AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala




Yüklə 2.09 Mb.
səhifə8/13
tarix22.02.2016
ölçüsü2.09 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Aşıq Mədət

Nədir baxmaz, heç minnətə,

Kim meyl verdi sünnətə,

Kimdi üç kəlmə söhbətə,

Gedib hara vasil oldu?

Aşıq Səaddəddin

Baxmaz əcəl heç minnətə,

Rəsulallah hökm verdi sünnətə.

Musa Allahla söhbətə,

Tur dağına vasil oldu (78).

Bu nümunələrdən məlum olur ki, hər iki aşıq dindən, övliyalardan, Quran­dan və ürfandan, eyni zamanda xalq arasında dolaşan əsatir və əfsa­nə­lər­dən xəbər­dar­dır.

Aşıq Mədət poeziyası bir çox özünə­məx­sus xüsusiyyətləri ilə də tanınır. Bu xüsusiyyətləri biz daha çox onun sim­volik obraz­larla olan deyiş­mələrində, av­to­bi­oqrafik səciyyə daşıyan dastan-rəvayətlərində izləyirik. «Aşıq Mədət və Tale», «Fəna dünya və Aşıq Mədət», «Saz­ və Şivğa» və s. deyişmələri yuxarıda deyilən­lərə nümunə ola bilər. Aşıq Mə­dət­ deyişmələrini iki qismə ayırmaq olar:

1. Xəyali və simvolik obrazlarla olan deyişmələri;

2. Ayrı-ayrı aşıqlarla olan deyişmələri;

Aşıq Mə­dət və Taleyin deyişməsi çox ustalıqla qələmə alın­mış bir əsərdir. Burada şair insanı simvolik obrazla canlı bir şəxs kimi qarşı­laşdırır. Onun deyişdiyi bu obraz tam xəyali bir­ obraz­dır. Amma sənətkar obraza elə ifadə verir ki, sanki canlı bir insanla de­yişir. Bir nümunəyə diq­qət edək:


Tale

Tale bilir tədbirini,

Bacar saxla səbirini,

Öz əliylə qəbirini,

Özü qazandan incimə.
Aşıq Mədət

Mədətdir halalı yeyən,

Ziyan çəkər mənə deyən,

Kafirdir səndən inciyən,

Tale, səndən incimərəm (78).

Bu tip deyişmələri biz ustadın avtobioqrafik dastanı hesab olunan «Aşıq Mə­dət və Talenin dastanı»nda əvvəldən sonadək izləyə bilərik. Doğrudur, biz klas­sik ənənədə, xüsusən, dastanda və ayrı-ayrı aşıqların yaradıcılığında çayla, dağl­a, fələklə olan deyişmələrə təsadüf edirik. Amma ayrılıqda qarşı tərəfin tam xəya­li obrazla canlı insan kimi deyişməsini bütün dastan boyu izləyə bilmirik. Bu nü­munədə yalnız müəyyən məqamda könülə, çaya suya və ayrı-ayrı quşlara, hey­van­lara müraciət etməklə kifayətlənir. Aşıq Mədət yara­dı­cılığında dastan boyu təsa­düf etdiyimiz «Fəna dünya», «Tale», «Şivğa» və s. xəyali obrazlara, demək olar ki, digər aşıqların yaradıcılığında rast gəlmirik. Bu da çox təbii ki, onun aşıq sənə­tinə gə­tir­diyi yeniliklə əlaqədardır. Aşıq Mədət yara­dı­cılığında deyiş­­mə və qıfılbənd kimi janrlara da xüsusi yer verilmişdir. Çağdaş dövrün bir sıra aşıqları ilə deyişən Aşıq Mədət həm də el şənliklərini, toy məclislərini aparmışdır. Aşıq Səadəddin, şair Bəh­mənlə, Aşıq Qəmbərqulu, şair Vəli ilə, şair Zöhrə ilə olan deyişmələri daha çox maraq doğurur.



Aşıq Mədət

Gileylənmə mənə Aşıq Səadəddin,

Qəm yükünü alıb şələ bağlama.

Sözümüz inci yox, qəmdi, kədərdi,

Canıma od-alov vurub dağlama.
Aşıq Səadəddin

Dərdi yarı bölək ay Aşıq Mədət,

Qəm yükünü alıb şələ bağlama.

Zamanın gərdişi bizdən betərdir,

Sellərə-çaylara dönüb çağlama (78).

Əvvəldən axıradək öz həyatlarından bir-bi­rinə şikayət edən sənətkarlar son­ra­­kı mərhələdə qəmi-kədəri unudub, hərbə-zorbaya keçirlər.



Aşıq Səadəddin

Lovğalanıb çıxma, aşıq qabağa,

Keçərəm üstündən yol əvəzindən,

Çənələnmə, ustad ilə hərifsən,

Yataram üstündə hal əvəzində.
Aşıq Mədət

Boş sözləri gətirmə heç dilinə,

Səndən bülbül olmaz bağın gülünə,

Mədət atar səni qatır belinə,

Tozu çırpılmamış çul əvəzində (78).

Sonrakı mərhələdə bağlamadan istifadə edən aşıqların bir-birini bağlamaq cəhdləri də xüsusi maraq doğurur:


Aşıq Səadəddin

Kamil aşıq sualıma cavab ver,

Dağlar başı niyə duman, tüstüdür?

Nizama kim salıb niyə ay-günü,

Ay niyə soyuqdur, günəş istidir?

Aşıq Mədət

Yaranmışdır, dağlar sudan, tufandan,

Onun üçün başı duman tüstüdür.

Ay hər şeyə soyuq baxır, soyuqdur,

Günəş məhəbbətə görə istidir (78).

Klassik ənənədən gələn deyişmə janrının hər üç mərhələsinə layiqincə əməl edən Aşıq Mədətin həm deyişmələri, həm də qıfıl­lamaları, mövzusu­nun müa­sir­li­yi və dil-ləhcə etibarilə fərqlənir.

Aşıq Mədətin yaradıcılığında əsaslı yer tutan mək­tublarıdır. Onun Zöhrə ilə mək­tublaşması «Aşıq Mədətlə Talenin dastanı»n­da verilir. Burada əsas dastan qəh­rəmanlarndan, Mədətlə Zöh­rənin qarşılaş­ma səhnəsindən, dostluq müna­si­bət­­lərindən söz açı­lır:

Axtarıram çeşmələrin gözünü,

Əksini göstərən ayna üzünü,

Aşıq Mədət qısa deyib sözünü,

Bacım Zöhrə, axırıncı namədir (78).

Əldə etdiyimiz materiallara əsasən, onun çoxsaylı, qoşma, gəraylılarından baş­qa 15 qıfıl­bən­di, 20 deyişməsi, 30 divanisi, 100-dən çox bayatısı, 15 təcnisi, 40 mü­­xəm­məsi, 3 dastanı möv­cuddur. «Salamatdı», «Aldı», «Zöhrə haray», «Ge­dər­­­-gəl­məz», «Vədəsində», «Birdi», «Geyini­b­di»­ adlı gə­ray­lıları, «Bu dünya», «Mə­­ni», «Dözə bilmirəm» rədifli divaniləri, «Dilmcan», «Zaqa­tala», «Min­gə­çe­vir»­­ ki­mi müxəmməsləri vardır. Aşığın böyük məharətlə işləmiş «Altı hərf» qoşması hərf­ləri yer­li­-yerində düz­gün verməsi bacarığı cəhətdən də, böyük dəyərə malik­dir:

Sənin ismin mən aşiqi öldürür,

Bu sirr qalsın aramızda altı hərf.

Günəş ya mənimdir, ya da ki, sənin,

Bu sirr qalsın aramızda altı hərf (78).

Aşıq Mədədin tutduğu haqq yolu, aşıq sənə­tinə gətirdiyi bir sıra xüsü­siy­yət­lər yenilik kimi qəbul oluna bilər. Fikrimizcə, onun yaradıcılıq yolu özündən son­ra yetişən gənc sənətçilər üçün gərəkli bir nümunə ola bilər.

Zaqatala aşıq mühitində hər zaman öz dəsti-xətti ilə sayılıb-seçilən sənət­kar­lar yetişməkdədir. Bunlardan biri də varxiyanlı Aşıq Məhəmmədin nə­və­si Rama­za­nov Səadəddin Əbdüləziz oğludur. O, 1933-cü il yanvarın 21-də Zaqatala rayo­nu­nun Bəh­məd­li kəndində anadan olmuşdur. Orta təhsillidir. Uşaq yaşla­rın­dan saza bö­yük maraq və həvəs göstərmişdir. Bu maraqla sənət­kar hələ 10-13 yaşlarında olar­kən sazı öyrənmiş, 16-18 yaşla­rında isə artıq el arasında sərbəst məclislər apar­mağa başlamışdır. Aşıq Səadəddin Aşıq Məhəm­mədin sə­nət şəcərəsini yaşa­dan yeganə davamçısı olmuşdur. O, 2006-cı ilin avqustunda Bəh­məd­li kən­dində vəfat etmişdir. Aşıq Səadəddin hələ uşaq yaşlarından Aşıq Məhəm­mədin bütün şeirlərini sinə­dəftər etmişdir. O, məclislərdə, el şənliklərində olarkən məclisi ilk öncə Aşıq Məhəmmədin sözü ilə açarmış. Onun bir sıra qoşmaları, gəraylıları olsa da, el ara­sın­da, məclis­lərdə əsasən, ifaçı aşıq kimi tanınmışdır. Sənət­ka­rın əlimizdə olan şeirləri qoş­ma, gəraylı, ustad­na­mə, divani, deyiş­mə və bayatı­lardan ibarətdir. Qeyd edək ki, onun ifasında qəribə bir yanğı, kədər, dərd, nisgil var ki, bu da çox təbii ki, onun iç dünyası və özünə­məx­sus­lu­ğu ilə ölçülə bilər. «Yazıqsan» rədifli ustad­na­mə­sində ustad qədərin-qismətin Allah payı ol­du­­ğuna, ömrün etibarsızlığına işarə edir:

Ömür ki var ağır yükdü belində,

Kəlmə-şəhadəti saxla dilində.

Ay Sadəddin, bir mey apar əlində,

Məhşər günü məlul durma, yazıqsan (78).

Aşıq Səadəddinin saz-söz ocağında böyüməsi, məclislər gör­məsi onun kla­s­sik ənənənin kifayət qədər mənimsəyib yaşatma­sına da səbəb olmuş­dur. O, hər şey­­­dən öncə yaşadığı elinə-oba­sına, təbiətinə bağlı və vurğun bir insan olmuşdur. Aşığın «Gəl­sin», «Varxiyana gəl», «Varxiyanın», «Dağlar» və s. kimi şeirləri də və­­­­tə­nin təbiətinə olan ən xoş təəssürat və sonsuz məhəbbətlə yazılmışdır. Bir nü­mu­­­nəyə diqqət edək:

Açın süfrə xoşa gəlsin,

Oturanlar coşa gəlsin.

Xoş avazın elə gəlsin,

Xoş gəlibsən, bahar-yazım (78).

Aşığın əksər şeirləri həyatdan, dövrandan şi­ka­yət xarakteri da­şıyır. «Aman günü­dür» qoşması bu baxımdan nəzərimizi cəlb edir:

Duva qılan haqq evinə yetirsin,

Fələk belə zülmü yerdən götürsün.

Həsrətlini vüsalına yetirsin,

Amin deyin, dillər aman günüdür (78).

Aşıq Səadəddin özünəməxsus ifa tərzinə, məc­­lis ələ ala bilmə bacarığına görə digər aşıq­lardan fərqlənir. Onun ifasında qəriblik, nisgil və yanğı duyulur. Bu qərib­­­lik, bu nisgil onun iç dünyası ilə, sənətkarlaq təbi ilə əlaqəli yaranır. Son gü­nünə kimi sazla nəfəs alan, sazı əlindən yerə qoymayan aşıq belə bir şeir yazır:

İgid olan üzbəüzdə dolana,

Mərd oluban mərd meydanda tanına.

Xərçəng kimi bir insanı sancmaya,

Ölüncə danışar xoş sazım mənim (78).

Folklorşünas alim Mahmud Allahmanlı aşığın qüdrətini şərt­ləndirən amil­lərdən biri kimi ədəb-ərkan və improvizasiyanı əsas göstərmişdir. O qeyd edir ki, «bu məsələ sənətkarın ke­yfiy­yət və ya­radı­cılıq xüsusiyyətidir. Məhz bu xüsusiyyət özlüyündə aşıq ya­ra­dıcılığının mənşəyi haqqında düşünmək üçün əsas ve­rir» (6, 33).

Doğrudan da Aşıq Səadəddinin yaradıcılıq ənənəsinin əsası möhkəm və əbə­di sütun üzərində qurulub. Haqq aşığı olan Aşıq Məhəmməddən Aşıq Səa­də­d­dinə keçən irsi xüsusiyyətlərdən biri kimi ürəyədamma, olacaqları vaxtın­dan ön­cə­ duy­ma bacarığı idi. Ölümünü əvvəlcədən duyan ustad «Məni» rədifli qoş­ma­sı­nı yazır və bu qoşmasında övladlarına son vəsiyyətini edir.

Övladlarım, sözüm sizə əmanət,

Götürün, yetirin məzara məni.

Eşqindən ürəyim yara bağladı,

Götürün, yetirin məzara məni (78).

Aşıq Səadəddin yaxın sənət dostu olan Aşıq Mədətlə birgə çoxlu məc­lis­lər­ aparmış və yeri gəldikcə deyişmişdir. Onlar növbəti dəfə məclis­lərin birində de­yi­şir­lər:


Aşıq Mədət

Kimdi ərşdə sağ dayandı,

Bəs kimdi nura boyandı?

Kimdi səsindən oyandı?

Bəs kimlər bədasil oldu?

Aşıq Səadəddin

Haqq özü nura boyandı,

İsa ərşdə sağ dayandı.

Adəm yaranıb oyandı,

Pir onda bədasil oldu (78).

Deyişmədən göründüyü kimi, Aşıq Səadəddin dini dünyagö­rüşə malik olan, ür­fani məqamlara bələd olan aşıqlarımızdan ol­muşdur. Dünyanın yaranışı, hal və qal məsələləri, Adəmin yaranıb oyanma səbəbləri, pirin bədasil olma sirləri us­­­tad­ aşığa bəllidir. Ustad Aşıq Məhəmməd ocağından olan sənətkarın yara­dı­cı­lıq­ ir­si öz maraq dairəsini həmişə qoruyub saxlayacaqdır.

Zaqatala aşıq mühitinin sayılıb seçilən, el arasında hörmət qazanan aşıq­la­rın­­dan biri də Əliabadlı Aşıq Məhəmməd olmuş­dur. Kərimov Məhəm­­məd Məhərrəm oğlu 1930-cu ildə Zaqa­talanın Əliabad kəndində dünyaya gəlmiş və 2004-cü ildə vəfat etmişdir. O, uzun müddət Aşa­ğı talalı ustad Aşıq Dibroya şagird­lik etmiş və on­dan aşıq sənətinin sirlərini öy­­rən­­miş­dir. Aşıq Məhəmməd ömrünün son çağlarında aşıqlıqla yanaşı, axun­d­luq da etmişdir. Yeri gəldikcə, tanınmış axund kimi Əliabad kəndində keçirilən möv­ludlarda iştirak etmiş, yas mərasim­lərini mükəmməl səviyyədə aparmış, gözəl səs­lə zikr etmiş və Quran oxumaqla da məşğul olmuşdur. Aşıq Məhəmməd dövrünün tanınmış ifaçı aşığı kimi xalq das­tanlarının böyük əksəriyyətini hafi­zə­si­nə yazmış, el şənliklərində, aşıq məc­lislə­rin­də bildiklərini sazın-sözün sehri ilə, xoş avazı ilə nəzmə çəkmişdir.

Aşıq Məhəmməd yaradıcılığı öz orijinallığı ilə hər zaman yaddaşlarda yaşa­yacaq.

Çağ­daş Zaqatala aşıq mühitinin nümayən­də­lərindən biri də Balayev Camal Uluxan oğludur. O 1930-cu ildə Əliabad kəndin­də dünyaya gəlmişdir. Aşıq Camalın uşaq­lıqdan saza böyük ma­rağı oldu­ğun­dan atası Uluxan kişi onu Aşıq Herovun yan­ına şa­girdliyə vermişdir. Aşıq Herovun ustadı dillərdə dastan olan Aşıq, Qaçaq Hü­seyn olmuşdur. Aşıq Camal az vaxt ərzində ustadından aşıq havalarını mükəm­məl səviyyədə öyrənmiş, məclis­lərdə bəda­hətən şeirlər də demişdir. Digər tərəf­dən­ Aşıq Cama­lın saz-söz ocağında böyüməsi dövrünün tanınmış us­tad aşıq­la­rı­nın məclis­lərində tez-tez iştirak etməsi onun kamil bir sənətkar kimi yetiş­mə­sinə im­kan vermişdir. Zaqatala aşıq mühi­tin­də yaşa­yıb yaradan aşıq­lardan əksəriyyətinin saz sənətinə gəlməzdən öncə tənburla çalıb-çağırma­sının şahidi oluruq. Maraqlı hal­dır ki, elə Aşıq Ca­mal da ömrünün qırx ilini tənbur çalmış, məclislərdə tənbur hava­larının ahəngi ilə oxuyarmış. Son on ildə isə məclisləri sazla apa­rır. Zaqatala aşıq mühitində tənbur saz əlaqələrinin paralel inkişafı tarixi dövrlərdən mövcud olmuşdur. Zaqatala aşıqlarının bəziləri ifalarına əvvəldən sazla başlamış, digər qrup aşıq­lar isə öncə tənbur, sonra saza keçirmişdir. Bu çox təbii ki, mühitin özü­nə­məx­sus­ xüsusiyyəti ilə əlaqəlidir. Aşıq Camal da məhz bu tip sənətkar­larımızdan ol­muşdur. O, «Ceyran», «Olarmı», «Kimin­dir», «Eylədin», «Bilmirəm», «Mən olum», «Gəz­dirir», «Olaydı», «Mən», «Dünya», «Arzular», «Ay fələk» və s. kimi qoşma, gə­ray­­lı və divanilərin müəllifidir. Aşıq Camal özündən əvvəl ya­şayıb yaratmış sənət­karlara, onların sənət irsinə böyük hörmət və rəğbətlə yanaşmış, mühitin digər aşıqları kimi məclisləri söz, sə­nət xiridarı Aşıq Ələsgərin, Aşıq Məhəm­mə­din sözü ilə açmışdır. Onun ifasında kədər, nisgil və həs­rət duyulur. Sənətkarın ifa­sın­­da fələkdən, yaşa­dığı dövrandan küskünlük, inciklik duyulur. Bu da çox təbii ki, sənətkarın taleyi ilə əlaqəli yaranmış­dır. Ömür-gün yoldaşını vaxtsız itirən Aşıq Camal «Eylədin» rədifli qoşmasında bütün hiss-həyəcanını, qəzəbini belə ifadə edir:

Başına mən dönüm bimürvət fələk,

Niyə məni nazlı yardan eylədin?

Yanında nə idi mənim günahım?

Yaxşı düşün məni hardan eylədin? (78).

Aşıq Camal şeirlərində gözəlləri daha çox xarakterinə görə vəsf edir:

Ey ariflər, sizi agah eyləyim,

Gözəl var ki, şeytan şəri gəzdirir.

Gözəl var ki, gözəllikdə gözəldir,

Gözəl də var dildə zəhər gəzdirir (78).

Gözələ əxlaqına görə dəyər vermək Zaqatala aşıqlarının hər birinin yara­dı­cı­lı­ğında təsadüf olu­nur. Belə əxlaqi-estetik mövqe Aşıq Məhəm­mə­din, Aşıq Kön­lünün, Aşıq Dalğının, Aşıq Camalın ya­ra­dıcılıqlarında aydın müşahidə olunur.

Ustad sənətkar ömür-gün yoldaşının ölümünə heyfslənir, yarı ilə birgə ke­çir­­­diyi günlərin həsrəti ilə yaşayır. «Olarmış» rədifli qoşmasında bu barədə de­yir:

Aşıq Camal sinə dağlar,

Yar yolunda daim ağlar,

Yar yanında gözəl çağlar,

Axır bir gün pozularmış (78).

Aşıq Camal «Olubdur» rədifli gəraylısında sevgili­sinin xəya­lıyla yaşayır. onun ölümüylə barışa bilmir:

Yar deyibən ağlamaqdan.

Gözüm yaşı çay olubdur.

Xoş güzarım getdi əldən,

Günüm ahu-vay olubdur (78).

Aşıq Camal eyni zamanda klassik ənənəyə sadiq sənətkarla­rımızdandır. O, ustadından klassik dastan­larımızı, «Novruz», «Aşıq Qərib», «Şah İsmayıl» və s. mənimsəmiş, məclislərdə bö­yük məharətlə ifa etmişdir. Aşıq Ca­malla ya­naşı, Za­qa­tala aşıq mühitində öz sənətkarlıq qüdrəti ilə sayılıb-seçilən aşıqlardan biri Aşıq Valeh Rəhim oğlu Həsənovdur. Aşıq Valeh 1937-ci il may ayının 1-də Qərbi Azərbaycanın Göyçə mahalında Basarkeçər rayonunun Şişqaya kən­dində ana­dan olmuşdur. Sonralar 1969-cu ildə ailəsi ilə birgə Zaqatala rayo­nu­na köçmüş və o zamandan Za­qatalada məs­kun­laşmışdır. Aşıq Valehin atası Rəhim zama­nı­nın tanın­mış ustad aşıqlarından olmuşdur. Elə Valehin də uşaq yaş­larından bu sə­nə­tə olan həvəsi səbəbsiz olmur. Atası Rəhimdən bu sənətin sirlərini dərindən mə­nim­­səyir, el havaları­nın mükəmməl ifasını öyrən­mişdir. Aşıq Valehin dediyinə əsasən, Qızıl­vəngli Aşıq Quludan dərs almış atası Aşıq Rəhimin onlarla yetirməsi ol­muş­­­dur. O, klassik dastanları yaxşı bilmiş, mükəm­məl ruhani təhsili almış və dərin biliyə malik ol­muşdur. Musiqişünas Azad Ozan məqalələrinin birində qeyd etmişdir ki, «dastançı aşıq kimi tanınmış Rəhim möhkəm yaddaşı ilə, yaddaşının qey­ri-adi kəsəri ilə çoxlarında qısqan­clıq oyadırmış» (63, 138). Aşıq Valehin əmi­si Aşıq Əli də dövrünün tanınmış sənət­kar­la­rın­dan olub. Onun haq­qında əvvəlki fəsildə söz açdığı­mız­dan üzərində dayan­mırıq.

Atasının sənət şəcərəsinin layiqli davamçısına çevrilən Aşıq Valeh şeirlərinin birində özünü eşq əhli adlandırır və bununla yanaşı özü haqqında məlu­mat verir:

Eşq əhliyəm, məhəbbətdir ustadım,

Öz adım Valehdir, Həsən soyadım.

Budur ürəyimdə arzum, muradım,

Qismət olmayasan sara, sevgilim (78).

Sənətkar sözün həqiqi mənasında ustad gör­müş, öz ifaçılıq üslubu ilə tanın­mış, yaradıcı aşıq­larımızdandır. O, digər aşıqlar kimi oxumur, amma istə­ni­lən­ havanı çox böyük məharətlə ifa et­məyi bacarır, eyni zamanda klassik das­tan­la­rımızı («Aşıq Qərib», «Novruz Qəndab», «Abbas və Gülgəz» və s.) yaxşı bil­ir. Həm­çinin Aşıq Valeh yeni dastanlar da yaradır. Bunlardan «Valeh və Afət», «Valeh və Narınc» adlı avtobioqrafik səciyyə daşıyan das­tan və poemasını nümunə gös­tər­mək olar. Aşıq Valehin bu dastanlarının hər birini bir ömür sal­na­mə­si, saflıq, doğruluq və cəsarət mücəssiməsi adlandırmaq olar. Aşıq Valeh yaradıcılığında klassik ənənədən gələn xüsusiy­yət­ləri qoru­yub saxlamaqla yanaşı, həm də özünə­məxsus ifa tərzi ilə məclis aparmaq bacarığı və yük­sək sənətkarlaq qüdrətilə tanınır. O, klassik­lərimizin keçdikləri yaradıcılıq yolunu dərindən mənimsəyən sənətkarlarımız sırasına daxildir. Onun yaradıcı­lığında ustad aşıq­la­rı­mızdan olan Qurbani­nin, Aşıq Ələsgərin, Aşıq Qulunun və Rəhimin təsiri duyu­lur. Bu ənənə onun bütün şeirlərində qorunub saxlanılır. Aşıqşünas E.Məm­məd­liyə görə «kla­s­­sik saz və söz gələnəklərinə bağlı­lıq və səda­qət aşıq­lığın, sənətkarlığın ilkin şərtidir» (75, 19).

Aşıq Valehin yaradıcılığını zaman və mə­kana görə əsasən, iki qismə ayır­maq­ olar:

1. Göyçə dövrü

2. Zaqatala dövrü

Qeyd edək ki, Aşıq Valeh Cöyçədən 29 yaşın­da çıxmışdır. Yaradıcılığının Göy­çə dövründə o, əsasən, məhəbbət mövzusunda olan şeirlərini yazmışdır. Bun­lar­­dan «Olacaqsan», «Gözlə, sevgi­lim», «Olsa» və s. şeirlərinin adlarını çəkmək olar.

Onun müraciət etdiyi mövzular həm klassik ənənəyə söy­kənir, həm də müa­sir ictimai-siyasi durumu əks etdirir. Klassik ənənədə olduğu kimi yaradıcılığında mə­həb­bət, təbiət təsvirinə geniş yer verilir. Bununla yanaşı, ictimai-siyasi lirika, və­tən həs­rəti, din və ürfan motivləri də özünəməxsus yer tutur.

Sənətkar poeziyasında yaşadığı diyarın əsra­rəngiz gözəllik­lərini, qartalın uçu­şu­nu, zirvələr­dəki qarın əlvan­lığını, çəmənlərin al-əlvan çiçəklə­rini və ən xır­da daşına kimi öz qəlbinin saflığı, səmimiliyi ilə təsvir və tərənnüm etməyə çalış­mışıdır. «Dağ­ların» rədifli qoşması buna nümunə ola bilər:

Yenə bahar gəldi, keçdi zimistan,

Gəldi yenə xoş cəlalı dağların.

Baş qaldırıb bənövşəsi, nərgizi,

Həyat verən bu səfalı dağların (78).

Onun poeziyasında öz əksini tapan bu tip qoşmalarda təbiətin əsrarəngiz portreti yaradılır. Aşıq «Bu yerlər» rədifli qoşmasında təbiət gözəl­liklərini, hər bir açan tər qönçənin incəliyindən, quşla­rın şən avazından, çə­mən­­dəki lalənin xoş görnüşünə kimi, əvəz­siz bir portretini yaratmışdır. Sənətkar bu şeirdə tarixi pro­ses­lərə də mü­nasi­bətini bildirir. Bu da çox təbii ki, sənətkarın yaradaıcılıq qüd­rət­in­dən soraq verir. «Bu yerlər» rədifli qoşma­sına diqqət edək:

Çıx «Qala düzü»nə bir şəhərə bax,

Hər tərəf gül-çiçək, tamam bağça-bağ.

Möhtəşəm binalar, ağ eyvan, otaq,

Sərvətdə, nemətdə boldu bu yerlər (78).

Təbiət gözəlliklərinin canlı portretini o, yalnız qoş­malarında deyil, təcnis­lərin­də, dodaq­dəyməz­lərində, divanil­ərində də yara­dır. O, bu şeirlərində təbiət təsviri ilə yanaşı, insan-təbiət müna­sibətlərini çox böyük incəliklə, qarşılıqlı şəkil­də vəhdətdə vermə­yi bacarmışdır. Eyni za­man­da ustad şeirlərində həm canlı təs­vir, həm də bədii təhlil verə bilir. «Sərinə» rədifli dodaq­dəyməz di­vani-təcni­sinə diq­qət edək:

Çiskin gedər, çən çəkilər, dağlar çıxar sərinə,

Dərələrdən sərin yellər əsər, dağlar sərinə.

Aşıq deyər sərinə,

Qalda igid səri, nə!

Qış aranda girlənək,

Yayda çıxaq sərinə.

Qar quzeydə hər an qalar, gələn il qar yağana,

Yenidən qar yağacaqdı, qarlı dağlar sərinə (78).

Burada aşığın sənətkarlaq qüdrətini göstərən xüsusiy­yətlər­dən biri də budur ki, təcnis həm divani üzərində yazılmış, həm də cığadan istifadə edilmiş­dir. Aşıq Valehin təsvir etdiyi gözəllik­lərin hər biri canlı və realdır. O yalnız gör­dü­yü­nü,­ duy­duğunu və dərk edə bildiyini qələmə alır. Bu xü­susiy­yət də onun poezi­ya­sı­na axıcılıq, əlvanlıq, təbiilik və səmimilik gətirir.

Onun yaradıcılıq irsi əvvəldən sonadək səmi­mi­lik, cəsarət, haqqa çağı­rış üzərində qurulmuşdur.

Klassik ənənəyə söykənən aşığın yaradıcılı­ğın­da məhəbbət möv­­zusu xüsusi yer tutur. Valehin poezi­ya­sında tərənnüm olunan gö­­zəllər xoş simaları ilə yanaşı hər şeydən öncə saflıq­la­rı, səmi­mi­lik­ləri və mərdlikləri ilə tanınır. Gözəlin xarici görkəmi, xoş gö­rü­nüşü­nün, sərv-boyunun, şux qamətinin təsviri Qurbaninin Aşıq Ələs­gə­rin, yaradıcılığında daha çox təsadüf olunur. Fikrimizi əsaslan­dır­maq üçün Aşıq Ələsgər və Aşıq Valehin şeir­lə­rindən nümunə gətirək:
Aşıq Ələsgər

Gözəl, sənə məlum olsun,

Alışıban yanıram mən,

Ala gözlər süzüləndə

Canımdan usanıram mən (13, 261).

Aşıq Valeh

Ay Allah, qarşıma çıxdı bir sona,

Ağlımı başımdan aldı az qala.

Ala gözlər süzüb baxanda yana,

Atəşi cismimə saldı az qala (78).

Onun şeirlərinin hər misrasında saf məhəb­bət, sevgi hissləri boy vermək­də­dir. Bu mövzuda yazdığı «Ay qız», «Gözlərin», «Sevgilim», «Getdi», «Məhəb­bət»,­ «Getməsəm olmaz», «Gəlmi­şəm», «Sən», «Xoş gəldin» və s. şeirləri vardır. Aşıq Valeh gözəli əxlaqlı, tərbiyəli, zəngin mənəviyyatlı görmək istəyir. «Nədən­dir»­­ rədifli qoşması dediklərimizə bariz nümunədir.

Oğrun-oğrun daldalardan baxanda,

Baxışlardan eşqin mehri axanda,

Aşiqi yandırıb oda yaxanda,

Qurbandır aşiqin canı, nədəndir? (78).

Məhəbbət Aşıq Valeh poeziyasının ən önəmli və əsas möv­zula­rın­dandır. O, vətənin, elin-obanın gözəllərini saf, xəyanətdən uzaq və vəfalı görmək istəyir. Ustad saf, təmiz eşqi həmişə İla­hi­dən diləyir. «Məhəbbət» rədifli qoşmasında bu ba­rədə belə deyir:

Valeh ilahidən dilər eşqini,

Qüdrəti ilhamdan alar eşqini,

Namərd bir oyuncaq bilər eşqini,

Sanar ki, şəkərdi, baldı məhəbbət (78).

Aşıq harda olsa belə yenə də öz müqəddəs sandığı sevgilisinə sadiq qalır, onun ədəb-ərkanına, tərbiyəsinə yüksək dəyər verir. «Olmaz» rədifli qoşması da məhz onun ömür-gün yoldaşı Afət xanıma həsr edilmişdir:

Aləmi-röyada mən gördüm onu,

Bu sınıq könlümün dəyişdi donu.

Müxtəsəri, budur sözümün sonu,

Çəksələr də dara, getməsəm olmaz (78).

Onun bu səpkidə yazdığı «Gəlmişəm», «Dedim­mi gəlsin» deyişməsi, «Sən»,­ «Xoş gəldin», «Məhəb­bət», «Ayrı düşəndə» və «Gözlərin» rədifli qoşma və­ gə­ray­­­­­lılarını nümunə göstərmək olar. «Gözlərin» rədifli gəraylısına diqqət edək:

Gizlətsəm də bu sevdamı,

Duyuq düşüb artıq hamı.

Sönər qəlbimin ilhamı,

Gəlməsə kara gözlərin (78).

Aşıq Valeh Allahın qüdrətinə inanır. Hər sözü, hər kəlamı haqqa bağlı olan sənətkarın arxa-dayağı da haqdır. «Üstədir» divanisində bu barədədir:

Valeh, sən Haqq-Təaladan dərdinə dərman dilə,

Çağırginən şahlar şahın, etiqadla, sidqilə,

Gəlsə yüz min təbib loğman, ya bilməyə, ya bilə,

Sidq dillə Haqq-Təaladan istə aman, üstədi (78).

Sözdən çələng hörməyi bacaran ustad ilhamını eldən alır, gü­cünü, qüdrətini isə İlahidən diləyir. O, eyni zamanda bu xüsu­siyyəti bütün sənətkarların Sima­sın­da görmək istəyir, bu barədə şeirlərinin birində deyir:

Şair ola bilməz hər şeir yazan,

İlhamı elindən almasa əgər.

Hər sim tərpədəndən sənətkar olmaz,

Mizrabı ürəkdən çalmasa əgər (78).

Hər zaman haqq deyib, haqq eşidən, haqqa bağlı olub, haqqı-həqiqəti so­raq­­layan, ümidsizliyə düçar oldu­ğunda belə inamını itirməyən ustad sə­nət­­kar Sö­zün həqiqi mənasında mərdlik, mər­danəlik məktəbi keçmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Aşıq Valeh əslən Göyçə ma­ha­lındandır. Onun poeziyasında Göyçə təsiri açıqca duyulur. Ya­radıcılığında tez-tez Göyçəni xatırlayan ustad o yerlərin həsrətini çəkir. Onun poeziyasının əsas xəttini vətən, el-oba, torpağa bağ­lılıq, yurd-yuva həsrəti, kədər, nisgil geniş yer tutur. Deyiş­mə­lərinin bi­rin­də bu barədə deyir:

Göyçəliyəm, didərginəm vətənimdən, elimdən,

Qərib könlüm ayrılmayır bir an Göyçə gölündən.

Mən Valehəm, həcv-hədyan əsla çıxmaz dilimdən,

Dindirsələr xoş dinərəm, sinəsi dəftər mənəm (78).

Aşıq Valehin ədəbi irsinin el-oba tərəfindən bö­yük rəğbət və hörmətlə qarşı­lanmasının əsas səbəb­lərindən biri də xalqın istək və arzularını, kədər və nisgilini hamının başa düşdüyü sadə və aydın bir dildə ifadə etmək bacarığı ilə bağlıdır. Onun şeirlə­rində düşmənə kəskin nifrət, kin-küdurət duyu­lur. Bu xü­su­siy­yəti ustadın bütün yaradıcılığı boyu izləmək mümkündür:

Bir zaman düşmənlər çapdı atını,

Məhv etdi yurdumun hər büsatını.

Qırdılar ellərin qol-qanadını,

Saraldı bu yerlər, soldu bu yerlər (78).

Aşıq Valehin vətənə məhəbbət, torpaqların işğalı ilə bağlı yaranan şeir­lə­rin­də qəribə bir təəssüflə yanaşı, əvəzsiz bir təbiət təsviri canlanır. Ustadın «Nə isə» rədifli qoşmasında vətən və onun təbiəti aşığın hiss-həyəcanı, həsrəti ilə vəh­dət­də verilmişdir:
Yenə dağlarımı duman, qar alıb,

Xəzan vurub güllü bağım saralıb.

Tər qönçənin dövrəsini xar alıb,

Xoryad əl uzadıb nara nə isə (78).

Hələ gənc yaşlarından vətənindən ayrı düşən Aşıq Valehin sonradan saz-söz ocağı olan bu diyarda məskunlaşması onun ya­ra­dıcılığını daha da şaxə­lən­di­rir. Hər iki mühitin təbiətən bir-bi­rinə bən­zəməsi, onun şeiriyyətinin rən­ga­rən­g­li­yi­ni artı­rır. Ustad bütün varlığı, əqidəsi, düşüncəsi ilə elinə-oba­sına, xalqına bağlı olan sənətkardır. Vətən həsrəti çəkən, yurd-yuva düşgünü olan aşıq yiyəsiz qalan obaların harayına səs qatır, yağı tapdağında olan torpaqlarımızı azad görmək is­tə­yir. Düş­mən­lə­rə olan kinini, qəzəbini sazı ilə, sözü ilə aləmə bəyan edən Aşıq Va­leh bununla sanki içində qaysaq bağlayan vətən, Göyçə adlı dərdinin azacıq da olsa yüngülləşməsini təsəlli bilir. Bu narahatlıq zaman-zaman böyüyür, dün­ya­nın, çərxin gərdişinə qarşı etiraza çevrilir. «Üstə­dir» rədifli divanisində onun hiss-həyəcanı, nigaran­çılığının əsas səbəbi tamamilə açıqlanır:

Mən bir dərdə giriftaram, halım yaman üstədi,

Axtarıram yoxdu təbib, xeyli zaman üstədi.

Əldən getdi cavanlığım, başdadı piranilik,

Bundan belə şəfa bulmaq, xeyli güman üstədi (78).

Vətən həsrəti ilə bağlı yaranan bəzi şeirlə­rində bu düşüncələr daha da dərin­ləşir, siyasi xarakter daşıyır.

Yaxın dost olsaq da birləşmədik biz,

Bundan bəhrələndi düşmənlərimiz,

Birləşə bilsəydi bax, ellərimz,

Yurd-yuva alışıb dönməzdi külə (78).

Bir-birinin arxasınca düşmən tapdağına məruz qalan torpaq­larımızın halına, qız-gəlinləri­mizin ləkələnmiş ismətinə təəssüflə­nən sənətkar o za­man­kı səriştəsiz məmurlara sözünü belə ünvan­layır:

Zəngibasar hanı, Pəmbək hardadı,

Göyçə gölün gözü intizardadı,

Qız gəlinlər, əsarətdə, dardadı,

Kim danışsın bu qeyrəti de, belə (78).

Torpaq, el-oba həsrəti ilə yaşayan sənətkar, sonunda dama­rında türk qanı axan bütün insanları birliyə, savaşa səsləyir:

Valeh deyər, biz birləşsək, bir olsaq,

Yumruq kimi sıxılaraq gur olsaq,

İsgəndər bəy, el yolunda tir olsaq,

Elimin şöhrəti tez düşər dilə (78).

Bu qoşmada vətən həsrəti öz poetik çalarları ilə əvvəldən sonadək izlənilir. Ustad hər za­man doğru­luq, düzlük, haqq-ədalət tərəfdarı olmuşdur. Onun yaradı­cılığı­nda gələcəyə, döv­rün, zama­nın gər­di­şi­­nin dü­zəl­­məsinə inamla ya­naşı ümidsizlik, inciklik, pessimist əhval-ruhiyyəyə də təsadüf olunur. Sənət­karın «Düş­düm» rədifli qoşması da məhz bu istiqa­mətdə ya­zılmışdır:

Yüküm əydi, daşım düşdü qəribə,

Elimdən-günümdən aralı düşdüm.

Xeyir əkdim, şər götürdüm dünyada,

Ağ günə can atdım, qaralı düşdüm (78).

Sənətkar həmişə yaxşılıq edir, onun əvəzi olaraq ətrafdan pis­lik görəndə sarsılır. Buna görə heç kəsi deyil, yalnız bəxtini, ta­le­yini günah­landırır, hiss-həyəcanını, duyğularını kəskin ifadə et­mək­lə içinə rahatlıq, sakitlik gətirmiş olur. «Bəxtim» rədifli qoş­masında hiss-həyəcanını, etirazıını kəskin şəkildə belə ifadə edir:

Çox can atdım yaxşılığa, nə fayda,

Görmədim bəhrəsin, ay qara bəxtim.

Ömrüm keçdi qilu-qalda, harayda,

Ya bir yolluq məhv et, ya çara, bəxtim (78).

Bununla yanaşı, onun poeziyasında yaşa­mağa həvəs, yüksək həyat eşqi du­yu­­lur. Ustad ən ağır anında yalnız Allahı köməyə çağırır. Yalnız o İlahi qüdrəti qəlbinin tək sirdaşı, dərdinin dərma­nı, yardımçısı hesab edir. Arzularını, istək­lə­ri­ni yada salaraq on­dan əlavə ömür payı istəyir:

Çox cavanam, hələ tezdi, alma canım, ey fələk,

Qərib eldə kimsəm yoxdu, kəsə yanım, ey fələk.

Əzrayıla tapşırginən, qoy gəlməsin yanıma,

Qürbət eldə can vermərəm, mən nə danım, ey fələk (78).

Aşıq Valehin yaradıcılığı, aşıq şeiri üslubun­da yaratdığı inci­lər onu həm el şairi, həm də ustad sənətkar kimi dəyərləndirmə­yimizə əsas verir. Aşıq Valeh o sənətkar­larımızdandır ki, aşıq şeiri­nin bütün janrlarında qələmini sınamış, dövrü­nün tanınmış aşıqları ilə deyişmiş və həmişə də uğur qazanmışdır. Sənətkar ustadnamələri, deyişmələri ilə iştirak etdiyi məclisə həmişə bir canlılıq, xoş əhval-ruhiyyə bəxş etmişdir. Fikrimizcə, ustad, aşıq poeziyasında yer tutan ustadnamələri, nəsihəta­miz öyüdləri ilə bir abidə ucaltmışdır:

Yaxşı, təmiz adla dolansan əgər,

Yaxanı tanımaz qüssə, qəm, kədər,

Yalançı, yaltağa güvənsən hədər,

Yaxın dost-aşnaya ar olacaqsan (78).

Və yaxud:

Sözü eşit, yaxşı öyrən, yaxşı qan,

Üz çevirmə əsl dostdan, yaxşıdan,

İtirmə hörməti, ey arif insan,

Hörməti, izzəti, cəlalı gözlə (78).

Aşıq Valehin Dağıstan səfəri xüsusilə diqqəti cəlb edir. Təsa­düfən bir məc­lisdə Dərbənd aşıqları ilə deyişir. Bunun başlıca səbəbi Aşıq Mirzalının, Aşıq Ələsgərin kiçik oğlu şair Əbdül Əzimin və Aşıq Nəcəfin öz adına bağlaması olur. Buna dözməyən Aşıq Valeh meydana çıxmış və belə demişdir:

Əgər mərdsən bu meydanə saz götür, mərdanə gəl,

Həqiqətdən kəlmə kəsək, danış, xoş zəbanə gəl.

Mərifətlə məclis apar, görənlər əhsən desin,

Hərcayıya yoldaş olma, sirr vermə nadana gəl

(21,447; 78,10).

Aşıq Valehin bu suala verdiyi tutarlı cavabla Aşıq Mirzalı bağlanmış və səs­sizcə aradan çıxmalı olmuşdur. Aşıq Valeh əv­vəl­cə aşığın ona meydan oxumasını ədəb­lə qarşılayır. Aşıq Vale­hin Aşıq Mirzalı ilə deyişmələri olmuşdur. O, məc­lis­də­ başqasının şeirini öz adına çıxan aşıqları tənqid hədəfinə tutmağı özünə bir borc hesab etmişdir. O, hər zaman sənətkar oğlunun mərd olması, düz danı­şıb­ sax­­­ta­karlığa yol verməməsi ideyasından çıxış etmişdir.

Həmin məclisdə yerli aşıqları bir-bir bağ­layan sənətkar, qoyulan şərtə hör­mət əlaməti olaraq əməl etmir. Şərtə görə kim bağlansa, o aşıq sazını məclisdə qo­yub getməliymiş. Amma Aşıq Valeh buna razı olmur. Bu təbii ki, aşığın böyük yo­lu gözlə­məsindən, sözə dəyər və qiymət vermə­sindən irəli gəlmişdir. Çox maraqlı xüsusiyyətdir ki, həmin məclisdə söz yenidən Zaqatalalı Aşıq Camalla Aşıq Va­lehə verilmişdir. Hər iki aşıq dostcasına məclis əhlini maraqlandıran və düşün­dürən deyişmə deyirlər:

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə