AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu nigar həSƏnova yevlax şİVƏLƏRİNİn leksikasi




Yüklə 1.65 Mb.
səhifə3/9
tarix09.03.2016
ölçüsü1.65 Mb.
1   2   3   4   5   6   7   8   9

Çöl heyvanları, quş və həşərat adları

Yevlax şivələrində qeydə aldığımız heyvan və quş ad­la­rı­nın əksəriyyəti ədəbi dillə eyniyyət təşkil edir.



1) Çöl heyvanlarının adları: tülkü, çak1qal, canavar, do:şan, kirpi.

2) Quş adları. Yevlax şivələrində təsadüf edilən quş ad­la­rı­nı iki cür qrup­laş­dırmaq olar: a) ev quşlarının adları: cüjə, tö­yux, Həşdərxan töyuğu, anaş töyux, qart töyüx, kürt töyüx, fərə (Kə­killi fərə çıxdı çəpərə. Hamı getdi ərə, mən qaldım fərə), su fərəsi, beçə, xoruz, xoruz beçə, hinduşqa, hinduşqa xoruzu, qaz (Ör­dəx1 qaz yerişi yeriməx1 istədi, öz yerişin çaşdı), ör­dəx1 (Ya­şıl­dı başın, ördəx1, Nə çəkif başın, ördəx1. Həmişə cüt gəzərdin, ha­nı yoldaşın, ördəx1?)

b) çöl quşlarının adları: hajleyləx1, gejə quşu//yarasa, ala sax­sa­ğan, qırğı, çalağan, sığırçın, bildirçin, hüt-hüt, alacəhrə, to­ra­ğay, tarla to­ra­ğayı, meşə torağayı, sərçə, dam sərçəsi, daş sər­çə­si, çöl sərçəsi, qaranquş, qar­ğa, ala qarğa (Ala qarğa çox­bil­miş­diyinnən duzağa tüşər), qa­r­a qarğa, bəyquş, quzğun, anqut, ala­baxda, kəx1lix1, zağ, qara zağ, birəbitdiyən.

Bəzi quş adlarının mənşəyinə diqqət edək:

Kəx1lix1– kəklik. Bu söz qədim türk lüğətində (132, 295) və M.Kaşğarinin lüğətində (63, c.1, 463) qeydə alınmışdır.

Şivələrdə dərman bitkisi olan kəx1lix1otu ifadəsi də işlənir.



Qarğa. Şivələrdə ala qarğa, qara qarğa, (Xal., Xan.) kət qar­ğası (Yen.), aran qarğası (A.Sal.) ifadələri işlədilir.

Bu quş adı da M.Kaşğarinin lüğətində qeydə alınmışdır: Kar­ğa kalı bilsə, munqın ol buz sukar, Awçı yaşıb tuzak, mənqə ba­kar (63, c.1, 420). «Də­də Qor­qud kitabı»nda da qarğa adına rast gəlinir: Baqsa görsə bir dərənin1 içinə qarğa-quzğun enər-çı­qar, qonar-qalqar (69, 38).



Qırğı. Qədim türk lüğətində bu söz qeydə alınmışdır (132, 446). İnsanda cəld­lik, qoçaqlıq kimi xüsusiyyətlər olduğu zaman adə­tən onu bu quşa bənzədirlər: – Arvad qırğı kimidi ha! (Yev.)

Töyux – toyuq. Bu quş adına M.Kaşğarinin lüğətində takuk fo­netik va­rian­tında rast gəlirik (63, c.2, 281).

Qaz. Şivələrdə məskəninə görə ev qazı, çöl qazı ifadələri iş­lədilir. Etimo­loji baxımdan bu sözün səs təqlidi yolu ilə əmələ gəldiyi ehtimal olunur.

Qaz sözü qədim türk lüğətində eyni şəkildə qeydə alın­mış­dır (132, 438, 439).

Ördəx1 – ördək. Yevlax şivələrində aşağıdakı ördək ad­la­rı­na təsadüf edi­lir: yaşılbaş ördəx1 (Yen.), çay ördəyi (Ək.), enni­bu­run ördəx1, qızılbaş ördəx1 (C.), alaja ördəx1 (Gül.).

Qədim türk lüğətində, bu söz ödirək, ördük şəklində qeydə alın­mışdır. M.Kaşğarinin lüğətində də bu ada təsadüf edirik: kaz kopsa, ör­dək kölig igənür = qaz getsə, ördək gölə yiyə çıxar (63, c.1, 166).



Anqut – qırmızı rəngli su quşu. M.Kaşğarinin lüğətində an­qıt fonetik va­rian­tında işlənərək, «qaza bənzər qızılı bir quş, fla­minqo» mənasında gös­təril­mişdir (63, c.1, 156). Bu sözə qə­dim türk lüğətində də rast gəlinir (132, 47). An­qu­tun boynu uzun olduğuna görə bəzən uzun, arıq adama da anqutboğaz de­yir­lər. Şi­vələrdə anqutu çıxmax (Qm.) ifadəsi tez-tez işlədilir və «arıq­lamaq» mənasını bildirir: – Belə uşağnan mən neynim, ye­mir, işmir, anqutu çıxıf (Qm.).

Bu söz qərb qrupu şivələrində «ördəyə oxşar quşun bir cin­si» anlamında qeydə alınmışdır. Məcazi mənada isə «arıq, zə­if, uzunboğaz», «çoxyeyən», «mat qalmaq» mənaları göstərilir: – An1qut balaja quşdu; – Boğazı uzun, arığ ada­ma an1qut de:rix1; – An1qut çoxyiən adama de:rix; – Mən ona söz de:rəm, o an1qut qalıf, cavaf vermer heç (11, 197). Bu söz Cücəkənd şi­və­sində «arıq, arıq­lamaq» mənasında işlənir. – Mən burda ol­ma­mı­şam, inəyin1 an1qutu çıxıf (75, 20). Oğuz şivələrində isə anqut «avam», «qanmaz» anlamında başa dü­şü­lür: – Sən özünü lap an­qut yerinə qoymusan (8, c.1, 16).



Göyərçin. Bu söz E.V.Sevortyanın lüğətində qeydə alın­mış­dır (157, c.3, 58). Ə.Dəmirçizadə qeyd edir ki, həmin söz qu­şun rənginə görə adlandırılmışdır (31, 66). Şivələrdə ağ göyərçin (Yen.), çöl göyərçini (Ək., Xal.) ifa­də­ləri işlənir.

Alabaxta//alabaxda – çöl göyərçininə bənzər quş. Xalq ina­mına görə, bu quşu vuran zərər çəkər. Xalq arasında belə bir mən­zumə də var: Alabax­dı­yam, alabaxda, Qanadım taxda-taxda. Kim məni öldürərsə, Qan qusar laxda-laxda.

3) Həşərat adlarını bildirən sözlər. Şivələrdə qeydə alınan hə­şərat ad­la­rın­dan xeyli hissəsi ədəbi dildə və digər şivələrdə ol­du­ğu kimidir. Həşərat ad­la­rına milçəx1//çivin, qara milçəx (Ay qa­ra milçəx, Balamnan əl çəx1. Balam na:dandı, Baş to:ladandı), gü­və//güə, boyə, göyün, hörümçəx1 (Hörümçəx1 xeyir xəvər gə­ti­rir; Uşax hörümçəx1dən can diliyir ki), soxul­can, qıl­quyrux, gə­nə, it gənəsi, at gənəsi, qılqurt, hünü, danatişi, xallı böcəx1, kə­­pə­nəx1, bit, ağcaqənət//ditdili, mığı, mığmığa, çərikgə//çəyirtgə, qırxəyax və s. mi­sal göstərə bilərik.


    1. Xalq təbabətinə aid sözlər

Yevlax şivələrində xalq təbabəti ilə əlaqədar bir sıra ter­min­lər işlənir. Bu terminləri insan və heyvan xəstəlikləri ilə əla­qə­dar olaraq iki qrupa ayırmaq olar. Lakin bəzi xəstəliklər həm in­sanda, həm də heyvanda müşahidə edilir. Be­­lə xəstəlik ad­la­rı­na qotur, qızdırma, pişməcə, partdama, sarılıx, sətəlcəm, zö­­kəm və s. misal göstərmək olar.

a) İnsan xəstəlikləri ilə bağlı sözlər: xora, inağ//inax, qa­ra­ya­ra (Dilinə qarayara çıxsın), dəmrov, qotur, ala (Ciyarına ala tüş­sün), çivan, çiçəx1//suçiçəyi (Gözəlağa gözəliydi, vurdu çi­çəx1 çıxartdı), uruf tutma, ürəx1getmə, çıxotqa (Yev.)//silli (Mb., Köv., Kol.)//vərəm (əks. şiv.) yatalax, qızılyel, yel//quluş, sancı, gö­bəx1tüşməsi, qə­bizdix1, titrətmə, isitmə, sarılıx, xəlyar, boğ­ma, qızılca (Laylay dedim ucadan, Səsim çıxsın bacadan. Tanrı sə­ni saxlasın, Boğmadan, qızılcadan).

Təbabətdə işlənən bəzi sözləri ayrılıqda nəzərdən keçirək:



Qarabasma (Nur., S.) – Öydə tək oturanda qarabasma tu­tur məni (Nur.).

Qarabasma termini qədim türk dillərində işlənmiş qara sö­zünün «pis», «zül­mət» mənalarından yaranmışdır (132, 423). Türk­­mən dilində də bu söz qeyd etdiyimiz mənada işlənir (161, 155).

Qaysax (əks. şiv.)//qərtməx1 (A.Buc., Nur.)//qartmax (Xan.) – yaranın üstünün qabığı. – Yaran1 qaysaxlıyıf (A.Buc.); – Qart­mağın yeri geyişir deyin qa­şıyıram (Xan.); – Yarası qərtməx1 bağlıyıf (Nur.); – Ağız, dedim axı qərt­məyi qurdalama (A.Buc.).

Qaysax sözü suvarılan yerin quruması zamanı da işlədilir. – Qartofun qay­sağın almasan1, yaxşı boy atmaz (Qm.).

Qədim türk dillərinə aid lüğətlərdə bu sözə rast gəlmədik. Sö­zün qay, qaş, qaz kökü həmin lüğətlərdə «qabıq» mənasında izah edilmişdir (132, 430, 439).



Qart sözü türk dillərində «qoca» mənasında işlənmişdir. Qə­­dim türk dil­lə­ri lüğətində «qarta», «qartal», «qartan», «qartla» ki­mi feillərin qart kökündən ya­­randığı və hamısının «ya­ra» mə­na­sında olduğu göstərilir (132, 430).

Təpitmə (Ək., A.Qar.) – məlhəm. – Əyağım sıyrılıf deyin tə­pitmə qoy­mu­şam (Ək.). – Əlbəhəl məhrabanı isdadıf təpitmə qoy­­dum (Yev.); – Əli yanan ağzına təpər.

«Dədə Qorqud kitabı»nda «qurumaq, suyu çəkilmək» mə­na­sında təp­sir­mək feilinə rast gəlirik: Böylə digəc Qaracıq çoba­nın1 acığı tutdu, todaqları təp­sir­di (69, 49). «Dədə Qorqud kita­bı»­nın izahlı lüğətində (71, 68) «səyrimək, hirs­­dən, acıqdan do­daq­ları əsmək, titrəmək» mənasında verilmiş bu söz müx­tə­lif şi­və­lərdə fərqli məna daşıyır: təpitmə «xingal bişirmək üçün ha­zır­lanmış la­vaş», təpməx1 «süddən kəsilmək, südünü qurutmaq» (19, 181).

A.Cəfərova bu sözü «bədənin çıxıq, sınıq yerinə qoyulan is­ti xəmir» mə­na­sında izah etmiş və terminin kökünün səs təq­li­di yolla əmələ gəldiyini göstər­­mişdir (24, 133).

Qədim türk dilləri lüğətində tep feilinin «təpikləmək» mə­na­sı qeyd olun­muşdur (132, 552). Türkmən dilində tebsiremek «su­suzlamaq» mənasında göstə­­rilmişdir (161, 624). Bizcə, təpi «hop­maq, özünə çəkmək» deməkdir. Mə­sə­lən, – Qoy yer təpisin (su­yu canına çəksin), so:ra gedərsiz (Yev.).

Bu söz qantəpər bitkisinin adında da qalmışdır; məsələn, – Qı­şa nə qədər qan­təpər yığıf qurutmuşam (Əb.).

Qarqara (S., Gül.)//qarğara (büt. şiv.) – boğaz xəstəliyi za­manı boğazı ya­­xalama prosesi. – Də:n boğazın gəlif, ço­van­yas­dığıynan qarğara elə (S.); – Bö­yüx1 adam döül kin, də:sən1 qar­­ğara elə (S.).

Ehtimal etmək olar ki, bu söz səs təqlidi yolu ilə ya­ran­mış­dır. Söz kökü olan qar feilinin digər türk dillərində də səs təqlidi olduğunu bəzi tədqiqatçılar qeyd etmişlər (139, 87). Qədim türk dil­ləri lüğətində isə qar feilinin «boğulma, bo­­ğazında şey qal­ma» mənası göstərilmişdir (132, 422).

b) Heyvan xəstəlikləri ilə bağlı sözlər: qaradalax (Yev.) (da­laq xəstəliyi adı), öfgə (Yev., Qğ.) (ağ ciyər xəstəliyinin adı), qa­­rayanıx (Qg., Y.Sal.) (iflic), ya­man (S., Y.Sal.) (qaramalda əmə­lə gələn bəd şiş), çiçəx1 (əks. şiv.) (səpki), dil­baş (A.Qar., S.) (dil­də əmələ gələn yara), davax (Qm. A.Sal) (qaramalda əmə­­lə gələn yara), şirə (Qm., Yev.) (dəri xəstəliyi), qeysər (Yev.) (atda əmələ gə­lən xəstəlik), manqoy (Qar., Qğ.) (so­yuq­dəymə), çər (büt. şiv.)//çərrəmə (əks. şiv.) (zərərverici yara), də­nə­tüşmə (büt. şiv.)//arpıyatüşmə (arpa, buğda ye­mək­­dən hey­van­da əmələ gələn xəstəlik), xirtdəx1 (Ək.,Yev., Yen.) (boğazda əmə­­lə gələn xəstəlik), qurdağzı (Yev., Yen., Ək.) (canavardan keçən xəstəlik adı), ala (Ək., Əc.) (atda yoluxucu xəstəlik), göycə, durax (Sal., Mb., Əc., Hav.) (sarılıq).


    1. Məişət leksikası

Məişət leksikası özünün rəngarəngliyi, zənginliyi ilə Azər­bay­can dilinin lüğət tərkibinin əsas hissələrindən birini təşkil edir. Bu leksika xalqımızın ya­ran­­dığı ilk gündən mövcuddur. Mə­işət lek­sikası dedikdə insanların hər gün iş­lət­­diyi ən vacib, ən la­zımlı əşyaların adlarını bildirən sözlər nəzərdə tutulur. Bu­­ra gün­dəlik hə­­yatda işlənən yemək, geyim, bəzək, ev əşyalarının ad­ları daxil­dir. Bu qrupa daxil olan sözlər xalqın həyat tərzi, ailə mü­nasibəti, düşüncəsi və s. cə­hət­ləri ilə bağlıdır. «Xalqın maddi və mənəvi ta­rixi ilə sıx bağlı olan, gün­də­lik işlətdiyi məişət söz­lə­ri dilin ta­rixi, sözlərin etimologiyası ilə əlaqədar bir sıra mə­sə­lə­lərin açıl­ması üçün lüğət tərkibinin mühüm qatlarından birini təş­kil edir» (79, 115). Azərbaycan dilçiliyində, o cümlədən dia­lekt və şivələ­rin öy­rənil­mə­sin­də məişət sözləri tədqiqata cəlb edil­mişdir (82; 104; 118). Bu əsərlərdə hər bir tədqiqatçı di­gə­ri­nə nisbətən məişət söz­lərini müxtəlif bölgüdə təqdim etmiş­dir. Yev­lax şivələrində qeydə aldığımız məişət sözlərini aşağıdakı ki­­mi qruplaşdırmaq olar:



1) Geyim, parça, zinət və bəzək əşyalarının adları. Məişə­tin bu sahəsi ilə əlaqədar olan sözlər çoxluq təşkil etdiyindən on­ları aşağıdakı kimi qrup­laş­dır­maq olar:

Qadın geyimlərinin adları: köynəx1 (əks. şiv.), can köy­nə­yi (A.Qar., S.), tuman (Qm., Qar.) (büzməli qadın yubkası: Uta­na­na utancağam, yaşmağım üzdən yuxarı. Utammaza utamma­zam, tumanım dizdən yuxarı), on iki taxdalıx tu­man (Ək., Əc.) (qo­ca arvadların geyindiyi qadın geyimi), arxalıx (Arxalığın ba­da­mı, Yoldan elər adamı), dejurka, don, qofda (əks. şiv.), cüt­ba­lax (Yen., Əc.) (qoca arvad geyimi), genbalax, diz­dix1 , cüpbə (Qar.), baldon.

Baş geyimləri: ləçəx1 (büt. şiv.), yaylıx (Qm., S.), çalma (C., Ək., Yen.), çitmə (Bəyd., Qm.), qıyqaş (Qm.), baş cunası (Qm., Qar., S.), şal (büt. şiv.), tir­mə şal (Yəd., Qb.), dingə (Yev., Ək.), kələğayı (büt. şiv.), şarf (Mb., Qm.).



Kişi geyimlərinin adları: arxalıx, kürk (əks. şiv.), cüpbə (To­yunda cırıx cüpbə, cırıx qaloşnan), gödəx1cə (A.Sal., Xal.), çu­xa (Xal., Xan.), yapıncı (Ək., Xal.), setrə (Yəd., A.Qar.), sur­toy (Surtoyu suda axıdıf).

İran mənşəli söz olan setrə «astarsız pencək» mənasında Şərq qrupu şi­vələrində də işlənir (111, 85).

Baş geyimləri: papax, börk (Arı bu şana gedər, Uçar ka­şana gedər. Qəriflix1də ölənin Börkü nişana gedər), motal papax, qa­ragül papax, buxara papax (Qm., Gül.), şiş papax (Bəyd., Qb.), araxçın (Mb., Bəyd.), şafqa (Mb., Qar.), panama (Yev.).

Ayaq geyimləri: çarıx (Çəhməlini çəh bəri, çarıxlıdan ay to:ba; İtdən çox çarıx yığan yoxdu, genə əyağıyalındı), quşburnu ça­rıx, bağlı çarıx, şişburun çarıx, qız­qay­taran, başmax (Baş­ma­ğı­­mı geyərsən, yerişimi yeriyə bilməzsən), çəhmə (büt. şiv.), bağ­lı coraf, şətəl (Mb., Yen.) (yun corab), patava (Yen., Xal.) (ip­­­likdən toxunulmuş ayaq geyimi), səndəl (S., İsm.), potux (İsm., Ək., Əc.), postal.



Parça adları: şal parça (əks. şiv.), yun parça (büt. şiv.), çit, sa­ya çit, bam­bazı, vilur (Qar., Qm.), drap (büt. şiv.), maxmər (Yəd.), gülmaxmər, zərmax­mər (Xal., Y.Sal.), zər-ziba, qaz-qaz (Yev., Qar.), qirbişin (S., İsm.), krisdalon (Mb.), xara (Qm., Qar.), zər-xara (Qm., Qar.), sətin (Nərm.), neylon (Yəd., Bəyd.), bom­bar­xat (Yev., S., Yəd.), atlaz (Bəyd., Mb.), bafda, kətan (Mb., Nərm., C.), qanouz (C., Mb), döydüm-ölməz (Mb.), alış­dım-yan­dım, deqanal.

Zinət əşyalarının adları:

Sırğa növləri: badamı sırğa (Yev., Yen.) (badam şəkilli sır­­ğa), gül sır­ğa, ay-ulduz sırğa (Yen., S.), silsiləli sırğa, təqqaş sır­ğa, yaqutqaş sırğa, zümrütqaş sırğa, si­ma­­for sırğa (A.Qar., Qm.) (üç qaşdan ibarət olur: almaz, zümrüd, yaqut).

Qeyd edək ki, Qax rayonunun İlisu şivəsində sırğa sö­zü­nün sinonimi olan tana işlədilir: Tanalı qızım, sonalı qızım.

Üzük növləri: yantar üzüx1//ballı üzüx1 (Yev.), safir üzüx1, gül üzüx1, pax­lava üzüx1 (Qm., Qar., C.), təqqaş üzüx1 (C., S., A.Buc.), səbət üzüx1 (A.Buc., C.).

Qolbaq növləri: sahat qolbağ (A.Sal., C.), pul-pul qolbağ (C., A.Qar.), şəbəkə qolbağı (A.Qar.), zincirri qolbağ (A.Qar.).

Digər zinət əşyalarının adları: gözmuncuğu, qızıl muncux, qı­zıl nal, hil, qı­zıl boyunbağı, mirvari boyunbağı, medalyon, qı­zıl sancax, qızıl düymə, zin­cirri sahat (kişilər üçün), qaşdı sahat, sil­silə.

Qeyd edək ki, Şəkidə hil sözünün sinonimi olaraq arpa iş­lə­dilir ki, bu da həmin boyunbağının arpa dənəsinə bənzəməsi ilə bağlıdır (107, 98).

Bəzək əşyalarının adları: sürmə, vəsmə, ənnix1, kirşan, xı­na, gülaf.



2) Ev əşyalarının adları. a) Yataqla bağlı sözlər: yorğan, dö­­şəx1, yasdıx (Yev., A.Sal.)//balış (əks. şiv.), nazbalış, qulax yas­dığı, mütəkgə//mitəkgə (Y.Qar., Mb.), döşəx1cə, sorux, mə­lə­fə, kəfrəm (Yen., Bəyd), mitil (əks. şiv.), taxt (Qızıldan taxdın olun­ca quruca baxdın olsun; Ana qızına taxt verər, ata oğluna baxt), taxdörtüyü, yüx1, yüx1 pərdəsi.

b) Ev avadanlığı adları: taxca (Taxcadan tüşdü, tap elədi, Gül­sənəm onu hap elədi; Biz-biz idix1, Otuz iki qız idix1. Əzildix1-büzüldüx1, Bit taxcıya düzüldüx1), sandıx (Qayçını at­dım sandığa cingildiyə-cingildiyə, Gəlir oğlan adamı dingildiyə-din­­gildiyə), dilo (Qar.), dilo pərdəsi, rəf (A.Qar.), ayna (Xal.)//güzgü (Güzgü sınanda uğursuzduğ olmasın deyə nə­zir çı­xal­lar), darax, davankeş.

c) Hamamda istifadə olunan əşyaların adları: savın, kisə, lə­yən, qul­fluca//parç//dolça (Axşam bir dolça suynan yuyulan sə­­hər bir səhəx1 suynan yuyulmaz), hamamdaşı, məh­rə­va//məhraba, qət­və//qədifə//can dəs­malı.

ç) Mətbəxdə istifadə olunan əşyaların adları: manqal, ma­şa, şiş, tuğ sü­pür­gə, şəlpə (döşəmə silmək üçün əski), xəkandaz, ko:ğa, dəsdərxan, təhnə (Təhnədə əpbəx1 qutarıf, vay qaranın ha­lına, Havıya bulut gəlifdi, vay sarının halına), ta­vax, sımavar, neh­rə, ətdöyən, balta//dəhrə (Ağaş yıxılmasın: baltalı da yü­yü­rür, baltasız da), bülöy daşı, ət taxdası//ət kötüyü.

d) Qab-qacaq adları: satıl, sərniş (Sən sütdü inəy ol, vur sərnişi sındır), səhəx1 (büt.şiv.), bardax (Təzə bardax suyu sərin sax­lıyar), ağzıgər, çöyjə//cöjə (Qar., Bəyd.), masqura (Bəyd., Xal., Xan.)//kasa (Yev., Mb.), döyrə (Mb., Köv., Bəyd.), lə­yən//ləyənçə, nimçə, quyruxlu (Bəyd., Qm.)//av­­gərdən, sənəx (Su sənəyi suda sınar), cürdəx1, bardax, mejmahı//mis sini (Gül., Yen., İsm.), qət­doğ­ruyan, qətdan, bulut, potunus, qazan (Şərix1li qa­zan gej qanıyar), sapılca (İsm., Gül., Bəyd.)//tava, piçax (Əli­mi pıçax kəsifdi, Dəsdə pıçax kəsifdi)//dəllə (Gül., Yen.), ox­loy//oxley, ələx1 (Ələhcən evi olanın xəlvircən qarğaşası olajax; Ələ­yə gələni ərə verir; Ələyi ələnif, xəlviri göydə fırranır), ərsin (Yəd., Bəyd.), dördəyax (büt. şiv.), saj (Haja gedən gəldi, saja gedən gəlmədi; Kasıvın sajı qızanda kündəsi qutarır), sajəyağı (Mb., Qar., S.), teşt (Neynirəm o qızıl teşti ki içinə qan qu­sa­jam), tiyan, tabax (Kasıf dedi, bir tabax xəmirimi it apardı, inam­ma­dılar. Varrı dedi, bir tabax xəmirimi it apardı, inandılar), hə­vəx1, həvəydəstə (Mb., İsm., C.), cam, çömçə (Qaşıx çöm­çə­dən böyüy oluf), çəlləx1 (Qb., Yen., A.Sal.)//duqu (Gül., Ək.), aş­süzən (İsm., C., Ək.), süzgəş, məcməyi (Qm., Qar., S., A.Sal.), mis məcməyi (Qar.), qə­fədan, çay­­dan, isdikan, nəlvəki//ləlvənki, ban­ka//ballon, cəvəran (Yev.) (sə­bət).

Sərniş sözü M.Kaşğarinin lüğətində sərniç şəklində «dəvə də­risindən düzəldilən su tuluğu, ağacdan oyulmuş qab» an­la­mın­da göstərilmişdir (63, c.1, 444).

Cürdəx1 sözü Şəki şivələrində cirdək şəklində tələffüz olu­nur və səhəng (sə­­nək) adlanan su qabı ilə, demək olar ki, eyni­ləş­dirilir. Lakin bəzi rayonlarda sə­həng sözü cürdək adlanan su qa­bından azacıq böyük olan su qabının adı kimi iş­lənir (31, 56-57). Şəkinin Göynük kəndində isə bu əşya çəp adlanır: – Çəpini gö­­­tür, süyə gidax.

Bardaq sözünün etimologiyası ilə bağlı Ə.Dəmirçizadə doğ­ru olaraq qeyd edir ki, türk dilində işlənən bor sözü ilə «qab» mənasında olan daq sö­zünün bir­ləşməsindən «mey qabı» mə­nasına müəyyən qab növü anlayışını ifa­də edən mürəkkəb bir ad kimi bordaq – bardaq sözü yaranmışdır (31, 54-56).



Duqqu sözü Qax rayonunun İlisu şivəsində daqa şəklində mü­şahidə olu­nur: – Qada, ho daqanı qotu, işmağa su gəti.

3) Çörək növləri və xörəklərlə bağlı sözlər. Süfrə mə­də­niyyəti hər bir ailə­nin mədəni səviyyəsini və onun yaşayış tər­zi­ni əks etdirir. Azərbaycanda hər re­gionun öz adət-ənənəsinə uy­ğun həyat tərzi, xörəkləri vardır. Hal-hazırda res­publikamızın bir böl­gəsində bişirilən elə xörəklər vardır ki, digər böl­gədəki in­san­la­ra tanış deyildir.

Məişət leksikasının əsas tərkib hissələrindən olan müxtəlif ye­mək adları şivələrdə daha çox qorunub saxlanılmışdır. Bu ad­la­rın araşdırılması xalqımızın məişət mədəniyyətinin qədimliyini üzə çıxarmaq baxımından faydalıdır. Eyni za­­manda, şivələrdə mü­­şahidə edilən müxtəlif fonetik, morfoloji və leksik va­riant­lar­da işlənən xörək adlarının toplanması, öyrənilməsi termin ya­ra­dı­cılığı üçün də əhəmiyyətlidir.

Yevlax şivələrində müşahidə edilən çörək və xörək ad­la­rı­nı aşağıdakı kimi qruplaşdırmaq olar:

Çörək növləri: çörəx1//əpbəx1 (İt əpbəyə, uşax mə­həbbə­tə), lavaş//yuxa (Xan özü toxdu, elə bilir, orduya bir yuxa çoxdu; Ya­vaş-yavaş, pendir lavaş), bayramçörəyi (Xan., Xal.), arpa çö­rə­yi (Qurulduyan qarına arpa çörəyi bəhanədi), buğda çörəyi (Buğ­da çörəyi:n buynuzu olar; Buğda çörəyin yoxdu, buğda di­lin olsun), fətir (Yen., C.), köm­­bə (C., S., Yev.), kökə (Yen., Xal.), pəpə (uşaq dilində), aşıtmalı çörəx1 (A.Sal., ABuc.)//yannama (Qar., Qm.), qatdama (A.Sal., Qm.), külçə//o:ma (Qm., Qar.), xamralı.

Çörək növlərinin doyumluluğu ilə bağlı Yevlaxda maraqlı bir xalq de­yi­mi də işlənir: Yuxa – yolda yıxa, Fətir – kəndə ye­tir, Xamralı xas – bağ­­rın1a bas.

Qədim türk lüğətində epmak//etmak (132, 175) və M.Kaş­ğa­rinin lüğə­tin­də əbək//əpmək//ətmək (63, c.1, 136, 164, 165) söz­ləri qeydə alınmışdır. Bu sözə eyni mənada Nəsiminin şeir­lə­rin­də də təsadüf olunur:

Kimün ki, oldu nəsibi əzəldə həqdən eşq,

Ana nə şərbətü məcun gərək, nə əppəgü aş.

Şirniyyat adları: şəkərbura, paxlava, qoğal, şor qoğal, şirin qo­ğal, halva (Halva, puloy yalandı, Ölüyə qalan Qurandı), quy­max (İş tərs gətirəndə quymax da diş çıxardır), südçörəyi, şi­rin­çörəx1, fəsəli, dəfdərqazı.

Xörək adları: süddüaş//süddaş (Süddü pilo: yaxşıdı, bir gün bizdə, bir gün sizdə), xəşil (Getmişdi xəvərə, otudu xəşilə; Xa­şıl da daşarmış), şoput (Qm., Yəd.)//ətsiz əriştə (Uzun-uzun dər­­vişdər, Axşam bizə gəlmişdər (ərişdə), xəngəl (Xingəl – atını min gəl), örişdə (xəngəlin üstə tökülür), təngov, qo­ur­ma (Qour­ma­nı gəlnim qoursun, qourğanı qızım qoursun), tısbağa qour­ma­sı (Qm.) (soğan, badımcan, pomi­dor­dan hazırlanan xörək), pört­dəmə (Xal., Xan.), həlimtöhməaşı, çovanaşı, şü­yüt­­ploy, boyanalı aş (Xal., C.), şamkavavı (Yəd., Bəyd.) (döyülmüş ətdən ta­vada bi­şirilən xörək), xankavavı (Bəyd.), kifdə, dolma (Dadammısan dol­muya, O da bir gün olmuya), döyğa (Yayma yaylağacan, Döy­ğa dok1qazacan), şa­lam­pır (Bəyd.), bozbaş (Xan., S.), bo­zart­ma (Bəyd., Yəd.), qiymə, qaysava (İtin axmaxlığıdı, qay­sa­va­­dan pay umar), buğ­­la­ma, umac (Özünə umac ovammır, öz­gü­yə ərişdə kəsir), soyutma (S., C., Nərm.), kəlləpaça (büt. şiv.)//başəyax (əks. şiv.), cırdala (Qm.).

Qeydə aldığımız bəzi xörək adlarını ayrıca olaraq nə­zər­dən keçirək:



Qourma (Mb., Ək., Əc.) – qovurma. Arxaik xörək ad­la­rın­dan biridir. Bu sözün ən qədim şəkli kaqurmaq feilidir. Ka­vur­ma feilini türklər əvvəllər kakur­maq və kaqurur formasında iş­lət­mişlər (88, 32).

V.Radlovun lüğətində bu termin kavurdak – kavurma (154, c.2(1), 471-472) şəklində qeydə alınmışdır. Burada kaurtaç sö­zünün «qovrulmuş buğda», ya­­xud «arpa» mənası da göstərilir (154, c.2, 52).

«Dədə Qorqud kitabı»nda qovurma termini qaurma şək­lin­də işlənmişdir: Qara qaurma edib, qırq bəg qızına ilətün1 (70, 47).

Bu söz qırğız dilinin dialektlərində kuurmaq//kuurma va­riant­larında mü­şa­hidə edilir.

Azərbaycan dilinin şivələrində bu adın qavurma (140, 27), qa­vırma (47), qourma (100, 418), qö:yrma (68, 255) va­riant­la­rı­na rast gəlinir.

Qiymə//qıyma (büt. şiv.) – qiymə. Yevlax şivələrində bu söz Azərbaycan di­linin izahlı lüğətində (10, c.1, 497) gös­tə­ril­di­yi kimi, «xırda döyülmüş ətdən ha­zırlanmış xörək» mənasında qey­də alınmışdır.

Qiymə sözü «Dədə Qorqud kitabı»nda da işlənmişdir: İki ta­lusından çən­gələ sancun, qıyma-qıyma ağ ətindən çəkün (69, 47).

Qıy feili «yazığı gəlmək», «üyütmək», «yox etmək», «öl­dür­mək» məna­la­rı­­nı da bildirir. Bütün bu mənaları türk dilində kiy feli ifa­də edir. İlkin məna Azər­­baycan dilində qiymə//qıyma (xır­­da doğ­ranmış və qızardılmış ət) sözündə sax­­lanmışdır (157, 11).

Omaş//umaş (əks. şiv.) – umac. Qədim türklər bu xörəyə əriş­­tə şorbası, Ana­dolu türkləri isə tutmac demişlər. Orta Asiya türk­­ləri isə umac deyirlər.

S.Məmmədova qeyd edir ki, umac sözü ilk əvvəl, «unlu aş», «undan ha­zır­­lanan aş», «omac aşı» formasında meydana gəl­miş, sonradan umac şək­lində sa­dələşmişdir (88, 38). Neftçala-Salyan regionunda bu gün də həmin xö­rə­yə umac deyil, omac aşı deyilir.

Biz­cə, bu yemək adı ovmaq feili ilə əlaqədardır, çünki unu su ilə ov­duq­dan sonra bu xörək bişirilir.

Dolma (büt. şiv.) – dolma. Qədim xörək adlarından bi­ri­dir. Ehtimal olu­­nur ki, bu xörək adı «doldurmaq» «dolamaq», «sa­rımaq» feili ilə bağlı ol­du­ğun­­dan belə adlanır.

Yevlax şivələrində dolmanın bir neçə növünə rast gəlinir: yar­pax dolması (əks. şiv.)//tən1əx1 dolması (Y.Qar.)//qara dolma (Yev.), yalançı dolma (Ək., Əc.)//kor dolma (S.), kələm dol­ma­sı, badimcan-bibər dolması, irəx1li dolma (ba­­dımcan, bibər, po­mi­dor, yaşıl almadan hazırlanır).



Ərişdə (əks. şiv.)//örüşdə (Əc.) – ərişdə. Azərbaycan di­li­nin izahlı lüğə­tin­də (10, c.2, 286) bu sözün fars mənşəli olduğu göstərilmişdir.

M.Kaşğarinin lüğətində bu söz eləşgə şəklində «ət ilə bir­lik­də xaşlanmış xəmir parçaları» mənasında qeydə alınmışdır (63, c.1, 173).

S.Məmmədova isə əriştə termininin türk dillərində «qiy­mə», «kəsmə» («kas­­pə»), «omac//umac//ocmac», «tutmac» kimi si­nonim variantlarının oldu­ğu­­nu göstərir (88, 48).

Kavaf (büt. şiv.) – kabab (Kavav iyinə gəlif, görüf eşşəx1 dağ­lanır). Bu yemək adı, ərəb mənşəlidir (10, c.3, 6). Kabab əsa­sən şişdə bişdiyi üçün türkdilli xalqlar bu yemək növünü şişlik də ad­lan­dırırlar. «Dədə Qorqud kitabı»nda şişlig sözü «şişə çə­ki­lən ət, kabablıq ət, şiş­də qızardılmış ət, kabab» mənasında işlən­miş­dir: Bu oğlana şişlig olsun, ər­dəm­­lidir!

Yevlax şivələrində kababın yalnız şişdə yox, tavada bi­şi­ri­lən növlərinə də rast gəlinir. Məsələn, tavakavavı (Əc., Mb.), şam­kavavı (Bəyd., Qğ.).



Ağartı növlərini bildirən adlar. Ağartı növlərinin adları sa­hə leksika­sı­nın tərkib hissələrindən biridir. Azərbaycan dili dia­lekt və şivələrinin leksik xü­su­siyyətlərindən bəhs edilən əsər­lər­də müvafiq ərazidə müşahidə edilən ağartı növlərinin adları gös­tə­ril­miş, bir sıra xüsusiyyətləri müəyyən dərəcədə izah edil­miş­dir. Məsələn, A.Kubatov ləzgi dilində müşahidə edilən dələmə, bu­­la­ma, axtarma, qaymaq (140, 10-18), Ə.Hüseynov Qazax ra­yo­nu şivələrində iş­lənən kətəməz, qurut, dələmə, bulama, atlama kimi ağartı adları haqqında ma­raqlı məlumatlar vermişlər (53, 78-79).

T.Əmiraslanov kulinariyaya aid yazılarında Azərbaycan mət­bəxinə dair təsnifat verərkən qəlyanaltıları da ayrıca olaraq gös­tərmiş və dürməkləri də buraya aid etmişdir.

Yevlax şivələrində dürmək dedikdə, yuxanın (lavaşın) ara­­­sına ağartışor, pendir, yağ qoyularaq bükülmüş qəlyanaltı nə­zərdə tu­tu­lur. Şivələrdə ağartı adını əvəz edən yavannıx sözü də işlədilir. Bu söz ağartı ad­la­­rını xörək adları sırasına ya­xın­laş­dırır. Lakin bunu da qeyd edək ki, ağartı ad­larının xörək adları sırasına daxil edilməsi bəzən düzgün hesab olunmur (88, 5).

Qədim türklərdə yavan adlanan ərzaq növü olmuşdur və onu qatığın ya­ğı­nı çıxararaq hazırlamışlar. Yevlax şivələrində ya­vannığa şor, yağ, pendir, qa­tıq kimi ağartı növləri aid edilir: Aj adam yavannığ axdarmaz.

Məlumdur ki, ən əla növ pendir xaması alınmamış qoyun sü­­dündən tu­tulan pendir hesab olunur. Bu cür pendir növlərinə mo­tal pendiri (Yen., Yəd., Mb.) (pendir saxlamaq üçün tərsinə çev­­rilərək xüsusi düzəldilmiş qo­yun dərisində saxlanılan pen­dir), ovuntu (Əc., Ək.) (motalın dibində qalmış pendir qı­rıntı­la­rı), də­lə­mə (A.Sal., A.Qar., Y.Qar.) (hələ yaxşı bərkiməmiş, tə­zə, boş pendir), üzdü pendir (büt. şiv.)//yağlı pendir (Mb., Qb.), çi­çəx1li pen­dir (Nərm., Gül.) adlarını misal göstərmək olar. Belə bir de­yim də var: Piçin pişməx1 – su işməx1, pendir sıxmax – can çıxmax.

Axdarma – tərkibində yağı çox olan qoyun südündən ha­zır­lanan pendir. – Kətdən iki kilo axdarma yollamışdılar (Yev.).

Z.Xasiyev qeyd edir ki, bu pendir növü otun çiçəkli vax­tında və yaxud ço­banların öz sözləri ilə desək, qoyun soğularkən (sü­dü azalarkən) sağılan süd­­dən hazırlanır (54, 77). Neftçala şi­və­lərində axdarma pendirə üzzü-gözzü pen­­dir deyirlər.



Axdarma sözü «axtarmaq» feilindən yaranmışdır.

Xaması alınmış süddən tutulan pendir növlərinə üzsüz pendir (Gül., Qb., Mb.), sərmə pendir (Mb., Qb.) adları ilə rast gə­linir.

Şor növlərindən dəri şoru (Mb., Qb., Yen.) (qoyun də­ri­si­nin içində sax­la­nılan şor), eymə şoru (Bəyd., Yəd.) (eymədə – aşı­lanmış quzu dərisində saxla­nılan şor), dənəvər//dənəvar şor (İsm., Gül.) adlarına təsadüf edilir.

Yevlax şivələrində «iri dənəli şor» mənasını ifadə edən də­nə­var sözü Mu­ğan qrupu şivələrində «buğdanın samandan ay­rıl­ması» mənasını bildirir: Də­nəvar küləg vaxdi olar (12, 179).

Südün müxtəlifliyi və keyfiyyəti ilə əlaqədar olaraq Yev­lax şivələrində müx­təlif adda süd və qatıq növlərini bildirən söz­lə­rə təsadüf olunur. Məsələn, inəx1 südü, qoyun südü, camış sü­dü, üzdü süd//yağlı süd, üzsüz süd//yağsız süd, şi­rin qatıx, turş qa­tıx//qımız qatıx, turşumuş qatıx//qıjqırmış qatıx, kəhrava qa­­tıx, süzmə qatıx, camış qatığı, qoyun qatığı.

«Dədə Qorqud kitabı»nda işlənmiş qımız (Dəpə kibi ət yığ­dım, göl kibi qımız sağırdım) (69, 35) sözü «at südündən ha­zır­lanan içki» mənasında izah edil­mişdir (71, 60). M.Kaşğarinin lüğətində kımız şəklində qeydə alınmışdır. Qıs­­raq südü tuluqda sax­lanaraq turşudulur, sonra içilir (63, c.1, 370). Süzmə sö­­zünə isə lüğətdə keş adlanan «yağsız quru pendir, ayran süzməsi» an­la­mında rast gəlirik (63, c.1, 426).

Ağartı adlarını süd və qatıqdan ha­zır­lan­ma­sına görə iki qru­pa ayırmaq olar. Bunlardan bəzilərini ayrılıqda nəzərdən ke­çi­rək.

a) süd məmulatı ilə əlaqədar işlənən terminlər:



Çiyə (Yəd.)//xama (Yev.) – çiy südün üzü. – Səvərtə bir is­dikan çiyə yemişəm deyin, hələm ajmamışam (Yev.).

Şəmkir rayonu şivəsində «çiy südün üzü» mənasında çi­yə­mə sözü işlədilir (54, 78). Tovuz, Gədəbəy şivələrində isə çi­yə­mə «qatıqdan hazırlanan pendir» mə­­nasında müşahidə edilir: – Qa­tığı duzdo:ruğ, içinə birəz çiy süd qaterıx, sox­ra cılğıya tö­kö­rüx1, olor çiyəmə (Tovuz) (54, 78).



Ağız (A.Sal.)//ağızzıx (Qar.) – yeni doğmuş heyvandan sa­ğı­lan ilk süd və ondan bişirilən yemək. – Südü sağmışam, incənə ağız pişirəjəm. (A.Sal.). – Ağız­dıx pendirə oxşuyur (Qar.).

Ağızzıx sözü Kəlbəcər şivələrində də eyni mənada işlənir: – Piçəbuynuz inəyin ağızzığını yedıx (54, 75).

«Azərbaycan dilinin kulinariya terminologiyası» kitabında ya­zılır: «Bəzi türk dillərinin dialekt və şivələrində azuq//azık – ye­mək mənasında işlənir. Azər­baycan dilinin şivələrində bu sö­zə ağuz//ağız şəklində rast gəlinir» (88, 24).

Ağız südündən suluq, qıyma çörəyi, şan-şan, bulama adlı ye­məklər də bi­şirirlər (88, 25).



Sulux (Yəd.) – yeni doğmuş qoyunun ilk südündən bi­şi­ri­lən yemək. – Qo­yun doğdumu, o:n birinci südünnən kin pişirrix1, olur sulux (Yəd.).

Tovuz, Gədəbəy şivələrində də bu söz eyni mənada iş­lə­nir: – Çovannar döl vaxtı suluxdan, bulamadan yi:f pozağana dö­nüllər (Tovuz).

Muğan qrupu şivələrində sulux sözü «bulama» mənasında qey­də alın­mış­dır (12, 192).

Bulama (Yəd., Qar.) – yeni doğmuş heyvanın ağız sü­dün­dən sonra sa­ğı­lan süddən bişirilmiş yemək adı. – Bulama pişi­rə­si­yəm deyin, südü gəti­mə­dim (Yəd.). Qədim türklərdə bulamaq bir şeyi bişirmək deməkdir (119, c.3, 270). Bu­lama «bulamaq» (qa­­rışdırmaq) feilindən yaranmış addır. Çünki bu yemək bu­la­naraq – qarışdırılaraq bişi­ril­­məsə, çürüyər.

Bulama sözü Çənbərək və Karvansaray şivələrində kərtdə­məz kimi qeydə alınmışdır (68, 225).

Kətəməz (Yen., A.Qar.) – yeni doğmuş inəyin ilk sü­dün­dən hazırlanan yemək adı. – Kətəməznən mə:m heş xoşum yox­du (A.Qar.).

Azərbaycan dilinin bir sıra şivələrində bu sözün kərtdəməz (Tər­tər), ­ləkə (4, 152) şəklinə də rast gəlinir. Qərb qrupu şi­və­lə­rində bu söz «dələməyə ox­­şar ağartı növü» kimi qeydə alın­mış­dır: – Heyvan yeni doğanda onnan bu­la­ma sağıv, içinə süd qa­tıf pişirəndə kətəməz olor (11, 222).

Qaramanlı şivəsində kərəməz «südlə qatığın qarışığından ha­zırlanmış ağar­tını bildirir.

Kəsmix1 (Mar., Ək.) – südə qatığın əlavə olunması ilə ha­zır­lanmış ağartı. – Kəsmiyi qoyun südünnən düzəltmişəm (Mar.).

b) qatıq və ayrandan hazırlanan ağartı növlərinin adlarını bildirən ter­min­lər.



Atlama (Yev., Əc., S.) – qatığa su əlavə etməklə ha­zır­lan­mış sərin­ləş­di­ri­ci içki. – Atlama düzəldim, içəx1, birəz sərinni­yəx1 (Yev.).

Bu söz Gədəbəy şivələrində eyni mənada atılama va­rian­tın­da işlənir. – Oy­nü atılama içməsəm, durammaram yayda (8, 19).



Ovdux (Yev., Qar., Qm., Mey.) – qatığa su, göyərti və xi­yar əlavə et­mək­lə hazırlanmış sərinləşdirici içki. – A bala, də­dən1ə bir qav ovdux gəti (Mey.).

Gəncə dialektində bu söz avdıx (9, 16), Tovuz rayonu şi­və­sində isə doğ­ramac sözünün sinonimi olaraq ovdux//oyduz (54, 80) şəklində işlənir.

Yevlax şivələrində isə doğramac dedikdə «qatığa göyərti və xiyardan baş­qa, çörək də doğranmış qatı halında yemək (içki kimi duru olmur)» nə­zər­də tutulur.

Doğramac sözü «doğramaq» feilindən yaranmışdır.

Ayran (büt. şiv.) – qatığa suyun əlavə edilməsi ilə ha­zır­lan­mış içki. – Əsil azmaz, bal qoxumaz. Qoxusa yağ qoxuyar, çün­ki əsli ayrandı; ­– Ağ ayranı itə tökəllər, qara kişmişi civə tö­kəllər; – Ağzını süd yandıran ayranı üfürə-üfürə içər.

V.Radlovun lüğətində monqolların da «içki» mənasında bu sözü iş­lət­mə­ləri qeyd olunmuşdur (154, c.1(1), 25).



Süzmə (Qar., Bal., Qb.) – suyu tamamilə süzülmüş qatı ha­lın­da qatıq. – Süz­müyə bir əz şüyüt doğra (Qar.).

Süzmə adı «süzülmək» feilindən yaranmışdır.

Qurut (Qb., Yen., Gül.) – duzlanıb qurudulmuş qatıq süz­mə­si. – Qu­rut­ əzərix, buna da dözərix; – Aranda tutdan oldux, dağda qurutdan.

Qurut sözü «qurutmaq» feilindən yaranmışdır.

S.E.Malov qurut sözünü «siyah peynir» şəklində tərcümə et­mişdir (146, 36). M.Kaşğarinin açıqlamasından qurutun hansı pen­dir növü olması məlum ol­mur. Besim Atalay bu sözü «…yağı alınmış yoğurtdan yapılan şor peyniri», R.Əskər isə «…yağı alınmış qatıqdan düzəldilmiş lor pendiri» kimi tərcümə et­­miş­dir (119, c.1, 39; 63, c.1, 363). Qazax şivələrində qurut «qu­ru süzmə» mə­na­sın­da qeydə alınmışdır.

Damazdıx (Qar., A.Sal., S.) – qatıq mayası. – Damazdığı ha­lal adamnan alallar (inanc).

Bir sıra şivələrdə «damazdıx» mənasını bildirən çalası sö­zü işlənir: – İs­tey­sin1 ora yüz qazan süd qoy, çalası töx1məsən1 dünyədə üyüşməz (Xanlar); – Ça­lası gətir südü çalax (Qazax); – Çalasıynan çalellar qatığı (Gədəbəy) (8, 89).



1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə