AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala




Yüklə 2.09 Mb.
səhifə5/13
tarix22.02.2016
ölçüsü2.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Aşıq Kazım:

Hər kimin pəsdindən şairlik keçsə,

Həbibin əlindən şərabın içsə,

Ariflər yanında sözinən gedər,

Şairlik sinəsi közinən gedər.
Aşıq Sirac:

Bu dünyanın yox kimsəyə vəfası,

Hər kim gəlsə, beş gün olar vəfası.

Bağbanın olsa da bağa cəfası,

Şamama bəslənər, tağıynan gedər (78).

Aşıq Kazım o sənətkarlardandır ki, həmişə klas­sik ustadları­mızın yarat­dıq­la­rı ənə­nəyə sadiq qalmış, yeri gəldikcə Aşıq Ələs­gərin, Molla Cumanın şeir­lə­ri­nə nə­zi­r­ələr yazmışdır. Buna nü­munə olaraq, onun Aşıq Ələsgərin «Endirər» rə­difli di­vanisinə yazdığı nəzirəni göstərə bilərik:

Bismillahi rəhmanirrəhim, Allaha baş endirər,

Göydə uçan məleykələr billaha baş endirər.

İsa Nəbi zühur oldu, Məryəm doğdu anadan,

On iki peyğəmbərinən qıvlaya baş endirər (78).

Aşıq Kazım yaşadığı elinin-obasının, bütöv­lük­də vətə­ni­nin hər qa­rı­şı­nı dərin məhəbbətlə sevmiş və şeirlərində tez-tez təbiətin əsrarəngiz gözəl­lik­lə­rin­­dən söz açmışdır. Onun «Çobankol» rədif­li qoş­masına diqqət edək:

Səd afərin belə bara düşübsən,

Almaya, heyvaya, nara düşübsən.

Bəxtəvərsən, Kazım, bura düşübsən,

Sinəmdə çalınan sazdı Çobankol (78).

Fikrimizcə, Çobankollu Kazım yaradıcılığı özündən sonra gələn sənət­kar­la­ra gərəkli nümunə ola bilər.

Zaqatala aşıq mühitinin ustad aşıqlarından biri də Aşıq Əzimdir. Aşıq Əzimin yaradıcılıq irsinə keçməzdən öncə onun həyatı barədə məlumat vermək da­ha düzgün olardı. O, 1907-ci ildə Zaqata­la­nın Yengiyan kəndində dünya­ya­ gə­lmişdir. Qoşma­la­rının birində özü barədə belə deyir:

Mən özüm aşığam, Əzimdir adım,

Əliabad əyalətim,Yengiyan kəndim,

Bu dünyada bir qonağam, kun dedim,

Səndə fəyakunu bilsən, yaxşıdır (78).

Hələ uşaq yaşlarından saza böyük həvəsi olsa da, atası onu hər vəchlə bu sə­­nət­­dən uzaq tutmağa çalışmışdır. Buna baxma­ya­raq, Aşıq Əzim bu sənətə bir o qədər çox bağlanmışdır. Dəfələrlə ev­dən­ gizlin qaçıb Şəkiyə oxumağa getmək istəyi puç olmuşdur. «Atam qoy­ma­dı»­ şei­rin­də ustad bunun səbəbini belə deyir:

Sirr verdim dostuma, saldı hay-küyə,

İstədim gizlicə qaçam Şəkiyə,

Ordan da üz tutum gözəl Bakıya,

Dedim mətləbimə çatam, qoymadı.

Yazıb yaratmağa atam qoymadı (78).

Belə bir çətin şəraitdə sənətə olan sevgisini itirməyən Aşıq Əzim nəhayət ki, döv­rünün sayılıb-seçilən bir sənətkarına çevril­miş­dir. Aşıq Əzimin ma­hir­­liyi on­da­dır ki, o, həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sə­nə­ti­nin ən incə sahələrinə yaradıcı bir «tədqiqatçı» kimi yollar axtarmışdır. Aşıq Əzim aşıq sənətində ya­ra­dıcı aşıq-şair kimi püxtələş­mə­yə başla­mışdı. Aşıq Əzim haq­qında tanıtım edən Həmid Ormanlı qeyd edir ki, «Aşıq olmaq üçün təkcə saz, səs, söz vəhdətinə nail ol­maq azdı, həm də gərək aşıq ola­san. Əsl sənətkar məclisdə dastan deməli, özün­dən əvvəlki aşıqların yara­dı­cı­lığına müraciət etməli, yeri gəldikcə isə bəda­hətən şeirlər deməyi də bacarmalıdır. Aşıq Əzimi də el-oba məhz bu sıraya qoşmuşdur» (88, 12). Onun dillər əzbəri olan qoşma və gə­raylıları, divaniləri, bağ­la­ma­la­rı və müxəm­məsləri kifayət qə­dər­dir. «Yü­küm» rədifli qoşmasında bənzərsiz bir mü­­qayisə yaradır:

Loğmanın icadı, dərdlər dərmanı,

Yaralar məlhəmi, ürəyin şanı,

Xəstələr şəfası, canların canı,

Əziməm, bənzəri gövhərdir yüküm (78).

Ustad sənətkar 1980-cı ildə vəfat etmişdir.

Yaşadığı zamanın hər üzünü, acısını, nisgi­lini, şirinini, müha­ribənin vəhşə­ti­ni­ görən ustadın hələ uşaq yaşlarından aşıq şeiri üslubunda qoşma­lar, gəraylılar və s.­ yazmağı, özünəməxsus saz ifa etmək bacarığı, məclislər aparmağı çox keçmir ki, ona bütün­lükdə yaşadığı, böyüyüb boya-başa çatdığı el-obasının hörmətini qa­zan­­­­dırır.

Aşıq Əzimin yaradıcılıq irsi çoxşaxəli və rəngarəndir. Onun yara­dı­cı­lığını, əsa­­sən, üç hissə­yə ayırmaq olar:

1. 1920-40-cı illərdəki yaradıcılıq dövrü;

2. 1941-1945-ci illərdəki yaradıcılıq dövrü;

3. 1950-1980-ci illərə qədər olan dövr.

Birinci dövrə aid şerilərinin yalnız bir qismi əlimizə gəlib çatmışdır. Onun ar­xi­vindən əldə etdiyi­miz nümunələr, əsasən, yaradıcılığının iki və üçüncü dövrləri əha­tə edir.

Aşıq Əzim aşıq poe­zi­ya­sın­da klassiklərdən yarar­lanmış, ey­ni za­man­da tə­miz xalq di­lin­dən də is­ti­fa­də et­miş­dir. Ustad sənətkar zə­ma­nə­si­nin bir sı­ra gör­­kəm­li aşıq­la­rı ilə sıx ünsiyyət qurmuş, özün­dən son­ra gə­lən aşıq­lar üçün təc­rü­bə­­li mək­təb ol­muş­dur. O, aşıq ya­ra­dı­cı­lı­ğı­nın bü­tün sa­hə­lə­ri­nə mü­ra­ciət et­­miş və Zaqatala aşıq mühitində si­lin­məz iz bu­rax­mış­dır. Do­daq­dəy­məz, mü­xəm­məs, qı­fıl­bənd, təc­nis, cı­ğa­lı təcnis, gə­ray­lı, di­va­ni və s. bu ki­mi şeir növ­lə­ri sənət­ka­­rın ya­ra­dı­cı­lı­ğın­da özü­nün mü­kəm­məl bir şə­kil­də əksini tapmış­dır. Ustad, yeri gəl­dikcə özünü sə­nət­kar adlandı­ran hər kəsi doğru-dürüst sözü­bütöv, vətən­pər­vər, cə­sa­rətli olma­ğa çağır­mış­dır. Qoş­ma­ların birində deyir:

Sirri aşkar edir dil, iki dodağ,

Qəlbimiz ağacdır, əlimiz budax,

İgid nişanəsi doğru danışmax,

Mərd igiddə iki söz olmaz-olmaz (14, 45).

Hər zaman xalqla ünsüyyətdə olan sənətkar insanlığa, doğ­­ru sözə, düz əmə­lə və səmimiyyətə önəm vermiş, elini özünə arxa hesab etmişdir:

Yad sənə dost olar gül yarpaq kimi,

Xain ürək söylər üzü ağ kimi,

Yenə elin dar günündə dağ kimi,

Durar möhnətində çaralar səni (14, 47).

Rafiq Musazadə «Aşıq sənəti və zərb muğam­ları» adlı məqa­ləsində aşığı xalqın sevim­lisi, onun qəlbinə, ürəyinə daha yaxın sənətkar olduğunu qeyd edir. «Onlar hə­mişə xalqın şad və qəmgin günlərində xalqla birlikdə sevinib kədər­lən­­mişlər. Məhz buna görə də aşıq ədəbiy­yatı və aşıqlıq sənəti xalq ara­sında rəğbətlə qar­şı­la­na­raq yaşamış və bu gün də yaşamaqdadır» (79, 88).

El sənətkarı şeirlərində, oxucusuna böyü­yüb boya-başa çat­dığı yer haq­qında məlumat verir.

Böyük, nümunəvi bir həyat yolu keçmiş ustad sənətkarın ya­radıcılığı rənga­rəng­liyi ilə diq­qət çəkir. Aşıq Əzim yaradıcılığının əsasında, təbiət, məhəbbət və vətən­pər­və­r­lik mövzusu durur. O, şeirlərində yaşadığı diyarın əsrarəngiz təbiə­tin­dən, göz oxşayan zümrüd meşələrindən, xüsusi zövqlə bəhs edir. Zaqa­ta­lanın fü­sün­kar təbiəti onun istedadını daha da çulğalamışdır. Qoş­ma­ları­nın birində deyir:

Zəhmətim yetirib böyük bir ada,

Yaxşını yamanı saxlaram yadda,

Zümrüd meşələrdə, səfalı yerdə,

Gəzsəm, yaşıyaram, gəzməsəm, ölləm (14, 103).

Aşıq Əzim yaşadığı elinə bağlı sənətkardır. O, ana yurdunu böyük məhəb­bət­­lə sevmiş və şerilərində qızılgüllər diyarı adlan­dırdığı Zaqata­lanı vəsf etmişdir. Bu ba­xım­dan «Zaqatala» rədifli qoşması xüsusi maraq doğurur. Aşıq Əzim bu qoş­ma­­­sında əvvəl­dən sonadək o yerlərin gözəlliklə­rindən söz açır, yeri gəldikcə mühi­tin toponi­mikası ilə də oxucusunu tanış edir:

Yaşıl don geyinib Naib bulağı,

Durub tamaşaya Pərzivan dağı,
Cüyürlü, turaclı dövlət qoruğu,

Zilban şəlaləsi Zaqatalada (14, 71).

Zaqatala aşıq mühitində yaşayıb-yaradan ustad sənət­karların poezi­yaların­da­ rayonun to­poni­mikasının təsvirini vermək, hər kəndin özü­nə­məxsus adət-ən­ə­nə­­­­­sini öz təbii boyaları ilə əks et­dirmək artıq bir ənənə halını almışdır. El şairi Muxaxlı Ra­ma­zanın, Varxiyanlı Aşıq Mədətin və bir çox başqa aşıqların yara­dı­cı­lığında da bu cür nümunələrə təsa­düf edirik. Fikrimizcə, aşıq poe­zi­yasının qaydalarına uy­ğun şəkildə hər bir kəndin, tarixi yerlərin, qalaların, bulaqların adlarını çək­mək, öz səciyyəvi çalar­larını sada­lamaq sənətkardan xüsusi bacarıq tələb edir. Sözlə, bə­dii boyalarla aid olduğu mühitin xəri­təsini yarat­maq aşıq ədə­biy­yatında az təsadüf olu­­nan xüsusiyyətlərdəndir. Mühitin xəritəsini poezi­ya­ya gətirmək daha çox Za­qa­tala aşıqla­rının ya­radıcılıq­la­rında təsadüf edilə bilər. Aşıq Əzimin «Za­qatala» rə­difli qoşma­sında mühitə məxsus xüsu­siyyətləri, adət-ənənə, məş­ğuliy­yət tər­zini iz­lə­­mək­ mümkündür:

Boldu elimizin halal çörəyi,

Odur yaşayışın sağlam ürəyi,

Fındığı, nanəsi, tütünü, çayı,

Yüksək baraması Zaqatalada (14, 71).

Ustadın «Kəndimiz», «Yengiyan», «Bənöv­şə», «Bəzənə­cək» və bir sıra baş­­­qa­ şeir­lə­­ri onun tə­biət mövzusunda yaratdığı ən dəyərli nümunə­lər­dir. O, Za­qa­­tala dağlarından ilham almış, buz bulaq­larından içib bəhrələn­mişdir. Dağ bu­la­ğının saflığını öz poeziyasına hopdura bilmişdir. Ustad aşığın yazmış ol­du­ğu şeri­lərin hamısından xalq ruhu, xalq nəfəsi duyu­lur. «Ha­ray eylər» qoşması təbiət möv­zu­sun­da yazdığı ən dəyərli nümu­nə­lər­dən­dir:­

Yenə gəldi bahar, bəzəndi hər yan,

Quşlar nəğmə deyər, dil haray eylər.

Eşqim arzulayan diləklərimdən,

Aylar qanadlanar, il haray eylər (78).

Sənətkar eyni zamanda məhəbbət mövzu­suna da müraciət etmişdir. O, tə­miz,­ saf məhəb­bəti hər şey­dən ali və uca tutmuşdur. Sevdiyi gözəlin sima­sında bü­tün gözəlləri vicdanlı, əxlaqı dolğun və sadiq görmək istəyir:

Mən Əziməm, yaralıyam, yaralı,

Onun üçün yoxdur səbrim qaralı,

Ellər yaraşığı, dünya maralı,

Gəl danışaq namusinən, Sərvinaz (14, 112).

Onun məhəbbət poezyasının əsasında kon­kret olaraq bir obraz durur. Bu ob­­razın şəxsində gördüyü mənəvi, əxlaqi gö­zəl­likləri o, bütün Azərbaycan qız­ları­nın­ şəxsində görməyi arzulayır. Aşıq Əzim poeziyasının gözəlliyi və səciyyəvi çala­rı­ da məhz burada özünü göstərir. Ustad bir ömrü yalnız vəfalı yarına, ömür-gün yol­­­­daşı Tükəzə sadiq qalır, yalnız onu vəsf edir, yalnız onu arzulayır.

Xəbər çatsa mənim pünhan canıma,

O mahaldan bu mahala gələrmi?

Nə müddətdi xəstə yatıb qalmışam,

Yeddi dərdin bir dərmana gələrmi? (78).

Bəzən taleyindən gileylənir və buna görə də arabir divani­lərində bədbin əhval-ru­hiy­­yə duyu­lur:

Əzəldən ahuzarə düşdüm, ay oldu mənim, mənim.

Gözlərim yaşla doldu, vay oldu mənim, mənim.

Ətrafında dolanırdım bir miskin bülbül kimi,

Bədnəzərin ahu gəldi, hay oldu mənim, mənim (14, 10).

Ümumiyyətlə, götürdükdə isə, Aşıq Əzim nikbin ruhlu sənət­kardır. Hər işin, hər hadi­sə­nin sonunda bir xeyir olacağına inanır.

Sənətkar ara vuran, iki sevən gəncin arasını pozan şəxsləri şeirlərində kəskin tən­­qid edir:

Taleyim yetirib eşqin gölünə,

Üzsəm, yaşıyaram, üzməsəm, ölləm.

Söz gəzdirib ara vuran iblisdən,

Yazsam, yaşıyaram, yazmasam ölləm (78).

Məhəbbət mövzusunda yazdığı şeirlərində bir səmi­milik, saflıq duyulur. Təmiz, saf sevgi onun poeziya­sının qayəsini təşkil edir:


Ala gözlüm, bizə sarı

Qonax gəlsən yol sevinər.

Gəl aç qəlbimin mətahın,

Bazar düşər, mal sevinər (14, 20).

Bu nümunələrin hər birində bir axıcılıq, saz hava­larına uyarlılıq duyu­lur.

Ustad sənətkar yaradıcılığında məhəbbət möv­zu­su ilə yanaşı, vətən­pər­­vər­lik, dini və ürfani mövzulara da müraciət etmişdir. Onun vətən­pər­vərlik möv­zusunda yaz­­dığı şeirlə­rində düşmənə həd­siz nifrət duyulur. Onu da qeyd edək ki, Aşıq Əzim 1941-1945-ci illər II cahan müharibəsinin işti­rak­­çısı olmuş və döyüş­lə­rin bi­rin­­də ağır yaralan­mışdır. Vətən­pərvərik mövzusundakı şeir­lərini, əsa­sən, mü­ha­ri­bə­də keçir­diyi o ağır və dəhşətli gün­lərində yazıb. O illərdə yazdığı şeirlərində mü­ba­rizə ruhu, düşmənə kəs­kin nifrətlə yanaşı, bir bədbinlik, qəriblik əhval-ruhiyyəsi və ayrı düşdüyü el-oba həsrəti, yaşadığı zəmanədən şikayət motivləri önəmli yer tu­tur. Bu tip şeirlərinə nümunə olaraq «Mənim», «Dər­dim», «Gəl­mi­şəm», «Dün­ya­da», «Salam», «Ay kağız», «İndi», «Bir gün» və s.­ qoş­ma­la­rı­nın, di­va­nilərinin və gəraylılarının adlarını çəkmək olar. Müba­rizə ru­hun­­da yazılmış bir nümunəyə diq­qət edək:

Mərdlik etsə ata, oğul, hər ana,

Canı qurban versək xalqa, vətənə,

El bir olsa, böyük dağdır düşmənə,

Qışdan sonra gələn bahar bizdədir (78).

Şifahi xalq ədəbiyyatının digər janrları kimi aşıq şeirinin də xal­­qın ta­ri­xin­də iz salmış hadisələri əks etdirmək baxımından əvəz­siz xidmətləri vardır. Aka­de­­mik Həmid Araslı qeyd­ etmişdir ki, «aşiq şeiri çox həssas, tarixi boyu xalqın hə­ya­tın­­da baş verən mü­hüm hadisələrə birinci növbədə cavab verən bir yaradı­cı­lıq­­dır» (10, 1­).

Dünya ərasətdir, qardaşım tanı,

Qeyrət zamanıdır, qoru vətəni,

Yaramızdan axan o qızıl qanı,

Dağlara, düzlərə səpib gəlmişəm (14, 94).

Döyüşlərin birində ağır yaralanan aşıq gözünün önünə bir anlıq elini-obasını gə­tirir. Vətən həsrəti ilə alovlanan sənətkar öz doğma vətənində ölmək istəyir:

Əzim ağlar qoydu ata-ananı,

Axtarmayın bu davada itəni,

Nə olaydı bir görəydim vətəni,

Vətən, səni ərz eylərəm indi mən (14, 51).

Və­tənindən, doğmalarından ayrı düşdüyü an­lar­da belə poezi­ya­sı­nın­ əsa­­­­­sında vətənpərvərlik, ya­şa­dığı dövrdən şikayət, gör­dü­yü haqsız­lıq­lar­dan nara­ha­t­çılıq duyulur. «Dərdimi» rədifli qoşma­sında bu barədə deyir:

Qadir Allah, budur səndən diləyim,

İstərəm könlümnən ala dərdimi,

Qəm çəkməkdən qaralıbdır ürəyim,

Qoya da bilmədim çölə dərdimi (14, 34).

Ustad sənətkar müharibənin törətdiyi acına­caqlı mənzərələrin canlı təsvirini ya­­rat­mağı bacarmışdır. Digər tərəfdən onun elə qoşmaları var­­­dır­ ki, burada kon­k­ret bir sujet xətti əvvəldən sona­dək gözlənilmişdir. Bu xüsüsiyyətə başqa sənət­kar­la­­­rın və­tən­­pər­v­ərlik mövzusunda yazdıqları qoşma­la­rında az təsadüf olu­nur. «Qaldı» rədifli qoşmasında ustad ön cəbhədə baş vermiş bir hadi­sədən bəhs­ etmişdir. Qəh­rəmancasına şəhid olan Azərbaycan əs­gər­­ini necə dəfn eləmə­lə­rin­dən,­ ona səda­qətindən söz salmışdır.

Bilmədim qibləni, nə ayaq, nə baş,

Dedim yat, xalq üçün şəhidsən, qardaş,

Əsgərlərin ikisi lap yavaş-yavaş,

Söylədi, məktublar yaylıqda qaldı (14, 21).

Gördüyümüz kimi, Aşıq Əzimin vətənpərvər­lik möv­zu­sunda yaratdığı şeir­lə­­­ri həm də ona görə maraqlı və səciyyəvidir ki, o, real həyat hadisə­lərini əks et­dir­mişdir. Bu istedadı ona el arasında daha böyük nüfuz qazan­dır­mışdı.

Aşığın yaradıcılığında dini-ürfani motivlərin də özünəməxsus yeri var. Nə­zə­rə alsaq ki, sənət­karın həyatı, yaradıcılığı Sovet ha­ki­miyyəti döv­rünə təsa­düf edir­di,­ o hakimiyyətin qoyduğu qada­ğalar qar­şı­sında az da olsa, bu mövzuya yer ayır­­­ma­­­ğın özü sə­nət­­kardan cəsarət tələb etmişdir. «Pərvərdigar», «Mə­nim» divani­lə­ri,­ «Ya Rəb­­bim», «Dərdimi» qoş­ma­la­rın­da dini və ürfani mövzu­lara müra­ciət etmişdir. Sə­nətkar bu qəbil şeir­lə­rində insanları şər əməl­­dən çəkinməyə, yoxsul­lara qar­şı­ mər­­­həmətli olmağa səs­lə­yir. Allaha müraciətlə yazılmış «Pərvərdigar» di­va­­ni­si­n­də ustad bütün imanlı kəslər kimi, öz qəl­bin­dən də mərhəmət hissini kəsmə­mə­yi diləyir:

Öz qəlbimdən şükr eylərəm ərzimi, pərvərdigar,

Gecə-gündüz nitq söylərəm sözümü, pərvərdigar,

Mərhəmətdən kəsmə məni, köməyimsən, ya kərim,

Axıradək məhrum qoyma gözümü, pərvərdigar (14, 9).

Müqəddəs islam dininin məziyyətlərini daha çox onun qıfıl­bənd­lərində, diva­ni­lərində iz­lə­mək­ müm­kün­dür. Divanilərin birin­də ustad insanlara axirət­lə­rini xatırladaraq bəd əməl­lərindən çə­kin­mə­lə­ri­ni töv­siyə edir:

Fikir verin ibadətə, güvənməyin mala siz,

Yeddi daşı, cəhənnəmi gah bir yada salın siz,

Sorğu-sual haqdır bizə yəqin onu bilin siz,

Bu dünya bir pəncərədir, çoxları baxar gedər (14, 13).

Aşıq Əzim poeziyasında dini və ürfani mo­tiv­lər­lə yanaşı, ictimai-siyasi mo­tiv­­­­­lə­­­rə də təsadüf olu­nur. «Düşübsən», «Boran dünyasan», «Bir də gəl» və s. qoş­­ma­la­­rı bu mövzunu əhatə edir. Bu cür şeir­lə­rin­də sənətkar yaşadığı zəmanədə qar­şı­laş­­dığı haqsız­lıq­lardan söz açır.

Ömrünün son vaxtlarında yaratdığı şeirlə­rində zəma­nə­sindən şikayətə, yük­­­­­sək əxlaqi dəyərlərə bö­yük önəm ver­mişdir. Eyni zamanda sənətkar Tan­rının ona ver­­diyi ömrə şükr oxumuş, heç vaxt giley-güzar etməmişdir. Hətta qoş­ma­ları­nın bi­­rində bu ba­rədə deyir:

Olmuşam davada hər bir vuruşda,

Güllədən nişan var ayaqda, başda,

Ölüm məsləhətdir elə bu yaşda,

Ciyərim dərmanla bişmək bəsimdir (78).

Ustad yeri gəldikcə şeirlərində gənc nəslə öz öyüd-nəsihətini verir. Onun us­tad­­­namələrində insan­ları şeytana uymamağa, dost­luğa, sevgiyə, bir-birilərinin qəd­­­­­­rini bilməyə bir çağırış duyulur:

İblis girib qoltuğuna çaşdırar,

Zənn edərsən, təməlimdə daş durar.

Qohumdan-qonşudan uzaqlaşdırar,

Dili şirin qəlbi qaralar səni (14, 47).

Və yaxud:

Ey oğul, həmdəm ol zəmanəmizə,

Nə qədər cavansan, sağsan dünyada.

Təmiz etibarla hörmət qazansan,

Öz xalqınla üzü ağsan dünyada (14, 31).

Mövzu rəngarəngliyi ustadnamələrinin əsas qayəsini təşkil edir. Ədəb-ərkan, düz söz, doğru əməl və s. onun yaradıcılığının əsas istiqamətlərin­dəndir.

Qanmaza baş əymə yerə çöküncə,

Qanana ver canın belin büküncə,

Pis övladın xəcalətin cəkincə,

Otuz il irəli ölsən, yaxşıdır (78).

Ustad öyüdü, ustad nəsihəti ilə yanaşı, onun poezi­yasında bu sənəti yaşa­dan­la­­ra qarşı böyük sev­gi, ehtiram və hörmət duyulur. Qurbaniyə, Var­xi­yan­lı Aşıq Mə­­həm­­mədə, Çobankollu Aşıq Kazı­ma, xalq şairi Səməd Vurğuna nəzir­ə­lər yaz­­­mış sənətkar, Aşıq Hüseyn Cavan ilə görüşmüş, bir neçə qoşmasını ona ithaf et­­­mişdir. Arxivindən əldə etdiyimiz yazılara və sələf­lə­ri­nin demək­lərinə əsa­sən, Aşıq Pənah, Aşıq Hüseyn Cavan, Dağıstanlı şair Soltan tez-tez Aşıq Əzimin qo­­­nağı olmuşlar. Onların sorağına bütün el-oba yı­ğı­lar, sənətkarlara alqış de­yər­di­­lər. Belə məclislər gənc­lərin tərbiyəvi-əxlaqi də­yər­­inin artmasına kömək etmişdir. Bu gün isə həmin məclislər, demək olar, az təşkil olunur. Bütün bunların sə­bəbi tex­­niki və mədəni inkişafla əlaqədar­dır. «El aşıq­la­rı, onların oxuduq­ları ha­va və ifa tərzləri, danışdıq­ları nağıl və dastanlar, indiki mə­dəni tələblər mə­na­sın­da de­sək,­ əhali üçün vaxtı ilə müəllimi də, mətbuatı da, kinonu da, prof­es­sional teat­rı­ da, radionu da əvəz et­mişdir» (50, 168). Gö­ründüyü kimi, gör­kəmli pedaqoq Ə.Həşimov də aşıq yaradıcılığının böyük tərbiyəvi əhəmiyyətini qeyd etmişdir. Aşıq Əzim meydanda həmişə qələbə qaza­nar­dı. O, tez-tez el şənliklərinə məc­lis­lə­rə­ dəvət alardı. Aşıq Əzimin iştirak etdiyi məclislər ustadların bir-biri ilə de­yiş­mə­­ləri ilə gözəlləşərdi. Onun tez-tez Aşıq Əvvəllə deyişmələri, qıfıl­bənd­­ləri olar­dı.­ Maraqlıdır ki, Aşıq Əzim qıfılbəndi həmişə son məqamda deyər, qarşısındakı rə­qi­­bindən cavab almadıqda məclisi bununla bitmiş hesab edə­r­­di. O, əslində, qıfıl­­bəndi rəqibinə qarşı bir silah, vasitə kimi əsas tutardı. Təsadüfən bir məclisdə iş­tirak edən Aşıq Əzimlə Aşıq Əvvəl deyişirlər. Aşıq Əvvəlin məclisdə bir gözəli gö­zü tutduğunu və hər sözünü ona həsr etdiyini görən sənətkar məclis iş­ti­rak­çı­la­rı­nı şübhələndirməmək üçün onu fik­rindən döndər­məyə çalışır. Amma bu da bir fay­­da vermir. Məclisi bitir­məkdən başqa çarəsi qalmayan Əzim ona belə bir bağ­la­ma deyir:

Pərzivan dağında bir quş görmüşəm,

Qanad çalıb göy üzündə uçar hey,

Bir burun var, nəfəs çəkir şırhaşır,

Nə görərsə, dimdiyindən biçər hey (78).

Aşıq Əvvəl ona cavab verə bilmir. Məclis əhli onun baca­rığına əhsən deyir.

«Əsl sənətkar Azərbaycanda el şairi, çalğıçı, bəstəkar və nəha­yət, müğən­ni­dir. Aşıq yara­dıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr ele­ment­lərini özündə bir­ləşdirən çox­cəhətli sənətdir. Aşıq həm şeir və hava qoşur, həm də saz çala-çala oxu­yub oy­nayır» (4, 4). Aşıq Əzimdə bu xüsusiy­yətlərin hər biri öz əksini tapmışdır.

Yengiyanlı Aşıq Əzimin yaradıcılıq irsindən çox bəhs emək olar. Nəticə eti­ba­­rilə qeyd edək ki, Aşıq Əzim yara­dıcılığında klassik ənənəyə sadiq­liklə ya­na­şı, iş­­tirakçısı ol­duğu II cahan mü­haribə­sinin də canlı mənzərələri əks olu­nmuşdur. Bu, onun poezi­yasına rəngarənglik və yeni çalar gətirir.

Ustad sənətkarın əksər qoşmalarında müəyyən bir sujet xətti var. Belə nü­mu­­nələrə digər aşıqların yaradı­cılı­ğında az tə­sa­düf olunur ki, bu da onun ya­ra­dı­cı­lıq qüdrətindən soraq verir.

Sənətkarın məhəbbət poeziyası ülvi, təmiz, saf, əxlaqlı Azər­baycan gözəl­lə­ri­­­nin­ tərənnümünə həsr olun­muşdur. Eyni zamanda məhəbbət mövzusuna həsr ounmuş şeir­­lərində bir axıcılıq ahəngi duyu­lur.

Aşıq Əzimin yaradıcılığı özündə dolğun bir inkişaf yolu keç­miş məhəb­bə­ti, in­­­sanın alicənab əməllərini, onun istək və arzu­larını tərənnüm etmiş­dir.

Aşığın poeziyası bədii təsir gücü ilə daim xalq yaradıcılığı mənbəsi olmaqla bə­­ra­­bər, insanın həyatı kimi sonsuz problem­lərlə də qarşılaşır. Əsas eti­ba­rilə bu poe­­ziya nəinki xalqın istək­lərini tərənnüm edir, həm də xalq yara­dı­cı­lı­ğı­ bulağı ol­maq­­­la xalqın spesifik mədəniyyətinin formalaş­masına çox güclü təsir göstərir, ya­ra­­­dıcı şəxslər üçün ilham mənbəyi kimi çıxış edir..

Onun sənətkarlığında xalq yaradıcılığından irəli gələn qanu­na­uy­ğun­luq­lar vardır. Buna gö­­rə də Aşıq Əzimin sənətkarlıq irsi el arasında əməllərinə, tə­miz, saf məhəbbətin tə­­rən­ümünə, vətən­pərvərlik hislərinin rəngarəngliyinə, ifa tərzinə görə daim ya­şa­ya­­caqdır.
Qaçaq aşıqlar
Azərbaycan türk­lə­ri­nin və azsaylı xalq­­ların məskun­laşdığı Za­qatala aşıq mü­hi­­­tində aşıq sə­nəti dövrün, zamanın tələbinə uy­ğun tərz­­də tarixi təkamül pro­sesi keçmişdir. Hər dövr öz sə­nət­kar­ını yetiş­dirdiyi kimi, hər sənət­­karın da müəyyən dövrdə da­ha çox müraciət etdiyi konkret möv­zular olmuşdur. Müəyyən ta­rixi mər­­­hələlərdə biz bu prosesi Zaqatala aşıqla­rının yara­dı­cı­lığında da izləyirik. Qa­ça­q­çılıq hərəkatı ilə birbaşa əlaqəsi olan, elindən-obasın­dan, ailəsin­dən qaçaq dü­­­şən, həyat və yaradıcılıq­ları həmin dövrə təsadüf edən Aşıq Bəkirin, Aşıq Hü­sey­nin sə­nət­karlıq irsi də bu baxımdan xüsusi maraq doğurur. Öncə qa­çaq­­­çı­lıq hərə­katının yaranma və yayıl­ma səbəblərinə nəzər sa­laq.

Azərbaycan Rusiyanın müstəmləkəsinə çevri­lən­dən sözün hə­qiqi mənasın­da­ mil­­­­li-mənəvi dəyər­lə­rimizə, adət-ənənəmizə istə­məyərəkdən biganə ol­maq məc­­buriy­­yətində qalmışıq. Bir tə­rəf­dən, çarizmin bütöv bir xalqa yaşatdığı zülm, di­gər tə­rəfdən, feodal istismarı, ağır vergilər xalqın kəskin narazılığına gətirib çı­xartmışdır. XIX əsrin 40-70-ci illərinin islahatları heç də xalq küt­ləsinin xeyrinə ol­ma­mışdır. Torpağı, malı-mülkü əlindən alınmış kəndli hər yerdə sahibkar və yerli ağa­la­rın zülmünə düçar qalır ki, bu da onların səbir kasasını daşdırır, böyük etiraza sə­bəb olurdu. 1847-ci ildə «kəndli əsasnaməsi» nəşr edilir. Bu əsasnaməyə görə, «bəy və ağa torpağında yaşayan kəndlilər, rəncbər, rəiyyət, yəni mülkədar tabeyi adı­ almışdır» (59, 4). Əgər burada ad almış 15 yaşına çatan kəndlinin (kişi cinsindən olan) hər bi­ri­nə 5 desyatin pay torpağı almaq hüququ verilirdisə, onun əvəzində isə taxıl məh­­­sulunun 1/10-ni, çəltik, meyvə məhsulunun 1/3-ni torpaq sa­hibinə verməli, ey­­ni zamanda hər ailə ayrılıqda bəyə 18 gün iş­ləmək məcburiy­yətində idi. Bütün bun­­lar Zaqafqaziyada kəndli hərəkatının genişlənməsinə, böyük vüsət almasına sə­­bəb olmuş­dur. Çar inzibati orqanları bir tərəfdən sahibkarlara, qol­ço­maq­la­ra geniş im­­tiyazlar verməklə özlərinə güclü tərəfdar qazanmış ol­muşlar. Bütün bun­lar kən­d­li hərəkatının başlanmasına birbaşa səbəb olmuşdur. Verilən islahatların heç biri kənd­­linin haqqını ödəmədi, əksinə onların güzəranını daha da ağır­laş­dır­mışdır. Bu sə­bə­­b­dən çar məmurlarının özba­şına­lığına, feodal zülmünə qarşı yerlərdə kəs­kin mü­­barizə başlamış ki, belə mübarizənin ən geniş yayılmış forması qaçaq hərəkatı ol­­muşdur. Elə 1863-cü ildə Zaqatala dairə­sində kəndli üsyanı baş verdi. Bir sıra tarixi mən­­bələrdə göstərilir ki, bunun əsas səbəbi çarizmin müstəmləkə siya­sə­ti idisə, di­­gər səbəbi isə Azərbaycan əhalisinin bir hissəsini zorla xris­tian­laş­dır­maq cəhdi idi (59, 228).

Fikrimizcə, ikinci səbəb birbaşa etniklərin çoxluğu ilə seçilən bu bölgədə müəy­­yən qarışıqlıq salmaq məqsədi güdmüşdür. Bu da aşıq yaradı­cılığında öz izini qoy­­muş və qaçaq aşıqların yara­dıcı­lıq­la­rında əks olunmuşdur. Qaçaq­çılıq das­tan­la­rın­­dan olan «Mol­la Nur», «Qaçaq Kərəm» və s. das­tan­­lar zamanın tələbi ilə, möv­­­cud və­ziyyətlə əlaqəli yaranmışdır. Zaqatalalı Aşıq Hüseyn və Aşıq Bə­kir də məhz qaçaqçılıq dövrünün aşıqlarından olmuş­lar. Onları elin­dən, obasından qaçaq edən yerli bəylərin haqsız­lıqları olmuşdur.

Həyat və yaradıcılığı XIX əsrin sonları və XX əsrin əvvəl­lərinə təsadüf edən talalı Aşıq Bəkir yaradıcılığında, əsasən, zə­ma­­nəsindən şikayət, icti­mai-siyasi haqsızlığı əks etdirən şeirlərə üstün­lük vermişdir. Aşıq Bəkir saz-söz adamı olmaqla yanaşı, həm də çox xeyirxah, nəcib, yüksək mə­­nəvi keyfiyyətlərə malik bir şəxsiyyət olmuşdur. Dara düşən bir qaçağı düş­dü­yü çətin və­ziyyətdən qurtardığı üçün Aşıq Bəkiri əvvəlcə Cardakı həbs­xanaya sa­lır, son­ra isə Gürcüstana aparırlar. Tarixi mənbələrdə qa­çaqçılıq hərə­katında bi­la­­­va­si­tə rolu olan şəxslərin vətəndən kə­nara sürgün edildiyi, evləri dağıdıldığı, ailəsinə min bir işgəncələr verildiyi göstərilmişdir (59, 238).

Aşıq Bəkir həbsdə olarkən bir dostuna göndər­diyi «Ağlasın» rədifli qoşmasında keçirdiyi iz­ti­ra­blar, ağrı-acı və ömür yolu təsvir olunur:

Carın türməsində ağrıdı başım,

Görməyə gəlmədi qohum-qardaşım.

Süzülüb töküldü gözümün yaşı,

Bəs mən ağlamayım, dost, kim ağlasın?
Laqedixdən atlandım maşınla bir yuvaya,

Su içmax nizamı gəlif qulaya.

Talalı Bəkirəm, düşdüm bəlaya,

Bəs mən ağlamayım, dost, kim ağlasın? (78).

XIX əsrin 60-70-cı illərində olduğu kimi XX əsrin əvvəllə­rində də qa­çaq­çı­lıq hərəkatı Azər­bay­canın bütün bölgələrində istiqamət almışdı və bu şimal böl­gə­sin­dən də yan keçmir. Həmin dövrdə bu hərəkata bilavasitə mühitin tanınan, sa­yılıb-seçilən ziyalıları, islamı mükəmməl bilən, onun təbliği ilə məşğul olan şəxs­lər dəstək olmuşlar. Qaçaq Yusif, talalı Şeyx Əhməd Əfəndi də ömrünün ən gözəl çağlarını sürgündə keçir­mişdilər. Hələ 1863-cü il üsyanında Zaqatala dai­rə­sin­də Çar Rusiyasının müstəmlə­kəçilik siya­sətinə qarşı üsyan baş verir, lakin bu üs­yan mütəşəkkil hazırlanmadığından yatırılır. Mənbə­lərə görə, 8 nəfər dar ağa­cın­­dan asılır, 1000 nəfərdən ibarət şəxs isə Sibirə sürgün olunur. Bunların içə­ri­sin­­də daha çox din və üləmla bağlı ziyalılar idi (111, 68). Bunu anlayan çarizmin dai­rədəki canişinləri belələrini ya sürgün etdirmiş, yaxud da başlarına min bir mü­si­bət gətirmişlər. Prof. Valeh Hacıların gəldiyi qənaətə görə, belələri, yəni ağır so­si­al-iqtisadi şəraitin qaçaq etdiyi adamlar əsla qaçaq olmayıb, tapdalanmış əda­lə­tin­ bərpaçıları idi (46, 7).

Prof. R.Rüstəmzadə isə belələrinə daha kon­kret bir mövqe­dən yanaşaraq yazmışdır: «Çarizmin və yerli hakimlərin ədalətsiz­liyinə etiraz edib, elin­dən-oba­sın­dan ayrı düşən, hökumətdən giz­lə­nən, əsasən, çöllərdə, meşələrdə yaşayanlar xalq ara­­­sında «qa­çaq» adlandırılmışdır. Müəllif onu da qeyd etmişdir ki, bu tip insanlar ya tək-tək, ya da hökumətdən narazı qalan kəndli kütlə­lərini ətrafına topla­yaraq ki­­çik dəstə halında gəzir və mütləqiyyətə qarşı müba­rizə aparmışlar. Sonra müəllif qa­­çaqları qruplarına görə iki qismə ayırır: tək-tək gəzən qa­çaq­lar, böyük dəs­tə­lər­lə gəzən qaçaqlar (100, 31).



Birincilər haqqında yaranmış rəvayətlər daha çox məhəlli xarakter daşıyır və böyük əhatədə tanınmır. Deyilən xüsusiy­yətlə­ri Aşıq Hüseynə aid etmək olar. El arasında daha çox qaçaq, qo­çaq və s. adlarla tanınan Aşıq Hüseyn us­tad­­ların dedik­lərinə əsa­sən, çox mərd, cəsarətli və iradəli bir insan olmuşdur. Aşıq Hü­seyn Oruc oğlu Sulxayev 1890-cı ildə Zaqatala rayonunun Əlia­bad kən­din­­də anadan olub. Mişleşli Aşıq Hüseyni evində tez-tez qonaq edən Oruc kişi onun sənətinin, ifasının vurğunu olur. Oğ­lunu hələ yetkin yaşlarıından Aşıq Hüseynə şagirdliyə verir. Miş­leş­li Aşıq Hüseynlə Dağıstan, Rusiya, Gür­cüs­tan ellərini gəzib-dolaşan balaca Hüseyn rus, türk, ləzgi, avar, gürcü dillərini də yax­­şı mə­nim­səmişdi. Bunu onun yara­dı­cı­lı­­ğın­da da izlə­yirik. O, şeirlərində yeri gəl­­dikcə rus, türk, gürcü söz­lərin­dən is­ti­fadə et­miş­dir. Aşıq Hüseyn şəcərə­sinin la­yiq­li davamçısı əliabadlı Aşıq Ca­ma­lın söy­lə­diyinə görə, Aşıq Hü­seyn Qaçaq İs­la­mın toyunda saz çalıb-oxuduğu, məclis apardığı üçün elindən-obasından qaçaq düş­müş və nəhayət, sonda sürgün edilmişdir. Xalq arasında dolaşan digər ver­si­ya­ya görə isə, Aşıq Hüseyn haqsız yerə yoxsul bir kəndlini döyən çar məmurunu ya­ralamış və bu səbəbdən uzun müddət kiçik bir dəstə ilə dağlara çəkilmişdir. Mə­qamı düşdükcə isə öz ailəsini, qo­hum­larını görmüş yenə də dağlara çəkilmişdir. Onun cəsarəti, hünəri haqqında el arasında müxtəlif rəva­yətlər, əhvalatlar və ta­mamlanmamış dastan da dolaşmaq­dadır. Çox təəs­süf ki, aşıqların dilində do­la­şan Aşıq Hüseyn haqqındakı dastan hələ də tam şəkildə yazıya alınmamışdır. Bu gün aşıqlar ara­sında dastandan yalnız müyyən hissələr səs­lən­mək­dədir. Fik­ri­miz­cə, dastanın geniş yayıl­ma­masının yal­nız bir səbəbi ola bilərdi. O da çar Ru­si­ya­sı­nın, yerli hakim qüvvələrin qaçaqlara olan münasibəti ilə əlaqəli olmuşdur. Çünki o za­manlar qaçaqlar haqqında dastan düzüb-qoşmaq özü də bir təhlükə yaradırdı. Prof. İsrafil Abbaslı məqalələrinin birində qeyd etmişdir: Geniş kütlə içərisində qa­çaqlar haqqında çoxlu xatirələr, rəvayətlər, hekayətlər dolaşsa da, bunlar das­tan­laşmaq üçün özünə müəyyən tarixi-ictimai səbəblər­dən zəmin tapmamışdır (1, 14). Bəhmədli Aşıq Cahangir Dalğının arxivindən əldə etdiyimiz Aşıq Hüseyn haqqında dastanın son­luğu müəyyən səbəblərdən itmişdir. İn­di­ Aşıq Hüseynin şe­iriy­yatı yalnız onun şa­girdlərinin və ayrı-ayrı ustad və ifaçı aşıqların hafi­zə­sində qorunmaqdadır. De­yi­lənlərə görə, Aşıq Hüseyn həmişə yoxsulların, haqsız yerə əzilən, təhqir olunub tor­pağı, malı-mülkü əlindən alınan kəndlilərin tərəfini sax­la­mış­dır. O, taxılı an­bar­da yığıb çürüdən kən­d­xu­daların, bəy­lərin taxılını mərdanə olaraq dəfələrlə ka­sıblara paylamışdır. Məhz bu xüsusiyyət­ləri­nə görə el-oba onu çox sevmiş, hə­mi­şə də ona arxa-dayaq ol­muş­lar. Aşıq İslam, Aşıq Bəkir və bir çox qaçaqlar da onunla daim bərabər olan, fəaliyyət göstərən qa­çaqlardan olmuşlar. Aşıq Hüseyn haq­qında olan məlu­mat­la­rı yuxarıda qeyd et­diyimiz kimi, onun ənə­nə­sinin la­yiq­li davamçısı Aşıq Ca­mal­dan və Cahangir Dalğının arxivindəki əlyazmaların içə­ri­sindən əldə edə bilmişik. Qeyd edək ki, aşıqlar arasında dastan yarımçıq ol­ma­ğı­na baxmayaraq, bir neçə variantda dolaşmaq­dadır. Arxivdəki yarımçıq das­ta­nın söylə­yicisi isə orada qeyd olunduğu kimi, Aşıq Hüseynin şagirdi Aşıq Herov Ra­mazanov olmuşdur. Digər tərəf­dən­ hadi­sə­lər ya­rım­çıq qaldığı, zaman və məkan məh­dudiyyəti zəif, ob­raz­ların isə az ol­du­ğu üçün buna dastanlaşmamış əhvalat adı vermək düzgün olar. Dastan ənənəvi qaydada olaraq ustadnamə ilə baş­la­yır. Sonrakı mərhələdə burada baş verən hadisələr qaçaqçılıq hərəkatını tam şə­kil­­də əks etdirməklə yanaşı bəy­lə­rin, çar üsul-idarəsinin haqsız­lığın­dan da bəhs olu­nur. Gərgin süjet xəttinə malik olan bu das­tandakı əsas hadisələr iki şəxsin ət­ra­fında cərəyan edir. Elindən-obasından qaçaq düşən aşıq oğlunun qəfil ölüm xə­bə­rini eşidib öz kiçik dəstəsilə gizlincə kəndə gəlir. Həkimlərin biganəliyi, sa­vad­sız­lığı uc­batın­dan dünyasını dəyişən Nəzirin vaxtsız ölümü Hü­seyni bərk sarsıdır. Dəfn mərasimi müddətində Aşıq Hüseyn bə­dahətən «Bilmədim», «Dön­düm», «Ey vətən» rədifli şeir­­lərini söyləyir. Ustad «Ey vətən» rədifli qoş­ma­sında və­tən, onun gözəl təbiəti ilə öz xarakteri, bəxti arasında qəribə bir təzad ya­ra­dır:

Əzəldən xəlq olub, gəldim dünyaya,

Ondan bəri laldı dillər, ey vətən.

Bağban idim, meyvəsindən dərmədim,

Qızılgüllər soldu bağdan, ey vətən (78).

«Bilmədim» rədifli divanisində sənətkar bütün olub keçən­lərə görə özünü, qəl­­bini qınaq yerinə çevirir. Boşuna keçən illərə görə heyifslənir.

Əzəldən bülbül olub yaz qədrini bilmədim,

Soldu lalə gül, reyhanım tez, qədrini bilmədim.

Heyif, ömrüm bada keçdi, yetişmədim murada,

Arı təki sızıldaram, nar qədrini bilmədim (78).

Darda qalan aşıq Allahını, onun pirlərini, övliyalarını kömə­yə çağırır, on­lar­dan qəlbinə təsəlli umur, imdad istəyir:

Əliabadlı Hüseynəm, dərd məni əzir,

Dadıma yetişsin İlyasi Xızır.

Camaat qayıdıb gəldi, gəlmədi Nəzir,

Neçün bağlamadın yolların, Vətən (78).

Aşıq Hüseynin oğlunun dəfnində iştirak etdi­yini eşidən yerli bəylər Çar mə­mur­larına xəbər verirlər. Onlar gələnə kimi Aşıq Hüseyn öz kiçik dəstəsi ilə kənd­dən uzaqlaşmış və dağlara çəkilmişdir. Bu əhvalat əvvəldən axıradək Aşıq Hüsey­nin ke­çir­diyi iztirablardan, yaşadığı ağrı-acıdan və eyni zamanda yerli bəy və çar mə­mur­ları ilə olan mübarizəsindən xəbər verir. Prof. M.H.Təhmasib bu tip das­tan­­lar­da təsvir olunan hadisələrin real həyatda həqiqətən olmuş hadisələrin bədii ək­si olması qənaətinə gəlmişdir (23, 435-436). Dastandan Aşıq Hüseynin dağ­lar­da tutulduğu və sürgün olunduğu məlum olur. Bəzi mənbələrdə isə Aşıq Hü­sey­nin müha­ri­bə­yə getdiyi və bir daha geri qayıtmadığı fikri ilə də qarşılaşırıq. Bizcə, bu daha düzgündür. Çünkü Aşıq Hüseynin qaçaqçılıq etdiyi dövr 20-30-cu illərin sonlarına təsadüf etmişdir. Müharibənin baş­lan­ması qaçaqçılıq hərə­ka­tına qo­şu­lan­­ların ideya istiqamətini bilavasitə Böyük Vətən müha­ri­bə­sinə yö­­nəl­tmişdir. Daha kon­kret desək, müharibə­nin baş­lan­ması qaçaq­çı­lıq­ hərəkatının bi­la­va­sitə səngi­mə­sinə səbəb olmuşdur. Bu dastan­da xalqın vüqarı, iradəsi, azadlıq, haqq-əda­lət uğ­runda apardıqları mübarizə ruhu duyulur. Prof. Rüstəm Rüstəmzadə bu tip dastan qəhrəmanlarıını vətən, xalq mənafe­yini öz məna­feyindən üstün tutan el qəh­rəmanları adlan­dı­rmışdır (101, 111). Ümumiy­yətlə, Aşıq Hüseyn yara­dı­cılı­ğında özü­nəməxsus yer tutan «Görünür» gəray­lısı və «Bilmədim» diva­ni­­­si indi də çağ­daş dövrün aşıqları tərəfindən sevilə-sevilə oxunur, Ustad sənətkarın həyatında baş verən acılar, qarşılaşdığı haqsızlıqlar ona həyat dərsi vermişdir. Onun həssas ürə­yi­ dərdlərə, zamanın haqsızlıqlarına biganə qala bilmir. Baş verən hadisələrin sə­bə­­bini Aşıq Hüseyn ictimai əda­lətsizlikdə görmüşdür. «Döndüm» rədifli gə­ray­lısına diq­­qət edək:

Əliabadlı Hüseynəm necə,

Cavan ömrüm keçdi vecə.

Görənlər deyirlər qoca,

Nə vaxtsız piranə döndün (78).

Aşıq Hüseyn «Bir gün» rədifli vücud­na­mə­sində birbaşa öz keçdiyi ömür yo­­­luna nəzər salır. Bu vücudnamə, əslində, ümu­milikdən çıxaraq ayrı­lıq­da aşığın ke­çir­diyi yaş dövrləri üzərində konk­ret­ləşir:

Otuz yaşa varhavara,

Xəbər gəldi hər diyara.

Neçələrin çəkdim dara,

Bir babur aslana döndüm (78).

Göründüyü kimi, Aşıq Hüseynin yaradıcılığı düş­mənə qarşı kəskin müba­ri­zə­ və ədalətə çağırış motivləri üzərində qurulub. Aşıq Hüseyn insan­lara haqsız ye­rə edilən zülmün əsas səbəbini birbaşa dövrün gərdişinə və ictimai ədalətsizliyə bağ­layır. Ustad sənətkar eyni zamanda tərbiyəvi-əxlaqi xüsusiyyətləri də öz yara­dı­cılığında dolğun şəkildə əks etdirməyə çalışmışdır. O, digər tərəfdən bütün zül­mün,­ haq­sızlığın səbəbini ailədə qoyul­muş tər­bi­yədə görür. Qoşmalarının birində tərki-və­tən olduğunu bildirən sənətkar öz əxla­qına, tərbiyəsinə, bir­ba­şa­ el-oba ilə bağ­­lı oldu­ğuna, adət-ənənəsinə sadiq qaldığına işarə etmiş və bu barədə qoş­­ma­la­rı­nın birində demişdir:

Doğrudur, aşiqəm, tərki-vətənəm,

Haqqın, həqiqətin tərəfindəyəm.

Zarafata ləli-gövhər qataram,

Elmi-mərifətin tərəfindəyəm (78).

Ustad sənətkar gözəlin xoş görünüşünü, qamətini, xətti-xalını əxlaq-tərbi­yə­vi cəhətləri ilə birləşdirərək o qədər real təsvir et­mişdir ki, bu da onun sənət­kar­lıq qüd­rə­tini daha da artırmışdır. Şeiriyyətində gözəlin konkret təsvirinə keç­məzdən öncə us­tad sənətkar təbiətin əsrarəngiz gözəl­liyin­­dən başlamışdır. Bila­va­si­tə bu gözəlliyin qa­dın gözəlliyi ilə əlaqəsini yaradır. «Görmüşəm» rədifli gəraylısı fikrimizə sübut ola bilər:

Uca dağların başında,

Təzə yağan qar görmüşəm.

Ətəyində lalə, nərgiz,

Qönçə gülü var görmüşəm (78).
Və yaxud:

Aşıq Hüseynəm Aleybadlı,

Bir gözəldə xal görmüşəm.

Həm qəmzəsi, qələm qaşı,

Həm üzündə nur görmüşəm (78).

Əliabadlı Aşıq Camalın dediyinə əsasən, Aşıq Hüseyn qaçaq düşməzdən əv­vəl gözəl məclislər aparmış, yük­sək hafizəyə, ifaçı­lıq qabiliyyətinə ma­lik ol­muş­dur. Aşığın indiyə kimi açılmayan qıfıl­bəndini bu gün suvagilli el şairi Seyid aç­mış­dır. Nümunəyə diqqət edək:


1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə