AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ




Yüklə 2.97 Mb.
səhifə14/30
tarix22.02.2016
ölçüsü2.97 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

Birincisi, yazıçının bədii yaradıcılığında işlənmiş uşaq folklo­rizmləri (oyunların təsviri, oyun nəğmələri və tapma­calar) kəmiyyət baxımından digər folklor janrları (məs. ba­ya­tılar, mah­nılar və s.) ilə eyni qədər işlənməsə də, işlənmə mə­qamının bədii əhəmiyyətinə görə təhlil üçün material verir. Başqa sözlə, Ə.Cəfərzadə yaradıcılığında uşaq folkloriz­mlə­rinin işlənməsi ona ayrıca yanaşmağa imkan verir.

İkincisi, Ə.Cəfərzadə yaradıcılığında uşaq folklo­riz­mlə­ri bir tərəfdən bədii mətndə etnoqrafizmin yaradılmasına, digər tərəf­dən xarakterlərin canlı bədii təcəssümünə xidmət edir.

Üçüncüsü, Ə.Cəfərzadə uşaq folklorizmlərindən istifadə et­məklə Azərbaycan milli xarakterini təkcə yaşlı nəslin nümu­nə­sində deyil, böyüyən, dünyanı aramsızcasına seyr-müşahidə edən uşaqların nümunəsində də təcəssüm etdirir.
Qaynaqlar

  1. Cəfərzadə Ə. Cəlaliyyə. Bakı, Gənclik,1983.

  2. Cəfərzadə Ə. Vətənə qayıt. Bakı, Gənclik, 1977.

  3. Cəfərzadə Ə. Eşq sultanı. Bakı, Şirvannəşr, 2005.

  4. Qasımov Ə. Azərbaycan xalq oyunları. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006.

  5. Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, Elm və Təhsil,2013.

UŞAQ OYUNLARININ YARANMASINDA TƏBİƏT HADİSƏLƏRİ VƏ MƏRASİMLƏRİN ROLU

Günel Hüseynova

AMEA Folklor İnstitutunun doktorantı

gunel_almaz@mail.ru

Özət

Müəllif bu məqalədə uşaq folklorunun ən geniş yayılmış qol­larından olan uşaq oyunlarının yaranma səbəblərini, onla­rın uşaq­ların dünyagörüşünün formalaşmasına təsirini göstər­miş, həmin oyunlarda istifadə olunmuş elementlərin xalqı­mızın təbiətə bağ­lılığının səbəbi kimi izah etmişdi. Doktorant Hüseynova Gü­nel həmçinin uşaq oyunlarının hansı mərasim­lərlə əlaqədar ya­randığını və necə icra olunduğunu maraqlı nümunələrlə gös­tərmiş və həmin nümunələrdə xalqımızın mifik təsəvvürlə­rinin hələ də qaldığını vurğulamışdır.



Açar sözlər: uşaq oyunları, təbiət, mövsüm, uşaq folkloru

Роль природных явлений и событий

в формировании детских игр

Резюме

Aвтор показал причины формировании детских игр, которые являются одной из наиболее распространенных основ детского фольклора и оказывают влияние на перспективы детей, элементы используещиеся в детских играх объяснила связью человеком с природай. Докторант Гюсейнова Гюнель с интересными примерами показала связи: с каким церемониями основанны эти детские игры и как они проводились, и доказала что в этих детских играх oстались мифические воображения нашего народa.



Ключевые слова: детские игры, природа, церемония, детский фольклор

The role of natural events and ceremony

in the formation of children's games

Summary

Author has indicated the formation reasons of children's games, theirs influens to formation children's outlook and used elements in these games has explaned as reasons as relationship between aur folks and nature in this article. Phd. Gunel Husei­nova has showed purpose with ceremony for which it was created children's games with interesting examples and has emphasized mythical conceptions of our folks.



Key words: child games, nature, season, child folklore
İşlənmə dairəsi və funksiyasına görə uşaq folklorunun ən maraqlı qollarından biri də uşaq oyunudur. Uşaq oyunları əsasən balacaların dünyagörüşünün, bədii-estetik zövqünün formalaş­masına, həyata hazırlığına, dilinin səlisləşməsinə, söz ehtiyatının artırılmasına, ətraf aləmi düzgün dərk etməsinə, vaxtlarını səmə­rəli keçirilməsinə və onlarda müsbət insani keyfiyyətlərin yara­dılmasına xidmət etmişdir.

Təbiət hadisələri ilə bağlı uşaq oyunları ən çox külək, yağış, gü­nəşlə bağlı olub, müəyyən mərasimlərlə, ən çox yazın gəlməsi, təbiətin oyanması ilə əlaqəli yaranmışdır. Məsələn, küləyin əsib buğ­danı havaya sovurması, yaxud yağışın yağması üçün uşaqlar maraqlı oyunlar oynamışlar. "Kosa gəldi" adlı bir oyuna diqqət edək:

Allah, bir yağış eylə,

Dam-divarı yaş eylə.

Əmim oğlu keçəndə,

Paltarını yaş eylə.



Təbiət hadisələri və yaz mövsümü ilə əlaqədar yaranan uşaq oyunlarına "Yeddi ağac", "Keçəl", "Gül, gül", "Tapın görək", "Papaqatdı", "Fincan-fincan", "Kos-kosa", "Papaq­qap­dı", "Yu­mur­ta döyüşdürmə", "Təkə", "Yelləncək", "No­xud çuxuru", "Ya­şıl yarpaq, qızılgül" və s. misal gətirmək olar. Həmin oyunlara ayrı-ayrılıqda diqqət yetirək: “Fincan-fincan” adlı uşaq oyunu (1). Novruz bayramında və xüsusi şən­lik mərasimlərində icra olunur. Azərbaycanın bəzi böl­gə­lərində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı cərimə olunur, məzəli əhvalatlar, nağıl danışılır, mahnı oxuyurlar. Oyun gecəyarısına qədər davam edir. “Gül-gül” oyunu (2.) iki qrup və ya şəxs arasında oynanılır. Gül ad­landırılan xırda bir əşyanı, məsələn noxudu bir ovucda gizlədirlər. Rəqib qrup gülün hansı əlində olmasını tap­ma­lıdır. Tapa bilməsələr, o biri qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir. “Köşki-balaban” uşaq oyunu (3) da bayramqabağı günlərdə, şənliklərdə Araz çayı kənarında dəstə-dəstə toplanıb oynayardılar. Onlardan qüvvətliləri 5-7 nəfər birinci cərgə düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3-5 nəfər olub birincilərin çiynində durardılar. Üçüncü cərgə isə 2-3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar.

Köşki balaban Araza baxar,


Arazın suyu gözlərdən axar.
Ay Araz, quru, axma bir zaman,
Ay bizi oda yandırıb yaxan.
Köşki balaban Araza baxar,
Arazın suyu gözlərdən axar,
Ay canım Araz, ay gözüm Araz,
Sən dayanmasan, mən odlanaram..
Gün batan zaman qəlbim daralır,
Bağrım olur qan, rəngim saralır,
Baxıram sənə hava qaralır.
Köşki balaban Araza baxar,
Ay canım Araz, ay gözüm Araz,
Sən dayanmasan, mən odlanaram.

Oyunçular sonadək oynayırlar. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. Burada Araz çayına müraciət, havanın qaralması, günün batması, çayın axması və s. kimi peyzaj elementləri var. Oyunun icra olunması üçün məkan olaraq məhz Araz çayının kənarı seçilməsi və bayram mərasim­lərində icra olunması təsadüfi deyil ki, bu da xalqımızın təbiətə bağlılığndan xəbər verir. Buna bənzər bir neçə başqa nümunələrə diqqət yetirək: “Yeddi ağac”– oyununda da qayda oxşardır (4). Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə seçilən oyunçu ağacın yanında dayanır və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. O, gizlənənləri axtarır. Əgər kimsə gəlib ağacları qarışdırıb yerə töksə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə gizlə­nənləri tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki yoldaşlarını tapdı, onda ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edər və bayram mərasimlərində icra edilərdi. Burdakı yeddi ağac və yeddi daş həm təbiətlə bağlı, həm də “Yeddi” rəqəminin müqəddəsliyini ifadə edir ki, burada da xalqımızın əski mifik görüşləri saxlandığını göstərir.



Yaşıl yarpaq, qızılgül – oyunu isə (5) əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsl bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oyna­yardılar. Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. İştirakçılar dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yar­paq, qızılgül" deyərlər. İştirakçılardan hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər.Oymaqdan, ay oymaqdan, Öldüm xına qoymaqdan. Barmaq­larım yanıbdı, Çubuğa od qoymaq­dan” deyər, qalanları isə “yaşıl yarpaq, qızılgül” deyərlər. Oyun beləcə davam edir. Mahnı oxu­mağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır. Təkləmə adlı oyun da (6) ilaxır çərşənbə və Novruz bayramı günlərində icra olunan uşaq oyunlarından biridir. Uşaqlar iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı:

- Çərək, mərək,

Bizdən sizə
Kim gərək?

İkinci dəstənin başçısı:

Ölçüsü çərək olmaz,
Pəyəsi mərək olmaz,
Bizim dəstə güclüdür,
Sizlərdən gərək olmaz.

Birinci dəstənin başçısı:

Novruz gələr, yaz olar,
Göldə ördək, qaz olar,
Sizdən ikisini allıq,
Bizim dəstə çoxalar,
Sizin dəstə az olar.

İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır:

Tonqalda közümüz var,
Danışdıq, sözümüz var,
Bizim, sizin dəstənin
Üçündə gözümüz var.

Axırda başçılardan biri tək qalır. Uşaqların hamısını öz dəstəsinə toplamış başçı tək qalan dəstə başçısına deyir:

Hünərdə hünərin var,
Biz bülbülük, olma sar,
Gəl qoşul dəstəmizə,
Eyləməzsən yeri dar.

“Yaylıqqaçırtdı” (7) adlı oyun da  Novruz bayra­mı günlərində keçirilən milli atüstü oyunlardan biridir. Oyun­da atçapanlardan biri əlindəki ipək yaylığı yuxarı qaldıraraq meydançada dövrə vurur. Digərləri yaylığı ondan almağa çalışır. Qaliblərə gümüşlə bəzədilmiş yəhər mükafat verilir. «Noxud çuxuru” — (9). Novruz bayramında icra olunan bu oyun ev şəraitində keçiri­lir. Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sininin dövrəsi boyunca bir-birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır. Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər:

Tay cütüm (birinci cüt)
Taylar cütüm (ikinci cüt)
Alaca mətək( üçüncü cüt)
Dalınca kötək (bir tək)

Təkə” - (10) Novruz bayramı ərəfəsində keçirilən saya gəzisi şənliyində boynuna noxta və zınqırov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında “təkəm, təkəm oyun eylər” sözlərilə başlayır. Əslində M.Seyidov keçi kultunun çox dərin izlərinin oldu­ğu­nu deyirdi. “Keçi yazın bəlgəsidir, buna görə də yaz bay­ramında aparıcıdır, günəşlə ilişgəlidir. Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişdir” (11) Bəzən oyunda heyvan əvəzinə “Tə­kəsaqqal Kosa” və yaxud keçi görkəmli, keçi maskalı bir oyunçu çıxış edir. Törəniş etibarı ilə qədim Azərbay­can­da oynanılan əsa­tiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş "Keçi"–"təkə" surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldü­rülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. “Təkə oyunu” “Kos-kosa” mərasim tama­şası ilə yaxından səs­ləşir. Əslində onların adları da oxşar və bir-birinə bağlıdır. “Kosa” sözü bir çox türk dillərində və eləcə də yerli ləhcə­ləri­mizdə “keçi”, “təkə” anlamında işlədilir. Keçi isə “yazın gə­lişini”, “təbiətin oyanmasını” simvolizə edir.

Ən maraqlısı da odur ki, bu nümunələrdə əski mifik təsəv­vürlərin izləri hələ də qalmaqdadır. Bu oyunlarda isti­fadə olunan ağac, torpaq, su gerçəklikdə də təbiətin oyan­masına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, başlanğıç nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə və yer üzərində mövcudluğuna səbəb sudur. Susuz həyatın davamı mümkün deyil. Azərbaycan xalqının mifoloji düşün­cə­­sinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. “Onların izlərini gen yadda­şın­dan adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor ör­nək­lərinə, klassik ədəbiyyata, ümu­miy­yətlə, mədəniyyət forma­larına qat­maqla unudulmağa qoymamışlar” (12 ). Buraya həmçi­nin uşaq oyunlarını da daxil etmək lazımdır. Bu oyunlara diqqət etsək görərik ki, əksəriyyəti xüsusi mərasimlərlə bağlı icra olunur ki, bunların hamısında xalqımızın mifik təfəkkürünün izləri vardır. Göründüyü kimi uşaq oyunlarının demək olar ki, hamı­sında çay, torpaq, ağac, su, hava, gül, yarpaq, Ay, Günəş, təbiət kimi peyzaj elementləri işlənməkdədi ki, bu da xalqı­mızın torpa­ğa, təbiətə sevgisindən və mifik təsəvvürlə­rinin genişliyin­dən irəli gəldiyini göstərir.
Qaynaqlar


  1. http://az.wikipedia.org/wiki/Fincan-fincan)

  2. http://az.wikipedia.org/wiki/G%C3%BCl-g%C3%BCl)

  3. (http://az.wikipedia.org/wiki/K%C3%B6%C5%9Fki_balaban)

  4. http://az.wikipedia.org/wiki/Yeddi_ağac

  5. http://az.wikipedia.org/wiki/Ya%C5%9F%C4%B1l_yarpaq,_q%C4%B1z%C4%B1lg%C3%BCl

  6. http://az.wikipedia.org/wiki/Təkləmə

  7. http://az.wikipedia.org/wiki/Yayl%C4%B1qqa%C3%A7%C4%B1rtd%C4%B1

9. (http://az.wikipedia.org/wiki/Noxud_%C3%A7uxuru)

10. http://az.wikipedia.org/wiki/T%C9%99k%C9%99_(oyun)

11. “Mif, əfsanə, nağıl və epos” - Epik ənənədə janrlararası əlaqə. Bakı, ADPU, 2002, 758 səhifə

12.http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_mart2009/72460.htm


XALQ OYUNLARININ TOPLANILMASI VƏ ÖYRƏNİLMƏSİ TARİXİNDƏN

Xəzangül Məmmədova

AMEA Folklor İnstitutu

xezengul-memmedova@rambler.ru
Özət

Xalq oyunlarının öyrənilməsi, onların milli-mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuş­dur. Bu oyun­lar xalq həyatının və məişətinin müxtəlif sahə­lərini, eyni zamanda ayrı-ayrı mərasimləri əks etdirən qədim folklor janrlarındandır. Xalq oyunları mövzu, məzmun, yaran­ma tarixi və formaları baxı­mından da çox zəngin və rənga­rəngdir.

Məqalədə Azərbaycan xalq oyunlarının öyrənilməsi sahə­sində müxtəlif vaxtlarda folklor tədqiqatçıları tərəfindən xeyli iş görülməsindən bəhs edilir. Qeyd edilir ki, ayrı-ayrı xalq oyunları müxtəlif araşdırmaçılar tərəfindən toplanılmış, nəşr edilmiş və onlar haqqında bir çox qiymətli tədqiqatlar aparılmışdır.

Açar sözlər: xalq oyunları, Mahmud Kaşğari, “Diva­nul-lüğətit-türk”, “Balalara hədiyyə” SMOMPK, “Kavkaz”, “Mək­təb” , “Babayi – Əmir”, “Dəbistan”, “Rəhbər”.
Хазангул Маммадова

Из истории изучения и сбора народных игр

Резюме

Изучение народных игр, исследование их роли в системе национально-нравственных ценностей всегда было актуаль­ным. Эти игры являются одним из древних жанров фольклора, отражающих разные сферы народной жизни и быта, а также разных обычаев. Народные игры с точки зрения темы, содержа­ния, истории создания и формы очень богаты и разнообразны.

В статье говорится о многочисленных работах, проведен­ных в разное время фольклористами в области изучения азербайджанских народных игр. Также указывается, что сбор, пуб­ликация и многочисленные исследования различ­ных народных игр были проведены разными исследователями.
Khazangul Mammadova

From the history of collecting and studying of folk games

Summary

It is always actual to investigate the folk games, their role in the national-spiritual values system. These games are the genres of different branches of such games, at the same time the different ceremonies reflected the ancient folklore. Folk games are rich and various according to their subject, context, origin history and forms.

In the article it is said about much work about investigation of Azerbaijan folk games done by folklore investigators in different times. It is noted that different folk games have collec­ted, published and some investigations have been carried out.

Key words: folk games, Mahmud Kashgari, “Divanul-Lugatit-turk”, “Balalara hediyye”, , SMOMPK , “Kavkaz”, “Mekteb”, “Babayi-Emir”, “Debistan”, “Rehber”
Xalq oyunları xalq həyatının və məişətinin müxtəlif sahə­lərini, eləcə də ayrı-ayrı mərasimləri əks etdirən qədim folklor janrlarındandır. Xalq oyunları ən qədim dövrlərdən xalqın məi­şətini, həyatını və əyləncə dünyasını özündə əks etdirmək baxımından xüsusi maraq doğurmuşdur. Belə xalq oyunları möv­zu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Xalq oyunlarında yüksək, humanist insa­ni duyğular: şəri cəzalandırmaq, yaxşıları qorumaq, onlara dayaq durmaq, xeyirxahlıq, əməyə məhəbbət və s. bu kimi müsbət keyfiyyətlər aşılanır.

Xalq oyunlarının yaranma tarixinə, genezisinə, təkamü­lünə nəzər salsaq, görərik ki, onlar əvvəlcə müxtəlif inanc və etiqadlarla bağlı, həm də sadə forma və məzmun əhatə etməklə meydana gəlmişdir. Sonradan oyunlar cəmiyyətin inkişaf tempinə uyğun olaraq sivili­zasiya dəyərlərini özündə ehtiva etməklə etnosların mədəniyyət tarixinə daxil olmuş­dur. Bu isə oyunların ilk ifadə formaları olan rəqslərdə özünə yer almışdır. Oyun dedikdə xüsusi aktyorluq qabiliyəti və bacarığı tələb olunmayan, hər kəsin iştirak edə biləcəyi xalq oyunları nəzərdə tutulur. Buna görə də “oyun” anlayışının sərhəd­lə­ri­nin müəyyənləşdirilməsi çox vacib məsələdir. Xalq oyunlarını mərasim, ayin, teatr, tama­şa anlayışları ilə eyniləşdirən tədqi­qatçılarından fərqli olaraq qeyd etmək lazımdır ki, bu anla­yış­lar­dan hər birinin özünə­məx­sus, səciyyəvi xüsusiyyətləri vardır.

Xalq oyunlarının ritual-kult sferası ilə qarşılıqlı əlaqə­si ibtidai cəmiyyətdə formalaşmışdır. Konkret sosial şəraitdə, ilkin olaraq lokal mühitdə yaranıb inkişaf edən xalq oyun­ları zaman keçdikcə tipoloji əlamətləri ilə yanaşı, eyni zamanda etnik özünə­məxsus­luq da qazanır. Bu zaman xalq oyunlarında müxtəlif arxaik se­mantik və funksional əlaqə­lər və münasi­bət­lərin izləri qalır. “Oyunlar birdən-birə, çox asanlıqla dəyiş­mir. Xalq oyunları fol­klor və etnodüşüncəyə məxsus digər folklor vahidlərindən fərq­li olaraq, daha mühafizəkardır. İctimai inkişafın ilkin çağlarında quruluşuna görə sadə olan oyunlar inkişaf edərək müəyyən tarixi şəraitdə xalq dramla­rına çevrilə bilirsə, pozulub degenrasiyaya uğradığı zaman idman oyunu və rəqs şəklini alır. Elə oyunlar da vardır ki, onlarda ritual-ayin, mərasim qatı oyunla, teatrla iç-içədir. Oyun olan hadisə eyni baxış bucağı altında həm mərasim adlana, həm də teatr elementləri daşıya bilir. Mərasim özlüyündə hələ bütöv olaraq, oyun deyildir. Mərasim ritual­dan gələn sak­rallığı itirdikcə, onda oyun elementləri güclənir. Ritual mərasimlə bağlı olduqca, onun teatrdan öncə oyuna çevrilmək imkanı məhduddur və yalnız mərasim icra edilən zaman onun tərkibində oyun elementləri iştirak edə və ya ifadə oluna bilər” (1, s. 8-9).

Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəni­yətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə də rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyun­ları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanla­rımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərində, me­muar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamlarının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə təsadüf edilir (2, s.10-11).

Mərasim kon­tekstində, müxtəlif ayin və etiqadlarla yanaşı meydana gələn xalq oyunları sonralar isə ovçuluq əkinçilik, maldarlıq və s. bağlı silsilə oyun­lar yaranmışdır. Dünyanın ən qə­dim elmi qaynaqlarında türk dilində işlənən “oyun”, “ayin” sözlərinə rast gəlinir. “Oyun” sözü bu günümüzə transfer olun­duq­da “tamaşa”, ”ayin” sözü isə “mərasim”, “ritual” anlamına gə­lir. Azərbaycan xalqının kulturoloji düşüncəsində xüsusi yeri olan oyun – tamaşa mədəniyyətinin bir çox erkən modelləri ağız ədəbiyyatı ənənələri çevrəsində yaranıb inkişaf etmişdir. Oyun uzun müddət etnoqrafiya ilə bağlı hesab edildiyindən onun xalq ədəbiyyatındakı yeri və mövqeyi tədqiqatlardan kənarda qalmış, bir sıra hallarda isə o, tamaşa mədəniyyəti ünsürlərini yaşadan nümunələrdən hesab edilmişdir.

Xalq oyunları, onların toplanılması, öyrənilməsi və tədqiqi Azərbaycanda diqqət mərkəzində olmuşdur. O, geniş tədqiqat obyekti olmasa da, müxtəlif vaxtlarda xalq oyunla­rının toplan­ması, nəşri və tədqiqinə təşəbbüslər olmuşdur. Azərbaycan xalq oyunları barədə məlumatlar bizə, bir sıra əski mənbələrdə gəlib çatmışdır. Xalq oyunları haqqında ilk və ən mükəmməl məlumat Mahmud Kaşğarinin “Divanul-lüğətit-türk” əsərində öz əksini tapmışdır. “Divanul-lüğətit-türk”də oyunlar barədə müəyyən etnoqrafik məlumatlarla yanaşı, xalq arasında yayılmış “Təpik”, “Ötüş”, “Buynuz-buynuz”, “Ötüş”, “Çərpələng”, “Munquz-mun­quz”, “Qaraqu­nı”, “Əbə-əbə”, “Köç” və s. oyunlar barədə və onların özünəməxsus xüsusiyyətləri haqqında ilk məlumatlar veril­miş­dir (3, s. 386; 4, s.243).

Xalq uşaq folklorunun toplanılması və öyrənilməsi tarixi çox da qədim deyil. Amma əlbəttə ki, xalq yaradıcı­lığının bu sahəsi­nin yeni olması səbəbindən irəli gəlmir. Xalq yaradıcılığı xalqı təşkil edən müxtəlif sferaların, cins və yaş qruplarının, sosial tə­bə­qələrin, yerləşmə sahəsinin və s. bu kimi xüsusiy­yətlərin bütün spesifikasını özündə əks etdirir. Bu baxımdan uşaq folkloru da xalq yaradıcılığının bir sahəsi kimi mövcuddur və onun bütün atributları folklorun ümumnəzəri məsələləri kontekstində aydın­laş­dırılmalıdır.

Azərbaycan xalq oyunlarının öyrənilməsi sahəsində müxtəlif illərdə xeyli iş görülmüşdür. Ayrı-ayrı oyunlar müxtəlif tədqi­qatçılar tərəfindən toplanılmış, nəşr edilmiş, onlar haqqında bir çox tədqiqatlar aparılmışdır. Türk xalq oyunları da Azərbaycan tədqiqatçılarının diqqətindən yayın­mamış, xalq oyunlarına isti­nadən dəyərli mülahizələr irəli sürmüşlər. Milli oyunlarımızın ilk toplanma və nəşri isə XIX əsrdə SMOMPK məcmuəsi, “Kavkaz” və başqa mətbuat səhifə­lərin­də həyata keçmişdir. Xalq oyunları görkəmli ədiblərin, o cümlədən, F.Köçərli, H.Sarabski, Y.V.Çə­mən­zəminli, Ə.Haqverdiyev, M.Arif, M.Allahverdiyev və b. əsərlərin­də də öz əksini tapmış və onların bir şox nümunələri oxuculara çatdırılmışdır.

XIX əsrin dövrü mətbuatında, xüsusilə “Kavkaz” qəzeti və SMOMPK məcmuəsində, Azərbaycan xalq oyunlarının maraqlı nümunələri çap edilmişdir. Sonralar isə bu ənənə davam etdirimiş F.Köçərli, Y.V.Çəmənzəminli, Ə.Haqver­diyev, S.Rəhimov yeri gəldikcə xalq oyunlarını toplulara daxil etmiş, öz bədii əsərlə­rində onların dəyərli nümunə­lərindən istifadə etmişlər. Xalq oyun­ları barədə M.Arifin, Ə.Sultanlının, C.Cəfərovun, M.Allah­verdiyevin dəyərli müla­hi­zələri vardır. M.Arif “Azərbaycanda xalq teatrı” əsərində xalq teatrının yaranmasında oyunların rolunu yüksək qiymətləndirir və onları təsnif edir (5, s.50).

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyalılar–M.Ş.Vazeh, M.Mahmudbəyov, S.Ə.Şirvani, A.Şaiq, F.Köçərli və başqaları uşaq folkloru adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bəzilə­rini dərsliklərə daxil etmiş və təbliğ etmişlər. Bu dərsliklərə ən yaxşı nümunə isə F. Köçərlinin 1912-ci ildə çap etdirdiyi “Balalara hədiyyə” kitabı olmuşdur. Bu kitaba bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir.

Azərbaycan xalq oyunlarının, xalq uşaq oyunlarının öyrə­nilmə və araşdırılma tarixi o qədər də qədim deyildir. Bu sahədə M.Allahverdiyev, E.As­lanov, T.Fərzəliyev, M.Dadaş­za­də, A.Nə­biyev və başqaları xalq oyunlarının genezisi və onların yayılma arealları ilə bağlı geniş tədqiqatlar aparmış, dəyərli mülahizələr irəli sürmüşlər. Azərbaycanda əsas folklor araşdır­maları XX əsrin əvvəllərində başlamışdır. M.Ş.Vazeh, M.Mahmudbəyov, S.Ə.Şir­vani, A.Şaiq, H.Zədabi, B.Hüseynli və F.Köçərli kimi xalqın milli-mənəvi dəyərlərinə böyük əhəmiyyət verən şəxslər bu sahədə öz töhfələrini vermişlər. Uşaq folklorunun araşdırılması da XIX əsrin sonu XX əsrin əvvəllərində başlamışdır. 1905-ci ildən sonra nəşr olunmağa başlayan “Məktəb”, “Babayi – Əmir”, “Dəbistan”, “Rəhbər” kimi jurnallarda uşaq folkloru nümunələri nəşr olunmuşdur. Adı çəkilən mətbu orqanlarda xüsusilə tap­ma­ca, uşaq oyunları, acıtmaca, yanıltmac, düzgülər kimi folklor nü­munələri çap olunmağa başlamışdı.

Azərbaycan oyun nümunələrinin nəşrində H.Sarabski­nin xü­susi əməyi olmuşdur. XX əsrin əvvəllərində Bakı və Bakıətrafı regionda yayılan bir çox oyunlar: ”Tağı külah, Nağı sər”, ”Habudu getdi, Şabudu gəldi”, ”Usta-şəyird”, ”Al bunu”, “Yol­daş səni kim apardı?”, “Qundaq-qundaq”, ”Cu­mu­­ruq-cumuruq”, “Beş-on beş” və s. kimi xalq uşaq oyunları məhz H.Sarabskinin xidməti sayəsində yazıya alınıb çap edilmişdir (6, s.50-59). Azər­baycan xalq oyunlarının toplanıl­ma və öyrənilməsində E.Aslano­vun (7, s.275), T.Fərzəliyevin (8, s.83-811), M. A. Dadaşzadənin (9, s.243), S.Axundovanın (10, s.54), H. Ağayevin (11, s.63), T.Səlimov-Şağaninin (12, s.3-40), A.Nəbiyevin (13, s.49-50) və başqalarının xidmətləri də boyük olmuşdur. Azər­baycan xalq oyunlarının öyrənilməsi sahəsində son illərdə başqa araşdırmalar da aparılmışdır. Tədqiqatçı Ələs Qasımovun xalq oyunlarını müxtəlif istiqamətlərdə araşdırması, təsnif etməsi də diqqəti cəlb edir (14, s.62). Xalq oyunların bu səpgili geniş tədqiqat obyekti olması onunla bağlı daha geniş və ətraflı tədqiqatlara ehtiyac olduğunu göstərir.

Oyun etnosun həyatında baş verən ilk kulturoloji hadi­sə­dir (15, s.351). Bu sahədə aparılan tədqiqatlardan məlum olur ki, xalq oyunlarının yaranma və inkişafının ilkin mərhə­lə­si rəqslərlə bağlı olmuşdur. Belə ki, ilk yaranan xalq oyun­la­rını ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb müs­tə­qil şəkildə götürmək mümkün deyildir. Çünki onlar rəqslər daxilində sintetik xarakter daşımış, rəqs və oyun ünsürlərinin ayrılmaz sinkretizmini ya­ratmışdır. Bu isə ayrılmaz, parça­lan­maz bir struktur olub, bir sıra hallarda ünsiyyət və ya infor­ma­siya xarakteri daşıyır. Qayalar və digər daş kitabələr üzə­rindəki rəqslərdə etnosların erkən həyat və məişət tərzinin müxtəlif cəhətləri heç bir folklor janrında mühafizə edilmə­yən etnoqrafik materialı ifadə edir. Həkk edilən rəqslər dü­şüncə tərzini böyük mühafizəkarlıqla ifadə edir. Lakin həmin oyunların “oxunması” – deşifrovkası heç də həmişə uğurlu olmur. Bu da təbiidir. Ulu əcdadlar ibtidai dövrdən təkamülə keçid ərəfəsində xaotik rəqslərdən məna ifadə edən sadə və primitiv rəqslərə doğru inkişaf etmişlər. Dünya daş kitabə rəsmlə­rinin deşifrovkasında vəhşilik dövrü­nün sonu, şüurlu dərketmənin ərəfəsi dövrünün rəqsləri, onla­rın struktur sistemi hələ açılmamış və ya qismən öyrə­nil­mə­mişdir. Öyrənilən budur ki, həmin rəqslər ibtidai, az xətli sistem­lərə söykənirdi, xətti hərəkətlərin isə erkən düşüncədə eti­qad, yaxud onun başlanğıcını ifadə edən parametrlə­ri möv­cud idi.

Rəqslərlə müşahidə olunan oyunlara bədii elementlər əlavə edildikcə oyunların rəqslərdən ayrılması prosesi başla­mışdır. Oyunların sonrakı mərhələsi isə müxtəlif görüş və eti­qadların, baxış və ənənələrin oyunlarda əks olunma mərhələsi kimi nəzərə çarpmağa başlayır. Zaman keçdikcə müxtəlif gö­rüş və etiqadlar, təfəkkür və əxlaq tərzləri, ayrı-ayrı epoxa­ların rəngarəng məişət həyatı xalq oyunlarında bu və ya digər formalarda əks edildi. Xalq oyunlarında qorunub bizə çatan inam və etiqadlarda, erkən təsəvvürlərdə həmin dövrün məişət həyatının bir anı, bir lövhəsi, xalq etiqadının mühüm bir xüsusiyyəti əks olunur ki, onun da vasitəsilə müəyyən epoxa­nın ictimai səciyyəsini müəyyənləş­dirmək olur.

Xalqımızın bizə gəlib çatmış ən qədim oyunları rəqsdaxili oyunlardır. Bu oyunlar daş kitabələrə həkk edilən rəqslər daxilində və bu gün xalq arasında yaşamaqda olan müxtəlif milli rəqslərin kollektiv ifa variantlarında özünü göstərir. Rəqslər daxilindəki bu oyunları müstəqil xalq oyunu hesab etmək olmaz. Tək fərdin rəqsi ilə başlanan ritmik sistemdə birdən-birə müxtəlif fərdlərin ifa məcmusu özünü göstərir, rəqsdə oyun elementləri artır, adi rəqs hərəkətləri qeyri-müəyyən sayda artır, oyun elementləri çoxalır (16, s.135).

Etiqad və ayinlərin icrası zamanı nəzərə çarpan az hərəkətli rəqslər və müxtəlif tip yallılar buna misal ola bilər. Rəqsdaxili oyunlarda oyun elementi kiçik, ünsür, detaldır. Rəqs hərəkətləri tərkibindədir, onun müəyyən mərhələsində bu elementlər birləşib rəqsin tərkibində oyun modeli yaradır. Bu oyunlar ancaq müxtəlif istiqamətli hərəkətlərə və coşğun ritmə əsaslanır. Xoş əhvali-ruhiyyə doğurur, ritmik sistemin pozulmaz ahəngini yaradır. Ən qədim rəqs tipləri kimi yallılardan sonra döyüş və savaş rəqslə­rində, marşlarda, cəngi və döyüş cəngilərində nəzərə çarpır. Rəqsda­xili oyunlar sırası pozulmayan uzun ömürlüdür.

Zaman keçdikcə rəqsdaxili oyunlarda rəqs və oyun parça­lan­ma­ları baş verdikdə belə bu tipli rəqslər sonradan müxtəlif ha­va­lar adı altında milli yaddaşda və rəqs ifaçılığında yaşamaqda da­vam edir. Xalq oyunlarının elə tipləri vardır ki, onlar sırf əyləncə x­arakteri daşıyır, boş vaxtlarda vaxtı şən və mənalı keçirməyə xid­mət edir.

1   ...   10   11   12   13   14   15   16   17   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə