AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ




Yüklə 2.97 Mb.
səhifə25/30
tarix22.02.2016
ölçüsü2.97 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

Qaynaqlar

  1. Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi, Bakı, Maarif, 1978, 236 səh

  2. Aslanov E. El-oba oyunu xalq tamaşası, Bakı, İşıq, 1984, 276 səh

  3. Haqverdiyev Ə. Azərbaycanda teatr, Seçilmiş əsərləri, II cild, Bakı, 1957

  4. Nəbiyev A. Meydan tamaşaları, Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, Elm, 2004, 760 səh

5. “Sədaye həqq” qəzeti, 1915, 11 fevral

ƏRƏBLƏRDƏ “KUKLA-KÖLGƏ” VƏ MARİONET OYUNLARI
Sürəyya Əlizadə

AMEA Folklor İnstitutu

sureyya_ms@mail.ru

Özət

Məqalədə təkcə ərəb dünyasında deyil, həm də türk dün­ya­sın­da məşhur olan “kukla-kölgə” oyunlarından bəhs edilir. Bu oyun­lar həm orta əsrlər, həm də müasir dövrdə geniş izləyici audi­toriyası toplamışdır. Zaman keçdikcə isə bu oyun “Qaragöz” adı altında səhnəyə qoyulmuşdur. Məqalədə həmçinin Misir, Əlcə­zair, Tu­nis və s. ərəb ölkələrində marionet oyunları və onların möv­­zu­ları haqqında məlumat verilir.



Açar sözlər: kukla, kölgə, oyun, marionet, teatr, Qaragöz
Игры кукла-тень и марионетка у арабов

Резюме

В статье упоминаются известные не только у арабов но и в турецком мире игры под названием «Кукла-тень». Эти игры собрали широкую ау­ди­торию зрителей в средние века и в современное время. А со временем эти иг­ры были поставлены на сцену под названием «Гарагез». В статье, также, да­ется информация об играх марионетки и их темах в Египте, Алжире, Ту­ни­се и др. арабских странах.



Ключевые слова: кукла, тень, представление, марионетка, театр, Карагез
The plays “Puppet-shadow” and marionette in Arabians.

Summary

In the article it is said about “Puppet-shadow” plays which are famous not only in Arabian world, but also in Turkic world. During the Middle Ages and modern periods these plays have always gathered a lot of audiences. But later this play has been staged as the name “Garagoz”. In the article it is also said about the marionette plays and their themes acted in Arabian countries such as Egypt, Algerian, Tunis and etc.



Key words: puppet, shadow, play, marionette, theatre, Garagoz

Bilindiyi kimi, qədimdən kukla-kölgə oyunu “Zill-i Xəyal” və ya “Hayal-i Zill” “kölgə xəyallar” mənasını verirdi. Bu oyun həmçinin “Pərdə oyunu”, “Çadır Xəyal” adı ilə bərabər gü­nü­müz­də “Qaragöz” adı ilə məşhurlaşmışdır.

Dünyada kölgə oyunlarının İndoneziyada yarandığı və ya Hin­distan mənşəli olduğu söylənilir. Bəziləri bu oyunun Çindən çıxmış olduğunu önə sürürlər. Kölgə oyunu istər İndoneziya, istər Hindistanda, istərsə də Çində yaranmış olsun, bu oyunun Qərbə Asiyadan gəldiyi fikri hakimdir (3,5).

Bəzi tarixçilərin fikrinə görə də kölgə teatrı İran və Türkiyəyə Çin­dən gəlmişdir. Məsələn, Türkiyənin qərbində kölgə teatrını “Çin Qaragözləri” adlandırırlar. Ərəb teatr araşdırmaçısı Mə­həm­məd Əziz belə hesab edir ki, Türkiyəyə kölgə teatrı ərəb tica­rət­çi­ləri tərəfindən gətirilib. XIX əsrdə bu teatra qadağalar qoyulub. Hətta ərəb ölkələrini işğal edən fransızlar bu teatrın əleyhinə çıx­mış­lar. Deyilənlərə görə, Türkiyənin ilk prezidenti M.K.Atatürk 1923-cü ildə “Kara­göz” kölgə teatrına qadağa qoymuşdur (3,199-200).

Kukla – kölgə oyununun tarixinə nəzər saldıqda bir qrup alimlərin kukla- kölgə oyununun XIII əsrdə yarandığını, digərləri isə bu oyunların tarixinin daha qədim olduğunu və X əsrdən əv­və­lə gedib çıxdığını bildirdiklərini görmək olar. Türk alimi Mətin Andın qeyd etdiyinə görə kukla-kölgə oyunu Misirdən Türkiyəyə XVI əsrdə Sultan Səlimin 1517- ci ildə işğalından sonra gəl­miş­dir. Ərəb tarixçisi ibn Ayyas Bədə “əz-Zuhur” əsərində qeyd edir ki, Sultan Səlim Misirdə olarkən “Rauda Palace”da kölgə oyu­nu­nu izləyir. Bu oyunda Məmlük sultanının hakimiyyətdən düşməyi təsvir edilirdi. Daha sonra sultan Səlim kukla oyununu göstərən şəx­si çağırıb ona öz minnətdarlığını bildirərək deyir: “Biz İstan­bula gedəndə siz gərək mənimlə gedəsiniz və mənim oğlum sizi izləməli və sizin tamaşadan həzz almalıdır” (5).

XIII əsr üçün əsas istinad üç mətndir. Kölgə tamaşaları üçün ən qədim teatral mətnlər Şəmsəddin ibn Daniyal tərəfindən 1368- ci ildə yazılıb. Bu mətnlərin dörd əlyazması var. İkisi Qahirədə, biri Madriddə, dördüncüsü isə İstanbulda Süleymaniyyə kitab­xana­sındadır (5).

XII əsrdə Səlahəddin Əyyubinin 1171- ci ildə Misirdə Fati­mi­ləri devirdikdən sonra o, vəziri əl Qadi əl Fadəl ilə birlikdə köl­gə oyununa baxmağa gedir. O zamanlar kölgə teatrı dini qay­da­la­ra zidd hesab olunurdu. Səlahəddin vəziri Qadiyə həmin teatrın qey­ri-qanuni olduğunu görərsə, ona baxmayacağını söyləyir. Ta­ma­şa bitdikdən sonra şah onlardan nə gördüklərini və nə fikir­ləş­dik­lərini soruşur. Vəzir cavab verir: “Mən böyük fərqliliklər, ha­ki­miyyətin devrilməsini və bundan istifadə edənləri gördüm” (5).

XI əsrdə yaşamış İbn Həzm (994-1064) kölgəni aşağıdakı ki­mi təsvir edir: “Mən heç vaxt həyatda kölgə oyununa bənzər ox­şar­­lıqlar görmədim. Aktyorlar əllərində taxta əsaları elə məharətlə hə­rəkət etdirirdilər ki, bir anlığa onlar yox olub, sonra yenidən gö­rünürdülər” (5). Əndəlüsdə kölgə oyununa aid olan bu mühüm istinad dövrümüzdə inkişaf etmiş müasir “Kölgə” tamaşasına işa­rə edir. Faruk Saad bunu “mexaniki kölgə oyunu” adlandırır. Əl-Ğəzəli (1059-1111), Əbu-l-əla əl-Məarri (973-1157) və bu döv­­rün digər ədibləri öz əsərlərində kölgə oyunundan bəhs et­miş­lər. Həmçinin əl-Məsbani (977-1029) Misirdə olan kölgə tama­şa­larını belə təsvir edirdi: “Misirdə əhali bayram günlərində adətən ba­yıra çıxar, küçələrdə əllərində marionetlər (kukla teatrında me­xa­nim ilə hərəkət edən kukla) və kuklalar nümayiş etdirərdilər” (5).

IX əsrdə İraqda kölgə teatrının varlığının əlaməti əs-Şəbüs­tə­ri­nin “Əd Diyarat” kitabında özünü göstərmişdir (998). Şair Diibil əl-Xüzai (865-960) əl-Məmunun (Abbasi Xəlifəsi) aşçı­la­rın­dan birini onu tənqid etdiyi üçün “anasını kölgə teatrına apar­maq” sözləri ilə hədələmişdir. Bu da Abbasilər dövründə satirik tərzdə özünü göstərən kölgə teatrının geniş yayıldığını göstərir.

VIII əsrdə ərəb dünyasında kölgə teatrının ən qədim əlaməti İmam Şafinin (Qəzza 767-820) Məhəmmad Xəlil əl- Muraddan (1871) bəhs etdiyi şeiridə özünü göstərmişdir: “Mənim üçün bu dün­ya rəhmli başçı tərəfindən hərəkət etdirilən kölgə oyunudur” (5).

Bəs kölgə sənəti o dövrlərdən əvvəl Ərəb dünyasına necə gəlib çatmışdır?

VII və IX əsrlər arasında kölgə teatrı buraya uzaq Şərqdə ti­ca­rətlə məşğul olan tacirlər tərəfindən gətirilmişdir. İncəsənətin bu növü uzun zaman əvvəl adanın böyük adət-ənənəsi kimi ta­nın­mışdır. Digərləri isə bu teatrın Çindən Şərqi türk qəbilələri tərə­fin­dən farslara və daha sonra ərəb dünyasına gəldiyini söy­ləmiş­lər.

Fatimilər dövründə xəlifə incəsənətin bütün növlərinin in­ki­şafına icazə vermişdir. Həmçinin o, fəth etdiyi ərazilərdə xüsu­silə, Misirdə köhnə ənənələrin yenidən üzə çıxmasına şərait ya­rat­dı. Fatimilərin özlərinin də inandığı falçılığa inanma adəti buna misal ola bilər. Bu şəraitdə marionet insan və mücərrəd dünya, cinlər və ruhlar dünyası arasında medyum (falçı) rolunu oynadı.

Sufilər hərəkatı və idealarının yüksəlişi dövründə kölgə te­atrı­nın islam dünyasına daxil olduğu zaman çətin sosial və siyasi şərait hökm sürürdü. Qeyd etmək lazımdır ki, Məmluk dövründə Misirdə marionet oyunlarının ənənəvi sonluğu qəhrəmanların töv­bə­si və onların əfv olmaları üçün Məkkəyə Həcc ziyarətinə get­məsi ilə bitir (5).

Kukla-kölgə oyunu belə səhnəyə qoyulurdu: şəhər meyda­nın­da və yaxud saraya yaxın olan ərazidə, çox da hündür olmayan yer­də səhnə qurulurdu. Bu səhnə ağ parçadan ibarət idi. Səhnənin arxasında güclü çıraq yandırılırdı. Pərdə ilə çıraq arasında kukla­lar hərəkət edirdi. Tamaşaçılar isə bu səhnədə kuklaların kölgə­lərini izləyirdilər.

Müxtəlif Ərəb ölkələrində Marionet oyunlarının mövzusu

Misir. Misir kölgə teatr oyunları üçün ən əlverişli ölkələr arasında idi. Biz Avropa şərqşünaslarının əsərləri və bir neçə ərəb alimləri vasitəsilə çox sayda mövzu və qəhrəmanlar görürük. Məş­hur ssenarilər arasında aşağıdakıları qeyd etmək olar:

Köhnə dəniz fənəri oyunu (Əl manar əl qadim)

Bu böyük həcmli mətn səlib yürüşləri zamanı gedən döyüş­lər­dən bəhs edir. Bu ssenari Paul Kahle tərəfindən nəşr olun­muş­dur və uzun müddət ərzində bir çox müəlliflər tərəfindən yazıl­mışdır. Bütün ssenari iki qəhrəman – əl Haziq və əl Rəhim ( bir növ Qaragöz və Hacivat qəhrəmanlarına oxşardır) arasında gedən qafiyəli dialoqdan ibarətdir. Əl Haziq qorxaqdır, əl Rəhim isə onu razı salaraq müharibəyə sürükləyir. Ssenaridə savaş gəmiləri, qılınclarla müharibələr təsvir olunur. Müharibələrdə ən mühüm əlamət İskəndəriyyə mayakıdır. Deyilənlərə görə Səlahəddin bu oyunu görüb bəyənmişdir.



Yeni dəniz fənəri oyunu (Əl manar əl cədid)

Bu oyunda eyni iki qəhrəman – Əl Haziq və əl Rəhimi müx­təlif hadisələrdə iştirak edir. Ssenaridə onlar tənbəl dülgər kimi göstərilmişdir. Onlar frankların təhlükəsinə qarşı savaş gəmi­lə­ri­nin inşaatında gecikmişlər. Franklar tezliklə həmin əraziyə çata­raq bütün savaş gəmilərini məhv etmişdir. Bu vəziyyət “əl ğərab əl mansur”( zəfər qarğası) tərəfindən xilas edilir. O, düşmənin bü­tün savaş gəmilərini məhv edir. Oyun hərtərəfli müharibə səh­nə­lə­ri ilə əhatə olunur. Paul Kahlenin “Yeni dəniz fənəri” oyununun ssena­risi alman və ərəb dillərində nəşr edilib. Daha sonra Fuad Ali Hassan tərəfindən yenidən ərəb dilində nəşr edilmişdir.



Şeyx Talehin oyunu

Hekayə Şeyx Taleh və onun qulu olan qıza sui-qəsd ilə baş­la­nır. O, hakimlərin başçısını aldatmaq üçün ona yaxınlaşır və ha­kim təyin olunur. Daha sonra o, eyni hiyləni bir neçə yerdə et­miş və hiyləsi üzə çıxdıqdan sonra hər dəfə qaçmış və yerini də­yiş­mişdir. Hekayənin sonunda sui-qəsd ifşa edilir və o, tövbə edə­rək əfv olunması üçün Məkkəyə gedir.



Timsahın oyunu

Hekayədə əkinçi Zabərkaşın pis bəxtindən kədərlənməsindən danışılır. O, balıqçı olması üçün Şeyx tərəfindən çağırılır. Lakin onun yeni sənəti belə onun pis bəxtini dəyişmir. O, timsah tərə­fin­dən udulur. Daha sonra hər kəs onu timsahın ağzından qurtar­maq üçün toplanır.



Alam və Təadirin hekayəsi

Bu uzun ssenaridir, serial ilə oxşar olub bir neçə gecə oynanıla bilir. Hekayədə müsəlman oğlan Təadir və xristian rahibinin qızı olan Alam arasındakı məhəbbət hekayəsindən bəhs edilir. Çoxlu sərgüzəştlərdən sonra Alam Təadirin sevgisinə qarşılıq verir. Alam islamı qəbul edərək onunla birliktə Məkkəyə- Həccə gedir.



Kölgənin ruh oyunu (Tayf al Khayal)

XIII əsrdə Monqol işğalları zamanı ( 1258) Mosuldan (İraq) Misirə qaçan Şəmsəddin İbn Danial al Masulinin (1238-1310) bu trilogiyası marionet kölgə oyunlarında ən mühüm və orijinal sse­na­ridir. Bu trilogiya ərəb ölkələrinin ən qədim ssenarisi hesab edi­lir. Digər kölgə oyunlarından fərqi burada yalnız impro­viza­si­ya­­larla (uydurmalarla) yanaşı mətnin dialoqlarla yazılmasıdır. Əv­vəllər ərəb mədəniyyətində oyunun bu forması məlum deyildi.

İbn Danyalın trilogiyasına aid olan əsərlər bunlardır: “Tayf əl-Xəyal”, “Əcib və Qərib”, “Əl-Mutəyyəm”. Bu üç oyun forma və mövzusuna görə müxtəlifdir. Birinci oyun komediya tərzinə oxşar olub anlaşılmazlıqlar üzərində qurulmuşdur. Hekayə Şah­za­də Visalın özünə gəlin axtarmasından bəhs edir. Şahzadə murdar aradüzəldəndən kömək istəyir. Aradüzəldən Şahzadəyə gəlin ta­pır. Şahzadə evləndiyi zaman görür ki, onun yoldaşı aradü­zəl­dənin təsvir etdiyinin əksinə hədsiz dərəcədə çirkindir. Hekayə aradüzəldənin ölməsi və Şahzadənin tövbə edərək Həccə getməsi ilə bitir. Süjetin sadə olmasına baxmayaraq, ölkədə olan siyasi şəraitə toxunulmuşdur. Burada Baybars tərəfindən tətbiq olunan ciddi sanksiyaların və ölçü sistemlərinin mədh edildiyi görünür. İbn Danial ssenaridə və əməldə yüksək ədəbsizliklə dolu olan ho­mo­seksuallığı səhnəyə qoyaraq tənqid edir. O, qəhrəmanların töv­bə etmək üçün Məkkəyə - Həccə getməsi ilə oyunu sonlandırır. Əsər 1266-cı ildə Misirdə sultan Baybarsın spirtli içkilərin içil­məsi və satışına qadağa qoyulması şərəfinə yazılıb (4, 665).

İkinci oyun “Əcib və Qərib” dir. Bu oyunun mövzusu digə­rin­dən tamamilə fərqlənir. Bu oyun Misirdə Məmlük qanunları altında müxtəlif oyunlar, hoqqabazlıq, sehrbazlıq, heyvan əh­li­ləşdirilməsi, digər tamaşalar və bənzəri olmayan məşhur səhnə­lə­rin təsvir edildiyindən ibarət olan bir sirkdir. Birinci oyunda ol­duğu kimi İbn Danyal bu ikinci oyunu da tövbə edən qəhrə­man­la­rın Məkkəyə getməsi ilə bitirir.

Üçüncü oyun “Əl Mutəyyəm” adlanır. Bu dövrdə sərhəd­lər­dən kənarda əxlaqsızlığa icazə verilirdi. Hekayədə qarasevdalıdan bəhs edilir. O, oyunun sonunadək öz sevgilisini xoruz döyüşləri, qoç döyüşləri, öküz döyüşləri ilə məmnun edir. Hər növ seksual pozğunluqların olduğu mərasimdə o, qulaq batıran bir səs eşidir. Qarasevdalınn canını almaq üçün ölüm mələyi üzə çıxır. Qara­sev­dalı bir müddət xahiş etdikdən sonra tövbə edərək Məkkəyə - Həc­cə gedir (digər kölgə oyunlarında olduğu kimi).

Suriya. XIII və XV əsrdə kölgə teatr əlamətləri olmasına bax­­mayaraq, Dəməşq, Hələb və sahil boyunca Türk Qaragöz teatrı­­nın təsiri nəticəsində bu sənətin əsas tərəqqi dövrü XIX əsrdə olmuşdur. Bu, əsasən tipik Qaragöz və Hacivat obrazıdır. Qara­­göz insanların içində olan yaxşı və pis xarakterləri ilə təmsil olunur. O, tacir, fəhlə bəzən də axmaqdır. Halbuki Hacivat pis­niy­yətlidir və o, zarafatı sevir.

Dəməşq Azem muzeyində kölgə teatrı. Suriyalılar bu türk obrazlarını – Karagöz və Hacivatı və onların bəzi mövzularını mənimsəmişlər, lakin Levantda kölgə teatrının bir çox mövzuları gündəlik həyat problemlərindən mənimsənmişdir. Ərəb mədəniy­yəti və adət- ənənələri adlandırmaq üçün onlar türklərə qarşı xalqı qızışdıraraq Qaragöz teatrını satira kimi işlətmişlər.

Suriya kölgə teatrının xüsusiyyətləri türk həmkarlarından fərq­li olaraq Suriya ənənələrini özündə əks etdirir. Camaatı özünə cəlb etmək üçün marionetlər bu ənənələri öz kölgə oyununda əks etdirirdilər, çünki bu dövrdə insanlar onlara daha çox inanırdılar. Bir çox kölgə oyunları qəhrəmanları, xüsusən Qaragöz və müharibə fəsilləri Dəməşqin Azəm muzeyində saxlanılır.



Liviya. Liviya və Fələstində kölgə teatrı coğrafi bağlılıq və sosial-siyasi birlik səbəbindən Suriya ənənələri ilə bağlı olmuş­dur. Kölgə teatrı Beyrut, Saida və Tripolidə qəhvə dükanlarında gös­tərilirdi. Şərqşünas Enno Litman o dövr ərzində geniş gös­tə­rilmiş yeddi mövzunu lentə almışdır. Bunlar – Qaraçılar, İfranjun, Afiouni, Hamam, Axşam, Taxta odun, Amon-dur. Bunlar Suriya oyunları ilə oxşardır (5).

Əlcəzair. Əlcəzair kölgə oyununu xüsusilə qeyd etmək la­zımdır, çünki fransız işğalına etiraz kimi əsas qəhrəman Qara­göz göstərilmişdir. Ən məşhur və komik Əlcəzair kölgə oyunu 1835-ci ildə Puckler Muskau tərəfindən görülür. O, nəhəng Qara­gözün fransız qoşunları ilə üz- üzə gəlməsi və onları parça­la­ra böl­məsi səhnəsindən bəhs edir. Bu, Əlcəzairdə Fransa müs­təm­lə­kə qüv­vələ­rinin uzun müddət kölgə oyunlarını qadağan edən səhnəsi ol­duğu ehtimal edilir. 1863- cü ildə Maltzan Konstan­tində kölgə oyununun başqa bir növünü görür. Bu tama­şada Qara­göz bir qızla sevgi macərası yaşayır. Bu an qızın anası görünür və onları ədəb­siz vəziyyətdə görür. Ana onları danlayır, lakin Qara­göz geri dö­nərək qızın anasına eşq elan edir. Bu zaman qızın ana­sı öz anasını ça­ğırır. Qaragöz bu dəfə nənəyə eşq elan edir və bu nənənin xo­şuna gəlir.

Kölgə oyununun başqa bir növünü Qaston Bati (fransız dra­maturqu, rejissor, teatr nəzəriyyəçisi) və Rene Şavans Əlcə­zairdə min bir gecədən ilham alan kölgə oyunundan əlavə məlumat ver­mə­dən qeyd etmişlər (5).

Əcəzairdə çap olunmuş mətnlər bunlardır: “Qaragöz və Fran­sız truppası”, “Fransız libaslarında iblis”, “Qaragözün sevgi ma­cə­raları”, “Qaragöz müxtəlifliyi”, “Min bir gecədən ilham alan­lar”.

Əlcəzairdə də kölgə oyununun baş qəhrəmanı Qaragözdür.



Tunis. Tunisə kölgə teatrı Türkiyədən sonra gəlmişdir. XIX əsrə qədər bu haqda heç bir məlumat yoxdur. Tunis və Əlcəzair oyunları arasında oxşarlıq vardır. Burada eyni mövzunun müx­tə­lif versiyaları mövcuddur. Qeyd etmək lazımdır ki, bəzi oyunlar var­dır ki, öz mövzuları ilə türk kölgə oyunlarını xatırladır. Həm­çinin bunu da qeyd etmək maraqlıdır ki, bütün Tunis oyunlarında Qa­ragöz və Hacı və Hacıviz ayrılmazdırlar. Belə ki, kuklalar sö­zün əsl mənasında türk, Misir, Suriya və hətta Əlcəzairlə mü­qa­yi­sə­də primitivdirlər. Tunisdə yeddi oyun ssenarisi vardır: “Yel­lən­cək”, “Hindavi”, “Gəlin”, “Limon”, “Əl-hamam”, “Qayıq” və “Ba­lıq”.

Liviya. Liviya oyun ssenarilərini Vilhelm Honəbax çap et­di­rir. O, bunları kuklaçı (kuklaları hərəkət etdirən) Məhəmməd əl-Va­satidən götürmüşdür. Bu mətnlərin çapı onları geniş miqyasda ta­nın­mağa və Əlcəzair və Tunis ssenariləri ilə müqayisə etməyə im­kan vermişdir. Tunisdə olduğu kimi burada da əsas personajlar Qa­ragöz və Hacıvandır. Burada 10 məşhur oyun ssenarisi var: “Ha­şiş çəkən”, “Gəlin” (Tunis mətninə oxşar), “Su təkəri”, “Ha­mam”, “Qayıq”, “Mirzə”, “Qab”, “Div”, “Arkada”, “Sınıq ayaqlı qulluqçu”.

Mərakeş. Mərakeşdəki kölgə oyunu haqqında Landauyalnız bir məlumatı vermişdir. O, Mərakeşdə səhnəyə qoyulan, min bir gecə və heyvan rəvayətlərindən ilham alan gözəl kölgə teatrı haq­qında məlumat vermişdir.

Ümumiyyətlə, kukla-kölgə oyunun orta əsrlər ərəb şəhərinin inkişafında az rolu olmayıb. Bu tamaşalar ərəb ölkələrində və Os­man­lı istilasından sonra “Qaragöz” kimi türk dünyasında məş­hur­laş­mışdır.



Qaynaqlar

  1. Айдын Талыбзаде. Театр и театральность в культуре ис­ла­ма Баку 2005 стр 312 .

  2. İslam Ansiklopedisi. 1999, cild:19.559 s.

  3. Karagöz ve kukla sanatımız. Hazırlayan Hayrettin İvgin. An­kara 2000 112 s.

  4. И.М.Фильштинский История арабской литературы X- XVIII века стр. 727

  5. http://www.puppetring.com/2013/12/19/arabic-shadow-theater-by-karim-dakroub


UŞAQ OYUNLARININ TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
Şakir Albalıyev

fil.ü.f.d.,dosent,

AMEA Folklor İnstitutu

albaliyevshakir@rambler.ru

Özət

Qarabağ zonasında folklor nümunələri sırasında uşaq oyun­ları da özünün çoxçeşidliliyi və özünəxaslığı ilə seçilirdi. Bu gün uşaqlar əllərində telefon aparatı ilə, yaxud kompyuter­də müxtəlif oyunlarla məşğul olduqları necə təbii görünürsə, eləcə də qədim tarixə malik Qarabağın kəndlərində uşaqların, yeniyetmələrin də müxtəlif cür əyləncə xarakterli oyunlarda iştirak etməsi təbii idi. Daha doğrusu, oyunlarsız nə kənd həyatını, nə də uşaq dünyasını tə­səvvür etmək mümkün deyil. İlk baxışda bəlkə də böyüklərə (hal­buki onlar da vaxtilə bu cür uşaqlıq, yeniyetməlik mər­hə­lələrindən keçmişdilər) adi, hətta maraqsız kimi təsir bağışlayan bu oyun-əyləncələrin gələcəkdə kamil insan kimi yetişməsində müs­təsna əhəmiy­yəti var idi. Uşaq oyun və əyləncələrinin, eləcə də tamaşaların mahiyyətində, mayasında, cövhərində əslində xalq müd­rikliyi dayanırdı. Bu oyun-əyləncələr prinsip etibarı ilə insanı cəmiy­­yətdə formalaşdırmağa xidmət edəsi qabaqlayıcı tədbirlər – “xalq dərsləri” idi. Məhz bu kimi oyun və əyləncələrdən, tama­şa­lardan məharətlə keçən uşaq və yeniyetmələr gələcəyin təndürüst insanları, elin, obanın layiqli övladları kimi yetişib-forma­la­şır­dı­lar.



Açar sözlər: Qarabağ, çilə, uşaq oyunları, “mak-mak”, folklor
Шакир Албалыев

Воспитательное значение детских игр

Резюме

В статье обосновывается существенная роль детских игр в воспитании младшего поколения и формирования их как личностей. Исследуется воздействие изменения характера младшего поколения по возрастным признакам на детские игры. В этом аспекте обосновывается классификация игр на младше­воз­растных, средневозрастных и старшевозрастных. Также показывается решение гендерной проблемы в играх – существование девичьих и мальчишеских, а также совместных игр.


Shakir Albaliyev

The educational importance of the child games

Summary

In the article the unique position of tha child games in the bringing up the children, formation as a mature man is substantiated. The distribution of child games to the relevant stages among the juvenile, middle-aged and older adults is determined. Here also is paid attention to the gender problem showing itself in games, to the classification between the boys, girls and mixed genders- mutual participation of boys and girls.



Key words: Garabag, chile, child game, “mag-mag”, folklore
Pedaqoji elmlər doktoru, professor Fərahim Balakişi oğlu Sa­dıqov «Masallı folkloru» (I kitab) adlı kitabında («Maarif», 2012) oyun­lara da xüsusi toxunub: «Masallı folklorunda uşaq oyun­ları da­ha geniş yer tutur. Bu oyunların bir qismi məktəbə­qə­dər yaşlı uşaqları əhatə edirsə, bir qismi kiçik məktəbyaşlı uşaq­la­rı, digər qismi isə orta və böyük məktəbyaşlıları əhatə edir» (səh.28).

Müəllif mövzusu ilə bağlı olaraq fikirlərini Masallı folkloru üzərində qursa da, əslində bu söylənilənlər ümu­milkdə Azər­bay­can folkloruna, eləcə də Qarabağ bölgəsində keçirilən uşaq oyun­la­rına da şamil edilməklə, buradakı aparılan qruplaşma da doğru-dü­rüst müşahidələrin nəticəsini əks etdirir. Bu bölgüdən çıxış edib, uşaq oyunlarının xarakter tipini yaş prinsipinə görə belə mü­əyyənləşdirmək – təsnif etmək olar: 1) məktəbəqədər yaşlı uşaq oyunları; 2) kiçik məktəbyaşlılar üçün səciyyəvi olan uşaq oyun­ları və 3) orta və yuxarı yaşlı uşaqlar arasında keçirilən oyunlar.

Uşaq oyunlarının yaş prinsipinə görə bu cür təsnifat böl­gü­sünü aparmaq sadəcə mexaniki təsir bağışlamır, bu yaş bölgüsünə görə uşaq oyunlarının ayrılmasının – seçilib-fərqlənməsinin özündə bir sosial-psixoloji-fəlsəfi mahiyyət gizlənib. Uşaq oyun­larının yaş etibarilə bu cür qruplara bölünə bilməsinin nüvəsində də hər yaşın öz psixologiyasına uyğun, dünyagörüşünə və orqa­nizmin bərkiyib-bişmə əmsalı­na görə – çəkisinə müvafiq olaraq tələbləri dayanırdı. Başqa sözlə, hər sinfin özünə aid məktəbli dərsliyi olduğu kimi və bu zəmin üzərində də şagirdlər yuxarı siniflərə keçdikcə bilik sə­viy­yələrini artırdıqları kimi, uşaq oyun­ları da öz mahiyyəti etibarilə insan həyatında mərhələ-mər­hələ öz xarakter və tipini dəyişməklə tədrici və davamlı proses olub, yaş psixo­logiyasına uyğun tərzdə öz məzmununu dəyiş­məklə uşaq­la­rın dünyagörüşlərinə, davranış normalarına da özü­nün kamilləş­dirici təsir funksiyasını yerinə yeti­rir. Başqa söz­lə, insanın ka­mil­lik yaşına yetişməsi – kamilləşməsi yolunda hər yaşın öz xa­rak­terik xüsusiyyətləri olduğu kimi, uşaq oyunlarının da hər yaş dövrü üçün səciyyəvi formaları bir-birilə tə­bii şəkildə dəyişilib-əvəz­lənir. Beləcə, uşaq oyunları uşaq dünya­sının ayrılmaz tərkib hissə­si olmaqla həm də onların dünyagörüşlə­rinin yaranıb forma­laş­masında müstəsna rol oynayır. Başqa cür ifadə etsək, insanın hə­yatda böyük-kiçik yerini bilməsi üçün, «qa­şıq çömçədən yekə olub» kimi mənəvi kataklizmlə­rin yaranma­ması üçün uşaq oyun­larının xarakter və məz­mu­nunun müvafiq yaş dövrlərinə əsasən dəyişdirilib-əvəzlən­məsi xüsusi məna daşıyır. Misal gətirməklə fikrimi şərhə çalışacağam. Bunun üçün konkret olaraq “Gizlən­paç” oyunu ilə “Ənzəli” (buna eşşəkbeli oyunu da deyirlər) oyun­la­rının mü­qayisəsi yolu ilə – uşaq psixologiyası və yaş dövrü ilə bağ­lı fizi­ki durum arasındakı fərqin müqayisəsi yolu ilə ma­hiy­yətini açıq­layacağam.

Əvvəlcə oyunların təsvirini verək.

«Qarabulaq (Füzuli) folkloru antologiyası» (I kitab) kitabının («Zərdabi LTD» MMC, 2010) tərtibçisi və topla­yıcısı olan Faiq Şükürbəylinin qələmə aldığı «Ənzəli» oyunu­nun təsvirinə diqqət yetirək:

«Bu oyunu oğlanlar oynayırlar. Oyunda ona qədər uşaq işti­rak edir. Oyun başlamazdan əvvəl uşaqlardan ən diribaşı, yaxud nisbətən yaşlısı deyir: - Birinci (yəni mən birinciyəm). Sonra uşaq­lar 2-ci, 3-cü, 4-cü və s. deyə öz sıralarını elan edirlər. Sonra aparıcı püşk atmaq üçün ovcunda bir çöp tutaraq hər iki yum­ru­ğunu sıra ilə uşaqlara fərdi qaydada uzadır. Uşaqlar çöpün hansı əldə olduğunu tapmaq üçün həmin əlin üstünə vura-vura deyirlər:

Ya bundadır, ya bunda,

Halva götür qoy bunda.

Axırıncı söz hansı yumruqda qurtarırsa, aparıcı hər iki ov­cu­nu onun qarşısında açır. Əgər uşaq çöpü tapıbsa, aparıcı çö­pü xəl­vətcə yenidən əlləri arasında gizlədir və növbəti uşağa mü­raciət edir. Kim çöpü tapmadı, say dayandırılır, həmin uşaq «yatmalı» olur. Belə ki, o, əllərini dizlərinə dayayaraq, belini aşağı əyir (oyunun adındakı «Eşşəkbeli» ifadəsi burdan qaynaq­lanır – Ş.A.). Birinci uşaq onun belindən o tərəfə tullanıb ucadan deyir:

- Ənzəli! Uşaqlar sıra ilə əllərini əyilən uşağın belinə qoyaraq tullanır və aparıcının sözlərini təkrar edirlər. Hamı o tərəfə tul­landıqdan sonra aparıcı əks tərəfə tullanaraq:

- Birdə (yəni birinci dəfədə – Ş.A.) yumşaq keçərlər, - deyir. Hamı onun sözlərini təkrar edərək növbə ilə yatanın belindən əks tərəfə hoppanırlar.

Aparıcı oyunu davam edərək yumruqlarını yatan uşağın belinə möhkəmcə dayayıb tullanır və deyir:

- İkidə (yəni ikinci dəfədə – Ş.A.) qulunc əzərlər.

Bu zaman uşaqlar onun hərəkətlərini təkrar edərlər.

- Üçdə (üçüncü dəfəyə – oyunçunun belindən üçüncü dəfə tullanmağa işarədir – Ş.A.) sillə çəkərlər.

Bu zaman uşaqlar hoppandıqca yatan uşağın yanına sillə ilə vurub keçirlər.

- Papaq qoyub keçərlər (Bu, oyunda artıq növbəti dəfə uşağın belindən tullanılaraq icra olunan hərəkətdir – Ş.A.).

Uşaqlar növbə ilə hoppandıqca öz papağını yatanın beli­nə qoyub keçir. Əgər papaqlardan biri kimin növbəsində yerə düşsə, həmin uşaq yatır və oyun yenidən başlayır (əslində davam etdi­ri­lir – Ş.A.). Oyunun ən təhlükəli məqamı papaq qoymaqdır. Çünki əks tərəfə tullanarkən hər kəs öz papağını götürməlidir. Baş­qa­sı­nın papağını yerə salan uşaq yatanı əvəz etməli olur. Hər şey təhlükəsiz ötüşsə, oyun davam edir.

Aparıcı tullanaraq deyir:

- Əl dəysin, ətək dəyməsin.

Bu zaman elə etmək lazımdır ki, heç kəsin paltarı yatana toxunmasın. Əks təqdirdə qaydanı pozan oyunçu yatmalı olacaq.

- Yambız vurub keçərlər…

Bax beləcə oyun davam edər» (səh.327-328).

«Azərbaycan və Anadolu folklorunda oyun və tama­şalar» («Elm və təhsil», 2014) adlı tədqiqatında Məleykə Nizami qızı Məm­mədova gizlənpaç oyunundan belə bəhs açır: «Günlük əylən­cələr qrupunda çox variantları və növləri olan gizlətmə-gizlənmə tipli oyunlar əsas yer tutur. Bu tip gizlənmə oyun­la­rın­dan biri Azər­baycanda və Anadoluda oynanılan «Gizlənpaç»dır. «Gizlin­paç, gizlənqaç, Qaçgizlən, Gizlilimpars (Muğan), gizlən­parç, gizdələnparç, gildirimparç (Naxçıvan), yaşınbacı (burada «yaşın» gizlən mənasındadır), yeşinbac, yeşinbaba, yeşinbabaş, sax­lanbac, salanbac (Şimal-qərb rayonlarımız), Çapbakal (Var­ta­şen-Oğuz) və s.» kimi müxtəlif adlarla bilinən «Gizlənpaç» oyu­nu­nun bənzəri Ana­do­luda «Saklambaç» adıyla oynanılır. Eyni şəkildə oyna­nılan hər iki oyunda oyunçular arasından seçilən əbə sa­yır, hər kəs qaçıb gizlənir. Əbə əvvəlcədən müəyyənləş­dirilən rə­qəmə qədər sayıb qur­tardıqdan sonra Azərbaycan­da «Alma sa­ral­dı, gözüm qaraldı, gəldim qaç, gizlənpaç», Anadoluda isə «Önüm, arxam, sağım, so­lum söbə, saxlanmayan əbə» kimi tə­kər­ləmələr söylənilir. Oyunda əsas fərq Azərbaycan varian­tında ilk tapılan oyunçu, Anadolu variantında isə son tapılan oyunçu əbə (sayan) olur» (səh.19-20).

Məlumdur ki, gizlənpaç oyunu ən çox məktəbəqədər yaşlılar və kiçikyaşlı məktəblilər arasında keçirilirsə, ənzəli (eşşəkbeli) oyunu yuxarıyaşlı məktəblilər arasında və özü də oğlanlar tərə­fin­dən oynanılır. Səbəbi? Öncə yaş psixologiyası ilə əlaqə­dardır. Bö­yüklər üçün bütün növ uşaq oyunları sadəcə oyun tipini xa­tır­ladır, adi əyləncə təsiri bağışlayır, hətta lüzumsuzluq kimi də dü­şü­nülür. Halbuki böyüklər özü də bu mərhələni uşaqlıq, ye­ni­yetməlik dövr­lərində yaşamışlar. Eləcə də yuxarı yaşlılar üçün aşağıyaşlılar ara­sında keçirilən oyunlar gizlənpaç oyunu da daxil olmaqla gülməli ovqat oyadır, daha doğrusu, onlar bir daha giz­lənpaç oynadıqları çağlara qayıdıb gizlənpaç oynamazlar. Oyna­salar nəinki böyüklər tərəfindən, elə öz həmyaşıdları olan yeni­yet­mələr tərəfindən də qınağa tuş gələrlər: Uşaqsanmı, tə­zədən uşaq­lıq edirsənmi? və s. bu kimi ifadələrlə lağ obyektinə çevri­lər­lər. Elə böyüklər də qayıdıb uşaq oyunları ilə məşğul olsalar, eyni cür qınaq hədəfinə çevrilərlər. Bu cür yanaşma tər­zində bir mən­ti­qi reallıq var. Çünki hər yaşın özünün müəyyən qanunları olduğu kimi, hər yaş dövrünə məxsus da uşaq oyunları var. Əslində, uşaq oyunları həm də insan həyatında idman ya­rış­larının ibtidai əsası sayılmalıdır. Yəni bu oyun-əyləncələrdə məşq xarakterli idman hərəkətləri özünü büruzə verir. Sadəcə olaraq bu oyunların idman növü olduğu, yaxud yarış xarakteri daşıdığı nə dilə gətirilir, nə də ki ağıla. Ona görə ki, burada məsum, saf, heç bir neqativ rəqabət hissi tanımayan sağlam duyğulu uşaq dünyası oyunların obyekti-iştirakçısıdır. Axı idman özü də fiziki və mənəvi sağlamlıq deməkdir. Hər halda mən uşaq oyunlarını ibtidai, primitiv idman növü, idman yarışı hesab edirəm.

Deməli, uşaq oyunları, hər şeydən əvvəl, əvvəlcə insana bö­yük-kiçik yerinin olduğunu qandırıb-anladır. Yəni böyüyün öz yeri, kiçiyin öz yeri, hələ desəm, ortayaşlının – yeniyetmənin də bu oyunların xarakterində öz yeri var və bəllidir (Deyilənlərdən gəldiyimiz qənaət onu deməyə əsas verir ki, deyək: (Böyüklərin oyunları da dünyamiqyaslı idman yarışlarıdır).

Bəs gizlənpaç oyununun uşaqlara aşıladığı ideya-tərbi­yəvi xüsusiyyəti nədə ifadə olunur? Məktəbəqədər yaşlılarda saya bilmək yaddaşını möhkəmləndirir, həmçinin uşaqlarda kollektiv həmrəylik duyğusu formalaşdırır. Belə ki, müəyyən sayda tay-tuşlar bir yerə toplaşır, onlar birləşib-sözləşib eyni hərəkəti icra etməklə – qaçıb gizlənmə və onların arasından əbə rolunu oy­nayanın gözünü yumub sayar, oyunçu tərəfin­dən axtarılıb-ta­pıl­ması macərası ətrafında birlik nümayiş etdirirlər. Eyni zamanda uşaqlarda fəhm duyğusu formalaşır, gözlərini yuman oyunçu gizlənən yoldaşlarının harda gizlənə bilməsi ehtimalını şüurunda yəqinləşdirmə hissinə yiyələnir, gizlənən yoldaşlar isə harada gizlənə bilməyin daha əlverişli üsulunu fikirləşib axtarırlar. Bundan başqa, qaçma əməliyyatı – gəlib yoldaşından tez əlini daşa vurma kimi fiziki idman hərəkəti edirlər ki, bu da bədənin bərkiyib-bişməsi yolunda ilkin idman qaçış növünü özlüyündə səciyyələndirir. Beləlik­lə, bununla həm də ilkin təsəvvürdə gizlədilmə və tapılma hisslərinin rüşeymləri formalaşır. Bu da nəyin, kimin harada ola bilməsi, gizlənə bilməsi kimi ehtimal hisslərinin uşaq yaddaşına təsiri ilə nəticələnir. Bütün bunlar və bu kimi amillər gizlənpaç oyununun uşaqlarda ilkin ictimai-tərbiyəvi hisslər təlqin etdiyinin göstəriciləri kimi düşünülməlidir.

İndi də keçək eşşəkbeli (ənzəli) oyununun daşıdığı sosial-psixoloji mahiyyətin yozumuna. Heç vaxt yadımdan çıxmaz. Kən­dimizin aşağısında bir dərədə - böyüklərin nəzərini çox da cəlb etməyən bir ərazidə yuxarıyaşlı uşaqlar eşşəkbeli oynamağa ha­zırlaşırdılar. Mənim onda heç bu oyunun necə keçirilməsi, hansı qayda və şərtlərlə icra olunması haqqında təsəvvürüm belə yox idi. Gördüm uşaqlar mənə işarə ilə: O, hələ çox balacadır, bu oyu­na dözüş gətirə bilməz, - deyib özlüklərində qərar çıxartdılar. Bu səh­nə özü bir daha uşaq oyunlarının yaş mərhələlərinə və yaş psixo­logiyasına uyğun qruplaşdığından xəbər verirdi. Azacıq sonra oyun başlandı, mən də uşaq ağlımla oyunu bir az müşahidə edib, onların bu normadan kənar «qeyri-etik» hərəkətlərindən təəccüblənib, or­dan uzaqlaşdım. Uzun müddət bu oyunun keçiril­mə­sini vəhşiyanə hərəkətlər kimi düşündüm. Bu gün isə bir mütə­xəssis gözü ilə yanaşıb, oyunun mahiyyəti və xarakteri ilə bağlı mülahizələrimi bildirirəm. Əvvəlcə mərhum folklor­şü­nas Azad Nəbiyevin oyun­ların tarixi inkişaf mərhələsilə bağlı fikirlərinə müraciət edək:

«Oyunların ilkin yaradıcılıq mərhələsi şamanist görüş­lərdən şübhəsiz ki, çox-çox əvvəl mövcud olmuşdur.

Oyunların yaranma və inkişafının birinci mərhələsi rəqslərlə bağ­lı idi. Daha doğrusu, ilkin oyunlar rəqslər daxi­lin­dəydi. Rəqsda­xili oyunları ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb ayrı şəkildə götürmək mümkün deyildir. İlkin oyunlar rəqslər daxilində primitiv məna çalarlarına malik olmuşdur.

Oyunların ikinci mərhələsi onların rəqslərdən ayrılıb, asudə vaxtlardakı əyləncə məqsədinə tabe edilməsindən baş­lamışdır.

Bu mərhələdə oyunlar artıq ünsiyyət vasitəsi rolu oy­namır. Onlar rəqslərdən tam ayrılır, xalq yaradıcılığının yeni bir janrı kimi formalaşmağa başlayır.



«Oyun» sözü türklərin oynamaq söz kökü ilə bağlı yaran­mışdır. Türkdilli xalqların içərisində «oy»un ağıl, hik­mət məna­ları vardır. Ağılı, hiyləni hərəkət vasitəsi ilə ifadə etmək isə oyun­ların yaranmasında mühüm amil olmuşdur. Məsələn, elə qaya rəqsləri daxilindəki oyunlara nəzər salsaq görərik ki, onlar mü­əyyən fikri, hikməti kiməsə, bəlkə də qəbilə və ya tayfa başçısına, onun ayrı-ayrı üzvlərinə ye­tirmək məqsədilə düşünülüb cızılmış rəsmlərdir» (Bax: Azad Nəbiyev. «El nəğmələri, xalq oyunları». Azərnəşr, 1988, səh. 128-129).

Göründüyü kimi, A.Nəbiyev burada həm də oyun sözünün etimologiyasından çıxış edib, ağıl, hikmət mənaları verdiyini bil­dirir, oyunların yaranmasındakı əsas amillərdən birinin «ağılı, hiy­ləni hərəkət vasitəsilə ifadə etməyi» ilə əlaqələndirir. Bəli, oyun­lar əslində ağılın hərəkət vasitəsilə təcəssümüdür. Oyunların da­xili nüvəsində uşaqların yara­dıcı­lıq məharətlərini inkişaf etdir­mək, onları həyata alışdırmaq, cəmiyyətə kamil insan kimi ha­zırlamaq missiyası dayanır. Uşaq oyunlarının məzmun və struk­tu­run­da sadədən mürək­kəbə doğru istiqamət isə uşaqların yaş dövrləri dəyişdikcə bunların da öz növbəsində ardıcıllıqla öz-özü­nə tənzim­lənməsi prinsipini əks etdirir. 10-cu sinfin dərs yükünü 1-ci sinif şagirdinin üstünə yıxmaq, ya əksinə, mümkün olmadığı kimi, eləcə də uşaq oyunlarının da sadəsi ilə mürəkkəbini azyaşlı­lar­la yuxarıyaşlılar öz aralarında bölüşdürürlər. Bu nizamlanma nəinki təkcə yaş psixologiyasına görə müşayiət olunur, hətta gen­der problemi də burada təbiiliklə öz yolunu tapır. Belə ki, uşaq oyunlarının cinsi mənsubiyyətə görə də seçilib-fərqlənməsi aydın nəzərə çarpır. Bu da oğlan və qızların bir fərd olaraq forma­laş­ma­sında uşaq oyunlarının mühüm funksiya daşıdığının bir əyani göstəricisidir. Elə oyunlar var ki, yalnız oğlanlar tərəfindən, icra edilirsə, elələri də müştərək halda - oğlanlar və qızların birgə işti­ra­kı ilə oynanılır. Bu da uşaq oyunlarının təbiətindən irəli gəl­məklə həm də uşaq dünyası ilə sıx bağlı olub, onları həyata hazır­la­maqda ilkin bünövrə rolunu oynamaqlarını göstərir. Yuxarıda təsviri verilmiş ənzəli oyununun mahiyyətinə işıq tutmaqla bir da­ha fikrimizi təsdiqləyə bilərik (Qeyd edək ki, «Qarabağ: folklor da bir tarixdir», II-III kitablar, «Elm və təhsil», 2012; VI kitab, «Zərdabi LTD» MMC, 2013) kitablarında da əksini tapmış uşaq oyunlarının hər biri üzərində dediklərimizi əsaslandıra bilərik). Ənzəli oyununda ona qədər uşağın iştirakı ilk növbədə uşaqlarda kollektivçilik əhval-ruhiyyəsini formalaşdırır. Uşaqlardan ən diri­ba­şının, yaxud nisbətən yaşca böyük olanının oyuna rəhbərlik-nə­zarət etməsi burada həm də kollektivdə liderlik qabiliyyəti ola bilənin özünü oyun daxilində reallaşdıra bilməsidir. Başqa sözlə, idarəçilik hissi ilkin rüşeymlərini uşaq yaddaşına yeridir. Həmin liderin - oyun aparıcısının püşk atmaq məqsədilə əlində-ovcunda çöp tutması və çöpün tapılması şərtini kəsməsi, həmin çöpün oyun iştirakçısı tərəfindən tapılıb-tapılmamasını dəqiqləşdirmək üçün hər iki ovcunu oyunçular qarşısında açıb göstərməsi amili isə oyunda şəffaflığın təmin edildiyini göstərir. Bu da oyun­çula­rın şəffaflıq prinsipinə və demokratik ab-havaya kökləndirilməsi deməkdir, gələcəkdə yetkinlik yaşına yetdikləri vaxtda isə onları demokratik əhval-ruhiyyəli gənclər kimi hazırlamağa xidmət edir. Çöpü tapmayan oyunçunun cəzalandırılması və belini aşağı əyib «yatması» da elədiyi yanlışlığa (səhvə) göz yummadan razılaşma əlamətini ifadə edir və bu, insanda öz günahını-səhvini etiraf etməsi kimi alicənablıq duyğusu oyadır. İndiki dövrdə heç kəsə elədiyi səhvini-günahını boy­nu­na götürtmək olmur, ancaq bu uşaq oyununda tərbiyəvi hissin hansı dərəcədə güclü təsirə malik olması elə buradan aydın görünür.

Oyunun icra tərzi ilə bağlı da məqamlara aydınlıq gətirək. Əllərini dizlərinə dayamaqla belini aşağı əyən oyunçunun beli üstündən dəstədəki oyunçuların 7-8 dəfə, ya 10 dəfə tullanıb-keçmələri oyunun şərtinin ağır olduğunu-bərkimiş əzələlərə və möhkəm, sağlam cana malik olub, ağırlığa və vurulan zərbələrə-şillələrə dözə bilməyi tələb edir. Bu, həm də hardasa oyunda qabalığın – «kobud rəftarın» da olmasını göstərir. Deməli, ənzəli oyu­nunun oğlanlar arasında keçirilməsinin əsas sirri də məhz bu amillə bağlıdır ki, qızlar incəlik, nəzakətlilik daşıyıcıları olduqla­rından, bu oyun onlara şamil edilmir. İkincisi, oğlanlar gələcəyin kişiləridirlər, kişilərin təbiətində isə kişilik xarakteri-dözümlülük, iradə, səbir olmalıdır. Demək, oyundakı «qabalıq» da, əziyyətlərə tablaşmaq tələbi də yuxarıyaşlılar arasında keçirilmək prinsi­pini şərtləndirir, yəni azyaşlıların bərkiməmiş bədənləri bu ağırlığa, zərbəyə tab gətirməz, nəticədə orqanizmləri zədələnə bilər, sümükləri çat verə bilər və s. Nəticəsi isə acınacaqlı olar. Bu fakt da onu göstərir ki, uşaq oyunlarının yaş etibarilə təsnifata bölün­məsi müəyyən reallığa əsaslanır, həmçinin cinsi mənsubiyyətə görə uşaq oyunlarının bir-birindən ayrıl­ması amili də o cümlədən.

Oyunun icra ardıcıllığında bir təbii harmoniyanın gözlə­nilməsi də var. Belə ki, ilk dəfə belindən atılarkən «birdə – yəni birinci dəfədə yumşaq keçərlər» deyib, ehmalca – ehtiyatla oyun­çunun belindən o tərəfə aşırlarsa, ikinci dəfə bir qədər möhkəm tərzdə kürəyinə ağırlıqlarını salıb («ikidə qulunc əzər­lər» de­mək­lə) keçmələri, «üçdə sillə çəkərlər» deyib, kürəyinə şillə vurmaqla keçmələri, növbəti dəfə «yambız vurub keçərlər» tələbilə bu zər­bəni bir az da ağırlaşdırmaları və s. onu göstərir ki, tədrici şəkildə şərtlər ağırlaşdırılır. Bu isə onu nümayiş etdirir ki, əvvəlinci sınaq xarakteri daşıyır, uşağın – oyunçunun ilk «yumşaq keçmə»yə dözüş gətirib-gətirməyəcəyi yoxlanılıb-dəqiqləşdirildikdən sonra oyun qaydasına düşüb öz ritmi-tələbi, axarı ilə davam etdirilir. Həm də bu, tibbi baxımdan da düzgün olub, bədənin zərbəyə mü­qa­vimət dərəcəsini yoxlamaqla həm də artırmağa doğru yö­nəl­dilmiş oyun (idman) hərəkəti olur. Oyunun bu cür prosesi yeni­yet­mə oğlanlarda acizlikdən-fağırlıqdan uzaq olmaq duyğusu for­ma­laşdırır, onları gələcəyin cəsarətli dözümlü kişisi, Vətənin cə­sur əsgəri, fədakar döyüşçüsü əzmində tərbiyələndirir. Etiraf edək ki, gənclərimiz bu gün yüngül kompyuter oyunlarına o qədər aludə olub­lar ki, oğlanlarımızın təbiətində bir acizlik, əfəllik, «na­zə­nin­lik» hissi yaradıb.

Bundan başqa, tullanma əməliyyatlarını yerinə yetirən oyun­çu­ların qarşısında da müəyyən «sərt» tələblər (papağı belindən ye­rə salmamaq, əl belə dəysin, ancaq paltarın toxunmasın və s. bu kimi tələblər-prinsiplər) qoyulması isə uşaqlarda həssaslıq, də­qiq­lik, çeviklik, sərrastlıq və başqa mənəvi-iradi keyfiyyətlər qazan­dı­rır. Yenə də bu zaman qaydanı pozan oyunçunun yatan oyun­çunu əvəz etməsi prinsipinin qoyulması və bu şərtə sözsüz əməl olun­ması da oyunda ədalətlilik meyarının gözlənilməsindən xəbər verir və bu da bir daha oyun iştirakçılarında ədalətli olmaq, mə­su­liyyət hissi yaşamaq və s. kimi humanist amallar tərbiyə edib aşı­ladığının bariz göstəricisidir.

Ənzəli oyununun (xüsusi olaraq vurğulayım ki, özü də hələ uşaq oyunları içərisində hardasa qabalığı-kobudluğu ilə fərqlənən bir oyunun timsalında!) iştirakçılarda aşıladığı tərbiyəvi keyfiy­yətlər barəsində çox danışmaq olardı. Ancaq bu qənaətdəyəm ki, elə deyilənlərlə də fikrimi çatdıra bildim.

Mənə elə gəlir ki, Qarabağ bölgəsində uşaqlar arasında keçi­ri­lən «çilə-çilə», «mak-mak», beşdaş, daşqalama və s. cürbəcür uşaq oyunlarının hər birisi ilə bağlı da bu cür açıqlamalar vermək olar və bu oyunların hər birinin mahiyyətində gizlənən estetik-tərbiyəvi hissləri görmək olar. Bəli, uşaq oyunlarının xarakterində də xalq müdrikliyinin təcəssümü özünəxas qaydalarla – sözün oyun hərəkətlərinə çevrilməsi şəklində – sözün hərəkətlərlə ifa­dəsi olaraq əksini tapır.


1   ...   22   23   24   25   26   27   28   29   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə