AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu nigar həSƏnova yevlax şİVƏLƏRİNİn leksikasi




Yüklə 1.65 Mb.
səhifə7/9
tarix09.03.2016
ölçüsü1.65 Mb.
1   2   3   4   5   6   7   8   9

3.3. Sinonimlər
Sinonimlər leksik kateqoriya olmaqla yanaşı, həm də se­man­tik üslubi ka­teqoriyadır. Azərbaycan dilində olduğu kimi, onun şivələrində də fonetik tər­kibcə müxtəlif, məna və məz­munca bir-birinə yaxın olan leksik vahidlər – sino­nimlər geniş yayılmışdır. Sinonimlər fikrin dəqiq ifadə edilməsində mühüm rol oynayır, dildə eyni sözlərin təkrarına yol vermir. Sino­nim­lə­rin tədqiqi ayrı-ayrı dövrlərin dilini öyrənmək və o dilin mü­na­si­bət­də olduğu xalqların və yerli dialektlərin leksik tərkibinə daxil olan eyni mənalı sözün sonrakı inkişafını, möv­qeyini təyin et­mək baxımından əhəmiyyətlidir.Sinonim sözlərdən istifadə de­yil­miş sözün mənasını dəqiqləşdirmək məq­sədi daşıyır. Bu za­man nitqin təsirliliyi və rəngarəngliyi daha da artmış olur.

Deməli, sinonimin dildə yaşaması üçün əsas amil onun spe­sifik mənası və üslubi rəngarənglik yaratmaq vəzifəsinə ma­lik olmasıdır. Hər bir sinonimin mə­nası eyni sinonimik cərgədə du­ran sözlərin bir-biri ilə əvəz edildiyi zaman aş­kara çıxır. Məhz bu­na görə də sinonim sözləri təyin edərkən buradakı əsas və əla­və mənaları meydana çıxarmaq mühüm məsələdir (79, 118).

Azərbaycan dilinin şivələri sinonimlərlə zəngindir. Şi­və­lə­rin lüğət tər­ki­bin­də elə rəngarəng sinonim cərgələr mövcuddur ki, bəzən fikrin dəqiq ifadəsi üçün ədəbi dildə belə sözlərə təsa­düf olunmur. «Sinonim cərgəyə daxil olan hər bir sinonim sözün mə­na çaları və üslubi rənginə görə nitqdə istifadə məqamı var­dır. Özü də heç bir sinonimin yerinə işlənmir» (33, 32).

Sözlərin nitqdə tez-tez təkrarının aradan qaldırılması ba­xı­mın­dan çox əhə­miyyətli olan sinonimlər Yevlax şivələrinin lek­si­ka­sında geniş şə­kil­də iş­lənir. Azərbaycan ədəbi dilində sino­nim­lər müxtəlif nitq hissələri ilə ifadə edil­di­yin­dən Yevlax şivə­lə­rində də nitq hissələrinə görə bölgü əsas gö­tü­rül­müş­dür.

Onu da qeyd edək ki, sinonim təşkil edən sözlərin eyni nitq hissəsinə aid olması onu omonimlərdən fərqləndirən spe­si­fik xüsusiyyətidir.

Şivələrdə qeydə aldığımız sinonimlər arasında isim, sifət, feil­lərin sino­nim­liyi çoxluq təşkil edir.

a) İsimlə ifadə olunan sinonimlər. Yevlax şivələrində mü­şa­hidə edilən si­no­nimlərin çoxunu, demək olar ki, isimlə ifadə olu­nan sinonimlər təşkil edir. İsim­dən ibarət olan sinonimlərə əsa­sən məişətin, təsərrüfatın müxtəlif sahə­lə­rində rast gəldiyimiz əşya adlarını bildirən sözlərdə təsadüf edilir:

irəşmə (Əb.)//çandı (Əc.)//çatma (Qm.) – ip;

ciji-bajı (Qar.)//bajılıx (Quş.) – rəfiqə;

ciji (əks. şiv.)//nənə (Yev.) – ana;

dam (Gül.)//to:la (Gül.)//pəyə (əks. şiv.) – tövlə;

cınqır (Kol.)//hənirti (Qb.) – səs;

andır (əks. şiv.)//meras (Sal.)//so:xa (Köy.) – sahibsiz əşya (sa­hibi ölmüş);

boranı (əks. şiv.)//kədi (Yev.)//qavax – balqabaq;

keçiməməsi (Yev.)//keçiəmcəyi (Əc.) – üzüm növü;

zılx (əks. şiv.)//pazı (Dəl.) – çuğundur;

seyvan (Bəyd., Qm.)//artıma (Yev.) – eyvan;

gilanar (əks. şiv.)//turş gilas (Əc.)//dəli gilas//bəhli (A.Qar.) – albalı;

hünü//ağcaqənət (Əc.)//ditdili (büt. şiv.) – ağcaqanad;

sürütmə//şəpit (Yev.) //çəkənət (Yev.) //çəkələx1 (Ək.) – hə­yətdə geyilən yüngül ayaqqabı;

çiyə (büt. şiv.)//xama (Yev.) – çiy südün üzü;

idim (əks. şiv.)//suyum (əks. şiv.) – görkəm;

kürdü (Qğ.)//cəfgən (Qm.) – qolsuz qadın geyimi;

qıyqaş (Quş.)//çitmə (Nem.)//çalma (büt. şiv.) – çitdən baş yay­lığı;

lehmə (büt. şiv.)//lıqqa (Yev.)//batdax (Ağ.)//çamur (Gül.) – pal­çıq;

qıxmıx (A.Buc.)//qamqalax (Yev.) – odun qırıntısı;

mafar (A.Sal.)//macal (əks. şiv.)//girəvə (Qğ.) – fürsət;

yeznə (büt. şiv.)//göy– bacının əri;

yeznə (əks. şiv.)//göy (A.Qar.)//kürəkən – qızın əri;

puçal (Yev.)//xəkə (Dəl., Kol.)– çayın cecəsi;

pasax (Mb.)//qarama (Nur., Əc.) – çirk;

şaraf (Y.Qar.)//nardaşa (əks.şiv.) – narşərab;

şəltə (Qb.)//fırıldax (S.) – hiylə;

çəm (Mb.)//yol-yolağa (Mb.) – üsul, qayda.

Misallar: – Cijim incənə gəljehdi (A.Qar.), – Qoyunnarı özüm aparıf da­ma qatmışam (Əc.), – Payın batdağ olsun (qar­ğış), – Ha­va isinəli uşağın qaravatın seyvana çıxartmışam (Yev.), – Dit­di­lidən qolumda isdahat qalmıyıf (Yev.), – Də:n şə­pit­dərin qon­şu­dan taykeş gəlif (Qm.), – Pişmiş pi­şi­rəndə başıma qıy­qaş bağ­lı­yı­ram (Qar.), – Havax sən də iş tutmağın çəmin bi­leyhsən1? (Gül.)

b) Sifətlərlə ifadə edilən sinonimlər. Yevlax şivələrində si­fət­lərdən ibarət olan sinonimlər daha çox əşyanın əlamətini, in­sa­na xas olan xüsusiyyəti və baş­qa cəhətləri aydınlaşdırır:

cılxa (Sal.)//süm (Y.Qar.)//teyxa (büt. şiv.) – tamam, bü­tün;

tuğ(Yev.)//qəlbi (Yev., Mb., Qb., C.) – hündür;

lodur (Yev.)//müsdər (Yev.)//o:sal (Əc.)//ərincəx1 (Yev.) – tən­bəl;

boylu (büt. şiv.)//ağırəyax//xaşalqarın (Yev.) – hamilə;

zəvzəx1 (Mb.)//zircix1 (Yev.)//yanşax (Mb.) – çox danışan;

dakqa (A.Qar.)//lobbaz (Qm.)//dəbbə (Qar.)//kətda (Qar.)//fors­du (əks. şiv.)//yekəxana (əks. şiv.) – lovğa, tə­kəb­bür­lü;

düşüx1 (Əc.)//bambılı (Əc.)//dingiş (S.)//doydax – yüngül xa­siyyətli;

bədrəx1 (Əc.)//ağır irəx1 (Yev.) – qara rəng;

sısqa//çələf (Bəyd.)//cılız (Yev.)//çəlimsiz (əks. şiv.) – arıq;

küt (A.Qar.)//pampax (Yev.) – aciz;

boz (Tq.)//ləçər (Yev.)//çərhaya (Tq.)//türx1man (A.Qar.) – hə­yasız;

bicoy (Qb.)//bijvər (Yev.)//bijərtdəx1 (Yev.)//cürəmirə­tdəx1 (Yev.) – hiyləgər;

lijim (Mb.)//şulum (Mb.)//şalax//dəmşalax (Qm.)// su­yum­suz (Qğ.) – səliqəsiz;

Neftçala şivələrində şulum «qapı gəzən, çox qonşu gəzən» adama deyirlər: qapılar şulumu.

sital (Hs.)//əlləməyağ (Yev.)//dişdələx1siz (Tq.) –nadinc;

neyvət//əyrimçə (Yev.) – çirkin;

say-seçmə (Mb.)//savatdı (Yev.)//ləyaxlı (Yev.) – layiqli;

şil (Ək.)//müsdər (Hs.) – şikəst;

tuj (əks. şiv.)//şirəli (Yev.) – emallı;

töməl (Yev.)//törə (Yen.)//yapalax (Qm.)//tösü//tısmarax (Y.Sal.) – gö­dəkboylu;

tiyə (Kol., Köy)//yelapardı (Bəyd.) – nazik;

hüşdürüm//huşdurum (Bəyd.)//korafəhim (Yen.) – huşsuz, yaddaşsız;

donux (Qm.)//karsala (Qm.) – key;

gij (əks. şiv.)//səyvənd//səydəş (Qar.) – gic;

vayıs (Hs.)//qulğuna (Yev.) – araqarışdıran;

qırduz (əks. şiv.)//nəməko (büt.şiv.) – duzlu;

hələmbört (Yev.)//nənəmnehrə (Ağ., Mey.) – kök.

dıpbılı (C.)//dınqılı (Nem.)//çıqqılı (Yev.) – kiçik;

süləngi (Yen.)//sümsüx1 (Yev.) – bir yerdə oturmayıb qapı-qapı gəzən adam.

Misallar: – Dərmanı qəlbi yerə qoy, uşa:ın əlnə tüşməsin1 (Y.Qar.), – Dü­şüx1 adamnan mə:m aram yoxdu (Əc.), – Elə küt uşax­dı, Sabirin bö:x1 gədəsi (A.Qar.), – Təpimməsəm, elə şu­lum pal-paltarnan da gəzəjehdi (Y.Qar.), – Şil qalasan (qarğış), – Belə qırduz yeməy an­cax sə:n əlinnən cıxajehdi (A.Qar.), – Boy­lu adamsan1, sa: çox iş görməy ol­maz (Yev.); – Gəlin də:n ağı­rəyaxdı (C.).



Boy sözü bir sıra müasir türk dillərində «insan boyu», «uzun­­luq» və s. mə­naları ilə yanaşı, «bədən» mənasını da bil­di­rir (157, c.2, 177). Qədim türk dillərində həmin mənada bod sö­zü qey­də alınmışdır (132, 106). Yüklü sözünə isə «Dədə Qorqud ki­ta­bı»nda rast gəlirik: Ala gözlü görklü həlalım yüklü qo­dum (69, 97).

Qax rayonu şivələrində «hamilə» mənasında quman sözü işlənir (92, 294).

c) Feillərlə ifadə edilən sinonimlər. Yevlax şivələrində feil­lərlə ifadə edilən sinonimlər nisbətən çoxluq təşkil edir. Bu­ra­da sinonim cərgə yaradan feillər hal-hərəkət, vəziyyət və s. mə­nalar bildirir:

qəzilləməx1//to:lamax (Yen., Qm.)//al-dilə tutmax (Mb., Qb., Kol.) – al­dat­maq, yoldan çıxarmaq;

boğuşmax (əks. şiv.)//tutaşmax (əks. şiv.)//çəntələşməx1 (C.) – dalaşmaq;

bağrı yarılmax (əks. şiv.)//ürəyi gupbuldamax (Nem.)//ürəyi qopbax (büt. şiv.) – qorxmaq;

aşırmax (Əb.)//boğmalammax//dələmurtdamax (S.)//lum­bul­datmax (əks. şiv.) – yemək;

sozalmax//iynələməx1 (Əc.)//əhnəzdəməx1 (Nem.) – zəif­lə­mək;

gözəməx1 (Yev.)//təfçiməx1 (Ək.)//çitəməx1 (əks. şiv.) – tik­mək;

tolamazdamax (Yev.)//qolazdamax (Ək.) – tullamaq;

əndərməx1 (büt. şiv.)//helləməx1 (büt. şiv.)//şolamax (əks. şiv.)//calamax (Y.Buc.) – tökmək;

barramax (əks. şiv.)//kiflənməx1 (büt. şiv.) – xarab olmaq;

öcəşməx1 (Hs.)//iyəşməx1 (Boş.) – iki və ya bir neçə ada­mın işi görmək əvə­zinə çəkişməsi;

Öçəş sözü M.Kaşğarinin lüğətində «yarış» mənasında qey­də alınmışdır: «ol məninq birlə öcəşdi=o mənimlə öcəşdi, bir şeydə yarışdı» (63, c.1, 131).

davrımax (A.Qar.)//təntiməx1 (Qm.)//gahgir olmax (Yev.) – özünü itir­mək, çaşıb qalmaq;

dümələmməx1 (Yev.)//midiləmməx1 (Hav.) – asta tər­pən­mək;

əkəliy eləməx1 (Qm.)//yekəliy eləməx1 (əks. şiv.) – bö­yük­lük etmək;

hörtdətməx1 (büt. şiv.)//gillətməx1 (əks. şiv.) – içmək;

lə:liməx1 (Yev.)//ləloy olmax (Qb.) – yalvarmaq;

mısmax (Qb.)//kiriməx1 (Hür.) – susmaq;

pırtdanağı çıxmax (Tq.)//xurt-xəşil olmax (Tq., Kol., Duz.) – əzil­mək;

dümsüx1ləməx1 (büt. şiv.)//him eləməx1 (Hs., Köy., Hav.)//sızdırmax (Bal.)//çı­tızdırmax (Bal.) – işarə etmək;

bürüşməx1 (Mb.)//domuşmax (Qm.) – çömbəlib oturmaq;

ürcah olmax (Qm.)//tuş gəlməx1 (Qar., Hav., C.) – rast­laş­maq;

çul tüşməx1 (A.Qar.)//zeh yerə qoymax (Qar.) – yorulub əl­dən düşmək;

durulamax (büt. şiv.)//carramax (Qm.) – suya çəkmək;

tıncıxmax (Qar.)//nəfəsi daralmax (Tq.) – havası çat­ma­maq;

püsəx1ləməx1 (Yev., Nem., Yəd.)//cisginnəməx1 (büt. şiv.) – (na­rın yağış) yağmaq.

Misallar: – Qız gün-günnən sozalır (Hür.), – Peşmansan1 bi­ri­­nə bir söz də:sən1, öcəşəjəx1lər (Yev.), – Nədi, gənə gahgir oluf qal­­­­mısan1 (Qm.), – Belə is­dininki ayrandı, gillət getsin (Y.Qar.), – Bir isdikan çaydan ötrü ləloy olmuşam (Yev.), – Hə­ləm pü­səx1liyir, bərkitməsə, yaxşıdı (Yen.), – Bəyax him elə­dim, də:n ba­­­­­şa tüşmədin1 (V.).

ç) Zərflərlə ifadə edilən sinonimlər. Yevlax şivələrində zərf­lərdən ibarət olan sinonimlər az müşahidə edilsə də, nə­zər­dən keçirmək maraqlı olar:

beyqəfil (əks. şiv.)//şırp (büt. şiv.) – qəflətən;

yanpörtü (A.Buc.)//köndələn (Əc.) – çəpəki;

öyün (Y.Qar.)//öyrəli (A.Qar.) – o gün;

s­avertə (Qm.)//obaşdan (Hür., V.)//obaşdannan (Yəd.)//er­kən­nən (Hür., Hs.) – erkən;

əlüsdü (Yev.)//əlbəhəl (Köv.) – o dəqiqə, o saat;

qa­vaxcan (Ək., Yen.)//sifdə (Ək., Yen.)//sifdədən (Gül.) – əvvəl, əvvəlcə;

tığ (Yev.)//xeylax (Yev.)//ərəsət (Yev.) – çox, xeyli.

d) Əvəzliklərlə izah edilən sinonimlər.

Nə təhər (Qm.)//nə töür (Yev.)//hancarı (A.Qar.) – necə.

Hancarı sözü qançaru//qancəri formasında «necə, nə cür» mə­­nalarında «Əh­məd Hərami dastanı»nda işlənmişdir: Başıma bir zaval gəldi nedəyin, Bil­mə­zim ki, qancaru gedəyin; Dedi: bun­lar əgər bizdən olaydı, Bu vaxtın qancəri sey­ran qılaydı (86, 40).

Yevlax şivələrində işlənən sinonim sözləri iki qrupa böl­mək olar:

1) Dilimizin daxili inkişaf qanunları əsasında şivələrdə əmə­lə gələn sino­nim­lər;

2) Alınma sözlər vasitəsilə əmələ gələn sinonimlər.

Birinci qrupa aid olanlar özü də iki yerə ayrılır: 1. leksik si­no­nimlər; 2. frazeoloji sinonimlər.

Leksik sinonimlər üç qrupa bölünür:

a) Şivələrə aid sözlərdən ibarət sinonimlər. Belə sinonim­lər­­də şivə sözləri lü­ğət tərkibinin əsasını təşkil edir. Məsələn: göy//yeznə – kürəkən; bo­ğuş­max//tutaşmax – dalaşmaq; müs­dər//o:sal – tənbəl; lobbaz//dakqa – lovğa; zəv­zəx1//yanşax – çox­da­­­nışan; şulum//şalax – suyumsuz; çəm//yol-yolağa – üsul.

b) Ədəbi dildə işlənən sözlə şivələrdə işlənən sözlərdən iba­­rət sinonimlər. Belə sinonimlər ədəbi dildə sinonimi olmayan söz­­­lərin sinonimlərini aşkara çı­xa­rır. Məsələn, pazı – çuğundur; çi­­yə – xama; silli – vərəm və s.

c) Dialektlərarası sinonimlər. Bu qrup sinonimlər şivə dairə­sində sinonim əmələ gətirməsə də, eyni məfhumları ifadə edə­­rək dilimizin başqa şivə­lə­rin­də işlənən sözlərlə sinonim təş­kil edir. Məsələn, keçiməməsi (Yev­lax)//iri­şi­baba (Naxçıvan) (13, 209) – üzüm növü; qırçı (Yevlax)//semarrığ (Maştağa) (115, 145) – xə­sis; tolamazdamax (Yevlax)//salomoylamax (Bol­nisi) (28, c.2, 42) – atmaq, tullamaq; so:xa (Yevlax)//merət (To­vuz) – mi­ras; hayta (Yev­lax)//mor (Neftçala) – hirs.



Frazeoloji sinonimlər iki qrupa bölünür:

a) həqiqi mənalı sözlə idiomdan ibarət sinonimlər: anna­ma­max – başı çıx­­mamax; işdərin qutarmax – başı açılmax; dö­züm­lü – döydümölməz; oyna­max – sındırmax; az-çox pul qa­zam­max – çax-çux eləməx1.

b) idiomatik ifadələrdən ibarət sinonimlər: valı dəyişməx1 – sö­zü çön­dər­məx1; dolammax – yola getməx1; toy tutmax – aşı­nı pişiməx1; qulağ elə­məx1 – pul qopartmax; saymamax – vejinə almamax.

Alınma sözlərin vasitəsilə əmələ gələn sinonimlər. Bir qrup dilçilər alın­ma sözlərin (keçdiyi dildə) sinonim yaratması fik­rini qəbul etməsələr də, N.Məm­mədov, A.Axundov (84, 185), A.Qur­ba­nov (76, 308-309), B.T.Abdul­layev (2, 75-82) və baş­qa­la­rı bu fik­ri müdafiə edirlər.

Ədəbi dilimizdə olduğu kimi, şivələrimizdə də alınma söz­lər milli söz­lə­ri­mizlə qarşılıqlı işlənərək sinonim əmələ gətirir: – Na­­nəcif züryətdən Allah saxlasın adamı (Yev.).

Burada işlənən züryət sözü ərəb dilində «övlad, oğul-uşaq» mənasında işlənir (16, 85).

– Qapıya kilit vuruluf, özdəri də irayona gediflər (Nem.).



Kıfıl sözünün sinonimi olan kilit yunan sözü olub (143, 339), eyni mə­nada işlənir. Onu da qeyd edək ki, bu söz kirit şək­lin­də M.Kaşğarinin lüğətində qey­də alınmışdır (63, c.1, 364).

Sinonim əmələ gətirən sözlərin quruluşca növləri.

Yevlax şivələrinin leksikasında işlənən sinonim sözləri qu­ru­­lu­şuna görə aşağıdakı qruplara bölmək olar:

1. Sadə sözlərdən ibarət sinonimlər: ciji//nənə – ana; dam//to:la//pəyə – tövlə; zılx//pazı – çuğundur; çiyə//xama – çiy sü­dün üzü; bərk//göy – xəsis; kə­di//boranı – balqabaq; yeznə//göy – kürəkən.

2. Düzəltmə sözlərdən ibarət sinonimlər. Sinonim sözlərin ək­səriyyəti mor­foloji üsulla düzəlir. Belə sinonimlərə aşa­ğıda­kı­la­rı misal göstərə bilərik: irəş­mə//çatma – ip; çitmə//çalma – baş ör­tü­yü; yüx1lü//boylu – hamilə; sa­vat­dı//ləyaxlı – layiqli; su­yum­suz//lijimsiz – səliqəsiz; pa­sax//qarama – çirk; dümə­ləm­məx1//mi­diləmməx1 – asta tərpənmək; bi­coy//bijvər – hiy­lə­gər; do­nux//karsala – key; carramax// durulamax – suya çək­mək.

3. Mürəkkəb sözlərdən ibarət sinonimlər: huş­du­rum//ko­rafəhim – huşsuz; keçiməməsi//keçiəmcəyi – üzüm nö­vü; çul tüş­məx1//zeh yerə qoymaq – yo­rul­maq; tuş gəl­məx1//ürcah olmax – rastlaşmaq.

4. Biri sadə, digəri düzəltmə sözlərdən ibarət sinonimlər: şə­pit//sürütmə – yün­gül ev ayaqqabısı; seyvan//artıma – balkon, cın­qır//hənirti – səs; ça­mur//batdax – palçıq; bajılıx//ciji-bajı – rə­fiqə.

5. Biri sadə, digəri mürəkkəb sözlərdən ibarət sinonimlər: hü­nü//ağ­ca­qənət – ağcaqanad; tiyə//yelapardı – nazik; çəm//yol-yo­lağa – üsul, qayda.

6. Biri düzəltmə, digəri mürəkkəb sözlərdən ibarət si­no­nim­lər: ka­lan//əliqalın – varlı; qəzilləməx1//al-dilə tutmax – al­dat­­maq, dümsüx1lə­məx1//him eləməx1 – işarə etmək.

Kalan sözü düzəltmə, əliqalın sözü mürəkkəbdir. Kalan sö­zü fars dilində «sərmayə, dövlət» mənasında işlənən kala sözü ilə -n sözdüzəldici şə­kil­çi­nin birləşməsindən əmələ gəlmişdir.

Yevlax şivələrində müşahidə edilən sinonim sözləri əha­li­nin məi­şə­ti və məşğuliyyəti ilə əlaqədar olaraq aşağıdakı məna qrup­larına ayırmaq olar:

1. İnsanların daxili keyfiyyəti ilə əlaqədar olan sinonimlər: qır­­çı//zəllə – xəsis; lobbaz//dəbbə – özündənrazı; bambılı//dingiş – yüngül xasiyyətli; lə­çər//çər­haya – həyasız; küt//pampax – aciz.

2. İnsanların xarici görünüşü ilə əlaqədar olan sinonimlər: dı­­­zıx//nə­nəm­nehrə – yekəpər; törə//tösmərəx1 – gödəkboylu; ney­vət//əyrimçə – çirkin; şu­lum//dəm­şalax – görkəmsiz.

3. Geyim adları ilə əlaqədar olan sinonimlər: çalma//qıyqaş – baş örtüyü; cəfgən//kürdü – qadın geyimi; şəpit//çəkələx1 – yün­gül ev ayaqqabısı.

4. Meyvə tərəvəz adları ilə əlaqədar sinonimlər: keçi­mə­mə­si//keçəmcəyi – üzüm növü; turş bəhli//gilanar – albalı; pazı//zılx – çuğundur.


3.4. Antonimlər
Məna və şəkil etibarı ilə fərqlənən söz qruplarından biri də an­­to­nim­lər­dir. Sinonimlər kimi, antonimlər də dilin ən qüvvətli ifa­­də vasitələrindən olub, fikrin emosional, obrazlı ifadəsində mü­hüm rol oynayır. R.Mə­hər­rəmova qeyd edir ki, antonimlər zidd mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mə­na­nın, eyni anlayışın müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir (78, 117). «Real varlıqla, maddi və mənəvi aləm­­lə bağlı ziddiyyətlərin ifadəsi dildə çox zaman antonim qar­şı­laşdırma yolu ilə üzə çıxarılır» (33, 65).

Antonimlər zidd cəhətlərin qarşılaşdırılması nəticəsində ya­randığı üçün sırf semasiologiya bəhsi ilə bağlı bir kateqoriya he­sab edilə bilər.

Ədəbi dildə olduğu kimi, Yevlax şivələrində də antonimlər xü­susi yer tu­tur və onlar müxtəlif üsullarla əmələ gəlir. Bu ba­xım­dan, Yevlax şivələri lek­si­ka­sında rast gəlinən antonimləri əmə­lə gəlməsinə görə aşağıdakı qruplara böl­mək olar: leksik an­to­nimlər; morfoloji antonimlər; tərkibi anto­nim­lər.

Leksik antonimlər yalnız məna (semantik) əsasında əmələ gə­lən antonimlərdir. Onları aşağıdakı qruplara bölmək olar:

a) Yalnız şivə sözlərindən ibarət antonimlər: nəməko (Əb.) (duzlu) – şit (duzsuz); töməl (Yen.) (alçaqboylu) – dəvədaylağı (Xal.) (ucaboylu); sısqa (Xal.) (arıq) – nənəmnehrə (kök), dingiş (Xan.) (yün­gülxasiyyətli) – ağırtaxda (Xal.) (ağırtəbiətli), dırnaxlı (qoçaq, cəld) – lodur (Yev.) (tənbəl).

b) Biri şivəyə, digəri ədəbi dilə məxsus olan sözlərdən iba­rət antonimlər. Yevlax şivələrinin leksikasında bir sıra antonim söz­lər müşahidə edilir ki, onları təşkil edən sözlərdən biri şi­və­yə, digəri isə ədəbi dilə məxsus olan söz­lər­dən əmələ gəlir. Mə­sə­lən, peydərpey (dalbadal) – aramnan; kəmçix1 (əks. şiv.) (əs­kik) – artıx; ləj tüşməx1 (əks. şiv.) (dalaşmaq) – barışmax; karlı (döv­lət­li) – kasıf.

Leksik antonim əmələ gətirən sözlərin quruluşca növləri. Leksik an­to­nim­lər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə antonimlər yalnız kök sözlərdən ibarət olur: lejan – qıt, erkəx1 – tişi.

Misallar: – Həyətdərində tut lejanıydı (S.); – Bi:l mer-mey­və qıt oldu (C.); – Erkəx1 kəsiflərsə al, tişi əti biz heş vaxd al­mırıx (Yev.).



Düzəltmə antonimlər müx­tə­lif kök və şəkilçilərdən ibarət olur: avırrı (Xan., Əb.) (həyalı) – avırsız (Xan.) (hə­yasız); lə­yax­lı (əks. şiv.) (layiqli) – layıxsız//ləyaxsız (S.) (layiqsiz).

Misallar: – Çox avırrı adamdı Məsmə (Xan.); – Heylə avır­sız adamnan gə­­rəx1 özünü gözdüyəsən (Əb.). – Yaman lə­yax­sız iş tutdu Qurvan (Mb.); – Qı­za ləyaxlı bayramlıx gətidilər (Mb.).



Mürəkkəb antonimlər. Belə antonimlərin hər iki tərəfi mü­rəkkəb söz­lər­dən olur: filürəx1li (C.) (igid, qorxmaz) – qu­şü­rəx1li (əks. şiv.) – qorxaq; savax-savax (əks. şiv.) (səhər tezdən) – qa­rannıx qarışan (Xan.) (axşam düşən vaxt).

Misallar: – Şahsənəm filürəx1li arvatdı (Xal.); – Belə də qu­şürəx1li uşağ olar? (Xan.); – Savax-savax qapın1ız bərtdən dö­yü­lür­dü (Yev.); – Qarannıx qa­rışan vaxdı gəlif südü aparajaxlar (Yev.).



Morfoloji antonimlər. Yevlax şivələrində bir sıra antonim söz­­lərə rast gəlinir ki, onlar morfoloji üsulla, yəni eyni köklü söz­lərə inkarlıq şə­kil­çisi artırılması vasitəsilə düzəlir. Bu üsulla dü­zəlmiş sözlərin antonim olub-olma­ması məsələsində dilçi alim­lərimiz arasında fikir ayrılığı var.

Belə ki, «Müxtəsər dilçilik lüğəti»ndə inkar şəkilçiləri ilə dü­­zələn sözlər an­tonim hesab edilir (95, 9). S.Cəfərov isə bu cür söz­­ləri antonim hesab etmir, məsələyə leksik cəhətdən ya­na­şa­raq gös­tərir ki, bu morfoloji an­to­­nimlik üslubi, şərti səciyyə da­şı­yır və lek­sik vahid kimi lüğət tərkibində qeydə alın­mır və sö­zün məz­mu­nunda müvəqqəti antonimlik yaradır, üslubi səciyyə da­­­şıyır, in­kar şəkilçiləri düşən kimi sözdə inkarlıq da itir (23, 42).

R.Məhərrəmova isə tamamilə əks fikirdədir: «…Bir halda ki, qram­matik vasitələr, şəkilçilər sözlərdə zidd mənalar əmələ gə­tirir, ümu­miy­yətlə, antonimlərə verilən təriflərdə bu cəhət xü­su­silə nəzərə çatdırılır, onda nə üçün şəkilçilər vasitəsilə zidd mə­nalar əmələ gətirən eyni köklü sözləri tam ol­ma­sa da, nisbi an­tonimlər hesab etməyək?» (78, 120-121)

T.Əfəndiyeva da bu məsələyə münasibətini bildirərək, bu cür sözlərin «şər­ti antonim kimi qəbul olunması» ilə razılaşır (33, 148).

Bu fikirlərə şərik olaraq, araşdırdığımız şivələrdə daha çox mü­­şahidə edi­lən morfoloji antonimləri qeydə aldıq. Məsələn, ur­vat­dı – urvatsız; ləyaxlı – lə­yaxsız; avırrı – avırsız; kərəmətdi – kə­rə­mətsiz.

3. Tərkibi antonimlər. Yalnız ayrı-ayrı sözlər deyil, bəzən ey­ni bir sözün da­şıdığı mənalar da öz aralarında antonim ola bi­lir. Bu qrup antonimlər tər­kibi antonimlər hesab edilir. Məsələn, ya­man sözü «yaxşı» və «pis» mənalarını ifa­də edir: – Gəlini Naz­dı:n halna yaman yanır (Yev.); – Qaçay həməşə sə:n1 hak­qın­da yaman danışıf (Yev.).
3.5. Frazeologiya
Frazeologiya yunanca phrasis (ifadə) və loqos (təlim) söz­lə­rinin birləş­mə­­sindən əmələ gəlmişdir.

«Dildə mövcud olan sabit söz birləşmələri, əsas etibarilə qeyri-sabit, da­ha doğrusu, qrammatik birləşmələrin əsasında əmə­­­­lə gə­lir.

Qrammatik birləşmənin özü və ya onun tərkibində olan söz­lər məcazi mə­naya keçərək mütəhərrikliyini itirdikdə sözlər ara­­sın­da əlaqə və münasi­bət­lər yaradan vasitələr donuq bir hala gə­lir və o bir məfhumu ifadə edən sabit söz birləşməsinə çev­ri­lir…» (23, 99).

Frazeologiyanın dilçiliyin bir şöbəsi kimi for­ma­laş­ma­sın­da V.V.Vi­noqradovun böyük xidmətləri vardır. Frazeoloji va­hid­lərin düzgün təs­nif edil­məsində, onların dərin elmi təhlilinin ve­rilməsində V.V.Vinoqradov xü­su­­si iş­lər görmüşdür. O, rus di­li materialları əsasında frazeoloji vahidlərin təs­ni­fini ver­mişdir ki, həmin bölgü bu gün də əhəmiyyətini itirməmişdir (158, 56-57).

Azərbaycan dilinin frazeoloji materialının təhlili göstərir ki, dilimizdə V.V.Vinoqradovun bölgüsünə uyğun gələn va­hid­lər vardır. Düzdür, bütün fra­zeo­loji vahidlər bu təsnifə uyğun gəl­mir. Bu da, təbii olaraq, dilimizin milli xü­su­siyyətləri ilə bağ­lı­dır.

Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat ob­yek­tin­dən bəhs edən müəllifləri iki qrupa bölürlər: 1. ümumiyyətlə, hər han­sı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını fra­zeologiya hesab edənlər; 2. dildə hazır şə­kildə olan söz bir­ləş­mə­lərinin hamısını deyil, onlardan nitq və ya dil va­hid­lə­ri­nə ek­vi­valent olub, komponentləri məna və quruluşca parçalanmayan qis­mini fra­zeologiya adlandıranlar. Dilçilikdə bunlardan bi­rin­ci­si «geniş mə­nada fra­zeo­­logiya», ikincisi «dar mənada fra­zeolo­gi­ya» adlandırılır.

Azərbaycan dilçiliyində ədəbi dilimizin frazeologiyasına dair bir sıra əsər və məqalələr yazılmışdır. Bu məsələ ilə bağlı ilk dəfə M.Hüseynzadə təşəbbüs göstərərək «Müasir Azər­bay­can dili» kitabında (1954) «frazeologiya» bölməsi ayırmışdır. Ə.Də­mirçizadə «Azərbaycan dilinin üslubiyyatı» kitabında (30, 168) «idiomlar, yaxud idiomatik ifadələr» başlığı ilə frazeoloji bir­ləşmələri üs­lubi cəhətdən tədqiq etmişdir. Y.Seyidov söz bir­ləş­mələrinin təsnifi problemlərindən bəhs edər­kən «Sərbəst və sa­bit birləşmələr məsələsi» adı altında frazeoloji bir­ləş­mə­lə­rə mü­nasibətini bildirmişdir (106, 145-160). S.Cəfərov sabit söz bir­ləşmələrini «istər öz semantikasına və is­tərsə də forma rən­ga­rəng­liyinə görə seçilən çox maraqlı bir kateqoriya» ad­lan­dır­mış və frazeologiyanın dilçilik elminin bir bölməsi olan lek­si­ko­lo­gi­ya­nın xü­susi bir bölməsi olduğunu qeyd etmişdir (23, 100).

Məlumdur ki, leksik vahidlər kimi, frazeoloji vahidlər də tək­mənalı və çoxmənalı olur. Bir mənalı frazeologizmlərə tək­mə­nalı, bir neçə mənalı fra­zeo­lo­gizmlərə çoxmənalı deyilir. N.Rə­­himzadə bir sıra frazeoloji vahidlərin çox­mə­nalı olmasının sə­bəbini belə izah edir: «Çoxmənalı ideomatik ifadələrin ya­ran­ma­sında çoxmənalı sözlər böyük rol oynayır. Məlumdur ki, so­nun­cular öz əsas mənaları ilə birlikdə həm də məcazi mənalar və mə­na çalarlıqları kəsb edir. Əsas mənalarla bağlı olan əlavə mə­na­lar müəyyən birləşmələrin daxilində qalır. Bunlar bu əlavə mə­naların böyük hissəsini əks etdirir (153, 13).

H.Bayramov frazeoloji vahidlərin cümlədəki sözlər və söz bir­ləşmələri ilə əlaqəsindən bəhs edərkən iki şəkildə əlaqə ol­du­ğu­nu göstərir: 1. Azərbaycan di­lindəki frazeoloji vahidlərin bir qis­mi təkmənalıdır; 2. dilimizdəki frazeoloji vahidlərin bir qis­mi­nin mənası mətndən asılı olub, onları əhatə edən başqa söz­lər­lə əlaqədə müəyyənləşir. Bu əlaqə iki cür olur: a) Bunların fra­zeolo­ji vahid sə­ciyyəsi daşıması ancaq mətndə müəyyənləşir; b) Azər­baycan dilindəki fra­zeo­loji vahidlərin cüzi hissəsi çox­mə­na­lı səciyyə daşıyır (18, 24-25).

A.Qurbanov «Müasir Azərbaycan dilinin frazeologiyası» ki­ta­bın­da (1963) Azərbaycan dilinin frazeoloji tərkibinin düzgün təd­qiqi üçün ən va­cib problemləri sadaladıqdan sonra yazır: «Bu prob­lemlərin dəqiq və dərin təd­qiq olunması üçün Azərbaycan fra­zeoloqlarının qarşısında hər şeydən əvvəl, di­limizin frazeoloji va­hidlərini toplamaq, onu lüğət şəklinə salmaq kimi mü­hüm və­zi­fə du­rur…Çünki bu, məsələnin elmi surətdə şərhinə kömək edə­­cək­dir (77, 5).

Qeyd edək ki, ədəbi dildə olduğu kimi, Yevlax şivələrində də xalis türk və Azərbaycan mənşəli frazeoloji vahidlərlə yanaşı, baş­qa dillərdən alınma fra­zeo­loji vahidlərə də rast gəlirik; mə­sə­lən: rola girməx1, vinti boşalmax, vintin bur­max, valı dəyişməx1, özün­nən Amerka kəşf eləməx1 və s.

Frazeoloji birləşmələrdən danışarkən onların bir xüsu­siyyə­tini də qeyd edək ki, bu birləşmələr başqa dilə olduğu kimi tər­cümə olunmur, əks halda mə­nasız gülünc ifadələr alınır; mə­sə­lən, gözə gəlmək – pridti v qlaz, öz gözündə tiri görmür, özgə gö­zündə qıl axtarır – v svaix qlazax ne videt brevna, a v çujix qlazax ihet volos və s. (23, 99).

S.Murtuzayev bu barədə yazır: «Ümumiyyətlə, dünya dil­lə­­rinin frazeo­lo­gi­yasına aid bir xüsusiyyət kimi, başqa dilə hər­fən tərcümə oluna bilməmək Azər­­baycan dilinə də aiddir» (93, 15).

M.İslamov ilk dəfə olaraq 1957-ci ildə çap etdirdiyi «Fra­zeo­loji bir­ləş­mə­lər» adlı məqaləsində Nuxa dialektində mü­şa­hi­də edilən frazeoloji bir­ləş­mə­ləri təhlil etmişdir (61, 127-140). M.Ço­banovun «Bolnisi rayonu şivələrinin lek­sikası» (1973) və B.Əh­mədovun «Azərbaycan dilinin Mingəçevir şivələri» (1965) əsər­lərindən başqa, digər şivələrə aid yazılmış tədqiqat əsər­lə­ri­nin lek­si­ka bölməsində frazeologiya sahəsinə toxunulmamışdır.

Dilçi alimlərimizin frazeoloji vahidlər haqqında fikirlərini nə­­zərdən ke­çir­dikdən sonra ümumi qənaətə gəldik ki, frazeoloji va­hidlər forma, məna, məz­mun cəhətdən tərkib hissələrinə ay­rıl­ma­­yan, eyni formada yalnız bir məna ifadə edən, başqa bir dilə tər­cümə olunmayan sabit söz birləşmələridir. Bu bir­ləş­mə­lə­rə idiom­lar, ibarələr, hikmətli sözlər, atalar sözləri və zərb-məsəllər aid­dir.

Ədəbi dilimizdə, eləcə də digər şivələrimizdə olduğu kimi, Yev­lax şi­və­lə­rin­də də özünəməxsus, hərfən başqa dilə tərcümə olun­mayan, sabit söz bir­ləş­mə­ləri geniş yayılmışdır.

Şivələrdə müşahidə etdiyimiz bir sıra sabit söz bir­ləş­mə­lə­ri­nə diqqət ye­ti­rək.

İdiomlar. İdiomlar frazeoloji vahidlərin geniş yayılmış növ­lərindən olub, bu və ya digər sözün məcazi məna ilə verilən si­no­nimi kimi özünü göstərir; mə­sə­lən, ağzıyırtıx (əks. şiv.) – sirr saxlaya bilməyən. – Ona söz deməy olmaz, ağzı­yırtığın bi­ri­di (Yen.); ağzın aramax (əks. şiv.) – fikrini öyrənmək. – Sən1 bir qı­zın ağzın ara, gör nə deyəjəx1 ? (Qarm.); gözü kəlləsinə çıx­max (əks. şiv.) – təəc­cüblənmək. – Təzə xəvəri eşitsən1 gözün1 kəllən1ə çıxar (A.Qar.).

Ədəbi dildə olduğu kimi, araşdırdığımız şivələrdə də idiom­ları iki qrupa böl­mək olar: 1. Sabit idiomlar; 2. Qeyri-sabit idiom­lar.



1. Sabit idiomlar. Sabit idiomlar forma və məzmunca də­yiş­­­məyən, sabit qa­lan frazeoloji vahidlərdir. Ə.Dəmirçizadə sa­bit idiomları üç qrupa bölmüşdür: a) idiomatik sözlər; b) idioma­tik ifadələr; c) idiomatik cümlələr (38, 168).

a) İdiomatik sözlər. Yevlax şivələrində müşahidə edilən idio­­matik sözlərə aşağıdakıları misal göstərə bilərik: dırnaxlı (ba­carıqlı) – Zöhrə çox dırnaxlıdı (Yen.); döydümölməz (da­vam­lı) – Bu yaman döydümölməz parçaymış (V.); dəy­mədüşər (ər­köyün) – Uşağı ta belə də dəymədüşər böyütməzdər axı (Mey.); baş­yiyən (ki­minsə ölümünə səbəb olan) – Başyiyən qızı başyiyən, az ağla tay (Yev.); zəhlətökən (bezdirən) – Elə zəh­lə­tö­­kən arvatdı, əlin­nən bilmirəm, ha­re:dim (Yev.); bərkgedən (var­­lı) – Ular bərk­ge­dən nəsildilər, mə:n ularnan nə alış-verişim (A.Sal.); isdiqannı (in­sanlara tez uyğunlaşan) – Özü dakqadısa da, uşaxları çox isdi­qannı­dılar (Y.Qar.).

Göründüyü kimi, bu sözlər öz müstəqim mənasını itirmək nə­ticəsində ya­ran­mışdır.

b) İdiomatik ifadələr. Bu cür ifadələr mürəkkəb feillər mə­ca­zi mənada iş­lən­dikdən sonra yaranır; məsələn, dalağı sanşmax (əks. şiv.) – bir şeyi hiss et­mək. – Elə o:n qırımınnan mə:m da­la­ğım sanşdı (Qm.); o:sanata tüşməx1 (əks. şiv.) – etdiyin yax­şı­lıq­ların əvəzində pis hadisədən qurtarmaq. – Gör ey, sa:llah, əlim­nən verdiyim tikə o:sanata tüşdü; zəhlə töx1məx1 (əks. şiv.) – bez­­dirmək. – Bu arvat böyün laf zəhləmizi töx1dü (A.Qar.).

Göründüyü kimi, bu ifadələr hissələrinə ayrılmır, əks təq­dir­də qeyd et­di­yi­miz mənanı verə bilməz. Elə idiomatik ifa­də­lə­rin əsas xüsusiyyəti də budur.

c) İdiomatik cümlələr: – Bu sözdəri qatda qoy palazın alt­da (əks. şiv.) – bu söhbətə bir də qayıdılmaması barədə; – Gə­zə­jəx1lər hələ, o küçə sə:n1, bu kü­çə mə:m (Yev.) – boş-boş, veyil-veyil gəzmək haqqında; – Bi:l ölmüsən1, bildir öl­­müsən1 (büt. şiv.) – nədənsə bərk qorxan adam haqqında; – Danışanda ağ­­zı­na çullu do:şan sığışmır (büt. şiv.) – özündən razı, yekə-ye­kə danışan adam haq­­qında; – Yağ ye:f, yaxada gəzir (büt. şiv.) – əziz tutulan, qayğısı çəkilən adam haqqında; – Üsdümü unnu gö­­rüf adımı dəyirmançı qoyur (əks. şiv) – gör­kəminə görə qiy­mət­ləndirilən adam haqqında; – Yumurtadan yun qırxır (əks. şiv.) – xəsis adam haqqında.

Misallardan görürük ki, idiomatik cümlələrin də idiomatik ifa­dələr ki­mi, parçalanması, bir sözün başqası ilə əvəz edilməsi qeyri-mümkündür.

Sabit idiomlar mənaca üç qrupa bölünür:

1) Omonim sabit idiomlar.

2) Sinonim sabit idiomlar.

3) Antonim sabit idiomlar.

Omonim sabit idiomlar. Məlum olduğu kimi, idiomların əsas xüsusiyyəti onların məcazi məna kəsb etməsidir. Elə omo­nim­ləşmə də sözlərin məcazi mə­na­da işləndiyi zaman yaranır. Yev­­lax şivələrində aşağıdakı omonim sabit idi­om­lara rast gə­li­nir:

Yer eləməx1 (əks. şiv.) – 1. pis təsir etmək. – Öyünkü say­ma­mazdığın1 ma: elə yer eliyif, özümə gələmmirəm (Yen.); 2. für­sətdən istifadə edib özünə şərait yaratmaq. – O elə girəvəçildi kin, gör özünə nətər yer elədi (Qm.).

Üz verməx1 (büt. şiv.) – 1. hadisə baş vermək. 2. xoş qar­şı­la­maq. – Ona üz verdinsə, gündə gələjəx1 (A.Qar.).

Ürəyi yanmax (əks. şiv.) – 1. susuzlamaq. – O sudan bir qav da ma: ver, ürə­yim yanır (Bal.); 2. halına acımaq, qayğısına qal­maq. – Bu tifillərə heş kəsin ürə­yi yammır (S.).

Ədəbi dildə olduğu kimi, şivələrdə də omonimləşmə xü­su­siyyəti sino­nim­ləşmə və antonimləşmə xüsusiyyətinə nisbətən zəifdir.



Sinonim sabit idiomlar. Müasir Azərbaycan dilində fra­zeo­­­loji vahidlərin mə­na növlərindən S.Cəfərov (23, 109-110), A.Qur­banov (77, 21-24), S.Mur­tu­za­yev (94, 34) və başqa dilçi alim­lə­ri­miz bəhs etmişlər.

Frazeoloji ifadə və idiomların sinonimliyi məsələsinə R.Mə­­hər­rəmova da toxunmuşdur: «…sözlə frazeoloji ifadələr, həm­çinin frazeoloji ifa­dələr, idiomlar bir-birinin sinonimi ola bi­lir. Bunlar fikrin obrazlı, daha sadə, həm də ironik şəkildə ifadə olun­masına xidmət edir» (78, 52).



Yevlax şivələrində aşağıdakı sinonim sabit idiomlara rast gə­linir: Dəridən-qavıxdan çıxmax – əldən-əyaxdan get­məx1 (ki­min üçünsə canfəşanlıq etmək); başına and içməx1 – pir deyif tut­max (kimisə əziz, müqəddəs tutmaq); aşını pişi­məx1 – tumar piş­məx1 – isdatmax – toy tutmax (cəzalandırmaq, döy­mək); ağ­zı­boş – ağzıyırtıx (sirr saxlaya bilməyən adam); üsdünə su ələm­məx1 – havası alımmax – hikgəsi yatmax (sakitləşmək); süt gö­lün­də üzməx1 – donuzu əy­siy olmax (varlanmaq, dövlətli ol­maq); başı:n altda yasdıx qoymax – suya qoy­max (arxayın ol­maq); tişi:n divinnən gələni deməx1 – dili:n altdan çıxanı de­məx1 (təhqir etmək); başı ayazımax – başı açılmax (işlərini qur­tar­­maq); hən­gama qopartmax – hikgəsinnən göyə dırmaşmax (dava-dalaş salmaq); öz başını yesin – havası öz başında çat­da­sın (ziyan özünə dəysin); üsul eləməx1 – üsul əx1məx1 (əzab-əziyyət vermək); ağzaçıx qalmax – ağzayrıx qalmax (təəc­cüb­lən­­­mək, heyrətlənmək); kitavı bağlammax – ağlı bir şey kəs­mə­məx1 (bir işin dü­zə­lə­cəyinə inanmamaq); çul tüşməx1 – götürüm tüş­­məx1 – kələyi kəsilməx1 (yo­rul­maq); tişin qıcamax – tişi ba­ğır­­­sağın kəsməx1 – çırtıx vursan qanı da­ğılmaq (bərk hirs­lən­mək); başdan çıxartmax – yoldan çıxartmax (aldadıb pis yola çək­­mək); yolun azmax – yolunnan çıxmax (pis yola düşmək); ətə­­yin dol­dumax – görüm-baxım eləməx1 (maddi kömək gös­tər­mək); ürəyi əyağı:n altda tüşməx1dəli dərdinə düşməx1 – ürəx1 qopbacasına tüşməx1 (qorxmaq); gö­nü­qalın – tör­pü­dəy­mə­miş (kobud); ağzı yava – ağzı heyvərə (kobud danışan).

Antonim sabit idiomlar. Araşdırdığımız şivələrdə bir-bi­ri­nə zidd olub, an­tonim idiomlar yaradan sabit birləşmələr də az de­yildir. Onlardan bir neçəsinə diqqət yetirək: süt gölündə üz­məx1 – qəpiyə güllə atmax (dövlətli olmaq – kasıb olmaq); bir dəri-bir sümüx1 qalmax – ətə-qana gəlməx1 (arıqlamaq – kö­kəl­mək); diliuzun – diligödəx1 (alnıaçıq – təqsirli); yola verməx1 – yola getməməx1 (dolandırmaq – dolandırmamaq); əli aşağı tüşməx1 – əli yuxarı olmax (pulu az olmaq – pulu çox olmaq); xə­­jə­lətdi qalmax – xəjələtinnən çıxmax (xəcalətli ol­maq – bor­cu­­nu qaytarmaq); ağzınnan bal tökülməx1 – ağzınnan şorva tö­kül­­məx1 (gözəl danışmaq – danışıq qabiliyyəti olmamaq); göz­də­ri qızmax – havası alım­max (əsəbiləşmək – sakitləşmək); dö­şü­nə yatmax – ağız-burun əyməx1 (bə­yənmək – bəyənməmək).

2. Qeyri-sabit idiomlar. Araşdırdığımız şivələrdə bir sıra idi­omlara rast gə­­linir ki, onların tərkibindəki sözün birini digəri ilə əvəz etmək olur. Həm­çi­nin belə sözlərin arasına əlavə söz də daxil etmək mümkündür. Belə frazeoloji bir­­ləş­mə­lər qeyri-sabit idiomlar adlanır. Onları aşağıdakı kimi qruplaşdıra bi­lə­rik:

a) Birləşmənin tərkibindəki sözlərdən birini başqa sözlə də­yişdirdikdə öz ilk mənasını saxlayan qeyri-sabit idiomlar: – Əx1bər o vaxdan bizə qədəm (əyax) basmır (Qm.) – «gedib-gəl­mə­mək» mənasında; – O elə nanəcifdi kin, əlin­nən hər iş gələr (Qm.) – «pis işlər görə bilən insan» haqqında.

b) Birləşmənin tərkibindəki sözlərin arasına başqa bir söz ar­tırdıqda eyni mə­nanı daşıyan qeyri-sabit idiomlar: – Gördüyü iş­dən utammaxdan, xə­jə­lət­dəm­məx1dən, deyir kin, əlimnən (əli­min için­nən) gəlir (A.Sal.) – «düz etmişəm» mə­nasında; – Qof­da­nı görüf ağız (ağız-burun) əydi (A.Sal.) – «bəyənməmək» mə­na­sında.

c) Birləşmənin tərkibindəki sözlərin yerini dəyişdirdikdə ey­ni məna da­şı­yan qeyri-sabit idiomlar: – İrağ heyləsinnən, qoz qı­rır başında öydəkilərin (A.Qar.); – Dayan gəlim, pişiyin dır­maş­dıraram ağaca, onda tanıyar məni (Yev.).

Burada birinci cümlədəki başında qoz qırmax (hör­mət­siz­lik et­mək, hə­ya­sız­lıq etmək) frazeoloji vahidindəki başında sözü ikin­­ci sıraya, qoz qırmaq sözü bi­rinci sıraya; ikinci cümlədəki pi­şi­­yini ağaca dırmaşdımax (hədə-qorxu gəl­mək) frazeoloji va­hi­din­dəki ağaca sözü ikinci sıraya, dırmaşdımax sözü birinci sı­ra­ya ke­çirilmişdir.

Göründüyü kimi, sabit idiomlarda forma və məna sabit qa­lır. Qeyri-sabit idiomlarda isə forma dəyişir, məna sabit qalır.



İbarələr. Birləşməni təşkil edən sözlərin müəyyən hissə­si­nin məcazi, digər hissəsinin isə həqiqi mənada işlənməsi nəti­cə­sin­də yaranan obrazlı birləşmələr iba­rə adlanır. İbarələrin tər­ki­bin­də olan sözlərin biri digərini qüvvətləndirmək məq­sədi daşı­yır. Daha çox bədii dildə işlədilməsinə baxmayaraq, danışıq di­lin­də təsadüf edilən ibarələr də az deyildir.

Yevlax şivələrində müşahidə etdiyimiz ibarələr aşa­ğı­da­kı­lar­­­dır: canın1 haq­qı, sənnən çıxmaz iş, canım sa: desin, qadan1 alım, qurvanolum, ma: görə nə qullux.



Atalar sözü zərb-məsəllər. Bunlar şifahi xalq ədə­biy­ya­tı­­nın janrlarıdır. Bu sözlər zaman keçdikcə öz mənşəyindən uzaq­­laşmış həqiqi mənasını tamamilə itirmişdir. S.Cəfərov ata­lar sözü ilə zərb-mə­səl­lə­rin fərqini belə izah edir: «Zərb-məsəl­lər­­də atalar sözündən fərqli olaraq, fi­kir nisbətən daha tam şə­kil­də ifadə olunur və nəticə çıxarılır. Bundan başqa, zərb-mə­səllər müəy­yən hədəfi güdür, bu və ya digər şəxsin xüsusiyyətini gös­tər­­mək üçün işlədilir… (23, 117)

Yevlax şivələrində qeydə aldığımız bir sıra atalar sözlərinə diq­qət yetirək:

Axmax baş yə:sinə douz güddürər.

Su axıf çuxurun tapar.

Xanım sındıran qavın səsi çıxmaz.

Genə at ölüf, itdərin bayramıdı.

Kavav iyinə gəlif, görüv eşşəx1 dağlanır.

Gejə qonağı xeyirsiz olar.

Qazan dedi, divim qızıldı, çömçə dedi, gəzif gəlmişəm.

Adam ağzınnan söz, qazan altınnan köz.

Kürt nə bilir bayramı, hor-hor içir ayranı.

Aralığ atı, kor fatı.

Arax boğanı Kür də boğammaz.

Sahıfsız yol başa baladı.

Ayı qandı, kürt qammadı.

Aj adam yavannığ axdarmaz.

Arvat tutan yolun axırı yoxuşa qalxar.

Bir aj güləyən olar, bir də yalavaj.

Yara sağalası olsa, təbip qənşər gələr.

Elin1i hürküt, axsağınnan yapış.

Namus çəkənə hər şeydən bahadı, çəhmiyənə hər şeydən ucuz.

Dağarcıxda unum olsun, kol divində evim olsun, məclisdə ya­rım olsun.

Yevlax şivələrində qeydə aldığımız zərb-məsəllər sıra­sın­da: suyu dəh­nə­dən bulanıf; bir həsirdi, bir Məmmədnəsir; dəvəsi öl­müş ərəb; qaratikan ko­lu olmax; vəlleyldə qalmax və s. var.

Qeydə aldığımız frazeoloji birləşmələrə əsasən deyə bi­lə­rik ki, bu bir­ləş­mələr şivələrin leksikasının bir hissəsini təşkil edir və lüğət tərkibinin zən­gin­ləş­məsində mühüm rol oynayır.


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə