AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu muxtar kazimoğlu folklor həm keçMİŞ, HƏm də bu güNDÜR




Yüklə 0.77 Mb.
səhifə4/8
tarix22.02.2016
ölçüsü0.77 Mb.
1   2   3   4   5   6   7   8

QARABAĞ FOLKLORU
1. Problemlərdən perspektivlərə doğru*
Qarabağda və Qarabağ ətrafında baş vermiş məlum icti­mai-siyasi hadisələr bu bölgənin tarix və mədəniyyətini, folk­lor və etnoqrafiyasını yenidən öyrənməyi bir zərurətə çevi­rib. Bu zərurəti dərindən dərk edən tarixçi və sənət­şü­nas­­larımız, etnoqraf və folklorşünaslarımız Dağlıq Qara­bağ­da separatizm hərəkatının başlandığı 1987-88-ci illərdən sonra həmin bölgəyə diqqəti, söz yox ki, xüsusi olaraq artı­rıb, Qarabağla bağlı yeni-yeni elmi əsərlər, toplular ortaya qoyublar. Görülən işləri yüksək dəyərləndirməklə yanaşı, etiraf etməliyik ki, bu sahədə görüləsi işlər, atılası addımlar hələ çoxdur.

Separatizm başlandığı illərdə İ.Abbaslı, T.Fərzəliyev, N.Nazim (Quliyev), V.Nəbioğlu, Ə.Əsgər, M.Kazımoğlu və b. folklorşünaslarımız Qarabağın ayrı-ayrı rayonlarında folk­lor ekspedisiyalarında olublar və aparılan toplama işlərinin nəticəsi olaraq, xalq yaradıcılığı nümunələrindən ibarət top­lu­lar çap etdiriblər (Bu yurd bayquşa qalmaz. Laçın, Qubad­lı, Zəngilan və Cəbrayıl bölgələrindən toplanmış folklor nü­mu­­nə­ləri. Toplayıb tərtib edənlər V.Nəbioglu, M.Ka­zım­og­lu, Ə.Əsgər. Bakı, Yazıçı 1995; Azərbaycan folkloru anto­lo­giyası, V kitab, Qarabağ folkloru. Toplayanlar İ.Abbaslı, T.Fərzəliyev, N.Nazim. Tərtib edən İ.Abbaslı. Bakı, Səda, 2000; Azərbaycan folkloru antologiyası, XII kitab, Zəngəzur folkloru. Toplayanlar V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Tərtib edənlər Ə.Əsgər, M.Kazımoğlu. Bakı, Səda, 2005). İ.Abbaslı “Azərbaycan folkloru antologiyası”nın 2000-ci ildə çap olunan Qarabağ cildinə yazdığı “Ön söz”də Qarabağ folklorunun toplanıb nəşr edilməsi işində son dərəcə gecik­diyi­mizi dərin təəssüf hissi ilə bildirib. Bu gün biz tanınmış folklorşünasın təəssüf hissini bölüşməli və qeyd etməli olu­ruq ki, Qarabağ folklorunu əlvanlığı və zənginliyi ilə əks etdirmək işində bir neçə kitab qətiyyən kifayət deyil. Bu sahədəki boşluğu müəyyən qədər doldurmaq, Qarabağı özü­mü­zə və dünyaya daha yaxından tanıtmaq üçün Folklor İnsti­tutu AMEA rəhbərliyinin dəstəyi ilə “Qarabağ folklo­ru­nun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı bir layihə irəli sürüb. Planlaşdırılıb ki, 2012-ci ildə hər biri beş yüz səhifəyəcən olan üç folklor toplusu hazırlansın; Qaraba­ğın musiqi folklorunu əks etdirən xüsusi albom buraxılsın və bu bölgənin folkloruna aid elmi konfrans keçirilsin. Nəzərdə tutulan üç toplu çap edilib, üç diskdən ibarət musiqi albomu buraxılıb və bu gün biz “Qarabağ folkloru: problemlər, perspektivlər” adlı elmi konfrans keçiririk.

Konfransda toxunulması vacib olan məsələlərdən biri Qarabağ folklorunun toplanması və sistemləşdirilməsi məsə­lə­sidir. Məsələnin vacibliyi bir tərəfdən Qarabağın bugünkü ictimai-siyasi durumu ilə bağlıdırsa, başqa bir tərəfdən bü­töv­lükdə Azərbaycan folklorunun toplanması problemləri ilə bağlıdır.

Bu gün biz, folklorşünaslığımız qarşısında duran vəzi­fə­lərdən bəhs edərkən toplama işinin təxirəsalınmaz bir iş olması barədə tez-tez danışmalı oluruqsa, bunu nесә başa düş­mək lazımdır? Məgər indiyəcən toplama işləri aparılma­yıbmı? Məgər indiyəcən folklor kitabları çap olunmayıbmı? Əl­bəttə, bu vaxta qədər toplama işləri də aparılıb, zaman-za­man müxtəlif folklor topluları da çap olunub. Amma bu gün folklorun toplanmasının son dərəcə vacib və təxirəsalınmaz bir vəzifə kimi qarşıda durmasının konkret səbəbləri var. Səbəblərdən ən mühümü budur ki, indiyəcən toplanıb çap edilmiş nümunələr Cənubi Azərbaycan bir yana, heç Şimali Azərbaycan folklorunu da əhatə etmir. Əldə olan material­lara əsaslanıb Şimali Azərbaycanın ayrı-ayrı bölgələrdəki folklor mənzərəsi barədə təsəvvür yaratmaq qeyri-mümkün­dür. Təxirəsalınmazlığın başqa bir səbəbi toplama işində təh­rif­lərə yol verilməsi, dünyada qəbul edilmiş elmi prinsiplərin bir çox hallarda gözlənilməməsidir. Təhriflər müxtəlif şəkil və səviyyələrdə özünü göstərib. Ən çox yol verilmiş təhrif şəkillərindən biri mətnin dilinə əl gəzdirib, onu ədəbiləşdir­mə­kdən, ən kobud təhrif şəkillərindən biri isə mətnin məz­mununu dəyişdirib onu hansısa ideya və ideologiyaya uy­ğun­laş­dırmaqdan ibarət olub. Ədəbiləşdirmənin əksinə olan başqa bir təhrif və saxtalaşdırma meyli də var – “xəlqiləş­dir­mə”. Toplayıcı söyləyicidən eşitdiyi folklor mətninin ümu­­mi məzmunu əsasında hansısa bölgənin dialekt və şi­və­sinə uyğun biçimdə bir mətn yazıb ortaya qoyur və belə mətn­lərdə çox vaxt məzmun quraşdırması ilə qarşılaşmalı olu­ruq. Xatırlatdığımız təhrif faktlarından belə bir mənzərə alınır: bəziləri folklor mətnini ədəbiləşdirib həmin mətni, tutalım, sinfi mübarizə ideologiyasına uyğunlaşdırırlarsa, bə­zi­ləri də folklor mətnini “xəlqiləşdirib”, həmin mətni, tuta­lım, türkçülük ideyasına uyğunlaşdırırlar. Нәr iki səciy­yəvi təh­­rif faktının nəticəsi təxminən eyni olur. Нәr iki halda şifahi ədəbiyyat nümunəsi kimi təqdim olunan mətn Azər­bay­can folklorunu təmsil edə biləcək mənbəyə çevrilə bilmir.

Toplama işinin təxirəsalınmazlığının məlum və məşhur başqa bir səbəbini də göstərmək olar: çağdaş informasiya bol­luğu şəraitində şifahi söz sənətinin meydanı daralır. Layla və oxşamaya, yanıltmac və tapmacaya, nağıl və dastana... ma­rağın azalması, peşəkar söyləyicilərin çox çətinliklə tapıl­ması məhz meydanın daralmasına, folklor od-alovunun səngi­məsinə dəlalət edən faktlardır.

Saydığımız və saymadığımız bu kimi faktlar bizə “vaxt itirmədən ellərə-obalara çıxmaq, olub-qalan folklor nümunə­lərini toplamaq lazımdır” deyir. Amma qarşıya aydınlaşdırıl­ması vacib olan bir sual da çıxır: meydanın daraldığı, peşə­kar söyləyicilərin, nесә deyərlər, gündüz çıraqla ancaq tapıldığı bir vaxtda Azərbaycan folklorunu yüksək səviyyədə təmsil edəcək layla və oxşamalar, yanıltmac və tapmacalar, nağıl və dastanlar... toplamaq mümkündürmü? “Mümkün­dür” deyib suala müsbət cavab veririk. Və suala müsbət ca­vab verərkən görülmüş işlərə əsaslanırıq. “Görülmüş işlər” dedik­də AMEA Folklor İnstitutunun son vaxtlar el ədəbiy­yatı nümunələrinin toplanması və sistemləşdirilməsi sahəsin­dəki fəaliyyətini nəzərdə tuturuq. Bəli, İnstitutun Borçalıda, Şirvanda, Naxçıvanda, Qarabağda... apardığı toplama işləri çəkilən zəhmətin hədər getmədiyindən xəbər verir və səni inandırır ki, el-oba içinə çıxdıqca, xalqla qaynayıb-qarış­dıqca, sadə və sıravi adamlarla ardıcıl ünsiyyətdə olduqca şifahi söz sənəti xəzinəsindən incilər əldə edə bilərsən.



Bu gün biz Qarabağ folklorundan söhbət açarkən nə­zə­rə almalıyıq ki, toplama işinin təxirəsalınmazlığını doğuran səbəblәr sırasında bilavasitə Qarabağ folkloruna aid olan xüsusi səbəblər də var. Bu səbəblərdən ən başlıcası Qarabağ əhalisinin çox böyük bir hissəsinin öz yurd-yuvasından di­dər­gin düşməsi və ölkəmizin müxtəlif bölgələrində məskun­laş­masıdır. Əlbəttə, illər uzunu çalışıb-çapalayıb dişinlə-dırnağınla qurub-yaratdığın ev-eşiyi itirmək və məcburiyyət üzündən ailəlikcə köçüb başqa bir yerdə təzədən yurd-yuva salmaq tək maddi baxımdan yox, һәm də mənəvi baxımdan çox ağır və sarsıdıcıdır. Köçkünlüyün doğurduğu mənəvi sar­sın­tılarımızdan biri, heç şübhəsiz, Qarabağ folklor mühi­tinə dəyən zərbə ilə bağlıdır. Zərbənin başlıca mahiyyəti uzun müddət eyni coğrafi məkanda yaşayıb söyləyici və dinləyici, ifaçı və tamaşaçı tərəflərini təmsil edən adamların bir-birindən aralı düşməsində və folklor nümunəsinin ortaya çıxmasına zəmin yaratmış əvvəlki auditoriyanın bu gün artıq sıradan çıxmasındadır. Qarabağdan Şəkiyə, Şirvana köçən folklor bilicisi heç də bildiklərini iki günün içində yaddan çıxarmır. Аmmа həmin bilici-sinədəftər əvvəlki dinləyici­lə­rini itirdiyinə, yeni məskunlaşdığı yerin adamları ilə lazımi ünsiyyətə girə bilmədiyinə görə istər-istəməz bir söyləyici kimi passivləşir, əvvəlki ifaçılıq vərdişlərini tədricən yadır­ğa­ma­ğa başlayır. Öz auditoriyasından ayrı düşmüş о sinədəf­təri soraqlaşıb tapmaq, onun həmsöhbətinə çevrilmək folk­lor­çunun vətəndaşlıq işi, peşə borcudur. Bunu nəzərə alan Folklor İnstitutu ardıcıl toplama işinə başlayıb. Toplama işi həm Qarabağın işğal altında olmayan zonalarında, həm də respublikamızın digər bölgələrində Qarabağ köçkünlərinin yaşadıqları yerlərdə aparılıb. Materiallar, bir qayda olaraq, diktofon, video-kamera və s. kimi texniki vasitələrlə qeydə alındıqdan sonra kağıza köçürülüb. Texniki vasitələrdən ka­ğı­za köçürülərkən folklor nümunələrinin dil-üslub, о cümlə­dən dialekt-şivə xüsusiyyətləri nесә var, о şəkildə saxlanılıb, mətnlərin məzmunca hansısa formada dəyişdirilməsinə yol verilməyib. Qarabağ folklorunun toplanıb sistemləşdirilmə­sində xüsusi əməyi olan folklorşünas İlkin Rüstəmzadənin qeydlərinə əsaslanıb söyləyə bilərik ki, bu vaxtacan “Qara­bağ toplularında 125 mifoloji mətn, 346 əfsanə və rəvayət, 180-dən çox nağıl, 170 lətifə, 400-dən artıq atalar sözü, 1000-ә yaxın bayatı, һәmçinin laylalar, oxşamalar (nazlama­lar), düzgülər və xalq lirikasına aid bir çox digər nümunələr çap olunub oxucuların ixtiyarına verilibdir. Toplama işi nəticəsində indiyə qədər Azərbaycanda qeydə alınmamış 20-уә yaxın nağıl süjeti aşkar edilib. Hacı Qaraman, Hacı Qa­sım Çələbi, Alı Çələbi, Seyid Nigari, Seyid Həsən ağa, Seyid Füqəra, Seyid Məhəmməd ağa və b. şəxsiyyətlər haqqında, eləcə də Qarabağdakı müxtəlif yer adları barədə onlarla rə­va­yət və əfsanə də ilk dəfə işıq üzü görən nümunələrdir. Toplama işi nəticəsində Molla Lətif, Soltan bəy, Bic Qənbər kimi yeni-yeni personajlar aşkar edilib. Bu layihə çərçivə­sində Bəhlul Danəndə haqqında 24, Abdal Qasım haqqında 18, Kəlniyyət haqqında 1 mətn tədqiqatçılara təqdim olunur ki, bir çox digər nümunələr kimi, bu mətnlərin də bir qismi yeni süjetlərdir. Yeni mətnlər Bəhlul Danəndə, Kəlniyyət, Abdal Qasım haqqında təsəvvürümüzü dolğunlaşdırmaqla yana­şı, həmin personajların daha ətraflı öyrənilməsinə yaxın­dan kömək edir”.

Topluları “Qarabağ: folklor da bir tarixdir” adı ilə çap etməyimiz təsadüfi deyil. Məsələ burasındadır ki, Qarabağ əha­lisindən toplanan folklor örnəkləri sözün həm konkret, həm də geniş mənasında Qarabağın tarixini əks etdirir. Hər hansı xalq mahnısı və bayatı, əfsanə, rəvayət, nağıl və dastan sözün geniş mənasında bizim bir xalq olaraq Qarabağda mənəvi varlığımızın tarixindən xəbər verir. Digər tərəfdən bir çox folklor örnəklərində, xüsusən də əfsanə və rəvayət­lərdə real tarixi hadisələrin izinə düşmək olur.

İbrahim xan, Məhəmməd bəy Cavanşir, Molla Pənah Vaqif, Ağa Məhəmməd şah Qacar və b. tarixi şəxsiyyətlər haqqındakı bir çox rəvayətlər nəinki Qarabağ tarixinin yazıl­masında, һәm də Qarabağla bağlı bir çox tarixi roman və dramların yaranmasında mühüm mənbələrdən birinə çevri­lib. Fikrimiz aydın olsun deyə Əhməd bəy Cavanşir “Qa­rabağnamə”sindən bir nümunəyə diqqət edək. Həmin “Qa­rabağnamə”də Ə.Cavanşir Məhəmməd bəy Cavanşirin Şuşa alındıqdan sonra Ağa Məhəmməd şah Qacarla qarşılaşması rəvayətini xatırladır: “Qa­car... baş sərkərdə Sadıq xanı... yanına çağırıb deyir: – Mənzilində qaldığın Məhəmməd bə­yin bacılarına bildir ki, əgər axşama qədər onların qardaşı mənim hüzuruma gəlməsə, onda... onları ... sərbazlarımın ixtiyarına verəcəyəm...

...Carçılar öz hökmdarlarının əmrini eşidib dərhal Mə­həmməd bəyin imarətinə qədər bir-birindən bir qədər aralı düzülüb, onu о vaxta qədər ucadan çağırmağa başladılar ki, axırda Məhəmməd bəy gəlib müstəbidin qabağında dayan­dı”. Məhəmməd bəyin Ağa Məhəmməd şah Qacar hüzuruna gəlişini “Qarabağnamə” müəllifi rəvayət əsasında belə təsvir edir: “Bu zaman imarətin qapısından təqribən qırx yaşında, boyu bir sajen, gərdənli, nisbətən uzun qollu, şıq bəzənmiş, lakin sadə geyimli, sarışın saqqalı qırxılmış bir kişi saraya daxil oldu və cəsarətli addımlarla birbaşa Ağa Məhəmməd xana yaxınlaşıb baş əydi, lakin уеrә əyilmədi...

Qorxuya düşən saray adamları kinayə ilə bir-birinə bax­dılar”. Ə.Cavanşirin xalq rəvayətindən götürüb bir heka­yə üslubunda təqdim etdiyi bu əhvalat S.Vurğunun “Vaqif” dramındakı məşhur səhnəni – Vaqiflə Qacarın qarşılaşması səhnəsini yada salmırmı? Əlbəttə, yada salır və aydın olur ki, S.Vurğun “Vaqif” dramını yazarkən rəvayətlərə də müra­ciət edib və rəvayətdən gəlmə motiv və məzmun romantik pafos­lu bir əsərin bədii effektini artırmaqda az rol oynama­yıb. Ünvanı dəyişdirməkdə, rəvayətdə Məhəmməd bəy Ca­van­şirə aid olan cəsurluğu dramda Molla Рәnаһ Vaqifin adı ilə bağlamaqda isə S.Vurğunu qınamaq olmaz, çünki qəhrə­manla əzazil hökmdarın о cür qarşılaşması bir folklor moti­vi­dir və həmin motiv, təbii ki, Məhəmməd bəy Cavanşirdən çox-çox qabaqkı dövrlərin məhsuludur. Sadəcə olaraq xalq, qəhrəman və əzazil hökmdar qarşılaşması barədəki ənənəvi təsəvvürünü yuxarıda xatırlatdığımız rəvayətdə Məhəmməd bəy Cavanşir və Qacar timsalında əks etdirir. Deməli, qədim zamanlardan gələn bir motiv mətndən mətnə, addan ada, janrdan janra keçib yaşayır. Yeri gəlmişkən qeyd edək ki, xatır­lat­dığımız rəvayətdə namus-şərəf naminə ölümə getmək xətti də ənənəvi folklor motivlərindən biridir və bu motivin şifahi ədəbiyyatımız üçün nə qədər səciyyəvi olduğunu “Sa­lur Qazanın evinin yağmalanması” boyundakı Uruz – Bur­la xatın əhvalatından da görmək olur. Uruz öz anasının, Mə­həmməd bəy Cavanşir də öz bacılarının namusunu qorumaq üçün ölümə hazır olduğunu bildirirsə, deməli, epos və rəva­yət epizodları arasındakı oxşarlığın kökü eyni mənbə­yə, eyni təsəvvürlər sisteminə gedib çıxır. Konkret olaraq Məhəm­məd bəy Cavanşirlə bağlı rəvayət üzərində dayansaq, qeyd etməliyik ki, bu rəvayətdə Məhəmməd bəy Cavanşirin cəsur adam olması tarixi həqiqətdir və həmin həqiqət folklor motivi, yenilməz qəhrəman arxetipi əsasında təqdim edilir.

Ə.Cavanşir “Qarabağnamə”sindəki bir rəvayətdən qis­mən ətraflı danışmaqda məqsədimiz 2012-ci ildə toplanan və “Qarabağ: folklor da bir tarixdir” adı ilə çap edilən kitablar­dakı el ədəbiyyatı nümunələrinə körpü atmaq, yüz iyirmi – yüz otuz il bundan əvvəl qeydə alınmış rəvayətlərlə bu gün qeydə alınmış rəvayətlər arasında tarixi hadisələrə münasibət baxımından müqayisələr aparmaqdır. Məsələ burasındadır ki, ən uzaq keçmişdən bəhs edən folklor mətnində belə söy­ləndiyi dövrün izi və möhürü olur. Folklor bilicisi, rəvayət danışarkən istər-istəməz günün nəbzini tutmalı, həmin gündəki aparıcı ictimai rəyi nəzərə almalı olur. Əks təqdirdə folklor bilicisi ilə ona qulaq asanlar arasında lazımi kontakt alınmır və söylənən mətnin ürəklərə yol tapıb yayılmaq və yeni-yeni variantlarla üzə çıxmaq imkanları məhdudlaşır. Ə.Cavanşir öz “Qarabağnamə”sini 1883-cü ildə çar Rusiya­sının Şimali Azərbaycanda hakimiyyət sürdüyü bir dövrdə tamamlayıb. Odur ki, onun qeydə aldığı rəvayətlərdə şər qüv­və timsalında təqdim olunan, əsasən, Qacarlar, yəni İran­dan gələn “müstəbidlər”dir. Müstəqillik yolunda Dağlıq Qa­ra­bağ konflikti kimi böyük bir faciə və fəlakətlə qarşılaş­dığımız indiki şəraitdə isə, təbii ki, söyləyici mövqeyində, onun tarixi hadisələrə münasibətində dəyişmələr baş verir. Ənənəvi mövzuya, məsələn, yuxarıda bəhs etdiyimiz qəhrə­man və şər qüvvə mövzusuna uyğun rəvayət danışarkən söyləyici şər qüvvənin ünvanını dəyişir, Qacar obrazının ye­ri­ni başqa bir obraz, məsələn, iki xalq arasında qanlı toqquş­malara rəvac verməyin işarəsi kimi başa düşülən Andranik obrazı tutmağa başlayır. Bu obrazın əks tərəfində dayanan müsbət qəhrəmanı seçərkən söyləyici tarixi şəxsiy­yətlərlə bağlı “bioqrafık” materialdan çıxış etməli olur. Məhəmməd bəy Cavanşirin məlum fəaliyyəti xalq qəhrə­manı və Andra­nik mövzusuna mate­rial vermədiyindən söylə­yici ənənəvi süjeti başqa bir tarixi şəxsiyyətin (Soltan bəy, Abdal Qasım və b.) fəaliyyəti üstündə qurur.

Burada Abdal Qasımın adını Soltan bəylə yanaşı çək­mə­yimiz təsadüfi deyil. Məsələ burasındadır ki, Qarabağın lətifə qəhrəmanlarından biri kimi tanıdığımız Abdal Qasımın yeni toplularda yeni bir yöndən də təqdim edildiyinin şahidi oluruq. Yeni yön ondan ibarətdir ki, Qarabağ folklor toplu­la­rında Abdal Qasım bəzən rəvayət qəhrəmanı kimi özünü gös­tə­rir. Yeri gəlmişkən qeyd edək ki, bu cür ikiyönlü təq­dim olunma bəzi başqa obrazlara da aiddir. Məsələn, məş­hur lətifə qəhrəmanı Bəhlul Danəndəni Qarabağdan top­lan­mış bir çox folklor mətnlərində nağıl qəhrəmanı kimi görürük.

Toplanmış nümunələr sırasında sayca çox olması da göstərir ki, bayatı janrı bu gün Qarabağ folklorunun, bəlkə də, әn işlək janrıdır. Bu işləkliyin səbəbi hamımıza bəllidir: ev-eşiyini, qardaş-bacısını, ata-anasını itirən adamların nis­gili “nərmi-nazik” bayatılarda daha qabarıq ifadə oluna bilir:


Məni vırdı üç ilan,

Yumurtası puç ilan.

Varım ola qaşqın kimi

Zəmisi göy biçilən?


Gedirəm çırağınan,

Gül biçirəm orağınan.


İtirmişəm qardaşımı,

Gəzirəm soragınan.


Dağlarda qırov qaldı,

Qar düşdü, qırov qaldı.

Hamının gedəni gəldi,

Mənimki girov qaldı.


Yeni toplanmış Qarabağ bayatılarında Qarabağ nisgili özü­nü daha çox iki şəkildə göstərir: məlum bayatılara Qara­bağ faciəsi ilə bağlı cizgilər, ştrixlər artırılır; Qarabağ faciəsi ilə bağlı yeni bayatılar yaranır. Heç şübhəsiz, yeni toplanmış bayatılarda müşahidə olunan bu iki cəhətin, eləcə də bir çox başqa cəhətlərin xüsusi araşdırılmasına ehtiyac var.

Bu sözlər eynilə Qarabağ folklorunun yeni toplanmış və bundan sonra da toplanıb araya-ərsəyə gələcək bütün janr­la­rına aiddir. Adından bəlli olduğu kimi, haqqında danış­dı­ğımız layihədə Qarabağ folklorunun araşdırılması bu folk­lo­run toplanıb sistemləşdirilməsi işi ilə paralel olaraq nəzər­də tutulub. Bugünkü elmi konfrans Qarabağ folklorunun, о cümlədən bu folklorun yeni toplanmış nümunələrinin araş­dırıl­ması istiqamətində bir addımdır.

Konfransda problemlərlə yanaşı, perspektivlərdən də da­nı­şılması nəzərdə tutulur. Perspektiv işlərdən biri, bəlkə də, ən başlıcası Qarabağ folklorunun toplanmasını daha ge­niş və səmərəli şəkildə davam etdirmək, Qarabağa daxil olan һәr bir rayonun folklor mühiti barədə dolğun təsəvvür yaratmaqdır.
2012

2. Görülən işlər və çıxarılan bəzi nəticələr*
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə əsasında görülən işlər, başqa sözlə desək, AMEA Folklor İnstitutunun həmin layihə çərçivəsin­də həyata keçirdiyi tədbirlər ümumiləşdirmə aparmağa, nəti­cə­lər çıxarmağa, sonrakı addımlara təkan verə biləcək müla­hi­zələr yürütməyə kifayət qədər imkan yaradır. Çıxarılan nəticələrdən biri Qarabağ folklor mühitinin üzləşdiyi acına­caq­lı vəziyyət və həmin vəziyyətdən asılı olaraq, folklor top­la­yıcısının qarşılaşdığı çətinliklərlə bağlıdır. “Qarabağ folk­lor mühitinin acınacaqlı vəziyyəti nə deməkdir və bu vəziy­yət nədən yaranıb?” sualını aydınlaşdırmağa o qədər də eh­tiyac yoxdur. Aydın məsələdir ki, Qarabağ əhalisini doğ­ma yurd-yuvasından didərgin salmaqla qanlı toqquşmalar Şuşa, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbra­yıl… folk­lor mühitlərinin darmadağın olmasına gətirib çıxa­rıb. Məsə­lən, 72,4 min nəfərdən ibarət Laçın əhalisi Respub­likanın 57 adda şəhər və rayonunda məskunlaşıb. 54 min nəfər­dən ibarət Kəlbəcər əhalisi Respublikanın 56 adda şəhər və rayonunda, 707 yaşayış məntəqəsində məskunlaşıb. Qaraba­ğın işğal olunmuş digər rayonları da oxşar tale ilə üzləşməli olublar. Eyni rayondan olan əhalinin bu cür pəra­kən­də ya­şaması bir tərəfdən mövcud folklor auditoriya­ları­nın dağılıb sıradan çıxmasına səbəb olubsa, digər tərəfdən də yaddaş­larda yaşayan folklor nümunələrinin toplanması işini hədsiz dərəcədə çətinləşdirib. Öz auditoriyasını itirən söylə­yi­cinin köhnə yurdda eşidib bildiklərini təzə yurdda yadda saxlama­sı, folklor mətnini əvvəlki təravət və dolğunluqla toplayıcıya çatdırması bir problemə çevrilibsə, vaxtilə eyni mühit və auditoriyanı təmsil etmiş söyləyiciləri müxtəlif rayonlarda axtarıb tapmaq və onların hesabına hər hansı mət­ni lazımi şəkildə və səviyyədə üzə çıxarmaq da bir prob­le­mə çevrilib. Tutalım, Qubadlının Qaracallı kəndindən didər­gin düşüb bu gün Sumqayıtda yaşayan bir informator hansısa bir mətni ala-yarımçıq danışır, amma sən hiss edir­sən ki, həmin mətn indiyəcən heç bir folklorşünasın qeydə almadığı nadir bir mətndir. İnformator sənin mətnə marağını görüb mətni bir vaxtlar həmkəndlisi filankəsdən eşitdiyini və o adamın bu gün Qaxda yaşadığını bildirir. Bu, o deməkdir ki, Qaracallı kimi bir kəndə aid folklor materialını lazımi dəqiqliklə toplamaq üçün bu gün sən onlarla rayon, yüzlərlə yaşayış məntəqəsinə ayaq döyməli, baş vurmalısan.

Eyni auditoriyanı təmsil edən və təxminən eyni mətn­ləri bilən informatorları məsafəcə bir-birindən xeyli uzaq mən­tə­qə­lərdə axtarıb tapmaq, onların ortaq folklor informa­si­yasını qeydə almaq üçün vətəndaşlıq yanğısı kifayətdir desək, özümüzü aldatmış olarıq. Vətəndaşlıq yanğısı bu məqamda, heç şübhəsiz, yüksək təşkilatçılıqla birləşməlidir. Elə birləşməlidir ki, acınacaqlı tale yaşayan Qarabağ folklo­runu lazımi səviyyədə araya-ərsəyə gətirmək mümkün olsun. “Təşkilatçılıq” dedikdə biz, ilk növbədə, yerli orqanlarla və yerli ziyalılarla əlaqələrin normal qurulmasını nəzərdə tutu­ruq. Bu cür əlaqələrin bəhrəsidir ki, Folklor İnstitutunun əmək­daş­ları Qarabağın onlarla şəhər və kəndinin yüzlərlə söyləyicisi ilə görüşüb onlardan xeyli miqdarda folklor örnə­yi toplaya biliblər. Yerli qurumlar və yerli ziyalılarla normal əlaqələrin hesabınadır ki, Folklor İnstitutunun əməkdaşları Ağcabədinin əksər kəndlərində olmaq və səriştəli söyləyi­ci­lər tapıb onlardan kifayət qədər yeni və maraqlı folklor nümu­nə­ləri qeydə almaq imkanı əldə ediblər. Ağcabədi ra­yo­­nunun yerli qurumları, ilk növbədə isə Rayon İcra Haki­miy­yəti ilə sağlam əməkdaşlığın bir göstəricisi də Qarabağ folklorunun problemlərinə və perspektivlərinə həsr olunmuş II Elmi Konfransın məhz burada – Ağcabədi şəhərində keçirilməsidir. Mühüm elmi tədbirin Ağcabədidə keçirilməsi toplama işində başlanan əməkdaşlığın dəyərləndirmə işində də davam etməsinin qabarıq ifadəsidir. Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması mövzusunda elmi müzakirəni yerli ziyalılarla birlikdə keçirmək, heç şübhəsiz, perspektivlərin müəyyənləşdirilməsində, əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıyır.



Qarabağa həsr olunmuş I Konfransda olduğu kimi, II Konfransda da “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi dəyərləndirmənin başlıca obyektlərindən biri kimi götürülür. 3 cildi 2012-ci ildə, 3 cildi isə 2013-cü ildə çap olunan, Folk­lor İnstitutunun toplama, tərtib və nəşr sahəsindəki uğur­lu işlərindən biri sayılan bu çoxcildlik əhatə etdiyi mate­riallar baxımından dəyərləndirmədə diqqət mərkəzində daya­nır. Çoxcildliyə daxil edilən folklor materiallarının təh­li­li belə qənaət yaradır ki, əvvəlki vaxtlarla müqayisədə son vaxt­lar daha çox nəzərə çarpan, söyləyici repertuarında son vaxtlar daha geniş yer tutmaqda olan folklor nümunələri var. Tayfa, nəsil-kök, əcdad, o cümlədən ayrı-ayrı tarixi şəxsiy­yət­lər haqqında rəvayətlər belə nümunələrdəndir. Cavanşir, kəbirli, afşar, şahsevən, qaradolaq, otuziki, təhlə, bozox və s. kimi tayfalar, Paşa bəy, Sultan bəy, Xosrov bəy və b. tarixi şəxsiyyətlər haqqında rəvayətlərin son vaxtlar intensivləş­məsi, söz yox ki, hər şeydən əvvəl milli kimlik duyğusunun güclənməsi ilə bağlıdır. Ərazi bütövlüyü və dövlət müstəqil­liyi uğrunda çarpışan və bu yolda çox böyük məhrumiyyət­lərlə üzləşən xalq istər-istəməz dönüb dünəninə baxmalı, şanlı tarixi keçmişdən güc almalı olur. Və dünənə baxmaq, keç­mişdən güc almaq prosesində şüurumuzun alt qatındakı ata-baba kultunun baş qaldırıb öz sözünü deməsi şəksizdir. O da şəksiz-şübhəsizdir ki, bu nöqtədə toplayıcı və söyləyici istəyi üst-üstə düşür. Xalqın öz varlığını təsdiq etmək əzmini nəzərə alan toplayıcı görüşüb söhbət etdiyi şuşalı, ağdamlı, bərdəli, laçınlı, kəlbəcərli, zəngilanlı… informatora onun mənsub olduğu tayfa, nəsil-kök barədə, Qarabağın adlı-sanlı qəhrəmanları barədə sual verdikdə informator həmin sual ətrafında böyük həvəslə danışmağa başlayır. İnformatorların əcdadlarla bağlı olaraq söylədiyi rəvayətlər həm bu janrın maraqlı nümunələri kimi, həm də etnoqrafik material kimi xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən qeyd edək ki, Qa­ra­bağ toplularında etnoqrafik materiallar folklor materialla­rının tərkib hissəsi kimi təqdim olunur və bu cəhət vacib bir məsələnin gündəmə gətirilməsinə zəmin yaradır. Gündəmə gətirilməsini vacib saydığımız həmin məsələ xalq mədəniy­yəti­nin məşhur tayfalar üzrə öyrənilməsidir. Məlumdur ki, xalq mədəniyyətini öyrənməyin geniş yayılmış yollarından biri ərazi üzrə öyrənmə yoludur. Belə öyrənmə yolundan Folklor İnstitutu da istifadə edir. Qarabağ, həmçinin Gəncə­ba­sar, Muğan, Naxçıvan, Şəki-Zaqatala, Borçalı... folklor örnəklərinin toplanması və nəşri məhz ərazi prinsipi əsasın­da həyata keçirilir. Bu prinsipi kənara qoymadan nəzərə almaq lazımdır ki, xalq mədəniyyətini imkan daxilində ba­yat, kəngərli, qacar, afşar, xələc, şahsevən, qaraqoyunlu, qara­papaq, alpout, padar, təhlə və s. kimi tayfalar üzrə də izlə­mək mümkündür. Tutaq ki, kəngərli tayfasının folklor və etnoqrafiyasını həmin tayfanın yaşadığı müxtəlif bölgələrdə (Qarabağ, Muğan, Naxçıvan və s.) müşahidə etmək, müqayi­sə­lər aparmaq, əldə olunan faktları ümumiləşdirib tayfanın folklor və etnoqrafiyasındakı özünəməxsus cəhətləri ortaya çıxarmaq olar. Folklor İnstitutunun Qarabağdan topladığı folklor nümunələrinin bir çoxu xalq mədəniyyətini məhz tayfalar üzrə izləmək baxımından maraq doğurur. Məsələn, söyləyicilər Bərdədə 32 para kəndi birləşdirən Boyəhmədli ərazisində qazaxməmmədli, şillər, cırdaxanlılar, kəpənəkçi­lər, əfəndilər, cənnətlilər, arabaçılar, bozoxlar və s. kimi tayfa­ların məskunlaşması barədə kifayət qədər ətraflı məlu­mat verirlər. Daha çox şifahi tarixə aid olan bu məlumatlar bəzən tayfaların şifahi sənətə fərqli münasibətini də əhatə edir: “Bura gəlifdi əfəndilər, cənnətdilər tayfası. Cənnətdilər tayfasının bir tərəfi gəncəbasarlı, bir tərəfi göyçəlidi. Bu dəyqə də bu nəslin əksəriyyəti sazda çala bilir, oxuya bilir. Bizim kəndin toylarını aparan da həmin nəslin nümayəndə­ləri­di” (Qarabağ: folklor da bir tarixdir. V kitab. Bərdə, Füzu­li, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor ör­nək­ləri. Toplayanlar İ.Rüstəmzadə, Z.Fərhadov. Tərtib edən İ.Rüstəmzadə. Bakı, Elm və təhsil, 2013, s.41). Tayfanın aşıq sənəti ilə xüsusi bağlılığını nəzərə alan toplayıcı bu yöndə axtarışlar aparır, tayfa arasında apardığı toplama işi nəticəsində aşıq məclislərinin (“devran”ların) qayda-qanun­la­rına, saz ifaçılığına, ayrı-ayrı aşıqların həyat və yaradıcılı­ğı­na aid zəngin material əldə edə bilir. Tayfalar üzrə araşdır­maları həmin tayfaların yaşayış tərzi əsasında da aparmaq, tutalım, tayfanın heyvandarlıq, yoxsa əkinçiliklə daha çox bağlı olduğunu nəzərə alıb toplama işini bu yöndə də qur­maq olar. Tayfaların həyat tərzini nəzərə almağın, folklor ezamiyy­əsi zamanı bu məsələyə diqqət yetirməyin nəticəsi­dir ki, Qarabağ folklor toplularında qoyunçuluqla, bütövlük­də tərəkəmə həyat tərzi ilə bağlı yetərincə nümunə var.

Faktlar göstərir ki, tayfaların tarixindən, hadisələrə münasibətindən, davranış tərzindən bəhs edən toplama mate­rial­larında cəsurluq motivi aparıcı yer tutur. Yəni söyləyici bir çox hallarda tayfa ilə bağlı etnoqrafik detalları məhz həmin tayfaya mənsub adamların qorxmazlığı, döyüşkənliyi barədəki folklor nümunəsinin içində təqdim edir. Yaxud da əksinə – söyləyici bəzən folklor nümunəsini toplayıcıya tay­fa barədəki etnoqrafik materialın tərkib hissəsi kimi çatdırır: “Beş adamın içində kim bərkdən danışırsa, bil ki, o, afşardı. Kim yeriyəndə ayağının tapbıltısı bir az bərk gəlirsə, o, afşardı. Amma oturanda, söhbət eliyəndə, çay içəndə kim bir az həlim görükürsə, bil, o, afşardı. Balaca uşağı da dindirən­də görürsən üsdünə qabarır. Ən fağırı olsa da, mütləq sənin cavabını verməlidi. Ona görə deyillər ki, bu tayfanın xamır yeyəninin fağırı yoxdu. Yəni çörəh yeyə bilirsə, onu yazıx bilmə. Afşardısa, çörəh yeyə bilirsə, fağırı yoxdu. Məsəl var, deyəllər, afşarın içi cənnətdi, çölü cəhənnəm. Afşarın adı çəki­ləndə hamı çəkinir, amma gəlif afşarın içinə girəndə görüllər, bular tamam başqa adamlardı” (Qarabağ: folklor da bir tarixdir. II kitab. Bərdə və Ağcabədi rayonlarından top­lan­mış folklor örnəkləri. Toplayıcılar Ə.Əsgər, İ.Rüstəm­zadə, T.Orucov, Z.Fərhadov. Tərtib edən İ.Rüstəmzadə. Bakı, Elm və təhsil, 2012, s.141). Göründüyü kimi, bu nümu­nə­də afşar tayfası ilə bağlı iki məsəl (“bu tayfanın xamır yeyəninin fağırı yoxdu”; “afşarın içi cənnətdi, çölü cəhənnəm” məsəlləri) etnoqrafik portret cizgilərinin arasında təqdim olunur. Bəzən etnoqrafik cizgilərlə folklor mətni o qədər qaynayıb-qarışır ki, nümunənin janrını müəyyənləş­dir­mək çətinləşir. Məsələn, “Xatirələr” başlığı altında təqdim edilən materiallar arasında örüş yeri üstündə tayfalararası mübahisəni kəsmək “qayda”sına aid bir nümunə var. Həmin nümunədə bildirilir ki, yaylaqları bir-birinin yaxınlığında olan afşar, qaradolaq və şahsevən tayfaları mübahisəni yolu­na qoymaq üçün ağır bir daşı kim (yəni hansı tayfanın nümayəndəsi) qucağına alıb daha uzağ apara bilər? – şərtini kəsməli olurlar. “Mərc daşı”nı götürüb aparan adama tayfa­daş­ları kənardan ürək-dirək verirlər: “nənəm saa qurban, bir az da get, nənəm saa qurban, bir az da get” (Qarabağ: folklor da bir tarixdir. II kitab, s.143). Bu etnoqrafik informasiyada lətifə elementinin olması göz qabağındadır. Yeri gəlmişkən qeyd edək ki, tayfaların döyüşkənliyindən bəhs edən top­la­ma materiallarında yumoristik ahəng səciyyəvi cəhətlərdən biri kimi özünü göstərir. Bu cür ahəngi bir əlinə sırıxlıdan bəlgə dolayıb qalxan kimi qabağa tutan, o biri əlinə gərmə­şov və ya zoğaldan çomaq alıb döyüşə atılan şahsevən kişi­ləri, əlində ağac neçə-neçə pəzəvəngə dov gələn şahsevən qadınları haqda; hər addımda qarşıya çıxan şahsevən dəliləri haqda; şallağının sapı qartal, ceyran-əlik ayağından olan qaradolaq bəyzadələri haqda materiallarda da görmək olar. Yumoristik ahəng, söz yox ki, tayfaların keçmişindən və bu günündən bəhs edən mətnlərə xüsusi bir nikbinlik gətirir.

Öz kimliyindən ruh yüksəkliyi ilə danışan, mənsub olduğu tayfanın özünəməxsus cəhətlərini böyük həvəslə diq­qətə çatdırmağa çalışan informator geyim məsələsindən bəhs etməklə toplayıcını tayfa özünəməxsusluğu barədə dedik­lə­rinə inandıra bilir: “Bizim afşar camaatı qara paltar geyinər­miş, papax əvəzinə ağ şaldan başdarına dolax doluyarmışdar. Qaradolaxların hamısı ağ yunnan tikilmiş dümağ şalvar, ağ çuxa geyinərmiş. Qaradolaxlılar boyaxlı paltar geyinməz­miş­dər. Şalvarrarı ağ olarmış, dolaxları qara. Budey köş gəlir, baxın görün kimin köçüdü? Baxırmışdar ki, qaradolax­lardı. Qaradolax adı ordan qalıb. Şahsevənni də paltarını qırmızı rəngnən boyuyurdu. Daim qırmızı çuxası, qırmızı şalvarı olardı. Deyərdih, köş gəlir, baxın görün oların əyni­nin paltarı nə rəhdədi? Deyərdilər, qırmızı, o sahat deyərdih, həə, şahsevəndi, qırmızı şalvar şahsevənnilər gəlir.

Bizə (afşarlara) “ağdolaxlı” deyərdilər. Buna görə el məsə­limiz də var: ağdolaxlım sağ olsun, tapılmayan qız olsun” (Qarabağ: folklor da bir tarixdir. II kitab, s.139). İnfor­mator bu məsəli xatırlatmaqla öz geyimi, öz davranışı olan tayfanın daxili mühafizəkarlığına, onun başqa tayfadan qız almağa, həm də yəqin ki, başqa tayfaya qız verməyə meyil­li olmamasına işarə edir. Bu cür mühafizəkarlığın, qon­şu tayfalardan fərqli paltar geyməyin döyüş-savaş psixologi­yası ilə bir əlaqəsi varmı? Bizcə, var. Məsələ burasındadır ki, kənar təhlükədən qorunmaq üçün öz içinə çəkilməli olan tayfa döyüş-savaş məqamında özünü nişanvermə elementlə­rinə ehtiyac duyur. Geyim belə elementlərdən biridir. Dava-dalaşa qoşulan hər hansı bir şəxs öz tayfadaşlarını başqala­rından geyiminə baxmaqla daha tez seçə bilir.

Tayfalarla bağlı toplama materialları içərisində tərəkə­mə oyunları diqqəti xüsusi olaraq cəlb edir. “Papaq”, “Dəs­mal”, “Keçipapaq”, “Çoban”… kimi adlarla qeydə alınan bu oyunlar, çox təəssüf ki, bu vaxtacan folklorşünas və etno­qrafların diqqətindən kənarda qalıb. Halbuki Qarabağda ənənə kimi bu günün özündə də yaşayan tərəkəmə oyunlarını hərtərəfli qeydə alıb, araşdırıb bəzi mübahisəli məsələlərə bir aydınlıq gətirmək olar. Belə mübahisəli məsələlərdən biri “Çövkən” oyununun kimə – hansı xalqa daha çox məxsus­luğu məsələsidir. Orta əsrlərdə Şərq xalqları arasında geniş yayılan, Şərq hökmdarları və saray əyanlarının sevimli oyu­nu­na çevrilən çövkənin bizə nə dərəcədə bağlı olduğunu gös­tərən məlum və məşhur faktlar var: Beyləqan ərazisindən tapılan və üzərində çövkən oyununun təsviri olan IX-X əsr­lə­rə aid şirli qab; N.Gəncəvinin “Xosrov və Şirin”, “İskən­dərnamə” poemalarında çövkən oyunundan bəhs edən epi­zod­lar; Azərbaycan miniatür sənətində çövkən oyununa aid nümunələr və s. Bu cür faktların əhəmiyyətini azaltmadan deyə bilərik ki, çövkən tipli atüstü oyunların bu gün Qara­ba­ğın tərəkəmə camaatı arasında yaşaması ən tutarlı dəlillərdən biridir. Dəlilin nə dərəcədə tutarlı olmasını Ağcabədidə qeydə alınmış səciyyəvi oyunlardan birinin – “Çoban” oyu­nu­nun təsvirindən açıq-aydın görmək olar: Çobanlar əski par­çası və yaxud yapıncını yumrulayıb, iplə sarıyıb top düzəl­dirlər. Daşın birini bu tərəfə, birini əks tərəfə qoyub, eni təxminən üç metr olan qapı düzəldirlər. Əllərinə ucu toppuz­lu çomaq alıb atlara minirlər. Hər biri üç və ya beş nəfərdən ibarət olan iki dəstə düzəlir. Və oyun başlanır. Qaydaya görə, hər dəstə atdan düşmədən çomaqla vura-vura topu aparıb qapıdan keçirməlidir. Atdan yerə yıxılan və ya çomağı əlindən salan adam oyundan çıxarılır. Bizdə, eləcə də qırğız, qazax, qaraqalpaq və b. türk xalqlarında bu cür atüstü oyunların dövriyyədən, canlı ifadan çıxmaması “Çövkən”in başqa xalqlarla müqayisədə türk xalqlarına daha çox aid olmasından danışmağa əsas verir.



Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəx­siy­yətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azər­bay­can) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlə­rini öyrənmək üçün bir qaynağa çevrilir. Belə məsələlərdən biri sovet dövrünün qaçaqları haqqında xalq təsəvvür və düşüncəsidir. Aydın məsələdir ki, bu təsəvvür və düşüncəni əks etdirən rəvayətləri sovet dövründə yazıya almaq toplayı­cı və söyləyicinin maraq dairəsinə daxil deyildi. Kimsə həvəs və cəsarət göstərib yazıya alsaydı belə, həmin rəvayət­ləri sovet dövründə çap etdirmək ağrımayan başa duz bağla­maq­dan başqa bir şey olmazdı. Bolşevizmin mübarizə aparıb axırına çıxdığı və həmişə gözdən salmaq istədiyi çarizmə gəldikdə isə, burada (yəni çarizm dövrünün qaçaqlarına aid mahnılar, rəvayətlər, dastanlar qeydə alıb çap etdirməkdə) elə bir qadağa yox idi. Olsa-olsa millətçilik damğası vurub daşnaklarla toqquşma motivinə qadağa qoyula bilərdi. Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı və b. qaçaqları “istismarçı” bəylərə və xanlara qarşı mübarizə aparan qəhrəmanlar kimi nə qədər öyürsən, öy – heç kim sənə (söyləyici və topla­yıcıya) güldən ağır söz demirdi. XX əsrin 20-30-cu illərində NKVD qüvvələri ilə vuruşmalı olan qaçaqları isə öymək nə­dir, onların haqqında ucadan danışmaq belə mümkün deyil­di. Haqqında ucadan danışılması sovet dövründə mümkün olmayan bu qaçaqlar unuduldularmı, yaddan çıxdılarmı? Əlbət­tə, yox. Əgər sovet dövrünün qaçaqları unudulsaydılar, yad­daş­lardan silinib getmiş olsaydılar, bu gün həmin qaçaq­larla bağlı rəvayətlər Qarabağ əhalisi arasında bu qədər geniş yayılmazdı. Maraqlıdır ki, sovet dövrünün qaçaqları (Qara Məmməd, Qaçaq İldırım, Qaçaq Baba, Qaçaq Hümmət və b.) rəvayətlərdə Mircəfər Bağırovla (folklordakı əzazil pad­şah obrazının paradiqması ilə) kəllə-kəlləyə gələn qorxmaz adam­lar kimi təqdim edilməkdən başqa, yetim-yesirin qey­dinə qalan, qanı bahasına qazandığı tikəni onlarla bölməyə hazır olan insaf sahibləri kimi də təqdim edilirlər. Qaçaq Hüm­mətin üç gün ac-yalavac qalan atasız uşaqlara dəyir­man­­dan həyatı bahasına un gətirib verməsi bunun bariz gös­tə­ricisidir (Qarabağ: folklor da bir tarixdir. IV kitab. Top­layanlar İ.Rüstəmzadə, S.Bağdadova. Tərtib edəni İ.Rüs­təm­zadə. Bakı, Elm və təhsil, 2013, s.179-181). Yeri gəlmiş­kən qeyd edək ki, qaçaqlarla bağlı mətnlərdə müşahidə etdiyimiz bu cəhət (yəni vurub-tutan, ömrü döyüşlərdə keçən qaçaq­ların mənəvi-əxlaqi keyfiyyətlərinin xüsusi olaraq qabar­dılması) digər tarixi şəxsiyyətlər haqqındakı rəvayət­lər­də də özünü göstərir. Paşa bəy, Sultan bəy, Xosrov bəylə bağlı rəvayətlərdə müdriklik bu şəxsiyyətlərin ən başlıca keyfiy­yətlərindən biri kimi təqdim edilir. Məsələn, Paşa bəyin öz oğlunu sürü ilə it bəsləməkdə qınaması və ona ca­maat ba­rə­də düşünməyi məsləhət görməsi, müdrikliyin tipik epizod­larındandır (Qarabağ: folklor da bir tarixdir. IV kitab, s.124-125). Belə epizodlardan aydın olur ki, son vaxtlar Qara­bağdan toplanmış çoxsaylı rəvayətlərdə folklorun ənə­nə­vi modelinə uyğun olaraq, qəhrəmanı həm vuran qolun, həm də iti ağılın daşıyıcısı kimi görürük.

Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərdə xalq mədəniy­yə­tinin bir sıra maraqlı cəhətlərini üzə çıxaran detallarla da qarşılaşırıq. Belə detalların bir qismi nüfuzlu bəylərin yanında hazırcavab adamların fəaliyyət göstərməsinə aiddir. Maraqlıdır ki, həmin hazırcavab adamlara Qarabağda “lotu” deyilib. Məsələn, Aşıq Abbas adlı bir adam Paşa bəyin, son­ra isə Sultan bəyin, Bic Paşa adlı başqa birisi Savalan bəyin lotusu olub. Lotu Əmirqulu adlı bir hazırcavab adam isə aşıqların yanında məclislərdə iştirak edib. Təbii ki, qeyd etdi­yimiz misallarda “lotu” “kələkbaz” mənasındadır və bu kələkbazın istər bəylər, istərsə də aşıqlar yanında başlıca funksiyası küy-kələklə ən çətin vəziyyətdən çıxmaq, məclis­də atılan atmacaya, verilən ən köntöy suala ustalıqla cavab qaytarmaqdır. Bu cür hazırcavab adamların “lotu” adlandırıl­ması tarixi ənənədən gələn bir haldır. Xatırladaq ki, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın təlxəyi də məhz Lotu Qulu adlı bir şəxs olub. Lotunun (təlxəyin) komik əvəzedici olduğunu, hökmdarı (bəyi, xanı) şərdən qorumaq kimi magik bir funksiya daşıdığını nəzərə alıb, Qarabağdan toplanmış materiallar əsasında bu obrazın (lotunun) mifoloji paralelləri üzərində də dayanmaq olar. Yəni çoxlu misallar gətirib magik əvəzedicilik və ikiləşmənin bir sistem, silsilə yaratdığını, insan obrazları ilə yanaşı, bir sıra başqa obraz­ları da əhatə etdiyini göstərmək mümkündür. Faktlar göstərir ki, Azərbaycanın bəzi bölgələrində (xüsusən də Ordubadda) qeydə alınan “Xan bəzəmə” oyunu “Padşah bəzəmə”, “Şah bəzəmə” və s. adlarla Qarabağda da mövcuddur (Qarabağ: folklor da bir tarixdir. IV kitab, s.223-230) və bu oyundakı yalançı padşah həqiqi padşahın (xanın, bəyin) imitasiyası – “ikin­ci nüsxəsi”dir. Faktlar göstərir ki, Azərbaycan toyların­da geniş yer tutan sağdış-soldış ənənəsinin Qarabağda təzə­bəyin qardaşlığı variantı da var (Qarabağ: folklor da bir tarix­dir. IV kitab, s.233-234). Toy günü çiyninə qırmızı şal bağlanıb başqa adamlardan fərqləndirilən, təzəbəyə maddi və mənəvi yardımçı olan qardaşlıq da təzəbəyin “ikinci nüsxəsi”dir. Bu “ikinci nüsxə”lərlə yuxarıda xatırlatdığımız lotular arasında funksiya oxşarlığı yoxdurmu? Əlbəttə, var və bütün bu oxşarlıqlar ikiləşmə adlandırdığımız mifoloji sistemin tərkib hissələridir. Belə ikiləşmə insanla insan ara­sında özünü göstərdiyi kimi, insanla müxtəlif əşyalar (paltar, müqəv­va, daş, güzgü, qab-qacaq…), insanla müxtəlif hey­van­lar (at, ilan, qurbağa…), insanla müxtəlif bitkilər (dağ­dağan, ardıc, qaraağac…) arasında da özünü göstərə bilər: “İlin axır çərşənbəsində sabah tezdən bulax başına gedərdih. Gedə bilməyən adamın köynəyin aparardıx, onun əvəzinnən də suyun üsdünnən tullanardıx, deyərdih, ağırrığı, uğurruğu, diş ağrısı, baş ağrısı – hamısı tokülsün qalsın suyun üsdün­də” (Qarabağ: folklor da bir tarixdir. IV kitab, s.223). Lotu – bəyin, xanın, yalançı padşah – həqiqi padşahın magik əvəz­edicisi olduğu kimi, bu mətndə də köynək – bayram günü suyun üstündən tullanası adamın magik əvəzedicisidir. Əl­bət­tə, burada məqsədimiz heç də əvəzedicilik problemindən geniş şəkildə bəhs etmək deyil. Məqsədimiz Qarabağ əhali­sindən toplanmış folklor materialları içərisində ayrı-ayrı şəx­siy­yətlərlə bağlı nümunələrin geniş yer tutmasını və həmin nümunələrin mənşəcə xalq mədəniyyətinə məxsus arxaik qatlara gedib çıxmasını diqqətə çatdırmaqdır.

Say və sanbal etibarilə seçilən materiallar sırasında dini məz­munlu nümunələri xüsusi qeyd etmək lazım gəlir. Topla­ma materialları sırasında dini məzmunlu nümunələrin sayca çoxluq yaratmasını belə bir faktdan da görmək olar ki, bu nümunələr bir-iki yox, neçə-neçə janrı (məsələn, əfsanə, rəva­yət, nağıl, atalar sözü və məsəl, alqış, qarğış və s.) əhatə edir. Müxtəlif janrları əhatə edən dini məzmunlu folklor örnəklərinin söyləyici repertuarında mühüm yer tutması isə səbəbsiz deyil. Səbəblərin ən başlıcası sovet dövründəki yasaq­ların aradan götürülməsi, dini etiqad məsələsində insanların bu gün sərbəst olmalarıdır. Sərbəstliyin nəticəsidir ki, dini mərasimlər vaxtlı-vaxtında keçirilir, müxtəlif müna­si­bətlə qurulan dini məclislər saatlarla, günlərlə çəkir. Belə məclislərə geniş meydan verildiyi, sovet yasaq və qadağa­larını görmüş adamların dini maariflənməyə ehtiyacının ol­du­ğu bir şəraitdə möminlər, təbii ki, fəallaşırlar. Bu fəallığın mühüm göstəricilərindən biri dini sahədə xüsusi söyləyici və dinləyici auditoriyasının formalaşıb çevik və işlək mexa­nizmə yiyələnməsidir. Özü də bu auditoriya böyük yas məc­lis­lərini, müxtəlif dini mərasimləri əhatə etməkdən başqa, həm də ailə-məişətdəki kiçik məclisləri əhatə edir. Böyük məclislərdə çoxsaylı iştirakçının marağını nəzərə alıb dini məzmunlu əfsanə, rəvayət, nağıl danışan molla həmin folk­lor nümunələrini öz ailə üzvlərinə, qonum-qonşusuna, otu­rub-durduğu dost-tanışına da danışır. Beləliklə, mollalar bu günün fəal folklor söyləyicilərindən birinə çevrilir. Mollanın danışdığı əfsanə, rəvayət və nağıllara maraqla qulaq asan dinləyicilərin, hamısı olmasa da, bir çoxu müəyyən qədər söy­lə­yici funksiyası daşıya bilir. Bu gün dindarların söy­ləyici kimi fəallaşması faktını folklor toplayıcılarının səfər qeydləri də təsdiq edir: “Füzuli rayonunda görüşdüyümüz di­gər nağıl söyləyiciləri bizə nağılın quru məzmununu danışır, çox nadir hallarda təsvirə yol verirsə, Sahib Şərifovun söylədiyi nağıllarda hadisələr daha təfsilatlı çatdırılır, tez-tez formullardan istifadə edilir. Bu baxımdan onun söylədiyi mətnlər dolğunluğuna görə digər mətnlərdən fərqlənir. Peşə­cə molla olması və yas məclislərini aparması onun reper­tua­rına da təsirsiz ötüşməyib. Söylədiyi mətnlər daha çox islam dinindən gələn fikirlərin xalq arasında təbliğinə xidmət edir…

Bərdə rayonundan toplanmış folklor nümunələrinin böyük əksəriyyətini Seyid Yusifli kəndindən qeydə almışıq. Ezamiyyə müddətində rayonun daha dörd kəndində olsaq da, həmin kəndlərdə Seyid Yusifli kəndindən topladığımızın heç yarısını da toplaya bilmədik. Bunun əsas səbəbi isə haqqında bəhs olunan Seyid Yusifli kəndində məhərrəmlik axşamla­rının son dövrlərə qədər saxlanmasıdır. Təsadüfi deyil ki, həmin kənddən toplanmış folklor nümunələrini söyləyən söyləyicilərin hər ikisi məhərrəmlik məclislərində fəal iştirak etmiş şəxslərdir” (İ.Rüstəmzadə. Tərtibçidən // Qarabağ: folk­lor da bir tarixdir. V kitab, s.6-7-8). Bu cür dini məclis­lər aparan şəxslər, yaxud həmin məclislərdə iştirak edib orada eşitdiklərini yadda saxlayan adamlar, təbii ki, qismət, alın yazısı, ibadət, xeyirxahlıq və s. məsələlərlə bağlı, pir və ocaqların, dini şəxsiyyətlərin möcüzə və kəramətləri ilə bağlı əfsanə və rəvayətləri danışmağa daha çox maraq göstərirlər. Təfsilata varmadan həmin əfsanə və rəvayətləri iki əsas qrupa ayırmaq olar: a) ümumilikdə islam dünyagörüşü ilə bağlı olub lokal səciyyə daşımayan mətnlər; b) əsasən Qara­bağ­da yaranıb daha çox lokal səciyyə daşıyan mətnlər. Dün­yanın yaranması, ayrı-ayrı peyğəmbərlərin, həmçinin Həzrət Əlinin hikmət və möcüzələri haqda əfsanə və rəvayətləri birinci qrupa; Seyid Həmzə Nigari, Hacı Qasım Çələbi, Alı Çələbi, Yasin Çələbi, Yəhya Çələbi, Fatma Çələbi, Seyid Əsəd ağa, Seyid Yusif ağa, Seyid Füqəra və b. dərvişlər, övliyalar haqda, həmçinin onlara aid ziyarətgahlar haqda mətnləri isə ikinci qrupa daxil etmək olar. İkinci qrupa daxil olan mətnlər həm Qarabağ folklorunun regional xüsusiy­yət­lərini öyrənmək, həm də bu folkloru şamançılıq və sufiliyə bağlayan xətləri üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Qarabağdan toplanmış nağıllar isə ayrıca söhbətin möv­­zu­sudur. Burada qısaca olaraq onu deyə bilərik ki, folklor ezamiyyələri bir çox başqa janrlar kimi nağılların da Qarabağda zəngin xəzinə yaratmasından xəbər verir. 2012-2013-cü illərdə Folklor İnstitutunun apardığı ardıcıl toplama işləri nəticəsində Qarabağdan 300-ə yaxın nağıl qeydə alınıb və həmin nağıllar hələlik 6 cildi çap olunan “Qarabağ: folklor da bir tarixdir” kitabına daxil edilib. Qarabağ folk­loru­nun toplanması, sistemləşdirilməsi və araşdırılması işin­də böyük zəhməti olan folklorşünas İlkin Rüstəmzadənin müşahidəsinə görə, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxdur və həmin nağıllarda əksini tapan süjetlər Beynəlxalq Nağıl Kataloquna düşməyib. “Qaraçuxası yatmış adam”, “Qismətdən qaçmaq olmaz”, “İki sünbülün söhbəti”, “Üç manatın misalı”, “Ana övladını Əzrayıldan qaçırır”, “Bacı həsrəti”, “Özünü lallığa vurmuş oğlan”, “Özgəsinə quyu qazan özü düşər”, “Ovsa­nata düşən tikə”, “Çobanın Həcc ziyarəti” və s. kimi nağıl süjetləri Beynəlxalq Aarne-Tompson Kataloquna düşməyən nümunələrdəndir. Bu, o deməkdir ki, Qarabağdan toplanan nağıllar milli-mənəvi varlığımızın göstəricisi olmaqla yana­şı, həm də Beynəlxalq Nağıl Kataloqunu dolğunlaşdırmaq gücündə olan folklor örnəkləridir.



“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində görülən işlərin mü­hüm nəticələrindən biri də Əli Süleymanov (Ağdamın Ətye­məzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kən­di), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) və b. pro­fes­sional söyləyicilərin – Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır. Haqqında, ötəri də olsa, danışdığımız folk­lor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən qeydə alınıb. Şifahi söz sənətinin bu əvəzsiz daşıyıcıları haq­da az-çox təsəvvür yaratmaq üçün belə bir fakt düzümünə diq­qət yetirək ki, Qarabağ toplularında çap olunan 300-ə ya­xın nağıldan 17-sini Əli Süleymanov, 13-ünü Musa Bay­ra­mov, 13-ünü Narış Bayramova söyləyib. İnternetin dünya­ya meydan oxuduğu bugünkü şəraitdə bir informatorun 20-ə ya­xın nağıl bilməsi, həmin nağılları toplayıcıya ustalıqla çat­dır­­ması, əlavə olaraq neçə-neçə əfsanə, rəvayət, lətifə… söy­lə­məsi sevindirici haldır. Sevinirsən ki, bu gün elin söz sər­vətini qəlbində yaşadan adamlar var və həmin adamların sa­yə­sində o sərvəti zərrə-zərrə toplamaq, araya-ərsəyə gətir­mək mümkün olur.
2013
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə