AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu




Yüklə 1.08 Mb.
səhifə9/16
tarix22.02.2016
ölçüsü1.08 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Ədəbiyyat
1. Azərbaycan dilinin qrammatikası, 1-ci hissə, Azər­bay­can SSR EA-nın Nəş­riy­ya­tı, Bakı, 1960, s.63.

2. M.Hüseynzadə. Müasir Azər­baycan dili. Fonetika, Mor­­­fologiya, Azərbaycan Döv­lət Tədris-Pe­daqoji Ədəbiyyatı Nəş­riyyatı, Bakı, 1963, s.95.

3. Q.Kazımov. Müasir Azərbaycan dili. Morfologiya, Ba­kı, «Elm və təhsil», 2010, s.106-107.

İ.B. KAZIMOV

C.İ. KAZIMOV
DİL SİTUASİYASININ TİPOLOGİYASI
Açar sözlər: kommunikativlik, əqli obraz, obyektiv və subyektiv faktorlar, sosium, nitq situasiyası.

Ключевые слова: коммуникативность, ментальный образ, объективный и субъ­­ективный факторы, социум, ситуация разговорах.

Key words: communicativeness, mental image, objective and subjective factors, socium, speech situation.
1. Dil çoxfunksiyalı bir mütləq vasitədir. Fəal əqli, zehni prosesdə cəmiyyət ak­tiv­liyinin dominant və ayrılmaz amili kimi məhz dil çıxış edir. Dil fikri əsaslan­dır­maq, yəni digərlərini inandırmaq vasitəsi kimi də fəaliyyət göstəricisidir. Onun əsas funksiyalarından biri də müəyyən məqsədə çatmaq üçün əqlin, fikrin in­ki­şa­fı­nı müəyyənləşdirməkdir.

2. Dil situasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial mü­nasibətlər və funksional əlaqələr, coğrafi-regional yaxud siyasi-administrativ əla­mətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın pred­me­ti­dir. Sosial-kommunikativ sistemin komponetləri arasındakı funksional müna­si­bət­lər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı, adətən, böyük dil cə­miy­yət­lərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır.

3. Komminikativlik dil situasiyasının əsas xüsusiyyəti kimi çıxış edir. Dil si­tu­a­siyasının 2 əsas forması kommunikasiya prosesində özünü göstərir: 1) po­ten­si­al forma, 2) real forma.

4.Dil situasiyasının təsviri nitq situasiyasına doğrudur. Yəni istiqamət dil si­tu­asi­yasından nitq situasiyasına yönəlir, bu prosesdə sözün fikri əlaqəsi for­ma­la­şır. Həmin prosesdə formalaşan əqli, zehni obraz sözlə təmasda olur, obrazdan sö­zə, sözdən obraza doğru istiqamətlər yaranır. Sözdə oyanan əqli obraz predmetdə ək­sini tapır.

5.Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qlobalaşma ki­mi bir hadisə dilə öz təsirini göstərir. Bu proses hər hansı bir ölkədə iki aspektdə ge­d­ir. Qərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə ke­çən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sfe­ra­sına uyğun dəyişmə baş verir. Və yaxud latınlaşma prosesi, latın əlifbasına ke­çid bir çox aparıcı türk dilləri ilə müqayisədə müasir tatar dilində ləngiyir.

6.Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir. Dil si­tuasiyasiyanın tipoloji əlamətləri bunlardır: dil müxtəlifliyi (birkomponetlilik, çox­komponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kom­mu­nikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtə­lif­lik (ge­netik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij.

7.Dil situasiyası linqvistik və sosiolinqvistik kriteriyalara ayrılır. Linqvistik kri­teriyalar aşağıdakılar hesab olunur: dillərin genetik yaxınlığı; ümumdanışıq for­ma­ları (koyne və dialektlər); nitqin qarışıq formaları. Sosiolinqvistik kritieriyalar isə bunlardır: ənənəvi status, rəsmi status və s.

8.Dil situasiyası anlayışı sosiolinqvistik xarakter daşıyır. Bununla belə, dil si­tuasiyası tipoloji xarakterlidir, umumi və unikal səciyyəlidir. Bu xüsusiyyətlər da­xilində həmin situasiyada əsas və əlavə dillərin bir-birinə təsiri qaçılmazdır.

9.Dil situasiyası- bu linqvocoğrafi vahiddir, sosiumla əlaqəsi olan və sərhəd təş­kil edən, dillərin bir-birinə təsiri ilə xarakterizə olunan funksional müna­si­bət­lə­rin toplusudur.

10.Dil situasiyası üçün əsas komponentlərdən biri coğrafi təyinatdır. Dil si­tu­asiyası həmişə ərazi faktoru ilə əlaqədardır; ərazi üzrə təyin olunur. Bir sıra dil si­tuasiyaları böyük çoxdilli dövlətlərdə (Hindistanda, Çində, Rusiyada) ya­rım­si­tu­a­siyalarla xarakterizə olunur.

11. Dil situasiyaları dillərin kontinuum səviyyələrinə görə də müəyyənləşir. Azərbaycan cəmiyyətinin ictimai-sosial həyatı müstəqillik illərində dəyişmiş, dil situasiyasında da müəyyən yeniliklər yaranmışdır.

12.Dil situasiyası sosiolinqvistik paradiqmalarla da səciyyələnir. Bu, bir paradiqmanın başqa paradiqma ilə əvəzlənməsindən irəli gəlir.

13. Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öy­rə­nil­mə­miş­dir. Müasir Azərbaycanda da dil situasiyası mürəkkəb və eynicislidir. Ölkədə 2 di­lin- rus və Azərbaycan dillərinin münasibəti hələ də əvvəlki dövrlərdən fərq­lən­mir. Bir qədər rus dilinin işləkliyi azalsa da, yenə də dövlət idarələrində rus təh­sil­li­lər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası kimi ingi­lis­cə və türkcə iştirak edir. Sanki bəzən dilimiz ingilis dilinin «yedəyində gedir». Fər­di ikidillilik Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter da­şı­mır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir.

14. Sovet dövründə ana dilini (Azərbaycan dilini) kasıb sayanlar rus dilində öz övladlarını təhsil almağa vadar edir, belə məqamda həmin uşaqlar milli keyfiyyətlərdən uzaq düşür, məhrum olurdular. Bu fakt bir sıra ölkələrdə dövlət səviyyəsində həyata keçirilirdi. Məsələn, SSRİ dağılandan sonra 1994-cü ildə Belorusiya prezidenti A.Q. Lukaşenko tərəfindən belə bir ifadə səslənmişdir: «По-белорусски нельзя выразить ничего великого Белорусский язык-бедный язык. На свете есть только два великих языка-русский и английский».

15.Ölkəmizdə dil situasiyasını obyektiv və subyektiv faktorlar da müəyyən­ləş­­dirir. Həmin faktorlar bunlardır: linqvistik faktorlar (genetik yaxınlıq: Azər­bay­can-türk dilləri arasında genetik yaxınlıq çox olduğu üçün həmin dilllərin daşı­yı­cı­la­rı bir-birini daha yaxşı başa düşürlər); dialekt kontinuumu (xüsusi linqvistik izoq­losslar); sosiolinqvistik faktorlar (ənənəyə görə tarixən bir dil, məsələn, türk tay­fa dili olub, sonradan dillər müstəqilləşərək ayrılmağa başlayıblar. Bu zaman et­nik şüur da fərqlənib. Ənənəvi dialektlər əmələ gəlib və s.); ekstralinqvistik fak­tor­lar (mədəniyyət yaxınlığı, milli-mədəni dəyərlər, simvolik mənalar, çoxəsrlik ya­zılı ənənələr, ədədi dil normaları və s.).

Subyektiv faktorlara daxildir: dövlətin paradoksal dil siyasəti; bir vaxtlar rus di­linin dövlət dili səviyyəsində işləkliyi; Azərbaycanın müstəqilliyi, inkişafın müm­kün variantları və s.

16. «Azərbaycan mühitində dil situasiyasının tipologiyası» ayrıca tədqiqatın möv­zusudur.
Ədəbiyyat
1. Виноградов В.Я. Языковая ситуация\\Лингвистический энцикло­пе­ди­­ческий сло­варь. М.: 1990.

2. Беликов В.И., Крысин Л.П. Социолингвистика. М.: 2001.



D.D. KƏRİMOVA
ÇAĞDAŞ AZƏRBAYCAN DİLİNDƏ NEOLOGİZMLƏRİN

ESTETİK FUNKSİYASI HAQQINDA

(Məmməd Arazın poetik dili əsasında)
Açar sözlər: üslub, poeziya, neologizmlər, özəlliklər.

Ключевые слова: стиль, поэзия, неологизмы, специфика

Key words: style, poetry, neologism, peculiarities.
Məmməd Arazın poetik dili üslubi neologizmlərlə zəngindir. Oxucuların, xü­susən gənc nəs­lin, məktəblilərin estetik zövqünün inkişaf etdirilməsində başqa elm sahələri, məsələn, təsviri in­cə­sə­nət, musiqi əsərləri ilə yanaşı, ədəbiyyatın, xü­susilə bədii ədəbiyyatın şeir qolunun müstəsna əhəmiyyəti vardır.

Orta məktəbdə çağdaş şairlərimizin, xüsusən özünəməxsus dil-üslub xü­su­siy­yətləri ilə seçilən nümayəndələrindən biri olan Məmməd Arazın şeir xəzinəsi gənc nəslin bədii zövqünün formalaşmasına xidmət edən mühüm vasitələrindən bi­ridir.

Şairin dil vahidləri ilə şagirdlərə izah etmək lazımdır ki, Məmməd Arazın ən bö­­yük üstünlüyü və onu öz müasirlərindən fərqləndirən məxsusi özəllikləri çağdaş Azər­­baycan dili şəkilçiləri ilə yeni sözlər – neologizmlər yaratmaq istedadıdır. Şa­ir əsrlərlə Azərbaycan dilində iş­lən­miş söz yaratma vasitələrilə (şəkilçilərlə) ənə­nə­vi sözlərlə yanaşı, yeni sözlər – neologizmlər də ya­radır, şair -çı, -çi, -çu, -çü şə­kil­çilərilə suçu, qazmaçı tipli-sözlərlə yanaşı, şumçu (torpağı bel­lə­yən), dənçi (dən yı­ğan, toxum yığan), küləkçi (külək xoşlayan), sovrucu (xırmanda taxılı ətrafa sə­pən), qibtəçi (qibtə etməyi çox sevən adam), -lıq, -lik, -luq, -lük şəkilçisi ilə ənə­nə­vi dönməzlik sözü ilə yanaşı, kiçilməzlik, dönməzlik və s., eləcə də famildaş (ey­ni familli adam), ölkəbaz (vətəndaş), tərifkeş (yaltaqlığı sevən adam), əsalı (qoca), döv­rələmək (başına yığışmaq), çamırlanmaq (göllərin, su höv­zə­lə­ri­nin üstünün yo­sun qatı ilə örtülməsi), yallanmaq (tez-tez rüşvət yemək), çə­mən­ləş­mək (çə­mən­lə örtülmək), dağlaşmaq (yüksəlmək), buludlaşmaq (du­man­la­n­maq, kə­dər­lən­mək), toxalmaq (yeyib doymaq) və s. kimi yeni sözlər məxsusi ola­raq Məmməd Ara­zın çağdaş Azərbaycan ədəbi di­linin insanın ruhunu oxşayan, ori­­jinal mənalı ye­ni sözlər – neologizmlərlə zənginləşdirmək xid­mə­ti­dir. Belə ne­o­­lo­­gizmlər şairin po­etik dilinin bədii dəyərini artırmaqla yanaşı (Özüm də, fikrim də min el dolaşır, Mə­nim söz çiçəyim, duyğu çiçəyim, Onda mayalaşır, onda bal­la­­­şır, II, 193), həm də şairin üslub fərdiliyini nümayiş etdirir, ana dilinin ifadə im­kan­­­larını ge­niş­lən­di­rir; bu da yazıçı dilinin, ümumən dilin inkişaf etməsində mü­hüm mövqeyə malik ol­duğunu göstərir.

Məmməd Arazın fitrədən ana vətənin vurğunu olan bir şair olması onun ixti­sas­ca coğra­fiya­şü­nas olması ilə birləşərək qüvvətli emosional və estetik tutuma ma­­­lik onlarla təbiət anlayışlı dü­zəlt­mə sözlərin yaranmasına səbəb olmuşdur. Şai­rin elə bir şeiri yoxdur ki, orada vətənin dağı, də­rə­si, təpəcikləri, səhrası, düzü, elə­­­cə də təbiət hadisələrilə bağlı duman, çiskin, şimşək, daşqın, sel, çən kimi söz-ter­­­­minlər müxtəlif şəkilçilər qəbul edərək orijinal düzəltmə sözlər kimi işlən­mə­miş ol­sun: şairin poetik dilində yaradıb işlətdiyi heykəlləşmək, yarğanlaşmaq, tor­paq­­­­laşmaq, daşlaşmaq və s. kimi fellərdə Məmməd Arazın ənənəvi şəkilçilər va­si­­­tə­silə yeni-yeni mənalar kəsb edən neolo­gizm­lərin yalnız obrazlılıq, poetiklik de­­­yil, eyni zamanda fikrin dəqiqliyi, oxucuya doğru-düzgün çatdırılması məqsədi də güdülür.

Şairin yaratdığı yeni sözlərdə hikmət, dərin məna, müdriklik emosiyası qüv­vət­lidir. Bu ifa­də­lərdə, sözlərdə bəzən insanların, bütövlükdə xal­qın xarakteri, özəl xüsusiyyətləri özü­nü büruzə verir: Bir qarış çəpərin sərhəddi üs­tə, Dəyənək çə­kiblər, yaxalaşıblar, Ancaq bərk ayaq­da yuxalaşıblar. Bu şeirdə bö­yük hikmət var­dır: doğrudan da, Azərbaycan xalqının məişətində tez-tez mü­şa­hi­də olunan «çə­pər davası», həqiqətən də, bir qədər keçdikdən sonra sakitliklə bi­tir. Bu əl­bət­tə, şairdən böyük müşahidəçilik qabiliyyəti tələb edir. Müşahidəçilik isə xalq şairi Məm­məd Arazda kifayət qədərdir.

Şairin poetik dilində Azərbaycanın dağ adları vətənin rəmzi kimi işlədilir və bu, ilk növbədə gənclərin, məktəblilərin, ümumən xalqın vətənpərvərlik ruhunun yüksəlməsi prosesində öz müsbət təsirini göstərir: Göyəzən, Dəlidağ, Kəpəz, Qoşqar, Murovdağ, Şahdağı kimi dağ adları şairin poetik dilində qüdrət, əzəmət, dözümlük, etibar simvolu kimi oxucuda həmin hisslərin yaranmasına xidmət edir. Məmməd Arazın dilində vətənin bağrından keçən çay adları təbiət gözəlliklərinin atributları kimi, şairin ilham mənbəyi funksiyasına xidmət etməklə yanaşı, onlar­dan bəziləri, məsələn, Araz, həm də vətəni ikiyə bölmüş «günahkar» vasitə kimi daima suçlanır, şairin giley mənbəyinə çevrilir. Elə bu səbəbdəndir ki, 70-ci illərə kimi İbrahimov soyadı ilə şeir yazan şair ömrünün kamil dövründən Araz çayının adını özünə təxəllüs seçmiş, bununla vətənin ikiyə bölünməsini özü üçün daimi kədər, niskil olduğunu təsdiqləmişdi. Şair bunu öz poetik misralarında belə tərənnüm edir: Mənim bir andım, Bir də bu ricam var, Araz! – Mən səni apara bilməsəm, Sən məni apar, Araz! Sudan çıxan balıq tək, Ölərəm mən Arazsız! Tayı itmiş ceyran tək, Mələrəm mən Arazsız!» Elə bu səbəbdən də «Mən Araz şairiyəm!» – deyir: Mən Arazın səsiyəm, mən onun yatağıyam, Mən onun sahiliyəm, Mən onun ləpəsiyəm! – deməklə oxucusunu buna inandırır!

Şair şəxs adlarını poeziyaya gətirməklə xüsusi məqsəd güdür. O, gənc nəsli ədə­biyyatımızın, mə­dəniyyətimizin keçmişinə aparır, onları öz tarixi ilə bağlı in­fo­r­masiyalarla məlumatlandırılır. Mən­dən soruşanda «sən kimsən?» – Onda Nə­si­mi oluram alov donunda, Bəzən üfüq adlı bir Niza­mi­yəm. Demək bir xilqətəm, de­mək hamıyam. Bəzən Füzuliyəm, bir planetəm… Sabirəm, Üzeyi­rəm, Bülbüləm, ki­məm… Bunlarla bərabər dünya mədəniyyəti, elm tarixindən gələn məşhur şəx­siy­­yət­lərin – Magellan, Kopernik, Bethoven, Çaykovski, Puşkin, Didro, Viktor Hü­qo, Balzak və s. ad­lar­la şair oxucusunu tanış etmək məqsədini güdmüş, eyni za­manda oxucuda mədəni, gözəllik-estetik zövq tərbiyə etməyə çalışmışdır.

Şairin istedadı ondadır ki, adı dil vahidlərini məcazi yolla bir-birinə ya­naş­dır­ma yolu ilə (ya­naş­ma əlaqəsi əsasında) qeyri-adi ifadələr düzəldir, bütün bu ifa­də­lər yeni olduğuna baxmayaraq, oxu­cunu yormur, əksinə oxucu üçün çox ma­raq­lı görünür: şairin böyük sənətkarlıqla yaradıb, şeir­lə­rin­də işlətdiyi Məcnun səh­ra­lar (Məcnunun gəzdiyi səhralar kimi səhralar), Leyli bulaqlar (Leyli kimi sevimli, tə­miz, bakirə bulaqlar), qaya sərkərdələr (qaya kimi mərd, sərt), quzu bulaqlar (qu­zu kimi təzə-tər bulaqlar), lal meşələr (qalın, küləksiz meşələr), yetim ulduzlar (tən­ha tək ulduzlar), sıs­qa ulduzlar (axan ulduzlar), sərsəri küləklər (is­ti­qa­məti mə­lum olmayan külək), ağlağan qayalar (şehli qayalar), fikirlər burulğanı (çö­zül­məz fikirlər); böhtanlar yarğanı (böhtanların üst-üstə yığıl­dı­ğı yer, məkan) və s. on­larla belə ifadə öz poetik gücü ilə çağdaş Azərbaycan şeir dilini zən­gin­ləş­dir­miş, şairin estetik ifadə yaradıcılığındakı xüsusi istedad və bacarığını göz önü­nə gə­tirmişdir.

Məmməd Arazın poetik dilində somatik, yəni insan orqanizmin adlarını bil­di­rən leksika da mü­hüm yer tutur. Məlumdur ki, somatik leksikaya aid olan sözlər po­eziyada işlənərkən öz ilkin mə­na­sından uşaqlaşır, poetik-estetik funksiya qa­za­na­raq, şeirin, ümumiyyətlə, ədəbi dilin, ədəbiyyatın yeni məcazlar, yeni bədii ifa­də vasitələri, yeni metaforalar, təşbihlərlə zənginləşməsini təmin edir. Məmməd Ara­zın dili somatik leksikanın iştirakı ilə düzəlmiş yeni, orijinal söz, söz bir­ləş­mə­lə­ri, ter­min­lərlə zəngindir: göz karvanı, so­yu­ğun do­daq­ları, sazağın dodaqları, do­luların ayaqları, duyumlu barmaqlar, za­ma­nın gözləri, ar­zumun əlləri, xəyalımın qolları və s. kimi yeni ifadələr oxu­c­u­la­rın zövqünü ox­şa­yır, yeniləşdirir, Azərbaycan bədii dilinin əhatə dairəsini ge­niş­lən­dirir, onun ob­raz­lılıq estetikasını yüksəldir, ana dilimizin nələrə malik olmasını nü­mayiş etdirir.

Məmməd Araz müdrik şairdir. Onun şeir çələngi Nizami müdrikliyi, Nəsimi fəlsəfəsi, Xətayi vətəndaşlığı, Füzuli lirizmi, Sabir sarkazmından qidalanır.

Məmməd Araz çağdaş Azərbaycan ədəbiyyatının o nadir şeir-sənət ustalarındandır ki, onun hikmət dolu müdrik sözləri şairin sağlığında aforizmlərə çevrilmişdir: Dünya sənin, dünya mənim, dünya heç kimin! Mən belə dünyanın nəyindən küsüm?! İti bazarında atından baha! Tikanlı yazılar çax-çax eyləyir, Zaman üyüdəcək öz bildiyini! Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı! Vətən mənə oğul desə nə dərdim?! və s. xalqın hafizəsində məhz müdrikliyi ilə qalıb.

Belə söz və ifadələr gənc nəslin mənəvi tərbiyəsinin təmin edilməsində mühüm vasitələr kimi ədəbiyyat müəllimlərinin əyani vasitələr rolunu oynaya bilər.




KƏRİMOVA X.D.
DİLİMİZİN MAYASI – AZƏRBAYCAN FOLKLORU
Açar sözlər: dil, nitq, ailə, folklor

Ключевые слова: язык, речь, семья, фольклор

Key words: language, speech, family, folklore
Dil xalqın mənəvi siması, mövcudluğunun göstəricisi, tarixi keçmişi, parlaq gələcəyidir. Hər xalqın öz dili var və bu, onun ana dilidir.

Ana dilimiz olan Azərbaycan dili öz ahəngi, səs quruluşunun səlisliyi, ifadə im­kanlarının zənginliyi baxımından bəxti gətirmiş dillərdəndir. Üstündən çox qara yellər əssə də, bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili məhz Azərbaycan dilidir. Milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu dildə sərbəst danışmağı, düzgün yazmağı və oxumağı bacarmalıdır.

İnsanın yaşamı ailədən başlayır. Ailə özlüyündə kiçik dövlət modelidir və hər sağlam ailənin öz atributları var. Ailənin simasının göstəricilərindən biri də onun dilidir. Ailə daxilində ünsiyyət vasitəsi kimi hansı dildən istifadə edilməsi ai­lə üzvlərinin öz ixtiyarındadır. Həmin ailədə dünyaya gələn uşaq da valideyn­lə­ri­nin danışdığı dillə dünya ilə - ətraf aləmlə tanış olur, o dildə fikirlərini ifadə edir. Hər bir uşaq ailədə formalaşmış bir nitqlə cəmiyyətə daxil olur.

Ana dili adı altında tanıdığımız dil - nəslimizin, soy-kökümüzün əmanəti, öz adımızdan da əvvəl qulağımızın eşitdiyi, məxsus olduğumuz xalqın nəsildən-nəslə ötürərək yaşatdığı bir dildir. Lakin hər uşağın dünyaya gəldiyi ailənin ünsiyyət dili heç də həmişə ana dili olmur. Bəzən müxtəlif səbəblərdən ailə üzvləri əcnəbi dil vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və bu səbəbdən də həmin ailədə dünyaya gələn uşaq yad bir dildə dil açır. Bu cəhətdən insanlar iki qrupa bölünürlər:

1. Ana dilində dil açanlar

2. Ana dilini sonradan öyrənənlər

Dildən istifadə zamanı bu insanların nitqi bir-birindən xeyli fərqlənir. Birin­ci qrupa daxil olanların ruhunun mayasında xalqımızın minillikləri aşıb gələn di­li­mizin gözəllikləri, genetik ünsiyyət kodları kök salır. Nənələrimiz elə ilk gündən be­şik başında bu dilin zənginliklərindən istifadə edərək arzularını, diləklərini söy­lə­miş, dualar etmiş, hər sözü nəslin yeni doğulmuş davamçısının ruhuna damla-dam­la hopdurmuşlar.

Uşaq əvvəlcə yaxınlarının səsini bir-birindən ayırmağı, sonra tədricən eşit­di­yi sözlərin mənasını anlamağı, daha sonra hecaları, sözləri söyləməyi, nəhayət, cüm­lə qurmağı - danışmağı öyrənir. Nitqin formalaşması prosesi uşağın doğu­lan­dan eşitdiyı sözlər əsasında gedir. Bütün bu dilaçma prosesində ona gün ərzində də­fələrlə layla, nazlama, alqış, sanama, düzgü, nağıl və s. söylənir. Uşaqla ünsiy­yət daha çox folklor üzərində qurulduğundan nitqinin mayasında da xalq yaradı­cı­lı­ğı nümunələri dayanır.

Həyatın ilkin çağlarında uşaqla ünsiyyət üçün şifahi xalq ədəbiyyatı nü­mu­nə­lərinin seçilməsi səbəbsiz deyil. Həmin mətnlərdə işlənən sözlərin əsasən az he­ca­lı olması, əksər mətnlərdə alliterasiya və assonansın mövcudluğu, güclü qa­fiyə sis­teminə malik olması, məcazi mənalı sözlərin, demək olar ki, olmaması, söy­lə­nən mətnlərin məzmununun uşağın maraq dairəsinə uyğun olması, ən əsası, can­lı da­nışıq dilində ona təqdim olunması, diləyatımlılığı uşağın diqqətini özünə çə­kir, onu əyləndirir. O, yeni sözlər öyrənir, nitqi, təfəkkürü, təxəyyülü inkişaf edir.

Uşaqla ünsiyyət üçün nağıllara, atalar sözlərinə, lətiflərə tez-tez müraciət edil­məsi ilk gündən folklorla təmasa başlayan körpənin canlı xalq dilinə qırılmaz tel­lərlə bağlanmasına, doğma dilinin imkanları ilə yaxından tanış olmasına şərait ya­radır. Süjetli folklor nümunələrini dinləyərkən söz obrazlar vasitəsi ilə uşağın şüu­runa daxil olur. O, həmin sözlərlə danışmağı öyrənir. Öz milli-mənəvi də­yər­lə­ri­ni qoruyan ailədə böyüyən uşaq hansı dildə təhsil almağından asılı olmayaraq, bu dili sevəcək, yaşadacaq, onun bütün imkanlarından məharətlə istifadə edə­cə­­k­dir.

Uşaq nitqində istifadə edəcəyi sözləri ailədə öyrənir. Düzdür, bu mərhələdə uşaq bağçasının, internetin, televiziyanın (xüsusən cizgi filmlərinin) rolu nəzərə çarpacaq dərəcədədir.

Ailədə məişət üslubunda danışıldığından loru sözlərdən, dialektlərdən, ədəbi dil­də arxaikləşmiş, lakin bəzi ailələrin leksikonunda hələ də yaşayan arxaizm­lər­dən (adətən məişət əşyalarının adlarında) istifadə olunur.

Azərbaycan folklorunun, xüsusən uşaq folklorunun güclü qafiyə sisteminə ma­lik olması həmin mətnlərin əsas xüsusiyyətlərindəndir. Uşaq ona ünvanlanan mətn­lərdə qafiyə sözlərdən birini bilirsə, ona yaxın səs tərkibində olan digər sözü asan­lıqla xatırlayır. Bu cür yadasalma vasitəsilə uşaq ana dilini söz-söz öyrənir, yaddaşında yerini möhkəmlədir.

Tapmacalarda isə lazım olan sözü – cavabı yaddaşından axtarıb tapır. Yad­daş­dakı bu axtarışlar da ana dilində olur, bu zaman dil və təfəkkürün inkişafı hə­ma­həng gedir.

Tələffüz qabiliyyətini cilalamaqda yanıltmaclar ən uğurlu vasitələrdəndir. Ey­ni və bir-birinə yaxın səslərin daha çevik təkrarı tələffüz zamanı yaranan ma­ne­ə­ləri aradan qaldırmaq üçün əyləncəli məşqlərdir.

Uşaq folklorunun alliterasiya və assonansla zəngin olması həmin mətnlərdə özü­nəməxsus ahəng, səs gözəlliyi yaradır, uşaq və böyüklər həvəslə bu mətnləri söy­ləyir və dinləyirlər.

Ailədə uşaqla ünsiyyət zamanı nağıldan daha çox istifadə olunur. Maraqlıdır ki, uşaqlar onlara nağılın oxunmasını deyil, danışılmasını istəyirlər. Canlı danışığın daha təbii, səmimi olduğunu kiçik dinləyici də duyur. O, hələ mətni bütünlüklə yadda saxlamaq qabiliyyətinin formalaşmadığı dövrdə nağılın qafiyəli cümlələrini təkrar-təkrar söyləyir: biri varmış, biri yoxmuş; adam, badam iysi gəlir, yağlı badam iysi gəlir; az getdilər, uz getdilər, dərə-təpə düz getdilər və s.

Ana dilini sonradan öyrənənlərdə, yəni bu dildə dil açmayanlarda vəziyyət başqa cürdür. Əgər ailədə ana dilində danışılmırsa, uşaqda ətraf aləmi sözlə qavrayıb dərk etmə prosesi - nitq inkişafı əcnəbi (ilk dil açdığı) dildə gedəcək. Çünki o, nitq prosesi zamanı başqa dildə düşünür, fikirlərini tərcümə edərək danışır. Uşaq ana dilində danışmağı sonradan öyrəndiyindən nitqinin mayasında xalq danışıq dilinin şirinliyi görünməz olacaqdır.

Azərbaycan dilinin lüğət tərkibində yüzlərlə frazeoloji birləşmə, ideomatik ifadələr var ki, bu dili sonradan öyrənənlər xalq danışıq dilində tez-tez işlənən həmin obrazlı ifadələrin mənasını çox zaman başa düşmürlər. Burnumun ucu göynəyir, ağzına çullu dovşan sığmır, hay-hayı gedib, vay-vayı qalıb, əl tutmaq, bel bağlamaq s. bu kimi ifadələri qavramaq onlara çətin olur, həmsöhbətini dinləyərkən və fikrini söyləyən zaman çaşqınlıq yaranır.

Azərbaycan dilini lüğətlərdən, kitablardan öyrənənlər canlı danışıq dilinin şirinliyini nə duya, nə də başqalarına çatdıra bilirlər, çox vaxt yazı dilinin qaydaları ilə danışırlar. Var əvəzinə vardır, eləmiyəcəm əvəzinə etməyəcəyəm, sənnən əvəzinə səndən söyləyirlər.

Məişət üslubu şifahi formada olduğundan orfoepik norma ilə tənzimlənir. Canlı nitq prosesində öyrənilməyən dil tələffüz qaydalarını özündə əks etdirə bilmir, danışıq zamanı quru və sönük olur.

Məlumdur ki, hər bir dilin özünəməxsus zənginliyi var. Azərbaycan dilində çoxmənalılıq, omonim, sinonim, məcazlar, ibarələr, eyhamlar və s. bunun göstəricisidir. Əgər bu dil körpəlikdən öyrənilməyibsə, danışıq zamanı lazım gələn ən uğurlu dil vahidini tapıb işlətmək çətin olur, təhriflərə yol verilir. Məsələn, çoxdan əvəzinə köhnədən; inanmıram əvəzinə aldadırsan; yüksək əvəzinə hündür işlədilir.

Hansı dildə danışmasından asılı olmayaraq, uşaq danışmağa başlayandan fik­rini aydın, səlis ifadə etməyi bacarmalı, sözləri yerli-yerində işlətməyi öy­rən­mə­lidir. Fikrin ifadəsi üçün işlədilməsi mümkün olan bir neçə sözdən məhz ən mü­nasibini seçib nitqə qoşmalı, danışmazdan əvvəl və danışarkən söz üzərində cid­di düşünməli, sözlərin təsadüfi işlədilməsinə qətiyyən yol verməməlidir. Təbii ki, uşaq bütün bunları – danışıq zamanı “olarları” və “olmazları” ailədə öyrənir.

Dildən istifadə zamanı nitq yaranır. Nitqdə işlədilməyən dilin yox olmaq eh­ti­malı çoxdur. Ana dilində gözəl danışmaq, onu kənar təsirlərdən qorumaq üçün ana dilində düşünmək lazımdır. Əsrlərdən bizə əmanət verilən dilimizi yaşatmaq üçün ana dilimizdə düşünək, ana dilimizdə danışaq.

1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə