Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə12/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Yeni ixrac qaz kəmərləri
“Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-1" layihəsi üzrə 178 mlrd. kub. metr qaz və 34 mln. ton kondensat çıxarılması və bu qazın əsas hissəsinin ixrac olunmasi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, "Mərhələ-1" layihəsinə uzunluğu 970 km olan Bakı- Tiflis-Ərzurum qaz kəmərinin tikintisi daxil edilmışdir, bunun Cənubu Qafqaz Boru Kəməri (CQBK) adlanan hissəsinin 442 km Azərbaycandan, 248 km isə Gürcüstandan keçir. BOTAŞ-ın Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır. Qaz kəmərinin tikintisinin ilkin dəyəri 0,9 mlrd. ABŞ dollar təşkil etmişdir.

2006-cı ilin may ayının 25-dən BP- Şahdəniz əməliyyat şirkəti CQBK-nın Azərbaycan hissəsində qaz nəqlinə başlayıb. Boru kəmərinin doldurulması üçün  "Azəri" yatağından çıxarılan səmt qazından istifadə olunmuşdur.   Ekspertlərin fikrincə, Azərbaycanın qaz ixracatçısına çevrilməsini neftdən də önəmli hadisə hesab etmək olar, çünki tezliklə Azərbaycan qazı Avropa bazarında aparıcı yer tutacaqdır. “Sahdəniz” yatağından isə qaz hasilatı 2006 - cı ilin dekabrında başlanıb. Bakı-Tiflis-Ərzurum qaz kəməri isə 2007-ci ilin iyulunda tam istismara verilmişdir.  Hazırda “Sahdəniz” qazı Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir. 2012–ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu kəmərə ötürülən yanacağın da məhz azərbaycan qazı olacağı nəzərdə tutulur. Bu layihələrin baş tutması son nəticədə TransAvropa Enerji Şəbəkəsinin yaradılmasına səbəb olacaq.

2006-cı ilin noyabrın 7-də Azərbaycan Prezidenti İ.Əliyevin Brüsselə rəsmi səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair” anlaşma memorandumu imzalanmışdır.

2007-ci ilin avqustunda ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında Transxəzər neft və qaz kəmərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair saziş imzalanmışdır. Milli Məclis tərəfindən ratifikasiya edilmiş saziş Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2007-ci il tarixli Sərəncamıyla təsdiq edilmişdir. Saziş çərçivəsində nəzərdə tutulan işləri həyata keçirmək məqsədi ilə tender elan edilmiş və ABŞ-ın “Kellog Brown & Root (KBR)” şirkəti qalib olmuşdur. Qalib şirkət “Granherne” şirkəti ilə alyans yaratmışdır. Subpodratçılar qismində ARDNŞ-nin “Neftqazlayihə” institutu, “McDermott” şirkəti, eləcə də “Azekoservis” və “KazEcoProject” müəssisələri çıxış edəcəkdir.

2008-ci ilin noyabrin 14-də Bakıda keçirilən IV Enerji sammiti Xəzəryanı dövlətlərin eneji ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni ixrac neft və qaz kəmərlərinin marşrutlarının müəyyən edilməsində mühüm rol oynadı. Beləki, Nabukko qaz boru kəməri və Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri kimi, alternativ, kommersiya baxımından əsaslandırılmış layihələrin gerçəkləndirilməsinə yönəlmiş, Xəzər dənizi və Qara dəniz regionları ilə Avropa ölkələri arasında tranzit məkanların istifadəsi enerji təhlükəsizliyi problemlərinin həllinə yeni imkanlar açır. Nabukko konsorsiumu Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçərək bu regionları Mərkəzi və Qərbi Avropanın bazarları ilə birləşdirəcək yeni qaz boru kəmərinin tikintisi təşəbbüsü ilə çıxış edir. Bu layihəyə Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın zəngin qaz ehtiyatlarını da qoşmaq sərfəli olardı.

2008-ci ildən respublikamız Avropa bazarına ildə təxminən 5 milyard kubmetr qaz göndərir. 2010-cu ildə Azərbaycan "Şahdəniz" yatağından 8 milyard kubmetrdən çox qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. Sonrakı illər ərzində bu rəqəm 12-16 milyard kubmetrə çatacaq. Proqnozlara görə, ilk mərhələdə ölkəmiz Yunanıstana ildə 3,6 milyard, İtaliyaya isə 8 milyard kubmetr qaz nəql edə biləcək. Azərbaycan öz 4 ixrac qaz kəmərlərindən - Bakı-Tiflis-Ərzurum- illik ötürmə gücü 25 mlrd.kub m, Qazı-Məmməd-Qardabani (Gürcüstan) - illik ötürmə gücü 3 mlrd. kub m, Qazı-Məmməd- Mozdok (Rusiya), - illik ötürmə gücü 10 mlrd.kub m , Qazı-Məmməd – Astara – Binənd (İran) - illik ötürmə gücü 2 mlrd.kub m., ildə 40 mlrd. kub mmaksimum faydalanmaq niyyətindədir. Azərbaycan təkcə "Şahdəniz" yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. İtaliyanın "Eni" şirkəti də hesabatında bu yatağın qaz ehtiyatlarını nəzərə alıb. Digər yataqlardakı, məsələn, "Bahar" perspektiv blokundakı qaz ehtiyatlarını nəzərə alsaq, bu göstərici 2–3 trilyon kubmetri də ötəcək. Azərbaycanın ildə 12–15 milyard kubmetr qaz ixrac edəcəyini nəzərə alsaq, həmin ehtiyatların 100 il, hətta 200 il kifayət edəcəyini söyləmək olar.

2009-cu ilin 29 iyununda Bakıda ARDNŞ ilə Qazprom (Rusiya) arasında 1 yanvar 2010-cu ildən sonrakı illərdə artırılmaqla, mövcud qaz boru kəmərı ilə ildə 500 milyon kub m qazın Rusiyaya ötürülməsi barədə saziş imzalanmışdır. Bu bizim ölkənin ixrac qaz kəmərlərinin şaxələnməsini daha da artırır.

10. Neft amilinin digər sahələrin və infrastrukturun inkişafına təsiri
XIX əsrin ortalarından Bakıda neft sənayesinin sürətlə inkişafı burada yeni sənaye, tikinti, nəqliyyat və xidmət sahələrinin yaranmasına və inkişafina böyük təkan verdi.

1858-ci ildə Xəzər dənizində ən böyük gəmi şirkətlərindən biri olan “Qafqaz və Merkuri” səhmdar cəmiyyəti yaradıldı.

Rusiyanın su nəqliyyatında neft yanacağından istifadə olunmasına ilk dəfə cəhd Xəzər dənizində göstərilmışdi. 1869-cu ildə Kokorevin paraxodlarından birinin odluğu neft ilə qalanmağa başlandı. 1870-ci ildə Xəzər dənizində üzən “Rossiya” və “İran” adlı iki buxar gəmisində Şpakovski sistemi ilə neftlə qalanan aparatlar qoyulmuşdu. Həmin ildə “Artelşik” paraxodunda Lensin konstruksiyası ilə düzəldilmış qalanma aparatı sınaqdan keçirildi. 1871-ci ildə “Nasreddinşax” paraxodunda Bakı limanının mühəndisi A.V. Kaminskinin forsunka sistemi uğurla sınaqdan çıxarıldı. 1873-cü ildə “Qafqaz və Merkuri” paraxod səhmdar cəmiyyəti özünün Xəzərdəki buxar gəmilərini neftlə qalanmaya keçirdi.

XIX əsrin 70-ci illərində Xəzər ticarət donanmasının buxar gəmilərinin sahibləri, forsunkanın icad olunması ilə bir-birinin ardınca tələsik öz paraxodlarının, həmçinin kiçik barkasların və katerlərin qazanlarının odluqlarını neftlə qalanmaya uyğunlaşdırdılar. 1878-ci ilədək demək olar ki, Xəzərdəki bütün paraxodlar, o cümlədən dövlətə məxsus, neftlə qalanırdılar. 1879-cu ildə “Branobel” şirkəti öz paraxodlarını neftlə qalanmaya keçirdilər. 1879-cu ildə Xəzərdə müxtəlif tipli 556 gəmi, o cümlədən 342 yedək gəmisi üzürdü ki, onlarında əksəriyyəti neftlə qalanırdı. XIX əsrin 70-ci illərində Xəzərdəki neftlə qalanan buxar gəmilərində əsasən Şpakovskinin və Lensin forsunka sistemi tətbiq olunurdu. 1874-cü ildən başlayaraq Rusiyanın dəmir yollarında da paravozların qazanlarında neft yanacağından istifadə olunmasına ilk cəhdlər göstərilmişdir. XIX əsrin 70-ci illərinin sonunda yenicə inşa edilmış Bakı-Balaxanı və Axaltəkə (Gürcüstan) dəmir yolları öz paravozlarını neft yanacağına keçirirlər. 1882-ci ildə tikilməkdə olan Zaqafqaziya dəmir yollarının paravozlarının bir hissəsidə neft qalıqları ilə qalanmağa başlandı, 1884-cü ildə isə artıq onun yanacaq balansında Bakı nefti 54,3% təşkil edirdi. XIX əsrin 90-cı illərinin sonunda Bakı nefti yanacaq kimi nəinki Rusiya imperiyasının dəmir yollarında, həmçinin sənaye müəssisələrində də geniş tətbiq olunmağa başladı. Nəzərə alsaq ki, Bakı neft rayonunun özündə də sənaye müəssisələrində böyük həcmdə (1899-cu ildə - 140 mln.pud) neft yanacağından istifadə olunurdu, onda təsdiq etmək olar ki, neft, Rusiya imperiyasının sənayesinin qalanmasında aparıcı mövqe tuturdu. Rusiyanın sənaye və nəqliyyat müəssisələrinin kütləvi şəkildə neft yanacağına keçməsi ilə əlaqədar onun imperiyanın ümumi yanacaq balansında rolu xeyli artmış oldu.

1878-ci ildə Xəzərdə dünyada ilk neft tankeri – metal gövdəli buxar gəmisi “Zoroastr” (Zaratuştra –Zərdüşt) göründü (bu gəmi L.Nobelin sifarişi ilə İsveçin “Motala” zavodunda 1877-ci ildə hazırlanmışdı və belə gəmi heç Amerikada da yox idi. Sifarişçi qismində “Qafqaz və Merkuri” səhmdar cəmiyyətı çıxış etmişdi). Qeyd etmək lazımdır ki o dövrəcən neft və neft məhsulları Həştərxana çəlləklərdə yelkənli şxunalarla daşınırdı. 1880-ci ildə Xəzərdə artıq 345 neftdaşıma gəmısi (yelkənlə-212, buxarla-133) işləyirdi.
Rusiyada ilk dəfə olaraq (Nobellərdən sonra) V.Şuxov neftdaşıma gəmiləri - Xəzər dənizində neft daşımaq üçün şxunalar və Volqa çayı ilə isə pərçimlənmış metal gövdəli kərəçi (barja) tipli gəmilər inşa etdirdi və bununla neftin və neft məhsullarının daşınması məsələsini həll etdi. Beləki, onun layihəsi əsasında Saratov gəmiqayırma zavodunda 150 m uzunluğu olan nəhəng pərçimlənmiş dəmir gövdəli kərəçilər inşa edilməyə başlandı, o dövr üçün bu texniki möcüzə idi, çünki mühəndis-texnoloqların şablonla dəqiq kəsmək barədə təsəvvürləri yox idi. V.Şuxov göstərdi ki, onun cizgiləri ilə necə nəhəng pərçimlənmiş dəmir konstruksiyaları yığmaq mümkündür. 1893-cü ildə V.Şuxovun layihəsi əsasında neft və neft məhsullarını daşımaq üçün uzunluğu 172 m və yükgötürmə qabiliyyəti 12 min ton olan kərəçi inşa olundu.

1897-ci ildə H.Z.Tağıyev tərəfindən təməli qoyulan və əsas kapitalı 2 mln. rubl təşkil edən”Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” imperiyanın ucqarlarında toxuculuq sənayesinin ən iri müəssisəsi idi.

1900- cü ildə Bakı şəhərində 80 mexaniki emalatxana və zavodlar, 14 kimya zavodu, 18 kərpic zavodu, 5 elektrik stansiyası, həmçinin bir neçə buraz və çəllək zavodları mövcud idi.

1903-cü ildə Nobellər Sormovo zavodunda 50 min pud həcmində olan “Vandal” və 1904-cü ildə “Sarmat” adlı üçvallı neft daşıyan tanker (teploxod) tikdirərək Xəzər dənizinə buraxdılar və onlar “Lüdviq Nobel” zavodunun gəmi dizellərinin tətbiq olunduğu ilk ilk inşa edilmış dizel-elektroxodlar idilər. Emmanuil Nobel 1908-ci ildə Nijni Novqorod zavodunda 600 min pud neft götürən nəhəng tanker-teploxod “ Kirqiz”i inşa etdirdi. Ondan 2 il sonra isə Xəzər dənizində 4 tanker-teploxod üzürdü (onların üçü –“Emmanuil Nobel”, “Robert Nobel”, “Karl Xaqelin” –“Branobel” şirkətinə, biri isə “Delo” – Merkuryev qardaşlarına məxsus idilər).

Bakıda neft sənayesinin sürətlə inkişafı iri neft sahibkarları ilə yanaşı, bu sahədə fəaliyyət göstərən milli burjuaziya, alimlər və mühəndislər nəslinin formalaşmasına imkan yaratdı. Belə ki, kimya zavodunun sahibi Ə.Əhmədov, gips daşınınkı - Fərəc Əliyev, sementinki – Məmmədsadıq Həsənov idilər; Ağabala Əliyev - Bakıda un dəyirmanı, Nağı Mehdiyev – tütün fabrikinin əsasını qoydular; K.Bəhramovun iri çuqun-mis tökmə emalatxanası var idi; gəmi sahibkarları sırasına Üseynovlar, Zeynalov, Aşurov, Dadaşovlar, İsrafil Hacıyev, Məmməd Manafov və b. daxıl oldular; Bank kantoruna Əbdülhəmid Ələsgərov, Qarşılıqlı kreditlər üzrə İkinci Bakı cəmiyyətinə Əlibala Əliyev rəhbərlik edirdilər. Neft sahəsində isə tanınmış milyonerlərlə yanaşı bütov bir varlı sahibkarlar nəsli yetişmişdi: Seyid Mirbabayev, Səlimov, Şıxı, Hacı Hacıağa və b. Varlanaraq onlar da şəhərin tikintisinə öz töhvələrini verirdilər. Cavad Məlikov özünün layihəsi əsasında ən müasir avadanlıqla təchiz olunmuş neftayırma zavodu tikdirmişdi. İlk azərbaycanlı diplomlu mühəndislərdən biri – Fətulla Rüstəmbəyovun neft işinin inkişafında çox böyük payı var idi. Onun verdiyi təkliflərdən bir neçəsi bunlardır: zərbəli qazıma üsulundan elektrik ötürücülü fırlanma qazımasına keçmə; dərin quyuların qazılmasında pərçimli boruların yerinə yivli qoruyucu boruların tətbiqi; neft hasilatında dartaylayıcı üsulun quyu-nasosla əvəz edilməsi; qazlıftin (quyuya yüksək təzyiqlə qaz vurulması hesabına məhsuldar layın neft veriminin artırılması) tətbiqi; taxta vışkaların metalla əvəz edilməsi və s. Avropa və Rusiyanın universitetlərində təhsil almış azərbaycanlı alimlər və mühəndislər – M.M.Xanlarov, M.Q.Hacınski, A.Mirzəyev, İ. Rzayev, S.Qəmbərov, İ.Əmirov və b. Rusiya İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsində çalışmaqla Azərbaycanda kimya və texniki elmlərin inkişafına yardım edirdilər.

1917-ci il inqilabından əvvəlki illərdə Rusiyadan Bakıya gəlmiş alimlər, mühəndislər və iş adamları da Azərbaycanda sənayenin inkişafına böyük təsir göstərmişlər. Budur onlar: D.İ.Mendeleyev, K.İ.Lisenko, V.V.Markovnikov, F.F.Belşteyn, N.D.Zelinski, Q.B.Abiх, L.Q.Qureviç, V.Q.Şuxov, M.A.Kapelyuşnikov, S.K.Kvitko, İ. Qubkin, V.Y.Eyxler, N.İ.Voskoboynikov, D.V.Qolubyatnikov, İ.A.Vermişev, S.M.Şibayev, V.Kokorev, P.Qubonin və b.

Azərbaycanda alman iş adamları da fəal çalışmışlar, bunlardan «Торговый дом Бенкендорф и КО* », «Товарищество О.Ленц и К*», «Товарищество Беппле и К*»-nı, T.Y.Qaqeni, A.F.Berensi, alman alimi K.Enqleri göstərmək olar. Alman sahibkarı Vitte XIX əsrin ortalarında Pirallhı adasında böyük parafin zavodu tikdirərək ondan şam hazırlayır vbu şamlara hətta Bakının hüdüdlarından kənarda da tələbat duyulurdu. 1864-cü ildə Simens qardaşları Gədəbəydə misəritmə zavodunun inşasına başladılar, 1883-cü ildə isə Qalakənd mədənində onlar misəritmə zavodunu tikdilər və burada elektrik enerjisi tətbiq etdilər. Simenslər Xosməmməd adlanan yerdə mis mədəninin, Aykənd kəndi yaxınlığında kvars (silisium oksidi) yatağının işlənməsinə, Daşkəsəndə müəssisələr almağa başladılar. Simenslər dağ-mədənlərində quyuların əl ilə qazılmasını mexaniki üsula keçirdilər, quyu gövdəsini uçmaqdan qorumaq üçün qoruyucu boru kəmərləri tətbiq etdilər, Rusiyanın digər zavodlarında hazırlanan kerosinlərdən keyfiyyətcə üstün məhsul istehsal edən kerosin zavodu tikdirdilər. Zorge, Kober, Eyzenşmidt, Verinq, Şaube və b. tərəfindən kiçik mexaniki müəssisələr yaradılmışdı. 1892-ci ildə Azərbaycanda ilk dəfə almanlar tərəfindən salınmış və Elenedorf (indiki Göy-göl) adlandırılmış qəsəbədə Forer qardaşları tərəfindən hətta konyak zavodu da inşa edilmişdi. Üç il sonra isə Qummel qardaşları burada ikinci belə bir zavodu tikdirmişlər. XIX əsrin sonunda Bakı neft sənayesiçi Murtuza Muxtarov müasirləşdirilmış zərbəli ştanq qazıma üsulu dəzgahını yaradır (1895-ci il) və ona patent alır. Bütün dünyada “Muxtarov” adı ilə məşhur olan bu dəzgahın o illərdə qazma işlərində tətbiqi geniş vüsət almışdı. Sonra o, Bibi-Heybətdə bütöv bir qazıma avadanlıqları zavodunu işə salır. Bu Rusiya imperiyasında neft avadanlıqlarının istehsalı üzrə ilk sənaye müəssisəsi idi.

Çözlənildiyi kimi, neft “canlanmasi” bölgənin bütün iqtisadiyyatının yüksəlməsinə gətirib çıxardı. Artıq 1900-cu ildə Bakıda 10 nəhəng ağac anbarı, 106 neft şirkəti, 16 yerli neft boru kəmərləri, 60-a yaxın mexaniki emalatxanalar mövcud idilər. Neft sənayesinin hesabına digər sənaye sahələridə inkişaf edirdi. Xarici kapital neft - mədən və neft emalı istehsalına xidmət edən sahələrin sürətlə yüksəlməsinə yardım edir (liman körpülərinə və elektrik stansiyaları tikilir). Enerjı qurğularının gücünə görə Bakı Sankt-Peterburq və Moskvadan sonra üçüncü yerə çıxır. Neft mədənlərinə xidmət etmək üçün iri səhmdar cəmiyyətləri yaradılır: “Xəzər maşınqayırma və qazanxana zavodu”, “Branobel”, “S.M.Şıbayev”, “Qafqaz və Merkuri”, “Xəzər” şirkətlərinin mexaniki emalatxanaları, “Nadejda” cəmiyyətinin, “Mal anbarlarının şərq cəmiyyəti”nin emalatxanaları, Q. Bartdorfun mexaniki və çuquntökmə zavodu, A.Dadaşovun gəmi təmiri üçün doku (tərsanəsi) və s. Həm də yaradılmış mexaniki istehsal gücünün yarısından çoxu əsasən gəmilərin təmiri üçün istifadə olunurdu, çünki dəniz yolu çıxarılan neftin daşınmasında əsas yer tuturdu. Azərbaycanın sənaye strukturunda hər sahənin pay bölgüsü belə idi: neft – 79,6%, maşınqayırma və metal emalı – 3,4%, elektrik enerjisi istehsalı – 0,9%, toxuculuq – 2,4%, yeyinti – 6,8% və başqa sahələr – 6,9%. O zamanın yüksək gəlirli sənayesi üçün bu bölgü ona uyğun gələn bir infrastruktur idi və hələ onda Rusiya iqtisadiyyatının donor hissəsinə çevrilmışdi.

Neft sənayesinin uğurları inqilabdan əvvəlki Bakıda tədrisin və xeyriyyəçilik ənənələrinin inkişafına da çox böyük təsirini göstərdi. 1914-cü ildə Bakıda 27 xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Tədrisdə və xeyriyyəçilikdə olan ənənələr 1919-cu ildə Bakıda Şərqdə ilk avropa sayağı ali təhsil məktəbinin – Dövlət Universitetinin yaranmasına imkan verdi. Neft “canlanmasi”, şübhəsiz, Bakının arxitekturasına Avropa təsirinin güclü dalğasını gətirdi. Bu təsir özünü Bakının binalarında, bulvarında, düz küçə və prospektlərində, gətirilmə münbit torpaq üstə salınmış park və bağlarında biruzə verir.

Qazma işlərində və neftçıxarmada yeni texnika və texnologiyaların tətbiqi neftmaşınqayırma sənayesinin inkişafını tələb edirdi və həmin illərdə Bakıda sənayenin bu sahəsinin də yenidən qurulmasına diqqət artırıldı. 1926-cı ildə Suraxanıda dərinlik nasosları istehsal edən mexaniki zavod işə düşdü. 1927-ci ildə “leytenant Şmidt” adına (indiki Səttarxan) zavodda güclü elektrik marten sobaları istismara verildi. 30-cu illərdə neft avadanlığı və cıhazlarının istehsalı zavodlarının yenidən qurulması onların yerli istehsalını təşkil etməyə imkan yaratdı. 1934-cü ildə Bakıda dəzgahqayırma zavodu ilk məhsulunu verdi.

Xəzər dənizində neft və qaz yataqlarının axtarışının sürətləndirilməsi ilə əlaqədar 1944-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə dənizdə neft axtarışı, kəşfiyyatı və istismara hazırlığı məqsədilə “Dənizqazma” tresti yaradılır.Onun tərkibində isə Dəniz nəqliyyatı kontoru təşkil edilir. 1948-ci ilin dekabrında Pirallahı adasından “Qara Daşlara” (Neft Daşlarına) ilk dəfə “Transportnik” kateri ilə inşaat briqadası aparılır və bu briqada qazmaçılar üçün yaşayış binası tikməyə başlayır. 1949-cu ildə “Xəzərtanker” və Xəzər Donanma”sının balansından silinmiş 7 ədəd gəmi “Neft Daşlarına” aparılır, ada ətrafındakı dayaz yerlərdə saya oturdularaq süni körfəz qurulur və gəmilərin külək və dalğalardan qorunması üçün şərait yaradılır.Gəmilərin kayut və anbarlarından həmçinin qazmaçılar üçün yeməkxana, tibb məntəqəsi, anbar və s. kimi istifadə edilir. 1949-cu ilin 31 oktyabrında SSRİ Nazirlər Sovetinin “Xəzər dənizində neft istehsalını artırmaq haqqında” qərarı ilə yaradılmış “Başdənizneft” birliyinin tərkibində Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə Üzgüçülük Vasitələri İdarəsi ( 22 yanvar 1953-cü ildən “Xəzərdənizneftdonanma” idarəsi) təşkil edilir. Çöstərilən əmrə əsasən “Dənizqazma” trestinin Dəniz nəqliyyatı kontoru gəmiləri ilə birlikdə və “Pirallahıneft” və “Stalinneft” trestinin balansında olan bütün üzən vasitələr Üzgüçülük Vasitələri İdarəsinə verilir. Onlar 66 ədəd müxtəlif təyinatlı, əsasən kiçik həcmli gəmilərdən və digər üzən qurğulardan: PM- 351 tipli katerlər, “Transportnik”, “Pobeda”, “BMK-90” tipli yedək gəmiləri, “Sobol”, “Gürqan”, “Buxta İlyiça” buxar yedək gəmiləri, gücü 500 a.q. “Burnıy” yedək gəmisi, 20 ton yük qaldıran ozühərəkət etməyən üzən gəmi, ağac gövdəli kərəçilər (barjalar) və s.-dən ibarət idi. Üzən heyətin sayı isə cəmi 700 nəfər olub. Yeni idarənin tərkibində Neft Daşları, Çılov, Pirallahı və İliç Buxtası dəniz nəqliyyatı kontorları təşkil edilir. 1950-1960-cı illərdə donanmaya kran, sərnişin, yedək, geolojı, yanğınsöndürən, dalğic və d. təyinatlı gəmilərin alınmasına başlanılır. Bu üzgüçülük vasitələri dənizin su qatının 17-20 m dərinliyində isləri aparmağa imkan verirdi. Donanma yarandığı ilk vaxtlardan gəmilərə təmir və texniki xıdmətin göstərilməsi üçün müvafiq təmir bazasının yaradılması məqsədilə 1953-1955-ci illərdə Gəmi Təmiri Zavodu tikilb istismara verilir. 1965-ci ildə Rusiyanın Nijni Novqorod şəhərində inşa edilmış və “ Koroğlu” adı verilmış 250 tonluq kran gəmisi ilə dənizin 60 m dərinliyində inşaat işləri aparmağa imkan yarandı. Ümumiyyətlə 1950-1970-ci illər ərzində donanmaya 336 ədəd müxtəlif təyinatlı gəmilər və üzən qurğular daxil olur.

1970-ci ildən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafının əsas perspektivləri Xəzər dənizinin daha dərin sulu hissələrində (200 m) geoloji-kəşfiyyat işlərinə başlanmasında idi. Bu işlərin aparılmasında isə donanmanın müasir və texniki imkanları daha güclü olan müxtəlif təyinatlı gəmilərə ehtiyacı vardı. Bu cürə gəmilərin tikilməsi əsasən xarici ölkələrdə həyata keçirilirdi, çünki SSRİ-nin gəmiqayırma müəssisələrində belə gəmilərin düzəldilməsi təcrübəsi yox idi. Böyük valyuta sərfi tələb edən bu işlərin başlanması yalnız ölkə rəhbərliyinə yenicə başlamış uli öndər Heydər Əliyevin fəaliyyətindən asılı idi və o, həmişə olduğu kimi bu ağır işində öhdəsindən ləyaqətlə gəldi. 1973-cü ildə Hollandiyada hazırlanmış “Süleyman Vəzirov” borudüzən gəmisi dənizin dərinliyi 195 m qədər olan sahələrdə sualtı neft və qaz xətlərinin inşaasını aparmağa imkan verdi. Bu gəminin fəaliyyətini təmin etmək məqsədilə Norveçdə çücü 7040 a.q. olan 3 təchizat gəmisi tikilir və istismara verilir. 1978-ci ildə Fransada tikilmış dənizin 200 m kimi dərinliyində işləməyə imkan verən sualti dalğıc kompleksi ilə təchiz olunmuş “Əli Əmirov” adına geoloji-kəşfiyyat gəmisi, 1980-ci ildə Almaniyada inşa edilmiş 2500 ton yükqaldırma gücünə malık olan kran gəmisi donanmanın tərkibinə daxil edilir. Ümumiyyətlə 1991-ci ilədək Donanma üçün xarici ölkələrdə tikilmiş böyük güclü: 40-2500 tonluq 17 ədəd kran gəmisi, gücü 4000-8000 a.q. olan 23 ədəd təchizat gəmisi, 12 ədəd sərnişin, 9 ədəd yanğınsöndürən, 4 ədəd yedək gəmiləri, 18000 ton yük götürə bilən özüboşalan 1 ədəd kərəçi (barja), 1 ədəd 300 m dərinlikdə borudüzən və 1 ədəd 300 m dərinlik üçün sualtı dalğıc komplesi ilə təchiz edilmiş gəmilər, cəmisi 82 ədəd gəmi alınıb gətirilir.

Xəzər dənizində açılan neft yataqlarında dəniz özüllərinin (platformaların) inşası məqsədi ilə SSRİ  Nazirıər Sovetinin 19 iyul 1974 – cü il tarixli 589 nömrəli qərarına uyğun olaraq, SSRİ Nazirlər Sovetinin 14 sentyabr 1974-cü il tarıxlı 2051 nömrəli sərəncamına əsasən Bakıda dərin stasionar özüllərin dayaq bloklarının hazırlanması məqsədilə Bakı Dərin Özüllər Zavodunun inşası, Həştərxan vilayətinin Nijne-Voljsk qəsəbəsində isə bu özül bloklarının üst tikililərinin hazırlanması – “Lotos” müəssisəsinin quraşdırılması nəzərdə tutulmuşdu. 1979-cu ildə Qaradağ rayonunda Bakı Dərin Özüllər Zavodunun (2004-cü ildə müəssisəyə ümummilli lider Heydər Əliyevin adı verilmişdir) inşasına başlandı və onun ilk mərhələsi 1984-cü ildə istifadəyə verildi (açılış mərasimində o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan H.Əliyevdə iştirak etmişdir). 1985-ci ildə isə əsasən müasir xarici avadanlıqlarla təchiz olunmuş bu unikal zavodun tikintisi tamamilə başa çatdırıldı. Zavodun tikintisinə Sovet hökuməti tərəfindən 450 mln. ABŞ dolları maliyyə vəsaiti ayrılmışdı və onun inşası Həştərxanda nəzərdə tutulmuşdu. Lakin H. Əliyevin qətiyyəti nəticəsində onun məhz Azərbaycanda inşa olunmasına nail olundu. Xəzər dənizinin dərin sulu qatlarında neft yataqlarının işlənməsində, xüsusilə müstəqillik əldə olunduqdan sonrakı illərdə “Əsrin müqaviləsi”nin üğürla həyata keçirilməsində H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun müstəsna və layiqli yeri vardır.

İri neft layihələrinin gerçəkləşməsi nəticəsində daxil olan gəlirlər ARDNŞ tərəfindən yeni infrastrukturun yaradılmasına və fəaliyyətdə olanların təkmilləşdirilməsinə istifadə olunur:


- 1996-cı ılin avqustunda modernləşdirilmiş “Şelf” tipli yarımdalma qurğusu “Kaspmorneft”, yeni - “Dədə Qorqud” adı ilə istismara verilmişdir. Qurğu dənizin su qatının 475 m-nə qədər olan sahələrində 7250 m dərinliyinə qədər qazıma işləri aparmağa qadirdir;

- 1996-1997-ci illərdə “Çıraq” yatağında əvvəllər quraşdırılmış platforma, yenidən qərb standartlarına uyğun bərpa edilərək istifadəyə verilmişdir və oradan qazılan quyudan 12 noyabr 1997-ci ildə ilk neft alınmışdır;

- 1997-ci ilin noyabrında Səngəçal terminalının birinci növbəsi (100 min ton neft tutumu həcmində) tikilib istfadəyə verilmişdir;

- 1997-ci ilin noyabrında qismən təmirdən və nasos stansiyalarının modernləşdirilməsindən sonra Bakı-Qroznı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verilmışdir;

- 1998-ci ilin noyabrında “Şelf-5” yarımdalma qurğusu yenidən qurularaq “İstiqlal” adı altında istifadəyə verilmişdir. Qurğu dənizin su qatının 700 m-ə qədər olan sahələrində 7600 m dərinlikdə quyuların qazılmasını mümkün edir;

- 1999-cu ilin aprelində 830 km uzunluğu olan Bakı-Supsa ixrac neft boru kəməri inşa edilib, istismara verilmişdir;

- 2004-cü ildə “Heydər Əliyev” adına neft tankeri suya buraxılmışdır;

- 2006-cı ilin iyul ayında H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisi başa çatdırılmışdır;

- 2006-cı ildə Şahdəniz TPG 500 özüqalxan dəniz platforması və onunla əlaqədar sualtı özüllər inşa edildi.. Bu, Xəzərdə yeganə platformadır ki, bütövlüklə Azərbaycanda yığılmışdır. Platformanın qazıma qurğularının 3000 m-dən artıq radius əhatəsində dərinliyi 7 km-dən çox olan quyular qaza bilmək imkanı var;

- 2007-ci ildə Cənubi Qafqaz Bakı-Tbilisi-Ərzurum magistral qaz kəmərinin tikintisi başa çatmış və “Şahdəniz” yatağından qaz Türkiyənin qaz sisteminə daxil olmuşdur.

- 2007-ci ildə ARDNŞ-nin “Neftqaztikinti” tresti və müştərək müəssisəsi “Azfen” – layihənin subpodratçısı, Səngəçal terminalından Hacıqabul baş kompressor stansiyasına 47 km - lik yeni qaz boru xəttinin çəkilişini başa çatdırmışlar və bu da AÇG və “Sahdəniz” yataqlarından çıxarılan qazın ölkədaxili qaz şəbəkəsi sisteminə qoşulmasına imkan verir;

- 2007-сi ildə “Neft Daşları” – “Bahar” yataqları arasında 67 kilometr uzunluğunda 20 düymlük qaz kəmərinin çəkilişinə başlandı Bu tikintinin baş podratçısı “Neftqaztikinti” tresti, subpodratçısı (yəni vasitəli götürə iş aparanı) isə “McDermott” şirkəti idi.. Kəmərin inşası ARDNŞ-nin “Qaz Proqramı” çərçivəsində həyata keçirilmiş və ilin sonunada başa çatdırılmışdır;

- 2008-ci ildə “Neftqaztikinti” trestinin inşa etdiyi 20-düymlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ARDNŞ-nin “Qaz proqramı” çərçivəsində əsas buraxılış obyektlərindən biri olmuşdur. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 milyon kubmetrdir. Yeni qaz kəməri Bakının kənar rayonlarında yerləşən əhalini və sənaye müəssisələrini, ilk növbədə “Şimal” elektrik stansiyasını mavi yanacaqla etibarlı surətdə təmin etməyə imkan verir.

Müstəqil Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsində donanmada bu illər ərzində yaradılmış güclü texniki imkanlar müstəsna rol oynamışlar. 2500 tonluq “Azərbaycan” kran gəmisi, “İsrafil Hüseynov” borudüzən gəmisi, “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi, “Nefteqaz”, “Om”, “Aura”, “Litoqa” və “İrqiz” tipli təchizat gəmiləri, 2000-18000 ton yük götürə bılən kərəçilər və s. üzən vasitələr bu qəbildəndirlər. 1980-ci illərdə donanmanın Gəmi Təmiri Zavodu üçün alınmış üç ədəd : qaldırıcı qüvvəsi 4000 ton, 5000 ton və 15000 ton olan üzən doklar bütün tipli gəmilərin alt hissəsinin təmirini təmin etmiş oldu. Hazırda donanmanın balansında olan müxtəlif təyinatlı 256 gəmi (2010-ci il) ilə Xəzər dənizinin istənilən yerində tikinti-quraşdırma, nəqliyyat-yedək, geoloji-kəşfiyyat, təchizat və s.işləri həyata keçirmək mümkündür. Bu donanma nəinki ARDNŞ-nin dəniz neft mədənlərinin ehtiyaclarını tamamilə ödəyir, eyni zamanda AÇG, “Sahdəniz” və başqa layihələrdə və Xəzər hövzəsinin digər sektorlarında aparılan neft əməliyyatlarında da sifarişlə işlər görür.

H.Əliyev adına Bakı dərin özüllər zavodunda (BDÖZ) ARDNŞ-nin tələbatını ödəməklə yanaşı, “Əsrin müqaviləsi” çərçivəsində də özüllər tikilməkdədir. Bu işlər “bp-Azərbaycan” şirkətinin subpodratçıları olan və dəniz özüllərinin dayaq bloklarını və üst tikililərini hazırlayan Bos Şelf və Mak Dermott şirkətləri ilə birgə həyata keçirilir.

Son illər, xüsusən 2006-cı ildən başlayaraq ARDNŞ-nin fəaliyyətində də çox mühüm hadisələr baş verməkdədir və onun beynəlxalq səviyyəli neft şirkətinə çevrilməsi üçün vacib və əhəmiyyətli addımlar atılır. Bugün ARDNŞ nəinki bölgənin, artıq dünyanın enerji bazarında ciddi oyunçu kimi özünü tanıtmaqdadır. Öz biznesini inkişaf etdirən bir şirkət kimi ARDNŞ ölkə xaricində səhmlərini yerləşdirir, müəssisələr alır və dıgər kommersiya işlərini aparır. 2006-cı ilin sonunda şirkət, ildə 10 mln. ton neft saxlma və yükləmə gücünə malik olan Gürcüstanın Kulevi neft terminalını almışdır. Bu terminalda yenidənqurma işləri başa çatdıqdan sonra onun gücü 20 mln. tona yüksələcəkdir. Eyni zamanda ARDNŞ bu terminalın yaxınlığında ildə 10 mln. ton neft emal edəcək neftayırma zavodunun tikintisini planlaşdırır.

2006-cı ilin sonlarında ARDNŞ və “Turcas” (Türkiyə) şirkəti “SOCAR & Turcas Enerji A.S.” müştərək şirkətinin yaradılması barədə protokol imzalamışlar. Məqsəd Ceyhan limanında 2011-ci ilədək inşa ediləcək, illik gücü 20 mln. tondan artiq olacaq neftayırma zavodunun gücü üçün sərmayənin həcmini müəyyənləşdirmək, Azərbaycandan daxil olan təbii qazın idxalını və topdan satışını həyata keçirməkdir. 2007-ci ildə ARDNŞ Türkiyənin iri neft-kimya komplekslərindən olan “Petkim” şirkətinin aktivlərinin sahibi olmuşdur.

2007-ci ildə Gürcüstanda “SOCAR-Georgiya Petrolium” Məhdud Məsulıyyətli Cəmiyyəti (MMC) yaradılmışdır. MMC yerli bazarın avtomobil benzininə olan tələbatının yarısını təmin edir və bir sıra yanacaq doldurma stansiyaları (YDS) şəbəkələrinin sahibidir.

ARDNŞ “EUPEC Pipe Coatings GmbH” şirkətinin pay hissəsini almışdır. Müəssisənin yeni adı “Caspian Pipe Coatings” adlanır. Müəssisə artıq ARDNŞ-lə 46 km-lik qaz boru kəmərinin beton üzlüyünün çəkilməsinə müqavilə bağlamışdır. Həmçinin bu şirkət “bp-Azərbaycan” şirkəti ilə 190 km sualtı boru kəmərinin aşınmaya qarşı üzlüklə və beton üzlüklə örtülməsi barədə müqavilə imzalamışdır.

ARDNŞ, Siemens və Target Petroleum şirkətləri tərəfindən yaradılmış birgə müəssisə 2007-ci ildə Azərbaycanın dəniz və quru sahələrində geniş spektrə malik – yataqların abadlaşdırılmasından, avadanlıqların yeniləşdirilməsinəcən, dənizdə özüllərin təkmilləşdirilməsindən, quruda – kompressor təsərrüfatının, elektrik təchizatının və s. yaxşılaşdırılmasınacan böyük işlərə başlamışdır. Dənizdə neft-qaz strukturunun inkişafına yönəlmış işlər çərçivəsində “Neft Daşları” yatağında iri dəniz özülü quraşdırılmış, “Günəşli” yatağından “Neft Daşları”nadək 22 km uzunluğunda yeni yüksək təzyiqli sualtı qaz boru kəməri çəkilmışdir. Həmçinin “Mak Dermott” şirkəti ilə birgə “Günəşli” yatağından iki 20”-lük sualtı boru kəmərinin inşası başa çatdırılmışdır.

Azərbaycan nefti, karbohidrogenlərin kimyəvi tərkibinin xüsusiyyətlərinə görə (tərkibində az kükürd olması) kimya sənayesi üçün çox qiymətli xammaldır. Buna görə də sovet dövründə respublikamızda neft və qazın emalı bazasında neft-kimya və kimya sənayesi də inkişaf etdirildi. Bakı, Sumqayıt, Mingəçevir, Neftçala və b. şəhərlərdəki onlarla müəssisədə sintetik kauçuk, rezin məmulatları, saja, əmtəə və məişət kimyası məhsulları, qatran, yod, brom və s. istehsal olunurdu.

Azərbaycanda neft maşınqaırma və metallurgiya kimi sənaye sahələrinin də inkişafı neft sənayesinin tələbatının ödənilməsi ilə bağlıdır.

Sənayenin enerjiyə olan yüksək tələbatı - təbii qazla (və ya mazutla) işləyən istilik elektrik stansiyasıyaları və su elektrik stansiyaları ilə təmsil olunan elektroenergetikanın inkişafını stimullaşdırırdı.

Respublikanın vacib nəqliyyat sahələrindən olan və indi geniş şaxələnmiş şəbəkəyə malik dəmir yolunun da yaranmasında və inkişafında neft amili mühüm olmuşdur. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu məhz Bakını neft mədənləri ilə birləşdirən xətt olmuşdur.



Beynəlxalq iqtisadi əlaqələrin inkişafı ilə dəniz nəqliyyatının da rolu artmaqdadır. Xəzərdə ən iri dəniz limanı olan Bakı vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi ilə Xəzər hövzəsində və şimalda - Volqa çayında daşınan yüklərin həcmi ilbəil artmaqdadır və onların arasında neft və neft məhsulları xüsusı yer tutur.

1   ...   8   9   10   11   12   13   14   15   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə