AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda




Yüklə 0.72 Mb.
səhifə1/9
tarix22.02.2016
ölçüsü0.72 Mb.
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

Əlyazması hüququnda

SEVİNC AŞUR qızı QASIMOVA
AZƏRBAYCANDA NOVRUZ ƏNƏNƏLƏRİ VƏ İNANCLARI
5719.01 – Folklorşünaslıq

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş
D İ S S E R T A S İ Y A

Elmi rəhbər:

filologiya üzrə elmlər doktoru

Seyfəddin Gülverdi oğlu Rzayev


B A K I – 2015

M Ü N D Ə R İ C A T
G İ R İ Ş........................................................................................... 3

I FƏSİL

Novruz milli ənənə kimi.................................................................. 8

1.1. Novruz bayramı milli-mənəvi ənənə kimi................................. 11

1.2. Novruz bayramı və milli dövlətçilik ənənələri.......................... 19
II FƏSİL

Novruz bayramı ilə bağlı mərasim ənənələri............................... 40

2.1. İlaxır çərşənbələrlə bağlı ənənələr............................................. 40

2.2. Sosial birlik və paylaşma ənənələri........................................... 62

2.3. Tamaşa ənənələri....................................................................... 67

2.4. Oyun ənənələri........................................................................... 79

2.5. Mətbəx ənənələri........................................................................ 84


III FƏSİL

Novruz bayramı ilə bağlı inanclar................................................. 91

3.1. Novruz inanclarında qeyri-adi zaman nöqtəsi............................ 91

3.2. Novruz inanclarında təbiət kultları............................................. 94

3.2.1. Od kultu ilə bağlı inanclar....................................................... 94

3.2.2. Su kultu ilə bağlı inanclar........................................................ 99

3.2.3. Bitki kultu ilə bağlı inanclar.................................................... 109

3.2.4. Torpaq kultu ilə bağlı inanclar................................................ 118

3.3. Novruz falları ilə bağlı inanclar.................................................. 124


NƏTİCƏ............................................................................................

ƏDƏBİYYAT....................................................................................
G İ R İ Ş
Mövzunun aktuallığı. Azərbaycan milli-mənəvi mədəniyyətinin ən qədim və zəngin tarixə malik, eyni zamanda ən aktual abidələrindən biri və bəlkə də, birincisi Novruz bayramıdır. Bu bayramın həm zaman, həm yaşarılıq baxımından birinci hesab olunması təsadüfi deyildir. Xalqımızın mədəniyyət tarixində nə qədər böyük abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən epoxaları ilə bağlıdır. Lakin Novruz bayramının həm qədimlik, həm də müasirlik baxımından milli mədəniyyətimizdə xüsusi və əlahiddə yeri vardır. Birincisi, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. Bu bayramın tarixi o qədər qədimdir ki, hətta onun dəqiq yaşını müəyyənləşdirmək mümkün deyildir. İkincisi, Azərbaycan mədəniyyət tarixində Novruz bayramı kimi ikinci elə bir mədəniyyət hadisəsi tapmaq mümkün deyildir ki, o, tarixin ən qədim dövrlərindən bu günə kimi bir an belə olsun xalqımızın həyatından ayrı düşməsin. Bu – Novruz bayramıdır. O, həmişə – tarixin bütün dövrlərində, bütün epoxalarında xalqımızla birgə olmuş, milli mədəniyyətimizin, milli mənəviyyat və həyatımızın ayrılmaz parçasına çevrilmişdir. Novruz bayramına heç vaxt sönməyən, tükənməyən elmi marağın da əsasında elə bu amil durur. Ona xalqımızın hər zaman böyük ehtiyacı olmuşdur. Sovet dövründə vətənpərvər alimlərimiz bu bayramı “yaz bayramı”, “təbiətin oyanışı bayramı” və s. adlar altında yaşatmağa çalışırdılar ki, onu ölməyə qoymasınlar. Çünki Novruz milli varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtəşəm qaynağıdır. O, bu əsas vəzifəsini bu gün də uğurla yerinə yetirir. Müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində muğam, xalçaçılıq və aşıq sənəti ilə yanaşı, mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilmişdir. Bu da, öz növbəsində ona olan elmi marağı daha da gücləndirir. Bu cəhətdən “Azərbaycanda Novruz ənənələri və inancları” mövzusu xüsusi elmi aktuallıq kəsb edir. Novruz bayramının milli mədəniyyətimizdəki rolunun ildən-ilə daha da güclənməsi onu yaşadan, ölməyə qoymayan ənənələri və onların əsasında duran müqəddəs dəyərləri – inanc sistemini dərindən öyrənməyi xüsusi elmi vəzifə kimi qarşıya qoyur.

Dissertasiyanın obyekti və predmeti. Tədqiqatın obyektində milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramı durur. Novruz bayramı bir kompleks kimi milli mədəniyyətimizin bir çox qatlarını – mifləri, arxaik mərasimləri, oyun və tamaşaları, adət-ənənələri, mahnı və nəğmələri, epik, lirik və dramatik folklorun bayramla bağlı bir çox janrlarını (lətifələri, alqış-duaları, mərasim şeirlərini, tapmacaları və s.), sosial münasibətləri (küsülülərin barışması və s.), ideoloji görüşləri (müxtəlif dövrlərin siyasi və dini sistemlərinin izlərini), mərasimi davranış formalarını (bayramlaşma, payapardı və s.), zəngin mətbəx-məişət ənənələrini özündə qovuşdurur. Bu bayramın Azərbaycan mədəniyyətinin nə qədər zəngin qatlarını, bu qatlara məxsus elementləri özündə qovuşdurub yaşatdığını əhatə etmək belə çətindir. Bu sadalananların hər biri ayrı-ayrılıqda müstəqil tədqiqatların mövzusudur. Bu cəhətdən bizim apardığımız araşdırmanın predmetini Azərbaycanda keçirilən Novruz bayramına məxsus ənənə və inancların öyrənilməsi təşkil edir.

İşdə əsas məqsəd və vəzifələr. Tədqiqatın aparılmasında başlıca məqsəd Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə və inancların öyrənilməsidir. Bu məqsəd aşağıdakı vəzifələri əhatə edir:

Novruz bayramı ilə bağlı ilaxır çərşənbə ənənələrinin tədqiqi;

Novruz bayramı ilə bağlı tamaşa ənənələrinin tədqiqi;

Novruz bayramı ilə bağlı oyun ənənələrinin tədqiqi;

Novruz bayramı ilə bağlı magik ənənələrin (falların) tədqiqi;

Novruz bayramı ilə bağlı mətbəx-məişət ənənələrinin tədqiqi;

Novruz bayramı ilə bağlı inanc ənənələrinin tədqiqi;

Novruz bayramı ilə bağlı əsas kultların (od/atəş, su, bitki, torpaq və s.) tədqiqi və s.



Mövzunun öyrənilmə dərəcəsi. Novruz bayramı ilə bağlı çoxlu tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar mövzu baxımından çox məsələləri əhatə edir. Çünki bu bayram bir kompleksdir və özündə mərasimlərdən tutmuş poetik ənənələrə, mətbəx məişət məsələlərinə qədər saysız dərəcədə zəngin ənənələri birləşdirir. Tədqiqatlarda bu məsələlər müxtəlif yönlərdən işıqlandırılmışdır. Eyni məsələlərə müxtəlif dövrlərdə fərqli münasibət bəslənmişdir. Sovet dövründə bu bayramın milli mədəniyyətimizdəki yeri və rolunu dərindən dərk edən tədqiqatçılar əsasən onu müdafiə edən yazılar yazıblar. Çünki sovet ideoloqları Novruz bayramına sırf dini bayram donu geydirib, onu milli mədəniyyətimizdən silməyə çalışırdılar. Odur ki, millətsevər alimlər Novruz bayramının dini bir bayram olmadığını, dini ənənələrin bu bayrama sonradan qarışdığını sübuta yetirməyə çalışmaqla, onu xilas etməyə, yaşatmağa, hücumlardan, repressiyalardan qorumağa çalışırdılar. Bundan irəli gəlməklə Novruz bayramı həmin tədqiqatlarda, əsasən, yaz bayramı, təbiət bayramı kimi təqdim olunur.

Novruz bayramı haqqında daha dolğun tədqiqatlar müstəqillikdən sonra aparılmağa başlanmışdır. Bu tədqiqatlarda Novruz bayramı ilə bağlı bütün məsələlər əhatəli şəkildə qoyularaq həllinə çalışılmışdır. Ümumiyyətlə, Novruzla bağlı araşdırmalarda dissertasiyanın predmetini təşkil edən məsələlərə də toxunulmuşdur. Lakin dissertasiyadakı tədqiqatı digər araşdırmalardan fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bu tədqiqatda Azərbaycan Novruzuna məxsus ənənələr inanc əsaslarına bağlı şəkildə sistemləşdirilmişdir. Yəni dissertasiyada Novruz ənənələri onların inanc qaynaqları, inanc kökləri ilə birgə tədqiq olunmuşdur. Bu zaman mövzu ilə bağlı mövcud tədqiqatlardan yetərincə istifadə olunmağa çalışılmışdır.



Dissertasiyanın əsas elmi yenilikləri. Tədqiqatda bir sıra elmi yeniliklər əldə edilmışdır. Onları aşağıdakı şəkildə ümumiləşdirmək olar:

Novruz bayramının milli mədəniyyətdəki yeri və rolu araşdırılaraq onun mənəvi ənənə kimi mahiyyəti üzə çıxarılmışdır;

Novruz bayramının milli dövlətçilik ənənələrindəki yeri və rolu müəyyənləşdirilmişdir;

İlaxır çərşənbə ənənələri ilə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilmişdir;

Novruz sosial birlik və paylaşma bayramı kimi səciyyələndirilmişdir;

Novruz tamaşa ənənələrinin əsas məzmun və mahiyyəti müəyyənləşdirilmişdir;

Novruz oyun ənənələrinin əsas məzmun və mahiyyəti müəyyənləşdirilmişdir.

Novruz mətbəx ənənələrinin mərasimi mahiyyəti və inanc əsasları müəyyənləşdirilmişdir;

Novruz inanclarında qeyri-adi zaman nöqtəsi müəyyənləşdirilmiş və onun əsas mahiyyəti üzə çıxarılmışdır;

Novruz inanclarında od kultunun rolu və mahiyyəti müəyyənləşdirilmişdir;

Novruz inanclarında su kultunun rolu və mahiyyəti müəyyənləşdirilmişdir;

Novruz inanclarında bitki kultunun rolu və mahiyyəti müəyyənləşdirilmişdir;

Novruz inanclarında torpaq kultunun rolu və mahiyyəti müəyyənləşdirilmişdir;

Novruz fallarının inanc əsasları üzə çıxarılmışdır və s.



Tədqiqatın nəzəri-metodoloji bazası. Araşdırmanın əsas nəzəri-metodoloji bazasını Azərbaycan alimlərinin tədqiqatları təşkil edir. Bu, ondan irəli gəlir ki, Azərbaycan xalqına məxsus Novruz bayramı ənənə və inancları daha obyektiv və daha ətraflı şəkildə məhz Azərbaycan alimlərinin tədqiqatlarında əhatə olunmuşdur. Azərbaycan Novruzu ilə bağlı tədqiqat aparmış xarici ölkə alimləri (eləcə də bəzi Azərbaycan alimləri) xalqımıza məxsus bu bayramın tarixini, mənşəyini yad köklərə, yad mənşələrə bağlamış, onun Azərbaycan mədəniyyətinə kənardan gəlmə olduğunu sübuta yetirmək istəmişlər. Halbuki Şərqdə geniş yayılmış, çox böyük ərazidə keçirilən Novruz bayramının hamıya aid olan xüsusiyyətləri ilə bərabər, elə cəhətləri vardır ki, ona yalnız türk xalqlarının, o cümlədən Azərbaycan xalqının keçirdiyi Novruz bayramında rast gəlmək mümkündür. Bu cəhətlər xüsusilə qədim inanclarla, mərasimi görüşlərlə bağlıdır. Xarici ölkə alimləri bu faktlara bəzən göz yumub, onlara etina etmədiyi halda, Azərbaycan alimləri bu kimi faktlara əsaslanıb Azərbaycan Novruzunun özünəməxsus cəhətlərini aşkarlamaq istiqamətində böyük işlər görmüşlər. Biz də tədqiqatda Azərbaycan alimlərinin araşdırmalarını əsas nəzəri-metodoloji baza kimi götürməyi məqsədəuyğun bilirik.

Novruz bayramı çox qədim köklərə malik tarixi bayramdır. Onu tədqiq edərkən tarixi cəhətdən yanaşma həmişə əsas götürülməlidir. Tarixi yanaşma eyni zamanda müqayisəli yanaşmanı da tələb edir. Çünki Novruz bayramı tarixən inkişaf edib təkmilləşmiş, onun şəklində, məzmununda dəyişikliklər baş vermişdir. Bunlar isə müqayisəli yanaşma tələb edir. Beləliklə, tədqiqatda metod kimi tarixi-müqayisəli yanaşma əsas götürülmüşdür.



Dissertasiyanın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti vardır. Dissertasiyanın nəzəri əhəmiyyəti ilk növbədə onda ifadə olunur ki, burada Azərbaycan Novruzunun özünəməxsus ənənələri inanc əsasları ilə birgə tədqiq olunaraq sistemləşdirilmişdir. Bu sistemləşdirmənin nəticələri, yenilikləri, əldə olunan qənaətlər, ehtimal və fərziyyələrin bu mövzuda yazılacaq sonrakı tədqiqatlar üçün nəzəri əhəmiyyəti vardır.

Dissertasiyanın praktiki əhəmiyyəti ilk növbədə Novruz bayramının Azərbaycan mədəniyyətindəki rolunun və elmindəki yerinin get-gedə güclənməsi ilə şərtlənir. İndi elektron informasiya vasitələrində (radio və televiziyalarda, internetdə) Novruz mövzusu hər il vaxtaşırı əsas mövzuya çevrilmişdir. Bundan başqa ali məktəb dərsliklərində Novruz bayram kompleksi şifahi ədəbiyyatın, milli etnoqrafiyanın əsas mövzularından hesab olunur. Dissertasiyada aparılmış tədqiqat həm elektron informasiya vasitələrində, həm də ali məktəblərdə praktiki vəsait kimi istifadə oluna bilər.



Tədqiqatın aprobasiyası. Dissertasiya işi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində hazırlanmışdır. Tədqiqatın nəticələri, əsas yenilikləri müəllifin Azərbaycanda və xarici ölkələrdə Azərbaycan Ali Attestasiya Komissiyasının norma və tələblərinə uyğun jurnallarda çap etdirdiyi məqalələrdə əks olunmuşdur.

Dissertasiyanın quruluşu: Tədqiqat giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

I F Ə S İ L
NOVRUZ MİLLİ ƏNƏNƏ KİMİ
Xalqımızın həyatı və məişətində, milli düşüncəsində tarixin ən dərin, hətta bilinməz qatlarından başlanmaqla bu günə qədər mühüm yer tutan Novruz bayramı bütünlükdə mərasim hadisəsidir. Ona görə də Novruzla bağlı istənilən ənənəni mərasimdən kənarda təsəvvür etmək mümkün deyildir. Yəni Novruza aid nə varsa, mərasimə aiddir. Ancaq “mərasim” çox geniş anlayışdır: xalqımızın mədəniyyət tarixində bir-birindən fərqli çoxsaylı mərasimlər var. Məsələn, toy, yas, adqoyma, evgördü və s. kimi məişət mərasimləri, yaxud Novruz, Xıdır Əlləz kimi mövsüm mərasimləri və s. Bütün bunların hamısı mərasim anlayışına daxildir və hər birinin öz mənası, öz təyinatı var. Novruz öz mənasına, təyinatına görə bayram mərasimlərinə aiddir. “Bayram” anlayışının da mərasimin növlərindən biri kimi öz mənası var. Beləliklə, Azərbaycanda Novruz ənənələri haqqında danışmazdan əvvəl “mərasim” və “bayram” anlayışlarının mənalarına qısa şəkildə nəzər salmaq lazım gəlir.

Azərbaycan folklorşünaslığında ərəb mənşəli söz olan “mərasim” termini ilə bərabər ingilis mənşəli söz olan “ritual” termini də işlədilir. Hər iki söz eyni mənanı bildirir. İngilis alimi Viktor Terner ritual (mərasim) anlayışı haqqında deyir: «Ritual - jestləri, sözləri, obyektləri əhatə edən hərəkətlərin stereotipik ardıcıllığıdır; xüsusi olaraq hazırlanmış yerdə icra olunur və icraçıların maraq və məqsədlərinə uyğun olaraq fövqəltəbii qüvvə və varlıqlara təsir etmək üçün təyin olunur» (143, 32).

Bu tərifdə ritual (mərasim) anlayışının bütün əsas mənaları ifadə olunub. Mərasim (ritual) qabaqcadan müəyyənləşdirilmiş, əvvəlcədən mərasim iştirakçılarının hamısının bildiyi hərəkətlər, sözlər və obyektlərin məcmusudur. Əslində, ərəb mənşəli söz olan “mərasim” kəlməsində onun mənası izah olunub. “Mərasim” sözü “rəsm”, “rəsmi” sözləri ilə eyni köklüdür. Yəni mərasimdə istənilən hərəkəti etmək, istənilən sözü danışmaq mümkün deyildir. Mərasimdə həmin mərasimin tələb etdiyi hərəkətlər, tələb etdiyi sözlər, yəni rəsmi hərəkət və sözlər – mərasimin təyinatına (rəsminə) uyğun hərəkət və sözlər edilir və danışılır. Bu cəhətinə görə mərasimi teatr tamaşasına bənzətmək olar. Teatr tamaşasının aktyorları qabaqcadan əzbərlədikləri sözləri deyir və qabaqcadan öyrəndikləri hərəkətləri edirlər. Mərasimin də öz qayda-qanunları (ənənələri), sözləri, hərəkətləri var. Məsələn, toy mərasimi başdan-ayağa qabaqcadan məlum olan hərəkət və sözlərdən ibarətdir. Yas mərasiminin də ciddi və sərt qayda-qanunu, ənənələri var: insanlar təyin olunmuş vaxtda təyin olunmuş yerə gəlir, başsağlığı verir, molla mərasimə rəhbərlik edir, onu ardıcıllıqla başa vurur. Bu qayda-qanunlardan kənarda bir hərəkət etmək, artıq söz danışmaq ədəbsizlik, hörmətsizlik sayılır. Novruz da bir mərasimdir. Lakin o, mərasim kimi bir çox mərasimləri özündə birləşdirdiyi üçün nəhəng mərasim kompleksidir və bu kompleksə daxil olan mərasimlərin hər birinin öz rəsmi ənənələri, teatr-kino termini ilə desək, ssenarisi vardır. Bu “ssenaridən” – ənənələrdən kənara çıxmaq olmaz: bu halda mərasim öz mənasını, təyinatını itirər.

Novruz kompleksinə daxil olan mərasimlər bayram mərasimləridir. Bayram – mərasimin növlərindən biridir. V.N.Toporov bu anlayış haqqında yazır ki, “bayram” arxaik mifopoetik və dini ənənədə müqəddəs sfera ilə xüsusi əlaqəsi olan, bayramdakı bütün iştirakçıların həmin sferaya maksimum dərəcədə aidliyini nəzərdə tutan və hansısa institutlaşdırılmış hərəkət kimi qeyd olunan zaman kəsimidir (146, 329).

Bu tərif Novruz mərasiminin bir bayram kimi mənasına da işıq tutur. Əvvəla, Novruz da ilin hər vaxtında yox, konkret zamanda icra olunan mərasimdir. Onun öz vaxtı var. Azərbaycanda Novruz bayramı mart ayında – qışın qurtaracağı ilə yazın başlanğıcının qovşağında keçirilir. Bayram bütövlükdə müqəddəs dəyərlərlə bağlıdır. Heç təsadüfi deyildir ki, xalq Novruz bayramını böyük bir sevgi və hörmətlə “ilin əziz günləri” adlandırır. Digər tərəfdən, Novruz bayramı istisnasız olaraq onu qeyd edən cəmiyyət üzvlərinin hamısına aid olur. Heç kəs Novruzdan kənarda qalmır. Məsələn, Novruz ənənəsinə görə, hər bir kəs ilin axır çərşənbə gecəsində, yəni ilin axırıncı axşamında öz evində olmalıdır. İnanca görə, bir Novruzu öz evində, öz yurdunda keçirə bilməyən insana 7 il öz evində bayram keçirmək qismət olmaz. Demək, Novruzdan kənarda qalmaq cəmiyyətdən, vətəndən, yurddan ayrı düşmək deməkdir.

Azərbaycan Novruzu bir bayram kimi qədim türk bayram ənənələri ilə bağlıdır. Əski türklərdə bayram anlayışını araşdırmış Ağaverdi Xəlil göstərir ki, hər bir xalqın hə­ya­tında əlamətdar günlərin qeyd olun­ması ənənəsi vardır. Türk xalqlarının da əlamətdar günlərini bil­di­rən anlayışların geniş əhatəli olması belə bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir. Bunların içində “toy”/”tuy”/”tu­yun”/ ”dü­­yün”, “şö­lən”, “yəğ­ma” və s. anlayışlarla yanaşı “bay­ram”/­“bəyrəm” sözü də iş­lən­­məkdədir. Xalqın həyatındakı ən əlamətdar günlərdən biri də bayramlardır. Hər xalqın özünə görə bayram adət və ənə­nələri olduğu kimi bayram anlayı­şı­nın da öz dilində mənası vardır. XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem” kimi “Divan”ında izah etmiş və oğuzların onu “bayram” şək­lində işlətdiklərini qeyd etmişdir. Kaşqar­lı­nın verdiyi izaha görə “bayram əylənmə, gülmə halıdır”. Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, tə­biətin canlanması bütün insanlara olduğu kimi, türklərə də də­rin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mə­­rasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan bayram M. Kaşqarlının “Divan”ında “Bedhrem” (bayram) – bir yerin işıqlarla və çiçəklərlə bəzənməsi və orada sevinc için­də əylənilməsidir“ şəklində izah edilmişdir. Bayram sözünün əski türkcədəki forması olan “bed­rem”/“bezrem” heç şübhəsiz ki, “bezemek” felindən ol­ma­lı­dır. Əskidən də keçirilən bir sıra törənlərdə de­korasiyadan is­ti­fadə olunması məlumdur. Törən keçirilən yer bəzədilir və tən­tənəli vəziyyətə gətirilir. Əskidən də mövcud olan “bəz­rəm”lər türk xalqlarının dillərində indi də az dəyişikliklə iş­lən­məkdədir. Məsələn, tatar türklərinin dilində indi də bu söz “bəyrəm” şəklindədir. Bayram adında zənginləşmək anlamı da vardır (65, 3).

Novruz da bir bayram mərasimi kimi kütləvi şənliklə, sevinc və coşqu ilə bağlıdır. İnanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu vəziyyətlərdə qalar.

Beləliklə, Novruz geniş mənada iştirakçıların hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin və sözlərin icrasından ibarət mərasimdir. O, mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun öz vaxtı var, mart ayında, qışın yaza keçid vaxtında icra olunur. Novruz bir mərasim növü kimi, yəni dar mənada, bayramdır, ildəyişmə bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasim ənənələridir.


1.1. Novruz bayramı milli-mənəvi ənənə kimi. Çox qədim tarixə malik olan Azərbaycan xalqı zəngin maddi və mənəvi mədəniyyətə malikdir. Bərəkətli torpaqları, qiymətli yeraltı sərvətləri olan Azərbaycan xalqı bu maddi zənginliklərə sahib olmaqla bərabər, bəşər mədəniyyət tarixini zənginləşdirən nadir mənəvi mədəniyyət nümunələri də yaratmışdır. Təsadüfi deyildir ki, qədim dünya mədəniyyətinin ən məşhur dini-fəlsəfi abidəsi sayılan “Avesta” qədim Azərbaycan tarixi ilə qırılmaz şəkildə bağlıdır. Yaxud oğuzların ulu babası Oğuz kağanın həyatından bəhs etməklə qədim Avrasiyanın tarixini özündə əks etdirən “Oğuznamə” abidəsi həm də milli tariximizin parlaq bir səhifəsi olub, mənəvi-mədəniyyətimizin ən ulu abidələrindən biridir. “Kitabi-Dədə Qorqud” oğuznamələri isə özünün bəşəri-humanist keyfiyyətləri, mənəvi-fəlsəfi siqləti ilə əcdadlarımız oğuzların necə ulu bir mənəviyyata malik olduğunu parlaq şəkildə nümayiş etdirir. Möhtəşəm qəhrəmanlıq eposumuz “Koroğlu” yarandığı çağdan Avrasiya xalqları arasında yayılmış, XIX əsrdə isə Avropada yayılmaqla dünya epos xəzinəsinin ən məşhur abidəsinə çevrilmişdir.

Bu sadalananlar Azərbaycan xalqının qədim folklor abidələri, yəni şifahi yolla yaratdığı sənət zirvələridir. Mədəniyyət tariximizdə Novruz bayramı kimi son dərəcə böyük, əbədiyaşar, tarixi və tarixi olduğu qədər də müasir bir abidə də var. Xalqımızın yazılı mədəniyyət tarixi də son dərəcə zəngindir. Novruz mənəvi mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki bütün başqa abidələrdən öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Novruz bayramı həm yaşına, həm də yaşama gücünə görə, bəlkə də, ən birinci sırada duran mədəniyyət abidəsidir. Doğrudan da, xalqımızın mədəniyyət tarixində nə qədər böyük abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən dövrləri, konkret epoxalarla, zaman kəsimləri ilə bağlıdır. Məsələn, “Avesta” son dərəcə qədim tarixə malikdir. Lakin sonrakı dinlər onu yaşamağa qoymadı və bu baxımdan “Avesta” bu gün bizim üçün bir tarixi abidədir. Ağayar Şükürov və Gülnaz Abdullazadə yazırlar ki, zərdüştilik üç böyük imperiyanın dövlət dini olmuşdur. O, dövlət dini rolunu VII əsrdən başlayaraq, yəni ərəb xilafəti vasitəsilə tətbiq edilən islamın yayılması ilə əlaqədar olaraq itirmişdir. Həmin vaxtdan zərdüştilik öz varlığını ya da çox çətinliklə açıq şəkildə qoruyaraq saxlaya bilmişdir. İndinin özündə də İranda, Hindistanda zərdüştiliyin xeyli tərəfdarları vardır (110, 48-49).

Eyni sözü “Oğuznamə”, o cümlədən “Kitabi-Dədə Qorqud” oğuznamələri haqqında da demək olar. Qədim babalarımız oğuzlar nə qədər ki tarix səhnəsində öz Oğuz adı ilə var idilər, oğuznamələr də aktual idi. Oğuz dövrünün (tarixinin) başa çatması, oğuzlardan müstəqil oğuz xalqlarının (Türkiyə türkləri, Azərbaycan türkləri, türkmənlər, qaqauzlar) yaranması ilə “Oğuznamə” dastanları da yeni dövrün qəhrəmanlıq və məhəbbət dastanlarına (“Koroğlu”, “Qurbani”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm” və s.) transformasiya olundu.

Lakin bu abidələr içərisində tarixi hamısından qədim olsa da, heç vaxt “qocalmayan”, əksinə, daim cavanlaşan bir abidə də var. Bu – Novruz bayramıdır. Onun tarixi, mənşəyi həddindən artıq qədimdir. Dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxmış, əksinə, öz varlığını daha böyük coşqu ilə sürdürmüş, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxmışdır. Məmmədhüseyn Təhmasib özünün 1966-cı ildə çap olunmuş “Adət, ənənə, mərasim, bayram” adlı məqaləsində yazır ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması mərasimi olmuşdur. Məhz elə buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri onlarca bayramları, mərasimləri unutmuş, bunu isə insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmış, indi də hər il həvəslə gözləyir, hörmətlə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir (113, 115).

Bəşər tarixinin ən qanlı ideologiyalarından və bu ideologiya əsasında qurulmuş dövlətlərindən biri olan sovet dövrünü xatırlayaq. Cəlal Qasımov göstərir ki, XX əsrin əvvəllərində – 30-cu illər stalinizm repressiyaları dövründə milli mədəniyyətimiz bütövlükdə repressiyalara, bir çox hallarda məhvə məruz qaldığı kimi, bu qanlı təqiblər Novruz bayramından da yan keçmədi. Həmin dövrdə “Novruz” bayramının keçirilməsi qadağan edildi. Lakin bu bayrama islam dininin qalığı kimi baxan bolşevizmin bütün cəhdlərinə baxmayaraq, onu xalqın yaddaşından silə bilmədi. Öz tarixi ənənələrinə sadiq qalan xalq bu mərasimin meydanlarda olmasa da, mənzillərdə keçirilməsinə nail oldu (79, 14).

Novruz bayramına qarşı sovet-bolşevik ideoloqlarının apardığı mübarizə öz bəhrəsini vermədi. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. C.Qasımovun qeyd etdiyi kimi, 1920-ci illərin axırı və 30-cu illərin əvvəllərində min illərlə xalqın yaddaşında kök salmış “Novruz” bayramı da din pərdəsi altında yasaq edilsə də, illər boyu küçə və meydanlarda böyük ruh yüksəkliyi ilə keçirilən bu milli bayramı xalq artıq gizli olaraq, qapalı şəraitdə, lokal bir məkanda – evində keçirməyə başladı. Bunu bilən dövlət məmurları evlərdə də bu tədbirin keçirilməsini qadağan etdi. Bütün qadağalara, təqib və təzyiqlərə baxmayaraq, xalq əcdaddan transfer edilən bu bayramın unudulmasına imkan vermədi, onu qoruyub saxlaya bildi. Başqa sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər illərlə gendə köklənmiş “Novruz”u yaddaşlardan birdəfəlik silə bilmədi, sadəcə, bu bayramın məkanı daraldı, küçədən, meydandan çıxaraq, evlərə, ürəklərə daxil oldu (79, 19-20).

Bəs qanlı repressiya üsulları ilə işləyən, milli düşüncənin ən xırda təzahürlərinə görə insanları divara söykəyib güllələyən sovet-bolşevik ideologiyasının Novruz bayramı ilə mübarizədə, əslində, məğlub olmasının səbəbi nə idi?

Səbəb Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən dərin qatları ilə bağlı olması idi. Bunlar elə dərin qatlar, elə dərin köklər idi ki, bolşeviklər heç vaxt o dərinliklərə gedib çıxa bilməzdilər. C.Qasımov elə bu dərinlikləri, məhz bu kökləri göz önünə gətirərək yazır ki, 1930-cu illərin sərt qadağaları, zorakı sistem “Novruz”un meydan mərasimlərini müvəqqəti zaman kəsiyində sıradan çıxarsa da, bu milli bayramı bütövlükdə yaddaşdan silə bilmədi. Əslində, bu, mümkün də deyildi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə bağlıdır. Bu bayram tarixən türk etnosunun təşəkkül və formalaşma prosesinin zəruri ünsürü, əsas tərkib materiallarından biri olduğu üçün bir xalq olaraq ümumtürk-oğuz kütləsindən diferensiasiya edən Azərbaycan xalqının etnopsixoloji yaddaşının üzvi elementidir. Başqa sözlə, Novruz qədim Azərbaycan türkünün yaddaşına kənardan gətirilməmiş, etnosun fiziki-psixoloji təcrübəsinin içindən inkişaf edərək mentalitet sisteminin zəruri, ayrılmaz struktur səviyyəsinə çevrilmişdir.

Bu cəhətdən bolveşik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:

– Novruz, sadəcə olaraq, bir bayram yox, Azərbaycan xalqının ritual-mifoloji yaddaşının funksional formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexanizmidir...

– Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüşlərinin yaddaş modeli və bu modelin funksional sistemidir...

– Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsasında funksionallaşır – mövcudluğunu qoruyur və inkişaf etdirir...

– Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə – etnoenergetik sistemə çevirir...

– Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-dövrəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir... (79, 20-21).

Novruz bayramının milli-mənəvi dəyərlərimizin dərin qatları ilə bağlılığından danışarkən tədqiqatçılar çox dərin kökləri üzə çıxarırlar. Mirəli Seyidov Novruz bayramını xalqımızın ən əski dünyagörüşü, mifoloji düşüncəsi, ilkin təbiət ünsürləri olan od, su, ağac və s. ilə əlaqaləndirərək onu təbiətin qışdan sonra yenidən canlanması ilə bağlı yaz bayramı hesab etmişdir (103).

Məhəmməd Tantəkin Novruz bayramının mənşəyi haqqında bəhs edərkən göstərir ki, Novruz bayramının kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai animistik görüşlərinə gedib bağlanır (111, 53).

Hüseyn İsmayılov Novruz bayramının öz ritual-mifoloji kökləri baxımından dörd iri mərhələdən keçdiyini göstərir:

1. Mif mərhələsi;

2. Ritual mərhələsi;

3. Mərasim mərhələsi;

4. Bayram mərhələsi (70, 3).

Nəsimi Şərəfxanlı yazır ki, Novruz əski türk mövsüm və milli qurtuluş bayramıdır. Bu bayram min illərin o tayından gələn Ergənəkon bayramının günümüzdə yaşayan izidir (109, 56).

Yeri gəlmişkən, “Ergənəkon” qədim türk dastan-rəvayətidir. Onun haqqında orta əsrlər türkmən tarixçisi Əbülqazi Bahadır xan məlumat vermişdir. Türk tədqiqatçısı Əbdülxalıq (Abdulhaluk) Çayın Novruz bayramının bu dastan-rəvayətlə bağlılığını təsdiq edən “Novruz Türk Ergənəkon Bayramı” adlı iri həcmli kitabı da var. O yazır ki, türklərdə Novruzla bağlı görə bildiyimiz ən əhəmiyyətli rəvayət bu günün (Novruzun – S.Q.) “Ergənəkon” dastanı ilə bağlı olmasıdır (119, 35).

Azərbaycanlı müəlliflərin adını gah Ergenekon, gah Erkenekon, gah Ərgənəkon, gah Ərgənəqon və s. kimi fərqli fonetik şəkillərdə yazdıqları bu rəvayət-dastanın Kamil Vəli Nərimanoğlunun “Elin yaddaşı, dilin yaddaşı” kitabındakı qısa məzmunu belədir:

“Göytürklər tatarlarla müharibədə məğlub oldular. Hamısı qırıldı, yalnız Elxanın övladlarından Qıyan və Nogüz sağ qaldı.

Müharibədən on gün sonra gecə uşaqlarını alıb at belində qaçdılar. Savaşdan qabaq ordugah qurduqları yerə gəldilər. Burada dəvə, at, öküz və qoyunları qalmışdı. Onları da götürdülər.

Biri o birinə dedi: “Əgər burada qalsaq, düşmənlər bir gün bizi tapacaqlar. Başqa boylara da getmək olmaz, hər tərəf düşməndir. Ən yaxşısı əldən-ayaqdan uzaq bir yerə qaçmaqdır”.

Bunlar belə deyib, sürülərini qabaqlarına qataraq dağlara üz tutdular.

Yolda bir dişi Keyik (maral) gördülər. Dalınca getdilər. Keyik dağların üstündən düz bir yerə keçdi. Hər yeri yaxşıca yoxlayıb gördülər ki, gəldikləri yoldan başqa bir yol yoxdur. Bir az da getdilər, geniş çəmənlik bir ölkə gördülər. Burada axar sular, bulaqlar, meyvə ağacları, heyvanlar var idi. Sevindilər, burada məskən saldılar. Qışda heyvanların ətini yeyir, dərisini geyinir, yazda südünü içirdilər.

Burada 400 il qaldılar, o qədər artıb çoxaldılar ki, daha oraya sığmadılar. Başbuğlar məşvərət elədilər, qərara aldılar ki, buradan çıxsınlar. Yol axtardılar, tapmadılar. Dəmirçi Burteçine dedi ki, dağı əridərək çıxmaq lazımdır.

Sonra öyrəndilər ki, buraya gəlmiş bir qurdu qovarkən dəmir, kömür yatağı tapılıb. Qurd isə yatağın yanındakı balaca deşikdən qaçıb. Hamıya vergi qoyuldu: hər kəs bir sıra odun, bir sıra kömür daşıyıb oraya yığdı. Od vurdular. Dağ əridi, yüklü dəvənin keçə biləcəyi yer qədər yer (oyuq) açıldı.

Martın 9-u günü Ərgənəkondan çıxdılar. O gün bayram elədilər. Burteçine əlinə qurd başlı bir bayraq aldı. Tatarlarla yenə savaşdılar, bu dəfə zəfər çalıb qisaslarını aldılar.



Ə r g ə n – sarp, çılpaq, sərt, yalçın, k o n isə keçid deməkdir (114, 44-45).

Ə.M.Çay yazır ki, Çin qaynaqlarında göytürklərdə böyük törənlərin icra olunduğu və əcdad mağarası kimi tanınan bu yer türk ənənəsində “Ergənəkon” adını almışdır. Əkinçiliyi milli peşə kimi mənimsəmiş olan Çin imperatorları baharın gəlişini saman tutaraq bayram edirdilər. Halbuki türk xaqanları bahar bayramında zindan üzərində qızdırılmış dəmir döyürdülər. Bu adət türklərdə dəmirçiliyin milli peşə olması və dəmir kultu ilə izah oluna bilər. Bu ənənəni yaşadan İqdır ətrafındakı qonar-köçər Yürük, Türkmən tayfaları bu törənlərə “Bu gün Ergənəkon günüdür!” deyərək qatılırlar (119, 38-39).

Seyfəddin Altaylı Novruz bayramı adət-ənənələri ilə “Ərgənəkon” dastanını müqayisə edərək bir sıra oxşarlıqlara diqqət cəlb etmişdir. O yazır ki, Ərgənəkon dastanı ilə bizim qeyd etdiyimiz yaz bayramı, yəni Novruzun arasında müəyyən oxşarlıqlar vardır. Türklər dörd yüz il Ərgənəkon deyilən yerdə yaşadıqdan sonra öz ata-baba yurdlarına atəşin açdığı yoldan çıxıb getmişdilər. Deməli, od onlara azadlıq yolunu, ata-baba yurdunun yolunu açmışdı. Görəsən, Axır Çərşənbə günü qaladığımız tonqallar Ərgənəkondakı dəmir dağı əritmək üçün yetmiş yerdə qurulub yandırılan körüklərin rəmzidirmi? Bayramdan bir həftə qabaq Ölü Bayramı kimi də yad edilən Qəbirüstü günü Ərgənəkondan çıxmazdan əvvəl oradakı qəbirlərlə vidalaşma mərasiminin rəmzi ifadəsi ola bilərmi? Uşaq bayramı üçün evdə hazırlanmış müxtəlif növ çərəz, mer-meyvə, boyanmış yumurtalar Ərgənəkondan çıxış üçün hazırlanan yol azuqəsini xatırlada bilərmi? Dastanda işarə edilən “O müqəddəs ayın, o müqəddəs günün müqəddəs saatını gözləyərək çıxdılar” ifadəsi o ayın, o günün və saatın yaddaşlarda əbədiləşdirilməsi üçün həmin ay, gün və saata müqəddəslik donu geyindirilərək yaddan çıxmasına mane olmasın deyə yozula bilərmi? Çünki türkün olum-ölüm mübarizəsində azadlıq və varlıq yolu yetmiş dəridən düzəldilmiş və yetmiş yerdə qurulmuş körüklərin qızışdırdığı tonqallarla dəmir dağ əridilərək türkə yol açmışdı. Son söz kimi deyə bilərik ki, türklər 21 mart gününü Ərgənəkon dastanının yaranmasından da min illər əvvəl bilirdilər, o günü türkün özünəməxsus mədəniyyəti ilə qarşılayıb yola salırdılar, yaratdıqları dastanda da həmin gün öz rolunu oynamışdı, buna görə də müəyyən oxşarlıqlar nəzərə çarpır (8, 85-86).

Qeyd edək ki, Novruz bayramı özünün ən ilkin mərhələsindən başlamış müasir dövrümüzə qədər müxtəlif məzmun və şəkildəyişmələrə uğramışdır. Bu dəyişmələrin əsas səbəbləri müxtəlif dövrlərin dini ideologiyaları olmuşdur. Novruzun təkcə Azərbaycanda deyil, ümumiyyətlə yayıldığı bütün regionlarda təmasda olduğu, qaynayıb-qarışdığı dinlər tarixinə nəzər saldıqda görürük ki, dünyanın xristianlıq, islam kimi nəhəng dinləri Novruz bayramına təsir edib, onun məzmun və formasında müəyyən izlər qoysa da, Novruz bir bayram kimi heç vaxt bu dinlərin içərisində əriyərək yox olmamışdır. Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə qovuşmuşdur. Bu baxımdan, Novruz bayramı aşağıdakı din və dini-mifoloji dünyagörüşlərini özündə birləşdirir:

1. Qədim türklərin şamanizm dünyagörüşü;

2. Qədim və erkən orta əsr türklərinin tanrıçılıq dini;

3. Qədim Azərbaycan və İran xalqlarının zərdüştilik dini;

4. İslam dini və onun müxtəlif təriqət və məzhəbləri;

5. Xristian türk xalqlarının simasında xristianlıq dini;

6. İudaist türk xalqlarının (əsasən tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında musəvilik – iudaizm dini.

7. İki milyona yaxın buddist türklərin simasında buddizm dini və s. (98, 90).

Dünyanın müxtəlif dinləri ilə əlaqədə olan Novruz bayramının zaman-zaman şəkildəyişmələrə uğrasa da, öz əsas mahiyyətini saxlaması, heç şübhəsiz ki, bu bayramın həmin dini ideologiyalardan daha qədim olması ilə əlaqədardır. Bu barədə Kamil Hüseynoğlu göstərir ki, Novruz bayramı haqqında elmdə çoxsaylı materiallar dərc olunsa da, onun əski kökləri və mənşəyi barədə indiyədək heç bir dəqiq və inandırıcı məlumat yoxdur. Çünki bu bayram haqqında yazılı mənbələrdə verilən məlumatlar X əsrdən uzağa getmir, halbuki bayramın kökləri daha qədimdir. Həm də X əsrədək bu bayram nəinki ciddi transformasiyaya uğrayaraq, əcdad (ilk insan) bayramından əkinçilik və bahar bayramına çevrilmişdir (63, 96).

Harun Güngör Novruzda bir-birinə qarışmış fərqli etnik düşüncələr, adətlər, ənənələr və s. haqqında yazır ki, türklər uzun zaman iranlılarla qonşu olmuş, Ön Asiya millətləri ilə də müxtəlif səviyyələrdə münasibətlərini davam etdirmişlər. Xüsusilə özünü din yolu ilə ifadə edən sami (müəllif “sami” dedikdə ərəblərin babalarını nəzərdə tutur – S.Q.) düşüncəsi Orta Asiyaya təxmin edildiyindən çox qabaq çatmış, bu zaman yol boyunca rast gəldiyi xalqlara təsir etmişdir. Bu təsiri ilaxır çərşənbələr mərasimlərində görə bilirik. Bu bayrama sami mədəni ünsürləri girdiyi kimi, İran mədəni ünsürləri də girmişdir. Xüsusilə “Novruz” adı qarışmanın ən konkret nişanəsidir. Novruz bayramında yandırılan tonqalların zərdüştiliklə əlaqəsi yoxdur. Çünki Lev Nikolayeviç Qumilyovun da haqlı və yerində olan sübutlarına görə, İran düşüncəsində od tapınmanın obyektidir. Halbuki od türk düşüncəsində təmizlənmə vasitəsidir (120, 35-36).

Şaban Kuzğun tarixi qaynaqlara əsaslanaraq yazır ki, qaynaqlardakı məlumatlar Novruzu sadəcə iranlılara aid dini səciyyəli bir bayram saymağa imkan vermir. Əksinə, Məsudi, Şəhristani və İbn əl-Əsir kimi tarixçilərin verdiyi bilgiyə görə, Novruzun türk coğrafiyasında ilk olaraq Azərbaycanda bayram edildiyi ortaya çıxır (129, 108-109).

Pakizə Aytac Novruzun bütün türk xalqlarının mənəviyyatındakı ümumi (ortaq) cəhətlərinə diqqət cəlb edərək göstərir ki, Novruz hadisəsinə və onun içindəki mədəni qəliblərə şaquli və üfüqi zaman səviyyələrində yanaşdığımızda bütün türk dünyasında ortaq bir xatirənin, ortaq ənənə və hislərin, təbiətin və kainatın sirlərinin açılması yolunda ortaq düşüncələrin, bərabər həyəcanların çox az fərqlə ifadə edildiyini görürük (117, 111)

Novruz bayramı orta əsrlər mədəni-ideoloji düşüncə tarixinin ən nəhəng hadisəsi olan islam dini ilə təmas zamanı müəyyən dəyişikliklərə məruz qalsa da, aradan qalxmadı. “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində göstərildiyi kimi, xurafat bu bayramı uzun müddət unutdurmağa çalışmış, hətta onu dördüncü xəlifənin hakimiyyətə gəlməsi ilə bağlamağa cəhd etmişdir. Lakin bunun sonradan qondarıldığı şübhəsizdir. Əvvəla, müsəlman bayramları qəməri təqvimə əsaslandıqları üçün ilbəil öz yerlərini dəyişdikləri, yəni başqa-başqa vaxtlarda, başqa-başqa fəsillərdə icra edildikləri halda, Novruz sabit bir şəkildə ancaq və ancaq yazın birinci günü qarşılanır. Elə buna görə də ruhanilər güzəştə getməyə məcbur olduqdan sonra belə, bu bayramı əsil dini bayramlardan fərqləndirməyə çalışmışlar. Hətta Novruzu məsxərəyə qoymaq, hörmətdən salmaq, təhqir etmək məqsədi ilə onu “topal bayram”, “şikəst bayram”, yəni hərəkət edə bilməyən bayram adlandıranlar da olmuşdur” (11, 107).

Göründüyü kimi, meydana çıxan yeni dinlər qədim köklərə malik Novruzla ziddiyyətə girsə də, bu bayram yaşamaqda davam etmişdir. Hər bir dini ideologiya əvvəlcə onu inkar etmiş, sonra sanki Novruzla barış içərisində yaşamışdır. Bunun əsas səbəbi Novruz bayramının milli-mənəvi dəyərlərə söykənməsi idi. Novruz bayram kimi bir mərasimdir. Lakin o, kiçik bir mərasim yox, xalqın il ərzində icra olunan mövsüm mərasimlərini öz içərisinə alan nəhəng mərasim kompleksidir. Dinlər də mərasimlərlə bağlı olur. Dinlər tarixindən bildiyimiz kimi, yeni dinlər, adətən, onunla tam ziddiyyətə girən köhnə mərasimləri gücü çatırsa aradan qaldırır, gücü çatmırsa, onu özünə uyğunlaşdırır. Novruz bayramının yeni dini ideologiyalarla qarşılaşdığı zaman belə bir uyğunlaşdırmanın şahidi oluruq. Ağaverdi Xəlil bu barədə yazır ki, Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onların bəzilərinə zamanla dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşmiş olur… Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırılmışdır (64, 43).

Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində yeri və rolu əlahiddədir. Bu bayram bir tərəfdən milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “insanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır” (51). “…Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır… Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir” (52).

Bu fikirlərin işığında Məhərrəm Qasımlının da yazdığı kimi, bu gün Azərbaycanda keçirilən Novruz, sözün həqiqi mənasında, ilkin qatla – təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilmişdir. Humanizm, quruculuq, xeyirxahlıq, xoş ünsiyyət və səmimi münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayqıyla yanaşmaq tarix içində olduğu kimi indi də Azərbaycan Novruzunun əsas göstəricisidir (78, 56).

İkinci bir tərəfdən, Novruz bayramı milli-mənəvi dəyərlər sisteminin tərkib hissəsi olmaqla qalmayıb, eyni zamanda onun ənənələrinin daşıyıcısıdır. Yəni Novruz bayramı bir tərəfdən milli-mənəvi dəyərlər sisteminin tərkibinə daxildir, digər tərəfdən isə xalqımızın milli-mənəvi dəyərlərini özündə daşıyaraq yaşatmaqdadır.

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə