiləsi ilə əlaqəsi olmasını göstərib.
1860-cı il. ABŞ-da neftdən fotogeni tam əvəz edən işıqlandırıcı kerosin aldılar.
1860-cı il. Mexanik Etyen Lenuar (Fransa) işıqlandırıcı qazla işləyən, bir qədər az səmərəli, ilk daxili yanma mühərrikini ixtira edir.
1860-cı il. D.Mendeleyevin göstərişi ilə V.Kokorevin zavodunda işləyən Moskva Universitetinin kimyaçısı V.E.Eyxler ilk dəfə olaraq neft emalının elmi üsullarının tədqiqatına başlayır.
1861-ci il. «Empayr” qazma quyusu (Pensilvaniya, ABŞ) 460 fut (təqribən 166 m) dərinlikdən gün ərzində 2500 çəllək neft verdi. Bununla, neft həyəcanı (neft bumu) başlandı.
1861 -сi il. Каliforniyanın Qumbolt qraflığında (ABŞ) əl ilə ilk neft quyuları qazılır.
1862 -сi il. Con Rokfeller ABŞ-da neft məhsullarının satışını təşkil edir.

1862 -ci il. Neftin həcminin yeni ölçü vahidi meydana çıxır-barrel (barel- çəllək deməkdir). O zamanlarda nefti çəlləklərdə daşıyırdılar. Dəmir yol sisternaları və tankerlər hələ ixtira olunmamışdı. Neftin bareli 42 qallona və ya 159 litrə bərabərdir.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə